banner banner banner
Buratinonun macəraları
Buratinonun macəraları
Оценить:
Рейтинг: 0

Полная версия:

Buratinonun macəraları

скачать книгу бесплатно

Balaqanın yuxarısında dörd musiqiçi çalıb-oynayırdı.

Aşağıda əndamlı, çöhrəsində təbəssüm oynayan bir xala bilet satırdı.

Girəcəkdə böyük izdiham dayanmışdı: oğlanlar və qızlar, əsgərlər, limonad satıcıları, körpəli qadınlar, yanğınsöndürənlər, poçtalyonlar, hamı da divara vurulmuş böyük bir afişanı oxuyurdu:

Buratino bir oğlanın köynəyinin qolundan dartdı.

– Xahiş edirəm, deyin, giriş üçün bilet neçəyədi?

Oğlan tələsmədən cavab verdi:

– Dörd soldo[3 - Soldo - İtaliya lirəsinin 1/20-nə bərabər xırda mis pul], taxta adamcığaz.

– Oğlan, bilirsiniz, mən pul kisəmi unudub evdə qoymuşam… Siz mənə dörd soldo borc verə bilməzsiniz ki?..

Oğlan həqarətlə fıştırıq çaldı:

– Əcəb axmaq tapıbsan!

– Mən çooooooox istəyirəm kukla teatrına baxım! – Buratino ağlamsınmış halda dedi. – Mənim bu qəşəng gödəkcəmi dörd soldoya alın…

– Kağız gödəkcəyə dörd soldo? Get özünə ayrı axmaq axtar.

– Onda mənim bu qəşəng papağımı alın…

– Sənin bu papağınla ancaq çömçəquyruq tutmaq olar… Başqa axmaq axtar.

Hətta Buratinonun burnunun ucu göynədi, o, teatra elə baxmaq istəyirdi ki.

– Oğlan, onda mənim bu təzə əlifba kitabımı dörd soldoya götürün…

– Şəkillidi?

– Çox gööözəl şəkillərdi, özü də böyük hərflərlə yazılıb.

– Yaxşı, ver görüm, – deyə oğlan əlifbanı aldı və könülsüz halda ona dörd soldo verdi.

Buratino dolu əndamlı, üzündə təbəssüm oynayan xalanın yanına qaçıb ciyiltili səslə dedi:

– Bura baxın, kukla teatrının yeganə tamaşası üçün mənə birinci sıraya bilet verin.

Komediyanın tamaşası zamanı kuklalar Buratinonu tanıyırlar

Buratino birinci sırada əyləşib aşağı salınmış pərdəyə maraqla baxmağa başladı.

Pərdəyə rəqs edən adamcığazların, qara maskalı qızların, ulduzlu papaq qoymuş vahimə doğuran saqqallı adamların, nazik kökəyə bənzəyən burun və gözləri olan günəşin və digərlərinin məzəli şəkilləri çəkilmişdi.

Zınqırov üç dəfə çalındı və pərdə qalxdı.

Kiçik səhnənin sağ və sol tərəfində kartondan düzəldilmiş ağaclar vardı. Onların üzərində Aya bənzəyən fənərlər asılmışdı və onların işığı bir qırıq güzgüdə əks olunurdu və burada pambıqdan düzəldilmiş, qızılı dimdikli iki qu quşu üzürdü.

Karton ağacın arxasından uzunqol ağ köynək geymiş balaca bir adamcığaz çıxdı. Onun sifətinə diş tozuna oxşayan ağappaq pudra vurulmuşdu.

O, tamaşaçılara baş əyib qəmgin halda dedi:

– Salam, mənim adım Pyerodu… İndi biz sizin qarşınızda “Mavi saçlı qız, yaxud otuz üç şapalaq” adlı komediyanı oynayacağıq. Məni ağacla döyəcəklər, üzümə şillə vuracaqlar. Bu, çox gülməli komediyadı…

Başqa bir karton ağacın dalından dama-dama paltarda, şahmat taxtasına bənzəyən digər bir adamcığaz atılıb çıxdı.

O, möhtərəm tamaşaçıların qarşısında baş əyib dedi:

– Salam, mən Arlekinəm!

Bundan sonra Pyeroya sarı çevrilib onun sifətinə iki yağlı şillə ilişdirdi və şillə elə bərk tutdu ki, onun yanağına vurduğu pudra yerə səpələndi.

– Nə ağlayıb sızıldayırsan, ay axmaq?

– Mən ona görə qəmliyəm ki, evlənmək istəyirəm, – deyə Pyero cavab verdi.

– Bəs niyə evlənməyibsən?

– Ona görə ki adaxlım məndən qaçıb…

– Ha-ha-ha, – deyə Arlekin qəşş edib özündən getdi, – görürsünüz də bu axmağı!

O, ağacı götürüb Pyeronu döyməyə başladı.

– Adaxlının adı nədi?

– Daha məni vurmayacaqsan ki?

– Nə danışırsan, mən hələ təzə başlamışam.

– Belə olan halda, onun adı Malvina, yaxud mavi saçlı qızdı.

– Ha-ha-ha, – Arlekin yenə bərkdən şaqqanaq çəkib Pyeroya üç şapalaq ilişdirdi. – Qulaq asın, möhtərəm tamaşaçılar… Heç mavi saçlı da qız olar?

O, tamaşaçılara üzünü çevirərkən birdən qabaqdakı oturacaqda ağzı qulağının dibinə getmiş, uzunburun, papağı qotazlı, ağacdan yonulmuş oğlanı gördü…

– Bir baxın, bu ki Buratinodu! – deyə Arlekin qışqırıb barmağı ilə onu göstərdi.

– Canlı Buratinodu! – Pyero köynəyinin uzun qollarını yellədərək çığırdı.

Karton ağacların arxasından xeyli kukla çıxdı. Qara maskalı qızlar, vahimə doğuran papaqlı saqqallılar, göz yerinə düymə qoyulmuş pırpız tüklü itlər, burnu xiyara bənzəyən qozbel adamcığazlar…

Hamısı səhnə boyu düzülmüş şamlara doğru yüyürdülər və diqqətlə baxıb bir ağızdan qışqırışdılar:

– Bu, Buratinodu! Bu, Buratinodu! Yanımıza gəl, ay dəcəl, şən Buratino!

Belə olanda Buratino oturacaqdan suflyor budkasının üstünə, oradan da səhnəyə atıldı.

Kuklalar onu tutub qucaqladılar, öpüb çimdiklədilər… Sonra bütün kuklalar “Quşların polkası”nı[4 - Polka - qədim çex xalq rəqsi; bal rəqsi kimi Avropada geniş yayılmışdı.] oxumağa başladılar:

Quş polka rəqsin eylədi,
Səhər tezdən çəmənlikdə.
Dimdik sola, quyruq sağa,
Bu, Karabasın rəqsidi.
İki böçək təbil çalır,
Qurbağasa kontrabas.
Dimdik sola, quyruq sağa,
Bu rəqsi eylər Barabas.
Quş polka rəqsin eylədi,
Ona görə çox şən idi.
Dimdik sola, quyruq sağa,
Baxın, beləcə rəqs idi…

Tamaşaçılar mütəəssir olmuşdular. Körpəli bir qadın göz yaşlarını saxlaya bilmədi. Bir yanğınsöndürən isə lap hönkür-hönkür ağlamağa başladı.

Təkcə arxa oturacaqlarda oturmuş oğlanlar hirslə ayaqlarını yerə döyürdülər:

– Uşaq deyilsiniz, bəsdir bir-birinizi yaladınız, tamaşanı davam etdirin!

Bu səs-küyü eşidən kimi səhnənin arxasından bir adam çıxdı. Onun sir-sifəti elə heybətli idi ki, ona kim bircə kərə baxsaydı, qorxudan dili tutulardı.

Pırtlaşmış saqqalı yerlə sürünürdü, dombalan gözləri yerindəcə oyum-oyum oynayırdı. Yekə ağzındakı dişlərinin xırçıltısı eşidilirdi, elə bil bu, adam deyil, əsl timsah idi. Əlində yeddisaçaqlı qamçı tutmuşdu.

Bu, kukla teatrının sahibi, kukla elmləri doktoru, sinyor Karabas Barabas idi.

– Ha-ha-ha, hu-hu-hu! – deyə o, Buratinonun üstünə bağırdı. – Mənim gözəl komediyamın tamaşasına mane olan sənsən?

O, Buratinonu qarmalayıb teatrın anbarına apardı və onu orada mıxdan asdı. Geri qayıdıb kuklaları yeddisaçaqlı qamçısı ilə hədələdi ki, tamaşanı davam etdirsinlər.

Kuklalar komediyanı birtəhər başa vurdular, pərdə salındı, tamaşaçılar dağılışdılar.

Kukla elmləri doktoru, sinyor Karabas Barabas isə mətbəxə şam yeməyinə getdi.

Mane olmasın deyə, saqqalının ucunu cibinə yığdı, şişə çəkilmiş bütöv bir ev dovşanının və iki cücənin qızardığı ocağın qırağında oturdu.

Barmaqlarına tüpürüb qızartmaları yoxladı, hələ yaxşı bişməmişdi.

Ocaqda odun az idi. Onda o, üç kərə əlini əlinə vurdu.

Arlekin və Pyero qaça-qaça gəldilər.

– O avara Buratinonu yanıma gətirin, – deyə Kara-bas Barabas əmr etdi. – O, quru ağacdan qayrılıb, ataram onu ocağa, yeməyim daha tez qızarar.

Arlekin və Pyero diz çöküb yalvardılar ki, yazıq Buratinonu bağışlasın.

– Hanı mənim qamçım, – deyə Karabas Barabas bağırdı.

Onların ikisi də hönkür-hönkür ağlayaraq anbara sarı getdilər, Buratinonu mıxdan çıxarıb mətbəxə gətirdilər.

Sinyor Karabas Barabas Buratinonu yandırmaq əvəzinə ona beş dənə qızıl pul verir və evə buraxır

Kuklalar Buratinonu gətirib ocağın qırağına atan zaman sinyor Karabas Barabas dəhşətli şəkildə fısıldaya-fısıldaya ocağın közünü qurdalayırdı.

Birdən onun gözləri qan rənginə düşdü, bütün sifəti qırışlarla örtüldü. Ola bilsin, burnunun deşiyinə bir qırıq kömür düşmüşdü.

– Həəp…həəp…həəp… – deyə Karabas Barabas gözləri axmış halda uladı, – həəp-çi!..

O elə bərkdən asqırdı ki, ocağın külü havaya sovruldu.

Kukla elmləri doktoru asqırmağa başlayanda özünü saxlaya bilməzdi, bəzən əlli, bəzən də lap yüz dəfə dalbadal asqırardı.

O belə qeyri-adi asqırıqlardan sonra gücdən düşər və rəhmdil olardı.

Pyero xəlvəti Buratinoya pıçıldadı:

– Çalış, onunla asqıran vaxtı danışasan…

– Həəp-çi! Həəp-çi! – Karabas Barabas açılmış yekə ağzına hava alaraq, səs-küylə asqırmağa, başını əsdirərək ayaqlarını yerə döyməyə başladı.

Mətbəxdə bütün əşyalar yerindən oynadı, şüşələr cingildədi, mıxdan asılmış tavalar və qazanlar havada yelləndi.

Asqırmaların arasında Buratino nazik, şikayətli səslə ciyildəyib ağlamağa başladı:

– Mən yazığa, mən bədbəxtə, heç kimin rəhmi gəlmir.

– Bəsdir zarıdın! – deyə Karabas Barabas bağırdı. – Sənmənə mane olursan… Həəp-çi!

– Sağlam olun, sinyor, – deyə Buratino içini çəkdi.

– Sağ ol…Nədi, ata-anan sağdılar? Həəp-çi!

– Mənim heç vaxt, heç vaxt anam olmayıb, sinyor. Ah, mən necə də bədbəxtəm! – Buratino elə qulaqbatırıcı səslə qışqırdı ki, bu səs Karabas Barabasın qulaqlarına iynə kimi sancıldı.

O, ayaqlarını yerə döydü:

– Sənə dedim axı az ciyildə! Həəp-çi! Atan necə, sağdı?

– Zavallı atam hələ sağdı, sinyor.

– Təsəvvür edirəm, atan biləndə ki, ev dovşanını və iki cücəni qızartmaq üçün səni yandırıb istifadə eləmişəm, o yazıq nə hala düşəcək. Həəp-çi!

– Mənim yazıq atam onsuz da tezliklə ya acından, ya da soyuqdan öləcək. Qoca yaşında mən onun yeganə arxasıyam.

– Lənət sənə, kor şeytan! – deyə Karabas Barabas bağırdı. – Heç bir mərhəmətdən belə söhbət gedə bilməz. Ev dovşanı ilə cücələr mütləq qızarmalıdır. Gir ocağa görüm.

– Mən bunu eləyə bilmərəm, sinyor.