скачать книгу бесплатно
Otaq işıqlı və isti idi. Elektron saat işləyir, işıqları yanıb-sönürdü. Rüstəm tez küncə baxdı: oyuncaq oğlan yerində yox idi.
Rüstəmi tər basdı.
Üstündən kənara atdığı örtüyə, yastığa fikir verəndə isə lap birtəhər oldu.
O, yalın ayaqlarının ucunda oğrun-oğrun gəzib oğlanı axtarmağa başladı. Vanna otağı boş idi. Rüstəm yan tərəfdə yuxarı – ikinci mərtəbəyə aparan pilləkən aşkar etdi. Ehtiyatla üst qata qalxmağa başladı.
Binanın ikinci qatı dairəvi dəhliz və qapıları bu dəhlizə açılan otaqlardan ibarət idi. Qapılardan birinin açıq olduğunu görən Rüstəm iki əli ilə qapının çərçivəsindən tutub ehtiyatla içəri baxdı. Ürəyi bərk-bərk döyünürdü.
O, gözlərinə inanmadı!
Kənan! Geniş çarpayıda üzüqoylu yatmışdı!
Gözlərini bərk-bərk yumub bir də açdı. Yoxsa onu qara basırdı?
Bəlkə, bu da bir oyun, ya da oyuncaqdı?
Səssizcə yaxınlaşdı. Kənan kəsik-kəsik nəfəs alırdı. O, xeyli arıqlamışdı, qabırğalarını saymaq olardı. Əlini uzadıb dostuna toxundu.
– Nə baxırsan? Mənəm! Düz görürsən.
Onun zarafatları üçün çox darıxmışdı. Bərk-bərk qucaqlaşdılar. Bir-birinin çiyninə vurub gülür, sevinirdilər. Həyat onların gözündə yenə də gözəl idi. Gözəl və möcüzələrlə dolu.
Lemi
Qaranlıq olsa da, onlar evə çox rahat gəlib çatmışdılar. Kiborqlar üçün görünməz olmaları böyük üstünlük idi. Kart-açarı dəhlizdə görəndə isə bir daha sevinmişdilər – demək, Rüstəm sağ-salamat evdə idi.
Lemi yorğunluqdan ayaq üstə dayana bilməyən Kənanı ikinci mərtəbədə Kaanın otağına ötürüb atasının iş otağına girdi və səhərə qədər oradan çıxmadı.
Qəribə idi ki, atası kompüterin parolunu götürmüşdü. Nə üçün?
Bəlkə, nədənsə şübhələnmiş, kompüteri Lemi üçün açıq qoyub getmişdi? Son anda, doğma planetindən köçürülən anda, görəsən, o harada imiş: evdə, yoxsa işdə? Bəs anası və Kaan? Necə olub ki, hamını birdən Y planetinə köçürə biliblər? Necə olub ki, insanlar buna imkan verib, heç bir tədbir görməyiblər? Axı bu hadisə bir anın içində baş verə bilməzdi!
Leminin bilmək istədiklərindən biri də bu idi ki, bu planetdə onlardan başqa da insan varmı? Bəlkə, ”ağıllı ev”lərin içində qalanlar var? Varsa, neçə nəfərdir və niyə səsləri çıxmır?
Qızcığaz üzərinə düşən böyük məsuliyyəti yaxşı anlayırdı. O, əvvəl bütün kosmik fəzaya həyəcan siqnalı göndərdi və kömək istədi. Sonra səhərə qədər atasının son məktublarını oxuyaraq özü üçün bəzi şeyləri aydınlaşdırdı.
Son yazışmaların əsas mövzusu robotlar idi. Atası robototexnikanın qanunlarının mükəmməl olmadığını iddia edir, bunu həmkarlarına sübut eləməyə çalışırdı. O, robotların yaxın vaxtlarda üsyan edəcəyindən ehtiyatlanır, onların nəzarətdən çıxacağından qorxurdu. Bunun qarşısını almaq üçün atası bütün planetdə süni intellekt sistemini söndürməyi təklif edirdi.
Sonuncu mesaj yarımçıq qalmışdı. Atası məlumat verirdi ki, robotlar öz aralarında indiyə qədər mövcud olmayan yeni bir dildə danışmağa başlayıb: “Robotların bizim anlamadığımız bir dildə ünsiyyət qurmaları onları tamamən müstəqil edir və mütəxəssislərin nəzarətindən çıxmalarına səbəb olur. Bu da planetimizdə həyatın başqa bir formata keçməsinin ilk siqnallarıdır. Məncə…”
Lemi başını tutdu: “Ata, səncə, nə? Kaş ki sənin fikirlərini biləydim. Nə qədər haqlısanmış! Kaş səni eşidəydilər, məsələnin ciddiliyini başa düşəydilər! İndi biz nə edək?” Qız dolmuş gözlərini pəncərədən o yana – səmaya dikdi: “Haradasan, ata?”
Atasının ailə üzvlərinə mesajları Lemini lap kövrəltdi: “Evə qayıdın! Təcili evə qayıdın! Bura gəlin! Lemi, ümid edirəm ki, sən hələ planetə dönməmisən!”
Leminin ürəyi bərk-bərk döyündü. Atası son anda onları düşünmüşdü! Hücum vaxtı o, evdə imiş! Bəs sonra nə olub?!
Ümidsizliyə qapılmaq olmazdı! Bu, məğlubiyyət demək idi. Lemi məğlub ola bilməzdi. O öz planetini və buraya aid olan insanları xilas etməli, ailəsinə qovuşmalı idi. O verdiyi sözü tutub Rüstəm və Kənanı öz planetinə qaytarmalı idi. Hökmən düşünüb bir yol tapacaqdı, çünki o tək deyildi. Dostları ilə birlikdə idi.
Lemi hələlik göndərdiyi sorğulara cavab gözləməyi qərara aldı. Cavab olacaqdı – o bunu hiss edirdi.
Yeni gün
Hava işıqlaşır, yeni gün başlayırdı.
Bu çox vacib və həlledici bir gün olmalıydı. İnsanlar və kiborqlar qarşı-qarşıya idilər.
Taleyin istehzasına bax! İnsanlar və onların özlərinin yaratdığı robotlar!
Bu gün planetin taleyi həll olunacaqdı.
Lemi kompüterin arxasından qalxanda artıq səhər idi. Qonşu otaqdan səs gəldi. Kənanla Rüstəm gülürdülər. Bir-birini tapdıqları üçün sevinirdilər.
Lemi qapının çərçivəsinə söykənib onlara baxırdı. Bu kiçik qələbə onu ruhlandırmışdı. O, qoltuğuna vurduğu kağız torbadan iki şüşə südəbənzər meyvəli içəcək çıxarıb uşaqlara verdi. Ləzzətlə içdilər.
− Onların əlindən necə qaçdınız? Burada nə olub? Adamlar haradadır? Sənin ata-anan, qardaşın?.. − Rüstəm sualları yağdırdı.
− Kiborqlar insanları başqa planetə köçürüblər. Hamını. Bunu necə ediblər – hələ bilmirəm…
− Demək, ona görə küçələr belə boş, adamsızdır…
– Zaman maşınımız da onların əlindədir… – Kənan Rüstəmin nəzərinə çatdırdı.
Qəflətən Lemi öz-özünə danışırmış kimi uşaqların başa düşmədiyi anlaşılmaz sual verdi:
− Otaqların vəziyyəti necədir?
Haradansa, sanki divarlardan cavab eşidildi:
− Normal. Toz yığışdırılıb. Hava təmizdir. Temperatur 27 dərəcə, rütubət 65%.
− Çox yaxşı. Hər iki otağın hamamını hazırlayıb idarəni mənə ver.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: