Читать книгу Yalnızıq (Пеями Сафа) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Yalnızıq
Yalnızıq
Оценить:
Yalnızıq

4

Полная версия:

Yalnızıq

– Platonik dedikdə nəyi nəzərdə tutduğunu bilmirəm, lakin cinsi təbiətimizi aşağıda və uzaqda qoyan yüksək mənəvi dəyərlər sistemi içində bir eşq olduğuna inanmıram. Nə cinsiyyət, nə mənfəət, nə də qürur ilə əlaqələndirilməsi mümkün olmayan bir eşq…

Bəsimin heyrəti təbii idi.

– Qəribıdir, – dedi, – ikimizin də bədən quruluşlarımız fərqli olduğu üçündürmü, ya nədir, bilmirəm… Amma mən başımı nə qədər işlətməyə çalışsam da, yenə də heç cürə sənin kimi düşünə bilmirəm.

– Bəlkə, iki ay ərzində ciddi bir pəhrizə riayət edəsən? Bax o zaman eşq haqqındakı fikirlərin dəyişər…

– Heç zənn etmirəm… Amma düzünü deyim ki, getdikcə yeməklərə qarşı məhəbbətimin artmasından qorxuram. Pəhriz bu eşqi ancaq gücləndirə bilər…

– İlk vaxtlar üçün, bəlkə də, belədir. Lakin az yeməyin bədənə verdiyi yüngüllük, ağıla verdiyi çeviklik və dərinlik səndə zövqlərin məhvərini dəyişdirə bilər… Bax bu mümkündür.

Bəsim belə bir inqilabın baş verməsində maraqlı olmadığını söyləyəcəkdi… Lakin birdən-birə bacısının qulaqlarını cırmaqlayan səsini eşitdi və yerindən sıçradı. Qadın bağırırdı:

– Yatır, yatır, çox dərman içib, ona görə… Halı heç xoşuma gəlmir. Yuxuda diksinir. Qaşları çatılıb, üzünü də büzüşdürüb.

Ablasına sözlərinin mənasından daha çox tonu ilə sükut təlqin etmək istəyən Səmim şəfqətlə dolu asta bir səslə:

– Qoy yatsın bir az, – dedi, – axşamtərəfi bu barədə düşünərik.

Məfharət Bəsimə, sonra Səlminə baxdı, qızının Səmimdən ayrılmayan düşüncəli gözlərində şübhəyə, qəzəbə, marağa bənzəyən qəribə ifadələr uçuşurdu. Anası ondan gözlərini ayırmırdı. Səlmin isə ona diqqət edildiyinin fərqinə varmayacaq qədər dalğın idi. Bəlkə, bir qədər əvvəl haqqında danışılan məsələləri də eşitməmişdi?! Kipriklərini ağır-ağır qırpılırdı.

Səmimə yaxınlaşdı və dayandı. Oyanmaq istəyirmiş kimi başını silkələdikdən sonra anasına tərəf baxdı və Səmimdən soruşdu:

– Dayı, dünən gecə harada idiniz?

Bu sual Məfharətin bir saatdan bəri başqa məsələlər arasında yatıb qalmış şübhəsinə xəncər kimi saplandı. Qadın yerində sıçradı və Bəsimə baxdı. Qardaşı da heyrətlə qaşlarını yuxarı qaldıraraq yanakı-yanakı Səlmini süzdükdən sonra böyük qardaşının cavabını gözləməyə başladı.

Səmimin dodaqları sanki kilidlənmişdi və dodaqlarının hər iki tərəfində həyəcanı geriqovan enerjinin təsiri görünüb yox olurdu… Öz məhrəmliyinə qarşı bu təcavüzün Səlmin tərəfindən edilməsinə heyrətlənmək əvəzinə Səmimin həddindən artıq sıxılması Bəsimin də şübhəsini artırdı. Məfharətin qardaşı heyrətini gizlətmək üçün gözlərini bir nöqtəyə dikərək qarşısına baxırdı: “deyəsən, köşkdəki payımı itirəcəyəm”.

Səmim qıza cavab vermədi. Astaca yerindən qalxdı və baxçaya tərəf getdi. Üzü qıpqırmızı qızaran Məfharət Səliminin qolundan yapışdı:

– Bir az mənimlə gəlsənə sən! – dedi.

Qızın da üzü qızarmış, çiyinləri birdən-birə boşalaraq aşağı sallanmışdı. Onun müqaviməti uzun müddət davam etmədi. Anasının əlindəki enerji qalib gəldiyi üçün arxasınca düşüb böyük salona keçdi. Bəsim də ablasının canavarlaşdığını görüncə onların dalınca getməyə cəsarət edə bilmədi.

Ana-qız böyük salona getdilər. Məfharət pəncərəyə ən yaxın olan kreslolara qədər irəlilədi və qızına işığın qarşısındakı yeri göstərdi:

– Otur bura görüm!

Səlmin ağır-ağır üsyandan itaətə keçdiyini bəlli edən bir silkələnmədən sonra, nəhayət ki, əyləşdi. Anası da oturdu. Bədəni tir-tir əsirdi. Bağırmaq istəyində olduğu halda səsini alçaldaraq boğula-boğula:

– Bilirsən, – dedi, – mənim anam da, atam da albandırlar. Yanyada bir gün anam bacımı boğurdu. Danışmışam da sənə neçə dəfə… Mən qurtardım qızı onun əlindən. Əslində, o zaman belə bir ağır məsələ də yox idi. Rəsmi dairələrdə yazışmaları qeydə alan bir katib vardı… Bacım onunla sevişir deyə dedi-qodu çıxmışdı. Bax biz belə tərbiyə almışıq. Üzümə bax… Görürsən, qıpqırmız qızarmışam? Təzyiqim, kim bilir, nə qədər yüksəlib… Bir yerimə vuracaq… Vallah əlimdən bir qəza çıxacaq. Səlmin, halım çox pisdir. Bir gecə yuxuda ikən qanını tökərəm sənin. İnan mənə… Çox pisəm. Mənimlə açıq danışacaqsan. Başa düşdünmü? Çox açıq.

Məfharət qızına baxdı. Səlminin çənəsi inadı tutduğu zamanlarda olduğu kimi boynunun ətini qabardacaq qədər geri çəkilmişdi. Görünməyəcək qədər nazilən dodaqlarının ucunda iki çökəklik yanlara doğru uzanaraq ağzını daha da böyük göstərirdi… Qaşları çatılmışdı… Gözləri donuq-donuq baxırdı.

Qəzəbinin son həddinə çatan Məfharət dişlərinin arasından:

– Cavab versənə, – deyə fısıldadı.

Səlmin əvvəlcə zərif bir hərəkətlə başını arxaya doğru atdı, sonra dodaqlarını irəli uzadaraq büzdü:

– Belə danışacaqsansa, cavab verməyəcəyəm.

Məfharət səsini yüksəltdi:

– Necə danışmalıyam bəs? Desənə mənə…

Səlmin cavab vermədi.

Anası iki yumruğunu da sıxaraq yuxarı qaldırdı və ona doğru əyildi:

– Söyləyəcəksən mənə, eşidirsənmi? Deyəcəksən! Boğaram səni, anlayırsanmı? Vallah, boğaram. Özümü də quyuya ataram sonra. Söyləyəcəksən.

Səlmin başınını önünə əyərək ayağının altındakı səccadəyə sual verirmiş kimi:

– Nə söyləyəcəyəm? – soruşdu.

Anası qəzəbli üzünü ona bir az da yaxınlaşdırıb güclə eşidiləcək qədər boğulmuş səslə soruşdu:

– Nə zamandan bəridir bu? Nə zaman fərqinə vardın?

– İki ay əvvəl.

Məfharət böyük bir heyrət içərisində geri çəkildi:

– İki ay?! Bir az gözlədim ki, bəlkə, səhv edirəm… Saniyənin ablasının yanına getdim… O da gözləməyimi tövsiyə etdi.

– Şükriyyə həkimin yanınamı? Ay indi ağlımı itirəcəyəm! O bilirmi yəni?

– Bilir.

Məfharət ağır bədənini hansı tərəfə yıxmaq istədiyini bilmirmiş kimi bir az çırpındıqdan sonra təkrarladı:

– Ağlımı itirəcəyəm!

Səlmin isə heç yerindən qımıldanmır, boğuq səslə asta-asta danışırdı:

– Keçən həftə müayinə etdi. Artıq şübhə yeri yoxdur. Yəni dəqiqdir…

Məfharət iki əlinin də baş və işarə barmaqlarını əqrəb qısqacları kimi qıvıraraq Səlminin boğazına doğru uzatdı:

– De, tez ol de görüm, kimdəndir?

Qız çevik bir hərəkətlə yerindən sıçradı və ayağa qalxdı… Bu təzyiqdən gərginləşdiyi üçün yumruqlarını sıxıb irəli uzadaraq bağırdı:

– Onu heç vaxt öyrənə bilməyəcəksən! Eşidirsən? Heç vaxt!

Anası da yerindən qalxacaqdı… Hətta dikəldi də… Amma rəngi sapsarı saraldı və yenidən kresloya çökdü.

Salondan çıxan Səlmin yemək otağına keçdi, aynabəndin qapısında söhbət edən dayılarına yaxınlaşaraq:

– Anam salonda özündən getdi, – dedi və bağçaya doğru enən pilləkənlərlə ağır-ağır aşağı düşməyə başladı.

***

– Abla, ablacığım, görürsən, həyatın təhlükə altındadır. Beyninə qan sıza bilər, ürəyin dayana bilər, hər şey ola bilər. Ürəyin getmişdi… Hələlik təhlükə keçdi. Qan beynindən çəkildi. Üzünün rəngi yavaş-yavaş yerinə gəlir. Bayaq yemək otağında qıpqırmızı qızarmışdın. Vallah, qorxdum, arxanca gələ də bilmədim. Bu qədər qanqaraçılığa, əsəbə dəyməz axı. Bu dünya belədir də… Qəbul edəcəksən… Başqa çarə yoxdur. Bu qarışıq iş də düzələcək, amma bir tərəfli iflic keçirsən, o düzələn deyil. Səbirli olmaq lazımdır, abla. Bir dərindən nəfəs al görüm… Oooooh… Ürəyini buz kimi saxla… Hər şey düzələcək… Düzəlməlidir də. Söz verirəm sənə. Görəcəksən, şübhələrin mənasızdır. Bax, abim yenicə tikdirdiyi kostyumu geyinib getdi. Səlmin isə öz otağındadır… Dalınca getmədi ki… Bu məqamlara diqqət yetirsənə… Nə olub? “Dünən gecə harada idiniz”, – deyə soruşduğu üçün hər şeydən şübhə edirsənsə, bu dünya sənin üçün cəhənnəmə dönər. Əgər elə də olsa, yenə də qəbul et. Qəbul et, o zaman rahatlaşacaqsan. Bu qız, əlbəttə ki, nələrsə fikirləşir. Uşaq deyil o… Özünə nə qədər hakim ola bilir, necə təmkinlidir, hamımız şahidik. Onun ağlına şübhənmi var sənin? Cin kimidir, maşallah… Fikir versənə bir… Ətrafda kimsənin xəbər tutmasına imkan verməz, narahat olma. Amma sən bu cür hay-həşir salsan, özündən getsən, əvvəlcə elə evin içindəkilər xəbər tutacaqlar… Hasibə nə olduğunu başa düşsə, bəsdir də… Ondan sonra bütün qonum-qonşu, bütün qəsəbə, bütün ətraf, hətta bütün İstanbul eşidəcək. Radio dalğası kimi olma. Bu dünya o tez-tez qoxladığın limon var ha – ona bənzəyir. Yuvarlaq və turş… Çox sıxmaq olmaz, dadı qaçar. Ya da… Şəkər qarışdırmaq lazımdır. Oğlana görə də üzülmə. Abim İstanbuldan qayıdanda kənddən Səbri həkimi də götürüb gələcək. Ağlına o dəqiqə pis şeylər gətirmə. Miningit belə başlamır… Bu xəstəlik elədir ki, xəstənin gözləri işığa baxa bilməyəcək vəziyyətə düşür. Nasazlıq daha çox olur. Baş ağrısı göz açmasına aman vermir… Adamı qışqırdır… Əla! Bax, rəngin artıq özünə qayıdır. İstəyirsənsə, qalx, yenə gedək abimin dəftərini qarışdıraq. Bu dəfə vaxtımız çoxdur. Simeranyada bir az dolaşıb hava alarıq.

***

“Nə qədər zaman keçdi, bilmirəm. Qüllədə yaşıl işıq yandı və qısa bir müddət ərzində yelkənlimiz sahilə yaxınlaşdı. Burada bina əvəzinə hava meydanı kimi geniş bir sahə vardı. Yer asfaltdan daha hamar, kauçuk kimi yumşaq bir maddədən idi. Yenicə ütülənmiş yataq örtüyü kimi səliqəli və təmiz… Bələdçimizin hissli və yerə hər toxunuşunu zərif qıvrılmalarla bəlli edən çılpaq ayaqları bir rəqsin yaşatdığı nəşə içərisində…”

***

“Eşqdən başqa hədəf arayan bir sevginin, əslində, özünə xəyanət etdiyini ona başa sala bilmirəm. Onun bu inadı öz zəifliklərinə qarşı qaldırdığı üsyanın bəhanəsinə bənzəyir. Əgər belə deyilsə, başqa birinin xəyalı və ya reallığı ilə mənim aramda yaşadığı tərəddüd hissinin üstünə çökmüş qalın bir duman pərdəsidir… Bu məqamda danışmır. Əgər belə bir tərəddüdü yoxdursa, deməli, büründüyü bu sirr pərdəsi altında öz hüdudsuzluğunu xəyalət halına gətirmək istəyir”.

***

– Bəsim, bu hissələrini oxuma. Bir hadisə, bir ad, bir dəqiq şey yoxdurmu, onu axtar.

– Dayan bir, abla. Tələsdirmə məni. Vaxtımız çoxdur. Tarix də qoymayıb.

***

“Ən çox düşündüyümüz kəlməni bizi ən az işlətməyə məcbur edən qürurumuzu aldatmaq üçün sevmək felinə sözdən başqa ifadə şəkilləri axtararıq. Məsələn, dünən o, stol arxasında yerlərimizi dəyişdirməyimizi istədi. Başqa bir stol arxasında oturmuş gözəl bir qadının tam qarşımda, mənimlə üz-üzə oturmasına dözə bilməyəcəyini hiss etdirdi. Mənsə onun başının ağrısını keçirmək üçün aspirin almaq məqsədilə qarsonu yollamaq mümkün olduğu halda aptekə şəxsən özüm gedib gəldim”.

“Gözləri, gözləri… Onu anadan olduğu gündən mənə sıx-sıx bağlayan, ən yaxın qohumdan belə daha yaxın adam münasibətini qat-qat aşıb keçən və ruhlarımızın doğmalığı hissini bir andaca oyandıran baxışlarında özümü nə qədər də tez-tez axtarıb tapıram. Onun varlığını mənim var olmamın əsas şərti halına gətirən bu ayrılıq duyğusunda görmə təəssüratıtək mərkəzdə birləşən iki gözün bir-birinə bərabər olmasına bənzəyən funksiya birliyi var”.

***

Məfharət dəftərin üstünə doğru əyilərək bağırdı:

– Gördünmü, Bəsim? Anladınmı indi? “Ən yaxın qohum”, – deyir.

– Xeyr, abla. Bu, bir bənzətmədir. “Ən yaxın qohumdan daha yaxın”, ֪– yazıb. Bu, bir ifadə şəklidir.

– Yox, deyil. Məsələ tam aydındır. Oxu. Bir az da oxu, görəcəksən.

***

“Anadan olduğu gecəni xatırlayıram. Telefonla xəbər verdilər… Hələ telefon dəstəyini yerinə qoymağa imkan tapmadan dəli bir şübhə dənizi dalğalanaraq otağıma soxuldu və məni öz ağuşuna aldı. “Ola bilməz, – dedim, – ola bilməz!” Anasının etirafları belə məni inandıra bilmirdi! Ola bilməz!”

***

– Gördünmü, Bəsim? Necədir, xatırlayırsanmı? Mən xəstəxanada doğdum Səlmini… Abim isə evdə idi. Ona zəng edib xəbər verdilər.

– Amma o bir etirafdan bəhs edir. Səndə belə bir etiraf olmuşdumu?

– Canım, o sözgəlişi deyilmiş sözlərdir. Nə demək istəyir ki? Başa düşülmür. Oxu görək. Oxu anlayacağıq. Vallah mənim haqqımda danışır.

***

“Hər zaman, hər zaman məni utandıran yaş fərqinin mövcud deyilmiş kimi əhəmiyyətsiz olduğunu söyləyərək nəzakətli olmağa çalışdı… Yalnız bu nöqtədə zalım deyil o. Bu utancımın ümidim üçün bir təhlükə olduğunu bilir və onu azaltmağa çalışır”.

“Görüşümüzə hər gəlişində bir yığın qəribə hərəkətlər edir… Görüş dəqiqələri yaxınlaşdığı zaman tutqun salonda gözlərim giriş qapısının yaylı qanadları üzərində parlayan buzlu şüşələrə dikilib qalır. Küçədə gəzənlərin kölgələri bu şüşələrin üzərində uzanıb-qısalmaqdadır. İçəri girən adamın kölgəsi getdikcə böyüyərək, sonra da yavaş-yavaş öz əslinə bənzəyərək yaxınlaşır. O deyil! Fəqət səhv etmiş olmaq ehtimalının yalvarışı içərisində birdən-birə açılan qapıya tərəf baxıram: yenə də o deyil! Gözlərim buzlu şüşələrin üstündədəki yuxu kimi təsvirlərə dalıb gedir. Donuq parıltılar, tutqun şəkillər, qeyri-müəyyən işartılar bir-biri ilə qovuşur… Uzun, uzun, çox uzun zaman keçir… Əslində, bəlkə də, bir neçə saniyədir… Lakin saatlar qədər uzanır. Saysız-hesabsız ola biləcək sürprizləri ilə görünüb yox olan kölgələrin heç biri yaranma və dağılma anlarında onun şəklini yarada biləcək bənzərliklər daşımır… Bu kölgə də o deyil… Qapı açılır, bağlanır… Qadınlar, qəhqəhələr, qarsonlar bir-birinin ardınca içəri girib-çıxırlar. Mən böyük salonun qaranlıq bir küncündə hər görünən adamın bağışladığı xəyal qırıqlığını getdikcə daha sürətlə döyünən qəlbimdə həzm etməyə çalışaraq gözləyirəm… Gözlərimi buz tutmuş şüşələrdən çəkmirəm. Uzun, uzun, çox uzun anlar bir-birini əvəz edir. Saata baxır, ayağa qalxıram. On dəqiqə də keçdi. Gəlməməsi ehtimalına haqq qazandıra biləcək bütün fəlakətləri ağlıma gətirsəm də, gecikməsini təbii göstərə biləcək bəhanələrin heç biri qorxunc reallığı izah edə bilmir. Onun gəlməsindən başqa mənə şəfa verəcək heç bir şey yoxdur. Gəlməzsə, yer üzündə mənim başımı qata biləcək heç bir gözəl, canlı və maraqlı hadisə ağlıma gəlmir… Bu ümidsizlik dəhşəti içərisində yerimdə əyləşir, gözlərimi buz tutmuş şüşələrin yarıqaranlıq fonunda oynaşan tale parıltılarına dikirəm”.

“Nəhayət, budur, o… Onun kölgəsi… Heç aldanmadım indiyə qədər… Yenə də yanılmamışam… Şüşənin üstünə düşək əksi böyüməyə başlayır. Odur… Bu dəfə mütləq odur. Lakin gözlərimin gördüyü rahatlığa mənən də qovuşmaq üçün qapının heç bir hərəkətini gözdən qoymamağa çalışıram. Əvvəlcə, kiçik bir aralıq açılır… Sonra onun əli, biləyi və mavi geyiminin qolu görünür. Yerimə mıxlanıb qalmışam. O mənim görüş bucağıma daxil olan kimi məkanın içərisində açıq-aydın görünür… Necə əzəmətli olduğunu ona sezdirib qürurunu yolundan azdırmamaq üçün ruhumun kəpənəklərini sakitləşdirib yerə endirirəm: qarşıma baxıram. Ancaq yaxınlaşdığı zaman başımı qaldırıram. O mənim üzümə deyil, heç bir şey görmürmüş, ən əsası, məni görmürmüş kimi sağ və sol tərəfə baxmaqdadır. Özümdə təbii olduğunu düşündüyüm hiss coşqunluğunun onda olduğunu bilsəm, bunu ona bağışlamaram. Çünki görüş anının ən böyük ümidlər və qorxularla dolu olan həyəcanı onun üzündən mənim üstümə bir eşq şəlaləsi kimi tökülməlidir.

Lakin üzü nə qədər donuqdur. Sanki onu istəyinin əksinə gedərək tale özü itələyib mənim yanıma gətirmişdi. Addımlarında nə qədər ağırlıq var!.. Hər an geri çevrilib çıxıb gedəcəkmiş kimi bir təəssürat yaradan bu istəksizlikdə, bəlkə də, iradəsini əldən salan bir zəhmət, gizli tutulan müdhiş bir həyəcan gizlənib… Lakin bu “bəlkə”lər o anın sevincini bulandıran, ona kölgə salan qorxunc etibarsızlıqdan başqa bir şey deyil…

Yaxınlaşır. Yerimdən qalxıram. Başını aşağı salaraq, gözlərini qarşısına dikərək əyləşir. Baxışlarım ona zillənib. Bu fərq iki cinsin təbiəti, yoxsa hislərimizin dərəcəsi ilə bağlıdır? Görüş anının ilk müəmması budur”.

“Üzümə baxır. Gözləri həm boşdur, həm də müxtəlif mənalarla dolmuş kimi gülümsəyir… Lakin bu da dəqiq deyil. Gec gəlməsini gündəlik həyatın bəsit maneələri ilə izah edərkən səsinin təbiiliyi aramızdakı münasibəti adi ruh təmaslarının sadəliyi içinə salır”.

***

– Aman, Bəsim!

– Qoy görək… İmkan ver oxuyaq da… Bir neçə dəqiqə içində aləm bir-birinə qarışır. Qəzetdə Üçüncü Dünya müharibəsinin başladığını oxusam, bəlkə də, abim qədər həyəcan hiss etmərəm. Sən heç aşiq oldunmu, abla?

– Təbii ki, oldum… Fazilə dəli kimi vurulmuşdum.

– O zaman bu cür həyəcan keçirmisənmi heç?

– Aaaa… Əlbəttə… eynilə… eynilə… Axşamlar evə gələcəyi saatlarda mən də belə olurdum…

– Çox qəribədir....

***

“– Necəsiniz?

– Mersi, siz?”

***

– Abla, mən qalib gəldim.

– Niyə?

– Bir-birlərinə “siz” deyirlər. Ağabəyim Səlminlə belə rəsmi danışmır.

– Əşşi, o elə-belə, …

– Xeyr, əfəndim.

– Vallah, billah, naz xatirinə elə danışıblar… Mən ərimə hər kəsin içində “sən” deyərdim, tək qalanda isə “siz”… Rəsmiyyət hər kişinin qürurunu oxşayır… Həm də onu hərəkətə gətirir… Aradakı məsafəni çoxaldır.

***

“– Dünən gecə gözümə yuxu getmədi.

– Niyə?

– Yaşıl məsələsinə görə…

– Yaşıl?

– Xatırlamadınızmı? Maşının yaşılını bəyənməmişdiniz.

– Xatırladım.

– Yaşıl rəngi heç vaxt sevməmisiniz?

– Sevmirəm.

– Səkkiz ay əvvəl isə sevirdiniz.

Kiprikləri çırpındı.

– O yaşıl başqa… Badamı ilə tirşe10 arasında bir tondur. Çox sevirəm onu, amma maşındakı yaşıl deyildi”.

“İzah mükəmməldir, – gülümsədim. Dünən gecə bu nüansı nə üçün qaçırmışdım? İçimdəki müxalifətin oyunudur bu… Qəlbə qarşı çıxan bu müxalifətin ağıldan və qürurdan qaynaqlandığı düşünülür. Məncə, bu, qəlbin özünümüdafiəsidir. Sevgilidə qeyb olmamaq üçün nifrət etməyə səbəb axtarır, tapa bilmədikdə də özü yaradır. Bax beləcə, özünü aldatdığını anlayınca utanır və ona daha çox bağlanır. Öz yalanlarını özünə bağışlaya bilməyən qəlbin özünə verdiyi cəza…”

“Aşiqlərə bir xəbər vermək istəyirəm. Qəlbin bütün məsələləri yalnız qəlbdə həll edilir. Çünki bir hissin öhdəsindən yalnız başqa hiss gələ bilər. Ümidsiz eşqin əks zəhəri nifrətdir. Fikirlər isə yalnız bu müqavimət hislərini yaradan təhrik və təlqin ünsürləridir”.

***

“Əlini öpdüm.

– Bəlkə, sevgilinin böyük təsiri altında olduğumuz üçün, yaxud bəlkə də… Onunla danışarkən sürətlə dəyişən təsir məqamları içində diqqətimizi yalnız bir nöqtə üzərində cəmləşdirdiyimiz üçün qavaraya bilmədiyimiz təfərrüat ondan ayrılar-ayrılmaz yeni bir məna işığı altında görünməyə başlayır.

Onu yaşadığı küçənin tinindən ötürüb geri qaydarkən birdən-birə xatırladım: səkkiz ay əvvəl sevdiyim yaşıl rəngin bir nümunəsini ona göstərmək üçün axtararkən gözlərim əlindəki şeir kitabının üz qabığına sataşmışdı. Daha doğrusu, orada əks olunmuş çizgiyə… Bu, badamı ilə tirşə arasında bir ton deyildi. Maşının rəngi ona daha yaxın olardı… O da o vaxt zövqümü dəstəkləmişdi.

Bunu xatırlayınca məsələ daha əhəmiyyətli rəng qazandı… Az qala, bütün düşüncələrimi qəsb etdi. Başa düşdüm ki, kipriklərinin çırpındığı an içində ildırım sürətilə işləyən yalan industriyasının bu “ton” izahını dərhal axtarıb tapıb. Ürəyimdə kədər uğultuları baş qaldırdı. Qatarda yanımda əyləşmiş Ələddin bəyin danışdığı əhvalatları…


***

– Mən uddum, abla, mən uddum. Bax, qızı küçənin tinində qoyub. Özü isə qatara minib. Deməli, fərqli yerlərdə yaşayırlar.

– Səlminin bəzən İstanbulda, həftələrlə yengəsinin yanında qaldığını yadından çıxarırsan axı… Təbii ki, məhz o zamanlarda görüşməyə üstünlük verəcəklər.

– Sənin öhdəndən gəlmək mümkün deyil. Qərarını vermisən də artıq… Oxuyaq, görək nə olur.

***

“Artıq dinləmirdim. İzah edərkən niyyətim yaxşı olsa belə, məni incitməmək üçün dediyini güman etdiyim bu yalan şübhələrimi daha da artırırdı… Yalan sevdası vardı ürəyində… Bu isə ən qorxunc inamsızlıqdan belə betər idi. Onun söylədiyi yalanın bir rəng vasitəsilə gizlədildiyindən əmin olmaq mümkün deyildi. Aramızdakı bütün fikir və zövq münaqişələrini xatırlamaq lazım gəlirdi.

Lakin Ələddin bəy nə dərəcədə diqqətli olduğumu anlamaq üçün danışdığı əhvalatların mənə olan təsirini arayan suallar verirdi. Kəndə çatana qədər onun məni rahat buraxdığı çox qısa anlar içində bu münaqişələrdən bəzilərini xatırladım. Lakin onlar haqqında çox düşünə bilmədim. Evə gəlincə süfrədə Bəsimin boşboğazlıqları və Məfharətin son günlərdə məni həddindən artıq göz dustağı edən və bir an belə gözdən qoymayan baxışları rahat düşünməyimə imkan vermədi. Yeməkdən sonra otağıma çəkildim”.

“Bu dəftərdəki ilk xatirələrimi oxudum. Onların arasında diqqətimi çəkən birinin üzərində dayandım. Bir yaz axşamı, Möhürdardan dənizi seyr edərək Kadıköy istiqamətində gəzərkən onunla birlikdə alçaq səslə bir musiqi mızıldanmışdıq. O vaxt bir neçə anlıq dayanmış: “Ah, nə gözəldir!” – demişdi. Onda mən bu həyəcanın sol tərəfimizdəki dənizdə salxımlanan qürubun narıncı rəngindənmi, söylədiyimiz havadanmı gəldiyi haqda xeyli fikirləşdim. Amma heç bir şey soruşmadım. Təxminən on gündən sonra – xatirələrimə, adətən, bir tarix yazmıram – boğazda bir dəfə də gəzdiyimiz zaman bu havanı yenə də dodaqaltı mızıldandım… Bax bu məqamda ondan heç gözləmədiyim bir diqqətsizlik gördüm. O, bu duyğu dolu anları məhv edən əhəmiyyətsiz bir şey soruşdu. Mən də Möhürdardakı həyəcanının daha çox qürub mənzərədən qaynaqlandığı qənaətinə gəldim. O vaxtlar kiçik bir kədər hissi ilə diqqətimi çəkən bu detalı yanlış mənalandırdığımı anladım. Yaşıl məsələsi qədər olmasa da, hər halda, bu da bir hiss yalanına bənzəyirdi”.

“Bu seriyaya daxil olan aldanmalardan ibarət bir ümid boşluğu və təhlükələr haqda düşünməyə başlayınca getdikcə içimdə daha da dərinləşən kədər hissi ilə çarpayıma uzandım. Onunla iki gün sonra görüşəcəkdik. Onun izahını tələb edən ehtiyac hissinin iki saat belə dözməyə səbri yox idi. Evə zəng vurmaq haqqında düşünürdüm. Əgər dəstəyi özü qaldırmasa idi, başqaları səsimi tanıyacaqdılar”.

***

– Gördünmü, Bəsim? Mən sənə demədimmi? Səlminin yengəsinin də evində telefon var.

– Yalnız oradamı telefon var?

– Diqqət et, “ev”ə deyir, “evinə” demir. Bu ifadədə aralarındakı yaxınlığın daha çox olduğu hiss edilir, elə deyilmi? Özünün də qohumu olduğu bir evdən söhbət gedir…

– Hə… Sənin də ağabəyimdən bir fərqin yoxdur. İynə ilə quyu qazırsan.

– Oxu, oxu, özü də görəcəksən. Axır-əvvəl mən deyənə gələcəksən…

***

“Fikrimi dəyişdim… Gözlərimi qapadım. Simeranyada belə bir məsələnin nə dəyəri ola biləcəyi haqqında düşünməyə başladım. Qeyd dəftərçəmi açdım. Elə birinci cümlədəncə aramızdakı bütün mübarizənin mahiyyətini başa düşmüşdü”.

“Sizi eşq institutuna aparacağam, – dedi, – orada “qədim dünya problemləri” şöbəsi var. Sizin problemləri bilirlər və hər şeyi izah edərlər”.

Bələdçim məni küçələrdən sonra xüsusi olaraq izah etmək istədiyim yepyeni bir üsulla keçirdi. Bir bağçanın içərisində tamamilə fərqli memarlıq üslubunda tikilmiş böyük binaya girdik. Birinci mərtəbədə, kiçik və boş otaqda böyük, rahat kreslo var idi. Bələdçim mənə:

– Sizi indi tək qoyacağam, – dedi, – bu kresloda rahatlanın, gözlərinizi qapayın, sizi narahat edən məsələ haqqında hündürdən danışa-danışa eyni zamanda da düşünün. Yanınızdakı qurğu səsinizi qeydə alacaq. Sonra ayağa qalxın və çölə çıxın. Mən dəhlizdə gözləyəcəyəm. Sabaha qədər probleminiz araşdırlacaq. Sonra sizi çağıracaq və problemin nədə olduğunu izah edəcəklər.

Ertəsi gün eyni binada, başqa bir otaqda məni qəbul edən yaşlı, ciddi və sevimli bir adam bələdçimin tərcümə etdiyi bu sözləri söylədi:

– Məsələniz araşdırıldı. Tipik haldır. İnstitutumuzun “qədim dünya problemləri” bu cür bir çox müşahidələr aparmış, müxtəlif faktlar toplamışdır. Hadisəni sizin psixoloqlarınızın elədiyi kimi, sadəcə, elmi cəhətdən və psixologiyanın işığında aydınlaşdırmağa imkan yoxdur. Qədim dünya elminin ən böyük xətalarından biri də “bütün”ü gözdən qaçırdıqları üçün heç bir hadisəni əsaslı və doğru izah edə bilmədiklərini anlamamasıdır. Simeranya elmində “fiziki hadisə”, “bioloji hadisə”, “sosial hadisə” deyə bir-birindən ayrı hadisələr seriyası yoxdur. Bu hadisələrin hamısı “bütün”ün işığı altında aydınlaşdırılır. Bir şeyin içərisində hər şey mövcud olduğu üçün bir məsələ başqa məsələni öz daxilində daşıyır. Məsələn, insan ruhunu anlamadan atomu izah etmək mümkün deyil. Dalğa mexanikası ilə həzm funksiyası, yaxud öskürəklə göydə ulduzun düşməsi arasında sıx əlaqələr var və bunlar böyük var olma prosesinin fərqli görüntüləridir. İnstitutumuz eşq hadisələrinə aid müşahidələri toplayır və “İnsan tədqiqatları mərkəzi”nə yollayır. Sizin məsələniz çoxdan tədqiq edilmiş olduğu üçün, sadəcə, fakt kimi dosyeyə əlavə edildi. Hadisə sizin dünyanızda göründüyü kimi, sadəcə, psixoloji, hətta sosial da deyil. Hər bir fakt kimi insan bilgisinin bütün şöbələrini eyni plan içərisində maraqlandırmaqdadır. Əgər bu cür toplu araşdırma metodundan istifadə edilməzsə, heç bir hadisə öz cəbhəsində, öz sərhədləri daxilində bizi qane edəcək nəsə söyləyə bilməz. Köhnə dünya elminin mahiyyəti, qavramaq istiqamətində göstərdiyi əzm bununla bağlıdır və inkara qədər gedib çıxması bir dalandan başqa dalana düşməsinin nəticəsi idi. Simeranyanın elmi nəzəriyyələri haqqında sizə bəsit bir məlumat vermək məcburiyyətindəyəm. Yoxsa sevgilinizin kiçicik hissi yalanı ilə bütün varlığın ziddiyyət prinsipi arasındakı münasibəti qavramağınız mümkün deyil.

bannerbanner