скачать книгу бесплатно
Kara öz kiçik dəstəsini qalereyaya istiqamətləndirib, əli ilə işarə verdi.
– İş başına!
O, Safiyəyə tərəf çevrildi.
– Şəxsi kriminalistlərimi işə cəlb etmişəm.
Safiyə heyrətli nəzərlərini zallara səpələnmiş kiçik orduya tərəf yönəltdi. Ancaq, avtomat və tapança əvəzinə, onlar bütün mümkün alətlərlə silahlanmışdılar.
– Nə baş verir? Bu sənin nəyinə lazımdır?
– Nə baş verdiyini öyrənmək istəyirəm.
Kara öz dəstəsinin işə başlamasına məmnunluqla baxırdı. Onun baxışlarında qətiyyət var idi. Safiyə çoxdan öz rəfiqəsinin üzündə belə ifadə görməmişdi. Karada bu cür qığılcım saçan güc neçə illər idi ki, olmamışdı. Bu cür hərarətli canfəşanlıq onda yalnız bir halda, atasına aid bir iş yaranan zaman oyana bilərdi.
Kara partlayışa aid videoyazıya baxarkən Safiyə onun gözlərindəki izaholunmaz parlaq yüngüllüyü və söylədiyi yeganə sözü xatırladı: “Nəhayət”.
Kara qalereyaya keçdi. Onun mütəxəssisləri artıq müxtəlif səthlərdən nümunələr götürmüşdülər. Kara metal dedektorlarların köməyi ilə döşəməni tədqiq edən iki kişiyə yaxınlaşdı. Onlardan biri qalaqların içindən ərimiş bürünc tikəsinin yanmış zibilini götürüb kənara qoydu.
– Mən meteoritin qırıntılarını birə-bir tapmaq istəyirəm – Kara göstəriş verdi.
Kişilər başlarını tərpətməklə itaət bildirib, işlərinə davam etdilər.
Safiyə rəfiqəsinə yaxınlaşdı.
– Sən burada məhz nəyi axtarırsan?
Kara işıqlı nəzərlərini ona çevirdi.
– Cavabları.
Safiyə rəfiqəsinin sıxılmış dodaqlarında ümid gördü.
– Sənin atan haqqında?
– Onun ölüm səbəbləri haqqında.
* * *
Saat 16:20
Kara dəhlizə qoyulmuş bükülmə stulda əyləşmişdi. Xarabaya dönmüş qalereyanın zallarında iş davam edir, ventilyatorlar vızıldayırdı. Şimal cinahda vurnuxan fəhlələrin boğuq səsləri gənc qadına güclə çatırdı. O, bura siqaret çəkmək üçün çıxmışdı. Kara çoxdan siqaret çəkməyi tərgitmişdi, ancaq, indi o əllərini nəyəsə məşğul etməli idi. Onun barmaqları əsirdi.
O, ümid etməyə güc tapacaqmı?
Qapıda görünən Safiyə rəfiqəsini görüb ona sarı yönəldi. Kara siqareti göstərərək əlini yellədi.
– Bir dəqiqəlik çıxmışam.
Safiyə dayanıb fikirli halda ona nəzər yetirdi, sonra başını yelləyərək qalereyaya qayıtdı.
Kara daha bir qullab alıb, ciyərlərini tüstü ilə doldurdu, ancaq, bu, ona sakitləşməyə kömək etmədi. Onun gücü son həddə idi – gecə adrenalini artıq əriməyə başlayırdı. O, qalereyanın girişindəki tunc löhvəyə nəzər yetirdi. Onun üzərində Kensinqton qalereyasının yaradıcısı, Karanın atasının şəkli həkk edilmişdi.
Gənc qadın nəfəsini his basmış şəklə yaxınlaşdırdı.
– Ata…
Qalereyanın dərinliyində nə isə yerə düşdü. Atəşə bənzəyən gur taqqıltı keçmişi, qumluqlardakı ovçuluğu yada saldı. Kara xatirələrə daldı.
Ov səfəri onun on altıncı ad günündə atasının ona hədiyyəsi idi…
* * *
Ərəbistan buğası barxanın yamacı ilə üzü yuxarı qaçırdı. Antilopın ağappaq dərisi qırmızımtıl qum fonundan aydın şəkildə seçilirdi. Kübar heyvanın dümağ libasını yalnız quyruğunun ucundakı qara xal və gözü ilə burnunu gizlədən maska kölgələndirirdi. Antilop öz ardınca budundakı yaradan qan izləri buraxırdı.
Ovçulardan qaçmağa cəhd göstərən buğa dırnaqlarını boş quma dərindən batırırdı. Qanı bol şırnaqla sel kimi axan heyvan gücünü toplayaraq barxana doğru qaçırdı. Bir cüt uzun, iti buynuz antilopun hər bir yardı bu cür səylərlə müşayiət edən boyun əzələlərinin titrək hərəkətlərinin vəzni ilə ağır havanı dağıdırdı.
Kara enli şinləri olan dördtəkərli xizəkli-tırtıllı motosikletin mühərrikinin uğultusunun arasında heyvanın ağrıdan qışqırdığını eşitdi. O, sükanı qeyzlə sıxaraq nəhəng barxanın yamacı ilə yuxarı götürüldü. Motosikl aşdı, Kara isə oturacağın üstündə sürətlə yuxarı qalxıb bir anlıq havada qaldı. Onun ağzını və burnunu örtən yaylıq əynindəki sarı-qəhvəyi rəngli ovçu kostyumu ilə bir tonda idi. Karanın yığılıb dəstələnmiş açıq rəngli saçları yırtıcı mustanqın quyruğu kimi yuxarı qalxmışdı.
Atası kürəyində karabin başqa motosikllə onun ardınca şütüyürdü. Onun da ağzını boynunun arxasında düyünlənib bağlanmış yaylıq örtürdü. Ərəbistan günəşindən qaralmış üzü dəridən tikilmiş yəhər kimi qapqara idi. Saçları qumlu-sarı rəngə çalırdı. Recinald Kensinqton qızının ona dikilmiş baxışlarını yaxaladı.
–Biz artıq lap yaxındayıq! – o, mühərrikin ağır uğultusunu azaldaraq qışqırdı.
O, qazı artırıb barxanın küləkdöyən yamacı ilə yuxarı sürdü. Kara sükana tərəf əyilmiş halda onun ardınca gedirdi. Bələdçi-bədəvi onlardan geri qalmırdı. Ovçuları qənimət axtarışına məhz Həbib çıxarmışdı. Və bədəvinin sərrast atəşi antilopu yaralamışdı. Buğanı qaçarkən yaralayan atıcının məharətinə valeh olan Kara Həbibin heyvanı öldürmək üçün deyil, yalnız yaralamaq məqsədilə qəsdən atəş açdığını biləndə, özündən çıxdı.
– Bu, onun daha yavaş qaçmaq üçün – o, pozuq ingiliscədə izah etdi. – Bu, qız üçün…
Kara bu qəddarlığa… və ona qarşı edilmiş bu təhqirə qəzəbli idi. O, altı yaşından atası ilə ovçuluq edirdi. Gözəl atıcı olan bu qız ovu bir vuruşla öldürməyi üstün tuturdu. Heyvanı qəsdən yaralamaq onun nəzərində əsassız bir vəhşilik idi.
Kara qaz dəstəyini axıra qədər burdu. Təkərlər qum fəvvarəsi qaldırdılar.
Çoxları, xüsusilə də İngiltərədə, Karanın necə tərbiyələnməsinə göz yetirərək məzəmmətlə başlarını yelləyib, anasız böyüyən bu qızın belə nadinc olmasına təəssüf edirdilər. Karanın özü bunun heç də belə olmadığını anlayırdı. O, dünyanın yarısını gəzib dolanmışdı, özünü müdafiə edə bilir, yumruq və bıçaqla dalaşmağı bacarır və kişi ilə qadını ayıran hədlərə fikir vermədən böyüyürdü.
Kara bələdçi ilə barxanın özülünə qədər düşərək insanı ləpələnən qumlardan heç də az yormayan yumşaq qum zolağındakı “dəvə taxtına” ilişib qalan atasına çatdı. Onlar həmin yerə toz buludu axıdaraq onun yanından keçib getdilər.
Karanın atası tələdən çıxaraq altı yüz fut hündürlüyü olan qırmızı qumlu nəhəng dağa bənzər növbəti barxanın yamacı ilə yuxarı qalxmağa başladı.
Kara hamıdan tez çatıb onu aşağıda nə gözlədiyini görmək üçün sürətini azaltdı. Və yaxşı ki, belə də etdi. Barxanın yamacı qəflətən qopub hamar qumsalın enli zolağının üstünə düşdü. Əgər Kara sürətlə çıxsaydı, asanlıqla başıüstə aşağı yuvarlanacaqdı.
Həbib Karaya çataraq əlini yelləyib onu dayanmağa çağırdı. Qız itaətkarlıqla onun sözünə əməl etdi. O, ötürücünü söndürdü və motosiklın motoru boş dövriyyədə sakitcə taqqıldadı. İndi o dayanarkən, onun çiyinlərinə isti çöksə də, qız bunu güclə hiss etdi. Nəfəsi sinəsindən ehtiramlı məftunluğa nüfuz etmiş uzun köksötürmə ilə çıxdı.
Barxanın zirvəsindən möhtəşəm bir mənzərə açılırdı. Üfüqə doğru əyilən günəş qumlu düzənliyi sanki, parıldayan şüşəyə döndərmişdi. Hər tərəfdə amansız səhralar üçün yalançı vəd verən geniş göllərin illüziyasını yaradan hərarətli ilğımlar gölməçələrdə çürbəcür rəng çalarları yaradırdı.
Ancaq, Karanın baxışı buna bənd olmamışdı. Düzənliyin ortasında toz qalaqları səmanın yüksəkliyində buludlara söykənən spiral formalı tənha bir qum dirəyi ucalırdı. Bu, “qum iblisi” idi.
Kara bu cür hadisələri, həmçinin qəflətən peyda olub, sonra yoxa çıxan dəhşətli qum fırtınalarını çox görmüşdü. Ancaq, bu görüntü nəyə görəsə onu dərindən heyrətləndirdi. Yəqin ki, onun qəribəlik onun tamamilə hərəkətsiz halda qumsal düzənlikdə donub qalmasında idi. Burada müəmmalı və qəribə nə isə vardı.
Həbib başını aşağı salıb zikr edirdi.
Bu vaxt cənab Recinald da onlara qoşuldu.
– Budur! – boğularaq dik yamacın özülünü göstərərək qışqırdı.
Antilop dərin qumluqda bərk axsayaraq ayaqlarını sürüyürdü.
Həbib duanı yarımçıq saxlayıb əlini qaldırdı.
– Yox, biz daha getməmək.
Karanın atası qaş-qabağını tökdü.
– Sən nə danışırsan?
Bələdçi ayaq üstə dayanıb uzaqlara baxırdı. Onun gözləri “Afrika” adlı alman korpusunun əsgərlərindən qalmış tünd konserv-eynəyin arxasında gizlənmişdi.
– Biz daha getməmək, – Həbib boğulmuş səslə təkrar etdi. – Bu ərazi “nəsnaslar”ın. Ora getmək olmaz. Biz qayıtmaq…
Recinald Kensinqton güldü.
– Həbib, boş sözdür.
– Ata, nə olub? – Kara soruşdu.
Atası başını yelləyib izah etdi:
Nəsnaslar kimsəsiz səhralarda yaşayan əfsanəvi divlərdir. Qumsalda dolaşan qara cinlər, qarabasmalardır.
Kara yenidən nəzərlərini bələdçinin görünməz simasına zillədi. Rub-əl-Xali, bu məşhur “səhralar səhrası” dünyanın ən böyük qum məkanı idi. Onunla müqayisədə hətta Saxara belə sönük görsənirdi. Nəhəng səhranın yaratdığı ağlagəlməz olaylara hələ də inananlar vardı. Göründüyü kimi, bunların sırasına bu bələdçi də daxil idi.
Karanın atası qaz dəstəyini fırlatdı.
Kara, mən sənə ov hədiyyə edəcəyimə söz vermişdim, indi də sözümün üstündə dururam. Ancaq, sən geri qayıtmaq istəyirsənsə…
Kara baxışlarını Həbibdən atasına tərəf yönəldərək, qorxu ilə qətiyyət, mif ilə reallıq arasında bölünərək, tərəddüd edirdi. Burada, səhranın düz ortasında hər şeyin mümkün olduğu görünürdü. Qız istidən qızarmış qumda axsaya-axsaya yeriyən heyvanın ardınca baxırdı. O, qaçmaqla canını qurtarmaq istəyirdi. Antilopun hər addımı ona güclə başa gəlir, hər hərəkəti ağrı ilə müşayiət olunurdu. Kara nə etməli olduğunu anladı. Bütün bu qanlı əziyyətlər o bais olmuşdu. O da buna son qoyacaq. Kara üzündəki dəsmalı düzəldib qaza basdı.
Aşağıya daha asan yol var. Soldan götürmək laımdır.
O, barxanın az meylli yamacına doğru istiqamət götürüb gedirdi. Atasının üzünün məmnunluq və iftixar gülüşündən açılmasını hiss etmək üçün ona baxmağa lüzum yox idi.
Kara baxışını uzaqlara – yaralı buğadan kənarda səhranın üzərinə qalxmış tənha qum çalasına yönəltdi. Hərçənd buralarda “qum şeytanları” daha çox məşhur olsalar da, bu görüntü qıza çox qəribə göründü. Qasırğa yenə də hərəkətsiz halda yerində dayanmışdı.
Kara az meyilli yamaca çatıb motosikli qum düzənliyinə yönəltdi. Yamac onsuz da çox dik idi. Motosikl getməkdən daha çox sürüşürdü, amma, qız onu tutub salmağa müvəffəq ola bilirdi. Kara düzənliyə çıxan kimi təkərlərin hərəkəti qumluqda artdı və o, irəliləməyə başladı.
Karanın arxasında atasının motosikletinin mühərrikinin uğultusu eşidilirdi. Bu səs antilopun da qulağına çatdı. Yaralı heyvan ümidsizliklə başını dala qatlayaraq addımlarını yeyinlətdi. İndi buğaya çatmağa dörd mildən də az məsafə qalırdı. Təqib çox da uzun çəkməyəcəkdi. Düzənlikdə qum motosiklləri antilopu tez haqlayacaqdılar və dəqiq nişandan sonra atəş onun əzabına son qoyacaqdı və bununla da ov bitəcəkdi.
O, gizlənməyə çalışır! – atası qışqırdı. O, qaçıb burulğana çatmaq istəyir.
Onun motosikli sürətlə ötüb keçdi. Kara sükana tərəf əyilərək qaza basdı. Onlar yaralı heyvanı qovmağa başladılar. Ümidsizlik buğaya yeni güc verdi.
Antilop axsaya-axsaya burulğanın kənarı ilə qaçıb onun mərkəzinə yönəldi. Cənab Recinald söyərək təqibi davam etdirdi. Kara çalışırdı ki, atasından geri qalmasın. Yel çalasına yaxılaşarkən onlar qumda dərin çuxur gördülər. Bu vaxt hər ikisi qəflətən əyləci basıb düz onun kənarında dayandılar. “Qum iblisi” çuxurun mərkəzində fırlanıb qumları havaya tolazlayaraq, sanki, səhranın dərinliyinə baş vurmaq istəyirdi. Toz sütununun diametri əlli yarddan az deyildi. Çalanın yuxarı hissənin diametri isə təmiz dörd mil uzunluqda idi. Sanki, səhranın ortasında vulkan burum-burum qalxırdı.
“Qum iblisi”nin kənarları tutqun, boğuq, mavi qığılcımlarla əlvanlıqla bəzədilmişdi. Burağanın içində statik elektrik guruldayırdı. Belə bir hal yalnız səhralardakı qum qasırğalarına xas olan bir təzahür idi. Kara havada kəskin ozon qoxusunu hiss etdi. Atası çalanın boğazına işarə etdi.
– Budur!
Qız nəzər yetirdi. Antilop çuxurun dibində axsayaraq mərkəzdə fırlanan sıx tozanaq dirəyinə yaxınlaşdı.
– Karabini hazırla! – atası qışqırdı.
Kara yerində elə donub qaldı ki, barmaqlarını da tərpədə bilmədi. Buğa axsaya-axsaya “Qum iblisi”nin qırağına qədər süründü. Onun dizləri əyilmiş, ayaqları əsirdi. Heyvan son gücünü toplayıb qum qasırğasında gizlənməyə çalışırdı.
Cənab Recinald söyərək motosikli qum yamacından aşağı buraxdı. Kara qorxudan donaraq alt dodağını dişlədi və atasının arxasıyca getdi. Motosikl aşağı üz tutan kimi o, çuxura dolmuş statik elektriki hiss etdi. Onun dərisindəki tüklərin biz-biz olması, paltarının çırtıldatması ancaq qorxusunu artırırdı. Qız sürəti azaltdı.Bu zaman motosiklin arxa təkərləri dərin quma ilişib qaldı.
Çuxurun dibinə düşərək dayanan atası qəflətən motosikli elə çevirdi ki, az qala çevrilib arxası üstə düşəcəkdi. Ancaq, cənab Recinald oturacaqda özünü saxlayıb karabini çiyninə atdı. Bərk gurultu səsi gəldi. Kara buğaya baxdı. O, qum qasırğasında gizlənib dumanlı kölgə kimi görünürdü. Qız onun səksənərək yıxılmağa başladığını görə bildi. Öldürücü atəş. Nəhayət, atası antilopu vurmuşdu.
Kara birdən öz ağılsızlığından xəcalət çəkdi. Qorxunun təsiri altına düşərək o, ovda öz yerini vermişdi.
–Ata, – qız atasını onun inadcıl praqmatizmi ilə fəxr edərək təbrik etmək üçün qışqırdı.
Ancaq, sözləri onun boğazında ilişib qaldı. Qum fırtınasından çıxan qulaq batıran gurultu sanki cəhənnəm zülmətindən gəlirmiş kimi havanı darmadağın etdi. Buğanın tünd silueti toz qasırğasının mərkəzində çırpınırdı. Ölən heyvanın boğazından bir inilti qopdu.
Cənab Recinald motosikldən enməyə macal tapmamış, həyəcanla onu əks tərəfə döndərməyə başladı. O, qızına tərəf çevrildi və qız onun gözlərinin dəhşətdən bərəldiyini gördü.
– Kara! Canını qurtar! Qaç burdan!
Qız yerindən tərpənmədi.
– Nə baş verir?
Birdən ölümqabağı gələn inilti səsi şamın qəflətən söndüyü kimi yarımçıq kəsildi. Hava oda verilmiş yun və yanmış ətin iyrənc qoxusu ilə doldu. O, Karaya kəməndi atıb, çaladan çıxmağa çalışırdı. Qız boğulurdu. Atası dərinlikdə ilişib qalmış motosikllə hey əlləşirdi. Cənab Recinald tələyə düşmüşdü. O, yerində donub qalan qızına yenə də qışqırdı.
– Kara, qaç!
Atası sözlərini xüsusi vurğulayaraq, ona əl yellədi. Onun qaralmış üzü ağappaq ağarmışdı.
– Əzizim, qaç!
Kara bu zaman qumun hərəkətə gələrək tərpəndiyini gördü. Əvvəlcə bu sadəcə təkan idi, sanki cazibə qüvvəsi qəflətən güclənmişdi. Qum hissələri su axınına qarışıb “qum iblisinə” sarı ilan kimi qıvrılaraq yerindən oynayaraq aşağı çökürdü.
Cənab Recinald qaz dəstəyini axıra qədər burdu. Təkərlər qumluqda ətrafa toz səpələyərək çox bərk fırlanmağa başladı.
– Lənət şeytana, qaç! – o qışqırdı.
Qız diksindi. Atası nadir hallarda ona səsini qaldırırdı və heç vaxt da onun səsində qeyri-iradi təlaş olmamışdı. Kara qaz dəstəyini fırlatdı, motosiklin mühərriki bərk guruldadı. Qız dəhşət içində toz dirəyinin olunmaz halda qum axını ilə qidalanaraq diametrinin genişləndiyini gördü. Onun kənarı cənab Recinaldın motosiklinin ilişdiyi yerə tərəf irəliləyirdi.
– Ata, – Kara atasını qorumaq niyyətilə qışqırdı.
– Qaç, mənim balam.