banner banner banner
Buratinonun macəraları
Buratinonun macəraları
Оценить:
Рейтинг: 0

Полная версия:

Buratinonun macəraları

скачать книгу бесплатно


– Niyə? – Karabas Barabas ona görə soruşurdu ki, təki Buratino danışsın, ciyiltili səsi ilə onun qulağını dəng eləməsin.

– Sinyor, mən artıq bir dəfə sınaqdan keçirmişəm. Burnumu ocağa soxan kimi orada deşik açılır.

– Bu nə axmaq söhbətdi! – Karabas Barabas heyrətə gəldi. – Axı sən burnunla ocaqda necə deşik aça bilərsən?

– Sinyor, çünki o ocaq və ocağın üstündə asılmış qazan köhnə kətan üzərində çəkilmiş şəkil idi.

– Həəp-çi! – Karabas Barabas elə bərkdən asqırdı ki, Pyero sola, Arlekin sağa uçdu, Buratino isə yerində fırfıra kimi fırlandı.

– Dediyin kətan parça üzərində çəkilmiş, ocağın üstündəki o qazanı harada görübsən?

– Mənim Karlo atamın otağında.

– Karlo sənin atandı! – Karabas Barabas oturacaqdan sıçrayaraq durdu, əllərini yellədib saqqalını ətrafa dağıtdı. – Hə, deməli, qoca Karlonun otağında gizli…

Görünür, Karabas Barabas bu vaxt sirri açmaq istəmədiyi üçün əlinin ikisini də ağzına təpdi. Bərəlmiş gözlərini sönməkdə olan ocağa dikib xeyli vaxt beləcə oturdu.

Nəhayət, dilləndi:

– Yaxşı, mən dovşanı və cücələri qızartmadan yarıçiy yeyib şam eləyərəm. Səni bağışlayıram, Buratino. Həm də…

O, əlini saqqalının altındakı jiletinin cibinə saldı, oradan beş dənə qızıl pul çıxarıb Buratinoya uzatdı.

– Həm də … Bu pulları götür, apar ver Karloya. Məndən ona salam yetir və bir də de ki, xahiş edirəm nəbadə acından və soyuqdan ölsün, ən əsası, özünün köhnə kətan üzərində ocaq şəkli çəkilmiş otağından bir yana getməsin. Yeri yat, yuxunu al və səhər tezdən qaç evə.

Buratino beş dənə qızıl pulu alıb cibinə qoydu, nəzakətlə baş əyərək dedi:

– Təşəkkür edirəm, sinyor. Siz bu pulları daha etibarlı əllərə tapşıra bilməzdiniz…

Arlekin və Pyero Buratinonu kuklaların yatdığı otağa apardılar. Ocağa atılmağın dəhşətli fəlakətindən xilas olması onlar üçün anlaşılmaz qalsa da, kuklalar yenə Buratinonu qucaqlayıb öpməyə, itələməyə, çimdikləməyə və bir də təzədən qucaqlamağa başladılar.

Buratino pıçıltı ilə kuklalara dedi:

– Burada nəsə bir sirr var.

Buratino evə qayıdarkən iki dilənçi ilə – pişik Bazilio və tülkü Alisa ilə qarşılaşır

Səhər tezdən Buratino pulu hesabladı, qızıl pul onun bir əlində olan barmaqlarının sayı qədər idi.

Qızılları ovcunda sıxıb atıla-atıla evə tərəf qaçaraq pəsdən oxumağa başladı:

– Karlo ataya təptəzə gödəkcə, çoxlu xaşxaşlı üçkünc piroq, çubuqlu nabat xoruz alaram.

Bayraqları dalğalanan səyyar kukla teatrı gözdən itəndə o, toz-torpaq içində qəmgin halda dolaşan iki dilənçini: üç pəncəsi üstündə axsaya-axsaya gəzən tülkü Alisanı və kor pişik Bazilionu gördü.

Bu, dünən Buratinonun küçədə rast gəldiyi pişik deyildi, lakin onun da adı Bazilio idi, bu da onun kimi zolaqlı idi. Buratino istədi ötüb-keçsin, lakin tülkü Alisa ona yaltaqcasına dedi:

– Salam, xeyirxah Buratino. Hara belə tələsirsən?

– Evə, Karlo atanın yanına.

Tülkü ah çəkib bir az da yaltaqlandı:

– Heç bilmirəm, sən o zavallı Karlo atanı sağ-salamat görə biləcəksənmi. Soyuq və aclıq onu lap əldən salıb…

Buratino ovcunu açıb beş dənə qızıl pulu ona göstərdi:

– Bəs sən heç bunu görübsən?

Pulları görən kimi, tülkünün pəncəsi qeyri-ixtiyari ona sarı uzandı, pişiyin isə kor gözləri birdən-birə geniş açıldı, parıldayaraq iki yaşıl fənəri xatırlatdı.

Lakin Buratino bunu hiss eləmədi.

– Ay xeyirxah, sevimli Buratino, sən bu pullarla nə edəcəksən?

– Karlo ataya gödəkcə alacağam… Təzə əlifba kitabı alacağam…

Tülkü Alisa başını yellədi:

– Of, of, əlifba kitabı! Bu oxumaqdan sənə bir şey çıxan deyil… Elə mən də, oxudum, oxudum, görürsən də, indi də üç pəncəmin üstündə gəzirəm.

Pişik Bazilio da qəzəblə bığlarına fınxırdı:

– Eh, əlifba kitabı. Elə mən də bu lənətə gəlmiş oxumağa görə gözdən olmuşam…

Yolun kənarındakı ağacın qurumuş budağında bir qoca qarğa oturmuşdu. Onların söhbətinə quluq asdı, asdı və birdən qarıldadı:

– Yalan deyirlər, yalan deyirlər!..

Pişik Bazilio o dəqiqə yerindən atıldı, qarğanı pəncəsi ilə vurub budaqdan yerə saldı, quyruğunun yarısını da qopardı. Qarğa zorla canını qurtarıb, uçub getdi.

Pişik Bazilio özünü yenə korluğa vurdu.

Buratino təəccüblə soruşdu:

– Siz onunla niyə belə elədiniz, pişik Bazilio?

Pişik dedi:

– Gözlərim görmür, mənə elə gəldi ki, ağacdakı itdi…

Onlar tozlu yolla bir yerdə getdilər.

Tülkü dedi:

– Ağıllı-kamallı Buratino, sən istəyərsən ki, bu pulun on qat çox olsun?

– Əlbəttə, istəyərəm! Axı bunu necə eləmək olar?

– Adi şeydi. Gedək bizimlə.

– Hara?

– Axmaqlar ölkəsinə.

Buratino bir az fikrə getdi.

– Yox, yaxşısı budur gedim evə.

Tülkü dedi:

– Buyur get, biz səni ora zorla dartıb aparan deyilik, bu səninçün pis olacaq.

Pişik də donquldandı:

– Səninçün pis olacaq.

Tülkü söyləndi:

– Sən özün özünün düşmənisən.

– Sən özün özünün düşmənisən, – deyə pişik də təkrar elədi.

– Sənin bu beş qızılın bir yığın pula dönə bilərdi…

Buratino ağzını ayırıb dayandı…

– Aldadırsan!

Tülkü quyruğu üstdə şöngüyüb yalmandı:

– Mən indi səni başa salaram. Axmaqlar ölkəsində sehrli bir sahə var – adına Möcüzələr diyarı deyirlər… Sən bu sahədə bir çala qaz, üç dəfə de: “kreks, feks, peks”, sonra qızıl pulları həmin çalaya qoyub torpaqla, üstünə duz səp, yaxşıca sula, sonra da get yat. Səhərə kimi bu çalada balaca bir ağac göyərəcək və yarpaqların yerində də qızıl pullar asılacaq. Başa düşdün?

Buratino, hətta yerində atılıb-düşdü.

– Aldadırsan!

Tülkü incik halda burnunu yana tutdu:

– Gedək, Bazilio, bizə inanmır, heç lazım da deyil…

Buratino qışqırdı:

– Yox, yox, inanıram, inanıram!.. Tez olun gedək Axmaqlar ölkəsinə!..

“Üç qumlaqçı”[5 - Qumlaqçı - çəki balıqları fəsiləsindən olan kiçik çay balığı] aşxanasında

Buratino, tülkü Alisa və pişik Bazilio təpədən üzüaşağı enib çöllüklə xeyli getdilər, getdilər, üzümlükdən, şam meşəliyindən keçib, gəlib dənizə çıxdılar, təzədən dənizin yanından ötüb yenə həmin şam meşəliyindən, üzümlükdən keçdilər…

Təpədəki şəhərcik və onun üzərində bərq vuran günəş gah sağda, gah da solda görünürdü…

Tülkü Alisa içini çəkə-çəkə deyirdi:

– Eh, bu Axmaqlar ölkəsinə düşmək elə də asan məsələ deyil, ayaqların qırılır…

Onlar axşamüstü yolun kənarında yastı damı olan köhnə bir ev gördülər. Evin girəcəyində belə bir lövhə asılmışdı:

Aşxana sahibi qonaqları qarşılamağa çıxdı, dazlaşmış başından papağını çıxardı və nəzakətlə baş əyərək onları içəriyə dəvət elədi.

– Heç olmasa, quru çörək də olsa, qəlyanaltı eləmək pis olmazdı, – deyə tülkü söylədi.

– Heç olmasa, quru çörəyə qonaq edəydilər, – deyə pişik də təkrar elədi.

Onlar aşxanaya daxil oldular, şişlərdə və tavalarda cürbəcür şeylər qızarmağa qoyulmuş ocağın yanında oturdular.

Tülkü dəqiqəbaşı yalmanırdı, pişik Bazilio isə pəncələrini masaya, bığlı sifətini də onun üstünə qoyub gözünü yeməklərə zilləmişdi.

Buratino nəzakətlə çağırdı:

– Ey, sahib, bizə üç dənə çörək qabığı verin…

Aşxana sahibi az qala heyrətindən arxası üstdə yerə yıxılacaqdı, çünki hörmətli qonaqlar heç vaxt belə şeylər sifariş etmirlər.

Tülkü hırıldadı:

– Sahib, bu şən, məzəli Buratino sizinlə zarafat eləyir.

Pişik də donquldandı:

– O, zarafat eləyir.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)