banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Ördək onun cavabında:

– Heç elə şey olar?! – dedi. – Axı hər uşağın bir xasiyyəti var. Valideyn balasının nazını çəkməyi bacarmalıdır.

Susiçovulu:

– Ailəm olmadığından valideynlərin keçirdiyi hislər mənə yaddır. Mən heç vaxt evli olmamışam. İndiyədək heç evlənmək fikrinə də düşməmişəm. Məhəbbət öz-özlüyündə nə qədər yaxşı şey olsa da, dostluğa çata bilməz. Dostluq ondan qat-qat üstündür. Sözün düzü, mən dünyada sadiq dostluqdan gözəl və ülvi bir şey tanımıram.

– Elə isə, de görək, səncə, sadiq dost necə olmalıdır? – deyə yaxınlıqdakı söyüd ağacında oturan yaşıl kətanquşu söhbətə qarışdı. O, təsadüfən susiçovulunun dediklərini eşitmişdi.

Ördək:

– Elə mən də bunu bilmək istərdim, – deyib axmazın o biri başına tərəf üzdü və uşaqlarına ibrət dərsi vermək üçün suya baş vurdu. Susiçovulu:

– Axmaq sualdır, – dedi. – Mənim dostum, heç şübhəsiz, mənə sadiq olmalıdır.

– Bəs bunun müqabilində sən nə etməlisən? – deyən quşcuğaz toz kimi havaya qalxan gümüşü su damlalarının üzərində qanad çalaraq dayandı.

Susiçovulu:

– Mən səni anlamıram, – dedi.

Kətanquşu:

– Gəl onda sənə bu barədə bir əhvalat danışım.

– Bu əhvalat mənim haqqımdadır? – deyə susiçovulu soruşdu. – Belə isə, mən ona qulaq asaram. Maraqlı əhvalatlardan yaman xoşum gəlir.

Kətanquşu:

– Söyləyəcəyim əhvalat sənin kimilərinin haqqındadır, – deyib aşağı endi və sahilə qonub bir sadiq dostun başına gələnlər barədə danışdı.

O, söhbətinə belə başladı:

– Biri varmış, biri yoxmuş, yer üzündə Hans adlı namuslu bir insan varmış.

Susiçovulu xəbər aldı:

– O, məşhur adam idi?

– Yox, lap adicə bir insan idi. Mərhəmətli qəlbi vardı. Onun şən, yumru və gülər sifəti çoxlarına tanışdı. O, balaca daxmasında tək-tənha yaşayır və hər gün səhərdən axşamacan bağçasında əlləşirdi. Bütün ətrafda onunku kimi gözəl bağça tapılmazdı. Orada türk qərənfilləri, şəbbü çiçəkləri, çobanyastığı, qaymaqçiçəyi ilə bərabər, tünd-qırmızı və sarı qızılgüllər, yasəməni və qızılı krokuslar, ağ və çəhrayı bənövşələr, sırğagülü, çöltərəsi, mərzə, yabanı reyhan, süsən, sarımtıl nərgizlər və qırmızı qərənfillər vardı. Günlər, aylar ötdükcə gül-çiçəklər də bir-birini əvəz edir, biri açanda o birisi solurdu. Xülasə, bağçaya gələnlər bu gözəlliyə tamaşa etməkdən doymur, güllərin təravətindən, ətrindən az qala bihuş olurdular.

Balaca Hansın dostları çox idi. Ancaq onların içində ən sadiqi dəyirmançı Böyük Hyuq idi. Doğrudan da, varlı dəyirmançı Balaca Hansa o qədər bağlanmışdı ki, bağçasının yanından keçərkən çəpərdən əyilib böyük bir gül dəstəsi, yaxud qucaq dolusu ətirli çiçəklərdən dərməmiş, meyvələrin dəyən vaxtı isə ciblərini gavalı, ya da albalı ilə doldurmamış ötüb-getməzdi.

Dəyirmançı hər dəfə adəti üzrə:

– Dost dosta tən gərək, – deyəndə Balaca Hans gülümsəyər, başını tərpədərək onun sözlərini təsdiqləyər və özlüyündə dostunun belə nəcib niyyətli olması ilə fəxr edərdi.

Düzdür, dövlətli dəyirmançının bütün bunların müqabilində Balaca Hansa bir çöp də verməməsi bəzən qonşulara qəribə gələrdi. Axı onun dəyirmanda ehtiyat üçün gizlədilmiş yüz kisə unu, bundan başqa, altı sağmal inəyi, yaxşı yunu olan böyük qoyun sürüsü vardı. Lakin Balaca Hans bütün bunlar barədə fikirləşib başını ağrıtmazdı. Onun ən çox xoşuna gələn şey dəyirmançının əsl dostluğun xudbinlikdən nə qədər uzaq olması haqqında həmişə dediyi gözəl sözlərə qulaq asmaqdı.

Bu minvalla Balaca Hans öz bağçasında işləyər və gördüyü işdən həzz alardı. Yaz, yay, bir də payız aylarında o özünü xoşbəxt sanardı. Qışda isə, bazarda satılmağa nə meyvəsi, nə də gül-çiçəyi olanda, Hans soyuqdan, aclıqdan yaman əziyyət çəkərdi. Tez-tez elə olurdu ki, bütün günü dilinə armud qurusu, ya da daş kimi bərk qozdan başqa heç nə dəymir və o, ac-yalavac yatağına girib yatırdı. Qışda Hans həm də tək-tənha qalırdı. İlin bu vaxtı dəyirmançı onu heç yada salmırdı.

Dəyirmançı Balaca Hansdan xəbər tutmamağını arvadına, adətən, belə izah edirdi:

– Qar əriməyincə Hansın yanına getməyin onsuz da heç bir xeyri yoxdur. Axı onun belə çətin vəziyyətində öz dərdi özünə bəsdir. Belə hallarda adamı tək buraxmaq lazımdır. Hər halda, əsl dost bu cür hərəkət etməlidir. Zənnimcə, mən onun yanına getməməkdə haqlıyam. Balaca Hansın yanına yaz girəndən sonra gedəcəyəm ki, o mənə bir iri səbət novruzgülü verə bilsin. Bu onu dünyalar qədər sevindirəcək.

Dəyirmançının rahat, qoltuqlu kürsüdə, çatırtı ilə yanan ocağın istisində oturan arvadı isə cavabında deyirdi:

– Başqalarının qeydinə yaman qalırsan. Dostluq haqqında dediyin sözlər də adama ləzzət verir. Səni inandırıram ki, heç keşişimizin özü də, üçmərtəbəli evdə yaşamasına və çeçələ barmağında qızıl üzük gəzdirməsinə baxmayaraq, sənin dediyin sözlər qədər gözəl ifadələr işlədə bilməz.

Dəyirmançının kiçik oğlu söhbətə qarışdı:

– Bəs biz Balaca Hansı evimizə çağıra bilmərik? Əgər onun vəziyyəti ağırdırsa, yeməyə bir şeyi yoxdursa, mən sıyığımın yarısını ona verərəm. Hələ üstəlik, ağ dovşanlarımı da ona göstərərəm.

Dəyirmançı:

– Nə axmaq uşaqsan! – deyə qışqırdı. – Sənin məktəbə getməyinin nə xeyri olduğunu heç cür başa düşə bilmirəm. Deyəsən, orada heç nə öyrənmirsən. Balaca Hans bizə gəlib isti ocağımızı, dadlı yeməklərimizi və bir böyük çəllək qırmızı çaxırımızı görsə, bizə paxıllığı tutar. Paxıllıqdan da ki pis şey yoxdur. O, adamları korlayır. Mənsə Hansın paxıl olmasına heç cür yol verə bilmərəm. Onun ən yaxın dostu olduğumdan həmişə ona nəzarət etməli və yolunu azmağa qoymamalıyam. Bundan başqa, Hans gəlib məndən borc un istəsə, ona heç nə vermərəm. Un başqa şeydir, dostluq isə tamam başqa. Onları bir-biri ilə qarışdırmaq olmaz. Elə sözlərin özünü götürək. “Un” – “Dostluq”. Görürsənmi, onların nə tələffüzü, nə də mənası bir-birinə uyğun gəlir. Bu ki, Allaha şükür, hamıya məlumdur.

Özü üçün böyük stəkana ilıq ev pivəsi süzən dəyirmançının arvadı dilləndi:

– Gözəl danışdın. Məni yuxu basdı. Elə bil lap kilsədəyəm.

Dəyirmançı sözünə davam etdi:

– Camaatın çoxu yaxşı işlər görür, amma yaxşı danışmağı bacaran çox azdır. Bu da bir daha onu sübut edir ki, danışmağı bacarmaq hər adamın işi deyil. Həm də iş görməkdənsə, danışmaq yaxşıdır.

Bunu deyən dəyirmançı stolun o başında oturan kiçik oğluna acıqlı-acıqlı baxdı. Uşaq utandığından başını aşağı salıb qıpqırmızı qızardı. Göz yaşları damcı-damcı axıb qabağındakı çayın içinə töküldü. Hər halda, cavan olduğu üçün onu bağışlamalı olacaqsınız.

Susiçovulu soruşdu:

– Əhvalat bununla bitir?

– Əlbəttə yox, – deyə kətanquşu ona cavab verdi. – Bu hələ başlanğıcdır.

Susiçovulu:

– Onda sən zəmanədən geri qalmısan, – dedi. – İndiki zamanda əməlli-başlı rəvayətçilərin hamısı əhvalatın sonundan başlayıb əvvəlinə keçir və söhbətinə danışdığı əhvalatın ortasında yekun vurur. Bu, yeni üsuldur. Mən bunları dünən axmazın ətrafında bir gənclə gəzişən tənqidçinin söhbətindən eşitmişəm. O bu barədə xeyli danışdı. Əminəm ki, tənqidçi haqlıdır. Axı onun göy şüşəli eynəyi vardı. Başı da dazdı. Hər dəfə gənc bir söz deyəndə o, qəti narazılığını bildirir və heç nə ilə razılaşmırdı. Di yaxşı, Allah xatirinə, söhbətinə davam elə. Dəyirmançı yaman xoşuma gəlir. Mənim xasiyyətimdə də gözəl cəhətlər çoxdur. Ümumiyyətlə, bizim aramızda xeyli oxşarlıq var.

Kətanquşu bir ayağının üstündən o biri ayağının üstünə hoppanıb söhbətinə davam etdi:

– Beləliklə, qış qurtarandan və novruzgüllərinin ulduzabənzər sarımtıl ləçəkləri açılmağa başlayandan sonra dəyirmançı, arvadına Balaca Hansın yanına gedəcəyini bildirdi.

Arvadı:

– Gör sənin nə gözəl qəlbin var! – dedi. – Həmişə başqalarının qeydinə qalırsan. Bura bax, gül gətirmək üçün böyük səbəti özünlə aparmağı unutma.

Xülasə, dəyirmançı yeldəyirmanının qanadlarını zəncirlə bir-birinə möhkəm bağlayıb təpədən üzüaşağı, qoltuğunda da səbət yoluna düzəldi.

– Sabahın xeyir, Balaca Hans!

– Sabahın xeyir! – deyə dəyirmançının salamını alan Hans əlindəki belə söykənib mehribancasına gülümsədi.

– Qışı necə keçinmisən?

Hans:

– Halımı xəbər aldığın üçün sənə minnətdaram. Şikayətlənmək istəmirəm, amma sözün düzü, bu qış yaman əziyyət çəkdim. İndi isə, şükür, artıq bahardır. Mən də özümü tamamilə xoşbəxt hiss edirəm. Güllərim də öz qaydasındadır.

Dəyirmançı:

– Hans, bu qışda tez-tez səni xatırlayır və vəziyyətin barədə düşünürdük.

– Çox məmnunam. Qorxurdum məni unudasınız.

– Hans, sən məni təəccübləndirirsən. Heç dostu da unutmaq olar? Dostluqdan gözəl şey yoxdur. Deyəsən, sən həyatın incəliklərini başa düşmürsən. Yeri gəlmişkən deyim: gör sənin nə qəşəng novruzgüllərin var!

Hans:

– Onlar, doğrudan da, qəşəngdir. Bəxtim gətirib ki, çoxdurlar. Onları bazara aparıb burqomistrin qızına satacağam. Sonra da həmin pula öz əl arabamı geri alacağam.

– Öz əl arabanı geri alacaqsan? Yəni sən onu satmısan? Gör bir nə axmaq iş tutmusan!

– Hə, iş elə gətirdi ki, onu satmalı oldum. Bilirsən ki, qışda olmazın əziyyət çəkmişəm. Çörək almağa pulum olmayıb. Əvvəl bayram paltarımın gümüş düymələrini, sonra gümüş zəncirimi, böyük qəlyanımı və axırda da əl arabamı satdım. Amma mən onların hamısını bir azdan geri alacağam.

Dəyirmançı:

– Hans, – dedi, – mən sənə öz əl arabamı verərəm. Düzdür, o, bir balaca korlanıb. Bir tərəfi sınıb, təkərinin milləri də xarabdır. Buna baxmayaraq mən onu sənə verirəm. Həddindən artıq əliaçıqlıq etdiyimi bilirəm. Camaatın çoxu əl arabamı sənə verməyimin üstündə məni axmaq hesab edəcək, ancaq mən hamı kimi ola bilmərəm. Zənnimcə, dostluğun mahiyyəti alicənablıqdır. Bir də ki mənim təptəzə ikinci əl arabam da var. Ürəyini sıxma, köhnə əl arabamı sənə verəcəyəm.

Balaca Hansın məzəli, yumru sifəti sevincdən alışıb-yandı:

– Bəli, sən, doğrudan da, çox alicənabsan. Mən onu asanlıqla təmir edə bilərəm. Evdə yaxşı taxtam var.

Bunu eşidən dəyirmançı dedi:

– Yaxşı taxtan var? Anbarımın damı üçün mənə elə taxta lazımdır. Damda böyük bir deşik açılıb. Onu tutmasam, taxılın hamısı islanacaq. Yaxşı ki, yadıma saldın! Düz deyiblər: “Əl əli yuyar, əl də qayıdıb üzü”. Yaxşılıq yaxşılıq doğurar. Mən sənə əl arabamı vermişəm, sən də qayıdıb mənə taxta verirsən. Əlbəttə, əl arabası taxtadan xeyli bahadır, ancaq əsl dost xırdaçı olmaz. Sən Allah, taxtanı mənə tez ver ki, elə günü bu gün anbarın təmirinə başlayım.

Balaca Hans:

– Bu saat! – deyib çardağa qaçdı və taxtanı sürüyüb gətirdi.

Dəyirmançı taxtaya baxıb dedi:

– Bu o qədər də böyük deyil. Qorxuram anbarımın damını təmir edəndən sonra əl arabasının təmiri üçün bir şey qalmasın. Amma neyləmək olar?! Burada mənim günahım yoxdur. İndi isə, əl arabamı sənə verdikdən sonra əminəm ki, onun əvəzində mənə bir qədər gül verəcəksən. Özümlə səbət də gətirmişəm. Elə bilirəm ki, onu ağzınacan dolduracaqsan.

– Ağzınacan?

Balaca Hansın kefi pozuldu. Səbət yaman iri idi.

Onu ağzınacan doldursa, satmağa gülü qalmayacaqdı. Belə olduqda isə həsrətini çəkdiyi gümüş düymələrini geri ala bilməyəcəkdi.

Dəyirmançı:

– Doğrusu, elə bilirdim ki, əl arabasının əvəzində səndən bir qədər gül istəmək o qədər də çox deyil. Bəlkə də, səhv edirəm, ancaq, zənnimcə, dostluq, əsl dostluq, əlbəttə, hər cür xudbinlikdən uzaq olmalıdır.

Balaca Hans həyəcanlandı:

– Mənim əziz dostum, mənim ən yaxın dostum! Bağçamdakı bütün güllər sənə qurbandır. Sənin gözündən düşməkdənsə, o gümüş düymələri heç görməmək yaxşıdır, – deyib bağçasına girdi və qəşəng novruzgüllərinin hamısını dərib dəyirmançının səbətini doldurdu.

Dəyirmançı:

– Sağ ol, Balaca Hans, – deyib çiynində taxta, qoltuğunda iri səbət təpəyə doğru üzüyuxarı yollandı.

Balaca Hans da:

– Sağ ol, – deyərək razı halda yeri belləməyə başladı. Dəyirmançının əl arabasını ona verməsi ürəyincə olmuşdu.

Ertəsi gün doqquzdon kolunun budaqlarını artırmanın dirəklərinə bərkidəndə Balaca Hans dəyirmançının yol ağzından onu harayladığını eşitdi. Hans nərdivandan aşağı tullanıb bağçanın içi ilə hasara doğru qaçdı və bayıra boylandı.

Dəyirmançı, çiynində iri bir un kisəsi, dayanıb onu gözləyirdi:

– Əziz Balaca Hans, bu bir kisə unu bazara aparıb mənimçün satmazsan ki?

– Gərək məni bağışlayasan. Bu gün çox işim var. Sarmaşıqlarımı talvara mıxlamalı, gülləri suvarmalı, otlardan taya vurmalıyam.

– Doğrusu, əl arabamı sənə verəcəyimi nəzərə alsaq, sözümü yerə salmağın heç dostluqdan deyil.

– Sən Allah, elə demə! Mən heç kimin sözünü yerə sala bilmərəm, – deyən Balaca Hans papağını götürmək üçün içəri keçdi və böyük kisəni çiyninə alıb ağır-ağır addımlamağa başladı.

Həmin gün çox isti olduğundan yol da yaman tozlu idi. Buna görə də Balaca Hans altı mil yol getməmiş, bərk yorulduğundan, oturub dincini almalı oldu. Hər halda, o, fədakarlıqla yoluna davam edərək, nəhayət, gəlib bazara çatdı. Bir qədər gözlədikdən sonra unu yaxşı qiymətə satıb o saat da geri döndü ki, axşama düşməsin. Yolda quldurlar qabağını kəsə bilərdilər.

Axşam yatağına girən Balaca Hans öz-özünə:

– Doğrudan da, çətin gün idi, – dedi. – Amma yaxşı ki, dəyirmançının sözünü yerə salmadım, axı o mənim ən yaxın dostumdur. Bir də ki o öz əl arabasını mənə verəcək.

Ertəsi gün sübh tezdən dəyirmançı pullarının dalınca gələndə Balaca Hans həddindən artıq yorğun olduğu üçün hələ də yatağından qalxmamışdı.

Dəyirmançı ona:

– Sözün düzü, yaman tənbəlsən. Mən sənə əl arabamı verəcəyəm. Buna görə də gərək möhkəm çalışasan. Tənbəllik böyük günahdır. Təbii ki, dostlarımdan heç birinin tənbəl, yaxud astagəl olmasını istəmirəm. Gərək səninlə belə açıq danışdığım üçün məndən inciməyəsən. Ürəyim yanmasaydı, ağzımı açıb sənə bir kəlmə belə deməzdim. Dost dostun üzünə onun haqqında fikirləşdiklərini deyə bilmirsə, daha nə dostluqdur?! Birisinə tərifli sözlər deyib onun qılığına girməyi və yaltaqlıq etməyi hamı bacarar. Təkcə əsl dost müsahibinin inciyəcəyindən çəkinməyərək acı, lakin düzgün sözlər deyə bilər. Əlbəttə, əgər o, doğrudan da, əsl dostdursa, həqiqəti deməyi üstün tutacaq. Çünki onun bu sözləri axırda dönüb dostunun xeyrinə olacaq.

– Məni bağışla, – deyə Balaca Hans gözlərini ovdu və gecə papağını başından çıxartdı. – Elə yorulmuşdum ki, yerimin içində bir az da uzanıb quşların nəğməsinə qulaq asmaq istədim. Bilirsənmi, quşların nəğməsini dinlədikdən sonra həmişə əla işləyirəm.

– Lap yaxşı, – deyə dəyirmançı əlini Balaca Hansın kürəyinə vurdu. – İstəyirəm ki, geyinən kimi dəyirmana gəlib anbarımın damını təmir edəsən.

Zavallı Hans bağına gedib yaman işləmək istəyirdi. Güllərinə iki gün idi ki, su verilməmişdi. Amma dəyirmançı ən yaxın dostu olduğundan onun sözünü yerə salmaq istəmirdi. O:

– Səncə, çox məşğulam desəm, sözünü yerə salmış olacağam, hə? – deyə utana-utana məzlum bir səslə xəbər aldı.

Dəyirmançı cavabında: