banner banner banner
Radetski Marşı
Radetski Marşı
Оценить:
Рейтинг: 0

Полная версия:

Radetski Marşı

скачать книгу бесплатно


–Hava istidi, elə deyilmi?

–Bəli, ata.

–Məncə, açıq havaya çıxaq.

–Əlbəttə, ata.

Bölgə qubernatoru adi vaxtlarda günortadan əvvəl götürməyi sevdiyi sarı bambuk çəliyi deyil, qaraağacdan düzəldilmiş qara çəliyi götürdü. Əlcəklərini də sol əlində tutmaq yerinə əllərinə keçirdi. Silindr şlyapasını başına qoyub oğluyla birlikdə otaqdan çıxdı. Ağır addımlarla danışmadan şəhər parkının yaya xas səssizliyi içərisində irəliləyirdilər. Şəhər polisi salam verdi, oturacaqlarda oturan adamlar dikəlib salamlaşdılar. Yaşlı kişinin ağır cazibə qüvvəsinin yanında oğlanın təzətər rəngarəngliyi olduğundan daha parlaq, daha təntənəli görünürdü. Sarışın bir qızın qırmızı çətir altında moruqlu mineral su satdığı gəzinti yolunda yaşlı kişi dayanaraq dedi:

–Təzə bir içki pis olmaz.

İki sadə soda aldılar, gizlədə bilmədiyi bir şəhvətlə Karl Cozefin rəngli işıltısından gözü qamaşdığı görünən sarışın qızı ötəri bir qürurla süzdü. İçkilərini bitirib yollarına davam etdilər. Bölgə qubernatoru arabir cilovlaya bildiyi bir coşqunluğa eyham vurmaq istəyirmiş kimi çəliyini yelləyirdi. Susqun olmasına və həmişəki kimi ciddiliyini qorumasına baxmayaraq, oğluna bu gün az qala enerjili görünürdü. Şən əhvalı bəzən halından razı bir şəkildə yüngülcə öskürməsinə səbəb olurdu, buna bir növ gülmək də deyilə bilərdi. Yolda bir adam salam verincə, yüngülcə şlyapasını götürüb yenə başına qoyurdu. Məsələn, "nəzakətlilik də çətinlik yarada bilir" kimi cürətli paradoksları dilə gətirməyə cəsarət etdiyi anlar belə yaşanırdı. Yanlarından gəlib keçənlərin heyrət dolu baxışlarına necə sevindiyini bildirmək-dənsə, cürətli bir söz deməyi üstün tuturdu. Yenidən evin qapısına yaxınlaşarkən bir daha dayandı. Oğluna doğru dönərək dedi:

–Gəncliyimdə mən də əsgər olmaq istəyirdim. Baban bunu qəti bir şəkildə qadağan etdi. İndi sən məmur olmadığın üçün şadam.

Karl Cozef atasına baxıb cavab verdi:

–Bəli, ata.

Yeməkdə şərab vardı, mal ətiylə albalılı keksi də çatdıra bilmişdilər. Frauleyn Hirşvits bazar günlərinə xas boz ipək paltarıyla gəldi, Karl Cozefi görüncə ciddiliyini böyük bir ölçüdə kənara buraxıb dedi:

–Çox sevindim, sizi ürəkdən təbrik edirəm.

Sonra yeməyə başladılar.

–Tələsməyin lazım deyil, – yaşlı kişi dedi. – Əgər daha əvvəl bitirsəm, bir az gözləyərəm.

Karl Cozef başını qaldırdı. Atasının yeməkdə ona çatmağın nə qədər səy tələb etdiyini illərdən bəri bildiyini bu anda anlamışdı. İlk dəfə yaşlı kişinin zirehini dəlib ürəyinə, gizli düşüncələrinə çata bildiyini hiss etdi. Karl Cozef artıq leytenant olmasına baxmayaraq qızardı.

–Təşəkkür edirəm, ata, – dedi. Bölgə qubernatoru yeməyi tələsik qaşıqlamağa davam etdi. Heç bir şey eşitmirmiş kimi idi.

Bir neçə gün sonra Vyanaya gedən qatara mindilər. Oğlan qəzet, yaşlı kişi isə sənəd oxuyurdu. Bölgə qubernatoru başını qaldıraraq dedi:

–Vyanada sənə bir salon şalvarı sifarişi verək, sadəcə iki salon şalvarın var.

–Təşəkkür edirəm, ata.

Oxumağa davam etdilər.

Ata sənədləri götürdükdə Vyanaya on beş dəqiqə qalmışdı. Oğul qəzeti dərhal kənara qoydu. Bölgə qubernatoru əvvəlcə pəncərəyə, sonra bir neçə saniyə boyunca oğluna baxdı. Birdən dedi:

–Baş çavuş Slamanı tanıyırsan, elə deyilmi?

Ad Karl Cozefin yaddaşında bir yumruq təsiri yaratdı, itirilmiş zamanlardan gələn bir səs kimi idi. Gözlərinin qarşısında Jandarm Birliyinə gedən yol, alçaq tavanlı otaq, güllü gecəlik, geniş və möhkəm yataq peyda oldu, burnuna çəmənliklə frau Slamanın ətri gəldi. Qulağını şəklədi. Yaşlı kişi davam etdi:

–Slama təəssüf ki, bu il dul qaldı. Kədərli bir vəziyyətdi! Frau Slama doğum vaxtı həyatını itirib. Slamaya baş çəksən yaxşı olar.

Kupe birdən-birə çox isti olmuşdu. Karl Cozef yaxalığını boşaltmağa çalışdı. Deyilə biləcək uyğun bir söz tapmaq üçün boş yerə çalışarkən, içində axmaqcasına, yandırıcı, uşaq kimi ağlamaq istəyi yarandı; boğazı düyünləndi, sanki günlərdir su içmirmiş kimi damağı qurudu. Atasının baxışını üzərində hiss etdi, özünü məcbur edərək gözlərini mənzərəyə çevirdi; etiraz edilməyəcək bir şəkildə yaxınlaşdıqları hədəfin çəkdiyi böyük əzabı daha da artıracağını düşünür, heç olmasa dəhlizə çıxa bilməyi arzulayır, lakin eyni zamanda atasının baxışlarından və sözlərindən qaça bilməyəcəyini başa düşürdü. Qalan bütün gücünü tezcə toplayaraq dedi:

–Ona baş çəkərəm.

–Qatar səfəri, deyəsən, sənə yaxşı təsir eləmir.

–Bəli, ata.

Karl Cozef ad verə bilmədiyi, indiyədək yaşamadığı, uzaqlardan gələn sirli bir xəstəlik kimi hiss etdiyi ağrı-acının, əzabın altında əzilərək heç nə danışmadan, dimdik bir halda otelə getdi. Elə bircə "bağışla, ata" deməyi bacara bildi. Sonra otağının qapısını qıfılladı, çamadanını boşaltdı, içində frau Slamadan gələn bir neçə məktub olan qovluğu çıxardı; məktublar üstündə şifrəli ünvan yazılmış orijinal zərflərində idi – Mährisch-Weiskirchen, posta restante[1 - Latın dilində, poçtdan təslim almaq üçün]. Mavi səhifələr səma rəngində idi, qərənfil ətri gəlirdi; zərif, qara hərflər nizamlı bir qaranquş qatarı kimi sətirdən sətrə uçub gedirdi. Ölü frau Slamanın məktubları! Məktublar Karl Cozefə qadının qəfil sonunun erkən xəbərçiləri, sadəcə ölümün kandarındakı əllərdən çıxa biləcək mənəvi bir incəlik, o biri dünyadan zamanı gəlmədən göndərilmiş salamlar kimi göründü. Son məktuba cavab yazmamışdı. Məzuniyyət, mərasim çıxışları, vidalaşma, ayin, təyinat, yeni rütbə və yeni forma… Bütün bunlar mavi arxa plan üzərindəki zərif hərflərin yüngül, qaranlıq silsiləsi qarşısında əhəmiyyətini itirirdi. Ölü qadının oxşayan əllərinin buraxdığı izlər hələ də bədənində idi, öz əlləri isə hələ də onun sərin sinəsinin xatirəsini saxlayırdı; yumulu gözləriylə onun sevgidən doymuş xoşbəxt yorğunluğunu, dodaqları aralanmış qırmızı ağzını, dişlərinin dümağ parıltısını, laqeyd bir tərzdə bükdüyü qolunu, arzusuz röya ilə xoşbəxt yuxuların bədəninin hər cizgisində əks olunan axıcılığını seyr edirdi. İndi isə soxulcanlar döşlərində, baldırlarında sürünür, üzü çürüyüb gedirdi. Çürümənin qorxunc şəkilləri gənc oğlanın gözlərinin qarşısında canlandıqca, içindəki ehtiras da gücləndi; ölünün köçüb getdiyi yerlərin ağlasığmaz sonsuzluğuna daşmağa başladı. Leytenant düşündü ki, böyük bir ehtimalla artıq onu ziyarət etməzdim. Onu unudardım. Mehriban sözlər deyirdi, ana idi, məni sevirdi, öldü! Ölümünə görə cavabdeh olduğu açıqca ortada idi. Həyatının kandarında sevdiyi bir cəsəd yatırdı.

Bu, Karl Cozefin ölümlə ilk tanışlığı idi. Anasını xatırlamırdı. Anasının haqqında məzarı, çiçəklər və iki fotoşəkildən başqa bir şey bilmirdi. İndi isə ölüm qaranlıq bir şimşək kimi önünə keçib məsum sevincini qətlə yetirir, gəncliyini yandırıb kül edir, onu yaşayanları ölülərdən ayıran uçurumun kənarına doğru sovururdu. Önündə yasla dolu bir həyat vardı. Qərarlı və solğun bir vəziyyətdə buna sinə gərməyə hazırlaşdı; bir kişiyə də elə bu yaraşardı. Məktubları ortadan götürdü. Çamadanını bağladı. Dəhlizə çıxıb atasının qapısını döydü, içəri girdi; yaşlı kişinin qalın bir şüşə divarın arxasından gəlirmiş kimi eşidilən sözlərini dinlədi:

–Aydındır ki, yumşaq bir ürəyin var.

Bölgə qubernatoru güzgünün qarşısında qalstukunu düzəltdi. Qubernatorluqda, Təhlükəsizlik İdarəsində və Əyalət Ali Məhkəməsində işləri vardı.

–Məni müşayiət edəcəksən, – dedi.

Rezin təkərli, cüt atlı bir faytonla yola çıxdılar. Küçələr Karl Cozefə həmişə olduğundan daha şən görünürdü. Günortadan sonranın yay istiliyi evlərə, ağaclara, tramvaylara, piyadalara, polislərə, yaşıl oturacaqlara, heykəllərə, bağçalara axır; nalların parket daşlara dəyərkən çıxardığı şappıldayan səslər eşidilirdi. Gənc qadınlar incə, zərif işıqlar kimi geridə qalır, əsgərlər salam verir, vitrinlər parıldayırdı. Böyük şəhərdə yüngül bir yay mehi hiss edilməkdə idi. Ancaq yayın bütün gözəllikləri Karl Cozefin laqeyd gözlərinin qarşısından keçib gedirdi. Qulağına atasının sözləri gəldi; yerlərindən köçürülən tütün dükanları, yeni bufetlər, uzadılan araba yolları, önə və ya arxaya çəkilən dayanacaqlar… Onun vaxtında çox şey fərqli idi. Lakin o həm yox olub gedən, həm də yerini qoruyanlar haqqında sadiq xatirələrini dilə gətirir, səsi yavaşca, alışılmayan bir mehribanlıqla köhnə zamanların kiçik xəzinələrini təsvir edir, zəif əliylə bir zamanlar gəncliyinin yaşıllaşdığı yerləri göstərərək onları salamlayırdı. Karl Cozef susurdu. Onun özü də bir az əvvəl gəncliyini itirmişdi. Sevgisi ölmüş, lakin ürəyi atasının kədərinə açılmışdı; bölgə qubernatorunun daş kimi sərtliyinin arxasında başqa birinin, sirli, amma yenə də tanış bir adamın, bir Trottanın, bir sloven hərbi təqaüdçüsünün, Solferinonun qəribə qəhrəmanının nəslindən gələn bir adamın gizləndiyini qəbul etməyə başladı. Yaşlı kişinin qışqırıqlarıyla açıqlamalarının canlandığı ölçüdə oğlunun itaətkar, alışılmış təsdiqləri seyrəkləşib zəiflədi; erkən yaşlarından bəri bir ağız vərdişi halına gələn, "bıçaq kimi", "vəzifəşünas","bəli, ata" fərqliləşərək qardaşcasına, isti bir səs tonuna çevrildi. Ata cavanlaşmış, oğul isə yaşlanmış kimi görünürdü. Bölgə qubernatorunun köhnə yoldaşlarını, gəncliyinin tanışlarını axtardığı bir çox rəsmi idarəyə baş çəkdilər. Brandl polis müdiri, Smekal bölmə müdiri, Monteşitski polkovnik və Hasselbrunner Xarici İşlər İdarəsində attaşe olmuşdu. Bəzi dükanların qarşısında dayanıb Tuxlaubendəki Reitmeyerə ballarla qəbullar üçün oğlaq dərisindən bir cüt yarımboğaz çəkməylə Viedendəki saray və ordu dərzisi Ettlingerə bir bal şalvarı sifarişi verdilər. Sonra inanılması çətin olan bir şey baş verdi – bölgə qubernatoru saray zərgəri Şafranskidə gümüş siqaretqabı seçdi; yəni içinə "en periculo securitas; atan" sözlərini yazdırdığı lüks bir əşya.

Şəhər parkına gedib qəhvə içdilər. Terrasın dəyirmi masaları tünd yaşıl kölgənin içində dümağ parlayır, süfrələrin üzərindəki sifonlu şüşələr maviyə bürünürdü. Musiqi ara verdikdə quşların şən-şaqraq ötüşü eşidilirdi. Bölgə qubernatoru xatirələrini sanki yuxarılardan toplayırmış kimi başını havaya dikərək danışmağa başladı:

–Burada bir qızla tanış olmuşdum. Üzərindən neçə il keçdi, görəsən?

Səssiz hesabların içində itdi. Deyəsən, o zamanlardan bəri uzun illər keçmişdi; Karl Cozefə bir anlığa elə gəldi ki, yanında atası deyil çox qədim bir əcdadı oturub.

–Adı Mizzi Şinaql idi, – yaşlı kişi dedi. Sanki frau Şinaql kiçik bir quş idi, yaddaşından silinən şəklini axtarırmış kimi şabalıd ağaclarının sıx yarpaqlı təpələrinə baxdı. Karl Cozef nəzakət xətrinə, eyni zamanda keçmiş illərin nə qədər keçmişdə qaldığına dair bir işıq ucu əldə etmək məqsədiylə soruşdu:

–Yaşayırmı hələ də?

–Ümid edirəm! Bilirsənmi, mənim zamanımda insanlar çox romantik deyildi. Qızlardan ayrılmaq adi bir şey idi; yoldaşlardan da… – Birdən-birə dayandı. Masalarının yanında yad bir kişi dayanmışdı; geniş kənarlı şlyapası, uçuşan qalstuku, ətək hissəsi büzüşmüş köhnə, boz pencəyi, ənsəsində toplanmış sıx, uzun saçları; böyük, solğun, təraşsız üzüylə ilk baxışda rəssamı xatırladan, köhnədənqalma bir sənətkar fizionomiyası təsəvvürünə uyğun olaraq qeyri-həqiqi bir karikaturaya bənzəyən bir kişi. Yad kişi qovluğunu masanın üzərinə qoyaraq əsərlərini qismən kasıblıq, qismən də xüsusi bir missiya inancından qaynaqlanan qürurlu bir laqeydliklə təqdim etməyə cəhd etdi.

–Moser, – herr von Trotta dedi. Rəssam böyük, açıq rəngli gözlərinin üstündəki ağır göz qapaqlarını yavaşca yuxarıya qaldırdı, bir neçə saniyə boyunca bölgə qubernatoruna baxıb əlini uzadaraq dedi:

–Trotta.

Daha bir saniyə belə keçmədən üzərindəki çaşqınlığı və itaətliliyi atmışdı; qovluğu stəkanların titrəməsinə gətirib çıxaran bir şiddətlə masanın üzərinə çırpdı və sanki doğrudan da səsini yuxarıya eşitdirmək istəyirmiş kimi üç dəfə “Aman Tanrım" deyə qışqırdı; baxışlarını bir qalib ədasıyla alqış gözləyirmiş kimi yan masalarda gəzdirdi; oturdu, şlyapasını çıxardıb kürsünün yanındakı çınqılların üzərinə atdı, qovluğu laqeyd bir rəftarla "natəmizlik" olaraq tanıtdıqdan sonra qoluyla masanın kənarına itələdi, başını leytenanta çevirdi, qaşqabağını tökdü, yenidən geriyə söykəndi:

–Necə yəni, cənab qubernator, oğlundurmu?

–Gənclik yoldaşım, professor Moser, – deyə bölgə qubernatoru açıqladı.

–İlahi, demək, cənab qubernator, – deyə Moser təkrarladı. Bunu deyərkən bir ofisiantın frakından tutub ayağa qalxdı; ofisiantın qulağına gizli bir söz deyirmiş kimi sifarişini verdi, oturub susqunluğa büründü. Gözləri ofisiantların içkilərlə gəlməli olduqları tərəfə çevrilmişdi. Nəhayət, su kimi şəffaf olan “Slivovitz” ilə yarısına qədər dolu bir soda stəkanı qarşısında dayanırdı; stəkanı qanadları genişlənmiş burnunun altında irəli-geri apardı, sanki bir qurtumda bitirəcəkmiş kimi bir qol hərəkətiylə başına çəkdi, amma təkcə kiçik bir qurtum almaqla kifayətləndi, sonra diliylə dodaqlarında qalan damlaları yaladı.

–Demək iki həftədir buradasan, amma məni ziyarət etmədin, – deyə amiranə bir sərtliklə başladı.

–Əziz Moser, – herr von Trotta dedi, – dünən gəldim, sabah yenə gedirəm.

Rəssam uzun-uzadı bölgə qubernatorunun üzünə baxdı. Sonra stəkanı yenə dodaqlarına apararaq heç ara vermədən birnəfəsə su kimi içdi. Stəkanı yenidən yerinə qoymaq istəsə də bacarmadı, Karl Cozefin stəkanı əlindən almasına icazə verdi.

–Təşəkkür edirəm, – deyən rəssam sonra barmağını leytenanta doğru uzadaraq bildirdi.

Solferino qəhrəmanıyla qeyri-adi bir bənzərlik. Sadəcə bir az daha yumşaqdı! Arıq bir burun. Yumşaq ağız. Əlbəttə, zaman keçdikcə dəyişə bilər…

Yaşlı Trotta oğluna dedi:

–Professor Moser babanın şəklini çəkmişdi.

Karl Cozef atasına və rəssama baxdı, gözlərinin qarşısında siqaret otağının yuxarı kandarının altında babasının yavaş-yavaş unudulub gedən portreti canlandı. Professorun atasıyla əlaqəsini ağlı qəbul eləmir, atasının Moser ilə səmimiyyəti onu qorxudurdu; yad adamın geniş, çirkli əlinin dostcasına bir şapalaq kimi bölgə qubernatorunun xətli şalvarına endiyini, atasının ayağını dözümlü bir müqavimətlə geri çəkdiyini gördü. Yaşlı kişi həmişəki ağır halıyla eləcə otururdu; sinəsinə və üzünə dəyən spirt iyindən qaçmaq istəyirmiş kimi geriyə söykənmişdi, gülümsəyərək hər şeyə dözürdü.

–Özünü yeniləsən yaxşı olar, – rəssam dedi. – Dağınıq olmusan. Atan çox fərqli idi.

Bölgə qubernatoru əlini bakenbardlarının üzərində gəzdirərək gülümsədi.

–Bəli, bəli, yaşlı Trotta, – deyə rəssam yenə başladı.

Bölgə qubernatoru birdən-birə yavaşca dedi:

–Hesab. Bizi üzrlü hesab elə, Moser, bir görüşümüz var.

Rəssam qaldı; ata və oğul bağçanı tərk etdi.

Bölgə qubernatoru oğlunun qoluna girdi. Karl Cozef atasının sısqa qolunu sinəsində ilk dəfə hiss edirdi. Tünd boz, parlaq bir əlcəyin içindəki əl yüngülcə formanın mavi qolunun üzərində idi. Manjetlə əhatələnmiş, qəzəbli şəkildə xəbərdarlıq edən əl idi bu sısqa əl; incə barmaqlarıyla səssizcə səhifələri çevirən, siyirtmələri hiddətlə çəkib yenə bağlayan, bir qapını qıfılladıqdan sonra üstündəki açarı sanki o qapı sonsuzluğadək qıfıllı qalacaqmış kimi çəkib çıxardan əl. Əgər bir şey istədiyi kimi edilməzsə pusquda gözləyən bir səbirsizliklə masanın kənarında baraban çalan, otaqda əlverişsiz bir vəziyyət meydana gələrsə pəncərəni tıqqıldadan əl idi bu əl. Bu əl evdə kimsə başısoyuqluq etdikdə şəhadət barmağını qaldırır, heç bir zaman bir yerə enməyən susqun bir yumruq halına gətirilir, dəstəksiz gözlüyü ehtiyatla burnun üstündən götürür, şərab stəkanından zərifliklə tutur, qara Virciniya siqaretini böyük bir həzlə dodaqlarının arasına aparırdı. Atasının bu sol əlini oğul çox yaxşı tanıyırdı. Amma özünü yenə də bu əlin atasının əli olduğunu hələ yenicə öyrənibmiş kimi hiss edirdi. İçindən bu əli bağrına basmaq istəyi keçdi.

–Bilirsənmi, Moser… – deyən bölgə qubernatoru sonra susub uyğun, tarazlayıcı bir söz axtardı; nəhayət, dedi. – Moserdən bir şey ola bilərdi.

–Bəli, ata.

–Babanın şəklini çəkdikdə on altı yaşında idi. İkimiz də on altı yaşındaydıq. Sinifdəki tək yoldaşım idi. Sonra akademiyaya girdi. Şnaps bəlasına tutuldu. Yenə də…

Bölgə qubernatoru susdu; bir neçə dəqiqə keçdikdən sonra dedi:

–Bu gün yenidən gördüyüm bütün insanlar arasında hər şeyə baxmayaraq yeganə dostumdu.

–Bəli, atacan.

Cozef ilk dəfə "atacan" demişdi. Dərhal öz sözünə düzəliş verdi:

–Bəli, ata.

Hava qaralır, axşamın qaranlığı küçəyə düşürdü.

–Üşüyürsənmi, ata?

–Heç üşümürəm.

Lakin bölgə qubernatoru addımlarını tezləşdirmişdi. Bir az sonra otelə yaxınlaşdılar.

Arxalarından bir səs gəldi: “Cənab qubernator”. Göründüyü kimi, rəssam Moser arxalarınca gəlmişdi. Geriyə döndülər. Orada eləcə şlyapası əlində, başı əyik, sanki ironiyalı səslənməni yox etmək istəyirmiş kimi təvazökar bir halda dayanırdı.

–Cənablar qüsuruma baxmasın, – dedi, – qutumun boşaldığını gec gördüm.

Qapağı açıq, boş bir tənəkə qutusunu göstərdi. Bölgə qubernatoru cibindən bir siqar qutusu çıxardı.

–Siqar çəkmirəm, – rəssam dedi.

Karl Cozef bir siqaret qutusu uzatdı. Moser qovluğu ayaqlarının önünə – səkiyə qoydu, qutusunu doldurdu, yandırmağı xahiş etdi və mavi alovu əlləriylə bürüdü.

Oynaqlara görə böyük olan əlləri qırmızı və yapışqan kimiydi, yüngülcə titrəyir, mənasız bir aləti xatırladırdı. Dırnaqları elə yenicə yerdə nəcis, rəngli bulamac və maye nikotin qarışdırmış kiçik, düz, qara kürəklərə bənzəyirdi.

–Demək, bir-birimizi artıq görməyəcəyik, – deyərək qovluğu yerdən götürmək üçün əyildi. Dikəldi, yanaqlarından iri göz yaşları süzülürdü. – Heç görməyəcəyik, – deyə hıçqırdı.

Karl Cozef:

–Mən bir dəqiqəliyinə otağa getməliyəm, – deyərək otelə girdi.

Pilləkənləri sürətlə qalxıb qaçaraq otağına girdi, pəncərədən çölə sallandı, qayğıyla atasını izlədi, yaşlı kişinin pulqabısını çıxardığını gördü; dərhal sonra rəssamın gücünü toplamış bir tərzdə dəhşətverici əlini bölgə qubernatorunun çiyninə qoyaraq: “Yaxşı, Frans, həmişəki kimi üçündə" – dediyini eşitdi. Karl Cozef yenə aşağıya qaçdı, atasını qorumağa məcbur olduğunu hiss edirdi. Professor salam verdi, bir neçə addım geri çəkildi, başını dik tutaraq son bir salamla, yuxudagəzərlərə xas bir güvənlə birbaşa yolun qarşısına keçib bir ara küçədə gözdən itməzdən əvvəl qarşı səkidən bir daha əl elədi. Lakin sonra dərhal yenə göründü, küçədə əks-səda verən bir səslə “bir dəqiqə" deyə qışqırdı, inanılmaz güvənlə, böyük addımlarla prospektin qarşı tərəfinə keçərək sanki daha bir neçə dəqiqə əvvəl vidalaşmayıb yeni gəldiyini düşündürən bir laqeydliklə otelin qarşısında dayandı. Sonra gənclik dostuyla oğlunu ilk dəfə görürmüş kimi şikayətli bir səslə danışmağa başladı.

Belə qarşılaşmağımız necə də kədərlidi! Üçüncü partada necə yan-yana oturduğumuzu xatırlayırsanmı? Yunan dilini pis bilirdin; həmişə məndən köçürməyinə icazə verərdim. Əgər dürüstsənsə, oğlunun qarşısında özün söylə. Sənə həmişə köçürməyə imkan vermədimmi? – Karl Cozefə dönərək davam etdi. – Sevimli atanız yaxşı bir uşaq idi, amma özünə inamı yox idi. Qızların yanına da çox gec getməyə başladı, onu cəsarətləndirməsəydim heç getməyəcəkdi. Dürüst ol, Trotta! Səni qızların yanına mənim apardığımı de.

Bölgə qubernatoru bığaltı gülərək susdu. Rəssam Moser uzun bir söhbətə başlayacaqmış kimi hazırlıq gördü. Qovluğu səkiyə qoydu, şlyapasını əlinə aldı, bir ayağını bir az önə ataraq danışmağa başladı.

–İlk dəfə tətildə qarşılaşmışdıq, hər halda xatırlayarsan. – Birdən-birə dayanıb tələsik hərəkətlərlə ciblərini yoxladı. Alnında muncuq böyüklüyündə tər dənələri yığılmışdı. – İtirdim, – deyə qışqırıb titrəyərək səndələdi. – Pulu itirdim.

Elə o anda otelin qapıçısı çölə çıxdı. Qızıl zolaqlı şlyapasını şişirdilmiş bir şəkildə yelləyərək bölgə qubernatoruyla leytenantı salamladı. Rəssam Moseri otelin qarşısında səs-küy salmaqdan, otel qonaqlarını təhqir etməkdən məhrum edəcəkmiş kimi görünürdü. Yaşlı Trotta əlini iç cibinə saldı, rəssam səsini kəsdi.

–Mənə dəstək ola bilərsənmi? – deyə yaşlı Trotta oğlundan soruşdu. Leytenant dedi:

–Professoru bir az müşayiət edim. Xudahafiz, ata.

Bölgə qubernatoru silindr şlyapasını yüngülcə qaldırıb salam verərək otelə girdi. Leytenant professora bir banknot uzatdıqdan sonra atasının arxasınca getdi. Rəssam Moser qovluğu yerdən qaldırdı, ağır bir tərzdə uzaqlaşdı.

Axşamın qaranlığı artıq küçələrə çökmüşdü, otelin lobbisi də qaranlıq idi. Bölgə qubernatoru otağın açarları əlində, silindr şlyapasıyla çəliyi yanında, alaqaranlığın bir parçasıymış kimi dəri kresloda otururdu. Oğlu sanki Moser hadisəsinin rəsmi nəticəsini bildirmək istəyirmiş kimi aralarına hörmətlə məsafə buraxaraq qarşısına keçdi. Hələ lampalar yandırılmamışdı. Qaranlıq səssizliyin içindən yaşlı kişinin səsi gəldi:

–Sabah günortadan sonra saat üçə on beş dəqiqə işləmiş yola çıxırıq.

–Bəli, ata.

–Musiqi dinləyərkən orkestrin rəhbəri Nexvalı ziyarət etməli olduğun yadıma düşdü. Əlbəttə, baş çavuş Slamadan sonra. Vyanada başqa bir işin varmı?

–Şalvar və siqaretqabını gətirtməliyəm.

–Başqa?

–Başqa bir işim yoxdu, ata.

–Sabah günortadan əvvəl dayına baş çəkəcəksən. Hər halda unutmusan. İldə neçə dəfə ona qonaq olurdun?

–İldə iki dəfə, ata.

–Gördükdə məndən salam deyərsən. Gələ bilmədiyim üçün üzr istəyərsən. Yeri gəlmişkən, bizim Stranski necədir?