banner banner banner
Qəbrinizə tüpürməyə gələcəyəm
Qəbrinizə tüpürməyə gələcəyəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qəbrinizə tüpürməyə gələcəyəm

скачать книгу бесплатно

– Əcəb guşədir, – mən buranı bəyəndiyimi gizlətmədim. – Özünüz kəşf etmisiniz?

– Yəni sən fikirləşirdin ki, biz belə fərsizik? – Cikinin bunu deyib atdığı torpaq topası boynuma dəydi.

– Şıltaqlıq etsən, bir şeydən məhrum qalacaqsan.

Mən cavab olaraq cibimdəki şüşəni şappıldatdım.

– Yaxşı, qoca bluz ifaçısı, hirslənmə, – o dedi. – Yaxşısı budur, nə bacardığını göstərəsən.

– Bəs çimərlik tumanı? – Dikdən soruşdum.

– Nəyinə lazım? Burada ki heç kəs yoxdur.

Mən çevrilib baxdım. Cudi artıq idman köynəyini çıxarırdı, onun altından isə, təbii ki, heç nə geyinməmişdi. Sonra o sürüşüb yubkadan azad oldu, ardınca çəkmələrlə corablar havaya uçdu və qız tamamilə çılpaq halda otun üzərində uzandı.

Onun qəhqəhəsindən aydın bilmək olurdu ki, kənardan necə axmaq görünürəm. Hətta az qala utanacaqdım da…

Dik və Ciki də çılpaq soyunub Cudinin yanında uzandılar. Yeri gəlmişkən, oğlanın sısqa olduğu yalnız indi diqqətimi çəkdi: bir dəri, bir sümük idi.

– Yaxşı, – mən dedim. – Özümüzdən ədəb nümunəsi düzəltməyəcəyik.

Mən soyunmağa qəsdən tələsmirdim, çünki çılpaq halda qiymətimi bilirdim və onlara bunu hiss etmək üçün vaxt verirdim. Nəhayət, soyunub gərnəşdim və böyürlərimi şappıldatdım. Ciki ilə maşında olandan bəri ehtirasım hələ sönməmişdi, bunu gizlətməyə isə heç hazırlaşmırdım da.

Gitaranı əlimə götürdüm. Bu, yaraşıqlı «Edifon» idi, ancaq otun üzərində oturub çalmaq narahatlıq yaradırdı, odur ki Dikə dedim:

– Qulaq as, avtomobildən yastıq götürsəm olar?

– Mən sənə kömək edərəm, – Ciki dedi və budaqların arasından anqvil kimi sürüşüb çıxdı. Onun hələ formalaşmaqda olan bədəninin yeni ulduzu xatırladan görkəmi qamışlığın əhatəsində çox yaraşıqlı görünürdü. Ciki xeyli irəliyə qaçdı və mən maşına yaxınlaşanda o artıq ağır dəri oturacağı özü ilə daşıyırdı.

– Ver mənə, – təklif etdim.

– Özüm keçinərəm! – Ciki səsini qaldırdı.

Bu zaman Cikinin fəryadına məhəl qoymadan onu arxadan əllərimlə tutdum. O, yastığı əlindən saldı və müqavimət göstərməyi dayandırdı. Həmin an meymunla olmağa belə razı idim. Görünür, Ciki bunu hiss etdi və yenidən müqavimət göstərməyə başladı. Mən qəhqəhə çəkdim. Bu ürəyimcə idi. Ciki əllərimin arasından çıxıb otun üstü ilə sürüşdü. Otlar hündür və hava ilə doldurulmuş döşək kimi yumşaq idi. Biz otun üzərində vəhşilər kimi sürüşürdük. O, döş gilələrinə qədər gündən qaralmışdı və lifçiyin izi olan, qızların çılpaq haldakı görünüşünü korlayan ağ zolaqlardan məhrum idi. Ərik kimi hamar, körpə kimi çılpaq Ciki onu yenidən ələ keçirərkən heç də bir o qədər körpə olmadığını nümayiş etdirdi.

Əllərimlə onun belinin necə hamar, yanbızının isə qarpız kimi möhkəm olduğunu hiss etdim. Ancaq bütün bunlar cəmi on dəqiqə davam etdi və Ciki yuxulayan adam görkəmi aldı, ondan aralananda isə məni özündən itələyərək çaya doğru qaçdı.

Mən də onun ardınca getdim. Düz sahilin qurtaracağında yüyürərək suya baş vurdu.

– Oho, siz artıq çimirsiniz?

Bu, Cudinin səsi idi. O, beli üstə uzanmışdı, əllərini isə başının altına qoyub ot saplağını çeynəyirdi. Dik yanında sərələnib onun budlarını sığallayırdı. Elə oradaca boş şüşə atılıb qalmışdı.

– İkinci şüşəyə əl vurmamışıq, – baxışlarımdan nə demək istədiyimi başa düşən Cudi güldü.

Onun sözlərinin doğruluğuna əmin oldum və ikinci şüşəni götürüb suya cumdum. Su isti idi, özümü əla hiss edirdim. Böyük sürət yığaraq çayın ortasında Cikiyə çatdım. Dərinlik elə də böyük deyildi, çayın axını hiss olunmurdu.

– Nədir, içmək istəyirsən? – suyun səthində qalmaq üçün bir əlimlə hərəkət edərək soruşdum.

– Rodeoda qalib gələnlər qədər zirəksən.

– Yaxşı, beli üstə uzan.

O çevrildi və mən onun altından üzərək bir əlimlə qucaqladım, ikinci əlimlə viskini uzatdım. Ciki şüşəni tutdu, mən isə yavaş-yavaş ayaqlarını aralayaraq ikinci dəfə və suda onunla oldum. O, üstümə çıxdı və biz suyun dibinə getməmək üçün ara-sıra tərpənərək uzun müddət bu vəziyyətdə qaldıq.

III

Sentyabra qədər bu cür davam etdi. Bu yeniyetmələrin dəstəsinə daha beş-altı oğlan və qız qoşuldu: gitarasını götürdüyümüz, yöndəmsiz və daim ətir qoxuyan Bi-Ci, Cikidən daha iri olan sarışın Syuzi Enn, başqa bir xurmayısaçlı, səhərdən axşama kimi rəqs edən yaraşıqsız qız. Oğlanlar elə axmaqdırlar ki, bundan betərini təsəvvür də edə bilməzsiniz. Artıq şəhərətrafına birgə səfər kimi səfehlikdən əl çəkmişdim – əks halda tezliklə buradan çıxıb getməli olardım. Biz çayın kənarında görüşürdük, viski və cinin mənbəyi isə sirrin etibarlı qarantı idi.

Növbə ilə bu yeknəsəq qızların hamısı ilə oldum. Artıq bezməyə başlamışdım. Onlar bu işlə elə-belə məşğul olurdular, sanki sağlamlıq üçün dişlərini təmizləyirdilər. Sırtıq, acgöz, səs-küylü və şəhvətli meymun sürüsü. Eybi yox, bu məni hələlik qane edirdi.

Bəzən gitarada çalır və başa düşürdüm ki, bunun özü belə həmin burnu fırtıqlıları yerində otuzdurmaq üçün kifayətdir. Onlar isə, öz növbəsində, mənə citterbaq və jayv öyrədirdilər, iş o yerə çatdı ki, axırda onlardan daha yaxşı rəqs etməyə başladım: bu mənim üçün heç də çətin deyildi.

Ancaq tezliklə yenidən Körpə ilə bağlı xatirələr güc gəldi və gecələr pis yatmağa başladım. Bu müddət ərzində Tomla cəmi iki dəfə görüşdüm. O özünü möhkəm tuturdu, odur ki həmin hadisədən bircə dəfə də söz açmadıq. Həmkarları da məktəbdə onu rahat buraxmışdılar, mənimlə qarşılaşmağa isə, sadəcə, imkanları olmamışdı. Atası Enn Moranı bizim dairədəki universitetə yollamışdı, qardaşı isə atası ilə qalırdı. Tom məndən işim haqqında soruşdu, lovğalanaraq bank hesabımdakı məbləğin 120 dollara çatdığını söylədim. Doğrudan da, alkoqolu çıxmaq şərtilə hər şeydə qənaət edirdim, satış isə pis getmirdi, üstəlik, yayın sonunda məvacibimin artırılacağını gözləyirdim. Tom mənə dini vəzifələrə barmaqarası yanaşmamağı məsləhət gördü. O, Tanrıya inanırdı. Mən isə çoxdan Tanrıdan uzaqlaşmışdım, ancaq özümü elə aparırdım ki, bu başqalarının diqqətini çəkməsin. Hər halda, nə vaxtsa Hansenin mənə tövsiyə etdiyi kimi bazar günləri kilsəyə yollanırdım, baxmayaraq ki Tanrıya inanmaqla sağlam ağılı qoruyub saxlamağın qeyri-mümkün olduğuna əmin idim, sağlam ağıl isə mənə heç vaxt olmadığı qədər gərəklidir.

Kilsədən sonra yenə çaya gedirdim. Orada daha utancaqlıq hissi keçirmədən qızları, adətən, bir-birimizə ötürürdük – lap yaz dövründə cütləşən üfunətli meymun dəstəsi kimi.

Və budur, yay bitdi, yağışlar başladı. Mən Rikardoya tez-tez baş çəkirdim. Bəzən aptekdə yerli qızlarla parketin üstündə atılıb-düşürdük və sonunda onların jarqonunda özlərindən də yaxşı danışmağı öyrəndim.

Yay istirahətindən sonra imkanlı adamlar Baktona qayıtmağa başladılar. Bura Floridadan, Santa Monikadan, digər dəbdəbəli yerlərdən gəlir, bütün yayı çayın sahilində keçirən bizlərdən heç də çox qaralmır və geri dönürdülər. Bu adamlar mağazama baş çəkir, tədricən mağazanı görüşlər üçün kluba çevirirdilər.

Onların heç biri mənimlə tanış deyildi, buna vaxtım olacaqdı və mən tələsmirdim.

IV

Elə həmin vaxtlarda Dekster peyda oldu. Hələ onun gəlişindən əvvəl barəsindəki söhbətlər qulaqlarımı əməllicə dəng eləmişdi. Dekster şəhərin ən yaxşı rayonundakı ən zəngin evlərin birində yaşayırdı. Onun valideynləri Nyu-Yorkda, özü isə ağciyərləri zəif olduğundan burada qalırdı. Deksterin ata-anası əslən Baktondan idilər, buranın yerli universiteti isə heç də digərlərindən az məşhur deyildi. Söhbətlərdən artıq bilirdim ki, Deksterin maşını hansı markadır (o, «Packard» sürürdü), hansı qolf kluba üzvdür, hansı bara və kabareyə gedir – sanki bu adamla ömrümün yarısını birlikdə keçirmişdik.

Dekster mağazaya daxil olanda dərhal bildim ki, bu odur. Gözlədiyim kimi, o, çirkin, adamaoxşamazın biri idi – arıq və hindu kimi qarabuğdayı. Tez-tez sağa-sola qaçan qara gözləri, yüngülcə sarmaşıq saçları və böyük əyri burnunun altında nazik dodaqları vardı. Ən eybəcər görünən isə əlləri idi – bu əllər sanki hansısa xəstəlik səbəbindən uzununa yox, eninə böyüyən və qısa tutulmuş dırnaqları olan nəhəng pəncəyə bənzəyirdi.

Hamı qızarmış qaraciyər tikəsi kimi Deksterin ətrafında fırlanırdı. Mən «spirt təchizatçısı» kimi məşhurluğumun bir hissəsini itirmişdim. Ancaq gitaram qalırdı və ehtiyatda heç kimin haqqında heç bir təsəvvürü olmayan bir neçə rəqs musiqisi saxlamışdım. Ümumən, tələsməyə səbəb yox idi. Mən daha dadlı tikəni gözləyirdim və onu Deksterin sayəsində əldə etmək niyyətindəydim.

Körpə mənə rahat yatmağa imkan vermirdi.

Deyəsən, mən Deksterin xoşuna gəlirdim. Əslində isə o mənə nifrət etməliydi – əzələlərimə, boyuma, gitarada yaxşı ifa etdiyimə görə. Ancaq tərsinə oldu. Bunlar onu cəlb etdi: mən onun məhrum olduqlarına malik idim. Onun isə pulu vardı. Biz bir-birimiz üçün yaranmışdıq.

Daha sonra elə görünür ki, o lap əvvəldən hansı yuvanın quşu olduğumu və nə istədiyimi anlamışdı (bəlkə də, yox, onun kəm ağlı bu qədər uzağa gedə bilməzdi), ancaq mənim köməkliyimlə bir neçə güclü orgiya təşkil etməyin mümkünlüyünü əla anlamışdı. Və bu mənada o məni seçməkdə yanılmamışdı.

Şəhərcik yavaş-yavaş adamlarla dolurdu. Hətta artıq təbiət elmlərindən bəhs edən kitablar da satılırdı: geologiya, fizika və sair dəyərsiz şeylər. Mənim əhatəm özlərinin bütün dostlarını mağazaya yönləndirirdi. Qızlar lap dəhşətli idilər. Artıq on dörd yaşlarında onlara mütləq kimlərsə tərəfindən əllənməkləri lazım idi, ancaq bunun üçün bəhanə axtarıb-tapmağı mənim öhdəmə buraxırdılar. Yeri gəlmişkən, çox asan məşğuliyyətdir. Qızlar tətil müddətində möhkəmlənmiş əzələlərinə əllə toxunmağı təklif edirdilər, sonra isə söhbət daha aşağılara doğru enirdi. Bir sözlə, onlar üçün heç bir sərhəd yox idi. Onlar günün istənilən vaxtında qızmış keçi kimi gəlirdilər. Təsəvvür edirəm, müəllimlərin işi necə çətindir!

Nəhayət, məşğələlər başlayanda sakitlik yarandı. İndi onlar yalnız nahardan sonra təşrif buyururdular. Ancaq ən dəhşətlisi o idi ki, məni oğlanlar qızlardan az xoşlamırdı. Artıq kişiləşmiş bir neçəsini çıxmaqla hamısı mənim onlara toxunmağımı sevirdilər. Üstəlik, bu gənclərin daim rəqs etmələri mənim ürəyimdəndir.

Zahiri görkəmimlə bağlı xüsusi narahatlıq keçirmirdim. Düşünmürəm ki, o kimdəsə mənimlə bağlı xoşagəlməz şübhələr yarada bilərdi. Ancaq bir dəfə Dekster məni ciddi şəkildə qorxutdu. Məsələ bu cür oldu: biz növbəti dəfə çay kənarına getmişdik. Mən çılpaq halda qızlardan biri ilə zarafatlaşır, onu kukla kimi havaya atıb-tuturdum. Dekster isə məndən arxada qarnı üstə uzanıb müşahidə edirdi. O elə iyrənc görünürdü: kürəyində punksiya yeri gözə dəyən (iki dəfə plevrit olmuşdu) taqətsiz eybəcər. Dekster mənə qaşqabaqla baxıb dedi:

– Li, sənin qəribə görünüşün var: çiyinlərin zənci boksçulardakı kimi mailidir.

Mən qızı əlimdən yerə saldım, öncə ehtiyatlandım, sonra isə zənci üslubunda nəsə zümzümə edərək rəqsə başladım. Hamı gülürdü, ancaq Dekster gülmürdü və məni süzməkdə davam edirdi. Pərtlikdən özümdə deyildim.

Axşam evə qayıdanda tasın üstündəki güzgüdə özümü gözdən keçirməyə başladım və qəhqəhə çəkdim: bu cür açıqrəngli saçlarla, bu cür ağ-çəhrayı dəri ilə kim mənə yox deyə bilərdi? Əlbəttə, Dekster paxıllıqdan ilişirdi. Doğrudur, çiyinlərim mailidir, ancaq nə olsun ki?

Nadir halda həmin gecədəki kimi rahat yatdım. İki gündən sonra isə Dekstergildə şam ziyafəti təşkil ediləcəkdi. Ora axşam paltarında getmək lazım idi, buna görə də kirayəyə smokinq götürdüm. Onu geyinən şəxs elə mən boyda idi. (Atelyedə onu asanlıqla əynimə uyğunlaşdırdılar.)

Həmin gecə səhərə qədər Körpəni fikirləşdim.

V

Dekstergilə ayağım dəyən kimi axşam paltarının niyə lazım olduğunu anladım: bizim dəstə «tərbiyəli» kütlə ilə qarışıb görünməz olmuşdu. Burada həkim, pastor və onlara bənzər xeyli qonaq vardı. Zənci lakey şlyapamı götürmək üçün mənə yaxınlaşdı, mən daha iki qulluqçunu da sezdim. Bu vaxt Dekster qolumdan tutub məni valideynlərinə təqdim etməyə apardı. Anladığım qədər onun ad günü idi. Xoşagəlməz donuq baxışlı, qarasaçlı, arıq qadın olan anası elə öz övladına bənzəyirdi, atası isə o qəbil adamlardandır ki, yekəxanalığına görə yastıqla tələsmədən boğub-öldürmək istəyirsən. Bi-Ci, Cudi, Ciki və yerdə qalanlar öz geyimlərində çox yaraşıqlı görünürdülər, ancaq onların kokteyl içərkən, ya da hansısa ciddi görkəmli eynəkli birisinə rəqs üçün razılıq verərkən əzilib-büzüldüklərinə baxanda çılpaq şəkildə necə göründüklərini xatırlamaya bilmirdim. Vaxtaşırı bir-birimizə göz vururduq. Hədsiz dərəcədə darıxdırıcı idi.

Əvəzində istədiyin qədər içə bilərdin. Dekster dostlarını nə ilə sevindirmək lazım olduğunu yaxşı bilirdi. Mən bir neçə dəfə hələ yaxından tanış olmadığım qızlarla rumba rəqsi etdim, bir qədər viski aşırdım – onsuz da başqa məşğuliyyət yox idi. Cudi ilə bluzdan sonra özümü normada hiss etdim: bizim bütün dəstədən ən az onunla cinsi əlaqədə olmuşdum. O sanki mənə diqqət yetirməməyə çalışırdı, elə mən də onunla başqalarından daha çox olmağa səy göstərmirdim. Ancaq bu gün Cudini sanki dəyişmişdilər. Hətta mən artıq onun budlarının arasından salamat çıxmayacağımı fikirləşməyə başlamışdım. Lənət şeytana, temperamentə bax! O məni çəkib Deksterin otağına salmaq istəyirdi, ancaq mən orada yaxalanacağımızdan qorxurdum, vəziyyətdən çıxmaq üçün onu içməyə dəvət etdim. Elə bu vaxt içəri yenicə daxil olan dəstəni görüb yerimdəcə qurudum, sanki alnımın ortasından kimsə yaxşı bir yumruq ilişdirdi.

Dəstə üç qadın – ikisi gənc, biri isə qırx yaşlarında – və bir kişidən ibarət idi, ancaq söhbət, şübhəsiz ki, sonuncudan getmir. Mən anladım – budur axtardığım! İki gözəlçə – və Körpə sevincindən məzarda çevriləcək. Cudinin əlini sıxdım, o isə elə fikirləşdi ki, mən onu çox arzuladığım üçün belə etdim, odur ki mənə bərk-bərk sıxıldı. Halbuki mən indi yalnız yeni gələn bu iki gözəlçə ilə yatmaqdan başqa bir şey barədə fikirləşmirdim! Cudini yüngülcə itələyib özümdən kənarlaşdırdım, əlimi aşağı hərəkət etdirərək onun arxasını yüngülcə sığalladım.

– Bu kuklalar kimdir, Cudi?

– Səni onlar maraqlandırır, qoca kataloq alverçisi?

– Hələ soruşursan da? Dekster bu cür gözəlçələri haradan tapıb?

– Onlar mədəni cəmiyyətdəndir. Şəhərətrafının qızları deyil. Onlar səninlə çimməyə belə getməzlər.

– Çox heyif! Hər halda, bu ikisi ilə birlikdə olmaq üçün üçüncüsü ilə də yatmağa hazıram.

– Nahaq həyəcanlanırsan, qoca. Onlar bizim tərəflərdən deyillər.

– Bəs haradandırlar?

– Priksvilldən. Buradan yüz mil aralıdan. Deksterin atasının köhnə dostlarıdır.

– Hər ikisi?

– Özünü axmaq yerinə qoyma, əziz Co Luis. Onlar bacıdırlar, digərləri isə onların atası və anasıdır. Lu Eskvit və Cin Eskvit. O sarışın – Cindir, böyük bacı. Lu ondan beş yaş balacadır.

– Deməli, onun on altı yaşı var? – mən təəccüblə soruşdum.

– On beş. Li Anderson, olmaya artıq bizim banda ilə vidalaşmağa və ata Eskvitin qızlarının dalınca düşməyə hazırlaşırsınız?

– Sən dəlisən, Cudi. Yəni bu qızlar sənin ağlını bu cür alır?

– Mən kişilərə üstünlük verirəm. Yaxşısı budur, rəqs edək, Li.

– Məni tanış edərsən?

– Bu artıq Deksterin işidir.

– Oldu, – mən dedim.

Musiqi bitənə kimi Cudi ilə rəqs etdim, sonra Deksteri axtarmağa getdim. O, dəhlizdə bir gözəlçə ilə dilxoşluq edirdi. Onu səslədim:

– Dekster!

– Hə.

O çevrildi. Sanki mənə bir qədər rişxəndlə baxırdı, ancaq mənim vecimə deyildi.

– Qulaq as, burada qızlar var… Eskvitlərin qızları… Məni onlarla tanış et.

– Əlbəttə, dostum. Gedək.

Yaxından səhnə mənim gözlədiyimdən də gözəl görünürdü. Onlar, sadəcə, heyrətamiz idilər! Nəsə cəfəng şeylər mızıldanıb qarayanızı – onun adı Lu idi – rəqsə çağırdım. Lənətə gələsən! Mən səmaya və smokinqi bədənimə uyğunlaşdıran şəxsə dualar etdim! Rəqs zamanı ona qaydaların əksinə olaraq daha çox yaxınlaşırdım, ancaq bizim bandamızda öyrəşdiyimiz sayaq onu özümə lap yaxınlaşdırmağa cürətim çatmırdı. O hansısa anlaşılmaz və əlbəttə ki, çox bahalı ətirlə ətirlənmişdi – ehtimal ki, fransız ətri idi. Qızın tünd saçları bir tərəfə daranmışdı, vəhşi pişiyin gözlərini xatırladan sarı gözləri solğun sifətində parlayırdı, bədəni isə… Deməyə söz tapmıram! Paltar sanki öz-özünə əynində dayanırdı – nə bir çiyin bağı, nə boyun qayışı görünürdü. Bu cür bərk və iti döşlər isə, sizə deyim, bir yox, bir düjün paltarı da saxlaya bilər. Mən onu özümdən sağ tərəfə çəkdim ki, smokinqin kəsiyində ipək köynəyimin üzərindən sinəmdə onun döş gilələrini hiss edim. Digərlərində paltarın parçasından tumanın rezini qabarıb bilinir, ancaq bu qızda hər şey başqa cür idi, qoltuqaltından topuğa qədər paltar hamar qalırdı. Heyranlıqdan nəfəsim tutuldu, buna baxmayaraq bir qədər özümə gələn kimi söhbətə başlamağa cəhd etdim.

– Niyə sizi heç vaxt burada görmürəm?

– Bu da mən. Məgər mən görünmürəm?

O mənə baxmaq üçün başını bir qədər arxaya çəkdi. Mən ondan bir baş hündür idim.

– Mən şəhəri nəzərdə tuturam…

– Siz Priksvillə gəlsəniz, məni görə bilərsiniz.

– Demək, mən Priksvilldə ciddi nəyəsə ümid edə bilərəm?

Bu hücum qərarını dərhal verməmişdim. Çox tələsmək də istəmirdim, di gəl, bu cür qızların necə reaksiya verəcəklərini heç vaxt bilmək olmur. Odur ki riskə getməli olursan. O, qətiyyən utancaqlıq etmədən yüngülcə gülümsədi, ancaq gözləri soyuqluğunu saxladı.

– Bu işdə yalnız sizin istəyiniz kifayət deyil.

– Fikirləşirəm, orada sizin pərəstişkarlarınız çoxdur…

Mən ədəbsizcəsinə onu sıxışdırırdım. Gözlərin buz kimi soyuqdursa, zəhmət çəkib bu cür geyinməmək lazımdır.

– Priksvilldə maraqlı adamlar elə də çox deyil, – o dedi.

– Əla. Onda mənim ümidim var.

– Sizin nə dərəcədə maraqlı olduğunuzu bilmirəm.

Ağzımdan vurdu. Özümü yaman ilişdirmişdim! Ancaq məni dayandırmaq elə də asan deyil.

– Bəs sizi hansı adamlar maraqlandırır?

– Siz pis təəssürat yaratmırsız, ancaq mən yanıla bilərəm. Mən sizi qətiyyən tanımıram.

– Mən Deksterin, Dik Peycin və digərlərinin dostuyam.

– Hə, Diki tanıyıram, Dekster isə… O, çox qəribədir…

– Həqiqətən, qəribə olmaq üçün onun pulu çoxdur.

– Elə isə fikirləşirəm ki, mənim ailəm də ürəyinizdən olmayacaq. Bizim də pulumuz çoxdur.