banner banner banner
Uzaq planetin sirri
Uzaq planetin sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Uzaq planetin sirri

скачать книгу бесплатно

Uzaq planetin sirri
Reyhan Yusifqızı

Müasir Azərbaycan ədəbiyyatı
Leminin yaşadığı planet təhlükədədir: insanların yaratdığı süni zəka özlərinə qarşı çevrilib! Üsyana qalxan kiborqların başçısı SUPER İNTELLEKT daha insanlara tabe olmur! Planeti xilas necə etmək olar? Bu kitabı oxusanız, biləcəksiniz.

Reyhan Yusifqızı

UZAQ PLANETİN SİRRİ

“Yalnız ayağınızın altına baxmayın, başınızı qaldırıb bir ulduzlara da baxın”.

    Stiven Uilyam Hokinq (1942–2018),
    fizik-nəzəriyyəçi

Haradasa uzaqlarda, qalaktikanın ənginliklərində Yer kürəsini xatırladan bir X planeti var. O planet zəngin floraya, rəngarəng faunaya malikdir. Onun dənizləri, gölləri, dağları, düzənləri var. Kainatın səyahətinə çıxmağa qadir olan, yüksək texnologiyalar yaratmış insanları var. Bu, yaşılgözlü qızın – Leminin yaşadığı planetdir. Onun varlığını bilmək belə bizə qüvvət verir. O planetə səyahət edə biləcəyimiz vaxtlar uzaqda deyil. Az qalıb…

Zamanda səyahət

Üfüqə doğru uzanan şüşə kimi hamar yolun kənarında bir oğlan üzüqoylu qalmışdı. Əynindəki paltarlar çirkli və cırıq idi, köynəyinin bir qolu qopmuşdu. Toz-torpağa bulaşmış idman çantası bir az aralıda yerdə idi. Oğlan yaralı deyildi, amma nədənsə süstləşmişdi. Gözləri yumulu olsa da, yatmırdı, yanağını ilıq yerə söykəyib qulağındakı küyün azalmasını gözləyirdi.

– Kənan!..

Adını eşidəndə o diksinib gözlərini açdı. Bütün gücünü toplayıb ayağa qalxaraq ətrafa göz gəzdirdi.

Bura cənnət kimi bir yer idi. Həndəsi fiqurlar şəklində olan ləklər yolboyu düzülmüşdü. Ləklərdə al çiçəklər titrəşirdi.

Nizamla əkilmiş çiçəklərin rayihəsi onu bihuş elədi.

Yolun kənarındakı geniş meydanda başı göyləri dələn şüşə bina ucalırdı. Günəşin şəfəqləri əzəmətli binanın qara şüşələrində bərq vurub oynayırdı. Kənanın gözləri qamaşdı, nəzərlərini binadan çəkib hamar daş döşənmiş meydanda gəzdirdi. Meydan boş idi. Heç nə və heç kəs gözə dəymirdi.

Qərib bir hiss Kənanın ürəyini sıxdı. O, başını yolun o biri tərəfinə çevirdi – bayaqkı səsin oradan gəldiyini təxmin edirdi.

– Rüstəm! – Çantasını əlinə alıb yolu keçərək çiçək kollarının və ağacların arasında vurnuxandan sonra o, yaralı aslan kimi nərə çəkdi: – Rüstəm!!!

– Qışqırma, – lap yaxından zəif səs eşidildi, – burdayam.

* * *

… Onlar narıncı çiçəklərin arasında yanbayan oturmuşdular. Ətrafdakı gözəlliyə tamaşa edirdilər.

– Səncə, biz hardayıq? Bura hansı ölkədi? Zaman maşını bizi hara gətirib, anlamıram.

Rüstəm dinmirdi.

Kənan qarşıdakı möhtəşəm binaya, sonra dübbədüz uzanıb gedən yola baxdı. Uzaqda – yolun hər iki tərəfində bir-birindən xeyli aralı yerləşən binalar ucalırdı. Hər yerdə genişlik, açıqlıq və səssizlik hökm sürürdü.

– Niyə burada heç kim yoxdu, bu şüşə kimi şosedə avtomobillər şütümür? Buradan evimizə necə gedəcəyik?

Rüstəm səmaya baxırdı.

– Danışacaqsan, ya yox? – Kənanın hövsələsi daraldı.

– Sən heç səmanı belə görmüsən?

– Əcəb danışdın! Bu saat məni göylər yox, yerlər maraqlandırır!

– Nahaq yerə. Məsləhət görürəm ki, başını qaldırıb göyə baxasan.

Kənan başını könülsüz qaldıranda bənövşəyi zolaqlarla bölünmüş yamyaşıl bir səma gördü. İlk dəfə bu fərqli, yad məkanda büzüşərək özünü köməksiz, tənha hiss etdi.

– Yəni bu nə deməkdir? – boğuq səslə soruşdu.

– Sən bir çiçəklərə bax.

– Gözəldir....

– Doğrudur. Amma biz heç vaxt belə qəribə çiçəklər görməmişik – nə həyatda, nə də şəkildə. Sən onların rənginə, rayihəsinə fikir ver.

– …

– Bizim təsəvvür belə edə bilmədiyimiz bu ağaclar, çiçəklər, qoxular, bu ideal şose, möhtəşəm göydələn.... Bütün bunların yalnız bir izahı var.

Kənan sanki danışıq qabiliyyətini itirmişdi, dostunun nə deyəcəyi artıq aydın idi.

− BİZ BAŞQA PLANETDƏYİK!

Fəlakət

Onlar Kənanın qolundakı smartfon-saata baxırdılar.

– Biz mütləq Lemi ilə danışmalıyıq, – Rüstəm dedi. – Zaman maşınını o idarə edirdi. Niyə bizi buraya gətirib?

– Bəlkə, əsrləri səhv salıb?

– Yox, məncə, o, zamanı deyil, məkanı səhv salıb… – Rüstəm köksünü ötürdü. – Zamanı mən səhv salmışdım, bizi gələcəyə deyil, keçmişə aparmışdım.

– Özü də Daş dövrünə! – Kənan hiddətlə dedi. – Bəxtimiz gətirdi ki, vəhşi heyvanlara yem olmadıq, Lemi köməyimizə çatdı. Amma bizi evimizə deyil, bu planetə gətirib. Görəsən, niyə?

– Burada bizimlə maraqlanmamağı da qəribədir. Görəsən, o özü hardadı?

– Bəlkə, bu heç Lemigilin planeti deyil, tamam başqa yerdi?

Sükut çökdü. Düşündülər.

Qəflətən smartfon-saat işıqlandı və tanış səs uşaqların ürəyinə su səpdi:

– Kənan, Rüstəm! Yaxşısız?!

– Yaxşıyıq! – bir ağızdan qışqırdılar.

– Mən sizi görürəm. Kolların arasından çıxmayın, ora gəlirəm!

Lemi sanki yerin altından peyda oldu. Uşaqların sevinci yerə-göyə sığmırdı – qucaqlaşıb görüşdülər. Lemi çox dəyişməmişdi, bir il əvvəl uşaqlar onu Yerdən öz planetinə yola salanda olduğu kimi idi, yalnız üzü qayğılı, yaşıl gözləri kədərli idi.

– Lemi, bu sənin yaşadığın planetdir? – Rüstəm tələsik xəbər aldı.

Qız başını tərpətdi:

– Məni bağışlayın, uşaqlar… Sizi buraya gətirməməli idim. Xüsusilə də indi…

– Niyə? İndi nə olub ki?

– Bizim planetə bədbəxtlik üz verib…

– Nə bədbəxtlik?! – xorla soruşdular.

– Kiborqlar… Kiborqlar planetimizi tutublar…

Sükut çökdü. Lemiyə veriləcək suallar çox idi, amma buna ehtiyac olmadı. O özü hər şeyi izah eləməyə başladı:

– Kiborq robotdur. Üzvi maddələri, mexaniki və elektron komponentləri özündə birləşdirən bioloji varlıqdır, maşın-insan hibrididir. Bu yarımmexaniki robotlar süni yaradılmış insanlardır. Onlar zahirən bizə bənzəyir, hətta demək olar ki, fərqlənmir. Onların da bizim kimi intellekti var: danışır, yadda saxlayır, öyrənir, ən əsası da düşünüb qərar verə bilirlər.

– Yəni kiborqlar yalnız zahirən insana bənzəyir, daxilən insan deyil? – Kənan dəqiqləşdirdi. O, gərgin idi, eşitdiklərini dərk eləməyə və yadda saxlamağa çalışırdı.

– Bəli. Onlar yemək yemir, yorulmurlar. Yatmağa, dincəlməyə ehtiyacları yoxdur. Uzun müddət, məsələn, bir neçə gün tərpənmədən oturub bir nöqtəyə baxa bilərlər. Yaşamaq üçün lazım olan enerjini isə Günəşdən alırlar. Dərilərindəki yarımkeçiricilər və fotoelementlər sayəsində günəş enerjisi elektrik enerjisinə çevrilir. Kiborqlar qorxunun nə olduğunu bilmirlər. Onlarda qəddarlıq yoxdu, amma mərhəmət də mövcud deyil. Kiborqlar kometa kimi soyuq və yaddırlar.

– İntellektual sistemlər Yer planetində də var, – Rüstəm üzünü Lemiyə tutdu. – Amma siz bizdən qabaqdasınız, artıq süni insan düzəldirsiniz…

Lemi davam elədi:

– Bəzi alimlər xəbərdarlıq etmişdilər ki, robotlar sivilizasiya üçün təhlükəli ola bilər. Budur, fəlakət baş verdi. Kiborqların özünüqoruma instinkti üstün gəldi və onlar biz insanları bu planetdən sıxışdırıb çıxarmaq qərarına gəldilər.

– Necə?! – Kənan inana bilmirdi. – İnsanlar öz yaratdıqları robotların öhdəsindən gələ bilmirlər?

– Elədir ki var. Mən sizi qaytarmaq üçün Daş dövrünə enmişdim. Hər şey bu zaman baş verib. Kaan mənə xəbər göndərdi ki, kiborqlar hücuma keçib. Vaxt itirmədən qayıtdım, amma artıq gec olduğunu görürəm. Onlar planeti tutublar.

– Bəs insanlar? Onlar haradadı?

– Bilmirəm....

Lemi susdu. Qəhər onu boğdu.

– Görünür, kiborqlar insanları əlaqə vasitələrindən məhrum ediblər, heç kimlə əlaqə saxlamaq olmur… – o özünü toplayıb davam etdi. – Əslində, bizim “ağıllı ev”imiz burada yaxındadır…

– “Ağıllı”?

– Bəli, ev, doğrudan da, ağıllıdır, intellektual sistemlərlə quraşdırılıb. Qərarlar verir, özünü və sakinlərini qoruyur. Çox güman ki, “ağıllı ev”lərdən başqa, planetdə hər şey həmin kiborqların nəzarəti altındadır. Hər bir evin kodu yalnız onun sahibinə məlumdur. Kiborqlar kodları bilmirlər.

– Yəni sizin “ağıllı ev”ə də girə bilməzlər?

– Qətiyyən! Amma orada heç kim yoxdur. Kimsə olsa, ev mənə bu barədə məlumat verərdi.

Bu xəbər uşaqları o qədər də sakitləşdirmədi.

– Yaxşı, indi neyləyək? – Rüstəm qayğılı görünürdü.

– İlk növbədə, mən sizi Yer planetinə göndərməliyəm, – Lemi qəti şəkildə bildirdi.

Kənan tərəddüd etdi:

– Biz səni bu vəziyyətdə tək qoyub gedə bilmərik axı.

– Siz mənə heç cür kömək edə bilməzsiniz. Əksinə, işim artacaq: həm özümü, həm də sizi qorumalı olacam.

– Əvvəl sizinkiləri axtarıb tapaq, – Rüstəm də Lemini tək qoymaq istəmirdi.

– Uşaqlar, kiborqlar Daş dövründə gördüyünüz vəhşi heyvanlardan daha təhlükəli ola bilər, – Lemi israr etdi. – Buradan getməlisiniz! Nə qədər tez, bir o qədər yaxşı.

Uşaqlar baxışdılar.

– Yağışdan çıxıb yağmura düşmüşük ki… – Rüstəm mızıldandı.

– Vaxt itirməyək. Kiborqların sensorları güclüdür – uzaqdan bizi görüb eşidə bilərlər. Onlar bizi aşkar edənədək sizi buradan göndərim, – Lemi ağır çantasını belindən açıb yerə qoydu. Zamanı idarə edən cihaz çantanın içində idi.

– Təzədən Daş dövrünə qayıdacağıq? – Rüstəm intizarla soruşdu.

– Yox, Yer planetinə, evinizə gedəcəksiniz. Sonuncu dəfə fizika laboratoriyasında zaman maşınına baxdığınız an yadınızdadı? O ana qayıdacağıq. Oradan həyatınıza davam edəcəksiniz.

– Bəs bütün olub-keçənlər? Başımıza gələnlər?

– Onlar sizə yuxu kimi gələcək. Yer insanları, sizi axtaranlar… Hamı elə biləcək ki, hər şeyi yuxuda görüb.

Rüstəm təəccübləndi. Leminin sözlərinə inana bilmədi. Daha doğrusu, inanmaq istəmədi:

– Biz baş verənlərin yuxu olmadığını bilirik.

– Amma bu barədə danışsanız, Yer planetinin insanları inanmayacaqlar. İndiyədək yadplanetlilərlə görüşmüş hər kəs kimi sizi də ciddi qəbul etməyəcəklər.

Rüstəm fikrə getdi: ”Görəsən, insanlar niyə inanmırlar? Yadplanetlilərin mövcudluğuna, başqa planetlərdə həyatın olduğuna niyə şübhə edirlər? Radio və televiziyada, qəzet və jurnallarda, sosial şəbəkələrdə – hər yerdə bu məsələ müzakirə olunsa da, kainatı səyahət etmiş insanlara şübhə ilə baxırlar”.

Lemi zaman maşınını lazım olan vəziyyətə gətirməyə başladı.

Rüstəm başını qaldırıb günəşə baxdı, gözləri qamaşdı:

– Lemi!

– Bəli.

– Yer planeti Süd yolu qalaktikasındadır. Bəs bu sizin planet? O hansı qalaktikadadır?