скачать книгу бесплатно
Tarzan cəngəlliyə qayıdır 2
E.R. Berrouz
Dünya ədəbiyyatından seçmələr
XX əsrdə fantastika janrının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısı Edqar Rays Berrouzun yaradıcılığının zirvəsi Tarzan haqqında silsilə hesab olunur. Bu kitab da həmin silsiləyə daxildir.
Edqar Rays Berrouz
Tarzan cəngəlliyə qayıdır. 2-ci kitab
I fəsil
Gəmidə əhvalat
–Nə gözəl!
– Nəyi deyirsiniz? – qraf təəccüblə arvadına baxdı. – Sizi belə heyran edən nədir?
Qrafinya de Kud qızardı və dizinin üstünə qoyduğu jurnalı tələsik qaldırıb səhifəsini çevirdi:
– Heç… Şəkillərə baxırdım, Nyu-Yorkun göydələnləri yadıma düşdü.
Qraf oxuduğu kitabdan ayrıldı.
– Darıxıram, Olqa. Gedim, özümə yoldaş tapıb kart oynayım.
– Bu, nəzakətsizlikdir, əzizim, amma mən sizi bağışlayıram, – qadın gülümsündü. – İstədiyiniz kimi əylənin.
Qraf gedəndən sonra Olqa bir az aralıda kresloda oturub fikrə getmiş ucaboy gənci gözaltı bir də süzdü:
– Hə, gözəldir!
Qrafinya de Kudun iyirmi, ərinin qırx yaşı olardı. Bu izdivacı Olqanın atası – müflisləşmiş rus zadəganı təşkil etmişdi. Qrafinya ərini sevmirdi, amma ona sədaqətini qoruyurdu. İndi də qarşısındakı yaraşıqlı gəncə ağlına heç nə gətirmədən, yalnız maraq xatirinə baxırdı, onun gözəlliyindən həzz alırdı.
Gənc qalxıb göyərtədən salona keçdi. Qrafinya əmrə müntəzir dayanmış qulluqçulardan birini çağırdı.
– Bu cənab kimdir?
– Afrikalıdır, xanım, adı Tarzandır.
Tarzan qapının ağzında şübhəli-şübhəli xosunlaşan iki nəfərin yanından ötüb salona girdi. Nədənsə, bu qaraşın kişilər onun xoşuna gəlmədilər. Amma Tarzan ayaq saxlamadı. Ürəyində: “Adamlar müxtəlif olur”, – deyib keçdi.
O, salonun küncündə boş kreslo tapıb oturdu. Heç cür rahatlana bilmirdi. Ötən həftə başına gələnlər barədə düşünürdü.
“Viskonsin meşəsindəki o balaca stansiyada lord Qreystokun oğlu olduğumu açıb desəydim, haqqım çatan hər şeyə – atamın tituluna, var-dövlətinə sahib çıxardım. Başqasının xatirinə bütün bunlardan imtina etməyim nə dərəcədə doğru idi? Yox, mən bunu Uilyam Sesil Kleytonun deyil, Ceynin xatirinə etdim. Bilirəm ki, əmim oğluna qismət olmuş ad-sanı, sərvəti, mülkləri geri alsaydım da, Ceyn ondan üz döndərməzdi. Əksinə, Kleytonu darda tək qoymazdı, ona daha bərk bağlanardı”.
Tarzan gələcəyini təsəvvürünə gətirməyə çalışırdı.
“Mən cəngəlliyə qayıdacağam. Ömrümün iyirmi iki ilindən iyirmisini orada keçirmişəm. Amma qayıdışıma kim sevinəcək? Ola bilsin, qoca dostum Tantor. Qalanlarsa, yəqin, artıq unudublar. Hətta öz qəbiləmin meymunları da məni qəbul etmək istəməyəcəklər. Mən sivilizasiyadan, yoldaşlarımla ünsiyyətdən tamamilə məhrum olacağam. Dəhşətlidir! Təzə-təzə öyrəndiyim dildə heç kimlə danışa bilməyəcəyəm”.
Bu ağır düşüncələr içində Tarzanın gözü qarşı divarda böyük güzgüyə sataşdı. Salonun ortasında masa arxasında dörd kişi oturmuşdu, kart oynayırdılar. Oyunçulardan biri qalxdı, yoldaşlarına nə isə dedi. Yəqin, getməliydi. Yerinə masaya başqası yaxınlaşdı, ədəblə təzim edib oturdu. Tarzan onu tanıdı. Bayaq qapının ağzında xosunlaşanlardan biri idi.
Məsələ Tarzana müəmmalı göründü. Gözünü güzgüdən ayırmadan oyunu izləməyə başladı.
Tarzan masa arxasındakılardan yalnız birinin adını bilirdi. Gəmiyə minəndə lakey göstərib demişdi ki, bu, məşhur qraf Raul de Kuddur, Fransanın müdafiə nazirliyində yüksək vəzifə tutur.
Bir azdan qapıda pıçıldaşanlardan ikincisi də salona girib düz qrafın arxasında dayandı. Guya oyuna baxırdı, amma gözü otərəf-butərəfdə idi. Salondakıları sezirdi. Üzü əks tərəfə oturmuş Tarzana fikir vermədi. Heç kimin onlara diqqət yetirmədiyinə əmin olanda həmin adam ehmalca əlini başı oyuna qarışmış qrafın pencəyinin cibinə salıb ora nə isə qoydu.
Tarzan hər şeyi güzgüdə açıq-aşkar görürdü. Ancaq dinmədi, işin nə ilə bitəcəyini gözləməyi qərara aldı.
Təxminən on dəqiqədən sonra qraf böyük məbləğdə pul uddu. Oyuna sonuncu qoşulmuş kişi hələ də qrafın arxasında dayanan yoldaşına baxdı. Yoldaşı başını tərpətdi. Kişi ayağa qalxıb barmağını qraf de Kuda tuşladı:
– Mən bilsəydim ki, bu cənab peşəkar fırıldaqçıdır, heç vaxt onunla oynamazdım!
Masa arxasındakı digər üç nəfər də ayağa qalxdı. Qrafın rəngi ağardı.
– Kiminlə danışdığınızın fərqindəsinizmi, ser?
– Bəli, fərqindəyəm. Mən fırıldaqçı ilə danışıram.
Qraf masanın üstündən əyilib onu ittiham edən şəxsin sifətinə şillə vurdu.
– Bu, anlaşılmazlıqdır, ser, – deyə oyunçulardan biri araya girdi. – Qraf de Kudu hamımız tanıyırıq.
– Əgər səhvim varsa, üzr istəməyə hazıram, amma əvvəlcə qraf desin görək, cibinə qoyduğu nə kartlar idi?
Kartları qrafın cibinə salmış adam bu sözlərdən sonra dönüb salonun çıxışına doğru getdi. Amma Tarzan artıq qapıda onun yolunu kəsmişdi.
Dələduz Tarzanı əli ilə kənarlaşdırmaq istədi:
– İcazə verin, keçim.
– Mənə elə gəlir, siz bəzi şeyləri izah etmək üçün lazım olacaqsınız.
Tarzan dələduzun boynundan yapışıb geri fırlatdı və masaya tərəf dartdı. Nikolas Rokoff zəif adam deyildi, amma Tarzana azacıq da olsa müqavimət göstərə bilmədi.
Salondakıların hamısı qrafın başına yığışıb ondan hərəkət gözləyirdi.
– Bu adam dəli olub, cənablar, – deyə qraf toplaşanlara müraciət etdi, – buyurun, üstümü axtarın.
Heç kim buna cəsarət etmirdi. De Kuda qarşı ağır ittiham irəli sürən şəxs inad göstərdi:
– Əlinizi qrafın cibinə salmağınız kifayətdir ki, ona şər atmadığıma əmin olasanız. İstəyirsiniz, kartları mən çıxarım.
– Yox, üstümü axtarmağa ancaq ləyaqətli adama icazə verə bilərəm!
– Ehtiyac yoxdur, kartlar qrafın cibindədir. Mən onların necə qoyulduğunu özüm gördüm.
Hamı dönüb təəccüblə bu sözləri demiş cüssəli gəncə və onun əlində çapalayan adama baxdı.
– Bu, bir qurğudur, məndə heç nə yoxdur, – deyə qraf əlini cibinə saldı və dərhal sifəti meyit rəngi aldı. De Kud yavaş-yavaş əlini cibindən çıxardı: onun barmaqları arasında üç kart var idi.
Qrafın gözləri dəhşətdən böyümüşdü. O, ətrafındakı adamlara baxır, sanki onlardan kömək gözləyirdi. Hamı ikrahla üzünü döndərdi.
Ətrafa ölü sükut çökdü. Sükutu cüssəli gənc pozdu:
– Qraf düz deyir, cənablar, bu, bir qurğudur. Onun kartlardan xəbəri yoxdur. Mən, baxın, o kresloda oturmuşdum və boynundan tutduğum adamın həmin kartları qrafın cibinə necə saldığını güzgüdə öz gözlərimlə gördüm.
Qraf diqqətlə cüssəli gəncin göstərdiyi adama baxdı.
– İlahi! Nikolas Rokoff? Sizsiniz?
Sonra de Kud onu fırıldaqçılıqda ittiham edən şəxsi başdan-ayağa süzdü.
– Sizi isə, Paulviç, saqqalsız tanımaq çətindir. İndi hər şey mənə məlum oldu.
– Bu dələduzlarla nə edək, qraf? – cüssəli gənc soruşdu. – Bəlkə, onları gəminin kapitanına təhvil verək?
Qraf tələsik etiraz etdi:
– Yox, dostum, bu, şəxsi məsələdir. Heç nə lazım deyil. Mənim üçün adımın təmizə çıxarılması kifayətdir. Sizə isə şərəfimi xilas etdiyiniz üçün minnətdaram. Bu da mənim vizit kartım. Həmişə xidmətinizdə durmağa hazıram.
Tarzan Rokoffun boynunu buraxdı. Fırıldaqçılar suları süzülə-süzülə qapıya tərəf getdilər. Çıxışa çatanda Rokoff bir anlığına ayaq saxlayıb gənci hədələdi:
– Burnunuzu başqasının işinə soxduğunuz üçün peşman olacaqsınız!
Tarzan ona baxmadan gülümsündü, öz vizit kartını qrafa uzatdı. Qraf kartı götürüb oxudu:
“M. Jan K. Tarzan”.
– Müsyö Tarzan, mənə kömək etməklə siz Avropanın ən böyük iki vicdansızının nifrətini qazandınız. Onlar çox təhlükəlidirlər, ehtiyatlı olun.
Tarzan yenə gülümsündü:
– Əziz qraf, mənim bunlardan da təhlükəli düşmənlərim olub, gördüyünüz kimi, sağ-salamatam.
– Təki elə olsun, müsyö. Amma unutmayın ki, bu gün özünüzə daha iki qorxunc düşmən qazandınız. Şeytan onların yanında məsum körpədir.
Kayutuna qayıdanda Tarzan qapının altında iki qatlanmış vərəq gördü. Kağızı qaldırıb açdı:
“Siz bizə qarşı həqarət etdiniz və buna görə üzr istəməlisiniz. Söz verməlisiniz ki, bir də özünüzə aid olmayan işlərə qarışmayacaqsınız. Əks halda… Amma güman edirəm ki, ağlınızı başınıza yığacaq, düzgün yol seçəcəksiniz. Nikolas Rokoff”.
Tarzan istehza ilə güldü və kağızı bürmələyib atdı.
Həmin vaxt qonşu kayutlardan birində qraf de Kud arvadını sorğu-suala tutmuşdu:
– Nikolay gəmidədir, Olqa, siz bunu bilirdiniz?
– Nikolay? Ola bilməz! Axı o, Almaniyada həbsdədir…
– Bu günədək mən də belə fikirləşirdim. Amma onu vicdansız dostu Paulviçlə salonda gördüm. Mən Nikolayın təqiblərindən bezmişəm. Əvvəl-axır onu polisə təhvil verəcəyəm. Fikirləşirəm, bəlkə, kapitana deyim, xaini elə indi tutub saxlasınlar? Gəmidə bu, çox asan olardı.
– Ah, yox, Raul, – qrafinya ərinin qarşısında diz çökdü. – Yadınıza salın, mənə söz vermişdiniz ki, onu siz tutdurmayacaqsınız. Məni qorxutmayın.
Qraf Olqanın zərif əllərindən tutub qaldırdı. Arvadının gözlərinin içinə baxdı.
– Yaxşı, necə istəyirsiniz. Bununla belə, başa düşmürəm: axı o sizin məhəbbətinizə, sədaqətinizə, hörmətinizə haqqını çoxdan itirib. Özünüzü hədələyir, ərinizi təqib edir, sizsə… Təki axırda peşman olmayasınız.
– Mən ona sizdən çox nifrət edirəm, Raul, amma… qanımız birdir, qan çəkir…
– Onda qan deyilən şey yoxdur, bir az bundan əvvəl mənim şərəfimi ləkələmək istəyirdi.
Qraf salonda baş vermiş əhvalatı arvadına danışdı.
– Əgər bir nəfər orada olmasaydı, istəklərinə çatmışdılar. Kartlar cibimdən çıxandan sonra kim mənə inanardı? Yaxşı ki, Tarzan adlı bu cənab sizin Nikolayı tutub darta-darta yanımıza gətirdi, hiyləsinin üstünü açdı.
– Tarzan? – qrafinya təəccübləndi.
– Hə. Nədir ki? Siz onu tanıyırsınız?
– Göstəriblər.
– Yəni bu müsyö belə məşhurdur ki, onu başqalarına da göstərirlər?
Qrafinya söhbətin mövzusunu dəyişdi.
II fəsil
Nifrət bağları düyünlənir və …
Növbəti günün axşamı Tarzan Rokoffla Paulviçi gəminin göyərtəsində gördü. Onlar bir qadını küncə qısıb arxaları Tarzana tərəf nə barədə isə danışırdılar. Qadının geyimindən çox varlı olduğu görünürdü. Yaraşıqlı bədən quruluşu var idi, amma şlyapasının duvağı sifətini gizlədirdi.
Tarzan ehmalca onlara yaxınlaşdı. Dillərini başa düşmədi, buna baxmayaraq açıq-aşkar hiss olunurdu ki, bu iki adam qadını hədələyir, onu nəyəsə təhrik etmək istəyirlər, qadın isə gah susur, gah kişilərə yalvarırdı.
Nəhayət, qadını yola gətirə bilməyən Rokoff onun qolunu burub qanırdı. Həmin an çiynində ağır bir əl hiss etdi. Rokoff cəld geri döndü və dünənki cüssəli gəncin soyuq baxışları ilə qarşılaşdı.
– Ağlınızı itirmisiniz, nədir? Siz yenə mənim işimə qarışırsınız?
– Məktubunuzu aldım, müsyö, cavabını gətirmişəm, – deyə Tarzan zərblə rəqibini itələyib gəminin məhəccərinə çırpdı.
Rokoff revolverinə əl atdı:
– Buna görə mənə həyatınızla cavab verməli olacaqsınız!
Qadın qışqırdı:
– Lazım deyil, Nikolay! Lazım deyil! Sizsə, müsyö, hələ ki sağsınız, qaçın.
Tarzan onun sözlərinə əhəmiyyət vermədən Rokoffun üstünə yeridi. Rokoff revolverini qaldırıb çaxmağı çəkdi, amma tətiyi basmağa imkan tapmadı. Tarzan bir sıçrayışla silahı vurub onun əlindən suya saldı.