скачать книгу бесплатно
Son mənzili Xəzər oldu
Qumral Sadıqzadə
Xatirə ədəbiyyatı #31
“Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görən bu kitab 1-ci hissəsi 1991-ci ildə “Gənclik” nəşriyyatında, 2-ci hissəsi isə 1998-ci ildə “Boz Oğuz” nəşriyyatında çap edilmiş ikihissəli kitab əsasında çapa hazırlanıb.
Janr etibarilə bədii memuar kimi düşünülmüş bu roman görkəmli nasir və tənqidçi, Azərbaycan ədəbiyyatı, mətbuatı və təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Seyid Hüseyn Sadiqə (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) həsr olunub. Romanın müəllifi – yazıçının qızı Qumral Sadıqzadə təsdiq edir ki, insan bir şəxsiyyət kimi ailədə formalaşır, valideynlərinin nümunəsi əsasında tərbiyə alır. Seyid Hüseynin ailəsinin tarixçəsi səmimi və nəcib keyfiyyətlər, saxtakarlığa qarşı dözülməzlik haqqında nəsillərə örnək olacaq çox maraqlı bir hekayətdir. Əsərdə Seyid Hüseynin 1920-ci ildən repressiya olunduğu ilə qədər – 1937-ci ilə qədər həyat və fəaliyyətindən bəhs edilir. Kitab elmişəxsi arxiv materialları əsasında işlənmiş, milli adətənənələrimizi və etnoqrafiyamızı sənətkarlıqla əks etdirir.
Qumral Sadıqzadə
Son mənzili Xəzər oldu
(Seyid Hüseyn haqqında sənədli roman)
“Xatirə Ədəbiyyatı” silsiləsindən 31-ci kitab
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) 1887-ci ildə Bakıda anadan olmuşdur.
Çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biri çağdaş Azərbaycan nəsri, xüsusilə, onun hekayə janrıdır. Seyid Hüseynin 20-ci illərin sonundan 30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olmuş, indi də öz təravətini saxlamış, müasirliyini itirməmiş, müəllifə şirin hekayə ustası kimi şöhrət qazandırmışdır. Hüseyn Mir Kazım oğlu “Tazә һәyat” vә “Kaspi” qәzetlәrinin mәtbәәlәrindә mürәttib olmuş, şәrikli “Bәhlul”, “Kәlniyyәt” vә “Qurtuluş” jurnallarını nәşr etdirmişdir. O, 1913 (https://az.wikipedia.org/wiki/1913)-1914 (https://az.wikipedia.org/wiki/1914)-cü illәrdә “İqbal”ın baş redaktoru idi.
Seyid Hüseyn bәdii yaradıcılığa 1907 (https://az.wikipedia.org/wiki/1907)-ci ildә başlamışdır. Hekayә vә publisistik mәqalәlәrindә mürtәce ziyalıların әleyһinә çıxmış Azәrbaycan dilinin saflığı uğrunda mübarizә aparmışdır. Azәrbaycan әdәbiyyatı vә әdәbiyyat xadimlәri һaqda mәqalәlәr, müasir һәyatdan bәһs edәn һekayәlәr yazmış; “Yeni iqbal” vә “Azәrbaycan” qәzetlәrindә mәqalәlәrlә çıxış edirdi.
Repressiya qurbanlarından olan Seyid Hüseyn 1937 (https://az.wikipedia.org/wiki/1937)-ci ildә hәbs edilmiş, 1938 (https://az.wikipedia.org/wiki/1938)-ci ilin yanvarında güllәlәnmişdir…
Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata, əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsadüf edir. 1908-ci ildən etibarən o, əvvəlcə ara-sıra, sonralar isə müntəzəm olaraq qəzetlərdə, jurnallarda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn” imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında, mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, 1927-ci ilə kimi müvəqqəti-mühərrir kimi tanınmışdır.
Seyid Hüseyn Sadiqin həyat yoldaşı Azərbaycan şairəsi Ümgülsüm Sadıqzadə (Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə) idi. O, Seyid Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi həbs edilərək Bayıl həbsхanasına göndərilmiş, bir müddət sonra 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslah Əmək Düşərgəsinə göndərilmişdir.
1945-ci ilin aprel ayında azadlığa buraxılan Ümgülsüm хanım Bakıya (https://az.wikipedia.org/wiki/Bakı) gəlir. 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən şairə Şamaхıya (https://az.wikipedia.org/w/index.php?title%3dŞamaхı%26action%3dedit%26redlink%3d1) köçür, lakin burada bir neçə ay yaşayandan sonra on beş yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur…
QUMRAL SADIQZADƏ
Qumral xanım Sadıqzadə 1929-cu ildə Bakıda görkəmli yazıçı, jurnalist, naşir və maarifpərvər Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Bakıda orta məktəbi, 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1952-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-cı ildən dövri mətbuatda ruscadan tərcümələri, oçerkləri çap olunub. Uzun illər elmi-şəxsi arxivlərdən, atası ilə bir vaxtda yaşamış qohumlardan Seyid Hüseynin həyatı, fəaliyyəti, nəsli və dövrü haqqında zəngin materiallar toplayıb. Və bunun nəticəsində ikicildlik “Son mənzili Xəzər oldu” romanını yazıb. Romanın birinci cildi 1990-cı ildə “Gənclik” nəşriyyatında çap olunub.
Qumral xanım Azərbaycanın məşhur seyidlərindən biri, ilahiyyatçı və tacir, əslən içərişəhərli Seyid Sadığın nəticəsi, Məmməd Əmin Rəsulzadənin nəsil xələfi, respublikanın xalq rəssamı Oqtay və əməkdar rəssam Toğrul Sadıqzadələrin bacısı, romantik şair-mühərrir Əlipaşa Səbur Hüseynzadənin gəlinidir.
Müəllifdən
Mən Seyid Hüseynin axırıncı övladıyam. 1937-ci ilin yayında atam bizdən ayrılanda yeddi yaşım vardı. Odur ki, o vaxtlar atamı az tanıyırdım və onunla əlaqədar olan hadisələrin çoxu yadımda qalmamışdı. Atamdan az sonra anamızdan da ayrıldıq.
Biz – üç qardaş, bir bacı bibim Rübabə xanımın himayəsində böyüdük. Bibimin iyirmi bir yaşlı qızı Səyyarə Rzayeva o ağır illərdə bizə rəsmi qəyyum olmağı öz öhdəsinə götürdü.
Müharibədən əvvəl və çətin müharibə illərinin uzun qış gecələrində Rübabə xanım, adətən, bizim üçün nağıl danışardı. Başqaları nağıla maraqla qulaq asıb, hər gün təzəsini danışmağı xahiş edirdilər. Mən nağıllarla o qədər də maraqlanmazdım, bibim və nənəm Xırdaxanımın ötən günlər, olmuş hadisələr barədə söhbətlərini dinləməyi xoşlardım. On-on iki yaşım olanda artıq Seyid Sadıq nəslinin bütün nümayəndələri haqqında məlumatım vardı, kimlərlə nə dərəcədə qohumluq əlaqəmiz olduğundan, qohumlar arasındakı bir sıra hadisələrdən xəbərdardım.
Sonralar görkəmli ingilis yazıçısı Con Holsorsinin “Forcaytlar haqqında əfsanə” kitabını, daha sonra fransız yazıçısı Filib Erşanın “Bussardellər ailəsi” romanını oxuyanda məndə belə bir fikir yarandı ki, bizim nəsil haqqında da buna oxşar bir şey yazmaq olar.
1960-cı ildə uzun fasilədən sonra Seyid Hüseynin “Seçilmiş əsərləri” ədəbiyyatşünas Abbas Zamanovun geniş müqəddiməsi ilə çap olundu. O zamankı yaşıdlarım kimi mən də atamın hekayələri ilə ilk dəfə bu kitab vasitəsilə tanış oldum. Çünki məlum səbəblərə görə onun 1937-ci ilə qədər çap olunmuş kitablarını heç yerdən tapmaq mümkün deyildi. Kitabları oxuyandan sonra onu Azərbaycan ədəbiyyatının görkəmli nasiri kimi tanıdım.
1965-ci ildə həyat yoldaşım, yazıçı-jurnalist Aydın Hüseynzadə “Seyid Hüseynin publisistikası” adlı dissertasiya üçün material toplamağa başladı. O, Bakının kitabxanalarında, arxivlərində olur, Seyid Hüseynin dövri mətbuatda (1908-1937) dərc olunmuş məqalələrini, ona aid olan başqa materialları oxuyub üzünü köçürürdü. Mən atamın məqalələrini oxuduqca (onu da qeyd edim ki, ərəb əlifbası ilə sərbəst oxuya bilmədiyim üçün bu məqalələrin bizim əlifba ilə üzü köçürülməsəydi çox güman ki, heç vaxt həmin yazılarla tanış ola bilməyəcəkdim) atamın şəxsiyyəti ilə yaxından tanış olur, onun tərcümeyi-halının çoxlarına məlum olmayan cəhətlərini üzə çıxarırdım.
Seyid Hüseynin 300-dən artıq məqaləsində, demək olar ki, dövrün bütün ictimai hadisələri öz əksini tapmışdır. Bundan başqa ayrı-ayrı illər, dövrlər, bəzi hadisələr haqqında mənə lazım olan başqa materialları da şəxsi kitabxanasındakı kitablardan istifadə ilə əldə etmişəm.
Seyid Hüseyn, Aydın Hüseynzadənin atası, dövrünün mütərəqqi ziyalısı Əlipaşa Hüseynzadə (Səbur) (1885-1934) ilə yaxından dostluq etmişdir. 1911-1913-cü illərdə Əlipaşa Səbur Həştərxanda sürgündə olarkən onun Seyid Hüseynlə müntəzəm məktublaşdığı bizə məlum idi. Ancaq nə bizim, nə də Əlipaşa Səburun evində bu məktublardan heç biri qalmamışdı. Xoşbəxt bir təsadüf nəticəsində Seyid Hüseynin Əlipaşaya göndərdiyi məktubların əsli Əlipaşanın qardaşı Əlisəttarın evindən tapıldı.
Bunlar şəxsi məktubdan daha çox Seyid Hüseynin o dövr mədəniyyət, ədəbiyyat, mətbuat aləmi ilə bağlı olan hadisələrə münasibəti, həmin illərdə yaşamış bəzi sənət adamları barədə fikirləri cəhətindən də maraq doğurur. Yeri gəldikcə bu məktublardan da istifadə etmişəm.
Onu da nəzərə çatdırım ki, Seyid Hüseynin son illərə kimi yaxın qohumlarda, tanışlarda saxlanmış, eləcə də iyirminci, otuzuncu illərin dövri mətbuatında çap olunmuş nadir fotoşəkilləri tapılmışdır.
Atam Seyid Hüseynə, anam Ümgülsümə həsr etdiyim bu sənədli romanı mən 1982-ci ildən yazmağa başlamışam. O illərdə hələ otuz yeddinci il repressiyalarının adı heç yerdə çəkilmir, günahsız qurbanlar xalqa həqiqi xalq düşmənləri kimi tanıtdırılırdı.
Kitabın əvvəli Azərbaycanın sovetləşməsinə qədərki dövrünü əhatə edir. O dövrü düzgün başa düşmək və təsvir etmək üçün mənə onun tarixini öyrənmək lazımdı. Ancaq üç cildlik “Azərbaycan tarixi”ndə Azərbaycanın tarixi əvəzinə Azərbaycan Kommunist Partiyasının tarixi bütün təfərrüatı ilə verilmişdi. Sovetləşməyə qədərki son iki il (1918-1920) haqqında isə, ümumiyyətlə, heç yerdə məlumat yox idi. Elə bil istiqlaliyyət qazanmış Azərbaycan Demokratik Respublikasının mövcud olduğu həmin illər tamamilə tarixdən silinmişdi. Ona görə də həmin dövr haqqında heç bir məlumatımız yox idi.
Məhz 1990-cı illərin əvvəlində Azərbaycan tarixində ağ ləkə kimi qalmış 1918-20-ci illər, ADR, Müsavat partiyası, Müsavatın rəhbərləri haqqında saysız-hesabsız yazılarla, xüsusən, 1997-ci ildə “M.Ə.Rəsulzadə İrsini Araşdırma Fondu” tərəfindən Nəsiman Yaqublunun “Müsavat partiyasının tarixi” adlı dərin məzmunlu, çox lazımlı sənədlərlə zəngin olan kitabla tanış olduqdan sonra 1918-1920-ci illər, hadisələrlə tanış oldum.
Əgər Müsavat hökumətindən haradasa söz düşürdüsə, onun adının əvvəlinə mütləq, “mənfur”, “burjua”, “irticaçı” və başqa damğalar vurulurdu. Əvvəlki mənbələrdə Müsavat hökumətinin mənfur, Sovet hökümətinin isə ən ədalətli, ən yaxşı, bu sosialist dövlətinin başqa dövlətlərdən, xüsusən də, keçmiş Müsavat hökumətindən qat-qat üstün olduğu sovet məktəblərində təhsil almış, sovet tərbiyəsi görmüş yaşıdlarım kimi mənim də beynimə həkk edilmişdi. Ona görə də kitabın birinci hissəsini yazarkən o illərdə ADR-dən, onun rəhbərlərindən – xüsusən, qohumum Məhəmməd Əmin Rəsulzadədən, onun ailəsindən yazmaq təbii ki, mümkün olmadı…
Qumral Sadıqzadə
Seyid Sadıq Baba
1893-cü ilin yaz fəsli idi. İçərişəhərdə, Xan sarayının cənub tərəfindəki hasarı ilə üzbəüz ikimərtəbəli daş binanın alçaq, taxta qapıları taybatay açıqdı. İçəridən ağlaşma, oxşama səsləri eşidilirdi. Evin sahibəsi – İçərişəhərdə “Draz Seyid”, “Nəcib Seyid”, “Qılınc Seyid” ləqəbləri ilə məşhur olan xeyirxah, alicənab, adamlar arasında böyük hörmət qazanmış qoca Seyid Sadığa böyük fəlakət üz vermişdi: otuz beş yaşlı yeganə oğlu Mirkazım iyirmi gün əvvəl İkinci Aleksandrın adını daşıyan dənizkənarı küçədə, hürküb vəhşicəsinə qaçan konka atlarının qabağına atılmış, onların ayaqları altına yıxılmışdı. Ağır yaralanmış Mirkazım evə gətirilmiş və iki saat sonra ölmüşdü.
Bu gün mərhumun üçüncü cümə axşamı idi. Tez-tez evə yaxınlaşan faytonlardan qara çadralı arvadlar düşüb həyətə keçirdilər. Evin aşağı mərtəbəsindəki böyük otaq başdan-ayağa xalçalarla döşənmiş, divarlar boyu döşəkçələr, mütəkkələr, qoyulmuşdu. Molla şagirdi ilə yuxarı başda oturub təziyyəni başlamağa hazırlaşırdı.
Mərhumun anası Mehinbanu xanım başındakı qara örpəyi burnunun ucuna qədər çəkib, mollanın sağ tərəfində oturmuşdu. Ağlamaqdan xırıldayan səsi ilə astadan oğlunu oxşayırdı:
– Can, yaralı bədəninə anan qurban, ay Mirkazım! Yetimlərini başsız qoyan, ay Mirkazım! Qoca atanın belini bükən, ay Mirkazım! Bu nə işdi gətirdin başımıza?!
Analarının yanında cərgə ilə oturmuş üç qız – Seyidxanım, Zübeydə və Zəhra da ona səs verir, hərdən anaları kimi üz-gözlərini cırmaqlayır, saçlarını yolurdular.
Yasa gələn arvadlar maraqla, narahatlıqla yan-yörələrinə baxıb ağlayanların içərisində mərhumun cavan arvadını, evin gəlinini axtarırdılar. Mehinbanu xanım da tez-tez örpəyinin arasından qapı tərəfə baxır, gəlinin yuxarı mərtəbədən aşağı düşməsini gözləyirdi. Nəhayət, o dözməyib yanında oturmuş qızlarından birinə işarə elədi. Zübeydə anasının nə istədiyini başa düşdü. Yerindən durub xalının üstü ilə qapıya tərəf getdi, həyətə çıxıb pilləkənlə yuxarı qalxdı.
Burada böyük otağın küçəyə açılan pəncərələrindən tül pərdələr asılmışdır. Divarın bir tərəfində, qapıları şəbəkə şüşəli dörd taxçaya ipək yorğan-döşək yığılmış, üstdəki rəfə əlvan boşqablar və zər naxışlı kasalar düzülmüşdü. Otağın aşağı divarındakı taxçalara içində pal-paltar olan xara, atlas boxçalar qoyulmuşdu. Bu otaq da başdan-başa xalı ilə döşənmişdi, divar dibinə döşəklər, mütəkkələr salınmışdı. Saat ikiyə-üçə bura kişilər yığışacaqdılar.
Zübeydə qapını açıb içəri girəndə gözlərinə inanmadı. Qardaşı arvadı Xırdaxanım yuxarı başda, iki pəncərənin ortasına qoyulmuş böyük bədənnüma güzgünün qabağında dayanmışdı. Matəm münasibətilə taxçalara və güzgüyə nazik qara ipək parça çəkmişdilər. Gəlin güzgünün qara örtüyünü qaldırıb üzünə ənlik sürtdü, saçlarını sahmana saldı. Baldızlarının gəlməsindən xəbəri yoxdu. Onun qara məxmər tumanının qırçınları şux və mütənasib bədəninə xüsusi yaraşıq verirdi. Nazik, zərif köynəyinin üstündən qara məxmər don geyinmişdi. Donun ətəyi, yaxası, tumanın balaqları qızılı bafta ilə haşiyələnmişdi. Başı açıqdı. Qara örpəyi güzgünün qabağındakı döşəyin üstündə idi.
Zübeydə səssizcə gəlib gəlinin yanında durdu. Xırdaxanım güzgüdə öz qəşəng, ağ üzünün yanında baldızının ağlamaqdan qızarmış gözlərini, cırmaq-cırmaq olmuş üzünü görəndə diksindi. Tez əyilib döşəyin üstündən örpəyini götürdü. Başına salmaq istəyəndə baldızı cəld örpəyi onun əlindən aldı, cır səslə çığırmağa başladı:
– Ay utanmaz, neynirsən? Dağ boyda cavan ərinin heç üçüncü cüməaxşamısı çıxmayıb, sən burda üz-gözünü bəzəyirsən? Ağız, eşitmirsən, aşağıda molla oxuyur? Kiminçün belə bəzənib düzənirsən? Qaynanan, baldızların yanında oturub, oxşayıb ağlamaq əvəzinə bu xanım, gör, bir nə oyunlardan çıxır, aaa?! Vaxsey! Vaxsey!
Qız qəzəbindən boğulurdu. İstəyirdi əl atıb gəlinin saçını yolsun ki, bəlkə hirsi bir az soyuya. Ancaq ağlına başqa şey gəldi. Gəlinin örpəyini götürdü, cəld otaqdan çıxdı. Pilləkənlərin başından çığır-bağır salmağa, saçlarını yolmağa başladı:
– Ay camaat, gəlin bir bizim gəlinə tamaşa eləyin, gəlin görün neyniyir? Güzgü qabağında oturub üz-gözünü bəzəyir, – sonra o ucadan oxşadı, – Bacın sənə qurban, ay qardaş, qəbrində bağrın çatlasın, ay qardaş! Ay Allah, sən özün bu arsızın cəzasını ver!
Səsə aşağıdakı arvadlar həyətə çıxıb boylanır, təəccüblə bir-birilərinə baxırdılar.
– Ay qız, qışqırma, ayıbdır. Camaat nə deyər bizə? Eybi yoxdur, cavandır, başa düşməyib. Adam da belə həyasızlıq eləyər? Bəsdir deyirəm sənə, qışqırma, düş aşağı, məmə gözləyir bizi.
Zübeydə bacısı ilə pilləkəndən düşə-düşə gəlini qarğış edirdi:
– Səni görüm qardaşımın yanına gedəsən! Səni görüm ömrü boyu qara paltarını əynindən çıxarmayasan! Bir xoş gün görməyəsən.
Həyətdən eşidilən səs-küyə qonşular da damlara çıxıb qulaq asır, küçə qapısına toplaşırdılar. Nəhayət, Zübeydəni sakit edib, içəri saldılar. Mətbəxdə xörək bişirən qulluqçu qadınlar, qohumlar çıxıb küçə qapısını örtdülər, arvad-uşağı oradan uzaqlaşdırdılar.
Seyid Sadıq da səs-küyü eşidib kiçik dəhlizin qapısı ağzına çıxmışdı. Gəlinin yüngüllüyünü, qızının çığır-bağırını, həyasızlığını eşidib biləndə dərdinin üstünə bir dərd də gəldi. Dərindən ah çəkib, səssiz-səmirsiz otağa qayıtdı. Döşəyin üstündə oturub əsəbi halda təsbehini çevirməyə başladı.
Seyidxanımla Zübeydə qayıdıb öz yerində oturdular. Mehinbanu qızına acıqla baxıb gizlincə onun ayağından bir çimdik götürdü: evin gəlinini yad adamların arasında biabır eləməsindən narazı idi. Arvadlar elə bil bu hadisəyə bənd imişlər, təzədən ağlamağa başladılar. Ən çox dizinə döyən, saç-birçəyini yolan Seyidxanım idi. O çox arıq, rəngi saralmış, hündürboylu qadındır. Görkəmindən xəstəyə oxşayırdı. Yanındakı arvadlar tez-tez onu sakit etməyə çalışır, çox ağlamağa qoymurdular. Hətta axırda anası da onu məzəmmət elədi:
– Bəsdir daha, ay qız, özünü öldürməklə bəyəm qardaşın dirilib gələcək? Üzmə özünü, bala, uşaqlarına yazığın gəlsin. Allah eləməmiş xəstələnib yorğan-döşəyə düşərsən, balalarına kim baxar?
Zübeydə pıçıltı ilə yenə də qardaş arvadının dalıyca danışırdı.
– Heç gör vecinədir? O boyda həngamədən sonra genə gəlmir a, məclisə. Belə də arsızlıq olar? Elə bil ölən onun əri deyil…
Araya sakitlik çökmüşdü. Molla yasini oxuyub qurtarmış, mərsiyə deyilmişdi. Ortaya süfrə salınır, ehsan başlanırdı.
Mehinbanunun sonbeşiyi iyirmi yaşlı Zəhra Zübeydə elə pıçıldaşırdı.
– Deyirsən, gəlin məclisə gəlmir. Əlbəttə, gəlməz. Elə ki sən onu biabır elədin, indi utandığından adam arasına çıxa bilər? Sən də öz aramızdır, lap ağ elədin də… Gərək səsini çıxartmayaydın. Məclis dağılandan sonra məmə özü onu başa salardı.
– Neyniyim dözə bilmədim…
… Xırdaxanım bu evə on bir il əvvəl gəlin gəlmişdi. Qaynatası Seyid Sadıq yeganə oğlunun toyu üçün birmərtəbəli evinin üstündə ikinci mərtəbə də tikdirmiş, həyətə geniş eyvan çıxartdırmışdı. Oğlu üçün gətirdiyi gəlin yaxşı ailədəndi, atasını erkən itirdiyindən əmisinin himayəsi altında tərbiyə almışdı. Seyidxanımın əri Ələkbərin xalası qızı idi. Gözəldi, həm də əmisi onu ərköyün böyütmüşdü.
Qaynata, qaynana, rəhmətlik Mirkazım onun nazını çəkir, əzizləyirdilər. Baldızları isə əksinə, onun hər kiçik səhvini üzünə vurur, bir sözlə, gəlinlə yola getmirdilər.
Gəlin yaxşı, bahalı parçalardan paltar tikdirib geyinməyi sevirdi. Ev işlərindən bir o qədər başı çıxmırdı.
Mirkazımın Bayır şəhərdə saxsı qab-qacaq dükanı vardı. O, tez-tez Peterburqa, Moskvaya, Kiyevə, Odessaya və Rusiyanın başqa şəhərlərinə mal dalınca gedirdi. Arvadının geyinib-keçinmək həvəsini bilib hər dəfə səfərdən qayıdanda onun üçün qiymətli, yaraşıqlı parçalar, bəzək-düzək şeyləri alıb gətirirdi.
Xırdaxanımın bir qızı, üç oğlu vardı. Əri səfərdə olan vaxtlarda evdə tapılmazdı. Uşaqlardan birini götürüb əmisigilə, yaxın qohumlarının evinə gedərdi.
Bu gün baldızının camaat arasında onu belə biabır eləməsindən sonra o nə edəcəyini bilmirdi. O başa düşürdü ki, aşağı düşüb məclisdə oturmalıdır. Ancaq bilirdi ki, bayaqkı həngamədən sonra arvadlar indi ona daha çox diqqət yetirəcək, hər bir hərəkətinə – ağlamağına, danışmağına fikir verəcəklər, onu ürəklərində məzəmmət edəcəklər. Ona görə də, aşağı düşmək istəmirdi. Öz otağında otura bilməzdi, bir azdan bura kişilər gələcəkdilər. O bir az fikirləşib qəti qərara gəldi. Otağın aşağı tərəfindəki divar taxçasını açıb paltar boxçasından ürəyinə yatanını seçib götürdü. Tələsik paltarlarını dəyişdi, qara libirti çarşabını başına örtüb aşağı düşdü, həyətdəki arvadlara fikir vermədən küçəyə çıxdı və birbaş əmisigilə yollandı. Onun fikrincə yaranmış vəziyyətdən ancaq belə çıxmaq olardı.
Bu gün əl-ayağa dolaşmasınlar deyə Mehinbanu nəvələrini Seyidxanımgilə göndərmişdi. Atadan yetim qalmış balaca uşaqları Seyidxanımın qulluqçusu Gülnisə ah-ufla qarşıladı. Bir-bir üzlərindən öpüb oxşadı. Onları böyük otağa, xanımının uşaqlarının yanına gətirdi. Müxtəlif oyuncaqları – parça gəlinciyi, özünün tikib düzəltdiyi yorğançanı, balışı və sairəni ortalığa tökdü. Uşaqların içərisində hamıdan böyüyü, rəhmətlik Mirkazımın doqquz yaşlı qızı Rübabə idi. Gülnisə qızın saçını tumarlayıb dedi:
– Bu sizin bircə bacınızdır. Onun sözünə baxın, ona hörmət eləyin…
Rübabənin qardaşları – beş yaşlı Seyid Hüseyn, üç yaşlı Mirpaşa və balaca Seyid Rəhman bacılarının sözünə baxır, ona böyük adam kimi hörmət edirdilər. Ataları öləndən sonra analarının da, bibilərinin də başı başqa işlərə qarışdığından onlar Rübabəni özlərinə həm böyük bacı, həm də himayədar bilirdilər. Gülnisə indi o biri uşaqlara – səkkiz yaşlı Nisəxanımla, dörd yaşlı Səriyyəyə də Rübabənin bircə böyük bacı olduğunu başa salmağı vacib bilmişdi. O özü də Rübabəni böyük sayıb üzünü ona tutdu, ciddi şəkildə dedi:
– Hə, qızım, bunların üstündə gözün olsun, mən getdim xörək bişirməyə.
… Axşam, məclis dağılışından sonra uşaqları evə gətirdilər. Balaca Seyid Rəhman ağlayır, anasını istəyirdi. Onu güclə dilə tutub birtəhər yatırtdılar. Seyid Hüseyngil də analarının evdə olmadığını görür, ancaq onun hara getdiyini soruşmurdular. Evdəki matəm, qəm-qüssə onlara da təsir etmişdi. Hərə bir tərəfə çəkilib sakit oturur, dindirməsələr səslərini çıxarmırdılar.
Xırdaxanım ertəsi gün də gəlmədi. Seyid Rəhman axşama kimi ağlaya-ağlaya qaldı. Rübabə onu qucağından yerə qoymur, ovundurmağa çalışırdı. Evdəkilər körpənin başını qatmaq istəyir, ancaq bacarmırdılar. Hətta Seyid Sadıq da uşağı qucağına alıb həyətdə, küçədə gəzdirirdi, köməyi olmadı. Uşaq anasını axtarır, sakit olmurdu. Nəhayət, baba dözməyib arvadına dedi:
– Mehinbanu, başqa çarə yoxdur. Uşağı da götür, get gəlinin dalısıyca. Qızının əvəzinə ondan üzr istə. Deyinən, evinə qayıtsın, uşaqları başsız qoymasın.
– Ay kişi, sən nə danışırsan, oğlumun qırxı çıxmayıb, məni küçədə, bayırda görən nə deyər?
– Eybi yoxdur, daha ondan keçib. Səndən başqa kim gedə bilər onun dalıyca. Məşədi Durnısanı göndərməyəcəksən ki? – Məşədi Durnısa yaxınlıqda yaşayan dul, kimsəsiz qadındı. Səhər gəlib axşama qədər onlarda qalar, ev işlərinə kömək edərdi.
Mehinbanu deyinə-deyinə uşaqla birgə faytonda əyləşib Xırdaxanımın əmisigilə getdi. Evdəkilər səbirsizliklə onun yolunu gözləyirdilər. Bir azdan qayıdıb gəldi. Tək idi. Məzlum-məzlum böyüklərinin üzünə baxan nəvələrini bağrına basdı:
– Ay mənim əziz balalarım, atadan yetim qalmağınız bəs deyilmiş, deyəsən, anadan da yetim qalacaqsız! – dedi.
– Nə deyir, niyə gəlmir, nə istəyir bizdən? – Seyid Sadıq əsəbiliklə soruşdu.
– Deyir, hələ ərim sağ olanda baldızlarım mənə göz verib işıq vermirdilər. İndi hər gün ətimi didəcəklər. Deyir gəlmirəm, o siz, o da nəvələriniz.
Kişi ah çəkib bir söz demədi, öz otağına getdi.
Gələn cümə axşamı Xırdaxanım səhər tezdən əmisi ilə bir yerdə gəldi. Heç kimlə görüşməyib birbaşa Seyid Sadığın yanına keçdilər. Əmisi sözə başladı:
– Ağa, deyirəm ki, qoy rəhmətliyin qırxına qədər Xırdaxanım sizdə qalsın. Camaatdan ayıbdır. Sizin özünüzə görə ayıbdır. Deyərlər, əri ölən kimi gəlini qovdular. Qırx çıxandan sonra baxarıq görərik neynirik…
Qırxa qədər qalan iki həftə ərzində baldızlar gəlini dindirmədilər. Qırx verilən gün arvadlar qəbir üstündən gələndən sonra Zübeydə yenə də nəyisə bəhanə edib Xırdaxanımla sözləşdi, əməlli-başlı dava saldı. Gəlin yenə acıq eləyib əmisigilə getdi.
Hamının başı matəmə qarışdığından balaca Seyid Rəhmana baxan olmamışdı. O, soyuqlamış, xəstələnmişdi. İkinci dəfə anası evdən gedəndən sonra xəstə uşağı ovundurmaq daha da çətinləşdi. Körpə dayanmadan ağlayır, zıqqıldayırdı. Seyid Sadıq uşağın bu halına dözə bilmədi. Qara ləbbadəsinin üstündən yaşıl qurşağını bağladı, araqçının başına qoyub, bu dəfə özü gəlinin dalınca getdi.
– Ay qızım, – dedi, gəl sən bu daşı tök ətəyindən. Adam hər boş söz-söhbətdən ötrü acıq eləyib getməz. Baldızın sənə nə deyibsə qələt eləyib. Onun sözünü saya salma. Onlar bu gün-sabah çıxıb gedəcəklər ərə, bir də üzlərini görməyəcəksən… Bax, mən sənə nökər olaram, arvadım da qulluqçu. Qayıt gəl evinə, uşaqları yığ başına, o körpəyə rəhmin gəlsin. Bütün günü “memə” deyə-deyə ağlayır. Özü də bilirsən ki, xəstədir. Gəl, heç olmasa kiçik oğlunu bir az böyüt. Sonra eybi yoxdur, hara istəyirsən, get, necə istəyirsən, yaşa. O rəhmətliyin də ruhu inciməsin… – kişi ağlamaqdan özünü güclə saxladı.
Gəlin dinmədi. Sükutu əmisi pozdu:
– Ağa, qəzanın işindən fələk də baş açmaz, – dedi, – görünür, qismət beləymiş. Mən nə biləydim, min bir əziyyətlə böyütdüyüm əziz-xələf qardaşım qızı dörd yetim əlində tək qalacaq? Ağa dünyagörmüş adamsan. Özün mülahizə elə, gəlin cavandır, gözəldir. Nə vaxtacan yetim saxlayıb o dotələb baldızları ilə cəngləşəcək? Sən Allah, incimə. Quranda da buyurublar ki, cavan gəlinin ərsiz qalması günahdır… Gərək sənin insafın yol verməyə gəlinin ev dustağı olub qalmağına… Səlamətlik olsun, ərinin ili çıxan kimi verəcəyəm onu bir Allah bəndəsinə. Hələ nə yaşı var onun ki?
Qoca Seyid Sadıq elə hey kiçik nəvəsinin xəstələndiyini təkrar edir, heç olmasa, üç-dörd il uşaqlarına analıq eləməyə onu razı salmağa çalışırdı. Ancaq dedikləri əmisinin qulağına batmadı. Kişi kor-peşman evə qayıtdı. Xəstə uşağa əlindən gələni etdi: həkim gətirdi, dava-dərman verdi, gecə-gündüz Allaha yalvardı, köməyi olmadı. Uşaq sətəlcəm olmuşdu.
Çarəsiz qalan Seyid Sadıq ikinci dəfə gəlinin dalınca getdi. Bu dəfə Seyid Hüseyni də özü ilə apardı. Nə vaxtdan bəri ana üzünə həsrət qalan uşaq Xırdaxanıma qısılıb ağladı:
– Gəl, gedək evimizə, memə! – dedi, – uşaq səni istəyir, ağlayır, naxoşdur…
Lakin bu sözlərin anaya təsiri olmadı. Qayınatasının və oğlunun xahişlərinə cavab vermədən başını aşağı salıb oturdu.
Bir neçə gündən sonra iki yaşlı Seyid Rəhman nənəsinin qucağında keçindi.
Kiçik qardaşlarının ölümündən sonra Rübabə, Seyid Hüseyn və Mirpaşa bu hadisəni analarına bağışlamadılar. İndi hərdən evdə onun qayıtması haqqında söhbət düşəndə artıq hər şeyi başa düşən Rübabə əsəbi halda deyirdi:
– Lazım deyil, baba! Gəlmir qoy gəlməsin. Bir də onun dalınca getmə!
Seyid Sadıq gözlərinin yaşını arvadından, nəvələrindən gizlədərək üzünü yana çevirir, cavab vermirdi.
Qoca Seyid Sadıq səksən illik ömründə çox ölüm-itimlər görmüşdü: ata-anasının, yaxın qohum-əqrəbasının, qonşularının, dost-tanışlarının ölümünü görmüş, özünün səkkiz övladını kiçik yaşlarında, əziz Mirkazımı iki ay bundan qabaq Çəmbərəkənd qəbristanlığında torpağa basdırmışdı. Oğul dağı ürəyində əriməmiş ən çox sevib əzizlədiyi körpə nəvə dağı da onun üstə gəldi. O bu dərdi çəkə, bu ölümü heç cür yaddan çıxara bilmirdi.
Seyid Sadıq Bakıda mömin, həm də nüfuzlu şəxslərdən biri hesab olunurdu.
Əlli il bundan əvvəl Çəmbərkənddəki ata mülkündə yaşadığı zamanlar Bakıda və ətraf kəndlərdə hamı onun duasını müstəcəb hesab edərdi. Xəstələrə, əlillərə şəfa verməsi ilə məşhur idi.