скачать книгу бесплатно
İki düşmən üz-üzə dayandı. Rokoff özünü ələ aldı:
– Artıq ikinci dəfədir ki, sizə aid olmayan işlərə qarışırsınız, müsyö, Rokoffun yolunu kəsirsiniz. Birinci dəfə üstündən keçdim, dedim, ağıllanarsınız. Amma daha bağışlamayacağam. Cəzasını çəkməli olacaqsınız! Rokoffun kim olduğunu mən sizə göstərərəm!
– Kim olduğunuzu bilirəm, müsyö, siz qorxaq və alçaqsınız.
Bunu deyib Tarzan özünü təqdim etmək üçün qadına sarı döndü. Amma onu görmədi və yoluna davam etdi.
“Bu adamlar nə istəyirlər? Görəsən, nə hiylə qurublar?”
Duvaqlı qadının üzünü görə bilmədiyi üçün Tarzan onu tanımadı, amma Rokoffun qanırdığı əlinin barmağındakı yekə üzüyün orijinal forması yadında qaldı. O, qarşısına çıxan bütün qadınların əllərinə baxmağı və həmin üzüklə Rokoffun təqib etdiyi adamı müəyyənləşdirməyi, ehtiyac olarsa, ona yardım göstərməyi qərara aldı.
Tarzan göyərtədəki boş kreslolardan birində oturub fikrə getdi.
Meymun-adam həyatında ilk insanı – anası Kalanı öldürmüş Kulonqanı gördüyü gündən dörd il keçirdi. Bu dörd ildə o, insan qəddarlığının, hikkəsinin, yalanının dəfələrlə şahidi olmuşdu! Dəniz quldurlarının başçıları Kinqi öldürməyi, sonra professor Porterin dəstəsini cəngəllikdə atıb getmələri, zəncilərin öz əsirlərinin başlarına açdıqları oyunlar, Qərbi Afrika müstəmləkələrində hərbçilərin və məmurların törətdikləri naqisliklər yadına düşdü.
“İlahi, insanlar necə də bir-birinə oxşayırlar, – deyə düşündü. – Tələ qururlar, öldürürlər, aldadırlar… Sonradan əyləncələrinə sərf edəcəkləri pula görə ən çirkin oyunlardan çıxırlar. Bu cılız adətlər, istəklər onları öz ehtiraslarının qullarına çevirir. Hələ bir inanırlar da ki, onlar – təbiətin şahıdırlar. Ağılsız, sərsəm dünya! Cəngəllikdəki azadlığımdan əl çəkib insanların şərtiliklərlə dolu bu dünyasına baş vurmaqda, bəlkə, mən də səhv etmişəm…”
Tarzana elə gəldi ki, kimsə onu izləyir. Sürətlə geri döndü. Arxadakı kreslolardan birində əyləşmiş gözəl, gənc qadın nəzərlərini qaçıra bilmədi, onların baxışları qarşılaşdı. Qadın qızarıb ayağa qalxdı və tələsik uzaqlaşdı, əlini küləyin dağıtdığı saçlarına çəkəndə Tarzan onun barmağındakı yekə, orijinal formalı üzüyü gördü.
Axşam yeməyindən sonra Tarzan yenə göyərtəyə çıxıb okeana baxırdı. Ayın işığı sularda zolaq salmışdı. Rokoffla Paulviç xısınlaşa-xısınlaşa yaxınlıqdan keçdilər, amma arada pilləkən olduğu üçün onu görmədilər. Tarzanın qulağına Rokoffun sözləri dəydi: “…qışqırsa, boğarsan, o vaxta qədər ki…” O bu iki fırıldaqçının növbəti hiylə hazırladıqlarını başa düşdü və dallarınca getdi.
Rokoffla Paulviç salonun bərabərində ayaq saxlayıb pəncərədən içəri baxdılar. Gözləri kimisə axtarırdı. Nəhayət, axtardıqları adamı salonda gördülər və bundan sonra inamlı addımlarla birincidərəcəli kayutlar yerləşən mərtəbəyə qalxdılar.
Dələduzlar bahalı kayutlardan birinin qarşısında dayandılar. Tarzan yan dəhlizə keçib gizləndi.
Rokoff qapını döydü, Paulviç onun böyründə dayandı.
İncə qadın səsi eşidildi:
– Kimdir?
– Mənəm, Olqa, Nikolay.
– Məni niyə rahat buraxmırsan? Niyə mənə əziyyət verirsən? Sənə nə pislik etmişəm?
– Olqa, ikicə kəlmə sözüm var. Qorxma, içəri də girməyəcəyəm, qapını azca arala, qışqıra-qışqıra danışa bilmərik ki…
Qıfıl şaqqıldadı, qapı azca aralandı.
Tarzan küncdən başını çıxardı.
Əvvəlcə Rokoffla qadın pıçıltı ilə danışırdılar. Rokoff elə dayanmışdı ki, Tarzan onların nə üzünü görür, nə səslərini eşidirdi. Birdən qadın səsini qaldırdı:
– Yox, Nikolay, nə edirsən et, heç vaxt buna razı olmaram. Çıx get. Sən söz vermişdin ki, içəri girməyəcəksən!
– Yaxşı, Olqa. Mən girməyəcəm. Amma təklifimə razı olmadığının peşmançılığını çəkəcəksən. Axırda onsuz da mən istədiyim olacaq!
Rokoff yana çəkildi. Paulviç onun arxasından çıxıb qapı ilə bir yerdə qadını içəri itələdi və cəld otağa girdi. Qapı bağlandı.
Kayutdan qadın qışqırığı eşidildi. Tarzan dərhal gizləndiyi yerdən çıxdı. Saqqalını tumarlaya-tumarlaya otaqdan gələn səslərə qulaq asan Rokoff onu görən kimi qaçmaq istədi, amma Tarzan aman vermədi. Rokoffun peysərindən yapışdı, çiyni ilə vurub qapını sındırdı və onu da özü ilə içəri sürüdü.
Paulviç gözəl bir qadını çarpayıya yıxıb boğurdu. Qadın çırpınır, onun əlindən çıxmağa çalışırdı.
Hay-küyə Paulviç qadının boğazını buraxmadan başını döndərdi. Tarzanın qəzəbli baxışı onu yerindən dik atılmağa məcbur etdi.
Qadın da birtəhər qalxıb çarpayıda oturdu. Onun bir əli boğazında idi, güclə nəfəs alırdı. Tarzanın gözü qadının barmağındakı tanış üzüyə sataşdı.
– Bu nə deməkdir? – Tarzan nifrətlə Rokoffun sifətinə baxdı. Dələduzların ikisi də susurdu.
Tarzan qadına tərəf döndü:
– Zəhmət olmasa, zəngin düyməsini basıb gəminin mühafizəçilərini çağırın. Deyəsən, məsələ getdikcə qəlizləşir.
Qadın tələsik yerindən qalxdı:
– Yox, yox, xahiş edirəm, lazım deyil. Onlar mənə heç bir pislik etmək istəmirdilər. Mən bu cənabı hirsləndirdim, o da özündən çıxdı. – Qadın yalvarışa keçdi. – İstəmirəm ki, səsə salasınız, müsyö. Xahiş edirəm…
– İstəmirsiniz?
– Xahiş edirəm…
Tarzan bir şey başa düşməsə də, Rokoffun istehzalı gülüşü onun nəzərindən qaçmadı.
– Elədə bütün məsuliyyəti mən öz üzərimə götürürəm. Bura baxın, – deyə Tarzan Rokoffu hədələdi, – bundan sonra həmişə gözüm üstünüzdə olacaq, sizi bir də bu qadına yaxınlaşan görsəm, özünüzdən küsün. İndi isə rədd olun!
Tarzan basqınçıların ikisinin də boynundan tutub bayıra atdı. Hərəsinin dalından bir təpik vurdu.
– Sizdən isə, xanım, xahiş edəcəyim ki, bu dələduzlar sizi bir də incitsələr, dərhal mənə xəbər verəsiniz.
– Özünüzə çox qəddar düşmənlər qazandınız, yaxşısı budur, onlardan ehtiyatlı olun, müsyö…
– Bağışlayın, xanım, mənim adım Tarzandır.
– …müsyö Tarzan. Mühafizəçi çağırmağa razı olmadığım üçün elə bilməyin ki, sizin alicənablığınızı qiymətləndirmirəm. Sizə hədsiz minnətdaram, yaxşılığınızı heç vaxt unutmayacağam. İndisə gecəniz xeyrə qalsın, müsyö Tarzan.
Qadın təzim etdi.
Tarzan otaqdan çıxdı və birbaşa öz kayutuna getdi. Yolboyu o fikirləşirdi ki, görəsən, niyə bu qadın da qraf de Kud kimi Rokoffun hoqqalarına dözür? Onu polisə təhvil verməyə razı olmur? Burada nə sirr var?
Səfərin sonunadək Tarzan bu münaqişənin iştirakçılarından heç birini görmədi. Yalnız axırıncı gün təsadüfən həmin qadınla göyərtədə qarşılaşdı. Qadın günahkarcasına gülümsədi, sanki Rokoff, Paulviç kimi adamlarla münasibəti olduğuna görə Tarzanın yanında xəcalət çəkirdi.
– Ümidvaram ki, o hadisədən sonra mənim haqqımda pis fikirləşmirsiniz, müsyö. Utandığımdan o gündən sonra ilk dəfədir ki, kayutdan çıxıram.
– Ceyranlar haqqında heç vaxt onlara hücum etmiş şirə baxıb mülahizə yürütməzlər, xanım. Mən həmin adamların gəmi salonunda başqa fırıldaqlarının da şahidi olmuşam.
– Xoş sözlərinizə görə çox sağ olun. Dediyiniz əhvalatdan xəbərdaram, ərim mənə danışıb. Sizin cəsarətinizə və mərdliyinizə heyran olduğunu, özünü sizə borclu saydığını da deyib.
– Əriniz?
– Bəli, mən qraf de Kudun həyat yoldaşıyam.
Onlar köhnə dostlar kimi ayrıldılar. Uzun yol yoldaşları, adətən, asanlıqla bir-biri ilə dil tapır, dostlaşırlar, amma ayrıldıqdan sonra çox vaxt daha görüşmürlər.
Parisdə gəmini tərk edəndə Tarzan öz-özünə düşünürdü ki, görəsən, bu böyük şəhərdə nə vaxtsa bir də gözəl qrafinya ilə üz-üzə gələcəkmi?
III fəsil
Ru Molda nələr oldu
Parisdə Tarzan ilk növbədə dostu d`Arnoya baş çəkdi. Hər şeyi yerli-yataqlı ona danışdı.
– Nə dərəcədə ağlını itirməlisən ki, dostum, təkcə öz halal haqqından, var-dövlətindən deyil, həm də damarlarında meymun qanı yox, İngiltərənin iki nəcib ailəsinin qanı axdığını sübut etmək imkanından keçəsən! – deyə zabit əhvalatı biləndə əsəbiləşdi. – Başa düşmürəm, onlar sənə necə inanıblar? Məsələn, mən heç vaxt, hətta siz cəngəllikdə çiy ət yeyib yağlı əllərinizi üstünüzə sildiyiniz vaxtlarda da inanmamışam ki, ananız meymun olub, hiss etmişəm ki, əsil-nəcabətiniz var. İndi isə atanızın bütün sirləri açıb tökən gündəliyi, ən əsası, daşdan keçən dəlil – gündəlikdə qalmış barmaq izlərinin sizə məxsus olduğu haqda arayış əlinizdə ola-ola özünüzü səfalət içində, ad-sansız bir həyata məhkum edirsiniz.
– Mənə Tarzan adı bəs edir. Səfalət içində ömür sürməyə də hazırlaşmıram. Sizdən bir dost kimi sonuncu xahişim olacaq – mənə iş tapın.
– İşi neyləyirsiniz? – d`Arno mızıldandı. – Sizə dəfələrlə eşitdirmişəm ki, mənim pulum iyirmi adama çatar, demişəm ki, sərvətimin yarısı sizindir. Hamısını versəm də, etdiyiniz yaxşılığın əvəzini çıxa bilmərəm. Siz olmasaydınız, mən indi Mbonqanın adamyeyənlərinin qarnında idim. Yaralarım sağalana qədər başımın üstündən çəkilmədiyinizi də unutmamışam. Mən sonralar bildim ki, həmin günləri itirmək sizin üçün nə demək imiş. Mən sizi pulla mükafatlandırmaq istəmirəm, Tarzan. Amma pərəstiş etdiyim bir dostuma hansı yolla xidmət göstərə bilərəm, əlimdən başqa nə gəlir?
– Yaxşı, – Tarzan güldü, – pul üstündə mübahisə etməyək. Yaşamaq üçün, əlbəttə, pul lazımdır. Amma məsələ tək bunda deyil. Mənə xidmət göstərməyin yolunu axtarırsınızsa, bir işə düzəldin. Bikar qalsam, doğrudan da, itib-bataram. Ad-sanıma, var-dövlətimə görə isə narahat olmayın – yaxşı əllərə keçib. Kleyton onlara zorla yiyə çıxmayıb ki… Bundan başqa, əgər mən haqqımı tələb etsəydim, onda Kleytona ərə gedən Ceyni də çox şeydən məhrum etmiş olardım. Bu, düzgündürmü, Pol? Bir də… Əsil-nəcabətin mənim üçün ciddi əhəmiyyəti yoxdur. Mən elə bir şəraitdə böyümüşəm ki, orada ata-ananın kim olduğuna heç kim fikir vermir. Kala məni dünyaya gətirməsə də, əsl analıq etməyibmi, Pol? Ana kimi əmizdirib, mənə görə vəhşi heyvanlarla, öz qəbilə üzvləri ilə vuruşmayıbmı? Sizin üçün o, qaba, eybəcər meymun, mənim üçünsə qayğıkeş, gözəl ana olub. Bunu da başa düşmürsünüz, Pol?
– Mən sizin keçmişə sədaqətinizə heyranam, amma vaxt gələcək, Tarzan, siz öz hüquqlarınızı bərpa etmək istəyəcəksiniz. Sözlərimi yadınızda saxlayın. Ümid edirəm ki, o zaman bu, indikindən çətin olmayacaq. Unutmayın ki, cəngəllikdə dəfn edilmiş körpə skeletinin lord Qreystokun oğluna deyil, antropoidə məxsus olduğunu cəmi iki adam and içib təsdiqləyə bilər – professor Porter və Filander. Onlar isə cavan deyillər. Başqa tərəfdən axı niyə siz əminsiniz ki, miss Porterə həqiqəti desəniz, o, Kleytona daha bərk bağlanacaq? Məncə, əksinə olacaq. Bir özünüz fikirləşin…
Tarzan başını buladı.
– Yox, siz bu qızı tanımırsınız. Kleyton taledən belə bir zərbə alsa, heç nə miss Porteri ona bundan bərk bağlaya bilməz.
Tarzan üç həftə Parislə yarımçıq qalmış tanışlığını davam etdirdi. O, gündüzlər muzeyləri, kitabxanaları gəzir, yorulmadan oxuyur, öyrənirdi, mədəni həyata alışmağa çalışırdı, axşamlar isə dostları ilə əylənirdi. Paris elə bir şəhərdir ki, orada öyrənmək istəyənlərin də, əylənmək istəyənlərin də qarşısında geniş imkanlar açılır.
Bir axşam Tarzan musiqili teatrda rus rəqqasəsinin oyununa baxırdı. Tək idi, d`Arnonu başqa yerə qonaq çağırmışdılar. Teatrın foyesində kiminsə diqqətlə ona baxdığını hiss etdi. Tarzan başını döndərənə kimi həmin şəxs üzünü çevirib tamaşaçıların arasında yox oldu. Meymun-adam bu hadisəyə ciddi əhəmiyyət vermədi. Amma çıxışda yenə həmin müəmmalı insanı gördü: o, küçənin əks tərəfində, qaranlıq dalanda dayanıb gözləyirdi.
Gecə düşmüşdü. Belə vaxtlarda şəhərdən evə qayıdanda Tarzan Mol küçəsi ilə getməyi xoşlayırdı. Qaranlıq, kimsəsiz Ru Mol ona doğma cəngəlliyini xatırladırdı. Parisi tanıyanlar bu qorxunc küçəyə yaxşı bələddirlər və hava qaralandan sonra oradan yan keçməyə çalışırlar.
Tarzan hündür, çirkli binaların arası ilə iki döngə keçdi. Növbəti döngənin tinində qarşı binanın üçüncü mərtəbəsinin pəncərəsindən qadın qışqırığı eşidildi. Səs köməyə çağırırdı. Tarzan qadının ikinci dəfə qışqırmasını gözləmədi, qaça-qaça binaya girdi və sürətlə pilləkənləri qalxdı. Üçüncü mərtəbənin dəhlizinin sonundakı otağın qapısı azca aralı qalmışdı, qadın hələ də bağırırdı.
Tarzan yarıqaranlıq otağa daxil olan kimi on nəfərdən artıq cantaraq kişinin əhatəsinə düşdü. Təxminən otuz yaşında bir qadın əli ilə boğazını tutub küncə qısılmışdı. Onun yüngül həyat tərzi keçirdiyi hətta kerosin lampasının işığında da üz-gözündən bilinirdi.
– Xilas edin, müsyö, – qadın inildədi, – məni öldürmək istəyirlər.
Tarzan rəqiblərini süzdü. Heç kimin yerindən tərpənməməsi onu təəccübləndirdi, sanki Tarzanı burada gözləyirdilər. Yalnız bir nəfər sivişib qapıdan çıxdı.
Tarzan Nikolas Rokoffu ani baxışdan tanıdı.
Növbəti saniyədə quldurlar Tarzanın üstünə tökülüşdülər. Kiminin əlində bıçaq, kiminin əlində dəyənək var idi.
Meymun-adam zərbələrdən ustalıqla yayınıb rəqiblərindən ən güclüsünü seçdi və bir yumruqla onu yerə sərdi. Sonra qalanlara tərəf döndü. Tarzanın vəhşi instinktləri oyanmışdı, gözünü qan tutmuşdu. İndi o bu quldurlarla köhnə oyununu oynayırdı.
Rokoff dəhlizin başında dayanıb gözləyirdi, Tarzanın meyitini gözləri ilə görməmiş getmək istəmirdi.
Qadın küncdə donub-qalmışdı, heyrətlə Tarzanı izləyirdi. Bu onun pəncərədən baxıb köməyə çağırdığı, üst-başından və yerişindən son dərəcə mədəni insan təəssüratı bağışlayan gəncə bənzəmirdi. Qadın qarşısında qəzəblənmiş Heraklı görürdü.
– İlahi, bu ki vəhşidir, – deyə o, qısıldığı küncdə yerə çökdü.
Tarzan, həqiqətən, vəhşiləşmişdi. Meymun-adam eyni zamanda bir neçə nəfərlə vuruşur, dala-qabağa tullanır, əlləri, ayaqları, dirsəkləri ilə, hətta iti dişlərini işə salaraq düşmənlərində salamat yer qoymurdu. Kiminsə Tarzanın dəmir biləkləri arasında sümükləri şaqqıldayır, kiminsə qolu çiynindən sallanırdı. Qışqırıqdan qulaq tutulurdu. İmkan tapan bayıra qaçır, canını qurtarırdı.
Qanı axa-axa bir-birinin dalınca dəhlizə çıxan muzdlu qatilləri görəndə Rokoff başa düşdü ki, bu dəfə də Tarzanla bacarmayacaq və polis çağırmaq üçün telefon axtarmağa getdi.
Polislər özlərini yetirəndə artıq hər şey bitmişdi. Tarzan otağın ortasında döyüşü davam etdirməyə hazır vəziyyətdə dayanmışdı, üç nəfər yerdə uzanıb zarıyırdı, qalanlar qaçmışdılar, qadın isə divarın küncündən tərpənməmişdi.
– Burada nə baş verib? – deyə polislərdən biri zəhmlə soruşdu.
Tarzan əhvalatı izah etdi.
– Yalan deyir! – qadın qışqırdı və Tarzanı polislərə göstərdi. – Bu kişi üstümə hücum çəkdi, məni öldürmək istəyirdi, harayıma gələnlərinsə hamısını şil-küt etdi. O, şeytandır, təkbaşına on nəfərin öhdəsindən gəldi!
Tarzan çaşdı, indicə böyük bəladan xilas etdiyi adamdan belə nankorluq gözləmirdi.
Polislər görünüşündən alicənab insana oxşayan Tarzana şübhə qarışıq maraqla baxdılar. Onlar bu qadını tanıyırdılar, hansı yuvanın quşu olduğunu bilirdilər. Amma hər ehtimala qarşı, otaqdakıların hamısını məntəqəyə aparmağa, orada məsələni yerli-yataqlı araşdırmağa qərar verdilər.
Tarzan polislərin əmrinə tabe olmadı:
– Mənim günahım yoxdur, özümü müdafiə edirdim. Bilmirəm bu qadın niyə yalan danışır? Mən onu birinci dəfədir ki, görürəm. Bura isə qışqırığını eşidib gəlmişəm.
– Yaxşı, yaxşı, – deyə polislərdən biri Tarzanın qolundan yapışmaq istədi. – Gedək, bunların hamısını lazımi yerdə danışarsınız.
Meymun-adam bircə anın içərisində yan-yana sərdiyi dörd polisə özünə gəlməyə imkan vermədi, kerosin lampanı döşəməyə çırpıb sındırdı. Otaq zülmətə qərq oldu. O, açıq pəncərədən bayıra atıldı və qarşı tərəfdəki teleqraf dirəyindən tuta-tuta dama dırmaşdı, qaranlıqda qeyb oldu.
Polislər bütün küçəni ələk-vələk eləsələr də, Tarzandan əsər-əlamət tapmadılar. Onlar nə edəcəklərini bilmirdilər. Təlim görmüş dörd silahlı polis nəfəri gedib rəislərinə necə deyəydi ki, bir əliyalın adamı da tutub məntəqəyə gətirməyi bacarmayıblar?
Hadisə yerindən bir neçə tin uzaqlaşdıqdan sonra Tarzan dama dırmaşdığı kimi də aşağı düşdü. Gecə kafelərindən birinə girib əl-üzünü yudu, üst-başını təmizlədi və heç nə olmamış kimi yoluna davam etdi.
Lap evinin yaxınlığında, fənərlərlə gur işıqlandırılmış küçədə Tarzanın qarşısında bir limuzin dayandı. Kimsə maşının şüşəsini aşağı salıb onu səslədi. Tarzan arxa oturacaqda gülümsəyən qrafinya de Kudu gördü və nəzakətlə baş əydi. Olqa ona əl etdi. Limuzin yerindən tərpəndi.
“Bir gündə həm Rokoffla, həm də qrafinya de Kudla qarşılaşmaq?.. Təsadüfə bax! Paris, doğrudan da, kiçik şəhərmiş”.
IV fəsil
Qrafinyanın izahatı
–Sizin Paris mənim cəngəlliyimdən təhlükəlidir, Pol, – deyə Tarzan gecə başına gələn əhvalat haqqında hekayətini bitirdi. Bunun üçün səhər tezdən durub dostunun yanına gəlmişdi. – Onlar mənə niyə tələ qurmuşdular? Nədir, yemək istəyirdilər?
D`Arno güldü:
– Cəngəllik qaydalarını unudub sivil insanlar kimi düşünmək, deyəsən, çətindir, dostum, eləmi?
– Sivil düşüncə tərzi bunamı deyirsən? Cəngəllikdə məqsədsiz qəddarlıq olmur. Heyvanlar ya yemək, ya da özlərini, ailə üzvlərini müdafiə etmək məqsədilə bir-birini öldürürlər. Hər şey təbiətin qanunlarına uyğun, mərd-mərdanə baş verir. Sizin mədəni insanlar isə heyvanlardan qəddardırlar. Onlar bir-birini hiylə ilə və ondan da pis, başqalarının xeyirxah niyyətlərindən vicdansızcasına istifadə etməklə tələyə salırlar. Axı mən o qadına kömək etmək üçün həyatımı riskə atmışdım. Başa düşmürəm, qadın nə dərəcədə mənəviyyatsız olmalıdır ki, öz xilaskarına qarşı belə nankorluq etsin? Buna isə şübhəm yoxdur. Rokoffu orada öz gözlərimlə gördüm. Rokoff məni güdürmüş, hansı yolla gedəcəyimi əvvəlcədən bilirmiş, əminəm ki, tələni də o qurub.
– Sizə neçə dəfə demişəm ki, axşamlar yolunuzu Ru Moldan salmayın. Gördünüz?
– Əksinə, bundan sonra həmişə belə edəcəyəm. Afrikadan çıxandan ilk dəfədir ki, ürəyimcə əylənirəm.