banner banner banner
Uzaq planetin sirri
Uzaq planetin sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Uzaq planetin sirri

скачать книгу бесплатно


Lemi onun nə düşündüyündən xəbərdar idi. Bu planetin yaşılgözlü insanları telepatiya və telekinez kimi bacarıqlara çoxdan nail olmuşdular. Fikirlərini cəmləşdirib yönəldərək başqa insanın nə düşündüyünü, beynini oxuya bilir, fikrin gücü ilə fiziki obyektlərə təsir eləməyi, hətta əşyaları yerindən tərpətməyi bacarırdılar.

– Kənan, düşündüyünü həyata keçirməyi ağlından çıxart. Bu, mümkün deyil.

Kənan təəccüblənmədi. Leminin bu xüsusiyyətini hələ bir il əvvəl, Yer planetində olarkən öyrənib bilmişdi.

– Lemi! Onu itələyib yıxaq və sən qaç! Sən ki tez qaçırsan – o sənə çatmaz! “Ağıllı ev”ə gedərsən. Mən də Rüstəmi götürüb ora gələrəm.

– Mənim ən yüksək sürətim dəqiqədə 1 km-dir. Onun sürəti isə 1,5 km. Yəni o məndən bərk qaçır.

– Onda onu əzib sındıraq! – Kənan coşmuşdu. – Məhv edək ki, sənin ardınca gələ bilməsin!

– O zaman hər yerə “SOS” – həyəcan siqnalı gedəcək və mənim koordinatlarım bütün kiborqlara ötürüləcək. Onlar yerdən də, göydən də axışacaqlar. Evə çatmamış başımın üstünü alacaqlar.

– Aydın oldu!

– Nə aydın oldu?

– Səni qoyub heç yerə getmirəm. Mənsiz qaça bilməzsən. Görünməz adam sənə kömək edəcək! – Kənan sinəsinə döydü.

Onlar bayaq dostların fərəhlə baxdıqları möhtəşəm binaya lap yaxınlaşmışdılar. Kənan həyəcanla göylərə baş çəkən şüşə binaya baxdı. Bir azdan onun içini də görəcəkdi.

– Səni niyə məhz bura gətirdilər?

– Yəqin ki, ən yaxında olduğuna görə.

Binanın hündür qapıları önündə dayandılar. Lemi dedi:

– Diqqətli ol! Onun hansı kartla qapını açdığını yadında saxla.

Kənan kiborqun hərəkətlərini izlədi: qadın əlini qapının üstünə nizamla bərkidilmiş xanalara uzatdı. Soldan dördüncü, yuxarıdan ikinci xanada yerləşən kartı götürüb iri dəmir qapının orta hissəsindəki ekrana yaxınlaşdırdı. Çıqqıltı eşidildi və iri qapı ehmalca yana sürüşüb açıldı.

İçəri daxil oldular. Kənan heyrətlə ətrafa baxdı. Şüşə divarlar məkana məhdudiyyət qoymurdu. Göz işlədikcə uzanıb gedən yol, yolun kənarlarında ucalan binalar, ağaclar, güllər, üfüq – hamısı içəridən aydın görünürdü. Sanki onlar qapalı məkanda yox, açıqlıqda idilər.

Hündür tavanı saxlayan ağ sütunların arasından keçib liftə yaxınlaşdılar. Kiborq düyməni basıb lifti çağırdı. Qapılar açılanda o, Lemiyə liftə birinci girməyi işarə etdi. Lemi də, öz növbəsində, Kənanı qabağa buraxdı. Beləliklə, hər üçü liftə girəndən sonra qapılar bağlandı. Qadın birinci sırada yeddinci düyməni basdı. Düymənin üstündəki işarəni Kənan başa düşmədiyi üçün düymənin sıra nömrəsini yadda saxladı.

Liftdən çıxan kimi sağa burulub uzun dəhlizlə getdilər. Yeddinci qapıya yaxınlaşdılar. Kiborq qapını açmaq üçün yan tərəfdə asılmış yeganə kartı götürəndə Lemi dedi:

– Kənan, sən içəri girmə, burada qal.

Lemi otağa tək daxil oldu.

Kiborq qadın qapını bağlayıb kartı yerinə asaraq getdi.

Kənan qapının önündə tək qaldı.

Rüstəm

Ölü sükut insanın qulağını batırırdı. Bu qərib məkanda nə külək vardı, nə də otların xışıltısı.

Rüstəm gül kollarının altında bərk-bərk gizlənmişdi. Ətrafda heç kəsin olmadığını bilsə də, hələ tərpənmirdi. Aerobusun göyə qalxıb uzaqlaşdığını boğuq uğultudan anlamışdı. Dostlarının da həmin maşında getdiyini zənn edirdi.

Tək qaldığı üçün qorxurdu. Vahimə onu basmışdı.

Kiborqlar haqqında az bildiyindən qorxusu daha da artırdı. Onun üçün naməlum olan bu obyektlərin, yəqin ki, zəif yerləri vardı, amma Rüstəm onları bilmirdi. Əgər kiborqların əlinə düşsə, özünü necə aparmalıydı? Təəssüf ki, bu sualları Lemiyə verməyə fürsət olmamışdı.

Rüstəm dostlarından da narahat idi: görəsən, başlarına nə gəlib?

Nəhayət, o, qorxusuna üstün gəldi. Gözünü açıb ətrafa baxdı. Sonra arxası üstə dönüb gözlərini yad səmaya dikdi. “Qəribədir, səma bomboşdur. Quşlar da yoxdur, səsi, cikkiltisi eşidilmir”, – düşündü.

Sanki insanlarla birlikdə başqa canlılar da planetdən sürgün edilmişdi.

Planetə yaraşıq verən canlılar yox idi.

Rüstəm ovcunda sıxdığı ağ rəngli karta baxdı. “Ağıllı ev” barədə Leminin dediklərini ürəyində sözbəsöz təkrarladı. Bundan sonra nə edəcəyini qərarlaşdırdı: axşam düşməmiş özünü evə çatdırmalı idi. Ətrafda heç kimin olmadığına əmin olandan sonra o, ayağa qalxıb evə tərəf yollandı.

***

Rüstəm şüşə kimi hamar səki ilə sürətlə gedirdi. Kolların arası ilə getmək daha düzgün olardı, amma o tələsirdi.

Yoldan bir qədər aralıda ikimərtəbəli ev göründü. Rüstəm ehtiyatlanıb səkidən kənara, kolların arasına keçdi. Bir müddət gizlənib hərəkətsiz qaldı. Hənirti gəlmirdi. Bir azdan yenə yola düzəldi. Yolun bu hissəsini əyilərək getdi.

Az sonra başqa bir ev göründü. Bu dəfə Rüstəm qorxmadı, evin yanından sürətlə ötüb-keçdi.

Nəfəsi təngiyirdi. Dincəlmək üçün ayaq saxladı. “Onlar robotdur, maşındır, biz isə insanıq. Onlar nə qədər ağıllı olsalar da, biz onlardan ağıllıyıq. Biz hər cür şəraitdə – standart olmayan vəziyyətlərdə qərar qəbul edə bilirik. Biz onları aldada bilərik”, – deyə Rüstəm özünə ürək-dirək verirdi.

Solda döngə görünəndə Rüstəm sevindi: “Birinci döngədən sola burulsan, düz evin üstünə çıxırsan. Lotos çiçəyini xatırladan ağ evdir, – Leminin dediklərini artıq neçənci dəfə ürəyində təkrar etdi. – Niyə məhz lotos? Lotos çiçəyi çirkabın içərisindən baş qaldırsa da, öz təmizliyini, bəyazlığını saxlayır”, – öz-özünə qeyd elədi.

Ətraf mühitlə, təbii landşaftla həmahəng olan ev fantastik dərəcədə gözəl idi. Ən üst qatda, lotosun ləçəkləri şəklində qurulmuş damın ortasında sarı daşlarla haşiyələnən dairəvi hovuz vardı. “Damdan necə də yaxşı istifadə ediblər”, – Rüstəm düşündü.

O, vaxt itirmədən qapıya yaxınlaşdı, ürəyi bərk-bərk döyünürdü. Ovcunda sıxdığı ağ kartı ekrana yaxınlaşdırdı…

Həbsdən qaçış

Kiborq qadını aparan liftin səsi kəsilən kimi Kənan ətrafı yoxlayıb dəhlizin o biri başında aşağı mərtəbələrə aparan pilləkən aşkar etdi. Bu, ehtiyat çıxış olmalı idi. Yan tərəfdəki qapının yanından keçib pəncərədən baxdı – kifayət qədər hündür idi. Qulaq verib tam sakitlik olduğuna əmin olandan sonra o cumub qapını döyəclədi:

– Lemi! Lemi!

İçəridən səs gəldi:

– Sakit, Kənan, qapıya vurma. Səs onların diqqətini cəlb edər.

– Kart burdadır! Mən qapını açım…

– Yox! Tələsmə. Hər şeyi yaxşı-yaxşı düşünüb sonra hərəkətə keçmək lazımdır.

– Yaxşı, qaçış planını quraq!

– Kameradan məni izləyirlər. Qapı açılan kimi biləcəklər. Onlar gələnə qədər mən binadan çıxmalıyam, bu isə çox çətin işdir. Hər an başımın üstünü kəsdirə bilərlər.

– …

– Liftə minmək axmaqlıq olar. Sən pilləkənlə düşərsən, mənsə pəncərədən çıxaram.

Kənan etiraz etdi:

– Çox hündürdür. Pəncərədən tullana bilməzsən.

– Mənim üçün çətin deyil. Əsas problem başqadır. Pəncərədən qaçdığımı biləndə həyəcan siqnalı veriləcək və ardımca hər tərəfdən kiborqlar axışacaq. Onlar məndən bərk qaçır. Bir tədbir görməsək, ələ keçəcəm.

– Bəs necə edək?

– Sən onları iki dəqiqə ləngidə bilsən…

– Eləyərəm! – Kənan qışqırdı. – Mən onları ləngidərəm!

– Bu o qədər də asan olmayacaq, – Lemi dedi.

Kənan bütün ağlını, bacarığını səfərbər edib yol axtarırdı. Baxdığı filmlərdən birini yadına salıb qışqırdı:

– Tapdım! Qəsdən yanğın törədim! Yanğın siqnalı veriləndə başları qarışacaq, sən də qaçıb aradan çıxarsan.

– Yox, alınmayacaq, – Lemi izah etdi. – Yanğınsöndürən kiborqlar ayrı, gözətçilər ayrıdır. Hərəsi öz işini görür.

Kənan ora-bura gəzinir, düşünürdü. Necə, necə eləsin? Bu həlledici məqamda Lemiyə necə kömək etsin? Həm də təkcə ona yox… özünə, Rüstəmə, bu planetin insanlarına – hamıya!

Birdən onun ağlına dahiyanə bir fikir gəldi:

– Lemi, deyirsən, onlar məni və mənim əşyalarımı görmürlər?

– Hə, elədir.

– Sən mənim paltarlarımı geyinsən necə? Səni görməyəcəklər?

– Dayan, bir dəqiqə, – Lemi götür-qoy etdi. – Doğru deyirsən! Sənin paltarlarında olsam, məni görməzlər!

Hər ikisi sevincdən atılıb-düşdü, deyəsən, çıxış yolu tapılmışdı. Ümid insanlara güc, qüvvət verir. İndi artıq detalları danışmaq olardı.

Kənan çantasını açıb rəngi qaralmış kimononu çıxardı. Eninə-uzununa göz yetirib Lemiyə məlumat verdi:

– Qolları uzundur, əllərini örtəcək. Şalvar da topuqlarını tutar.

– Əla! Bədənim örtülür. Qalır başım və pəncələrim.

– Çantanı başına keçirərsən və mənim ayaqqabılarımı geyərsən! O zaman səni heç bir kiborq görməz! – Kənan başının belə sürətlə işlədiyinə özü də təəccüb etdi.

O, çantanı boşaldıb içini çırpdı:

– Hazır! Əməliyyata başlayırıq! Bir, iki, üç!

Xoşbəxtlikdən hər şey onların istədiyi kimi oldu.

Kənan kartı götürüb qapını açdı.

Həyəcan siqnalı ilə ətrafdakı bütün işıqlar yanıb-sönməyə başladı.

Lemi bir göz qırpımında kimononu və Kənanın idman ayaqqabılarını geyindi.

O, çantanı başına keçirən an lift açıldı və kiborqlar göründülər. Onlar otağı, sonra bütün binanı və həyəti axtardılar. Tapdıqları yalnız Leminin ayaqqabıları oldu.

Evdə tək

Qapı yana sürüşüb açıldı. Qısa tərəddüddən sonra Rüstəm içəri girdi və bir baxışla olduğu yeri qiymətləndirdi.

Bu, futuristik dizayna malik geniş bir salon idi. Rüstəmin ilk fikir verdiyi o oldu ki, salonun küncü yox idi, döşəmə, divarlar və tavan tədricən bir-birinə keçirdi. Ağ-mavi rənglərin üstünlük təşkil etdiyi salonun arxa divarı şəffaf olduğundan arxa bağçaya gözəl bir mənzərə açılırdı.

Rüstəm nəyin necə olduğunu aydınlaşdırmağa macal tapmamış giriş qapısı sürüşüb bağlandı. Gözə görünməyən lampaların soyuq, ağ işığı bir an içində söndü, jalüzlər örtüldü və evdəki bütün hənirtilər kəsildi.

Rüstəm qaranlıqda tək qaldı və qorxdu. Nə baş verdiyini anlamadığından qışqırıb özünü ora-bura vurdu. Əvvəl əlini divarlara sürtərək işığı yandırmaq üçün düymə axtardı. Sonra bayırdan işıq düşsün deyə jalüzləri dartıb açmağa çalışdı. Gözü qaranlığa alışandan sonra da çırpındı, amma onun bütün səyləri əbəs idi.

Rüstəm əli ilə jalüzləri kənara çəkib bərkidəndən sonra içəri zəif işıq düşdü. O, salonu nəzərdən keçirdi.

Salon geniş və demək olar ki, boş idi. O biri başda mətbəx stoluna oxşayan stol görüb ora cumdu. Yaman ac idi: “İşə bir bax, axırıncı dəfə Daş dövründə yemişəm”. Amma yeməyə bir şey tapmadı. Divara vurulmuş rəflərdəki qəribə əşyaları nəzərdən keçirdi. “Əcəb rəngbərəng daşlardır. Yemək əvəzinə rəfləri nə qədər mənasız şeylərlə doldurublar!” – o deyindi. Sonra burada yaşayanların Lemi və onun yaxınları olduğunu nəzərə alıb susdu. Yan tərəfdə vanna otağı aşkar edib ora girdi. Qaranlıqda diş fırçaları və maye sabun tapdı. Sevindi. Əlini-üzünü sabunlamaq istədi, amma su yox idi.

Nəhayət, Rüstəm yoruldu. Salonun ortasındakı geniş, yumşaq söykənəcəyi olan ağır divanda oturdu. Divanın bədən quruluşuna uyğun və çox rahat olduğuna fikir verdi. Düşünməyə başladı: “Nə qəribə evdir? Sanki hər şey var, amma əslində heç nə yoxdur. İşıq yandırmaq üçün düymə yoxdur, hətta gecə lampaları da yanmır. İstilik boruları buz kimidir. Kranı açırsan, su gəlmir. Jalüz çəkilmir… Bu evin nəyi ağıllı oldu? – O əsəbiləşdi: – Ağıllı yox, dəli evdir bu!” Öz-özünə deyinib bir az sakitləşəndən sonra Rüstəm ev haqqında Leminin dediklərini yadına salmağa başladı: “Ev, doğrudan da, ağıllıdır, intellektual sistemlərlə quraşdırılıb. Qərarlar verir, özünü və sakinlərini qoruyur…” Rüstəm: “Deyəsən, mən bu evin dilini bilmirəm, intellektual sistemləri işə salmaq üçün nəsə olmalıdır”, – qənaətinə gəldi. Amma nə? Yox, Lemi bu barədə heç nə deməmişdi.

Birdən Rüstəmin gözü salonun küncünə sataşdı. Dəhşət onu bürüdü…

Küncdə elə Rüstəmin özü yaşda bir oğlan dayanmışdı. Aralı qoyduğu jalüzün işığında Rüstəm onu aydın görürdü. Səliqəli geyinmişdi. Qəhvəyi saçları, mavi gözləri vardı. Gözləri şüşə kimi parıldayırdı. Azacıq gülümsəyən oğlan tərpənmir, sakitcə dayanıb Rüstəmə baxırdı…

Dəqiqələr keçdi. Oğlan hərəkətsiz idi. Onun üzünün gülümsər ifadəsi Rüstəmi bir qədər sakitləşdirdi. “Sən kimsən?” – o, boğuq səslə soruşdu. Rüstəm sualını bir neçə dəfə təkrar edəndən sonra cəsarətlənib yaxına getdi. “Kaan, bu sənsən?” – birdən onun ağlına gəldi. Əlbəttə, Lemigilin evində onun qardaşı Kaandan başqa daha kim ola bilərdi ki? Amma oğlanın cavab vermək fikri yox idi. Elə sakitcə baxır və gülümsəyirdi.

Hava qaralır, jalüzlərin arasından düşən işıq getdikcə zəifləyirdi.

Rüstəm oğlanla üzbəüz dayanmışdı. Onun mavi gözlərinə baxırdı. Artıq qorxmur, onu diqqətlə nəzərdən keçirirdi. Birdən-birə yadına düşmüşdü ki, bu planetdə insanların gözü mavi deyil, yaşıl olur. Bu oğlanın insana həddən artıq çox bənzəyən bir oyuncaq olduğunu anlamışdı.

Rüstəm ah çəkib ayaqlarını sürüyə-sürüyə divana tərəf getdi. Uzanmağı ilə bərk yuxuya getməyi bir oldu.

Başının altına kiminsə yastıq qoymağından, üstünü örtməyindən Rüstəmin heç xəbəri də olmadı…

Yuxu, yoxsa gerçək?

Rüstəm yumşaq divanda daş kimi yatmışdı. Zaman maşınında fizika laboratoriyasını tərk edəndən bəri ilk dəfə idi ki, belə rahat yerdə yatırdı. Amma narahatlığı şüuraltı təsir edir, o, qarışıq yuxular görürdü. Budur, Daş dövründəki dostları Axo və Nako ilə tonqalın ətrafında oturmuşlar. Dizində, biləklərində bəzək əşyaları asılmış, uzun saçlarına rəngbərəng çöl çiçəkləri düzmüş Meyra rəqs edir. Onun qızılı dərisi günəş şəfəqlərini əks etdirən su kimi işıq saçır. Birdən şimşək çaxır, göy üzü alışıb-yanır. Haradansa qəbilə başçısı peyda olur. Onun əlində daş ucluqlu nizə var. Sonra Qunn gəlir, onlara hücum edir. Yenə dəhşətli uğultu, partlayış səsi, sonra ucsuz-bucaqsız burulğan… Ulduzlar, planetlər, günəşlər burulğanı… Bir-birini əvəz edən qaranlıq, işıq, gecə, gündüz…

Rüstəm hövlnak yuxudan ayıldı. Arxası üstə çevrilib gözlərini açdı.

Əvvəl harada olduğunu başa düşmədi. Sonra bütün başına gələnlər yadına düşəndə gözlərini yumub hər şeyin yuxu olmasını arzuladı. “Kənan, hardasan?” – pıçıldadı. O dikəlib üstündəki örtüyü kənara ataraq oturdu. Ətrafa göz gəzdirdi.

Otaq Rüstəmin gözünə başqa cür göründü. Hər yerdə ağcaqanada oxşar həşəratlar uçuşurdu: pəncərələrdə, yerdə, mebelin üstündə. Otağa daraşmış bu qəribə məxluqlar vızıltıya oxşayan səs də çıxarırdılar. Sonra birdən-birə onlar hamısı yox oldular, sanki sorulub getdilər.