
Полная версия:
Gözəlçə
– Müfəttiş Elbertson, – deyə polis özünü təqdim etdi və saymazyana soruşdu:
– Ölən barədə nə deyə bilərsən?
Vivyen həmin anda tinə yetişdi və cavabı eşitdi:
– Mən heç nə bilmirəm, ser, – zənci şübhəli adam kimi dartınır, əl-qol atırdı. – And içə bilərəm. Düz sözümdür, bu qızı tanımıram.
– Bəsdir nağıl danışdın! Biz onu həyətdə, zibil yeşiyində tapdıq. O nə işin sahibi idi?
– Toz üçün işləyirdi. Halı lap pis idi. Kokain üçün işləyirdi. Gecə-gündüz küçədən yığılmırdı, özünü lap ucuz satırdı.
– Bəs sən neyləyirsən? – müfəttiş soruşdu.
Zənci əllərini qaldırdı:
– Mən təmizəm, ser! And içirəm!
– Sən dedin, mən də inandım! – asayiş keşikçisi burnunu çəkdi. Müfəttiş zənciyə bir-iki sual da verməyə hazırlaşırdı ki, tində toplaşanlardan iki nəfər onun diqqətini çəkdi. Polis qışqırdı:
– Ey, siz! Neyləyirsiniz orda?
O, meyitin üzərinə əyilmiş qadınla kişiyə yaxınlaşdı. Qadın dayanmadan fotoaparatını şaqqıldadırdı. Müfəttiş gözünü onlara dikdi:
– Mətbuatdansınız?
Bir anlığa əl saxlayan qadın geri döndü:
– Mətbuatdan deyilik. Orlandodan gəlmişik.
Müfəttiş hirslə həmkarına – ikinci polisə tərəf döndü:
– Ağlagələn iş deyil! Bu turistləri gördün? Meyitin şəklini çəkirlər, görünməmiş şey tapıblar!
İkinci polis sensasiya həvəskarlarını kənara sıxışdırdı. Vivyen isə bu yerdən uzaqlaşmağa tələsdi. Ölən qızı tanıyırdı. Qarşılaşdığı mənzərədən tükləri biz-biz olmuşdu. Tindən təzəcə aralanmışdı ki, meyitin «təcili yardım» maşınına qoyulub aparıldığını gördü.
Vivyen addımlarını sürətləndirdi, küçənin qarşı tərəfinə keçdi və giriş qapısının üstündə neon hərflərlə «Mavi banan klubu» sözləri yazılmış bara daxil oldu. Qapının yanında mopedlər düzülmüşdü, pəncərələrdən gur musiqi səsi gəlirdi. Hiss olunurdu ki, gecə həyatı başlayır.
Ağzına kimi dolu salonu tüstü bürümüşdü, elə bil tülkü boğurdular. Bar Vivyeni səslərin kakofoniyası, sınan şüşənin cingiltisi, şaqqanaqla qarşıladı. Səsgücləndiricilərdən tanış mahnının sədaları yayılırdı:
Bu sərsəm dünyadaSənə aşiq olmağımHeç qəribə deyilmiş…Bir neçə nəfər ortalıqda rəqs edirdi, qalanlar bütün salonboyu uzanan piştaxtaya yapışmışdılar. Vivyen adamları yara-yara özünü yaşlı barmenə yetirdi.
– Xoş gördük, Pope! Təsadüfən bilmirsən, Kit hardadır?
Qoca başı ilə pilləkənə işarə etdi:
– Yuxarıda, bilyard salonunda. Dostları da yanında.
Vivyenin mənzil yoldaşı Kit de Luka masanın arxasında tək deyildi. Kit düzgün biçimli, balaca uşaq kimi hamar üzlü, miniatür və qəşəng qız idi. Vivyen salona qalxanda o, tünd-şabalıdı rəngli gur saçlarını darayırdı. Rəfiqəsinin yaxınlaşdığını görüncə qız qara eynəyini çıxardı.
– Viv! – Kit sevincək ciyildədi. – Xoş gördük, gözəlçə…
Vivyen birbaşa mətləbə keçdi:
– Pul hanı? – deyə o, mənzil yoldaşının sözünü kəsdi. Kit sanki sualı eşitmədi, əl-qol ata-ata yanında oturmuş kişiyə tərəf döndü:
– Karlos, sən Vivyenlə tanışsan…
Sonra o, yanlarında oturmuş yeniyetməni göstərdi. Vivyen bayaq küçədə skeytbord sürən oğlanı tanıdı. Masa arxasında əyləşmiş dördüncü adam isə onlarla eyni peşənin sahibi başqa bir qız idi. Vivyen bu qızı da tanıyırdı.
– Bu da Enceldi, – deyə Kit həmkarını təqdim etdi və yenə nəsə demək istədi, amma Vivyenə baxan kimi xırp səsini kəsdi.
Vivyen hirsindən özündə deyildi.
– Biz tanışıq! Sən de görüm, pulu neyləmisən?
– Karlos azca toz tapmışdı mənimçün, biz də balaca məclis qurduq, – Kit lağlağıya saldı. – Görürsən də, qonaqlarım var…
– Sən bizim pulumuzu bu nəcisə vermisən? – Vivyen dəhşətlə Kitə baxdı. – Ağlın çaşıb sənin!
O, Kiti qamarlayıb masadan qaldırdı və silkələdi. Əllərini qızın yaxasından çəkəndə isə Kit müvazinətini saxlaya bilməyib döşəməyə sərildi və günahkar nəzərlərlə rəfiqəsinə baxdı:
– Başa düş, Viv, mənə təcili doza lazım idi…
– Sənə doza lazım idi, hə də… – Vivyenin sinəsi enib-qalxırdı. – Bəs mənzilin pulunu kim verəcək?
Karlos ayağa qalxıb qızların arasına keçdi.
– Yaxşı, sakit ol, gözəlçə, – o, yumşaq, riyakar səslə dedi.
Karlos əyninə qara köynək, dar şalvar geymiş, başına şlyapa qoymuşdu. İspanlara oxşayan bu yaraşıqlı gənc titrəyən əli ilə ondan yapışan Kiti itələdi, başını bulayıb əlavə etdi:
– O, hələ iki yüz də verməlidir…
– Eeee… Karlos, – Kitin dili ağzında dolaşdı.
Vivyen qəzəblə ona baxdı:
– Hələ iki yüz də?..
– Aha… mən əvvəllər də ondan toz almışdım… – Kit təsdiqlədi.
– Düz deyir. O mənə iki dənə yüzlük borcludur, – Karlos bunu deyib həyasızcasına Vivyeni süzdü. – Yox, əgər sən onun borcunu qaytarmaq istəyirsənsə, razılaşa bilərik.
Vivyenin dodaqlarının necə əyildiyini görən Kit işə qarışmağa tələsdi:
– Yox, yox, təklifinə görə sağ ol, Karlos, biz hələ o yerə gəlib çatmamışıq.
Kit ayağa qalxdı və rəfiqəsinin əlindən dartdı:
– Getdik, balaca, çıxaq burdan. Aşağı düşək.
Amma Vivyen elə bil yerə mıxlanmışdı:
– Sənin borclarını işləyib vermək?.. Başın xarabdı? Siz özünüzü nə hesab edirsiniz?!
Bayaqdan bəri səsini çıxarmadan olanlara qulaq asan Encel birdən hırıldadı. Nəhayət, Kit rəfiqəsini sürüyüb pilləkənin başına qədər apara bilmişdi.
– Sən onda nə görmüsən, Karlos? – deyə Encel qadın alverçisindən, yeri gəlmişkən, həm də keçmiş oynaşından soruşdu.
Karlos baxışları ilə Vivyeni xeyli ötürəndən sonra cavab vermək əvəzinə fınxırdı.
Vivyen isə heç cür sakitləşmək bilmirdi. O, yenidən Kitin üstünə düşdü:
– Mən yatanda pulu çırpışdırmısan? Elə olub, hə?
Kit çiyinlərini çəkdi:
– Sən yox idin. Səndən soruşa bilmədim.
Birinci mərtəbəyə enən kimi Kit bara tərəf getdi.
– Ey, hara? Bəlkə, bəsindi? Çıxaq burdan, – deyə Vivyen onun arxasınca qışqırdı.
Kit başını buladı:
– Mən nəsə yeməliyəm. Həm də unutma ki, o mənzil mənimkidir.
Kit rəfiqəsindən incimirdi, bununla belə, Vivyenə göstərmək istəyirdi ki, onu idarə etməsinə imkan verməyəcək. Kit barın piştaxtasına qoyulmuş boşqabdan üç-dörd şəkərli meyvə götürüb onları salfet kağızının üstünə qoydu.
– Sənsə yaddan çıxarma ki, mən də orada yaşayıram, – Vivyen əsəbi halda cavab verdi.
– Sən bura qara qəpiksiz gəlmişdin. Mənimsə mənzilim, pulum vardı. Sənə babat iş tapdım. Amma neyləyim ki, bu Karlos məni sıxışdırır. Ağzına nəsə atmalı oldum. Tanrı xatirinə, məndən əl çək. Ədalətsizlikdir bu!
Barmen Pope şəkərli meyvələrin bir-birinin ardınca Kitin ağzında necə yoxa çıxdığını qaşqabaqla seyr edirdi. Nəhayət, barmen dözməyib donquldandı:
– Bizdə özünəxidmət deyil.
– Mən səndən əl çəkim? – Vivyen öcəşdi. – Kit, mən indicə ölmüş bir qızın zibil yeşiyindən necə çıxarıldığını gördüm! – O bunu deyib piştaxtanın qarşısındakı kətilə əyləşdi.
Kit söhbəti bitmiş hesab edib getməyə hazırlaşırdı, amma Vivyenin son sözlərini eşidəndə ayaq saxladı, rəfiqəsinə tərəf döndü:
– Bilirəm. Sısqa Meriydi. Onun axırı gəlmişdi. Yediyi də, içdiyi də kokain idi. Bir vaxtlar Dominik çalışdı ki, ona tərgitdirsin, amma bacarmadı!
Piştaxtanın o biri başında hay-küy qopdu – kimlərsə nəyisə bölə bilmirdilər. Kitlə Vivyen bir qədər mübahisəni izlədilər. Az sonra Vivyen yenidən üzünü rəfiqəsinə tutdu:
– Sən bilirsən ki, mən buradan canımı qurtarmaq istəyirəm? – o, sarsıldığını gizlətmirdi. – Sənin heç belə bir istəyin olur?
– Canını qurtarmaq? – Kitin gözləri bərəldi. – Canımızı qurtaranda hara gedəcəyik? Bəlkə, deyəsən? – O, ümidsizliklə əlini yellədi: – Yox e, mümkün deyil.
Doğrudan da, Hollivud bulvarında bədənini satan qızlar öz həyatlarını necə dəyişə bilərdilər?
Onlar küçəyə çıxdılar və bulvardakı daimi «ov» yerlərinə doğru getdilər.
Bulvarda istənilən qədər fahişə var idi, amma gözəlçələrdən hər biri küçənin yalnız özünə aid hissəsində «işləməli», başqasının «ərazisinə» girməməliydi.
Rəfiqələr hələ uzaqdan görmüşdülər ki, onların yeri tutulub. Yayxanaraq ağaca söykənmiş qızı da tanıyırdılar.
Kit hirsli-hirsli «işğalçı»nın üstünə yüyürdü.
– Ey, Reyçel!
Ağ-qara damalı paltarı əndamına kip oturmuş kürənsaçlı fahişə ağacdan həvəssiz aralandı.
– Nədi? Nədənsə narazısınız?
– Aha, düz bilmisən, narazıyıq! – Kit başını tərpətdi. – Sən səkidəki bu ulduzları görürsən? Yoxsa gözlərində problem var?
Reyçel cavab verdi:
– Hə, görürəm.
– Görürsənsə, lap əla! – Kit barmağı ilə dünya məşhurlarının adları həkk olunmuş ulduzlu haşiyələri göstərdi: – Bob Houpdan Rits qardaşlarına, Fred Asterədək, sonra da Ella Fitsceraldadək Vivyenlə bizim ərazimizdir, biz buranı tutmuşuq. Odur ki itil öz küncünə!
– Ah, bağışlayın, – deyə Reyçel saxta nəzakətlə mızıldandı. – Mən heç də burada qışlamağa hazırlaşmırdım.
O, Vivyenə çəpəki nəzər salıb əlavə etdi:
– Yeri gəlmişkən, bu, hələ təzədir…
– Nə olsun? Mən ki köhnəyəm! – Kit balasından ötrü narahat olan dişi pələng kimi hədə dolu nəzərlərlə Reyçelə baxdı və bununla onun gətirdiyi dəlili puça çıxardı. – Qışlamaq üçünsə Ester Uilsonun ulduzunu seç!
Vivyen onun səhvini düzəltdi:
– Ester Uillyams…
– Ester Uillyams, – Kit təkrarladı. – Sənin yerin oradır!
– Yaxşı, özündən çıxma, – Reyçel əzilib-büzüldü. – Sən elə naqqal, elə çərənçi olmusan ki, adam üzünə baxa bilmir! – Qız bunu deyib arxasını onlara çevirdi, ombalarını yellədə-yellədə hündürdabanlarını taqqıldatdı və məğrur yerişlə uzaqlaşdı.
Kit heyrətlə onun dalınca baxdı, qaşlarını çatdı və Vivyendən soruşdu:
– Yəni mən doğrudan çərənçiyəm?
– Doğrudan, – Vivyen cavab verdi, amma rəfiqəsinin pərt olduğunu görüb gülümsədi: – Hərdən…
Kit köksünü ötürdü:
– Ona görə ki mən həmişə acam. Təcili yemək lazımdır. Deyirlər, çərənçilik aclıqdan olur!
Kit susdu, səkinin qırağı ilə yavaş-yavaş gedən maşından bir kişi ona fit çaldı.
– Ey, bacıcan!
Kit maşına yaxınlaşdı:
– Nədi, əzizim? Nəsə lazımdı? – o, fit çalan kişinin yanında daha iki nəfərin olduğunu gördü: bu adamlardan biri maşın sürürdü, digəri arxa oturacaqda əyləşmişdi.
– Gedək, balaca. Mənim ad günümdür. Bu münasibətlə gecə mənimlə havayı yatacaqsan! – deyə sürücünün yanında oturmuş kişi qışqırdı.
– Başın xarab olub, atacan? – Kit irişdi və geri – Vivyenin yanına qayıtdı.
Vivyen kepkasını çıxarıb parikini qaydaya salmağa çalışır, hamar sarı saçlarını sığallayırdı:
– Bu gün buralar dəlixanadır.
– Məncə də elədir, – Kit başını tərpətdi. – Bura bax, bəlkə, biz qadın alverçiləri ilə iş quraq? Karlosun səndən xoşu gəldi.
– Yox bir! O da dərimizə saman təpsin? Qazancımız daha da azalacaq.
– Yenə də sən haqlısan, – Kit burnunu çəkdi və rəfiqələrin azadlığa münasibətini ifadə edən şüarı xatırladı:
– Kiminlə, nə vaxt, neçəyə getməyə özümüz qərar veririk!
Fənər dirəyinə söykənmiş Kit yoldan ötən maşınları baxışları ilə müşayiət edirdi.
Vivyen bir qədər susduqdan sonra soruşdu:
– Necə bilirsən, kənardan həddən artıq abırlı görünmürəm ki?
– Heç də yox. Əntiqə görkəmin var! – deyə Kit rəfiqəsinin parikini düzəltdi. – Erkəklər sənin kimisindən ötrü sinov gedirlər!
Kit ətrafa boylandı. Yaxınlıqda motorun qulaqbatıran nəriltisi və təkərlərin vıyıltısı eşidildi.
– Axmaq! Bu cür maşını sökür!.. Bu ki…
Kit tullana-tullana Haylənd avenyudan Hollivud bulvarına dönən gümüşü «Lotus-Esprit»i görəndə hətta fit çaldı.
– Tələs! – o, Vivyeni qabağa itələdi. – Bax, beləsini məngirləməlisən!
– Dayan, itələmə, – Vivyen çəkinə-çəkinə idman avtomobilini nəzərdən keçirdi və Kitə dedi. – Bu, deyəsən, «Lotus-Esprit»dir axı…
– Bu bizim kirayə pulumuzdur! – Kit hücuma keçdi.
Maşın yaxınlaşdıqca sürətini azaldırdı, nəhayət, o dayandı. Kit «Lotus-Esprit»i gözləri ilə yeyirdi.
– Get, get! – qız tərəddüd keçirən rəfiqəsini bir də itələdi. – Sən bu gün əntiqəsən. Səndən keçə bilməyəcək, hesab elə ki, yüzlük cibindədir! Qurtaran kimi zəng vur! Viv, özündən muğayat ol!
– Sən də! – Vivyen bunu deyib tələsik Kitin yanağını sığalladı, sonra gözəl qaməti və uzun ayaqları yaxşı görünsün deyə qırmızı jaketini soyundu və barmaqları ilə parikini darayıb «Lotus»a tərəf getdi.
Kit onun arxasınca əlini yellədi, qız coşmuşdu.
– İşlə, çalış, balaca! Onu yaxşıca qızışdır, pulunu qazan! Bacaracaqsan! Bircə oyunu korlama!
III fəsil
Edvard Lyüis «Lotus»un sükanı arxasında çaşıb-qalmışdı, Vivyenin ona yaxınlaşdığını görmədi. O gah cihaz lövhəsinə, gah sürət ötürücüsünün dəstəyinə baxırdı.
– Bəsdir, tərpən görək, tərslik eləmə! – deyə o donquldandı. – Birinci sürət, deyəsən, burdadır… Əgər yadımda düz qalıbsa…
Stakinin evinin yerləşdiyi Hollivud Hillzdən çıxandan bəri Edvard yolu tamam azmışdı. Hansısa möcüzə sayəsində Hollivudadək gəlib çıxmış, amma bulvarın sonundakı teatrın yanından sağa – Qərbi Hollivuda və Beverli Hillzə aparan yola yox, əks tərəfə dönmüşdü.
Trendi strit, Sanset bulvarı, Melroz avenyu – lövhələrdə yazılmış bu küçə adları ona heç nə demirdi. O harada olduğunu və mehmanxanaya necə gedəcəyini təsəvvür etmirdi.
Nəticədə «Lotus»un ciddi müqavimət göstərməyinə baxmayaraq Edvard son məqsədindən kifayət qədər uzaqlaşa bilmişdi. Amma çətinliklə hərəkət edirdi. Gah sürəti dəyişərkən ayırıcı pedalı basmağı unutduğu üçün mühərrik sönürdü, gah da qazın pedalını dibədək elə basırdı ki, xırıldayan motor qəfildən yüksək sürət yığırdı və maşın az qala raket kimi yerindən qopurdu.
Bura gəlib çıxmağı da təsadüf idi. Yolda mühərrik növbəti dəfə şıltaqlıq edəndə Edvard ətrafa boylanıb özünü sakit, zəif işıqlandırılmış, ağappaq evləri daş hasar və dəmir çəpərlə dövrələnmiş bir küçədə görmüşdü, həyəcanlanmağa başlamışdı. Səkidə isə evsiz olduğu aydın görünən bir səfil zibil qabını eşələyirdi.
Edvard əyləci basıb sürəti lap azaltmışdı, başını pəncərədən çıxarmışdı və səfilin öz axtarışlarının nəticəsindən narazı qaldığını eşitmişdi:
– Görürsən?! Daha zibildən başqa heç nə tullamırlar!
Edvard maşını saxlamışdı:
– Üzr istəyirəm…
Avara diksinib qəddini düzəltmişdi:
– Nə olub ki?
– Siz deməzsiniz, Beverli Hillzə necə getmək olar?
Səfil səndirləyə-səndirləyə yaxına gəlmişdi:
– Niyə demirəm? Siz elə oraya gəlmisiniz, cənab! Baxın, görürsünüz, sağ tərəfdəki Silvestr Stallonenin malikanəsidir.
Edvard nəzakətlə ona təşəkkür etmişdi. Səfil qonaqpərvərlik göstərmişdi:
– Biz tərəflərə xoş gəlmisən!
Aldığı məlumat Edvarda o qədər də etibarlı təsir bağışlamamışdı. Səfil, yəqin ki, sərxoş idi, ya da nəşə çəkmişdi, bəlkə də, həm içmişdi, həm də çəkmişdi. Hər halda, Edvard «Recent Beverli Uilşir» otelinə necə getməyi daha ondan soruşmamışdı, qanıqara vəziyyətdə gəldiyi yolla geri qayıtmağı lazım bilmişdi. Güman etmişdi ki, yol onu gec-tez şoseyə çıxaracaq, amma sonda yenə də özünü Hollivud bulvarında görmüşdü…
Bulvarda isə Edvard başını səsə qaldırıb maşının pəncərəsindən içəri boylanan Vivyeni gördü. Qızın qəşəng ağ dişləri parıldayırdı, o gülümsəyirdi.
– Axşamınız xeyir! Siz kimisə axtarırsınız? – qız süni soyuqqanlıqla soruşdu.
Bu sual varlı kişinin «Əlbəttə, səni!» cavabına hesablanmışdı. Amma kişi fərqli cavab verdi:
– Axtarıram. Beverli Hillzə gedən yolu. Siz yolu göstərə bilərsiniz?
Vivyen gülümsəməkdə davam edirdi. «Amma pis deyil ha… – deyə o, dəbdəbəli maşının sürücüsünə ürəyində qiymət verdi: – O dəqiqə görünür ki, pulludur». Qız dilləndi:
– Əlbəttə, göstərərəm. Bir beşliyə.
– Bu ki gülməlidir! – Edvard heyrətlə ona baxdı.
– Gülməlidir? Elədə siz onluq verərsiniz!
Edvard başını buladı:
– Hələ eşitməmişəm ki, kimsə yolu göstərdiyinə görə pul alsın.
– Almaq, ya almamaq – mənlikdir! – Vivyen maşının qapısına dirsəkləndi. – Amma yolu tanıyıram!
Qız sanki çıxıb gedəcəkmiş kimi dikəldi və bir addım geri çəkildi, yumru dalını Edvarda çevirdi. Dar ətəyə bürünmüş bu canalan vücudu görəndə Edvard müti halda çiyinlərini çəkdi.
– Yaxşı, mən razıyam, – deyib əlini pencəyinin cibinə saldı. Bir göz qırpımında geri dönən Vivyen təzədən başını «Lotus»un pəncərəsindən içəri saldı.
– İyirmiliyə xırdanız var? – Edvard ona əsginas uzatdı.
Vivyen pulu qamarlayıb bürmələdi və büstqalterinin içinə basdı:
– İyirmiliyə sizi qapıyadək ötürərəm. Ekran ulduzlarının harada yaşadığını da göstərərəm!
Onun bu sərbəstliyi Edvardı güldürdü:
– Çox sağ olun, Silvestr Stallonenin evini bu gün artıq görmüşəm.
– Əla, – Vivyen oturacağa tullandı. – Burdan düz, sonra da sağa…
Bu dəfə Edvard birinci sürətin yerini problemsiz tapa və mühərriki dərhal işə sala bildi, amma ayırıcı pedalı buraxmağa tələsdi. Maşın yerindən elə sıçradı ki, Vivyen oturacağa yapışdı.
– Faraları da işə salmaq pis olmazdı, – qız yarızarafat, yarıqorxu içində dilləndi.
Edvardın bəxti gətirdi: lazım olan düyməni tez tapdı, faralar açıldı və «Lotus» yola çıxdı. Yolayrıcında Edvard az qaldı ki, qırmızı işıqda keçsin, amma son məqamda əyləci basa bildi.
Vivyen rahat nəfəs aldı.
– O-oh… yaman maşındır! – deyə qız heyranlığını gizlətmədi.
– Amma həddən artıq… ehtiraslıdır, – Edvard ağzını əydi.
– Sizinkidi? – qızın bu sualına o, başını buladı.
– Bəlkə, qaçırmısınız?
– Tam qaçırtmaq da sayılmır, – Edvard güldü.
Onlar yaşıl işığın yanmasını gözləyincə Edvard qıza nəzər salıb soruşdu:
– Adınız nədi?
Qız nazlandı, gülümsədi:
– Siz bilən?
Edvard cavab vermədi. Qız dedi:
– Vivyen. Adım Vivyendi…
– Vivyen, – Edvard təkrarladı. Bu vaxt yaşıl işıq yandı və o, qazı basdı.
Vivyen soruşdu:
– Siz hansı mehmanxanada qalırsınız?
– «Recent Beverli Uilşir»də.
– Elədə baxın, o küncə qədər düz gedin, sonra sağa dönərsiniz.
Vivyen Edvardı yandan diqqətlə süzdü:
– Siz Kaliforniyadan deyilsiniz?
– Yox, – Edvard dedi, – Nyu-Yorkdanam.
O, ikinci sürətə keçdi və ayağını əyləcə basmadan Melroz avenyuya döndü.
– Va-uuu! Lap şeytan əməlidir! – Vivyen heyrətləndi. – Bu araba döngələri də elə bil rels üstündə dönür.
Edvard anlamadı:
– Bağışlayın… Siz necə dediniz?
– Adam dəli olar! – Vivyen ləzzətlə güldü. – Dəhşətdi! Özü də dörd silindrli dəhşət!
– Yəni siz demək istəyirsiz ki, avtomobildən başınız çıxır? – Edvard üçüncü sürətə keçdi. – Siz bütün bunları haradan bilirsiniz?
– Avtomobilçilər üçün jurnallardan. Bizim evdə oğlanlar yuxuda elə dəmir-dümür görərdilər: «Mustanq»lar, «Korvet»lər… Sınıq-salxaq bir araba alıb ondan konfet düzəldərdilər. Mən onların əlləşməyinə baxmaqdan ötrü ölürdüm.
Vivyen avtomobilin dəbdəbəli salonunu başdan-başa süzdü və təəccüblə Edvarda baxdı:
– Anlamıram, maşından necə baş çıxarmamaq olar!
– Düzünü deyim ki, mən ilk avtomobilimi sürücüsü ilə birlikdə hədiyyə almışam, – Edvard həqiqəti söylədi. – Bəs o hansı şəhər idi ki, oğlanlar yuxuda dəmir-dümür görərdilər? – Edvard zarafatla soruşdu.
– Millec Vill, Corciya ştatı, – qız cavab verdi.
Edvard növbəti sürətə keçməyə cəhd göstərdi.
– Sürətlər qutusu sizə atəşin salam göndərir! Axır ki, bacardınız, – Vivyen ağızdolusu güldü. – Siz sürətdən sürətə düzgün keçirmirsiniz. Bu, mexaniki ötürücü qutusuna malik standart komplektli maşındır axı!
– Standart komplektli? Fikirləşirsiniz ki, bunun nə demək olduğunu bilirəm? – Edvard sürətlər qutusunun dəstəyinə baxdı.
Qız uğunub gedirdi.
– Siz nə vaxtsa «Lotus» sürmüsünüz? – Edvard sanki adi velosipeddən söhbət gedirmiş kimi soruşdu.
– Yox.
– Onda sınamağın əsl məqamıdır.
Vivyen heyrətləndi:
– Zarafat edirsiniz?
– Ciddi sözümdür, – Edvard maşını saxladı. – Yoxsa mehmanxanaya çatanadək maşın sürmək barədə mühazirə dinləməli olacağam.
Vivyen arı sancmış adam kimi maşından sıçrayıb yerə düşdü və bir göz qırpımında sürücünün qapısının ağzını kəsdirdi. Edvard sükan arxasından qalxdı və onlar yerlərini dəyişdilər.
– Kəməri bağlayın! – səbirsizlikdən partlayan Vivyen dedi. – İndi bu arabanın nəyə qadir olduğunu sizə göstərəcəyəm! Hazırsınız?
Edvard təhlükəsizlik kəmərini bağladı:
– Hazıram.
Vivyen sükan arxasında yerini rahatlayıb arxanı göstərən güzgünü düzəltdi.
– Elə isə, irəli! – O, sürət ötürücüsü dəstəyinin yerini asanlıqla dəyişib qazı basdı. Maşın şose ilə şütüdü. Aldığı həzzdən Vivyenin gözləri parıldayırdı.
– Bu şeytan əməlinin pedalları yarış maşınının pedalları kimidir. Yəni bir-birinə çox yaxındır. Qadın üçün rahatdır – bizim ayağımız balacadır. Hərçənd mən istisnayam. Otuz doqquz ölçüdə çəkmə geyinirəm.
Edvard qıza baxdı. Onun uşaq kimi sevinməsi xoşuna gəlirdi.
Vivyen əlini sükandan çəkib Edvardın sifəti bərabərində qaldırdı.
– Yeri gəlmişkən, ayağın ölçüsü dirsəkdən biləyədək olan məsafəyə bərabərdir. Bilmirdiniz?
Edvard güldü:
– Birinci dəfə eşidirəm.
– Əslində, o qədər də vacib məlumat deyil, – Vivyen də güldü və yenidən ikiəlli sükandan yapışdı.
Onlar bir müddət dinməzcə yol getdilər. Edvard dizinin üstündəki plaşı hamarladı. O, baş götürüb Stakinin evindən qaçanda həmişəki səliqəliyini bir anlığa unutmuşdu, plaşı maşının sağ oturacağına atmışdı. Qız da plaşın üstündə oturmuşdu.
Edvard bir qədər düşündü, sonra yenidən Vivyenə baxdı. «Heç də pis deyil. Əgər bu yöndəmsiz geyimi və qorxunc kosmetikası olmasaydı, kimsə deməzdi ki, fahişədir. Gözəl sifəti, zərif əlləri var, həm də özünə qulluq etdiyi görkəmindən görünür… Yox, o heç fahişəyə oxşamır», – deyə fikirləşdi.
Edvard öskürdü:
– Bu gün sizin peşənin sahibləri nə qədər qazanır, deyə bilərsiniz? Mən… yolda durub maşın saxlayanları nəzərdə tuturam.
– Ən azı yüz dollar, – Vivyen qiyməti artırmaq siyasətini seçdi. O, Kitin nəsihətini, dibində siçanlar oynaşan pul kisəsini və boşalmış sabunqabını yadına saldı. Fikirləşdi ki, bu kişi yüz dollardan ötrü çənə döyən adama oxşamır.
Edvard heyrətlə soruşdu:
– Gecəsi yüz dollara?
Qız gözlərini qırpmadan cavab verdi:
– Saatı…
Edvard qulaqlarına inanmadı:
– Saatı? – şübhə ilə təkrar soruşdu. – Bu qədər qazancınız ola-ola çəkmənizi sancaqla bağlayırsınız? Yəqin, zarafat edirsiz…
Vivyen dedi:
– Puldan söhbət düşəndə mən zarafatı sevmirəm.
Edvard bu fikirlə dərhal razılaşdı:
– Mən də! – O, qıza bir daha diqqətlə baxmaq üçün ona sarı çevrildi. – Saatda yüz dollar! Pis deyil!
Bir an gözlərini yoldan çəkən Vivyen Edvardın üzünə güldü, ədəbsizcəsinə əlini onun şalvarının zəncirbəndinin üstünə qoydu:
– Hələ bərkiməyib, amma düzələn işdir!
Edvard belə ədəbsizliyə layiqli cavab tapmadığından qızın iradını qulaqardına vurmağı lazım bildi. Beynindəki fikirlər dolaşmışdı. O yalnız Vivyenə baxırdı.
Axır ki, «Recent Beverli Uilşir» mehmanxanası göründü. Vivyen maşını ustalıqla nəhəng lüks otelin mərkəzi girişinə aparan qövsvarı dar yola çıxardı və qapının ağzında saxladı. «Lotus» dayanmağa macal tapmamış uniformalı qapıçı girişin qarşısında peyda oldu. Eyni anda gözəl geyimli bir xanım otelin qapısında göründü. Vivyeni sürücü yerindən düşən görəndə qapıçının ağzı əyildi. Gözəl geyimli xanım isə yarıçılpaq qıza ikrahla nəzər salıb tələsik içəri keçdi.
– Axşamınız xeyir, mister Lyüis! – deyə qapıçı maşının yanına yüyürdü. O, bir daha risk edib Vivyenə baxdı, amma gördüyündən özünü itirməli, yoxsa heyrətlənməli olduğuna qərar verə bilmədi.
– Mister Lyüis, bu gün sizə yenə də maşın gərək olacaqmı? – o maraqlandı.
Edvard güldü: şəxsi sürücüsü də həmişə ondan eynilə bunu soruşardı.
– Güman edirəm ki, yox, – Edvard üzünü dəbdəbəli otelin fasadını gözdən keçirən Vivyenə tutdu. Qız heyrətlə başını buladı:
– Oho… deməli, siz burada yaşayırsınız…
– Bəli.
Onlar bir-birinin üzünə baxdılar. Edvard öskürüb soruşdu:
– Siz yaxşısınız?
Vivyen susdu. Qız nömrəyə dəvət ediləcəyinə çox ümidli idi! Əgər Kitin yanına yüz dollarsız qayıtsaydı, fəlakət baş verəcəyini bilirdi!
– Görüm öz iyirmiliyimə taksi tuta bilərəm? – Vivyen dedi, amma görkəmindən sağollaşmaq istəyənə oxşamırdı.
– Aydındır. Siz axı işdəsiniz…
Vivyen güldü:
– İşdə… Əntiqə. Bunu əla dediniz!
Edvard əvvəl ayaqlarının altına, sonra gözlərini qaldırıb qıza baxdı:
– Sağ olun ki, məni gətirdiniz.
– Hə də… belə də… – Vivyen hələ də utancaq gimnaziya tələbəsi kimi tərəddüd içində ovuclarını ətəyinə sürtürdü. Qız yenidən otelin fasadına baxdı. Bu an o, burnunu ləzzətli biskvitlər düzülmüş qənnadı dükanının vitrininə yapışdırıb baxan ac uşağı xatırladırdı.
Vivyen qəfildən dönüb getdi.
– Görüşənədək, – Edvard onun ardınca qışqırdı. O, Vivyenin yavaş yeridiyinə də diqqət yetirdi. Qız gedə-gedə jaketini geyindi. Onun uzunboğaz çəkmələrinin (zəncirbəndləri sancaqla bağlamışdı, çünki təzə çəkmə almağa pulu yox idi) hündür dabanları asfaltı döyəcləyirdi. Mehmanxananın yanındakı taksi dayanacağından yan keçən qız Uilşir bulvarına tərəf yollandı.