скачать книгу бесплатно
Qəbrinizə tüpürməyə gələcəyəm
Boris Vian
Ekranlaşdırılmış əsər
Boris Vianın 1950-ci illərdə yazdığı və ona ölümsüzlük qazandıran “Qəbrinizə tüpürməyə gələcəyəm” romanı ağların irqçiliyinin bumeranq effekti ilə qaraların irqçiliyinə necə keçdiyini göstərir.
Boris Vian
QƏBRİNİZƏ TÜPÜRMƏYƏ GƏLƏCƏYƏM
I
Baktonda məni heç kim tanımırdı. Klem də bu şəhərciyi həmin səbəbdən seçmişdi. Yeri gəlmişkən, əgər çəkinsəydim, fikrimi dəyişmək istəsəydim, onsuz da şimala doğru yolumu davam etdirməyə benzinim yox idi. Vur-tut beş litr qalmışdı. Üstəlik, bircə dollar, bir də Klemin məktubu… Başqa heç nəyim yox idi. Çamadandan, ümumiyyətlə, danışmasam yaxşıdır. Xüsusən də onun içindəkindən. Hə, unutdum: yük yerinə Körpənin balaca tapançasını yerləşdirmişdim, 6,35 kalibrli ucuz tapança; şerif bizə cəsədi götürməyə və dəfn etməyə icazə verəndə tapança hələ də onun cibində idi. Düzünü desəm, hər şeydən çox Klemin məktubuna bel bağlayırdım. Mənim bəxtim gətirməlidir, mənim bəxtim mütləq gətirməlidir. Sükanı tutduğum əllərimi, barmaqlarımı, dırnaqlarımı gözdən keçirdim… Doğrusu, burada da hər şey qaydasındadır. İlişməyə bir səbəb yoxdur. Bəlkə, vəziyyətdən çıxmağı bacardım…
Qardaşım Tom onu – Klemi universitetdən tanıyırdı. Klem özünü onunla başqa tələbələrdən fərqli aparırdı. Tomla həvəslə söhbətləşir, bir yerdə içir və Klemin «Cadillac»ında gəzirdilər. Orada qardaşıma yalnız Klemə görə dözürdülər. Klem atasının vəfatından sonra fabrikin başına keçmək üçün çıxıb gedəndə isə Tom da oralardan əkilməli oldu. O, yanımıza qayıtdı. Artıq çox şey öyrənməyə imkan tapmışdı, odur ki yeni məktəbdə müəllim işinə düzəlməyə nail oldu. Sonra da Körpə ilə bağlı bu hadisə… Onun yerinə mən olsam susardım, ancaq Körpə başqa cür düşünürdü. O bu işdə pis heç nə görmürdü. Belədə qızın atası və qardaşı Körpə ilə haqq-hesab çəkmək qərarına gəldilər.
Məhz bu səbəbdən qardaşım Klemə məktub yazdı. Mən artıq orada qala bilməzdim, ona görə də qardaşım Klemdən mənim üçün nəsə bir iş tapmağını xahiş edirdi. Elə iş ki ara-sıra görüşə bilmək üçün çox uzaqda olmasın, ancaq çox yaxında da olmamalıydı ki, bizi orada heç kəs tanımasın. Tom düşünürdü ki, zahiri görkəmimi və xarakterimi nəzərə alsaq, biz, əslində, heç bir risk etmirik. Bəlkə də, o haqlı idi, ancaq mən bütün günü, sadəcə, Körpəni xatırlayırdım.
Baktonda kiçik kitab dükanının müdiri – mənim yeni işim bu idi. Mən əvvəlki müdirlə tanış olmalı və üç gün ərzində işi öyrənməliydim. Köhnə müdirin vəzifəsini bir pillə yüksəltmişdilər və çıxıb gedərkən, yəqin ki, məni aldatmağa cəhd etməliydi.
Günəş şəfəq saçırdı.
Dükanın olduğu küçə hazırda Pirl-Harbor-strit adını daşıyırdı. Bəlkə də, Klemin bundan xəbəri yox idi. Lövhədə hələ də köhnə adı oxumaq olurdu. Mağazanı 270 nömrəli ünvanda tapdım və köhnə maşınımı onun qapısı önündə saxladım. Kassanın arxasında əyləşmiş müdir cədvəldəki hansısa rəqəmləri yoxlayırdı. O, sərt baxışlı, mavi gözləri və solğun-sarı saçları olan ortayaşlı birisiydi. Mən salamlaşdım.
– Sabahınız xeyir. Nə isə almaq istəyirsiz?
– Sizə məktub gətirmişəm.
– A! Deməli, işləri sizə təhvil verməliyəm. İcazənizlə, məktuba baxım.
O, məktubu götürdü, oxudu, sonra büküb mənə qaytardı.
– İş çətin deyil, – o dedi. – Mallar budur (əli ilə işarə etdi). Hesabatları axşama hazırlayacam. O ki qaldı satış, reklam və digər məsələlərə – baş idarənin maliyyə müfəttişlərinin göstərişlərinə və alacağınız sənədlərə fikir verin.
– Bura filialdır?
– Bəli, filialdır.
– Oldu, – başımla razılığımı bildirdim. – Ən yaxşı nə satılır?
– A! Romanlar. Nalayiq romanlar, ancaq bundan bizə nə? Dini ədəbiyyat da pis satılmır, eləcə də dərsliklər. Uşaq kitabları bir o qədər də alınmır, ciddi kitabları isə lap az alırlar. Düzü, heç özüm də belə kitabların müştərilərini artırmağa çalışmamışam.
– Sizin fikrinizcə, dini ədəbiyyat qeyri-ciddidir?
O, dodaqlarını dili ilə yaladı.
– Mən elə demək istəmədim.
Ürəkdən güldüm.
– Narahat olmayın, elə mən də möhkəm inanclı biri deyiləm.
– Onda sizə bir məsləhət verim. Fikrinizi özünüzdə saxlayın və hər bazar günü pastoru dinləməyə gedin, yoxsa burada işləməyə qoymazlar.
– Əla, – mən dedim. – Bazar günləri pastora qulaq asacam.
– Alın, – o mənə vərəqi uzadaraq dedi. – Yoxlayın. Bu, son ayın hesabatıdır. Hər şey çox asandır. Kitabları mərkəzi mağazadan götürürük. Qəbul olunanların və satılanların hesabını üç nüsxədə aparmaq lazımdır. Pulun dalınca iki həftədən bir gəlirlər. Sizə çeklərlə, kiçik faizlə ödəyəcəklər.
– Onu bura verin, – mən dedim.
Vərəqi götürdüm və üstü alıcıların rəflərdən götürdükləri kitablarla dolu piştaxtanın arxasında əyləşdim. Görünür, onun bu kitabları qaytarıb yerinə düzməyə vaxtı çatmamışdı.
– Bu tərəflərdə maraqlı daha nə var? – mən yenə soruşdum.
– Heç nə. Qarşıdakı aptekdə qızlar və buradan iki məhəllə aralıda – Rikardoda viski var.
Kəskin ədalarına baxmayaraq bu adam yetərincə xoş təsir bağışlayırdı.
– Artıq nə qədər vaxtdır buradasız?
– Beş ildir, – o dedi. – Daha beş il qalıb.
– Bəs sonra?
– Siz hər şeylə maraqlanırsınız.
– Günah özünüzdədir. Niyə hələ beş ilin qaldığını söylədiz? Axı bu haqda sizdən heç nə soruşmamışdım.
O, bir qədər gülümsündü və gözlərini qıydı.
– Haqlısız. Beləliklə, daha beş il, sonra isə bu işi tərk eləyəcəm.
– Bəs nəylə məşğul olacaqsız?
– Yazacam, – o dedi. – Bestsellerlər yazacam: tarixi romanlar, zəncilərin ağ qızlarla necə yatdıqları və buna görə linç olunduqları haqda, gənc, təmiz qızların əclaflarla dolu fəhlə qəsəbələrində öz bakirəliklərini necə qoruyub saxlaya bildikləri barədə romanlar yazacam…
O gülümsədi.
– Daha sonra… əsl və cəsarətli romanlar, axı bu ölkədə cəsarətli olmaq çox asandır: hər kəsin bildiyini söyləmək yetər.
– Bəs siz bacararsız?
– Əlbəttə, bacararam. Artıq altı romanım hazırdır.
– Onları nəşr etdirməyə çalışmısız?
– Mənim nəşriyyatlarda nə dostlarım, nə də rəfiqələrim var, öz hesabıma nəşr etdirmək üçün isə hələ pul yığmamışam.
– Bəs pul yığandan sonra nə olacaq?
– Bax elə beş il ərzində yığaram.
– Yəqin ki, sizdən yaxşı yazıçı çıxacaq, – mən axırda dedim.
Növbəti iki gündə işlərim çox idi. Baxmayaraq ki onları birbaşa iş adlandırmaq da çətindir, ancaq bütün bunlardan baş çıxarmaq lazım idi; bundan əlavə, Hansen – müdirin adı bu cürdü – mənə ədəbiyyat barədə danışmaq üçün mağazaya baş çəkən daimi müştərilərlə bağlı bəzi məlumatlar verdi. Yeri gəlmişkən, onların bilikləri «Şənbə icmalı» və 60 min tirajla çıxan yerli jurnalın ədəbiyyat səhifələri ilə məhdudlaşırdı. Hələlik mən onların Hansenlə söhbətlərini dinləməklə kifayətlənir, hər birinin adını, zahiri görünüşünü yadda saxlamağa çalışırdım. Məlumdur ki, kitab mağazalarında ayağını kandardan içəri qoyan müştərini tanımaq heç yerdə olmadığı qədər vacib şərt sayılır.
Bu qədər iş-gücün arasında mən qarşıdakı, aptekin də yerləşdiyi binada indiyədək Hansenin yaşadığı iki balaca otağı kirayələməyə nail oldum. Üstəlik, Hansen mənə avansla bir qədər pul da verdi, həmin pullarla üç gün qaldığım mehmanxana ilə haqq-hesabı çürütdüm, iki gün isə müdir özü məni nahara dəvət etdi, üstəlik, onun xərcini mənim borcuma əlavə etməyə icazə vermədi. Bir sözlə, özünü yaxşı oğlan kimi göstərdi. Ancaq bu bestseller ideyası heç xoşuma gəlmədi: axı bestsellerləri bu cür yazmırlar. Hər halda, ümid edək ki, Hansenin istedadı var.
Üçüncü gün o məni səhər yeməyindən əvvəl bir qədəh içki üçün Rikardonun yanına apardı. Saat 10 idi, nahardan sonra o çıxıb getməliydi.
Biz son dəfə birlikdə səhər yeməyi yedik. O, bir azdan gedəcək, mən isə bu şəhərlə, bu müştərilərlə qalacam. Hansenlə rastlaşmağım böyük uğur idi, əks halda mənə bir dollarımla çox çətin olardı. Ancaq indi işlər qaydasında gedirdi.
Bura – Rikardonun yanı olduqca səliqəli, adi və ürəkbulandırıcı idi. Qızarmış soğan və ponçik qoxusu gəlirdi. Piştaxtanın arxasında heç nə ilə nəzərə çarpmayan birisi tənbəl-tənbəl jurnal vərəqləyirdi.
– Nə əmr edirsiniz? – o soruşdu.
– İki viski, – Hansen mənə baxdı və sifariş verdi.
Mən başımla təsdiqlədim.
Ofisiant iki iri stəkan gətirdi. Onların içində buz üzür və saman çöpü görünürdü.
– Bu cür xoşuma gəlir, – Hansen izah etdi. – Fikirləşməyin ki, sizi məcbur edirəm.
– Eybi yox, – mən dedim.
Əgər sizə saman çöpünün köməyi ilə buzlu viski içmək müyəssər olubsa, onda bilirsiniz: sanki damağınıza alov şırnağı toxunur, üstəlik, bu alov xoşdur.
– Əladır, – mən təriflədim.
Bu vaxt özümü qarşıdakı güzgüdə gördüm. Görkəmimdən pərtlik yağırdı. Çoxdan içki içməmişdim. Hansen gülümsədi.
– Əhvalınızı pozmayın, – o dedi. – Tezliklə öyrəşəcəksiniz. Mən isə gərək bundan sonra içəcəyim yerlərdə digər ofisiantları öz xırda şıltaqlıqlarıma öyrəşdirim.
– Heyif ki, gedirsiniz.
O güldü.
– Əgər mən qalsaydım, onda siz getməli olacaqdız… Yox, – o davam etdi, – yaxşı ki gedirəm. Beş ildən artıqdır… Aman Tanrım!
O, birnəfəsə içdi və yenə sifariş etdi.
– Siz tez uyğunlaşacaqsınız, – o, nəzərləri ilə məni süzdü. – Pis adama oxşamırsınız, ancaq sizdə mənim üçün anlaşılmaz qalan nəsə var. Sizin səsiniz…
Mən dinmədən gülümsündüm. Əcəb tipdir.
– Sizin çox qalın səsiniz var. Oxumaqla aranız necədir?
– Bəzən əylənmək üçün oxuyuram.
Mən çoxdan oxumurdum. Körpə ilə olan əhvalata qədər gitarada çalıb-oxuyurdum. Gitarada improvizə edərək Hendinin[1 - Uilyam Kristofer Hendi (1873–1958) – amerikalı bəstəkar və bluz-caz ifaçısı] bluzlarını, Nyu-Orleanın köhnə mahnılarını, özümün mahnılarını səsləndirirdim. Ancaq indi oxumağa heç bir istəyim yoxdur. İndi məni puldan başqa heç nə maraqlandırmır. Fikirləşdiyimi həyata keçirmək üçün mənə çoxlu pul lazımdır.
– Bu cür səsiniz varsa, heç bir qadın sizə etiraz etməyəcək, – Hansen söylədi.
Mən çiyinlərimi çəkdim.
– Bu sizi maraqlandırmır?
O, əli ilə kürəyimə vurdu.
– Qarşı tərəfdəki aptekə baş çəkin. Bəlkə, kimisə özünüzə bənd edə bildiniz. Onların barında alkoqol verilmir, odur ki daha çox kluba bənzəyir. Azyaşlılar… Qırmızı corab geyənlər və Frenk Sinatraya məktub yazanlar… Aptek – onların baş qərargahıdır. Siz buna artıq diqqət etməliydiniz. Yox? Hə də, axı siz bütün bu günlər ərzində mağazadan çölə çıxmamısınız.
Mən yenə viski sifariş etdim. Onun təsirini artıq bütün bədənimdə duyurdum.
Bizim tərəflərdə belə şeylərə rast gələ bilməzdiniz. Yəqin ki, buna görə indi ürəyim onları çox istəyirdi. Bədənlərinə yapışmış idman köynəklərindən qabarıb çıxan dik döş gilələri ilə xüsusilə öyünən on beş–on altı yaşlı yeniyetmələr və corabları. Parlaq sarı və ya parlaq yaşıl corablar; dabansız ayaqqabılar; al-əlvan yubkalar; yumru dizlər; ayaqlarını çarpazlayıb otların üzərində elə otururlar ki, ağ rəngli tumanları görünür.
Bəli, mənim ürəyim onları, bu corablı qızları çox arzulayırdı.
Hansen mənə baxdı.
– Hamısı hazırdırlar, – o dedi. – Siz heç nəylə risk etmirsiz. Onlar sizi çəkib aparmaq üçün bir yığın yer tanıyırlar.
– Siz məni donuz yerinə qoymusunuz?
– Yox, mən rəqs etməyi nəzərdə tuturdum.
O gülümsündü. Şübhəsiz, görkəmimdən aydın sezilirdi ki, ürəyimdən nə keçir…
– Onlar məzəlidirlər, – o dedi. – Mağazaya da baş çəkəcəklər.
– Onların orada nə işi var?
– Onlar, adətən, aktyorların fotolarını alırlar, bir də guya təsadüfən psixoanalizlə bağlı kitabları, yəni tibbi kitablar demək istəyirdim. Onların hamısı təbabətə vurulublar.
– Yaxşı, – mən donquldandım. – Baxarıq.
Görünür, bu dəfə özümə biganəlik görkəmi verməyi bacardım və Hansen söhbəti başqa mövzuya yönəltdi. Səhər yeməyini bitirdik və o, günorta saat 2-də yola düşdü.
Mən mağaza ilə baş-başa qaldım.
II
On beş gün keçəndən sonra artıq darıxmağa başlamışdım. Bütün bu müddətdə mağazadan çölə çıxmamışdım.
Ticarət yaxşı gedirdi; kitablar sürətlə satılırdı; reklam necə lazımdırsa qurulmuşdu. Şirkət hər həftə yeni kitablarla bərabər illüstrasiyalı reklam bukletləri göndərir, mən də onları uyğun kitabların yanında elə yerləşdirirdim ki, dərhal nəzərə çarpırdılar. Söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün mənə bir qayda olaraq kommersiya resenziyasını oxumaq və beş-altı səhifəni gözdən keçirmək bəs edirdi. Hər halda, parlaq üz qabığına və müəllifin bukletdəki fotosuna aldanan bəxtsizlərin suallarını cavablandırmaq üçün bunlar yetərli idi.
Kitablar kifayət qədər bahalı idi, bu isə əhəmiyyətlidir; ümumiyyətlə, insanlar yaxşı kitab almaq barədə az fikirləşirlər, onlara başqalarının nədən danışdığı, baş çəkdikləri klublarda nəyin dəbdə olduğu maraqlıdır, o ki qaldı kitabın məzmununa, onlar buna tüpürməyə hazırdırlar.
Bəzi kitabları topa ilə vitrində yerləşdirmək barədə tövsiyə alırdım. Mən onları kassanın yanında qalaqlanmış halda yığır və mağazaya gələn hər kəsə parlaq kağızlı reklam bukleti ilə birlikdə təklif edirdim. Adətən, heç kim imtina etmirdi: bukletin içərisində yazılmış bir neçə cümlə şəhər müştərilərinə tamamilə uyğun gəlirdi. Bu isə şirkətə qalmaqallı kitabları yarım gün ərzində satmağa imkan yaradırdı.