Читать книгу Yalnızıq (Пеями Сафа) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Yalnızıq
Yalnızıq
Оценить:
Yalnızıq

4

Полная версия:

Yalnızıq

Bədəni təbiətdir. Azadlığı isə orta əsrlər boyunca yüksək klanlardan gələn sərt təzyiqlərə və şirin təlqinlərə dörd-beş yüz ildən bəri baş qaldırmasıdır. Bu əxlaqsızlıq sənin də fəlakətli sonunu hazırlayır. Bunu sənə xəbər verməyə məcburam, lakin anlamayacaqsan”…

“Sənin üçün məsələ (C…) tayyöründə5 beldən ombaya qədər enən zərif cizgi ilə bağlıdır… Parçanı eyni dərziyə verdiyim zaman buna bir də kupu6 yaradanın şöhrət sirri də qarışır. Bax bu qədər… Şeytanın sənə heyrandır. Bəs mən?

Mən o cizgini dizlərinə, ayaqlarına qədər endirdikdən sonra, bəlkə, zəruri, lakin əskik təkamülün izləri ilə əvvəla beş əsr geriyə, sonra da beş əsr irəliyə doğru uzadıram. Geridə, işıq əsri hesab edilən bir yerdə doğuluşun başlanğıcında sənin sabahkı fəlakətini hazırlayan qaranlıq istiqamətin hərəkət nöqtələrini görürəm. Bu, mənəviyyatın indiki pozğunluğunu hazırlayan axmaq bir təbiətə dönüşün ilk çağlarıdır. Əsrlər sonra – bizim zamanlarda gecələri nura boyayan elektrikin ruhlarımızdakı qaranlığı artıracağını sezə bilməyən bir dövrün iməkləmə illərində bu cizgi hansısa məqsədə çatmaq deyil, qalxma nöqtəsini tapır.

Beş əsr sonraya gəlincə…”

***

“Nə qədər, nə qədər anası… O məşum irsiyyətin bütün xüsusiyyətləri onda davam edir. Koketriyi7 öldürməyən bir eşqin yetərsizliyi anasını məhv etdi… Qızının da axırına çıxacaq… Burnuma böyük fəlakətlərin qoxusu gəlir…”

***

“Dünən səhər yuxunu davam etdirdim. Bu, mənim ayıq halda Seminariyaya ilk gedişim idi… Yataq otağımın eyvanındakı şezlonqa uzanmışdım. Görünməz buludların toranlaşdırdığı bir payız axşamı idi… Çürümüş insan əti rəngində olan göy üzü altında ağac budaqlarının qara ucları zəif əsən küləyin təsiri ilə yırğalanırdı.

Gözlərimi yumdum. Yuxumu yadıma salmağa çalışdım. Özümü yelkənli bir gəmidə gördüm. Bələdçim də yanımda idi. İki tərəfi ağaclıq olan bir dərəyə girmişdik. Bu dəfə daha ağır-ağır irəliləyirdik. Suda və sahildə bizdən başqa heç kim, heç bir canlı məxluq yox idi. Yelkənli gəmimizin heç bir külək və hava cərəyanı olmadan irəliləməsinə heyrət edirdim. Suyu yaran gəminin çıxardığı səsdən başqa heç bir səs eşidilmirdi”.

“Bələdçimin üzünə hələ baxmamışdım. Qadın idimi, kişi idimi, bilmirdim. İçinə girdiyim yeni aləmə uyğunlaşma şərtlərinin səssizlik və hərəkətsizlik olduğunu hiss etdiyim üçün özümü yanımdakı bələdçidən, hətta ağlımdan belə əvvəl ürəyimdə doğulacaq ilhama təslim etmişdim. Hər iki tərəf sıx meşəlik idi. Gündüz olduğu halda havada əbədi bir səhər havası var idi. Ağacların qaraltıları arasında qəribə işıq halında anlaşılmaz işarələr görürdüm. Hava getdikcə açılmaqda idi… Uzaqda Semiranyanın yuxularıma girən limanı göründü. Sağ tərəfdə idi. Ondan əvvəl uzun bir sahil var idi. Lakin bomboş…”

“Bələdçimə baxdım. Qadın idi. Çaşdım. Çırıl-çıplaq dayanmışdı. Bir az diqqət etdiyim zaman əynində ayaqlarının ucuna qədər uzanan, dəri kimi bədəninə yapışmış, ipəkdən də incə, şəffaf və mavi bir don gördüm. Sanki sümüksüz idi… Zərif, uzun, bütün qıvraqlığı bəlli, görünməmiş bir plastikası olduğu hiss edilən, insanı bir baxışdanca heyran qoyan bədəni vardı… Üzündə örtüyə bənzəyən, hörümçək torundan daha incə duman təbəqəsi görünürdü. İri gözləri düz adamın ruhuna işləyirdi. Gözlərim ifadəli və kiçik ağzına ilişib qaldı. Elə bu vaxt sanki şimşək çaxdı… Kəskin bir işıq məni yerimdən sıçratdı. Limana doğru baxdım”.

“Yelkənli gəmi dayanmışdı. Bələdçim sanki nəfəs çəkirmiş kimi rahat eşidilən bir səslə mənə müraciət etdi:

– Diqqətli olun. Fizionomiyanızın və rəftarınızın yoxlanışı aparılır. Ruhunuzu oxuyurlar. Köhnə dünya hisslərinizdən xilas olun. Yoxsa qəbul edilməzsiniz”.

“Üzümə vuran işıq çox kəskin olduğu halda gözlərimi narahat etmirdi. Allaha yalvarıb məni utandırmamasını istədiyim an güclü bir işıq birdən-birə yox oldu, söndü. Bələdçim yoxlamanın bitdiyini xəbər verdi və dedi:

– İndi qarşıdakı böyük qüllədə işıq yanacaq. Qırmızıdırsa, rədd edildiniz. Yaşıldırsa, qəbul edildiniz.

Sakitcə və diqqətlə qülləyə baxdım. Məni utandırmasın deyə Allaha yenidən yalvardım. Nə qədər zaman…”

***

Bəsim hələ də oxuyurdu ki, birdən Məfharət bağırdı:

– Qatar gəlir!

Bəsim dəftəri bağladı, siyirməyə qoydu, qıfılladı və birlikdə otaqdan çıxdılar. Yemək otağının eyvanında oturdular.

Gözlərini baxça qapısından ayırmayan Məfharətin üzündə qəzəb və narahatlıq hiss edilirdi. Aydın görünürdü ki, söyləyəcəyi sözlərin hər kəlməsinə təxmin ediləcək qədər kəskin və açıq bir ifadə verəcək…

Bəsim onun hislərinə yeni bir istiqamət verə bilmək üçün saatına baxdı:

– Qatarın gəlməsinə hələ otuz beş dəqiqə var. Fit səsi səni aldatdı. Bir az da oxuya bilərdik. Ağlım Simeranyanın qülləsində qaldı. Ağabəyim bunlardan bizə heç danışmaz ki…

Məfharət böyük bir qəzəb hissini zəbt etməyə çalışdığı zaman etdiyi kimi dişlərini bir-birinə sıxaraq, kəlmələri bir-birinə dolaşdıra-dolaşdıra sürətlə:

– Ehtiyac yoxdur, – dedi, – mənim şübhəm qalmadı.

Simeranya qülləsində işığı gözləyən Bəsim fikri dağınıq olduğu üçün yanlış anladı:

– Hə! Çox şükür.

Məfharət böyük sinəsini silkələyən bir hərəkətlə yerindən sıçradı:

– Xeyr! Elə deyil! Şübhəmin doğru olduğuna şübhəm qalmadı.

– Dəftərdə heç bir ad yox idi axı…

– Buna ehtiyac varmı, yavrum? “Sezirlərmi”, – deyir, bizim haqqımızda danışarkən “Mən bu sirrin ağır yükünü daşıya bilmirəm”, – deyir. “Süfrədə sükutdan donuram”, – deyir. Hacət varmı başqa bir sözə? Hər şey açıq-aydın ortadadır da…

– Ağabəyim mən onu tanıdım-tanıyalı sirr dağarcığıdır… Sükut dondurmasıdır…

– Ay balam, elədirsə, nədən çəkinir? Səlmin haqqında dediyi kəlmələrə fikir vermədinmi? “Qarşısında dayanmaq mümkün olmayan cazibəsi”, – deyir.

– Doğrudur. Mən də güclə dayanıram…

– Bəs göy kostyum? (C…) dediyi Cahidə? Səlmin onun dərzisinə tikdirmədimi kostyumunu?

– Bütün “C” hərfi ilə başlayan adlar Cahidəsə və İstanbulda Cahidə ilə Səlmindən başqa kostyum geyinən qız yoxdursa, şübhələnməkdə haqlısan. Göy rəngi də sən uydurdun…

– Ay balam! Səfehləmə… Mənim haqqımda da danışır. Anası deyir.

– Anasından olan qız ancaq Səlmindirmi?

– “Eşqinin yetərsizliyi anasını əldən saldı”, – deyir. Bax o mən deyiləmmi? Ərimin tez ölməsinə eyham vurmurmu?

Bəsim yanaqlarını şişirdən səssiz bir qəhqəhənin havasını udduqdan sonra, səsində hiss olunmasından qorxduğu istehzanı şəfqət tonu ilə masqalayaraq cavab verdi:

– Ablacığım, ağabəyim şuxluğu öldürməyən bir eşqin yetərsizliyindən bəhs edir. Laroşfukoya8 görə eşqin nazı, yəni işvəbazlığı öldürməsi tələb olunur. Öldürməzsə, yarımçıq qalır və sevən qadını tərəddüdün daxili mücadiləsi ilə əldən salır. Əri vaxtından əvvəl ölən qadınlarda eşqin deyil, taleyin yetərsizliyi var. Əksinə, indi səninlə o qaranlıq sevgiliyə başqa bir ana axtarmalıyıq. Müəmmanı belə aydınlaşdıra bilərik.

– O ana mənəm. Əgər bu qız Səlmin deyilsə, bu köşkdəki payımı sənə verəcəyəm. Anladınmı? Səninlə belə bir mərc sözü də kəsə bilərik. Nədir, nə deyirsən? Bəhsə girirsənmi?

– Şinasi ötən gün öz qızı ilə altı il münasibətdə olub iki dənə də uşaq dünyaya gətirən sirli bir atanın məhkəmə işini apardığını söyləyirdi. Bu əcaib dünyamızda əxlaqın bu səviyyəyə düşdüyünü iddia etsək, o əsrarəngiz adama da, sənə də haqq verərdim. Lakin nəvələrinin həm atası, həm də babası olan orijinal adamın əsrarəngizliyi də, cəsarəti də ağabəyimdə yoxdur. Sevgisində, sadəcə, sirr var, başqa bir şey deyil… Sən Səlmini ona bu qədər münasib görürsənsə, deməliyəm ki, gecikmisən. O bəxtiyar adam hamıdan cəld davranıb… Hər kəsi qabaqlayıb…

Məfharət qarşısındakı masanın üstündən külqabını götürdü… Yuxarı qaldırdı, mərmər pilləkənlərə tolazlayacaqmış kimi havada silkələdi, lakin müəyyən bir tərəddüddən sonra təkrarən yerinə qoydu:

– Səninlə danışmaq mümkün deyil, – dedi.

Bəsim böyük bir təhlükə keçirmiş büllur qaba ürəyində “keçmiş olsun” dedikdən sonra mızıldandı:

– Amma mən səninlə də danışmasam, ya çatlayacağam, ya da Simeranyaya yollanacağam.

– Bəxtiyar adam dediyin kəs böyük qardaşımdır.

– Dəftərdə çox bədbəxt görünür…

– Vicdan əzabı çəkir.

– Mən vicdan əzabından əsər-əlamət belə görmədim. Düzdür, əzab çəkməyinə çəkir, amma səbəbi bəlli deyil. Həm də… Əzab çəkmək, ümumiyyətlə, onun təbiətindədir. Məsələn, mənim güldüyüm şeylərin hamısına o ağlayar. Yaşıl hekayəsinə çaşdım, bacı. Səkkiz ay əvvəl qız ona yaşılı sevdiyini söyləyib. Al bu da sənə səkkiz saatlıq yuxunun arasına girən bir məsələ… Ya o zaman yalan söyləyib, ya da indi. Belə çıxır ki, ağabəyimdən də, onun yaşılından da soyuyub. Başqa bir ehtimal varmı? Yox. Madam ki, yoxdur, deməli, yuxu da yoxdur. Yaşıllanmağın bu cürünü heç görməmişdim.

Kəskin bir qatar fitinin səsini eşidən kimi qulaq pərdəsinə iynə batmıştək yerindən sıçrayan Məfharət bağırdı:

– Budur bax, gəlir!

Bəsim bir daha saatına baxdı.

– Qatarın gəlməsinə hələ iyirmi beş dəqiqə var.

Məfharət yuxarı qalxan dirsəklərini aşağı endirdi. Üzü artıq bir gəlincik9 tarlası idi. Qıpqırmız qızarmışdı… Hətta o dərəcədə ki, bu qırmızılıq arasında dodaqlarının tünd boyası belə görünməz olumuşdu.

Məfharət birdən-birə iki əlini də Bəsimə doğru uzatdı:

– Bəs gəmi? – deyə bağırdı.

– Hansı gəmi? Bura Kadıköy deyil, Yaşılköydür. Bu saatda bura gəmi işləməz.

– Xeyr, dəftərdəki gəmini deyirəm.

– Hə!… Göyərtədə yanaq-yanağa dayanmışdılar. Orada mənim anladığım qədərilə eşqə bənzər nələrsə var, amma sonu yenə göz yaşı ilə bitir. Münasibətlərin, kövrəkliyin beləsini də heç sevmirəm…

Məfharət Bəsimin bir əlini havadaca qapdı və təkrarladı:

– Paroxod, paroxod! Keçən il Ağabəyim Səlminlə Adaya getməmişdimi? Son paroxodla dönmədilərmi?

– Düzdür, amma mən də onlarla birlikdə idim. Bunu yadından çıxarırsan axı…

– Sən gecə göyərtədə oturmazsan. Onlar isə oturublar.

– Xeyr, hamımız birlikdə aşağıda oturmuşduq.

– Səninlə danışmaq mümkün deyil.

– Elə deyirsən, amma yenə də danışırsan. Biz bir-birimizə möhtacıq, abla. Sənin qəzəbinə və mənim qəhqəhələrimə bu evdə məndən və səndən daha sağlam müştəri tapılmayacaq. Ağabəyim qaradinməzdir, danışmayacaq. Səlmin də bəxtiyar adam ilə başqa cür görüşür və bizim yanımızda ağzını açan deyil. Sən və mən bir-birimizlə kifayətlənməyə və bir-birimizə dözməyə məhkumuq.

Gözlərini bağça qapısından ayırmayan Məfharət soruşdu:

– Neçə dəqiqə var?

– İyirmi bir. Bu maraq nədəndir belə? Ağabəyim gəlsə, nə olacaq ki? Ondan soruşacaqsan yəni?

Məfharət çaşdı. Bu sual onun bayaqdan bəri duyduğu gözləmə həyəcanının səbəbsizliyini özünə də hiss etdirdi. Bəsimin üzünə baxa-baxa qaldı, sonra ayağa qalxdı.

– Mən o birini danışdıraram indi, – dedi.

Bəsim də ayağa qalxdı və onun hər iki qolundan yapışdı.

– Otur, abla. Üstünə getmə. İnadcıldır, bilirsən. Əyləş, Allah eşqinə. Məni dinlə. Əyləş!

Əyləşdilər.

Bəsim ablasına yenə də bir siqaret verdi.

– Taleyinin sükanı sənin əlindədir. Əmin ol! Onu dram istiqamətində sürmə. Bir az gülsənə!.. Vallah bu dünya buna dəyməz! Bax, həyəcandan üzün çuğundur turşusuna dönüb. Özün haqqında fikirləş. Canına yazığın gəlsin. Mən səndən bir şey soruşum: Səlminin qıvırcıq qızılı saçları olan körpə doğmasını xərçəng xəstəliyinə tutulmasından daha üstün hesab etməzmisən?

– Etmərəm. Bu cür uşaq doğmağı Allah heç qismət eləməsin.

– Allah qismət edibdir artıq. Qızılı saçlı körpə doğulacaq. Onu oxşamaqmı daha yaxşıdır, qəzəbindən çatlamaqmı, bunu sən seç… Ona münasib bir ata axtarmaq haqqında birlikdə fikirləşəkmi? Əhəmiyyət vermə. Bax, dinlə məni. Sənə bir əhvalat danışacağam.

Lakin danışmadı, susdu. İkisi də başlarını çevirdilər. Aydın bir əlinin baş barmağını gicgahına dayamış halda digər barmaqları ilə alnını ovuşduraraq yanlarından keçib getdi.

O dəqiqə ayağa qalxan Məfharət analıq hissinin verdiyi bir həyəcanla oğlunun arxasınca qaçdı və bağırdı:

– Nə var, nə olub sənə?

Uşağın üzü solğun idi.

– Başım ağrıyır. Çox ağrayır. Bir saat əvvəl iki aspirin atdım, amma xeyiri olmadı.

– Bəsdir daha işlədin.

– İmtahan sabahdır. Riyaziyyatdan…

– Bəsdir. Riyaziyyat qədər daş düşsün müəllimlərinin başına. Bəsdir. Öldürəcəklər səni.

Bəsim uşağa tərəf getdi.

– Mən də elə onu deyəcəkdi… Bu da sənin üçün bir problem olub da… Görəsən, riyaziyyat qədər daşın böyüklüyü, ölçüləri nə qədər ola bilər?

***

Takaş kababının önündə birdən-birə susan Bəsim pərəstiş hissi ilə dolu bir səssizlik içərisində idi. Ət və yuxa ağzında əriyərək başgicəlləndirici dərman halına gəldikdən sonra mədəsinə deyil, qəlbinə gedirmiş kimi ona böyük eşqlərin sərxoşluğunu bəşx edirdi. Xidmətçi onun önündə sarı xallı bəyazlıqdan başqa heç nə qalmadığını görüncə yemək dolu qabı sol çiyninin üstündən uzatdı. Qaşlarını çatan Bəsim üçün günün ən ciddi anlarından biri idi. Qabını yenidən ağızbaağız doldurduqdan sonra etiraf etdi:

– Mən bu kababa aşiqəm.

Çılpaq bir qadının üstünə sərilmiş atlas yorğan kimi kababların üstündə parlayan yuxanın kəhrəba sarısını iştahlı baxışlarla yaladıqdan sonra əlavə etdi:

– Dünyada bundan daha gerçək eşq yoxdur. Yerdə qalan hər şey ədəbiyyatdır.

Məfharət gözucu Səmimə baxırdı. Ağabəyi çox yorğun görünürdü. Zərif və tutqun üzündə qaşları, gözləri, ümumiyyətlə, bütün cizgiləri kədərli idi. Kölgələnmiş gözlərinin ağıllı parıltısı hiss edilmədiyi üçün onu yalnız geniş, gərgin, aydınlıq və möhtəşəm alnı çirkin görünməkdən xilas edirdi.

Məfharət bu dəfə də Səlminə tərəf baxdı. Qızının da gözləri Səmimə zillənmişdi. Lakin şübhə üçün əsas vermirdi. Bəsim danışdığı zaman bütün süfrənin diqqətini özünə çəkən Səmimin müxtəlif mənalar verən xəfif qımıldanışı və susqunluğu Məfharəti qardaşının sözlərindən daha çox düşündürürdü.

Aydın da ikidəbir gözlərini böyük dayısının üzünə dikir, diqqətlə qulaq asırdı. Lakin rəngi qaçmış üzündə hələ də ağrı çəkdiyi hiss edilirdi.

– Başın yenə də ağrayır? – anası soruşdu.

Aydın gözlərini qırpmaqla təsdiqlədi. Barmaqlarını alnına tərəf aparıb geri çəkdi.

Səmim də ona baxırdı.

Uşaq astadan, az qala, pıçıltı ilə:

– Çox ağrayır, – dedi.

Bir narahatlıq xərçəngi sərt cizgilərə çevrilərək qaniçən ayaqlarını Məfharətin üzünə sancdı. Səmim başını bir az uzadaraq Aydını süzürdü.

– Nə olub? Soyuq dəyib, bəlkə?

Bəsim isə bu arada xidmətçiyə tərəf dönüb:

– Bəlkə, bu səhərki zeytunlara bir dəvətnamə göndərək ki, süfrəyə buyursunlar, – dedi.

Məfharət ağabəyinə cavab verdi:

– Xeyr. Riyaziyyat imtahanına hazırlaşır. Dünən gecə gec yatıb. Səhər də tezdən qalxıb. Hələ də ara vermədən çalışır. İstəmirəm. Qoy sinifdə qalsın. Elə deyilmi, ağabəy? Sən də de, rica edirəm.

Səmimin kədərli səsi təsdiq etdi:

– Təbii. Riyaziyyat insanın sağlamlığı qədər vacib deyil. Hətta insanların yüzdən doxsanına heç lazım olmur.

Bəsim ablasına işarə edərək:

– Zeytunları həbsə məhkum etməyin zülümdür. Şkafın açarını verərsənmi? – soruşdu.

– Bəsim, çox xainsən.

– O zeytunlardan ikicə dənəsini yesin, baş ağrısından əsər-əlamət qalmayacaq…

– İndi zarafatın yeridirmi?

– Qaş-qabağını sallamaqla baş ağrısı müalicə edilirmi? Açarlar hardadır, söylə.

– Bufetin sol gözündə.

Bəsim Səmimə tərəf döndü:

– Mən də elə bunu deyirəm də… – dedi, – insanların yüzdə doxsan doqquzuna riyaziyyat ancaq alış-veriş edərkən lazım olur… Onun kimsəyə xeyiri yoxdur. Lakin nə çarə! Təhsil deyilən şey həyatımızda on beş ildən artıq davam edən xəstəlikdir və məktəbdən qaçmaqdan başqa əlacı yoxdur.

Məfharət yerindən qalxdı, oğluna yaxınlaşdı və əlini onun alnına qoydu.

– Qızdırman var elə bil. Qalx, uzan istəyirsən. Yemək də yemirsən. İştahan yoxdur. Sonra yeyərsən, qalx.

Ana-oğul otaqdan çıxdılar. Heç danışmayan Səlmin dalğın baxışlarla bir müddət Aydının ardınca baxdıqdan sonra mızıldandı:

– Dünən də rəngi boğulmuşdu elə bil.

Bəsim önünə qoyulan zeytun qabına barmağını uzadaraq saydı:

– Bir, iki, üç, dörd… On bir… İndi hamısını yeyərəm. On birdən on çıxsan, sıfır qalar. Mənə elə bu qədər hesablama yetər.

Səmim qarşısına baxırdı. Birdən-birə yeməyi saxlayıb siqaret yandırdı. Səlmin də iştahsız idi.

Bir az sonra Məfharət gəldi və xəbər verdi: Aydının qızdırması 36, 8-dir.

– Çox qorxuram, – dedi. – İbrahim bəyin qızı beləcə miningit olmuşdu… Yəni… İmtahana çalışarkən.

Bəsim ağabəyinə baxdı:

– Semiranyada da məktəblər belədirmi?

Səmim ayağa qalxdı, eyvana tərəf iki addım atdı və baxçaya baxaraq cavab verdi:

– Orada məktəb yoxdur.

– Nədir, insanlar analarından alimmi doğulurlar?

Səmim qardaşına tərəf çevrildi və gülümsədi. Əlləri pencəyinin cibində idi. Süst halda dayanmışdı… Başı yüngülcə önə və sola doğru əyilmişdi. Ala gözlərinin şübhə və diqqət qarışıq cəsur, qürurlu baxışı incə dodaqlarının ətrafındakı şirin gülüşün verdiyi təvazökarlı hissini bir az da yumşaltmışdı. Onun istənilən şeyi başa salmağa razı olduğunı hiss etdirən bu halı insanda maraq oyadır və yaranmış səssizlik içərisində bütün diqqətləri öz üzərinə çəkirdi.

Qəhqəhə çəkib başını buladıqdan sonra, nəhayət ki, cavab verdi:

– Simeranyada hər səviyyədən olan insanlar üçün oxu salonları, laboratoriyalar, atelyelər, musiqi, teatr, kino və idman evləri var. İnsanlar hər yaşda bu cür məşğuliyyətləri davam etdirə bilirlər. Maraqlandıqları mövzu ilə bağlı özləri etüd hazırlayır və bunu öyrənirlər. Uşaqlar və gənclərə araşdırma metodlarını tədris edən bələdçi-müəllimlər var. Bunların vəzifələri öyrətmək deyil, öyrənmənin yolunu göstərməkdir. Çünki Simeranya pedaqogikası insanın bütün həyatı boyu öyrəndiyi şeyləri ancaq özü istədiyi zaman və öz tədqiqatları nəticəsində mənimsədiyini bilir. Köhnə dünyada, yəni Simeranyaya görə bugünkü dünyamızda məktəblərdə uşaqlara və yeniyetmələrə öyrədilən şeylərin müəyyən edilmiş qabiliyyət və ehtiyacları təmin etmədikcə həyatda heç bir işə yaramadığı başa düşülüb. Orada klassik məktəbdən əsər qalmayıb. Sinif, kürsü, dərs proqramı, nitq söyləyirmiş kimi dərs keçən müəllim və professorlar yoxdur. Diplom verilmir.

Bəsim bağırdı:

– Bravo! Lakin bunlar bizim dünyamız üçün qeyri-adi nəzəriyyələr deyil. Russodan bəri bütün yeni düşüncə sahibləri belə deyirlər də…

– Burada nəzəriyyə olan şey orada artıq həyata keçib.

Məfharət soruşdu:

– Necə olur axı, başa düşə bilmirəm. Sinifsiz, dərssiz, diplomsuz…

Böyük qardaşının yerinə Bəsim cavab verdi:

– Kifayət qədər bəsit məsələdir. İş həyatından daha böyük məktəb, təcrübədən daha böyük dərs, ehtiyacdan daha böyük müəllim, maraqdan daha böyük ustad, müvəffəqiyyətdən daha böyük diplom olarmı? Dünyanın və Türkiyənin indiki zamanda heç bir böyük zəngin adamı Ticarət Məktəbinin məzunu olmayıb. Bəziləri yazıb-oxumağı belə bilmirlər. Məşhur Amerika milyarderlərindən kimisi kundura rəngsazı, kimisi mağaza süpürgəçisi, kimisi də poçtalyon idi. Bizim Qaramanlı milyonerlərinin arasında ilk məktəb təhsili görən neçə adam var? Bir fikirləş… Sizə dünyaca məşhur bir yəhudi zəngini ilə bağlı əhvalatı danışmamışammı? Amerikada, anadan olduğu gün onun şərəfinə verilən ziyafətdə həmin bu milyoner ona vurulan təbrik teleqramını katibəsinə oxutdurarkən dəvət olunanlar qarşısında etiraf edir ki, oxumağı bilmir. Orada olanlar arasında Amerika sənayeçilərindən biri soruşur:

– Oxumaq bilməsəniz də, bu qədər uğur qazanmısınız… Əgər bilsəydiniz, görün necə olardı?!..

Yəhudi zəngin gəncliyində işsiz qaldığı haqda danışır. Tövsiyə məktubu əldə edib hamamxanaya üz tutduğunu, lakin oxumaq bilmədiyi üçün orada boş olan iş yerinə – katibliyə təyin olunmadığını da dedikdən sonra:

– Oxumaq bilsəydim, indi, aranızda olmaq şərəfinə nail olmazdım. Çünki hələ də hamamxanada katib işləyirdim! – deyir.

Bəsim ablasına doğru bir addım ataraq əlavə etdi:

– Bizim kimi miras sahibi olanlar üçün oxumaq bacarığı gecələr kitab mütaliə etmək, gündüzlər isə boşboğazlıq edərək özünü ağıllı göstərmək üçün lazımdır. Lakin yoxsulların bütün fəlakətləri əlifbadan başlayır.

Səlmin böyük dayısına baxdı. Səmim qıza tərəf çevrildi:

– Məncə, əsas məsələ mədəniyyət və ixtisasla bağlı bütün məlumatları ehtiyac və istedada görə hazırlamağın yolunu insana göstərməkdir. Bunun bütün mövcud vasitələrini ona təqdim etməkdir. Tədris proqramlarının əzici yükü altında əldən düşən uşaqların fərqli ehtiyac və istedada sahib olduqları nəzərə alınmalıdır. Tələbə dərs hazırlamaqdan və imtahana hazırlaşmaqdan öz şəxsi araşdırmalarına vaxt və enerji ayıra bilmir. Halbki ona əsl mədəniyyəti də, məsləklə bağlı məlumatları da bu şəxsi araşdırmalar verə bilər.

Məfharət soruşdu:

– Kiçik yaşlarda da mı?

– Təbii ki… Ömrü ən uzun olan vərdişlər elə kiçik yaşlardan başlayır da… Uşaq ikən Qalatada ayağıyalın dolaşıb siqaret satan Səfəroğlunun sonradan varlı sahibkarlar cərgəsinə qatılmasının səbəbi istehlakçının ehtiyaclarını hələ uşaq yaşlarından müşahidə etməyi öyrənməsindədir… O elə həmin illərdə bu ehtiyacları təmin etmək haqqında düşünməyə başlayıb. Məktəbə getsəydi, bu təcrübə və müşahidələrin hamısından məhrum qalardı.

Səlmin soruşdu:

– Bu məsəlı Simeranyada necə həll edilir bəs?

– Uşaqlar və gənclər istedadlarına görə günortadan sonra ayrı-ayrı məslək şöbələrində təcrübə keçirlər. Parazit deyillər. Böyüklərə yardım edir və köməkçi kimi çalışaraq öyrənə bildikləri qədər öyrənirlər.

– Sonrada istedadlarının istiqaməti dəyişsə, necə?

– O zaman peşələrini, ixtisaslarını dəyişmək onların haqqı olacaq… Bu istedadları təyin edən mükəmməl testlər var. Amma bundan daha çox onların iş həyatlarındakı davranışlarına diqqət edilir. Günortaya qədər və əgər istəyərlərsə, gecələr belə nəzəri araşdırmalar, tədqiqatlar apara bilərlər. Lakin bu işlərdə məcburiyyət yoxdur. Çünki o ölkədə insan hansısa bir maşın-adam, ya da avtomat deyil. Qabiliyyətini sərbəst şəkildə inkişaf etdirməsinə hər yaşda və hər məsləkdə imkan verilən mənəviyyat adamıdır. Şəxsiyyətdir.

Səmim diqqətlə qardaşına baxaraq sözünə davam etdi:

– Bəsimin dediyi doğrudur. Mən yeni heç bir şey söyləmirəm. Çünki bizim müasir tərbiyəçilərin hamısı da eyni qənaətdədirlər. Lakin köhnə dünyamızda köhnə məktəb konsepsiyası hələ də yaşamaqdadır. Bütün bu sosial struktur dəyişmədikcə yeni pedaqoji fikilərin tətbiq sahəsi tapılmayacaq. Russodan Kerşenş Teynerə, Con Dyuiyə qədər bütün pedaqoqların iki əsrə yaxındır ki davam edən çabaları mənasız olub. İnsanın özünün özü haqqında təhrif edilmiş konsepsiyasını dəyişdirən bir dünyaya möhtac qalmışıq. Dyui nə deyir? “Məktəb kitabları və dərsləri bizə başqalarının bilgilərini və kəşflərini göstərir… Guya bilgiyə doğru bizi ən qısa yoldan aparır. Həqiqətdə isə bu təhsil üsulu gerçəkləri və fikirləri anlatmaq əvəzinə bizə hazır məlumatları əzbərləməkdən başqa bir şey olmayan tutuquşuluq öyrədir”.

Uşaq zəkasının proqramlardakı süni təsniflərə və bölümlərə zidd inkişaf kursu izlədiyi məlum olduqdan sonra bugünkü məktəblərin zəka qəssabxanası olduğu artıq anlaşılıb. Lakin ideal təhsil…

Səmim gülümsədi və Bəsim bağıraraq sözünü tamamladı:

– Xeyr, – dedi, – əsl təhsil oradadır… Bax o zaman sən Talaş kababına aşiq olmaqdan qurtulardın. Çünki orada ikidəbir dəyişən təhsil sistemindən çox plovu ilə məşhur olan bir məktəbdə oxumaq məcburiyyətində qalmayacaqsann. Həzm şirəsini ikidə bir coşduran təsirlərdən uzaq yaşayacaqsan və mənəvi dünyan daha çox formalaşacaq. Köhnə dünyamızın bütün yeni tərbiyəçiləri bu səmimi, bu gerçək və yüksək mədəniyyəti bugünkü məktəblərin verə bilməyəcəyi məsələsində həmfikirdirlər. Çünki hamısında təhsil basqı, zorlama, heyvan yetişdirmə və insanları ağızlarına qədər doldurma üsuludur. Sənin kimi ağıllı insanlar belə talaş kababına qarşı hiss edilən eşqdən daha gerçək bir sevgi olmadığına inanıblar. Lakin bəziləri hələ də bunun fərqində belə deyillər. Sən isə bildiyin və etiraf etdiyin üçün çox sevimlisən.

Bəsim udqundu və ağzını marçıldada-marçıldada cavab verdi:

– Vallah, abi, haqqın var. Düşüncələrinin ikisi də doğrudur. Mən bir sevimli heyvanam və bugünkü talaş kababı əsl möcüzə idi.

Məfharət Aydının necə olduğunu yoxlamaq üçün otaqdan çıxmaq istəyirdi. Lakin iki qardaş arasındakı bu münaqişəni hər zaman görmək mümkün olmadığı üçün oradan ayrıla bilmirdi.

Səmim kresloda oturmuşdu. Bəsim isə əli ilə qarnını sığallaya-sığallaya daxilindəki həzmsizliyin keçməsinə çalışırdı. İkisinin də üzündən yorğunluq yağdığını görən Məfharət:

– Dayanın, – dedi, – gedim Aydına bir baxım, gəlirəm. Söhbətiniz çox maraqlıdır. Mən gələnə qədər heç nə danışmayın.

Ablası çıxan kimi Bəsim Səmimə yaxınlaşdı. Dizlərinin üstündə qoyduğu bir jurnalı vərəqləyən Səlminə gözucu nəzər yetirdikdən sonra pıçıltı ilə soruşdu:

– Öz aramızda qalsın, amma… Sən hələ də platonik eşqə inanırsanmı?

Səmim, ola bilsin ki, bu sualı eşitdiyi, ya da sezdiyi üçün dizlərinin üstündəki jurnalı yerə ataraq səssiz və sürətli addımlarla yaxınlaşan Səlminə baxdı və cavab verdi:

bannerbanner