banner banner banner
Radetski Marşı
Radetski Marşı
Оценить:
Рейтинг: 0

Полная версия:

Radetski Marşı

скачать книгу бесплатно


– Siz də onlara qoşulmağa məcbursunuzmu?

– Yəqin elə lazımdır, – deyə Karl Cozef pıçıldadı. Alay həkimi heç bir söz demədən yoluna davam etdi. Bu iki nəfər kiçik şəhərin səssiz, ay işığının işıqlandırdığı küçələrində şaqqıltılar arasında nizamsız bir şəkildə yeriyən zabitlər qrupunun ən sonuncuları idi. Bir-birləriylə danışmırdılar. Hər ikisi də pıçıldayaraq verilən sualın, pıçıldayaraq verilən cavabın onları bir-birinə bağladığını hiss edirdi, başqa bir şey edə bilməzdilər. Hər ikisi də alaydakılardan fərqli idi, ən çoxu yarım saatdan bəri tanış idilər.

Karl Cozef birdən-birə dedi:

– Kati adlı bir qadını sevdim. Öldü.

Bunu niyə dediyini bilmirdi. Alay həkimi dayanıb üzünü leytenanta tutaraq dedi:

– Başqa qadınları da sevəcəksiniz.

Yola davam etdilər. Uzaqlardakı qatar stansiyasından gecə işləyən qatarların fit səsləri gəlirdi. Alay həkimi dedi:

– Getmək istəyirəm, çox uzaqlara getmək istəyirəm.

Resi xalanın mavi fənərinin önünə çatmışdılar. Kapitan Taittinger bağlı qapını döydü. Kimsə qapını açdı. İçəridə piano dərhal çalınmağa başladı: “Radetski” marşı. Zabitlər salona üz tutdular. Taittinger "Bir-bir azalın!" əmrini verdi. Qarşıdan gülüşərək gələn çılpaq qızlar qıvraq toyuq dəstəsinə bənzəyirdilər.

–Tanrı sizinlə olsun, – Prohaska dedi. Trautmannsdorff bu dəfə dərhal, hələ ayaq üstə dayanarkən əlini frau Horvatın döşlərinə salıb bir daha da çıxarmadı. Frau Horvatın mətbəxlə zirzəmiyə nəzarət etməsi lazım idi; baş leytenantın oxşamalarının onu gözlə görüləcək bir şəkildə narahat etməsinə baxmayaraq, qonaqpərvərliyin öhdəçiliklərinə dözməyə məcbur olaraq yoldan çıxarılmağa razı oldu. Leytenant Kindermannın üzü dümağ olmuşdu, qızların çiyin-lərindəki pudradan daha ağ idi. Mayor Prohaska mineral su sifariş verdi. Onu yaxından tanıyan hər kəs bu gün çox sərxoş olacağını əvvəlcədən görə bilərdi. Mineral su ilə sadəcə spirtli içkinin yolunu açırdı, lap əhəmiyyətli bir qəbuldan əvvəl yolların təmizləndiyi kimi.

– Həkim bizimlə gəldimi? – deyə yüksək səslə soruşdu; sonra elmi bir ciddiyyətlə həmişəki solğunluğu, həmişəki sısqalığıyla dedi. – Xəstəliklərin mənbəyindəcə araşdırılması lazımdır.

Zabitliyə namizəd Barensteynin gözlüyü indi ağa çalan sarışınlıqda olan bir qızın gözündə idi. Özü isə kiçik, qara gözlərini qırparaq oturub qəribə heyvanlara bənzəyən qəhvəyi, tüklü əllərini qızın üstündə gəzdirirdi. Axırda hər kəs bir yerdə oturmuşdu. Qırmızı divanın üzərindəki həkim ilə Karl Cozefin arasında iki qadın dizlərini birləşdirib donuq halda otururdu; Karl Cozeflə həkimin çarəsiz üz ifadələri onları qorxutmuşdu. Qara paltarlı, ciddi görünüşlü xidmətçi mərasimsayağı bir ədayla şampan şərabını gətirincə, frau Horvat baş leytenantın əlini sinəsindən çəkib çıxardı, əli borc alınan bir əşyanı geri verirmiş kimi intizama olan hörmətin tələb etdiyi kimi baş leytenantın qara şalvarının üzərinə qoyub avtoritar görkəm alıb dikəldi. Çilçırağın işığını söndürdü. İndi təkcə künclərdəki kiçik lampalar yanırdı. Qırmızı alaqaranlıqda pudralı ağ bədənlər parlayır, qızılı ulduzlar yanıb-sönür, gümüşü qılınclar parıldayırdı. Cütlər bir-birinin ardınca yerlərindən qalxıb gözdən itdilər. Çoxdan konyaka keçmiş olan Prohaska alay həkiminin yanına gələrək dedi:

– Sizin onsuz da ehtiyacınız olmayacaq, mən ikisini də aparıram, – dedi. Sonra qadınların arasında yırğalana-yırğalana pilləkənlərə doğru getdi.

Birdən-birə Karl Cozef və həkim tək qalmışdılar. Pianoçu Pollak salonun qarşı küncündə eləcə çalmaq xətrinə barmaqlarını tuşların üzərində gəzdirir, çox mülayim bir vals otağın içində süzülürdü. Bunun xaricində səssizlik və demək olar ki, xoş bir mühit hakim idi, buxarının üstündəki ayaqlı saat tıqqıltı səsləri çıxardırdı.

– Zənnimcə, burada bir işimiz qalmadı, elə deyilmi? – deyə həkim soruşdu. Ayağa qalxdı. Karl Cozef buxarının üstündəki saata baxdı, sonra o da ayağa qalxdı. Qaranlıqda saatın neçə olduğunu görə bilmədi, saatın yanına getdi, sonra yenə bir addım gerilədi. Üzərinə ağcaqanadların qonduğu düyüdən düzəldilmiş çərçivə içərisində Əlahəzrət Baş komandanın hər yerdə görünən ağ geyimli, qan qırmızısı rəngində olan qurşaqlı, qızılı cəngavər nişanlı bir şəkli vardı. Leytenant tez və uşaq məsumluğuyla düşündü ki, bir şey eləməliyəm. Bir şey edilməliydi! Saraldığını, ürəyinin sürətlə döyündüyünü hiss etdi. Əlini çərçivəyə uzatdı, qara kağızdan olan arxa divarını sökərək şəkli çərçivənin içindən çıxardı. Sonra şəkli qatladı, bir daha, bir daha qatladı, cibinə qoydu. Geri döndü. Arxasında alay həkimi dayanırdı. Həkim barmağıyla Karl Cozefin imperatorun portretini gizlədiyi cibini göstərdi. Həkim Demant düşündü ki, babası da onu xilas etmişdi. Karl Cozef qızardı.

– Böyük bir əxlaqsızlıqdı, – dedi. – Nə düşünürsünüz?

– Heç bir şey, – deyə həkim cavab verdi. – Sadəcə babanızı düşünürdüm!

– Mən onun nəvəsiyəm, – Karl Cozef dedi. – Mənim heyif ki, imperatoru qurtarmaq üçün fürsətim yoxdur!

Masanın üstünə dörd gümüş pul qoyub frau Resi Horvatın evini tərk etdilər.

VI

Alay həkimi Maks Demant üç ildən bəri alayda idi. Şəhərdən kənarda, cənub ucunda, yolun "köhnə" və "yeni" qəbiristanlığa çıxdığı yerdə yaşayırdı. Hər iki qəbiristanlıq gözətçisi həkimi yaxşı tanıyırdı. Həkim həftədə bir neçə dəfə ölüləri ziyarətə gəlirdi, həm çoxdan unudulmuşları, həm də hələ də yadda qalanları. Bəzən məzarların arasında uzun-uzadı gəzər, gah o yandan, gah bu biri yandan qılıncını bir məzar daşına çırpınca çıxardığı səs eşidilərdi. Həkim heç şübhəsiz, qəribə bir adam idi; yaxşı bir həkim olduğu deyilərdi, hərbi həkimlər arasında az rast gəlinən bir insan idi. Hər cür əlaqədən uzaq durur, yalnız işinə görə bəzi yerlərdə (amma hər halda arzu etdiyindən çox) iş yoldaşlarının arasında görünürdü. Yaşı və vəzifə müddəti nəzərə alındıqda kapitan rütbəli həkim olmalıydı. Niyə olmadığını kimsə bilmirdi. Bəlkə özü belə. "Tərs qarmaqlı karyeralar vardır". Bu söz alayı məqsədəuyğun epiqramlarla da bəsləyən kapitan Taittingerə aid idi.

"Tərs qarmaqlı karyera" – deyə həkim tez-tez düşünərdi.

–Tərs qarmaqlı bir həyat, – leytenant Trottaya dedi. – Mənim tərs qarmaqlı bir həyatım var. Əgər taleyim mənimlə daha yaxşı davranmış olsaydı, vyanalı böyük cərrahın assistenti və ehtimalla professor ola bilərdim.

Vyanalı cərrahın adı uşaqlığının qaramat məhkumluğuna hələ erkən illərdə bir parlaqlıq gətirmişdi. Maks Demant hələ kiçik bir oğlan ikən böyüyüncə həkim olmağa qərar vermişdi. Krallığın şərqdəki sərhəd kəndlərindən birində dünyaya gəlmişdi. Dindar bir yəhudi olan babası mehmanxana sahibi idi, atası isə on iki il ehtiyat birliyində vəzifədə olduqdan sonra ən yaxın sərhəd şəhərinin poçt idarəsinə keçən orta dərəcəli bir məmur idi. Babasını hələ də çox aydın bir şəkildə xatırlayırdı. Babası sərhəd mehmanxanasının böyük qapısının qarşısında bütün günü otururdu. Qıvrım gümüşü saqqalı sinəsini örtər, dizlərinə qədər uzanardı; qoca kişi ətrafına gübrə, süd, at, saman qoxusu yayardı. Beləcə babası mehmanxana qarşısında oturardı, mehmanxanaçılar arasında yaşlı bir kraldı. Kəndlilər həftəlik adi donuz bazarından evlərinə geri dönərkən memanxananın qarşısında dayandıqda yaşlı kişi insan qiyafəsində nəhəng bir dağ kimi dikələrdi. Qulağı eşitmədiyi üçün kiçik kəndlilər istəklərini bildirmək üçün əllərini ağızlarının qarşısında bir qıf halına gətirərək qışqırmağa məcbur olardılar. O isə eləcə başını tərpədərdi. Anlamışdı. Müştərilərinin istəklərini sanki bunların yerinə yetirilməsi qarşılığında nağd pul ödənmirmiş kimi, kəndlilərə lütf edirmiş kimi təsdiqləyərdi. Güclü əlləriylə atların qoşqusunu açıb onları şəxsən axura aparar; qızları müştərilərə geniş, alçaq tavanlı müştəri salonunda konyakla qurudulub duzlanılmış göy noxud verərkən, çöldə sakitləşdirici sözlərlə heyvanları bəsləyərdi. Şənbə günləri böyük, dini kitabları önünə qoyub onların üstünə əyilər, gümüşü saqqalı səhifələrin alt hissəsini örtərdi. Əgər nəvəsinin günlərin birində bir zabit forması geyinib, öldürücü silahlarla qurşanıb dünyadan keçəcəyini bilsəydi, yaşını və belindən gələnlərin meyvəsini lənətləyərdi. Orta dərəcəli bir poçt məmuru olan oğlu, yəni həkim Demantın atası belə yaşlı kişinin gözlərində sadəcə şəfqət səbəbiylə dözdüyü bir dəhşət idi. Kişi xələflər ən uzaq gələcəyədək məmur, oxumuş, axmaq kimi qalmağa məhkum ikən, yeddi nəsil əvvəlindən bu günlərə qədər gələn mehmanxana qız övladlara və kürəkənlərə verilmək məcburiyyətində qalmışdı. Ən uzaq gələcəyədəkmi? Bu, çox da uyğun gəlmirdi. Alay həkiminin uşağı yox idi, istəmirdi də… Çünki arvadı…

Həkim Demant xatirələrinə həmişə düz burada ara verərdi. Anasını düşündü. Anası müntəzəm şəkildə böyük bir narahatlıqla əlavə gəlir axtarışında olurdu. Gözlərinin qarşısında şəkillər peyda oldu: Atası işdən sonra kiçik çayxanada oturur. Tarokko oynayır, məğlub olur, hesabı ödəyə bilmir. Oğlunun orta məktəbi bitirdikdən sonra məmur olmasını istəyir; əlbəttə, poçt məmuru. Anasına deyir:

"Sənin gözün həmişə yuxarılardadı". Mülki həyatı nə qədər nizamsız olursa olsun, hərbçilik zamanından mülki həyata daşıdığı bütün aksesuarları gülünc bir səliqə-sahmanla qoruyur. Uzun müddət xidmət etmiş ehtiyatda olan zabitin qolları qızıl işləməli forması, qara şalvarı, piyada papağı üç parçaya bölünmüş və hələ də yaşayan bir adam kimi parlayan və hər həftə yenidən cilalanılan düymələriylə qarderobda asılıb. Qulpu da hər həftə təmizlənən qara, qıvrım qılınc isə heç istifadə edilməyən yazı masasının üstündə iki mismara söykənmiş vəziyyətdə divara yapışıq halda durur; qılıncın öz-özünə sallanan qızılı rəngli saçağı bir tumurcuq kimi qapalı, bir az tozlu bir günəbaxanı xatırladır. "Əgər sən gəlməsəydin imtahana girər, bu gün kapitan olardım" – atası anasına deyir. Poçt məmuru Demant imperatorun ad günündə məmur uniformasını geyinir, geniş kənarlı şlyapasını taxır, qılıncını qurşanır. O gün tarokko oynamır. İmperatorun hər ad günündə borcsuz yeni bir həyata başlamağa qərar verir. Sərxoş olana qədər içir. Gecənin bir aləmində evə gəlir, mətbəxdə qılıncını çəkir, bütöv bir alaya əmr edir. Qazanlar birlik, çay fincanları dəstə, qablar isə bölükdür. Simon Demant polkovnik, imperator Birinci Frans Cozefin əmrində olan polkovnikdir. Buruq gecəliyi, belinə dolanan jileti və gecə başlığıyla yataqdan atılan anası atasını sakitləşdirməyə çalışır.

İmperatorun ad günlərindən birində atası yatağındaca iflic olur. Gözəl bir ölümü, qeyri-adi bir dəfn mərasimi oldu. Bütün poçtalyonlar tabutun arxasınca getdi. Mərhum yaxşı bir ər, imperator və İmperiya Poçt İdarəsinin xidmətində ölən bir adam olaraq dul arvadının xatirələrində yaşamağa davam etdi. Poçt məmuru Demantın forması dul arvadı tərəfindən fırça və təmizlik vasitələriylə təmizlənərək qarderobda davamlı olaraq hazır saxlanıldı. Forma bir mumiya kimi görünür, qarderob hər dəfə açıldıqda oğlu mərhum atasının yan-yana uzanan iki cəsədini görürmüş kimi bir hissə qapılırdı.

Oğul hər nə bahasına olursa olsun həkim olmaq istəyirdi. Ayda cəmi-cümlətanı altı kron qarşılığında dərs verirdi. Cırıq-sökük çəkmələri vardı. Yağış yağdıqda çəkmələr varlıların evlərinin gözəl, cilalı döşəmələrində böyük ayaq izləri qoyurdu. Çəkmələrin dabanı yırtıq-sökük olanda insanın ayaqları daha böyük izlər qoyur. Nəhayət, liseyi bitirib həkim oldu. Gələcəyinin qarşısında hələ də yoxsulluq dayanırdı, bu dəyincə insanın parçalandığı qara bir divardı. Özünü ordunun qollarına buraxdı. Yeddi il yeyəcək, yeddi il içəcək, yeddi il geyinəcək, yeddi il sığınacaq, yeddi uzun il. Hərbi həkim oldu və elə də qaldı.

Həyat düşüncələrdən daha sürətli gəlib keçirmiş kimiydi. Hələ bir qərar verə bilmədən yaşlı bir kişi olmuşdu.

Bu vaxt ərzində frauleyn Eva Knopfmacher ilə evlənmişdi.

Həkim Demant burada xatirələrinin axışına bir daha ara verdi və evinə getdi.

Axşam qaranlığı ətrafa çökmək üzrə idi; evin bütün otaqlarından alışılmayan, xüsusi günlərə xas bir işıq yayılırdı. Xidmətçi əsgər “böyük cənab gəldi" xəbərini verdi. Böyük cənab qayınatası idi, herr Knopfmacher.

Elə o anda qayınatası əynində uzun, güllü, yumşaq bir xalat, əlində də bir ülgüclə vanna otağından çıxdı; sanki üzü iki yerə bölünübmüş kimi bir-birindən ayrı dayanan, təkcə keçi saqqalıyla bütünlük qazanan xoş ətirli yanaqları yenicə təraş edilib qızarmışdı. Herr Knopfmacher əlindəki ülgücü ehtiyatla kiçik bir masanın üzərinə qoydu, qollarını açdı, xalatın önünün iki yana açılmasına izin verdi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)