banner banner banner
Haydi
Haydi
Оценить:
Рейтинг: 0

Полная версия:

Haydi

скачать книгу бесплатно

– Nənə, tezliklə yenə gələcəyəm.

Nənə Haydinin başını sığallayaraq:

– Lap yaxşı! Buna çox şad olaram! Tez-tez gəl. Babana da məndən salam söylə, – dedi.

Haydi Petergilin evindən çıxıb yamacla üzüyuxarı dırmanmağa başladı. Bir az getmişdi ki, qoca babanın ona tərəf gəldiyini gördü. Baba Haydini şərfə bərk-bərk bükdü, sonra da qucağına alıb evə apardı.

Şam yeməyində Haydi Petergildə gördüklərini uzun-uzadı babaya nağıl elədi. Sonra nə fikirləşdisə, qəfildən dilləndi:

– Sabah yenə Petergilə getməliyik.

– Doğrudan? Niyə ki? – Alm-Öhi mızıldandı.

– Gedəndə özümüzlə mismar və çəkic aparacağıq. Sən də onların daxmasında laxlayan nə varsa, hamısını mıxlayıb bərkidəcəksən, – Haydi cavab verdi.

Qoca baba:

– Bu haradan ağlına gəldi belə? – deyə soruşdu.

Haydi cəsarətlə babasına baxaraq:

– Çünki nənəyə söz vermişəm, – dedi.

Alm-Öhi onun üstünə qışqırdı:

– Buna bir bax! Deməli, söz vermisən, hə?

– Bəli! – Haydi dedi. – Evin qapı-pəncərəsi laxlayır, yazıq nənə gecə qorxudan yata bilmir. Qoca baba, nə olar, nənənin komasını təmir elə!

Alm-Öhi yenə nəvəsinin üstünə acıqlanmaq istəyirdi ki, Haydinin yalvarıcı nəzərləri ilə qarşılaşdı. Ayağa durdu, arxasına dönüb mızıldandı:

– Yaxşı, nə deyirəm ki… Gedərik.

Beləliklə, Haydi tez-tez nənəyə qonaq getməyə başladı. Qoca baba nənənin evini təmir etdi. Artıq nənə gecələr taqqıltı səsinə oyanmır, mışıl-mışıl yatırdı.

5. Yaylağa əlvida

Uzun qış mövsümündən sonra, nəhayət, yaz gəldi. Havalar yaxşıca isindikdən sonra Haydi yenə Keçi Peterlə birlikdə yaylağa getməyə başladı. Növbəti qış da sürətlə gəlib-keçdi. Haydi ilin ən gözəl mövsümünü – günəşli günləri səbirsizliklə gözləyirdi.

Belə günlərin birində Haydinin xalası Deta birdən-birə qoca babanın komasının qarşısında peyda oldu. Əynində uzun ipək don vardı, başına lələkli şlyapa qoymuşdu. Öhi baba Detanı başdan-ayağa süzdü, amma heç nə demədi. Deta bu qədər vaxtı Haydiyə yaxşı baxdığına görə babaya təşəkkür etdi. Dedi ki, Haydini aparmağa gəlib. Baba Detaya qəzəblə baxaraq susurdu. Deta Frankfurtda yaşayan varlı bir ailə haqqında danışmağa başladı, dedi ki, onlar öz qızlarına dost axtarırlar.

– Haydi orada böyük bir mülkdə yaşayacaq, – qadın dedi. – Ona müəllim tutacaqlar. Müəllim həmin ailənin qızı ilə birlikdə Haydiyə də dərs deyəcək. Bu ailədə Haydiyə öz qızları kimi baxacaqlar. Qızcığaz bolluq içində yaşayacaq, qəşəng paltarlar geyinəcək, maraqlı yerlər görəcək…

Qoca baba Detaya elə acıqlı-acıqlı baxırdı ki, qadın sözünü yarımçıq kəsməli oldu. Amma bir qədər sonra yenə davam etdi:

– Nə bilmək olar, bəlkə, həmin ailə Haydini övladlığa da götürər! İstənilən halda bu, Haydi üçün çox yaxşı fürsətdir.

Alm-Öhi:

– Çərənləməyi qurtardın? – deyə onun üstünə qışqırdı.

– Sənə belə gözəl xəbər gətirdiyim üçün mənə «sağ ol» deməlisən, – Deta kinayəli-kinayəli cavab verdi.

– O xəbəri başqasına ver, mənə lazım deyil! – qoca baba qəzəblə dedi. – Haydi burada qalacaq! Sən isə necə gəlmisənsə, elə də çıx get!

– Deməli belə?! – Deta qəzəbləndi. – Uşağın xoşbəxt olmasına imkan vermirsən? Bunu bil ki, günah iş tutursan. Dörfli camaatı da bunu təsdiqləyər. Uşaq nə yazmağı bilir, nə də oxumağı. Onu məktəbə yazdırmasan, axırda səni məhkəməyə verəcəklər. Özün bil!

– Sus! – Alm-Öhi qışqırdı. Amma Deta səsini kəsmədi. Yaşlı adamın gözlərinin içinə qəzəblə baxaraq:

– Sən necə babasan ki öz nəvənə xoşbəxt olmağı rəva görmürsən! – dedi.

Bu sözlər babanın qəlbinə dəydi. O, belini büküb qapıya tərəf getdi. Komadan çıxarkən kədərli halda Detaya:

– Haydini özünlə apara bilərsən, – dedi.

Qapının arxasından bu söhbəti eşidən Haydi:

– Yox! Mən heç yerə getmirəm! – deyə qışqırmağa başladı. – Qoca babanın yanında qalmaq istəyirəm! Frankfurta getmək istəmirəm!

Xala Haydinin qolundan tutub:

– Sənə söz verirəm, əgər ora xoşuna gəlməsə, geri qayıda bilərsən, – dedi.

Haydi:

– Elə bu axşam qayıda bilərəm? – deyə soruşdu.

Deta:

– Belə tez olmaz, amma istəsən, bir həftə sonra babanın yanına qayıda bilərsən, – dedi.

Haydi qoca babanın arxasınca qaçmaq istədi.

– Ona tezliklə qayıdacağımı demək istəyirəm.

– Olmaz! – Deta dilləndi. – Vaxt yoxdur, tələsməliyik, yoxsa qatara gecikərik.

Deta Haydinin əlindən tutub onu zorla bayıra çıxardı və onlar yamacdan aşağı düşməyə başladılar.

Yolda Keçi Peterlə rastlaşdılar.

– Haydi, hara gedirsən? – Peter təəccüblə soruşdu.

– Frankfurta, – Haydi cavab verdi. – Amma tez qayıdacağam.

Qızcığaz belə deyib üzünü xalasına tutaraq əlavə etdi:

– Nənəylə sağollaşmaq istəyirəm.

Deta onun bu istəyi ilə razılaşmaq istəməsə də, Haydi zorla xalasının əlindən çıxıb Petergilin komasına tərəf qaçmağa başladı. Xalası onu yarı yolda haqladı, qolundan yapışıb yola davam etdi.

Keçi Peter həyəcan içində evə qaçıb qışqırmağa başladı:

– Deta Haydini aparır! Haydi Frankfurta gedir!

Nənə təşvişlə pəncərəyə tərəf gedib:

– Deta, uşağı bizdən ayırma! – deyərək ona yalvarmağa başladı.

Deta özünü eşitməzliyə vurdu. Heç nə deməyib yoluna davam elədi. Nənə isə:

– O uşaq mənim üzümü güldürürdü! Onsuz mən nə edəcəyəm?! – deyərək yalvarıb-yaxarmaqda idi.

Amma Deta özünü yenə də elə aparırdı ki, guya onu eşitmir.

Bu hadisə qoca babaya çox pis təsir elədi. O yenidən özünə qapıldı: saatlarla komasının qarşısında oturur, gözlərini bir nöqtəyə zilləyib nə barədəsə fikirləşir, dinib-danışmır, qapısına gələnləri isə əvvəlki kimi qovurdu.

Keçi Peterin də qanı əməllicə qaralmışdı. Dəyənəyini havada yelləyib elə hey Deta xalanın qarasınca deyinirdi. O artıq keçilərin öhdəsindən gələ bilmirdi, heyvanlar ipə-sapa yatmır, narahat halda ora-bura qaçışırdılar. Qartopu yenə çəmənlikdə uzanıb məlul-məlul mələyirdi.

Aydındır: təkcə insanlar yox, heyvanlar da Haydinin yoxluğu ilə barışmaq istəmirdilər…

6. Başqa dьnyada

Deta ilə Haydi uzun yol qət edəndən sonra gəlib Frankfurta çatdılar. Hündür boz binaların ucaldığı küçələrdən keçdilər.

– Bəs burada dağ yoxdur? – Haydi tez-tez xalasından soruşurdu.

– Burada dağlardan daha maraqlı, daha gözəl yerlər var, – xalası nəyə görəsə əsəbi tonla dedi. Amma Haydi bu cavabdan razı qalmadı: axı qoca babanın komasını dövrələyən dağlardan, qayalıqlardan, yaylaqdan daha gözəl yer təsəvvür eləmirdi.

Xeyli getdikdən sonra, nəhayət, Deta dayanıb:

– Budur, gəlib çatdıq, – dedi.

Onların qarşısında dayandıqları ev Frankfurtun ən dəbdəbəli malikanələrindən biri idi. Deta qapını döyən kimi açdılar. Parıldayan düyməli uniforma geyinmiş nökər Sebastyan qulluqçu Tinettanı çağırdı. Ağ krujevalı önlük taxmış, başında da ağ yaylığı olan cavan qulluqçu qız cəld qaçıb gəldi. Uşağı görən kimi üzünə istehzalı təbəssüm yayıldı. Özündən razı halda:

– Sizi gözləyirlər, – dedi.

Sonra qulluqçu Deta xala ilə Haydini frau[6 - Frau – almanca «xanım» deməkdir.] Rottenmayerin yanına apardı. Evin sahibi cənab Zezemannın xanımı vəfat edəndən sonra bu böyük malikanənin bütün işlərini mürəbbiyə[7 - Mürəbbiyə – keçmişdə dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan şəxs; tərbiyəçi, xüsusi müəllim] frau Rottenmayer idarə edirdi.

Deta üzünü frau Rottenmayerə tutub dedi:

– Razılaşdığımız kimi uşağı gətirdim.

Evin bu qədər böyük olması və sakinlərinin qəribə davranışları Haydini elə ilk andaca xeyli təəccübləndirmişdi. O, frau Rottenmayerin quş yuvasına bənzəyən saç düzümünə, bahalı ipək libasına heyrətlə tamaşa eləyirdi. Mürəbbiyə heç nə demədən üz-gözünü turşudub uşağı təpədən dırnağa süzdü. Axırda:

– Adın nədir? – deyə soruşdu.

– Haydi, – uşaq cavab verdi.

– Nə? Haydi? – frau Rottenmayer əsəbi səslə təkrarladı. – Belə də ad olar?! Bəs xaç suyuna salınanda sənə düzəməlli ad qoymaq ağıllarına gəlməyib?

– Bilmirəm, – Haydi dedi.

Deta frau Rottenmayerin əməllicə əsəbiləşdiyinin fərqinə vardı. Odur ki tez-tələsik araya girib:

– Üzr istəyirəm, xanım. Uşağın adı Adelhaydadır, ona anasının adını qoymuşuq.

– Bu uşaq səfehdir, yoxsa bizi ələ salır? Niyə adının Haydi olduğunu söyləyir? – frau Rottenmayer dedi.

– Xanım, icazə verin, mən məsələni aydınlaşdırım, – Deta xala dilləndi. – Qız səfeh deyil və əlbəttə ki, sizinlə zarafatlaşmağa cürət etməz. Sadəcə olaraq fikirləşdiyi hər şeyi dilinə gətirir. İndi də düşünür ki, onu «Haydi» çağırdıqları üçün əsl adı da belədir. Bir də indiyə kimi belə böyük ev görməyib, ona görə yazıq çaşbaş qalıb. Sizi əmin edirəm ki, burada qalsa, bütün nəzakət qaydalarını çox tez öyrənəcək.

– Yaxşı, bəs oxuyub-yazmağı necədir? – frau Rottenmayer soruşdu.

– Mən heç məktəbə getməmişəm, – Haydi xalasını qabaqlayaraq dilləndi.

Mürəbbiyə donub-qaldı:

– Necə yəni? İndiyə kimi oxuyub-yazmağı öyrənməmisən?

– Xeyr, – Haydi yavaş səslə cavab verdi.

– Bəs, ümumiyyətlə, nəsə öyrənmisən, ya yox? – frau Rottenmayer hiddətləndi.

– Peterdən keçiləri otarmağı öyrənmişəm, – Haydi dedi.

Frau Rottenmayerin üzü qəzəbdən qıpqırmızı oldu. O, hirslə Detaya tərəf dönərək:

– Biz belə danışmamışdıq! – dedi. – Bu uşağa Klara ilə birlikdə dərs keçiləcəkdi. Amma görürəm ki, bu, mümkün deyil! Onların arasında çox böyük fərq var. Klara yaman məyus olacaq. Halbuki yeni bir dostu olacağına nə qədər sevinmişdi!

Elə bu vaxt otağın qapısı açıldı, nökər Sebastyan bir əlil arabasını itələyib içəri saldı. Arabada solğun bənizli, xəstəhal bir qız uşağı oturmuşdu. Amma qız Haydini görən kimi dirçəldi, gülümsədi və əlini ona uzatdı.

Frau Rottenmayer Detaya bu işin baş tutmayacağını başa salmaq üçün onunla birlikdə otaqdan çıxdı. İkilikdə qalan uşaqlar dərhal bir-birinə isinişdi. Klara gülümsəyərək dedi:

– Bayaq dayəmlə danışdıqlarınızın hamısını eşitdim. Sənin yazıb-oxumağı bacarmamağın mənə çox maraqlı gəldi. Bu o deməkdir ki, dərs saatlarımız xeyli şən keçəcək, heç darıxmayacağam. Doğrudan, keçi otarmağı bacarırsan? Bu haqda mənə mütləq danışmalısan. Danışacaqsan?

Haydi razılıq əlaməti olaraq başını tərpədib dedi:

– Amma yeddi gündən sonra evə qayıtmalıyam.

– Ola bilməz! Niyə qayıdırsan? – Klara məyus halda soruşdu.

– Orada hamı məni gözləyir: qoca baba, nənə, Keçi Peter və keçilər, – deyə Haydi cavab verdi.

– Bu, mümkün deyil! Sən həmişəlik Frankfurtda qalacaqsan. Atamla xanım Rottenmayer belə qərara gəliblər.

Bunu eşidəndə Haydini dəhşət bürüdü. Xalasının onu aldatdığını başa düşdü. Dərhal ürəyində qəti qərar verdi: əsla Frankfurtda qalmayacaq!

Klara bir az əvvəl dediyi sözlərdən Haydinin çox kədərləndiyini görüb ona təsəlli verməyə başladı: