скачать книгу бесплатно
– Alman səfirliyində.
– Şübhəm yoxdur ki, bu sizin fırıldaqçı qardaşınızın qurğusudur. Sabah qraf biləcək ki, gecə yanınızda olmuşam. Qulluqçuları sorğu-suala tutacaq. Yəqin, şahidlik edən də tapılacaq.
– Alçaq! – Olqa qışqırıb ayağa qalxdı. Qorxudan gözləri böyümüşdü. Qrafinya Tarzana yaxınlaşdı və yalvarıcı nəzərlərlə artıq bir dəfə onu çətin vəziyyətdən qurtarmış dostuna baxdı.
– Nə edək, Jan? Sabah bütün Paris bu rüsvayçılığı qəzetlərdən oxuyacaq. Əminəm ki, Nikolay bundan da çəkinməyəcək.
Olqa əsirdi, Tarzan onun titrəyən çiyinlərindən tutub qadını sakitləşdirmək istədi.
Qapı açıldı. Olqa ağır çəliyini qəzəblə qaldıran qrafı birinci gördü və ilan vurmuş kimi kənara sıçradı. Tarzan mexaniki olaraq geri döndü, başına enən çəliyi göydə tutdu, dartıb qrafın əlindən aldı və ikiyə böldü. Meşə adamının vəhşi instinktləri bircə anın içində oyandı. O nərildəyib de Kudun boğazından yapışdı, havada onu budaq kimi silkələdi və yerə çırpdı.
Qraf tərpənmirdi. Tarzan ayağını rəqibinin sinəsinə qoyub qıyya çəkdi. Evin sütunları titrədi.
Qadın ərinin üstünə atıldı, onun qarşısında diz çöküb ağlaya-ağlaya dua etməyə başladı.
Bu səhnə Tarzanı ayıltdı. Yavaş-yavaş gözlərini örtmüş qan çəkildi. Olqa başını qaldırıb dəhşətlə Tarzana baxdı. Amma onun gözlərində qəzəb yox, kədər və peşmançılıq hissi oxudu.
– Siz nə etdiniz, Jan? Baxın, görün nə etdiniz. O mənim ərim idi. Mən onu sevirdim… Siz də sevirdiniz…
Tarzan qrafı qucağına götürüb divana uzatdı, ürəyinin döyüntüsünə qulaq asdı.
– Şükür ki, ölməyib, sağ qalacaq.
– Axı siz niyə belə etdiniz, Jan?
– Bilmirəm. Onun mənə hücum etdiyini görəndə ağlım başımdan çıxdı. Sizə deməmişəm, Olqa, mən həyatımın böyük hissəsini cəngəllikdə, heyvanların arasında keçirmişəm. Atamı tanımamışam, anam nəhəng meymun olub. Cəmi iki il əvvəl keçilməz Afrika meşələrində ağacların başında gəzirdim. Məni çox qınamayın. İki ilə öz təbiətimi tamamilə dəyişə bilməmişəm…
– Mən sizi qınamıram, Jan. Özüm günahkaram. İndi isə gedin. Raul özünə gələndə sizi burada görməsə yaxşıdır. Əlvida.
Tarzan de Kudun evindən çıxanda olduqca qəmli, fikirləri qarışıq idi. Ancaq təmiz hava üzünə vurduqca beynindəki duman çəkilirdi. İyirmi dəqiqədən sonra o, Mol küçəsində polis məntəqəsinin qarşısında dayandı. Məntəqəyə girib bir neçə həftə əvvəl dalaşdığı, sonra dostlaşdığı polislərdən birini tapdı. Rokoffla Paulviçin ünvanını tapmaqda ondan kömək istədi.
– Bu adlar bizə yaxşı məlumdur, polisdə qeydiyyatdadırlar. Düzdür, hazırda üstlərində heç bir cinayət yoxdur, amma onları gözdən qoymamağa çalışırıq. Niyə soruşursunuz ki?
– Bir işlə bağlı görüşmək istəyirəm. Ünvanlarını mənə desəniz, minnətdar olaram.
Tarzan dələduzların ünvanını alıb polislə sağollaşdı və taksi dayanacağına tələsdi.
Rokoffla Paulviç evdə jurnalistləri gözləyirdilər. Onlar artıq iki redaksiyaya zəng edib sensasiyalı xəbər vermək istədiklərini demişdilər və indi qrafla bağlı məlumatın səhər şəhərdə qaldıracağı hay-küyü müzakirə edirdilər.
Pilləkəndə ayaq səsləri eşidildi. Sonra qapı döyüldü.
– Bu qəzetçilər ayaqdan çox itidirlər, – deyə Rokoff güldü. – Gəlin, açıqdır.
Qapının kandarında jurnalistlərin əvəzinə Tarzanı görəndə Rokoffun üzündə gülüş ifadəsi donub-qaldı. O, qeyri-ixtiyari ayağa qalxdı.
– Lənət şeytana! Sizə burada nə lazımdır?
– Özünüz yaxşı bilirsiniz, – deyə Tarzan sakit cavab verdi. – Əslində, mən sizi öldürməliyəm, amma qrafinyanın qardaşı olduğunuzu nəzərə alıb hələlik bunu etmirəm. Amma salamat qalmağınızı və mənim buradan çıxıb getməyimi istəyirsinizsə, iki şərtimə əməl etməlisiniz. Birincisi, bu tələni qəsdən qurduğunuzu öz əlinizlə yazıb imzanızla təsdiq etməlisiniz. İkincisi, söz verməlisiniz ki, baş vermiş əhvalat barədə məlumat qəzetlərə düşməyəcək. Tələsin, kağız-qələm götürün!
Rokoff Tarzanın hədələrindən qorxmadığını nümayiş etdirmək üçün istehza ilə gülümsündü. Dərhal dəmir əl onun boğazından yapışdı və göyə qaldırdı. Paulviç qarışıqlıqdan istifadə edib otaqdan qaçmaq istədi. Tarzan ikinci əli ilə onun peysərindən yapışdı və otağın küncünə vızıldatdı.
Rokoffun sifəti göyərmişdi, nəfəs ala bilmirdi. Meşə adamı onu masanın arxasında oturtdu və boğazını buraxdı.
– Yazın, ikinci dəfə sizə mərhəmət göstərəcəyimə ümid etməyin.
Rokoff öskürə-öskürə qələmi götürdü və yazmağa başladı.
– Bax belə! Heç bir detalı, heç bir adı yaddan çıxarmayın.
Bir azdan qapı yenə döyüldü. İçəri girən gənc yerində dingildəyə-dingildəyə özünü təqdim etdi:
– “Matin” qəzetinin müxbiri. Müsyö Rokoffda bizə çatdırılası xəbər var.
– Səhv olub, – Nikolasın yerinə Tarzan cavab verdi. – Sizin müxbirə deyiləsi sözünüz varmı, əziz Nokalas?
– Yox, – deyə Rokoff başını kağızdan qaldırdı. – Bugünlük yoxdur.
– Nə bugünlük, nə də sabahlıq. – Tarzan müxbirə nəzakətlə təzim etdi. – Sizi narahat etdiyimizə görə bizi bağışlayın. Gecəniz xeyrə qalsın.
Meşə adamı dingildəyən gənci yola salıb qapını bağladı.
Bir saatdan sonra Tarzan cibində bir neçə vərəqlik izahat qapını açdı, çıxanda kandarda ayaq saxladı:
– Yerinizdə olsaydım, Fransadan gedərdim. Yoxsa nə vaxtsa əlimdə öləcəksiniz.
VI fəsil
Duel
Tarzan evə qayıdanda d`Arno yatırdı. Səhər o heç nəyi gizlətmədən dünənki əhvalatı leytenanta danışdı.
– Mən axmağam! Qrafı da, qrafinyanı da özümə yaxın dost bilirdim. Axırda nə etdim? De Kudu az qala öldürmüşdüm, arvadının adını ləkələdim. Bəlkə, hələ ailələrini də dağıtmışam. Yox, Paris mənim üçün deyil. Addımbaşı tələyə düşürəm. İnsanların qoyduqları qadağalara öyrəşə bilmirəm. Burada özümü əsirlikdəki kimi hiss edirəm. Daha dözmək olmur. Məncə, doğma cəngəlliyimə qayıtsam yaxşıdır. Görünür, Tanrı məni başqa həyat üçün yaradıb.
– Ürəyinizə salmayın, dostum. Parisdən çıxıb getməyinizə gəlincə isə, düşünürəm ki, Raul de Kudun buna ciddi etirazı olacaq və tezliklə özünüz görəcəksiniz.
D`Arno yanılmırdı. Bir həftədən sonra onlar səhər yeməyi yeyəndə qulluqçu müsyö Flober adlı bir nəfərin gəldiyini və leytenantla görüşmək istədiyini dedi. Flober qrafdan məktub gətirmişdi. De Kud Tarzanı duelə çağırır və tələb edirdi ki, onun dostlarından biri Floberlə görüşüb döyüşün bütün detallarını razılaşdırsın.
Flober otaqdan çıxan kimi d`Arno Tarzana baxıb kədərlə gülümsədi:
– Gördünüz. Sizi xəbərdar etmişdim.
– İndi mən törətdiyim günahlara birini də əlavə etməliyəm: ya adam öldürməliyəm, ya da özüm öldürülməliyəm. Deyəsən, sizin cəmiyyətin adətlərinə alışmağa başlayıram.
– Hansı silahı seçəcəksiniz? – d`Arno soruşdu. – Qraf əla qılınc oynadır və çox sərrast atəş açır.
– Məndən olsa, ox-yayı, ya nizəni seçərdim… Yaxşı, qoy tapança olsun.
– De Kud sizi öldürəcək, Jan!
– Şübhəsiz. Amma nə vaxtsa mən də ölməliyəm.
– Bəlkə, qılıncı seçək. Bu halda sağ qalmaq ehtimalınız daha böyükdür.
– Tapança!
D`Arno çarəsiz qalıb Floberlə görüşə getdi. O qayıdanadək bir neçə saat keçdi.
– Qərar qəbul olundu. Sabah. Sübh tezdən. Etamp yolunun üstündə.
– Yaxşı.
Axşamadək Tarzan bir də bu mövzuya toxunmadı. Qaş qaralanda otağına çəkilib bir neçə məktub yazdı. Məktubların hamısını bir zərfə qoydu, ağzını bağlayıb üstündə d`Arnonun adını yazdı. Sonra mahnı oxuya-oxuya soyundu, yerinə girən kimi şirin yuxuya getdi.
Leytenant qonşu otaqda Tarzanın mahnısına qulaq asa-asa əsəbindən söyüş söyürdü. Sabah dostunu öldürəcəklər, o isə heç nəyi dəyişə bilmir. Amma dostunun özünün vecinə deyil, nəğmə oxuyur!
Zabit həyəcandan bütün gecəni gözlərini yummadı. Səhər açılar-açılmaz Tarzanı oyatdı. Tarzan yatağından güclə qalxdı. D`Arnonun qaşqabağının yerlə getdiyini görüb zarafat etdi:
– Bu vaxt da adam adamı öldürər? Heç mədəni insanlara yaraşmır.
– Sizsə körpə uşaq kimi şirin yuxudan ayıla bilmirsiniz.
– Bunu da mənə irad tutursunuz?
– Yox, Jan. Amma sizin laqeydliyiniz məni özümdən çıxarır. Sanki sərçələrə güllə atmağa gedirsiniz, alnınızı Fransanın ən sərrast atıcısının gülləsinin qabağına verməyə yox.
Tarzan çiyinlərini çəkdi.
– Mən böyük günahımı yumağa gedirəm. Məqsədimə nail olub-olmayacağım isə məhz rəqibimin ustalığından asılıdır.
– Nədir, ölüm axtarırsınız?
– Axtarmağına axtarmıram, amma ondan qaçmağa da hazırlaşmıram.
Onlar d`Arnonun avtomobilinə oturub əvvəlcədən vədələşdikləri yerə – şəhərkənarı düzənliyə gəldilər. Yolda hərə öz düşüncələrinə qapılmışdı. Leytenant çox sevdiyi insanı, ən yaxın dostunu maşınına mindirib məhvə doğru apardığına görə əzab çəkirdi. O, Tarzanı kişilik, mərdlik idealı hesab edirdi və onu itirəcəyini fikirləşəndə dəhşətə gəlirdi.
Tarzanın isə xəyalı uzaqlarda, Afrika cəngəlliklərində idi. Saatlarla atasının daxmasında vərəqlədiyi şəkilli kitabları xatırlayanda dodağı qaçdı; illərlə sirrini öyrənməyə çalışdığı balaca “cücülər” – hərflər yadına düşəndə gözləri güldü; meymunların amfiteatrında Ceyn Porterlə keçirdiyi gün gözlərinin önünə gələndə isə sifəti işıqlandı.
Avtomobil dayandı. Onlar duel yerinə çatmışdılar. Tarzan reallığa qayıtdı, bilirdi ki, ömrünə az qalıb, amma qorxu hissi yox idi. Cəngəllikdə böyüyənlər üçün ölüm çox adi şeydir. Təbiət onları həyatdan ikiəlli yapışmağa, amma ölümdən də çəkinməməyə öyrədir.
Bir azdan ikinci maşın gəldi. Qraf və Floberlə yanaşı, oradan üçüncü bir şəxs, həkim də düşdü.
D`Arno ilə Flober bir müddət pıçıldaşdılar, sonra Raulla Tarzanı yanlarına çağırdılar, tapançaları yoxladılar, duelin şərtlərini onlara izah etdilər: iştirakçılar arxa-arxaya dayanıb silahlarını aşağı salmalı və təmas xəttindən hərəyə on addım aralanmalıdırlar. D`Arnonun işarəsi ilə onlar dönüb tapançalarını qaldırmalı və atəş açmalıdırlar. Hər tapançada üç güllə olacaq, duel ən azı bir nəfər yerə yıxılanadək davam edəcək.
– Hazırsınız? – Flober soruşdu.
– Tamamilə, – deyə qraf soyuqqanlıqla cavab verdi.
Tarzan başını tərpətdi.
Bir addım… İki addım… Yeddi… Səkkiz… D`Arnonun gözlərindən yaş gəlirdi… Doqquz… On… Leytenantın işarə verməkdən savayı əlacı qalmırdı…
De Kud dərhal çönüb atəş açdı. Tarzan diksindi, amma tapançasını qaldırmadı. De Kud onun nə vaxt yıxılacağını gözləyirdi. O əmin idi ki, gülləsi yan keçməyib. Tarzan isə nə yerindən tərpənir, nə tapançasını qaldırırdı. Qraf bir də atəş açdı. Tarzan heç gözünü də qırpmadı. De Kud özünü itirdi. Ola bilməzdi ki, onun iki gülləsi dalbadal boşa çıxaydı! “Yəqin, üçüncüsünü də atmağımı gözləyir, sonra sakitcə işimi bitirmək istəyir. Hiyləgər adamdır! Bədənində iki güllə, bu necə dözür? Əsl şeytandır”, – deyə qraf fikirləşdi.
De Kud üçüncü dəfə diqqətlə Tarzanı nişan aldı. Amma əsəbləri dözmədi, əli əsdi, son gülləsi hədəfdən yan keçdi.
Tarzan hələ də tapançasını qaldırmamışdı. Məyus-məyus qrafın sifətinə baxırdı, onun gözlərində dəhşət ifadəsi görürdü.
– Tanrı xatirinə! – de Kud qışqırdı. – Atın!
Tarzan yavaş-yavaş qrafa tərəf yeridi. Bu, duel qaydalarını pozmaq demək idi. D`Arno ilə Flober onun qarşısını kəsmək istədilər.
– Qorxmayın, atəş açmayacağam.
Tarzan Kudla üz-üzə dayandı.
– Bəlkə, silahınızda nasazlıq var, müsyö, – qraf özünü güclə ələ aldı. – Mənimkini götürün, davam edək.
Əvəzində Tarzan öz tapançasını de Kuda uzatdı.
– Deyəsən, ağlınız çaşıb…
– Yox, dostum. Mən cəzaya layiqəm. Götürün.
– O zaman bu, duel yox, qətl olar.
– Qrafinya ilə mənim aramda heç nə baş verməyib. Amma belə çıxır ki, mən onun adına ləkə gətirmişəm. Günahımı yuya biləcəyimə ümid edirdim. Təəssüf ki, siz deyilən qədər də sərrast atıcı deyilmişsiniz, qraf.
– Günahkar olduğunuzu boynunuza alırsınız?
– Tamamilə, müsyö. Arvadınız sədaqətli qadındır, sizi sevir. Bilmək istəyirsinizsə, mən sizin evinizə nə öz xoşumla, nə də qrafinyanın dəvəti ilə gəlmişdim. Buyurun, bu da sübutu.
Tarzan Rokoffun izahatını cibindən çıxarıb de Kuda verdi.
Qraf kağızı oxuyub başa çatana qədər kimsədən səs çıxmadı.
De Kud da bütün fransızlar kimi çılğın idi. O, Tarzanı qucaqlayıb öpdü.
– Siz, həqiqətən, çox cəsur və alicənab insansınız!
Floberlə d'Arno da qucaqlaşdılar. Tək qalmış həkim qrafa yaxınlaşdı və Tarzanın yaralarını sarımağa icazə istədi.
Güllələrdən biri Tarzanın sol çiynindən, digəri sol böyründən dəymişdi. Amma yaralar ölümcül deyildi. Həkim qanaxmanın qarşısını vaxtında aldı.
Şəhərkənarı düzənliyə ölüm savaşına çıxmaq üçün gəlmiş iki nəfər buradan dost kimi ayrıldı. Xüsusilə de Kudun kefi kök idi: arvadının ona xəyanət etmədiyi sübuta yetirilmişdi.
Həkimin təkidi ilə Tarzan bir neçə gün yataqda qaldı. Meymun-adam razılaşmaq istəmirdi:
– Gülünc iynə deşiyinə görə məni yerimdən qalxmağa qoymursunuz. Bir vaxtlar Bolqani bədənimi tikə-parça edəndə heç başımın altında belə yumşaq balış yox idi. Kala milçəklərimi kol budağı ilə qovurdu, içməli suyu ağzında gətirirdi. Həkim görsəydi, dəli olardı.