скачать книгу бесплатно
– Amma unutmayın ki, əyləncə hələ bitməyib. Qarşıda sizi polislə görüş gözləyir. Mən Parisin polislərini yaxşı tanıyıram. Onlar bunu sizə bağışlamayacaqlar, axtarıb tapana, həbs edənə qədər sakitləşməyəcəklər. Xoşunuza gələr?
Tarzanın sinəsi qabardı:
– Hünərləri var, həbs etsinlər.
Dostunun səsinin tonu d`Arnonu həyəcanlandırdı. O başa düşdü ki, Tarzan zarafat etmir, polislə üz-üzə gəlsə, əlindən xata çıxa bilər və bu xoşagəlməz əhvalata tezliklə nöqtə qoymaq lazımdır.
– Cəmiyyətin qanunlarına, xoşunuza gəlsə də, gəlməsə də, hörmətlə yanaşmalısınız, Tarzan. Polislə münaqişəyə girsəniz, axırda özünüzə pislik edəcəksiniz. Mənə elə gəlir ki, bu dəfə məsələni yoluna qoya biləcəyəm. Amma bundan sonra qanunlarla hesablaşmalısınız, polisin tələblərinə əməl etməlisiniz. İndisə durun, gedək mənim nazirlikdə işləyən dostumun yanına, görək başımıza nə gəlir. Durun.
Yarım saatdan sonra onlar polis komissarının kabinetində idilər. Məmur d`Arnonu keçən dəfəki kimi mehriban qarşıladı, Tarzanı da dərhal tanıdı, onun barmaq izlərini şəxsən araşdırdığını xatırladı.
D`Arno Tarzanın gecə macərasını dostuna ətraflı nəql etdi. Tarzanın gözlədiyinin əksinə olaraq məmur hirslənmədi. Əksinə, bic-bic gülüb əlinin altındakı düyməni basdı. Köməkçisi içəri girəndə masasının üstündəki sənədlərin arasından bir kağız çıxardı.
– Jubon, alın bu sənədi, orada adları çəkilən polisləri mənim yanıma çağırın.
Sonra komissar Tarzana tərəf döndü:
– Siz çox səhv iş tutmusunuz, müsyö. Əgər d`Arno belə tezliklə məsələnin üstünə düşməsəydi və vəziyyəti mənə izah etməsəydi, açığı, axırı pis qurtara bilərdi. Dünən əzişdirdiyiniz polislər indi bura gələcəklər. Qoy d`Arno mənə dediklərini onlara da danışsın və polislər özləri qərar versinlər: sizi məsuliyyətə cəlb edək, yoxsa sərbəst buraxaq.
Bilirsinizmi, siz hələ çox şey öyrənməlisiniz. Sizə bəzən mənasız görünən qaydaların arxasında gizlənmiş məntiqi dərk edənədək onları, sadəcə, qəbul etməlisiniz. Dünən hücumunuza məruz qalmış polislər öz vəzifə borclarını yerinə yetirirdilər. Onlar hər gün başqalarının həyatını, əmlakını qorumaq naminə özlərini təhlükəyə atırlar. Dünən axşam da belə etmişdilər. Bu cəsur və ləyaqətli insanlar sizin rəftarınıza görə özlərini alçaldılmış hiss edirlər. Onlara həmin hisdən azad olmaqda kömək edin. Görürəm, siz cəsur adamsınız, cəsur insanlar isə həmişə ürəyigeniş olurlar.
İçəri dörd polis girdi. Tarzanı görəndə onlar çox təəccübləndilər.
– Övladlarım, – komissar dedi. – Qarşınızdakı gecə Mol küçəsində üzləşdiyiniz şəxsdir. Öz ayağı ilə gəlib. İstəyirəm leytenant d`Arnonun hekayətini dinləyəsiniz, onun sizə deməyə sözü var. Buyurun, əziz leytenant.
D`Arnonun izahatı azı yarım saat çəkdi. O, təkcə dünənki hadisədən deyil, Tarzanın keçmişindən, adət etdiyi həyatdan, cəmiyyətə uyğunlaşmağının çətinliklərindən danışdı.
– Mən başa düşürəm ki, sizin ləyaqətinizə toxunulub, – d`Arno sözünü yekunlaşdırdı. – Amma dördünüz bir nəfərin öhdəsindən gələ bilmədiyinizə görə utanmamalısınız. Təsəvvür edin ki, sizi Afrika şiri ilə bir otağa salıblar və ağzınızı bağlayıblar. İnanın ki, Tarzan o şirdən də güclü, qeyri-adi insandır.
Polislər çaşqın halda gah Tarzana, gah öz rəislərinə baxırdılar. Tarzan ayağa qalxdı, əlini uzadıb polislərə doğru getdi.
– Mən səhvimdən peşmanam. Mümkünsə, dost olaq.
Bununla da bütün gərginlik aradan qalxdı. Tarzan polislərlə, həqiqətən, dost kimi ayrıldı.
Evdə d`Arnonu Uilyam Sesil Kleytondan məktub gözləyirdi. Afrikaya ekspedisiyadan qayıtdıqdan sonra fransalı zabitlə ingiltərəli ser dostlaşmışdılar və hərdən yazışırdılar.
– Onlar iki aydan sonra Londonda nikah kəsdirəcəklər, – d`Arno Tarzanın üzünə baxmadan məktubu masanın üstünə qoyub dedi.
“Onlar”ın kim olduğunu izah etməyə ehtiyac yox idi. Tarzan hər şeyi başa düşdü.
Axşam dostunun eynini açmaq üçün d`Arno onu opera teatrına apardı.
Tarzanın gözü səhnədə olsa da, fikri başqa yerdəydi, xəyalında Ceynlə danışırdı, aktrisaların deyil, onun məlahətli səsini eşidirdi. Bu qızı birdəfəlik itirəcəyinə heç cür inana bilmirdi.
Tarzan bu ağır düşüncələrdən ayrılıb zala boylandı və qrafinya de Kudla baxışları kəsişdi. Qrafinya gülümsəyib başını tərpətdi. Tarzan da uzaqdan Olqaya salam verdi. O bu gözəl qadının baxışlarında dəvət, hətta bir yalvarış sezdi.
Fasilədə Tarzan qrafinyanın lojasına qalxdı.
Olqa sevindi:
– Sizi çox görmək istəyirdim. Mənə və ərimə böyük yaxşılıq etmisiniz, biz isə bunun əvəzini heç nə ilə qaytara bilməmişik, hətta lazımi izahat da verməmişik. Bunu özünüzə qarşı etinasızlıq kimi qəbul etməyin.
– Xətrimə dəyirsiniz, – deyə Tarzan etiraz etdi. – Mən sizi həmişə böyük məmnuniyyətlə xatırlayıram və heç bir izahat gözləmirəm. Daha o fırıldaqçılar sizi incitmirlər?
– Əl çəkmirlər, – qrafinya kədərləndi. – Mən bu dərdi kiminləsə bölüşməliyəm və açığı, hamıdan çox sizə etibar edirəm. İcazənizlə, hər şeyi danışım. Bilməyinizin sizə də xeyri olar, çünki mən onları yaxşı tanıyıram, əminəm ki, intiqamlarını almasalar, sizdən də əl çəkməyəcəklər. İndi yeri deyil, amma, bəlkə, sabah saat beşdə? İmkanınız olacaqmı? Mən evdə olacağam.
– Sabah saat beşi səbirsizliklə gözləyəcəyəm.
Tarzan təzim edib de Kudun lojasından çıxdı.
Rokoffla Paulviç salonun uzaq küncündə yanaşı dayanıb bu səhnəni seyr edirdilər.
Ertəsi gün saat beşin yarısında saqqallı bir kişi qraf de Kudun böyük evinin arxa qapısını döydü. Qapını açan qulluqçu onu tanıyanda qaşlarını çatdı. Bir neçə dəqiqə ikilikdə ayaqüstü söhbət etdilər. Əvvəlcə qulluqçu başını bulayır, görünür, gələn adamın təklifi ilə razılaşmırdı. Sonra saqqallı kişi qulluqçuya nəsə uzatdı. Ani tərəddüddən sonra qulluqçu saqqallının əlindəkini götürdü, onlar içəri girdilər və qonaq otağına qalxdılar.
Saat beşdə isə Tarzan ön qapıdan qrafın evinə daxil oldu. Qulluqçu onu qonaq otağına ötürdü. Az sonra Tarzan kandardan Olqanın səsini eşitdi:
– Nə yaxşı ki, gəldiniz!
– Qrafinya, məni sizin görüşünüzə heç nə yubada bilməzdi!
Dünənki tamaşa haqqında qısa söhbətdən sonra Olqa mətləbə keçdi:
– Yəqin, Rokoffun bizi hədəfə alması sizi təəccübləndirir. Hər şey çox sadədir. Mənim ərim qraf de Kud müdafiə nazirliyində məsul vəzifədə işləyir. Onun əlindən başqa ölkələrin kəşfiyyatını maraqlandıran məxfi sənədlər keçir. Bu dövlət sirlərinə yol tapmaq üçün xəfiyyələr hər şeyə, hətta qətl törətməyə də hazırdırlar. Hazırda qrafda Rusiyaya aid son dərəcə qiymətli material var. Onu ələ keçirib Rusiya dövlətinə sata bilənin ömrü boyu pula ehtiyacı olmaz. Rokoff və Paulviç buna görə qrafı təqib edirlər. Gəmidə özünüz şahidi oldunuz. Əvvəl qrafı kart oyunu zamanı şantaj etməyə çalışdılar. İstədikləri alınsaydı, ya onu qəzetlərdə rüsvay edəcək, ya da əməkdaşlığa razı salacaqdılar. Siz mane oldunuz. Sonra məni ərimə təsir göstərməyə məcbur etmək istədilər. Kayutuma bunun üçün gəlmişdilər. Burada Paulviç soyadı ilə tanınan Pavlovun məni öldürmək fikri yox idi. Amma mən onun haqqında dəhşətli fakt bilirəm, üstü açılsa, yeri sürgündür. Pavlovdan yaxa qurtarmaq üçün kayutda bunu onun qulağına pıçıldadım. Pavlovsa, əksinə, qəzəbləndi. Siz özünüzü yetirməsəydiniz, məni boğub öldürmüşdü.
– Vəhşi!
– Onlar vəhşi yox, əsl şeytandırlar, dostum. Qorxuram ki, sizi aradan götürməyə cəhd etsinlər, çünki həmişə yollarını kəsirsiniz. Mənə söz verin ki, ehtiyatlı olacaqsınız, çünki bizə görə ziyan çəksəniz, bunu heç vaxt özümə bağışlamaram.
– Mən onlardan qorxmuram, Rokoffdan və Paulviçdən də qat-qat təhlükəli düşmənlər görmüşəm, – Tarzan qrafinyanı sakitləşdirdi. – Amma mənə bir şeyi deyin: axı niyə siz ən azı öz təhlükəsizliyiniz naminə bu xəfiyyələri hökumətə təhvil vermirsiniz?
Olqa cavab verməzdən əvvəl xeyli tərəddüd keçirdi. Nəhayət, qərara gəlib dilləndi:
– Bunun iki səbəbi var. Birincisi qrafa aiddir. İkincisi, əsl səbəb, mənlikdir. Bu sirri heç vaxt, heç kəsə danışmamışam. Onu məndən və Rokoffdan savayı heç kim bilmir. Amma qəribədir…
– Nə qəribədir?
– Qəribədir, ərimə demədiyim sirri sizə açmaq istəyirəm. Ümid edirəm ki, məni başa düşəcək, məsləhət verəcəksiniz. İttiham etməyəcəksiniz.
– Məndən ittihamçı çıxmaz, qrafinya.
– Yaxşı, onda qoy ərimə aid olan səbəbdən başlayım. Sonra isə, cəsarətim çatsa, öz sirrimə keçərəm. Deməli, birinci səbəb: Nikolay Rokov, onun əsl adı belədir – mənim qardaşımdır. Biz rusuq. Nikolay həmişə əyri yolun adamı olub. Orduda kapitan idi, oradan qalmaqalla qovdular. Atam onu birtəhər daxili işlər nazirliyinə işə düzəltdi. Nazirlikdə də çox duruş gətirə bilmədi. Nikolaya qarşı ağır ittihamlar irəli sürdülər, işdən çıxardılar, amma həbs etmədilər. Zindandan yaxa qurtarmaq üçün dostlarını satdı.
– Məgər bu əməllərdən, ərinizin şərəfinə ləkə gətirmək, bacısına qəsd etmək istəyəndən sonra o sizin üçün yad adama çevrilməyib, qardaşınız olmaq hüququnu itirməyib?
– Bax burada ikinci səbəb ortaya çıxır. Düz deyirsiniz, etibarımı bir qardaş kimi çoxdan itirib. Amma mənim haqqımda elə şeylər bilir ki, daim ondan qorxmağa məcburam. Dedim ki, ərimin bu sirdən xəbəri yoxdur. Sizə isə danışacağam, onsuz da əvvəl-axır kiminləsə bölüşməliyəm. Yeniyetmə çağında monastırda təhsil almışam. Orada bir kişi ilə tanış olmuşdum. Ağlımı başımdan çıxardı, günün günortavaxtı ona qoşulub qaçdım. Birbaş vağzala getdik. Cəmi üç saatdan sonra qatardan düşəndə onu jandarmlar həbs etdilər, demə, fərari imiş, çox cinayətlər törədibmiş, axtarırlarmış. Məni də saxladılar, əhvalatı biləndə monastıra qaytardılar. Monastırın rəhbərliyi işi ört-basdır etdi, ailəmizdə Nikolaydan başqa heç kim bundan xəbər tutmadı. İndi qardaşım məni şantaj edir, deyir, sözümdən çıxsan, hamısını ərinə danışacağam.
Tarzan güldü:
– Siz hələ də uşaqsınız! Uşaq olmasaydınız, başa düşərdiniz ki, mənasız bir məsələyə görə rüsvayçılıqdan nahaq qorxursunuz! Gedin, mənə söylədiklərinizi günü bu gün ərinizə danışın. Əminəm ki, o da mənim kimi sizə güləcək, bu əhvalatı yadınızdan çıxarmağı xahiş edəcək və polisin köməyi ilə dələduz qardaşınızdan birdəfəlik canınızı qurtaracaq.
– Qorxuram. Mən həmişə kişilərdən qorxmuşam: atamdan, Nikolaydan, ərimdən…
– Çox nahaq. Əlbəttə, mən cəngəllikdə hökm sürən qaydalara daha yaxşı bələdəm, amma inanıram ki, insanlar arasında da kişilər qadınları qorxutmamalı, əksinə, qorumalıdırlar. Şəxsən məndən bir qadın qorxsa, çox məyus olaram. Məndən də qorxursunuz?
– Sizdən yox. Baxmayaraq ki yeni tanış olmuşuq, sizdən qorxmuram. Siz mənim xilaskarımsınız. Nikolayla Pavlova kayutda necə dərs verdiyiniz yadımdan çıxmır.
Tarzan sabah yenə gələcəyinə söz verib qrafinya ilə sağollaşdı.
Olqa qonağını ötürüb geri dönəndə qarşısında Nikolayı gördü.
– İçəri necə girmisiniz?
– Çoxdan buradayam, – Nikolay bacısına göz vurdu. – Siz yad kişini otağınıza salanda mən artıq pərdənin arxasında idim.
– Ağzınızı yumun! Utanmırsınız, bacınıza belə sözlər deyirsiniz? Sabahdan bütün təqiblərinizə son qoyulacaq. Raul gələndə hər şeyi ona danışacağam. Əminəm ki, başa düşəcək. Sonra isə özünüzü qoruyun!
– Siz ərinizə heç nə danışmayacaqsınız. Əks təqdirdə qrafa xəbər çatdıracağam ki, o, evdə olmayanda gizlicə otağınızda başqa kişi ilə görüşürsünüz. Mənə işləyən qulluqçularınızdan biri and içərək ərinizə xəyanət etdiyinizi təsdiqləyəcək. Ayıbdır, Olqa! – Rokoff şaqqanaq çəkdi.
Axşam qrafinya ərinə heç nə demədi. İndi o daha çətin vəziyyətə düşmüş, qorxuları artmışdı.
V fəsil
Uğursuz cəhd
Həmin gündən Tarzan tez-tez qrafın evində olur, ən hörmətli qonaq kimi qəbul edilirdi. Qrafinya istər təklikdə, istər dostları üçün qurduğu çay məclislərində Tarzanla uzun-uzadı söhbət etməyi xoşlayırdı.
Olqa ərindən xeyli cavan idi. İyirmiyaşlı gənc, gülərüz qız qırxyaşlı zəhmli kişiyə hər sözünü, hər çətinliyini deyə bilmirdi, çəkinirdi. Buna görə də Olqa güclü cinsə mənsub həmyaşıdları arasından özünə dost tapmağa can atırdı. Mərd, təmizürəkli Tarzan bu rola yarayırdı. Qrafinya ona tam etibar edirdi.
Rokoff kənardan Tarzanı izləyirdi. Düşməni ilə bacısının dostluğunun möhkəmlənməsi bu dələduzun da planlarına uyğun gəlirdi. Olqa Nikolasın kim olduğunu Tarzana danışandan sonra Rokoff ondan daha çox ehtiyat edirdi. Tarzan Rokoffu sata bilərdi, onu birdəfəlik sıradan çıxarmaq lazım idi. Rus xəfiyyəsi bunun üsulunu tapmışdı, məqamının yetişməyini gözləyirdi.
Qraf, adətən, işdən gec qayıtdığı üçün Tarzan onunla az-az görüşürdü. Amma qrafinyanın dostları xoşuna gəlirdi. Hərdən Tarzan d`Arnonu da özü ilə buraya gətirirdi.
Rokoff tələsmirdi. Ona qraf işdə, ya rəsmi tədbirdə olan gecələrin birində Tarzanla Olqanın təklikdə qaldıqları anı tutmaq lazım idi. O zaman dərhal qrafı evə çağırtdırmaq, arvadının Tarzanla ona xəyanət etdiyini demək və yalançı şahid göstərmək olardı. Beləliklə, bir güllə ilə iki dovşan vurmaq mümkün idi: həm Tarzan sıradan çıxarılırdı, həm də de Kudu şantaj etmək üçün ələ gözəl imkan düşürdü: qraf bütün Fransada rüsvay olmamaq naminə bu məsələnin ört-basdır edilməsi müqabilində çox şeyə razı ola bilərdi.
Amma Rokoff gözləntilərində yanılırdı. Tarzanla Olqa cəmiyyətdə qəbul olunmuş ədəb qaydalarından kənara çıxan heç bir hərəkətə yol vermirdilər. Hətta teatrdan Olqanı evə ötürəndə də Tarzan artıq gec olduğu üçün kandardan içəri keçmirdi.
Nəhayət, Rokoff gözləməkdən yoruldu, Tarzanı tələyə salmaq üçün Paulviçlə birgə plan fikirləşdi.
Bir gün Rokoff qəzetdə oxudu ki, axşam alman səfirliyində rəsmi ziyafət olacaq. Ziyafətə ancaq kişilər çağırılmışdı, dəvətlilər sırasında qraf de Kudun da adı vardı. Rokoff bilirdi ki, belə tədbirlər gecəyarısına qədər davam edir.
Həmin axşam Paulviç alman səfirliyinin binası qarşısında keşik çəkirdi. Qrafın binaya girdiyini öz gözləri ilə görəndən sonra o, Rokoffla vədələşdikləri yerə gəldi. Gecə saat 11 olanda Paulviç cib dəsmalını ağzına tutdu, telefonun dəstəyini götürüb d`Arnonun evinin nömrəsini yığdı:
– Leytenant d`Arnonun mənzilidir? Müsyö Tarzana vacib sözüm var… Müsyö Tarzan? Mən qrafinya de Kudun qulluqçusu Fransuayam. Qrafinya xahiş edir ki, dərhal onun yanına gələsiniz… Yox, qrafinya nə baş verdiyini Fransuaya demədi… Çox sağ olun, müsyö, tezliklə gələcəyinizi qrafinyaya xəbər verə bilərəmmi? Təşəkkür edirəm. Tanrı sizə yar olsun.
Paulviç dəstəyi yerə qoyan kimi Rokoff ona bir zərf verdi:
– Qraf alman səfirliyindən evinə yarım saata çatar. Sizin də buradan səfirliyə on beş dəqiqəlik yolunuz var. Hər şey dəqiqlikdən asılıdır. Tələsin!
Paulviç vaxt itirmədən səfirliyə yollandı. Zərfi qapıda xidmətçiyə verdi və onun ovcuna pul basdı:
– Çox təcilidir, dərhal qraf de Kuda çatdırın. Şəxsən!
Bir neçə dəqiqədən sonra məktub qraf de Kudun əlində idi. O, zərfi açıb kağızı oxudu:
“Qraf, təmiz adınız və şərəfiniz təhlükədədir! Sizə yaxşı tanış olan bir adam neçə vaxtdır ki, arvadınızın yanına gedib-gəlir. Bu dəqiqələrdə də onunladır. Əgər qrafinyanın yataq otağına getsəniz, onları bir yerdə tutarsınız.
Dostunuz”.
Rokoff hər şeyi dəqiq hesablamışdı. Paulviç gedəndən sonra 20 dəqiqə gözlədi və de Kudun evinə zəng etdi. Dəstəyi qaldıran qulluqçudan Olqanı çağırmağı xahiş etdi.
– Axı xanım artıq yataqdadır…
– Məsələ çox təcilidir, mütləq özü ilə danışmalıyam. Deyin, çiyninə bir şey atıb telefona yaxınlaşsın. Mən beş dəqiqəyə təkrar zəng edəcəyəm.
Rokoff dəstəyi asdı. Bir azdan Paulviç də qayıtdı.
– Məktubu verdiniz?
– Hə, qraf artıq evinə gedir.
– Yaxşı! Olqa yarıçılpaq vəziyyətdə telefonun yanında gözləyir. Bu dəqiqələrdə Tarzan da özünü çatdıracaq və birbaşa qrafinyanın otağına qalxacaq, çünki əmindir ki, Olqa özü onu çağırtdırıb. Məsələni araşdırana, ortada yanlışlıq olduğunu üzə çıxarana qədər vaxt keçəcək. Ona kimi qraf da özünü yetirər. Məncə, biz hər şeyi əla fikirləşmişik, dostum! Unutmayın ki, qraf Parisin ən mahir qılıncoynadanlarından biri, usta atıcıdır.
Tarzanı de Kudun evinin kandarında Rokoffun pulla ələ aldığı qulluqçu Jak qarşıladı. O, qonağı qrafinyanın otağına salıb qapını örtdü.
Yarıqaranlıq otaqda Olqa alt paltarında, çiyninə şal salıb telefonun yanında oturmuşdu, barmaqları ilə səbirsizliklə masanı döyəcləyirdi, Tarzanın içəri girdiyini görmədi.
– Nə olub, Olqa?
Qrafinya diksindi.
– Tarzan? Siz burada nə edirsiniz? Bu nə deməkdir?
– Məni siz çağırtdırmamısınız, Olqa?
– Mən? Gecə vaxtı? Nə danışırsınız?
– Sizin qulluqçunuz Fransua mənə zəng etdi, dedi ki, təcili gəlməyimi istəyirsiniz.
– Fransua? Bizdə bu adda qulluqçu yoxdur. Yəqin, sizinlə zarafat ediblər, Jan.
– Elədirsə, bu, zarafatdan çox, tələyə oxşayır.
– Başa düşmədim…
Tarzan Olqanın sözünü kəsdi:
– Qraf haradadır?