скачать книгу бесплатно
– Bu necə oğrudur ki, heç nə aparmayıb? Hər şey öz yerindədir. Bəlkə sandığın içindəkiləri aparıblar? Gəl, açıb baxaq.
Rübabə nə edəcəyini bilmirdi. Xeyli fikirləşəndən sonra babasına xəbər verməyi lazım bildi. Yavaşca dəhlizə keçdi. Babası yerində uzanıb gözlərini yummuşdu. O xəstə idi. Ayaqları ağrıyır, özünü piss hiss edirdi. Hələ bağda olarkən yorğan-döşəkdən durmuşdu. Yazda nəvəsi nişanlanandan sonra o, Ələkbərin təkidi ilə işini buraxmışdı. Özü hiss edirdi ki, son illər dənizdə işləmək getdikcə çətinləşir.
Rübabə diz üstə çöküb əlini astaca babasının çiyninə toxundurdu. Kişi gözlərini açdı.
– Baba necəsən? Bağışla, səni oyatdım.
– Yatmamışdım qızm. Nə var, nə olub?
– Bir bura gələ bilərsən, çaxçanın yanına?
– Xeyir ola, bala, nə var ki, çaxçada? – deyə Seyid Sadıq durub oturdu, nəvəsinin köməyilə ayağa durdu, o biri otağa keçdi, qorxa-qorxa açıq çaxçanın qabağına gəldi, küçədən düşən işığı o da gördü, dizləri əsməyə başladı.
Nisəxanım sandığı açıb içərisindəkiləri yoxlayırdı.
– Bircəbacı, mən bilən hər şey yerindədir, gəl bax…
Rübabə heç nə deməyib tələsik sandığı boşaltdı, Nisəxanımla köməkləşib kənara qoydu. Altındakı taxtaları da götürdü. Çuxur boşdu! Balaca bardaq yoxa çıxmışdı! Seyid Sadıq çənəsi əsə-əsə nəvəsinin hərəkətlərini izləyirdi. Bardaq yerinin boş olduğunu görəndə başına möhkəm bir qapaz vurdu:
– Vay! Evim yıxıldı, yetimlərim ac qaldı… – deyə qışqırıb tappıltı ilə yerə sərələndi.
Qızlar bərk qorxub babanın üzərinə əyildilər. Rübabə ağlaya-ağlaya dedi:
– Babacan, cəhənnəm olsun qızıllar, eybi yoxdur, fikir eləmə, dur ayağa! Bəlkə tapıldı?!
Nisəxanım həyətə çıxıb yuxarıdan nənəsini çağırdı:
– Nənə, ay nənə! Baba yıxıldı, tez ol düş aşağı!
Hamı Seyid Sadığın başına yığışdı. Onu yerdən qaldırıb dəhlizə apardılar, yatağına uzatdılar, üzünə su çilədilər. Bir azdan bədbəxt qoca gözlərini açıb ətrafına baxdı, arvadını görüb hönkürtü ilə ağladı:
– Mehinbanu evimiz yıxıldı, balalarımız ac qaldı – dedi, – mən ağılsıza deyən gərək, nəyinə lazımdır pulları basdırmaq, neçə ildi sandıqdaydı, qoy yenə qalaydı da… Yox, şeytan çıxartdı məni yoldan…
Rübabə hər şeyi – yazda babası ilə qızılları basdırdıqlarını və indi çaxça divarının küncdən sökülməsini nənəsinə danışdı. Mehinbanu əlli ildən çox bir yerdə ömür sürdüyü vaxt ərzində ərinin ağlamasını, özü də bərkdən hönkürərək ağlamasını birinci dəfə görürdü. Ona yazığı gəldi. Əlindən hirsli olsa da, yanında oturub ürək-dirək verdi:
– Kişi, bəsdir, sakit ol, uşaq-zadsan, ağlayırsan? Cəhənnəm olsun pullar. Uşaqların başına sadağa…
Seyid Sadıq hıçqıraraq elə hey təkrar edirdi: “Evimiz yıxıldı, balalarımız ac qaldı”. Onu öskürək tutdu. Rübabə soyuq çay gətirdi, yanında oturub içirtdi.
– Eybi yoxdur baba, fikir eləmə, acından ölmərik – deyə ona təsəlli verdi – Seyid Hüseyn bu gün-sabah qulluğa girəcək, dolanarıq!
Axşama yaxın qoca bir balaca sakitləşdi. Balışa söykənib oturmuşdu, öz-özü ilə danışırdı. Birdən başını qaldırıb dedi:
– Arvad, mən bilirəm bu kimin işidir! Qızılların yerini Rübabədən başqa heç kim bilmirdi. Ələsgərin işidir! Pulları basdıranda o xosdərəngi
gəlmişdi bizə… Həm də eşitmişəm Ələkbərin dükanında dalımca deyibmiş ki, nəvəsini mənim kimi cavana vermədi, atası yaşında qoca kişinin puluna satdı, mənim ürəyimə dağ çəkdi!
– Kişi, xalxın babalını yuma, bunu bilmək olmaz!
– Babal-zad yumuram, mən bildiyimi deyirəm.
Bu zərbə əvvəldən xəstə olan Seyid Sadığın vəziyyətini bir az da ağırlaşdırdı. Kəblə Ələkbər kişinin halına acıyır, boş vaxtlarını yanında olur, başqa söhbətlərlə başını qatmağa çalışırdı. Ancaq bunların köməyi olmurdu. Kişi gündən-günə zəifləyirdi.
Bir gün Seyid Sadıq qəti qərara gəlib kürəkənini yanına çağırtdırdı.
– Oğlum, – dedi – mən yəqin bilirəm ki, qızılları Ələsgər aparıb. Deyirlər, indi o Bakıda deyil, oğlunu da götürüb vətəninə, Qarabağa gedib. Xahiş edirəm, bir adam göndər, onu tapıb gətirsin bura. Mən mütləq ondan pulları almalıyam.
Ələkbər ehtiyatla ona etiraz etdi:
– Ağa, ona necə sübut etmək olar ki, pulları o aparıb? Görən olmayıb, əlində tutan olmayıb.
– Sən mənə əməlli qulaq as: bağa köçəndə həmişəki kimi həmşəri Gülsənəmi qoymuşuq həyətdə. Bu yaxınlarda Gülsənəmin başında kənarları göy haşiyəli ağ kələğayı görüblər. Həmin bu kələğayıdan o vaxt sandıqdan bir qutu yox olmuşdu – qoca nəfəsini dərib sözünə davam etdi – mən başıdaşlı, bağa köçəndə yorğan-döşəyi məfrəclərə
qablaşdıranda, sandığın üstün boş görüb, onun kilidini divar tərəfə çevirmişdim ki, guya onu açmaq çətin olsun. Bəlkə də, elə bilib nəsə içində qiymətli şey var… – Kəblə Ələkbər maraqla qulaq asırdı, qaynatasının bir an susduğunu görüb dedi:
– Ağa, nə çoxdur göy haşiyə kələğayı. Yayda arvadların hamısı ağ kələğayı örtürdə…
Seyid Sadıq narazılıqla onun sözünü kəsdi:
– Dalına qulaq as: Arvad bu kələğayını hardan almasını Gülsənəmdən soruşub. Əvvəl deyib dükandan almışam, amma sonra boynuna alıb ki, bunu yayda ona Ələsgər bağışlayıb. Deyib biz bağda olanda bir gün Ələsgər gəlib həyətə, tutub onu sorğu-suala ki, ağagildən gəlib-gedən olur, yay ox? Soruşur, deyib yox heç kəs gəlib-eləmir. Həmin günün sabahısı Ələsgər yenə Gülsənəmin yanına gəlib, həmin kələğayını verib ona, tapşırıb ki, onun bura gəlməsini heç kimə deməsin… İndi başa düşdün? Mənim ondan şübhələnməyimə üç əsas var: birincisi, pulları basdıranda ancaq o gəlmişdi bizə, ikincisi, kəlağayı məsələsi, üçüncüsü də, sənin dükanında evlənmək barədə dediyi sözlər. Ay oğul, bilirəm, bunu ona sübut eləmək çətindir. Amma qoy gəlsin mənim yanımda Qurana əl basın, görüm onda necə olar? İnanmıram, yalandan Qurana əl basa. – Kişi danışmaqdan yorulub balışa söykəndi, – Deyirəm, heç olmasa pullarımın yarısını qaytareydi, mən ona da razıyam, halal eləyərdim ona xərclədiklərini…
Kəblə Ələkbər kişinin axrıncı sözlərindən çox mütəssir oldu.
– Yaxşı, ağa, – dedi – tapıb gətirərəm, fikir eləmə…
Bu söhbətdən bir həftə sonra Seyid Sadıq balışa dirsəklənib təsbehini çeviridi, Ələsgər saymazyana otağa girib təəccüblə soruşdu:
– Olmasın azar, belə niyə, ağa, nə olub sənə?
– Heç bir balaca kefsizəm… Oğul, elə birdən çıxıb, bir getdin Bakıdan, bir gəlib görüşmədin bizimlə, xüdahfizləşmədin? Bilirsən ki, arvad-uşaqlar Əlabbası çox istəyirlər, heç olmasa, uşağı göndərəydin, görəydik… axı nəvədir?!
Ələsgər deməyə söz tapmadı, dodaqaltı nəsə mızıldandı. Seyid Sadıq diqqətlə keçmiş kürəkəninə baxdı:
– Sənə bir sözüm var, bala. Bu yaxınlarda evimdən qiymətli bir şey itib. Şübhələndiyim bütün tanışlar, qohumlar gəlib Qurana and içiblər ki, xəbərimiz yoxdur. Bircə sən qalmısan. İndi xahiş eləyirəm ki, zəhmət çək, sən də Qurana and iç ki, arxayın olum.
Kənarda oturmuş Kəblə Ələsgər qaynatası danışdıqca zəndlə bacanağına baxırdı. Bu sözlərin ona necə təsir etdiyini görmək istəyirdi. Ələsgər bir an, elə bil özünü itirdi, susub ətrafına boylandı. Seyid Sadıq arvadını çağırdı:
– Mehin xanım, gətir Quranı bura – dedi.
– Mehinbanu ağ parçaya bükülmüş, vərəqləri saralmış köhnə meşin cildli Quranı götürüb “bismillah” dedi, ərinə uzatdı. Kişi, Quranı öpdü, gözünün üstünə qoydu.
– Buyur, əlini qoy Quranın üstə, de ki, əgər mən sizin evdən bir şey götürmüşəmsə, qoy bu Quran mənə qənim olsun.
Ələsgər xeyli susandan sonra təmkinlə dedi:
– Ağa, mən murdaram, əlimi Qurana vura bilmərəm. İcazə ver, hamama gedib pak olum, sonra gəlim əl basım.
Seyid Sadıq onun bu gözlənilməz cavabı ilə razılaşmalı oldu:
– Yaxşı get, ancaq tez qayıt, yubanma. Günün batmağına az qalıb. Deyirlər, gün dalınca Qurana əl basmaq yaxşı deyil.
Ələsgər çıxıb getdi. Seyid Sadıq səbirsizliklə onun qayıtmasını gözləyir, heç kəslə danışmırdı. Hamama gedən iki saat sonra qayıtdı. İçəri girən kimi birbaşa qocanın yanında balaca məcməyiyə qoyulmuş Qurana yaxınlaşdı, bir dizi üstə çöküb sağ əlini onun üstünə, sol əlini sinəsinə qoydu, təntənə ilə dedi:
– Əgər bizlər bu evdən bir şey götürübsə, qoy bu Quran ona qənim olsun – sonra kişinin üzünə baxdı – indi razı qaldınmı, ağa? İcazə ver hüzurundan müxərrəs olum gedim, işim çoxdur.
O hamıya baş əyib otaqdan çıxdı.
Kəblə Ələkbər and içənin özünü cəm halında göstərməsinə bir az təəccüblənsə də, buna bir o qədər əhəmiyyət vermədi, bunu onun lovğalığına, həmişə özünü artist kimi aparmasına yozdu.
Bu hadisədən sonra birdaha onu və oğlunu görən olmadı. Hərdən Mehinbanu sonbeşiyi Zəhranın yeganə yadigarını – Ələbbası xatırlardı. Sonralar onu nə qədər axtarıb soraqlaşdılarsa, gördüm deyən olmadı.
Bir neçə ildən sonra Ələsgərin Qurana əl basarkən dediyi müəmmalı sözlərdən söhbət gedəndə təsadüfən məlum oldu ki, demə o, and içməmişdən qabaq hamam bəhanəsilə evdən çıxanda Gülsənəmin yanına gedib ondan bir-iki döşək sırıyan biz istəyibmiş. Yəqin, həmin bizləri köynəyinin altından sinəsinə sancıb ki, and içəndə əlini bu bizlərin üstünə qoysun və arxayınçılıqla desin: “Əyər bizlər bu evdən bir şey götürüblərsə, qoy bu Quran ona qənim olsun”.
Beləliklə də, Seyid Sadığın qızıllarının heç olmasa, yarısını geri almaq ümidi boşa çıxdı. Bəlkə də, onunla başqa cür söhbət etsəydilər, yaxud hədə-qorxu gəlsəydilər, kişi demişkən, pulun, heç olmasa, yarısını geri almaq mümkün olardı. Ancaq Seyid Sadığın Qurana çox böyük inamı vardı. O heç cür təsəvvürünə gətirmirdi ki, Qurana yalandan əl basmaq, yaxud başqa bir kələk işlətmək olar.
Seyid Sadıq indi nahaq yerə Ələsgərdən şübhələndiyinə görə də əzab çəkirdi. Ona elə gəlirdi ki, şübhələndiyi adam çəkinmədən Qurana əl basırsa, deməli, onun heç bir günahı yoxdur. O yatağında çox çətinliklə o tərəf – bu tərəfə çevrilərək, axşamdan öz-özünə təəccüblə deyirdi: “Axı ondan başqa pulları kim apara bilər, heç kimin o yerdən xəbəri yoxdu?..”
Xəstə kişi getdikcə zəifləyirdi.
Bir gün səhər Mirpaşanı göndərdi ki, Ələkbəri dükanından çağırsın. Ona deməli vacib sözü vardı. Hiss edirdi ki, artıq ömrünün son anlarını yaşayır. Nə qədər ağlı başındaydı, kürəkəni ilə bəzi məsələləri həll etməli idi.
Günortaya yaxın Mirpaşa Ələkbərlə gəlib xəstənin yanında əyləşdilər. Seyid Sadıq nəvəsinə:
– Məni qaldır, oturmaq istəyirəm, – dedi, – yerini rahatlayandan sonra – indi get, bala işinə, nənənə de, hələlik bizi narahat eləməsinlər…
Mirpaşa gedəndən sonra Seyid Sadıq zəif səslə sözə başladı:
– Oğul, ömrüm daha sona yetir… Allah mənə on iki övlad verdi, hamısını da bir-bir əlimdən aldı. Elə bil mənim ömrümü ona görə uzun eləyib ki, bütün uşaqlarımın müsibətini görüm, əzab çəkim… Nə isə, sözüm ondadır ki, indi ən yaxın adamım, mənə doğma övlad əvəzi olan bircə sənsən. Sən mənə kürəkən yox, oğul olmusan. Allah sənə uzun ömür versin, işini avand eləsin, balalarını xoşbəxt eləsin… o dərindən nəfəsini dərdi – sənə ərkim çatır, ona görə də bu axır günlərimdə iki arzumu, iki xahişimi sənə demək istəyirəm… vəsiyyət eləmək istəyirəm… – Seyid Sadıq ömrü boyu özünə dəyən zərbələri, nəhayət ən axırıncı zərbəni xatırlayıb acı-acı gülümsədi: mən görmüşəm ki, – dedi, – atalar, babalar ölümqabağı vəsiyyət eləyəndə pulunun, mal-dövlətinin oğul-uşaq arasında necə bölüşdürülməsi barədə sərəncam verər. Amma mənimki gətirmədi, bütün ömrüm boyu yığdığım, bircə gün içində tarmar oldu… Ona görə vəsiyyətim də tərsinədir, sizə, şəxsən sənə mal-dövlət əvəzinə əziyyət verməkdir…
Ələkbər qocanın sözlərindən mütəssir oldu, gözü yaşardı.
– Ağa, bu nə sözdür? Sənin hər bir xahişini yerinə yetirmək mənə xoşdur.
– Çox sağ ol oğul! İndi qulaq as: birinci vəsiyyətim budur ki, evini satıb bura köçüb gələsən. Uşaqlar neçə ildir, bu evdə bir yerdə böyüyüblər, qoy yenə də bir yerdə olsunlar. Allah qoysa toy elərsiz, Rübabə ilə birlikdə yuxarıdakı otaqlarda oturarsız. Uşaqlar da burda nənənləriylə qalarlar. Seyid Hüseynlə Mirpaşanı mətbəxin yanındakı evə köçürərsiz… Yayda da istəyərsiz mənim Ləəşdəki bağıma, istəyərsiz, sənin Şüvəlandakı bağına köçərsən. İki bağa baxmaq səninçün çətin olar. Ona görə məsləhət görürəm bağlardan birini satasan. Sənin Şüvəlandakı bağın böyükdür, otağı da çoxdur – beş otaq hamınıza çatar.
Ələkbər tez cavab verdi:
– Baş üstə, ağa, bunlar asan işlərdir. İkinci xahişini de!
– İkinci xahişim bir az ağırdır. Deməyinə deyirəm, ancaq mümkün olsa əməl elə, mümkün olmasa eybi yoxdur – o bir qədər susdu, balışının altından yaylıq çıxarıb üzünü, gözlərini sildi – istəyirəm mənim və dörd övladımın sümüklərini aparıb Kərbəlada basdırasan. İndi mümkün olmasa da, bir neçə ildən sonra…
– Apararam, ağa. Neçə vaxtdır Şərəbanı mənimlə Kərbəlaya getmək istəyir. O da ərini aparmaq istəyir. Allah qoysa, elə bir yerdə gedərik.
– Sağ ol oğul! – qoca yavaş-yavaş özünü sürüşdürüb yerinə uzandı, bir müddət gözlərini yumdu.
Kəblə Ələkbər səbirlə oturub xəstənin gözlərini açmasını gözlədi. Nəhayət, o dilləndi:
– Seyid Hüseynlə Mirpaşanın üstündə də gözün olsun. Onlar ağıllı uşaqlardır, səni incitməzlər. Seyid Hüseyn qulluğa girmək istəyir. Bir münasib yer tap onu işə düzəlt. Yenə nə qədər olsa da köməyi dəyər… Qızılları itirdiyimə görə də gərək məni bağışlayasan. Lap çətinə düşəndə qoy Mehinbanu bər-bəzək şeylərini satsın. Qoca vaxtında nəyinə gərəkdir onun üzük, sırğa, mirvari?…
Ələkbər etirazını bildirdi:
– Bu nə sözdür, ağa, nöşün satsın? Heç elə şeyi fikrinə gətirmə. Yəni mənim uşaqlarımı, qayınanamı dolandırmağa gücüm çatmaz? Daha başqa nə arzun varsa, de, ağa!
– Çalış, uşaqlar Xırdaxanımla barışsınlar. Doğma anadır onlara. Biz ölüb gedəndən sonra ana onlara lazım olacaq. Elə uşaqlar da Xırdaxanıma lazım olacaqlar.
– Baş üstə, ağa, çalışaram. Sən heç nədən narahat olma, inşallah hər şey yaxşı olar…
– Çox sağ ol, oğlum. İndi daha dur get işinə, mən də bir az dincəlim, – deyib Seyid Sadıq üzünü divara tərəf çevirdi.
Ələkbər sakitcə otaqdan çıxdı.
… Bir ay sonra Seyid Sadıq əynində ağ uzun gecə köynəyi, başında araqçın, dəhlizdə öz yerində sakit uzanmışdı. Axşama yaxın arıq, damarları çıxmış ağ əllləri ilə balışını götürüb Seyid Hüseyndən xahiş etdi ki, onu döşəklə bir yerdə üzünü qibləyə tərəf çevirsin. Seyid Hüseynlə Mirpaşa ehtiyatla döşəyi fırladıb otağın ortasında çəpəki qoydular. Qoca balışını düzəldib illərlə gündə beş dəfə namaz qılarkən üzünü tutduğu qibləyə tərəf uzandı. Yorulub uzun müddət gözünü yumdu. Haçandan-haçana zəif səslə dua oxudu, kəlmeyi-şəhadətini dedi, salavat çevirdi. Əlini bir dəfə üzünə çəkdi, ikinci dəfə çəkmək istəyəndə əli havada qalıd, dərindən nəfəs alıb canını tapşırdı.
Yanında oturmuş Mehinbanu sakitcəsinə ağlayaraq onun gözlərini örtdü…
Gecə ikən bütün məhəlləyə xəbər yayıldı, hamı axışıb gəldi…
Doxsan yaşlı qoca Seyidin tabutunun dalinca bütün İçərişəhərin, Bayırşəhərin və ətraf kəndlərin kişiləri gedirdi…
Seyid Sadığın qırxı çıxandan sonra 1904-cü ilin axırlarında bir balaca məclis düzəldib Rübabə ilə Kəblə Ələkbərin kəbinini kəsdilər. Bu, Seyid Sadığın son arzusu idi. Arvadına tapşırmışdı ki, onun ilini gözləməsinlər…
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: