Читать книгу İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə (Eşli Vans) онлайн бесплатно на Bookz (6-ая страница книги)
bannerbanner
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Оценить:
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

5

Полная версия:

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

Mask Zip2-nin qəzetlərin kölgəsində qalmasını qəbul edə bilmir, çox əsəbiləşirdi. O, şirkətin birbaşa istifadəçiyə xidmət göstərə biləcəyini düşünür və bunun üçün city.com domenini satın almağı təklif edirdi. Məqsəd istifadəçi üçün son dayanacaq olmasına nail olmaqdı. Lakin media şirkətlərindən gələn pulların cazibəsi Sorkin və İdarə Heyətini daha mühafizəkar yola sürükləyirdi. Onlar istifadəçilər hadqa düşünməyi arxa plana atmışdılar.

1998-ci ilin aprel ayında Zip2 ikiqat mənfəət gətirəcək nəhəng bir sövdələşmə haqda açıqlama verdi. Şirkət əsas rəqibləri olan CitySearch ilə 300 milyon dollarlıq bir müqavilə ilə birləşəcəkdi. Yeni şirkət CitySearch adını saxlayacaq, Sorkin isə onun CEO-su olacaqdı. Nəzəri olaraq bu ittifaq iki eynigüclü şirkətin birləşməsi idi. CitySearch bütün ölkə üzrə geniş kataloqlar şəbəkəsinə sahibdi. Bundan başqa, şirkətin təcrübəli satış və marketinq qrupları vardı. Onları Zip2-nin istedadlı mühəndisləri tamamlayacaqdı. Birləşmə mətbuatda anons edildi və sanki birləşmə artıq labüddü.

Daha sonra baş verənlər haqda fikirlər fərqlidir. Məntiqlə hər iki şirkət ciddi audit aparıb işlərin təkrarlanmasının qarşısını almaq üçün bəzi əməkdaşları işdən çıxartmalı idi. Bu proses zamanı CitySearch şirkətinin maliyyə vəziyyəti ilə bağlı ortaya bəzi nataraz suallar çıxdı. Digər tərəfdən Zip2-nin bir çox işçisi CitySearch-də vəzifəsini itirəcəkdi. Kollektivin bir hissəsi sövdələşmənin ləğv edilməsində təkid etməyə başladı, Sorkin isə birləşməni həyata keçirtməyə qərarlı idi. Əvvəl birləşmə tərəfdarı olan Mask sonradan ona qarşı çıxmağa başladı. 1998-ci ilin mayında şirkətlər birləşmədən imtina etdi. Mətbuat bu hadisəni şişirdərək böyük məsələyə çevirdi. Mask Sorkinin uzaqlaşdırılmasında və özünün CEO təyin edilməsində təkid edirdi. İdarə Heyəti bu təklifdən imtina etdi. Nəticədə Mask vəzifəsini itirdi, Sorkinin yerinə isə Mohr Davidow şirkətindən Derek Prudian gətirildi. Prudian o qalmaqalı belə xatırlayır: “Onlar əməllicə dava elədilər. İlon CEO olmaq istəyirdi, amma mən ona belə dedim: “Bu sənin birinci şirkətindir. Gəl yaxşı alıcı tapaq və çoxlu pul qazanaq, onda sən ikinci, üçüncü və dördüncü şirkətlərini qura biləcəksən”.

Anlaşma pozulunca Zip2 çətin vəziyyətə düşdü. Qazancları azalmağa başlamışdı. Mask hələ də birbaşa istehlakçıya çıxmaq istəyir, Prudian isə “bunun üçün əlavə sərmayə lazım olacaqdı” deyə ehtiyat edirdi. Bazara Microsoft da girdi; şəhər və avtomobil yolları xəritələri ilə bağlı startaplar yağışdan sonra göbələk kimi çoxalırdı. Zip2-nin qurucuları rəqiblərinə yeniləcəklər deyə qorxur və əndişə içindəydilər. 1999-cu ilin fevral ayında PC istehsal edən Compaq Zip2 üçün gözlənilmədən nağd 307 milyon dollar təklif etdi. Şirkətin keçmiş əməkdaşı Ed Ho bu təklif haqda “Sanki cənnətdən bizə pul göndərmişdilər’’ deyir. Zip2-nin idarə heyəti təklifi qəbul etdi, Palo-Altoda böyük bir restoran tutub möhtəşəm bir banket verdi. Mohr Davidov qoyduğu ilkin sərmayənin 20 dəfə artığını qazandı. İlon 22 milyon, Kimbal isə 15 milyon dollar aldılar. Mask Compaq şirkəti ilə işə davam etməyi ağlının ucundan belə keçirtmədi. Prudian belə deyir: “Zip2-nin satılması dəqiqləşən kimi İlon növbəti layihəsinə başladı’’. İndən belə Mask şirkətləri üzərində nəzarəti əlində saxlamaq və CEO kimi qalmaq üçün mübarizə aparacaqdı. Kimbal o günləri belə xatırlayır: “Biz dəhşətə gəlmişdik, düşünürdük ki, onlar nə elədiklərini bilirlər. Amma yanılmışdıq. Bizim şirkəti aldıqdan sonra bilmirdilər nə etsinlər, onlar adicə sərmayədardılar. Bir-birimizlə yaxşı anlaşırdıq, lakin şirkət hədəfini itirdi’’.

İllər sonra Mask Zip2 ilə bağlı olub-bitənləri ətraflı düşündükdən sonra anladı ki, əməkdaşlarına qarşı daha yaxşı davrana bilərmiş: “Mən əvvəllər buna bənzər şirkət idarə etməmişdim. Mən heç vaxt heç kimə rəhbərlik etməmişdim. Öz-özümə soruşdum: “Komandanın işinə nə təsir edir?’’ İlk təbii təxminim bu idi ki, başqası da özünü mənim kimi aparardı. Amma mən yanılırdım. Başqası sənin kimi düşünə bilməz, çünki o səndə olan məlumat və bilgiyə sahib deyil. Əgər mən öz oxşarımla danışır, ona bildiyimin ancaq yarısını verirəmsə, mənim gələcəyim nəticəyə oxşarımın da gəlməsini gözləmək imkansız bir şeydir. İşi yanındakı adamların gözü ilə də görməyə çalışmalısan”.

Bəzən elə olurdu ki, çalışanlar axşam evə gedir, səhər gələndə isə Maskın görülən işləri onlardan xəbərsiz dəyişdirdiyinin şahidi olurdular. Zip2-də çox yaxşı proqramçılar olduğunu söyləyən Mask deyir: “Amma mən onlardan daha yaxşı kod yazdığımı düşünürdüm. Ona görə də yaxınlaşıb nəyisə dəyişdirməyi özümə borc bilirdim. Oturub əməkdaşın bunu edəcəyini gözləmək istəmir, kodu öz əlimlə dəyişdirirdim. O zaman sürət beş dəfə artırdı. Bir dəfə gənclərdən biri yazı taxtasında kvant mexanikasından bir düstur yazdı. Mən də ona “Bunu necə belə yaza bilərsən?’’ deyib səhvini düzəltdim. O hadisədən sonra mənə nifrət eləməyə başladı. Sonra anladım ki, düsturu düzəltsəm də, onun qəlbini qırmışam. İşlər belə görülməz”.

“.com’’un xəyalpərəst adamı Mask çalışqandı, ancaq bəxti də gətirdi. O, gözəl bir ideya irəli sürdü və onu real xidmətə çevirə bildi. Və qasırğanın içindən böyük miqdarda nağd pulla çıxdı. Yolu heç də asan olmamışdı. Mask liderliyə can atırdı, amma insanlar bunu şübhə ilə qarşılamışdılar. Maska görə, onlar haqsız idilər, haqlı olduğunu sübut etmək isə daha dramatik hadisələrə səbəb olacaqdı.

5. Paypal-ın xaç atasi

Zip2-nin satışı İlona yeni bir inam verdi. Mask sevdiyi kompüter oyunlarının personajları kimi bir sonrakı “level’’ə keçmişdi. O, Silikon Vadisi “səviyyəsini’’ keçib hər kəsin bir zamanlar olmaq istədiyi adam – “.com’’ milyonçusu olmuşdu. Onun növbəti işi artan iddialarına uyğun bir şey olmalı idi. Ona görə də Mask böyük maddi potensialı olan fəaliyyət sahəsi axtarırdı. Buradakı çatışmazlıqları isə internet vasitəsilə həll etmək istəyirdi. Mask xəyalən Bank of Nova Scotia-da keçdiyi təcrübə vaxtlarına gedir, o dövrdə çıxartdığı əsas nəticəni xatırlayırdı – bankirlər varlı olduqları qədər də sarsaqdırlar. Bu da Mask üçün geniş fürsətlər demək idi.

1990-cı illərin əvvəlində bankda strateji inkişaf şöbəsində çalışdığı zaman Mask üçüncü dünya ölkələrinin borclarını araşdırmışdı. Nə qədər ağır olsa da, onu “az inkişaf etmiş ölkələrin borcu’’ adlandırırdılar və Bank of Nova Scotia-da bu qəbildən milyardlarla dollar pul vardı. O illərdə yaşadıqları defoltlar sonrası Cənubi Amerika və b. ölkələr bankları yığılan borcları qismən silməyə məcbur edirdilər. Müdiri Maskı təcrübə qazanmaq üçün bankın avuarlarında[9] qurdalanaraq borcun real həcmini araşdırmağı tapşırmışdı.

Araşdırma əsnasında Maskın qarşısına çıxan bir şey ona göydəndüşmə kommersiya fürsəti kimi göründü. Amerika Birləşmiş Ştatları Breydi (Brady) istiqrazı vasitəsilə inkişaf etməkdə olan ölkələrin bəzilərinin borc yükünü azaltmağa çalışırdı. Amerika hökuməti bu yolla Braziliya və Argentinanın borclarını restrukturlaşdırmışdı. Buradakı bir birja oyunu Maskın diqqətini çəkdi. Bu oyunu Mask belə xatırlayır: “Yardım dəyərini hesabladım, bu, bir dollar üçün 50 sent civarında idi, baxmayaraq ki həqiqi borc 25 sentdən hesablanırdı. Bu, inanılmaz bir fürsət idi və kimsə də bunu görmürdü’’. Mask soyuqqanlılığını pozmadan bazardakı əsas treyderlərdən biri olan Goldman Sach-a zəng edərək qarmaq atdı və 25 sentdən nə qədər Braziliya borcu ala biləcəyini soruşdu. Cavabları “Sizə nə qədər lazımdır?’’ oldu. Mask da “10 milyard dollar’’ kimi ağlasığmaz, havadan bir rəqəm dedi. Treyder bunun mümkün olduğunu söyləyəndə Mask telefonu qapadıb “Onların başları xarab olub, axı bu şəkildə pulları iki dəfə artırmaq olar. Axı hər şeyi Sem dayı (ing. Uncle Sam – Amerikanın simvolik adı – İ.N.) ödəyir’’ dedi’’. Hər şey çox sadə idi.

Mask o zaman bütün yayı saatı 14 dollardan çalışmış, müdirlərin qəhvə aparatından istifadə etdiyi üçün danlanmış və artıq çoxlu pul qazanmaq üçün özünü göstərmək vaxtının gəldiyini düşünmüşdü. Qaçaraq müdirin otağına girmiş və ona gördüyü parlaq perspektivi söyləmişdi: “Siz havadan milyardlar qazana bilərsiniz’’. Müdirə yazdığı hesabat qısa müddət ərzində bankın CEO-suna çatdı. O isə təklifi rədd etdi. Səbəb kimi də bankın Braziliya və Argentina borcları ucbatından artıq bir dəfə “yandığını’’ və bir daha belə avantüraya girmək istəmədiyini göstərdi. Mask məsələnin fərqli olduğunu ona izah etməyə çalışdı: “Axı burada Sem dayının dəstəyi var. Cənubi Amerikada olub-keçənlər önəmli deyil. ABŞ Maliyyə Nazirliyi batmadıqca siz heç nə itirə bilməzsiniz’’. Buna baxmayaraq onlar heç nə etmək istəmədilər, Mask dərindən sarsıldı. Sonralar Mask banklarla mübarizə aparanda yaşadıqlarını yada salacaq, bu da özünə olan inamını artıracaqdı. Bütün bankirlərin elədikləri özündən əvvəlkilərin elədiklərini təkrarlamaqdır. Biri özünü uçurumdan aşağı atsa, o birilər də eyni şeyi edirlər. Əgər otağın ortasında bir qucaq qızıl varsa, biri onu almasa, digərləri də almayacaqlar.

Mask sonrakı illərdə internet-bank qurmaq haqda düşünməyə başladı. 1995-də Pinnacle Research-də təcrübə keçdiyi zaman da bunu açıq şəkildə dilə gətirirdi. Gənc Mask buradakı elmi işçilərə maliyyə sferasında onlayn sistemlərə keçmənin labüdlüyündən danışırdı. Ona etiraz edir, səbəb kimi internet şəbəkəsinin güvənliyinin lazımi səviyyədə olmadığını göstərirdilər. Onlar “bu problemin həlli üçün yüz illər lazımdır” deyirdilər. Lakin Mask yenə də öz fikrində qalır, maliyyə sektorunun radikal modernləşmə çağının astanasında olduğunda israr edirdi. O, nisbətən az sərmayə ilə bank sektoruna çox böyük təsir göstərəcəyinə inanırdı. 2003-cü ildə Stanford universitetindəki çıxışında belə deyiridi: “Bank əməliyyatları çox da geniş diapazon tələb etmir. Pulla çalışmaq üçün infrastrukturu inkişaf etdirməyə də ehtiyac yoxdur. Əslində, bu, məlumat bazasında sadəcə olaraq bircə sətirdir’’.

Maskın planı möhtəşəmdi. Pinnacle araşdırmaçıları insanların internetdə mühasibat işlərini aparmasının rahat olmayacağını deyirdilər. Bəlkə, kimsə risk edərək kredit kartının nömrəsi ilə şəbəkəyə girəcək, amma kimsə bank hesablarını internetə etibar etməyəcək, bunu heç eşitməyəcəklər belə. Onda nə etmək lazımdı? Mask onlayn xidmət göstərən maliyyə qurumu yaratmağı düşündü. Bu şirkət hesab açacaq, əmanətləri qəbul edəcək, cari hesablara baxacaq, broker və sığorta xidmətləri göstərəcəkdi. Texnoloji baxımdan belə bir servis mümkündü, ancaq onlayn-bank qurmağın özü cəhənnəm əzabıydı. Hətta ən nikbin insan belə bunun çətin olacağını deyirdi. Bu artıq hansısa pitseriyaya marşrut çəkmək və ya daşınmaz əmlak kataloqu hazırlamaq deyildi. İşiniz insanların pulları ilə bağlı olacaqdı və əgər nəsə tərs getsə, nəticə dəhşət olacaqdı.

Ancaq bunlar Maskı qorxutmurdu. O, planını hələ Zip2-nin satışından öncə hazırlamışdı. Şirkətin ən yaxşı mühəndisləri ilə danışmış, kimin yeni macəraya qatılmaq istədiyini öyrənmişdi. Müzakirələrə Kanada bankındakı tanışlarını da cəlb etdi. 1999-un yanvarında Zip2-nin İdarə Heyəti satış üçün müştəri axtaranda Mask bank planını həyata keçirməyə başladı. Mart ayında isə Mask pornoqrafik bir ismə bənzəyən X.com adlı maliyyə startapını qeydiyyatdan keçirtdi.

Çiynində bel çantası ilə Kanadaya ayaq basmış yeniyetmədən 27 yaşlı multimilyonerə dönməsi üçün Maska on ildən də qısa bir zaman lazım olmuşdu. Qazandığı 22 milyon sayəsində o, üç nəfərlə yaşadığı birotaqlı evdən 200 m2 -lik təmirli evə köçmüşdü. Bundan başqa, bir milyon dollara McLaren F1 idman avtomobili və pərli təyyarə aldı, təyyarə sürməyi öyrəndi.

Dotcom milyoneri kimi məşhurlaşmağa başladı. Səhər saat 7-də CNN müxbirləri onun evinin qarşısında avtomobilin təhvil verilməsini gözləyirlər. Budur, 18 təkərli qara rəngli bir yük maşını evin önündə dayanır və içindən gümüşü rəngli zərif bir maşın çıxır. Mask qolları sinəsində, ağzıaçıq, heyranlıqla onu izləyir. Və ona tuşlanan CNN mikrofonuna bunları deyir: “Dünyada cəmi 62 ədəd McLaren var və onlardan biri mənimdir. İşə bir bax! İnana bilmirəm! Aləmsən, cavan oğlan!”

CNN axşam xəbərlərində avtomobilin sahibinə verilməsi kadrlarını da efirə verdi. Mask müvəffəqiyyət qazanmış bir nuvoriş (fr. nouveau riche – sürətlə varlanan adam, yeni zəngin – İ.N.) karikaturasına bənzəyirdi. Saçları seyrəlməyə başlamışdı, qısa kəsdirilmiş saçları onun sifətinin uşaq cizgilərini daha bariz göstərirdi. Əynində geniş bir gödəkçə var, gözqamaşdırıcı bir maşında mobil telefonla danışır, yanında isə dünyalar gözəli sevgilisi Castin oturub. Əfsunlanıb sanki Maks. Dürr tökülür ağzından, zəngin adam kimi aparır özünü. Zip2-nin satışı haqda belə deyir: “Bunlar sadəcə puldur. Üstündə Ben Franklinin olduğu kağız dəstləri’’, lüks həyatı haqda isə belə: “Bu isə dünyanın ən sürətli avtomobilidir’’, sonsuz iddiaları haqda du bunları: “İstəsəm, Baham adalarında ada alıb malikanə tikərdim, amma mənə yeni şirkət yaratmaq daha maraqlıdır’’ deyir. Çəkiliş qrupu Maskın arxasınca X.com-un ofisinə girir, özündənrazı İlonun ağzından yeni incilər tökülür: “Mən adi bankir çərçivəsinə sığmıram’’, “50 milyon nə puldur ki? Telefonla bir-iki zəng etsəm, pullar əlimdə olacaq’’, “X.com milyard dollarlıq şirkət olacaq’’.

Mask McLaren-i Floridada bir avtomobil qalereyasından satın aldı. Maşına hamıdan əvvəl Ralf Loren[10] göz qoymuşdu, ancaq Mask son anda daha erkən davrandı. Loren kimi çox varlı adamlar McLaren-ə xüsusi hallarda minir, özəl günlərdə və bazar gəzintilərində sürürlər. Amma Mask onlar kimi deyildi. O, maşını ilə bütün Silikon Vadisini başdan-ayağa gəzdi. Onu X.com-un ofisləri önündə saxlayırdı. Sənət əsəri sayılan bu maşını göyərçinlərin batırıb pis günə qoyduqlarını və onu Safeway supermarketinin önündə görənlər dəhşətə gəlirdilər. Mask bir gün McLaren-in sahibi, Oracle korporasiyasının (120 min insanın çalışdığı, Microsoft-dan sonra dünyanın ikinci proqram şirkəti – İ.N.) qurucusu Larri Elisona (Larry Ellison) e-mail yazıb onu trekdə yarışmağa dəvət etdi. Sürətli avtomobillər “xəstəsi’’, milyarder Cim Klark (Jim Clark, 1944, Netscape korporasiyasının qurucusu – İ.N.) bu dəvətdən xəbər tutub dostlarından birinə deyir ki, gedim Ferrari mağazasına dəyim, görüm onlarla rəqabət edəcək nə alıram. Mask artıq “Böyük adamlar klubu”nun üzvü olmuşdu. Yaxın dostu, iş adamı Corc Zakari (George Zachary) belə deyirdi: “İlon həyəcanlı idi. Mənə Larri ilə yazışmasını göstərirdi’’.

Bir il sonra investorlardan biri ilə görüşə gedirdi. Sand Hill yolunda yanındakı dostuna “Bir buna bax’’ deyərək qaz pedalını sona qədər basdı. Yan cərgəyə keçərək spin atdı (əl əyləcini çəkib avtomobili yerində fırlatmaq – İ.N.) və yol hasarına çırpıldı. Zərbənin gücü ilə maşın havada uçan boşqab kimi dönməyə başladı. Pəncərələr çilik-çilik, korpus və təkərlər parça-parça oldu. Yenə dostuna tərəf dönüb belə dedi: “Ən gülməlisi odur ki, maşının sığortası yoxdur’’. Görüşə yoldan keçən bir maşınla getdilər.

Xoşbəxtlikdən Mask pleyboy obrazına qismən münasib idi. Zatən Zip2-dən əldə etdiyi gəlirin böyük hissəsini X.com-a yatırmışdı. Bunun səbəbləri vardı. Vergi qanunvericiliyinə görə, investorlar mənfəəti ancaq ilk iki ayda qazanarlarsa, rahat istifadə edə bilirlər. Mask da X.com-a 12 milyon dollar qoydu, vergiləri çıxandan sonra da şəxsi xərcləri üçün özünə 4 milyon ayırdı. Zip2-nin keçmiş əməkdaşı, sonradan X.com-un təsisçilərindən biri olan Ed Ho Mask haqda belə deyir: “Bu onu sıravi insanlardan ayıran sərhəddir. Mask ağlasığmaz riskə getməyə qorxmur. Belə bir riskə gedənin ya tale üzünə güləcək, ya da gecələrini avtobus dayanacağında keçirəcəkdi’’.

Maskın X.com-a bu qədər böyük vəsait yatırması sonradan baxanda daha da anlaşılmaz görünür. 1999-cu il “.com’’ uğuruna belə baxmaq lazımdır – o özünü bir dəfə isbat etdi, sonra bir neçə milyon qazandı və bununla da insanları növbəti işinə pul qoymağa inandırdı. Mask kənardan investorlara güvənsə də, əsas yatırımı özü qoydu. Ona görə də Mask televizorda bütün “.com’’ oyunçuları kimi danışsa da, əməldə Silikon Vadisinin ilk illərindəki kimi bütün məsuliyyət və riski öz üzərinə götürmüşdü. Intel də o zaman belə bir qərar vermişdi.

Zip2 faydalı bir ideya idi. X.com isə böyük və inqilabi dəyişikliklər edəcək bir şirkət. Mask bütün stereotipləri alt- üst etdiyindən onunla maliyyə cəhətdən güclü qurumlar arasında qarşıdurma yaranırdı. Belə çətin biznesə başlamazdan əvvəl özünəxas tərzini “itiləməyə’’ başladı. Bu biznesin xüsusiyyətlərini bilməməsi onu ürkütmürdü. O, bankirlərin işlərini yanlış gördüklərini düşünür, onlardan daha yaxşı bacaracağına inanırdı. Maskın eqosu və özünə olan inamı bəzilərini valeh edir, bir çoxlarını isə qorxudurdu. X.com-un quruluşu Maskın həm kreativlik və inadı, həm də konfrontasiyaya getmək və idarəçi kimi zəif yerləri haqda çox şey deyəcəkdi. O qurduğu şirkətdən atılmağın necə ağır bir şey olduğunu anlayacaq, ideyalarının həyata keçməməsinin acısını yenidən dadacaqdı.

X.com-u qurmaq üçün Mask özünün ulduzlar komandasını topladı. Ho SGI və Zip2-də mühəndis kimi çalışmışdı və iş yoldaşları onun kod (proqram) yazmaq məharətini və kollektiv çalışma stilini çox təqdir edirdilər. Komandaya maliyyə sektorundan iki kanadalı – Harris Friker və Christopher Payne dəvət olundu. Mask Frikeri Bank of Nova Scotia-dan tanıyırdı və onlar tez ümumi dil tapdılar. Rods təqaüdçüsü[11] Friker X.com üçün vacib olan bankların çalışma mexanizmləri haqda bilgilər gətirdi. Payne Frikeri Kanadadan tanıyırdı. Elə bu dörd nəfər də X.com-u təsis etdi, Mask da qoyduğu böyük miqdarda sərmayə ilə onun ən böyük səhmdarı oldu. Şirkət Silikon Vadisi ənənələrinə görə “beyin fırtınasının’’ aparıldığı bir mənzildə yarandı. Sonra isə Palo-Altodakı Universitet prospekti, 394 adresindəki ofisə keçdi.

Təsisçilər bank sisteminin zəmanədən geri qaldığı qənaətində idilər. İnternet çağında bank şöbəsinə gedib kassirlə danışmaq çox arxaik görünürdü. Bütün fikirlər qulağa xoş gəlirdi, amma Mask və komandasını saxlayan yeganə şey reallıq idi. Maskın bank sferasında təcrübəsi çox azdı, ona görə də kitablar alır, işin daxili mexanizmlərini anlamağa çalışırdı. Fəaliyyət planını hazırladıqca hüquqi-normativ məsələlərin keçilməz sədd olduğunu daha çox başa düşürdü. O günləri Ho belə xatırlayır: “Dörd və ya beş ay keçmişdi, biz isə elə hey yerimizdə sayırdıq’’. Təsisçilər hansısa bir mərhələdə problemi həll etməyin ən sadə yolunun bir bank alıb onu öz bildikləri kimi yenidən qurmaq olduğunu düşünmüşdülər. Bu yolla getmək alınmadı. Onlar Bank of America-nın maliyyə şöbəsinin təcrübəli rəhbəri ilə əlaqə yaratdılar, o, kreditləşmənin çətinlikləri, pul köçürmələri və hesabların qorunması haqda xeyli suala aydınlıq gətirdi.

Aralarında şəxsi münaqişələr başladı. Mask Silikon Vadisinin gələcək vəd edən super-starı idi, mətbuat onu sevirdi. Bu, Frikerin xoşuna gəlmirdi. O, Kanadadan gəlmişdi və özünü bank sehrbazı kimi göstərmək üçün X.com yaxşı bir fürsət idi. Çox adam Frikerin şirkəti idarə etmək istəyindən danışırdı. O, Maskın bütün bank sistemini yenidən qurmaq fikrini sarsaq fikir adlandırır, şirkətin üzərinə çox böyük vəzifə qoyduğunu deyirdi: “Biz mətbuata günəş, ay və ulduzlar vəd etmişdik. İlon klassik biznes mühitindən və alışdığımız işgüzar düşüncədən imtina etməyi təklif edir. O, “Xoşbəxtlik fabriki” qurub Silikon Vadisinə nasosla xoşbəxtlik vuracağını deyir’’. Friker Maskı işlərini ifrat dərəcədə reklam etməyə, qalmaqal yaradaraq kütləyə oynamasına görə günahlandırırdı. O, Maskı günahlandıran sonuncu adam olmayacaqdı. Ancaq bunların Maskın çatışmazlığımı, yoxsa məziyyətimi olduğu mübahisəli məsələ idi. Bəlkə də, bunlar Maskın bir iş adamı kimi böyük istedadının göstəricisi idi.

Frikerlə Mask arasındakı dava çox tez və çirkin bir şəkildə sonlandı. Şirkətin qurulmasından beş ay sonra Friker üsyan qaldırdı. Mask o hadisəni belə xatırlayır: “Friker CEO olmaq istəyirdi, əks təqdirdə hamını özü ilə aparıb başqa bir şirkət quracaqdı. Mən də “bir şantajın əskikdi” dedim, “get və qur”. O da getdi’’. Mask Ho ilə bəzi önəmli adamları saxlamağa çalışsa da, onlar Frikerin tərəfini tutaraq şirkəti tərk etdilər. Maska şirkətin adı və iki-üç sadiq işçisi qaldı. Şirkətdə qalan Culia Ankenbrandt durumu belə təsvir edir: “Hadisədən sonra İlonla ofisdə oturmuşduq. O vaxt X.com kimi biznes qurmağa əngəl bəzi qanunlar vardı. Amma İlonun vecinə deyildi. Mənə baxıb bir neçə işçi almağımızı söylədi”[12].

Mask X.com üçün maliyyə qaynaqları axtarırdı. Vençur sahibkarlarını ayrı-ayrılıqda ziyarət edir, şirkətində qəpik-quruş qaldığını etiraf etməkdən çəkinmirdi. Sequoia Capital şirkətindən məşhur investor Mike Moritz onlara dəstək oldu. Mask özünü yenidən Silikon Vadisinin küçələrinə atdı, bəlağətli nitqi ilə internet-bankların gələcəyindən danışaraq şirkətə yeni əməkdaşlar cəlb etdi. Skott Anderson adlı gənc bir kompüter mütəxəssisi 1 avqust 1999 tarixində işə başladı, çox keçmədən şirkətin gələcəyi ilə bağlı o da Mask kimi düşünməyə başladı. Anderson belə deyirdi: “Dönüb geri baxanda bunun tamamən bir dəlilik olduğunu gördüm. Hollivud dekorasiyalı nəsə bir sayt. İnvestorların bu işə hansı ağılla pul qoyduqları qəribə idi’’.

Gün keçdikcə mühəndislərin sayı artır, hədəf daha aydın görünməyə başlayırdı. Şirkət bank fəaliyyəti üçün lisenziya aldı. Sonra investisiya fondunun hissə lisenziyasına sahib oldu və maliyyə konqlomeratı Barclays ilə ortaq oldu. Noyabr ayında kiçik proqramçılar qrupu FDIC (Depozitlərin sığortası üzrə Federal korporasiya – İ.N.) təminatlı, hesabları tam sığortalı olan dünyanın ilk internet bankını qurdular. Mask test üçün öz cibindən 100 min dollar pul verdi. Şükranlıq günü gecəsi X.com ilk xidmətləri göstərməyə başladı. Anderson o gecəni belə xatırlayır: “Gecə ikiyə qədər oradaydım. Sonra bayram yeməyi hazırlamaq üçün evə getdim. Bir neçə saat sonra İlon telefon edib digər mühəndislərin dincəlməsi üçün məni ofisə çağırdı. Özü isə iki sutka idi şirkətdən çıxmırdı, hər şeyin çalışdığına əmin olmaq istəyirdi’’.

Maskın rəhbərliyi ilə X.com bir neçə əsas bank əməliyyatını sınaqdan keçirtdi. Müştərilər saytda qeydiyyatdan keçən kimi hesablarına 20 dollar yatırılır, cəlb etdikləri hər yeni müştəriyə görə isə 10 dollarlıq hədiyyə çeki verilirdi. Mask banklarda müştərilərdən çıxılan xidmət xərcləri və mənasız cərimələri ləğv elədi. X.com şəxsi ödəmələrin müasir köçürtmə sistemini qurdu. Artıq pul göndərəcəyin adamın e-mail ünvanını bilmək kifayətdi ki, ona pul köçürəsən. “Astagəl’’ bank sistemi çevik bank əməliyyatları ilə çöhrəsini dəyişirdi. Maskın gətirdiyi yeniliklər inqilabi xarakter daşıyırdı və ilk iki ayda 200 mindən çox adam X.com-un müştərisi oldu.

Çox keçmədən X.com-un güclü bir rəqibi çıxdı. Maks Levçin və Peter Thiel adlı iki ağıllı gənc Confinity adlandırdıqları ödəmə sistemi üzərində çalışırdı. Çalışdıqları kiçik yer Maskın ofısində idi, oranı X.com-dan icarəyə götürmüşdülər. Gördükləri iş isə Palm Pilot (geniş funksional imkanları olan portativ hesablama aparatı – İ.N.) sahibi olanların köçürmələrini infraqırmızı portlar üzərindən həyata keçirmək idi. X.com və Confinity şirkətlərinin yerləşdikləri Universitet prospektindəki bina internetdə maliyyə inqilabının mərkəzinə çevrildi. Ankerbrandt o gəncləri belə xatırlayır: “O iki gənc hər şeyi unudub çalışırdı. İçəridə çox pis bir qoxu vardı. İndiyədək burnumdadır: pizza artıqları, kirli bədən və tər qoxusu’’.

X.com və Confinity arasında yaranmış qəribə dostluq anidən bitdi. Confinity eyni prospektdə yerləşən başqa bir ofisə köçdü və PayPal adı verdikləri internet vasitəsilə öz ödəmə sistemi üzərində çalışmağa başladı. Daha çox müştəri toplamaq üçün iki şirkət arasında şiddətli savaş başladı. Qələbə daha çox müştəri toplayanın olacaqdı. On milyonlarla dollar reklam kampaniyalarına, başqa milyonlar isə maliyyə fırıldaqları üçün yeni sahə tapmış hakerlərlə mübarizəyə xərcləndi. Sonralar Yelp-in (Xidmət sektorunu qiymətləndirmə sistemi – İ.N.) CEO-su olacaq X.com mühəndisi Jeremy Stoppelman belə deyir: “Bu, stripriz klubunda qızların üstünə pul səpələməyin internet versiyasına bənzəyirdi. Pullar görünməmiş bir sürətlə qurtarırdı’’.

İnternet ödəmələrində liderlik uğrunda yarış Maska çevikliyini və iş əxlaqına verdiyi önəmi nümayiş etdirməyə imkan yaratdı. Mask PayPal-ın eBay kimi internet-hərraclarda əldə etdiyi üstünlüyə qarşı sürəkli yeni planlar qururdu. O, X.com çalışanlarını rəqiblərlə həlledici döyüşə hazırlayırdı. Ankenbrandt belə xatırlayır o anları: “Xoş sözlər deməyə ehtiyac yox idi. Biz sutkada 20, Mask isə 23 saat çalışırdı’’.

Mart 2000 tarixində X.com və Confinity, nəhayət, düşmənçiliyə son verib güclərini birləşdirdilər. Confinity-nin PayPal kimi “bərkgedən’’ bir məhsulu vardı, amma yeni müştərilərinə gündə 100 min dollar pul ödəyir, inkişaf etmək üçünsə maliyyə ehtiyatları yoxdu. X.com-un isə əksinə, böyük pul ehtiyatları və bank kimi mürəkkəb bir quruluşu vardı. Mask birləşmə şərtlərinin şəkilləndirilməsində təşəbbüsü öz üzərinə götürdü və nəticədə birləşmiş şirkətin ən böyük səhmdarı oldu. Şirkət X.com adını saxladı. Anlaşmadan az bir zaman sonra Deutsche Bank və Goldman Sachs kimi iki böyük quruluş X.com-a 100 milyon dollar verərək sponsor oldular. Artıq müştərilərinin sayı bir milyonu keçmişdi[13].

bannerbanner