banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Hekayələr
Oskar Uayld

Hekayə ustaları
Oskar Uayldın bu kitabda toplanan nağıllarında dövrün ictimai bəlaları əks olunur. Əksəriyyəti xoşbəxt sonluqdan uzaq olan həmin nağıllarda ciddi problemlər haqqında söhbət açılır.

Oskar Uayld

Hekayələr

XOŞBƏXT ŞAHZADƏ

Şəhərdən xeyli yüksəkdə, hündür sütun üzərində Xoşbəxt Şahzadənin heykəli dayanmışdı. Onun üstü başdan-başa xalis qızıldan düzəldilmiş zərif yarpaqlarla örtülmüşdü. Gözlərinin yerində iki parlaq sapfir vardı. Qılıncının dəstəyində isə iri qırmızı yaqut parlayırdı.

O, doğrudan da, çox gözəl idi. Kim baxırdısa, heyran qalırdı. Şəhər müşavirlərindən biri heykələ tamaşa etdikdən sonra incə zövqə malik olduğunu bildirmək istədi:

– Lap flüger kimi gözəldir, – dedi. Ancaq camaatın istehza edəcəyindən çəkinərək tez də sözünü dəyişdi: – Amma heyif, gözəl olsa da, xeyirsiz şeydir.

Balaca bir oğlan ağlayırdı. Anası ona acıqlandı və heykəli göstərdi:

– Sən niyə Xoşbəxt Şahzadəyə oxşamırsan? O, boş şey üçün ağlamır. Heç ağlamaq fikrinə də düşmür, amma sən boş-boşuna hey ağlayırsan.

Dünyadan bezib məyuslaşmış bir qoca kişi heykələ baxaraq köks ötürdü:

– Mən şadam ki, heç olmasa, yer üzündə tamamilə xoşbəxt olan belə bir heykəlsə var…

Xeyriyyə cəmiyyətinin yoxsullar üçün açdığı məktəbdə oxuyan al-qırmızı plaşlı və təmiz ağ önlüklü uşaqlar kilsədən çıxanda heykəli göstərdilər:

– O lap mələyə oxşayır.

Riyaziyyat müəllimi hirsləndi:

– Bunu nədən bilirsiniz? Axı siz heç vaxt mələk görməmisiniz.

Uşaqlar cavab verdilər:

– Biz onu yuxuda görürük.

Uşaqların bu cavabından xoşlanmayan riyaziyyat müəllimi qaşqabağını salladı və zəhmli görkəm aldı.

Bir gecə kiçik bir qaranquş şəhərin üstündən uçub keçirdi. Onun yoldaşları altı həftə əvvəl Misirə yola düşmüşdülər. O isə gözəl bir qamışa vurulduğundan ləngimişdi. Qaranquş ona baharın əvvəlində iri, sarı kəpənəyin arxasınca çayaşağı uçanda rast gəlmişdi. Qamışın incə beli onu elə cəlb etmişdi ki, onunla söhbət üçün dayanmışdı. Uzunçuluqdan xoşu gəlməyən Qaranquş elə o dəqiqə soruşmuşdu:

– Mən səni sevə bilərəmmi?

Qamış isə razılıq əlaməti olaraq başını azca aşağı əymişdi. Bundan sonra Qaranquş qamışın başına dolanmış, qanadlarını suya toxunduraraq xəfif ləpələr yaratmışdı. Qaranquş bununla öz məhəbbətini bildirirmiş. Bütün yayı beləcə davam etmişdi.

– Bu, çox gülməli məhəbbətdir, qamışın heç nəyi yoxdur, amma bolluca qohumları var, – deyə başqa qaranquşlar istehza ilə civildəşirdilər. Doğrudan da, çay başdan-başa qamışla dolu idi.

Yay keçdi, payız gəldi, qaranquşların hamısı uçub getdi. Yoldaşları uçub gedəndən sonra Qaranquş özünü tənha hiss elədi, saatlarla başına fırlansa da, sevgilisindən nəvaziş görmədi. Bu hal onu qorxuya saldı. Öz-özünə söyləndi:

– O mənimlə heç danışmaq da istəmir. Görürəm, həmişə küləklə eşqbazlıq edir.

Əlbəttə, külək əsəndə qamış xışıldayıb incə-incə rəqs edirdi. Qaranquş sözünə davam etdi:

– Deyəsən, bizimki tutmayacaq. O, xanənişindir, lakin mən səyahəti sevirəm, mənim həyat yoldaşım da özüm kimi səyahəti sevməlidir.

Nəhayət, Qaranquş ondan soruşdu:

– Sən mənimlə gedərsənmi?

Lakin qamış öz evinə çox bağlı olduğundan başını yelləyərək rədd cavabı verdi. Qaranquş hirsləndi:

– Sən məni ələ salırsan! Daha dözə bilmirəm. Mən ehramlar diyarına uçuram. Sağ ol! – dedi və uçub getdi.

Qaranquş bütün günü uçdu və şər qarışanda bir şəhərə çatdı.

– Mən harda daldalanacağam? – deyə özündən soruşdu və birdən hündür sütun üzərindəki heykəli gördü, sevincindən qışqırdı: – Mən orada daldalanaram. Ora gözəl yerdir, havası tərtəmizdir.

Beləliklə, Qaranquş Xoşbəxt Şahzadənin ayaqları arasına qondu. Ətrafına göz gəzdirib yavaşca dedi:

– Mənim yatağım qızıldandır.

Qaranquş yatmağa hazırlaşdı. Başını yenicə qanadının altına qoymuşdu ki, iri bir su damlası onun üstünə düşdü. Qaranquş diksindi:

– Bu nə qəribə şeydir. Göyün üzündə bir parça bulud yoxdur, ulduzlar sayrışır, amma yağış yağır. Şimali Avropanın iqlimi, doğrudan da, dəhşətlidir.

Sonra bir damla da düşdü. Qaranquş:

– Əgər bu boyda heykəl adamı yağışdan qorumursa, onun xeyri nədir? Yaxşısı budur, özümə başqa daldalanacaq tapım, – dedi və uçub getməyi qərara aldı. Lakin qanadlarını açmamış üçüncü damla düşdü. Qaranquş yuxarı baxdı. Siz bilən, o nə gördü?

Xoşbəxt Şahzadənin gözləri yaşla dolmuşdu və göz yaşları onun qızıl yanaqlarından axırdı. Ay işığında onun gözəl üzü o qədər məhzun görünürdü ki, Qaranquş kövrəldi:

– Sən kimsən?

– Mən Xoşbəxt Şahzadəyəm.

– Sən nə üçün ağlayırsan? Məni tamam islatmısan.

Heykəl cavab verdi:

– Mən sağlığımda, canlı ürəyim olanda göz yaşının nə olduğunu bilməmişəm, çünki mən qəm-qüssənin yaxın düşə bilmədiyi San-Susi sarayında yaşamışam. Gündüzlər yoldaşlarımla bağda oynamışam, axşamlarsa Böyük Zalda rəqs etmişəm. Bağın ətrafı boyunca hündür hasar uzanırdı. Mənim üçün hər şey gözəl olduğundan hasarın o tayında nələr baş verdiyi məni narahat etməmişdi. Saray adamları mənə Xoşbəxt Şahzadə deyirdilər. Əgər kefi xoşbəxtlik adlandırmaq olarsa, demək, mən o zaman, doğrudan da, xoşbəxt imişəm. Mən eləcə yaşayıb, eləcə də öldüm. Öləndən sonra onlar məni bax bura, elə hündür yerə qoyublar ki, buradan şəhərimin bütün eybəcərliyini, çirkinliyini indi aydın görürəm. Bu səbəbdən, ürəyim qurğuşundan olsa da, ağlamaya bilmirəm.

Qaranquş öz-özünə pıçıldadı:

– Nə? Demək, o, tamam qızıldan deyil?

Ancaq nəzakətli olduğundan bunu üzə vurmadı.

Heykəl asta, məlahətli səslə sözünə davam etdi:

– Uzaqda, lap uzaqda, kiçik bir küçədə yoxsul bir ev var. Pəncərələrdən biri açıqdır və mən stol arxasında oturmuş bir qadın görürəm. Dərzidir. Onun arıq üzü, paltar tikməkdən kobudlaşmış, iynədən deşilmiş qırmızı əlləri var. O, kraliçanın ən sevimli saray xanımlarının atlaz paltarlarına növbəti saray rəqs axşamı üçün naxışlı çiçək tikir! Otağın küncündəki çarpayıda qadının xəstələnmiş kiçik oğlu uzanıb. Uşağın qızdırması var və o, portağal istəyir. Anasınınsa uşağa qaynanmış sudan başqa verməyə heç nəyi yoxdur. Buna görə də uşaq ağlayır. Balaca Qaranquş, sən mənim qılıncımın dəstəyindəki yaqutu onlara verə bilərsənmi? Mənim ayaqlarım kürsiyyəyə bərkidildiyindən yerimdən tərpənə bilmirəm.

Qaranquş:

– Məni Misirdə gözləyirlər, – dedi. – Yoldaşlarım Nil boyunca aşağı-yuxarı uçur və şanagüllələrlə söhbət edirlər. Tezliklə onlar böyük şahın sərdabəsinə yatmağa gedəcəklər. Şahın özü orada rənglənmiş tabutundadır. O, sarı kətana bükülmüş və ədviyyatla mumiyalanmışdır. Boynunda solğun-yaşıl nefrit zəncir var, əlləri isə solmuş yarpaqlara bənzəyir.

Şahzadə xahişini təkrar elədi:

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə qalıb mənim müjdəçim ol, sözümü yerə salma. Oğlan susayıb, anası da çox qəmgindir.

Qaranquş cavab verdi:

– Mənim oğlanlardan o qədər də xoşum gəlmir. Keçən yay, çay sahilində olanda, orada dəyirmançının iki dəcəl oğlu həmişə mənə daş atırdı. Əlbəttə, onlar heç vaxt məni vura bilmirdilər, biz qaranquşlar çox yaxşı uçuruq, bundan başqa, mən öz çevikliyi ilə məşhur olan bir ailədənəm, lakin onların bu hərəkəti mənə qarşı hörmətsizlik idi.

Xoşbəxt Şahzadə kədərləndi. O qədər qəmgin göründü ki, Qaranquş məyus oldu.

– Bura çox soyuqdur, lakin mən səninlə bir gecə qalıb müjdəçin olaram.

Şahzadə sevindi:

– Çox sağ ol, balaca Qaranquş!

Qaranquş iri yaqutu Şahzadənin qılıncından çıxarıb dimdiyinə aldı və şəhərin damları üstündən uçdu.

O, ağ mərmər mələk heykəlləri qoyulmuş kilsə qülləsinin yanından ötüb-keçdi. Sarayın yanından uçanda rəqs musiqisi eşitdi. Gözəl bir qız öz sevgilisi ilə eyvana çıxdı. Oğlan qıza dedi:

– Bax gör ulduzlar necə də sayrışır? Məhəbbət gözəl şeydir, əzizim.

Qız cavab verdi:

– Mən ümidvaram ki, paltarım vaxtında, rəqs gecəsi üçün hazır olacaq. Əmr etmişəm paltarıma naxışlı çiçəklər tiksinlər, lakin dərzilər çox tənbəl olurlar.

Qaranquş çayın üstündən uçub keçəndə gəminin dor ağacından asılmış fənərləri gördü. Cuhud məhəlləsindən ötüb-keçəndə qoca Cuhudu bir başqası ilə alver edən və pulları mis tərəzidə çəkən gördü. Nəhayət, o, yoxsul komaya çatdı və içəri baxdı. Ana yorulduğundan yuxuya getmişdi. Oğlan isə qızdırma içində çarpayıda çırpınırdı. Qaranquş içəri hoppandı, iri yaqutu stolun üstünə, qadının oymağının yanına qoydu. Sonra yavaşca çarpayının ətrafında uçdu və oğlanın alnını qanadları ilə yellədi.

Oğlan:

– Mən sağalacağam, – dedi və yuxuya getdi.

Sonra Qaranquş uçub geri, Xoşbəxt Şahzadənin yanına qayıtdı və əhvalatı ona nəql etdi. Dedi:

– Çox qəribədir, soyuq olsa da, mən üşümürəm.

Şahzadə gülümsündü:

– Bu ona görədir ki, sən xeyirxah iş görmüsən.

Bu sözlər balaca Qaranquşu düşündürdü və o, yuxuya getdi, çünki düşünəndə onu həmişə yuxu aparırdı. Səhər açılanda Qaranquş çaya çimməyə uçdü. Körpüdən keçən ornitologiya professoru quşu görcək təəccübləndi:

– Necə də qeyri-adi haldır! Qış vaxtı qaranquş?

Professor yerli qəzetə bu barədə uzun bir məktub yazdı. Məktub o qədər qəlizdi ki, onu heç kim başa düşmədi.

Qaranquş öz-özünə dedi:

– Bu gün mən Misirə uçuram.

O, çox xoşhal görünürdü. Qaranquş bütün görməli yerləri gəzmiş və kilsənin başındakı uzun milin üstündə bir xeyli oturmuşdu. Hara uçurdusa, sərçələr pıçıldaşır və bir-birinə deyirdilər:

– Bu qərib necə də yaraşıqlıdır!

Bu sözlər Qaranquşun çox xoşuna gəlirdi.

Ay doğanda o, Xoşbəxt Şahzadənin yanına gəldi.

– Mən indicə uçub gedirəm. Misirə bir tapşırığın varmı?

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə də qala bilərsənmi?

– Məni Misirdə gözləyirlər. Sabah yoldaşlarım ikinci şəlaləyə uçacaqlar. Hippopotamlar orda qamışların arasında gizlənirlər, böyük qranit taxtda isə Memnon allah oturur. Bütün gecə o, ulduzlara tamaşa edir. Dan ulduzu doğanda isə bircə dəfə sevinclə qışqırır, sonra susur. Günortaçağı sarı aslanlar su içməyə gəlirlər. Onların gözləri parıldayır, nəriltiləri isə şəlalənin gurultusundan da güclüdür.

Şahzadənin səsi yenidən eşidildi:

– Qaranquş, Qaranquş, balaca Qaranquş, xeyli uzaqda, şəhərin o tayında mən çardaqda bir cavan oğlan görürəm. O, üstü kağızla dolu partaya söykənib. Qarşısındakı nazik stəkanda bir dəstə solmuş bənövşə var. Onun qəhvəyi, kövrək saçları, nar kimi qırmızı dodaqları və iri, ağıllı gözləri var. O, teatrın direktoru üçün əsəri yazıb qurtarmağa çalışır, lakin soyuq olduğundan heç nə yaza bilmir. Buxarıda od yoxdur, aclıq isə onu lap əldən salıb.

Urəyiyumşaq və mərhəmətli Qaranquş:

– Mən səninlə bir gecə də qalaram, – dedi. – Onun üçün başqa bir yaqut götürə bilərəmmi?

Şahzadə cavab verdi:

– Heyhat! İndi mənim yaqutum yoxdur. Veriləsi şey varsa, o da gözlərimdir. Onlar min il bundan qabaq Hindistandan gətirilmiş nadir sapfirlərdən düzəldilmişdir. Birini çıxart və ona apar. Cavan oğlan sapfiri zərgərə satar, odun alar və əsəri yazıb qurtarar.

Qaranquş:

– Əzizim Şahzadə, mən bunu edə bilmərəm, – dedi və ağlamağa başladı.

Şahzadə onu sakitləşdirdi:

– Qaranquş, Qaranquş, balaca Qaranquş, mənim dediyim kimi elə.

Beləliklə, Qaranquş Şahzadənin bir gözünü çıxartdı və tələbənin çardağına tərəf uçdu. Damda deşik olduğundan içəri girmək çox asan idi. O, burdan içəri cumdu və otağa keçdi. Gənc başını əlləri arasında gizlətdiyindən quşun qanadlarının pırıltısını eşitmədi. Gözlərini yuxarı qaldıranda gözəl sapfiri solmuş bənövşələrin üzərində gördü:

– Məni qiymətləndirməyə başlayırlar. Bu, böyük bir pərəstişkardandır. İndi əsəri yazıb qurtara bilərəm.

O biri gün Qaranquş limana uçdu. O, böyük bir gəminin dor ağacına qondu və dənizçilərin kəndirlə böyük sandıqları gəminin anbarından sürüyüb çıxarmasına tamaşa etdi. Hər sandığı çıxaranda onlar: “Götürdük!” – deyə qışqırırdılar.

Qaranquş qışqırdı:

– Mən Misirə gedirəm.