banner banner banner
Haydi
Haydi
Оценить:
Рейтинг: 0

Полная версия:

Haydi

скачать книгу бесплатно

Haydi
Yohanna Spiri

Dünya ədəbiyyatından seçmələr
Müəllif ata-anasını vaxtsız itirən bir qızcığazın – Hadinin başına gələn bir-birindən maraqlı hadisələr fonunda uşaqların həyata, təbiətə və insanlara özünəməxsus baxışını oxuculara böyük məharətlə çatdıra bilib.

Yohanna Spiri

Haydi

© ALTUN KİTAB MMC – 2020

1. Qoca babaya gedən yolda

İsveçrədə isti iyun səhəri balaca bir qızla xalası ensiz dağ çığırı ilə üzüyuxarı, yaylağa tərəf qalxırdı. Qızcığaz lap yumağa bənzəyirdi, xalası olan-qalan nəyi vardısa, hamısını onun əyninə keçirmişdi: üç don, böyük, qırmızı pambıq şal və ağır qış çəkmələri.

İki yolçu yolun yarısını qət edib Dörfli adlı kiçik kəndə çatanda bir qadına rast gəldilər. Qadın dayandı. Üzünü xalaya tutub soruşdu:

– Sabahın xeyir, Deta. Bu uşaq kimdir?

– Bacımın qızı Haydidir, – Deta cavab verdi.

– Təxmin eləmişdim, – qadın dedi. – Yazıq uşaq! Bu yaşda atasız-anasız qalmaq çox çətindir. Yaxşı ki sən onun qayğısına qalırsan.

– Hə, elədir, – Deta dedi. – Amma bundan sonra mən də ona baxa bilməyəcəyəm. Frankfurta köçürəm. Orada varlı bir adamın evində işə düzəlmişəm, yaxşı donluq[1 - Donluq – maaş, aylıq] alacağam.

– Bəs uşaq harada qalacaq? – deyə qadın soruşdu.

– Onu yaylağa, babası Öhinin yanına aparıram, – Deta cavab verdi.

Dörflidə qoca babaya hamı «Öhi» (əmi) deyirdi. Yaylağa köçüb gedəndən sonra isə adı «Alm-Öhi» (yaylaqda yaşayan əmi) qalmışdı.

Qadın bu sözləri eşidən kimi dedi:

– Necə?! Uşağı Alm-Öhinin yanına aparırsan? Dəli olmusan, nədir? Qızcığaza yazığın gəlmir? Dörflidə Alm-Öhi haqqında çox söz danışırlar. Oğlunun və gəlininin ölümündən sonra bir adamla da kəlmə kəsməyib. Yaylaqdakı daxmasında tək-tənha yaşayır, yanına yaxınlaşmaq istəyənləri isə qovur. Sən də uşağı həyatdan küsmüş, heç kimlə yola getməyən bu hirsli qocanın yanına aparırsan!

Qadın bərk əsəbiləşmişdi, bununla belə, Deta:

– Fikrim qətidir. Uşaq babasının yanında qalacaq! – dedi.

Yaxşı ki Haydi bu iki qadının söhbətini eşitməmişdi, həmin vaxt qızcığaz keçi sürüsünü qabağına qatıb otarmağa aparan çoban Peterin arxasınca qaçırdı. Haydi oğlanın tək köynəkdə, ayaqyalın-başıaçıq çəmənlikdə hoppanıb-düşdüyünü görüb dayandı; tez-tələsik paltarlarını, qış çəkmələrini çıxardı. Əynində bircə nazik donu qaldı. Hoppana-hoppana çoban oğlanın arxasınca getdi.

Deta xala Haydini axtarmağa başladı. Qızı tapan kimi üstünə qışqırdı:

– Sənə aldığım qəşəng paltarları niyə əynindən çıxarmısan? Nə nankor uşaqsan!

– Hava çox istidir, o paltarlara ehtiyacım yoxdur, – Haydi dilləndi.

Çoban oğlan elə güldü ki, az qaldı ağzı qulaqlarına çatsın. İki uşaq keçi kimi atlanıb-düşməyində idi, xala isə ucadan deyinə-deyinə, tər tökərək, təngnəfəs halda dik yoxuşu çıxırdı.

– Bu keçilər sənindir? – Haydi oğlandan soruşdu.

Peter başını buladı:

– Yox. Sahibləri Dörflidə yaşayırlar. Hər səhər keçiləri onlardan alıb otarır, axşam da qaytarıb gətirirəm.

– Bəs keçiləri harada otarırsan?

– Yaylağın sıx çəmənliklərində… Keçilər orada təzə-tər otlardan doyunca yeyir, sonra da kefi kök halda hoppanıb-düşürlər.

Haydi öz-özünə fikirləşdi: «Yəqin, dağın başında keçi otarmaq maraqlı işdir». Buna görə də qızcığaz adının əvvəlinə «Keçi» ayaması qoşduğu Peteri o ki var sual atəşinə tutdu. Peter də həvəslə ona yaylaqdakı həyatından danışmağa başladı. Çox keçmədi ki, Haydi çoban oğlanın harada yaşadığını da öyrəndi.

Oğlan külək tutmayan dərədəki daxmanı göstərərək:

– Orada anam və kor nənəmlə birlikdə yaşayıram. Anamın adı Bricitdir, nənəmin adı isə elə nənədir. Sən də onu belə çağıra bilərsən, – dedi.

Haydi çox sevindi:

– Çoxdan arzulayırdım ki, mənim də nənəm olsun!

Qızcığaz xalasının arxadan «Əvvəl öz babanı tanı, sonra başqalarını» dediyini eşitdi. Xala uşaqların ardınca yoxuşu dırmanmaqda çətinlik çəkirdi.

Axır ki, yaylağa gəlib çatdılar.

Alm-Öhi daxmanın qarşısındakı skamyada oturub qəlyanını tüstülədirdi. Haydi qocanın yanına gedib ona əl uzatdı.

– Salam, qoca baba, – dedi. – Bundan sonra mən sənin yanında qalacağam.

Yaşlı kişi öskürərək mızıldandı:

– Bunu sənə kim deyib?

Sonra da sualedici nəzərlərlə Deta xalaya baxdı.

– Haydi sənin nəvəndir, – Deta dedi. – Oğlun Tobiasla gəlinin Adelhaydanın övladıdır. İndiyə kimi ona mən baxmışam, bundan sonra bir az da sən məşğul ol.

Ardınca da əlavə elədi:

– Uşaqla yaxşı davran, yoxsa Dörfli camaatı sənin haqqında daha çox şayiə qoşar.

Qoca kişi qəlyanını ağzından çıxardı, hirslə ayağa durub Detanın üstünə qışqırdı:

– Çıx get buradan, bir də gözümə görünmə!

Detaya da elə bu lazım idi. Dərindən nəfəs alıb arxasına dönərək yola düzəldi. Yolda o artıq Haydi haqqında deyil, Frankfurtdakı gözəl həyatı barədə fikirləşirdi…

2. Keзi sьdь və saman yataq

Deta gözdən itəndən sonra qoca yenə skamyada oturub qəlyanını tüstülətməyə başladı. Haydi Alm-Öhinin qarşısında dayanıb gözlərini ona dikərək təəccüblə baxırdı.

– Nə var, nə baxırsan? – qoca donquldandı.

– Elə gülməli görünürsən ki! – Haydi dedi.

– Doğrudan?! Niyə belə fikirləşirsən? – Alm-Öhi maraqla soruşdu.

– Çünki uzun saqqalın və qalın qaşların var, – Haydi dilləndi.

– Hmm! Başqa nə kəşf eləmisən? – qoca yenə mızıldandı.

Haydi əli ilə yamyaşıl çəmənlikləri, sıldırım qayaları göstərərək:

– Buranın çox gözəl yer olduğunu! – dedi.

Qızın gözlərinin içi gülürdü. Qoca kişinin qırışmış sifətində də yüngül təbəssüm sezildi:

– Deməli belə! Onda ətrafına yaxşı-yaxşı bax və zövq al!

Haydi evin ətrafında dövrə vurmağa başladı. Sonra dayanıb aşağıya, vadiyə tamaşa elədi. Axırda daxmanın yanında bitmiş, başı az qala buludlara dəyən üç şamağacından birinin altında çömbəldi. Uşaq qocaman şamağacılarının yarpaqları arasından uğuldayaraq keçən, budaqları yelləndirib silkələyən küləyin səsinə qulaq asdı. Haydi külək yavaşıyandan sonra qoca babanın yanına qayıtdı.

– Bu dəfə nə kəşf elədin? – deyə qoca soruşdu.

– Böyük şamağacılarını və küləyi, – Haydi cavab verdi və ağacların arasından gələn uğultunu təqlid etməyə başladı.

Qoca baba başını aşağı salıb alçaq səslə öz-özünə mızıldandı: «Uşağın gözləri də, qulaqları da itidir. Bu, yaxşı cəhətdir».

– İndi də evin içini görmək istəyirəm, – Haydi babasının əlindən tutaraq dedi.

– Yaxşı, elə isə gəl, bax.

Qoca ayağa durub daxmanın qapısını açdı. Ev bircə iri otaqdan ibarət idi. Haydi ocağın üstündə qarmaqdan asılmış qazana, stola və tək stula nəzər salıb dedi:

– Bəs mən harada oturacağam?

– Sabah sənə bir kətil düzəldərəm, – deyə qoca baba ona söz verdi.

Haydi küncdəki çarpayıya tərəf qaçaraq soruşdu:

– Burada yatırsan?

Öhi başı ilə təsdiqlədi.

– Bəs mən harada yatacağam? – Haydi yenə soruşdu.

– Ürəyin harada istəsə, orada, – babası cavab verdi.

Bu cavab Haydinin xoşuna gəldi. İndiyə kimi heç kim ürəyi istədiyi yerdə yatmasına icazə verməmişdi. Haydi böyük otağın bütün künc-bucağını gəzdi, amma harada yatacağına qərar verə bilmədi. Axırda qoca babanın çarpayısının yanındakı pilləkəni göstərib soruşdu:

– Bu pilləkən hara qalxır?

– Çardaqdakı samanlığa. İstəyirsən, çıx, bax! – baba dedi.

Haydi elə bunu gözləyirdi. Pilləkənləri keçi kimi cəld dırmandı. Yuxarıdan sevinclə bağırdı:

– Qoca baba, tapdım! Mən burada yatacağam! Ən gözəl yer elə buradır.

Öhi bığaltı qımışaraq:

– Düzdür, düzdür, – dedi.

Sonra da əlavə elədi:

– Elə isə özünə yatacaq düzəlt. Orada kifayət qədər saman var.

Haydi cidd-cəhdlə işə başladı. Qucaq-qucaq saman gətirib çardaqdakı pəncərənin altına yığdı. Samanları üst-üstə döşəyib özünə yatacaq düzəltdi.

– Qoca baba, bax! Gör nə gözəl döşəkdir! Burada uzanıb ulduzlara tamaşa eləyə bilərəm.

Qoca pilləkənlərlə çardağa qalxıb saman yatağın üstünə kətan mələfə sərdi. Haydi dərhal yatağına uzanmaq istəsə də, babası:

– Axı əvvəl qarnını doyurmalısan. Bəyəm hələ acmamısan? – deyə soruşdu.

– Elə acmışam! – Haydi cavab verdi.

Baba ilə nəvə pilləkənlərlə aşağı düşdülər. Artıq hava qaralmışdı. Elə bu vaxt bayırda kimsə astadan fit çaldı. Bu, Keçi Peter idi, qoca babanın iki keçisini örüşdən gətirmişdi. Haydi dərhal özünü daxmadan bayıra atdı. Böyüklü-kiçikli bir sürü keçi qızı dövrəyə aldı. Qoca baba əlini irəli uzatdı, ovcunda bir az duz vardı. Biri ağ, o biri qəhvəyi rəngli iki keçi sürüdən aralanıb ona yaxınlaşdılar. Keçilər qoca babanın ovcundakı duzu yaladılar, baba da onları sığallamağa başladı. Keçi Peter baba ilə nəvəyə «Gecəniz xeyrə qalsın!» deyib vadiyə tərəf getdi.

Haydi əvvəl ağ, sonra da qəhvəyi keçinin başını sığalladı.

– Qoca baba, bunlar sənin keçilərindir? – deyə qız soruşdu.

Yaşlı kişi başı ilə təsdiqlədi.

– Belə çıxır ki, onlar həm də mənim keçilərimdir, düzdür?

Qoca baba gülümsəyərək:

– Hə, indi onlar həm də sənin keçilərindir, – dedi.

– Bəs adları nədir?

– Ağ rəngli keçinin adı Qucuğaz, qəhvəyi rəngli keçinin adı isə Ayıcığazdır.

Qoca baba daxmaya girib iki parça çörək və kasa ilə geri qayıtdı. Haydi babasının Qucuğazı necə sağdığına maraqla tamaşa elədi. Qoca baba keçi südü ilə dolu kasanı Haydiyə uzadıb dedi:

– Bu da şam yeməyin. Skamyada otur, ye.

Haydi iştahayla südünü içib çörəyini yedi. Sonra ağzını köynəyinin qolu ilə silib:

– Qoca baba, indiyə kimi heç bu qədər ləzzətli yemək yeməmişdim, – dedi. – Artıq yuxum gəlir.