banner banner banner
Qum fırtınası
Qum fırtınası
Оценить:
Рейтинг: 0

Полная версия:

Qum fırtınası

скачать книгу бесплатно


Qonşu məhəllədə sirenalar vıyıldamağa davam edirdi. Qalxıb nə baş verdiyini müəyyən etmək lazım idi. Hərəkətsiz oturmaqdansa nəsə bir şey etmək daha məqsədəuyğun olardı. Onun narahatlğı bütün bədənini bürüyərək, çılğın bir həyacan yaratmışdı.

Safiyə pişiyi ehtiyatla yorğanın üstünə qoyaraq ayaqlarını kənara çəkdi. Miyoltu bir anlıq kəsilsə də, pişik qovulmadığını anlayan kimi yenidən miyoldamağa başladı. Billi Londonun amansız xaraba dalanlarında, küçələrində doğulmuşdu. Safiyə öz mənzilinin astanasında avtomobil təkəri altına düşəndən sonra qırılmış pəncəsi qana bulanmış, maşın yağı ilə çirklənmiş bir pişik balası – yun və qəzəb yumağı aşkar etmişdi. O, pişik balasına yardım etmək istədi, lakin, o, Safiyənin böyük barmağını bərk dişləmişdi. Tanışları Safiyəyə bu bədbəxti evsiz heyvanlar üçün olan heyvan yetişdirmə müəsisəsinə aparmağı məsləhət görmüşdülər. Safiyə bu müəsisənin yetimlər evindən heç də yaxşı olmadığını bilirdi. Buna görə də o, bu tapıntını kətan mələfəyə büküb yaxınlıqda yerləşən baytar müalicəxanasına apardı.

Həmin gecə pişik balasına əhəmiyyət verməmək də olardı, ancaq, bir vaxtlar Safiyənin özü də tərk edilib tənha qalmışdı. O zaman onun özünü də bir nəfər himayəyə götürmüşdü və Billi kimi o da evdarlaşmışdı. Ancaq, onların ikisi də tam halda ələ öyrəşməyib vəhşi təbiət və səyahətlərə məhəbbətlərini saxlamışdılar.

Və bunların hamısı aydın yaz günlərinin birində dəhşətli partlayışla bitdi.

Bütün günahlar məndədir… Safiyənin qulaqlarında sirenaların uğultusu və qışqırıqlar küçədən gələn səslərə qarışaraq yenidən səslənməyə başladı.

Safiyə tez-tez nəfəs alaraq çarpayının baş tərəfindəki “Tiffani” firmasına məxsus tutqun şüşədən olan incə lampaya əlini uzatdı. O, elektrik açarına bir neçə dəfə çırtma vursa da, lampa yanmadı. Deməli, elektrik yoxdur. Yəqin, ildırım elektrik ötürücüsünün xəttini zədələmişdi. Yəqin elə bu səbəbdən də küçədə təlaş yaranmışdı. Allah eləsin ki, bunun izahı bu cür sadə olsun.

Safiyə çarpayıdan qalxdı. O, ayaqyalın, ancaq flaneldən tikilmiş və dizinə qədər olan isti gecə köynəyində pəncərəyə yaxınlaşdı, pərdəni aralayıb küçəyə baxdı. Onun mənzili dördüncü mərtəbədə yerləşirdi.

Çuqun fənər dirəklərinə və geniş səkilərə malik adətən sakit və mərifətli olan küçə sürrealist mərəkə meydanına çevrilmişdi. Bütün keçid hissələr yanğınsöndürən və polis maşınları ilə tutulmuşdu. Şiddətli leysan narın London çiskininə qədər sakitləşmişdi. Fənərlər yanmırdı. Küçə qəza xidmətinin maşınlarının damlarındakı yanıb-sönən işıqlarla nurlanırdı. Kvartalın qurtaracağında tüstü və qaranlığın arasında sayrışan tünd qırmızı şəfəq görünürdü.

Safiyənin ürəyi sürətlə döyünür, nəfəsi daralırdı. Bunun səbəbi isə keçmiş qorxular yox, indinin gözlənilməz dəhşəti idi. Muzeydə yanğın! O, pəcərə şüşələrini qaldırıb qaytanları dartdı, pəncərə sürgüsünü qurdaladı. Safiyə nəhayət layları taybatay açıb yağışın altında buz damcılarını əhəmiyyət vermədən pəncərənin sürahisindən sallandı.

Onun mənzilindən Britaniya muzeyinə qədər olan məsafə çox da uzaq deyildi. Safiyə onun nəzərinə açılmış mənzərəni görüb ah çəkdi. Muzeyin şimal-şərq küncü xarabalığın alovuna bürünmüşdü. Yuxarı mərtəbələrin qırılmış pəncərələrindən alov dilləri və qara tüstünün sıx burumları çıxırdı. Dəbilqəli yanğınsöndürənlər şlanqları dartırdılar. Su şırnağı üzüyuxarı vururdu. Qırmızı maşınların kuzovlarından pilləkənlər qalxırdı.

Ən dəhşətlisi ikinci mərtəbədən görünən açıq dəlik idi. Küçədə kərpic divarların qaralmış qırıntıları və başqa zibillər tökülüb qalmışdı. Görünür, Safiyə partlayışın gurultusunu eşitməmiş, yaxud bunun ildırım səsi olduğunu düşünmüşdü. Ancaq bu, ildırım vurması deyildi.

Bu, daha çox bomba səsinə bənzəyirdi. Terrorçuların hücumu? Görəsən yenə də?

Safiyə dizlərinin necə əyildiyini hiss etdi. Şimal cinah… O, dərhal müəyyən etdi ki, açıq dəlik sonuncu qalereyaya doğru uzanır. Onun bütün işləri, həyatının bütün bəhrəsi, onun vətəninə məxsus olan minlərlə qədim eksponatlar kolleksiyası. Bu qədər də lazım deyildi. Safiyə gözlərinə inana bilmədi. Görüntü indilərdə bitməli olan reallıqdan uzaq vahiməli bir yuxuya bənzəyirdi.

O, geriyə, öz otağında rahat bir sığınacağa çəkildi. Safiyə qızğın ocaqdan uzaqda yerləşən pəncərədən çəkildi. Qaranlıqda qəflətən şüşəli iynəciklər işıqlandı. Safiyə bu işıqların nə olduğunu anlamadan, gözlərini onlara zillədi. Sonra bunun nə olduğu ona çatdı: yenə işıq verilib. Bu anda gecə stolunun üstündəki telefon onu qorxudaraq zəng çaldı. Billi başını yastıqdan qaldırıb ehtiyatla qulaqlarını şəklədi.

Safiyə tələsik dəstəyi qaldırdı.

– Allo?

Cavabında işgüzar, sərt səs eşitdi.

– Doktor əl-Məaz?

– B-bə-li.

Danışan kapitan Hoqandır. Muzeydə fövqəladə hadisə baş verib.

– Hadisə?

Orada nə baş verməsindən asılı olmayaraq, bu adi hadisədən daha böyük bir şey idi.

– Hə, muzeyin direktoru xahiş etdi ki, sizi iclasa dəvət edim. Siz yaxın bir saat ərzində bizə qoşula bilərsinizmi?

– Oldu, kapitan indi çıxıram.

– Çox gözəl. Mən sizin soyadınızı polis idarəsinə deyərəm.

Dəstəkdə bir çıqqıltı eşidildi. Kapitan Hoqan danışığı kəsdi.

Safiyə yataq otağına göz gəzdirdi. Billi pişiklərə xas tərzdə bu gecə baş verən şiddətli hadisələrə öz narazılığını nümayiş etdirərək acıqlı halda quyruğunu yellədi.

– Mən tezbazar çıxıram. – Safiyə bunun doğru olub olmadığını özü də bilmədən öz-özünə söylədi.

Bayırdan sirenaların vıyıltısı eşidilirdi.

Oyanış zamanı Safiyəni haqlayan təşviş heç cür ondan əl çəkmək istəmirdi. Onun bütün dünyası, Britaniya muzeyinin əzəmətli divarlarındakı etibarlılıq vəziyyəti özülünə qədər laxladı.

Safiyə dörd il əvvəl qadınların sinələrinə əldəqayırılma qumbaralar sıxdığı dünyadan qaçmışdı. O, ekspedisiya və qazıntıları bir kabinet sakitliyinə, külüng və belləri kompüter və foliantlara dəyişərək təhlükəsiz və nizamlı bir alim dünyasına çəkilmişdi. Safiyə muzeydə özünü təhlükəsiz hiss edə biləcək və onun evinə çevrilən kiçik bir hücrə yaratmışdı.

Bununla belə, yenə də bəla onu girləyirdi.

Safiyənin əlləri əsirdi. Təlaşın yeni hücumunun öhdəsindən gəlmək üçün onları düyünləmək lazım gəldi. Bu dəqiqə onun dünyada ən çox etmək istədiyi şey geriyə, öz çarpayısına sürünüb yorğanı başına çəkmək idi.

Billi diqqətlə öz sahibinə baxırdı: onun gözlərində lampanın işığı əks olunurdu.

– Mən yaxşıyam, – Safiyə sakitcə pişikdən çox öz-özünə xitab edərək dilləndi. – Hər şey qaydasında düşəcək.

Ancaq bu sözlər nə Billini, nə də onun özünü inandıra bildi.

* * *

Qrinviç vaxtı ilə 02:13.

(Şərq saat qurşağı vaxtı ilə 21:13)

Fort-Mid, Merilend ştatı

Krossvord həlli zamanı kiminsə Tomas Hardini yayındırmasından zəhləsi gedirdi. Bu, bir bir stəkan qırxillik viski və əla bir siqarın da əlavə olunduğu bazar günü axşamı ritualı idi. Sobada od çırtıldayırdı.

Hündür, dəri kresloda rahat əyləşmiş Tomas barmaqları arasında bahalı diyircəkli qələmi fırladaraq krossvord üzərində işləyirdi. O, alnını qırışdırıb “ali məqsəd” məfhumunun hansı beş hərfli sözlə ifadə oluna biləcəyini tapdı. Hardi düşünərkən telefon zəng çaldı. Tomas nəfəs alıb eynəyini burnunun ucundan alnına tərəf çəkdi. Ehtimal ki, onun qızının rəfiqələrindən biri zəng edib növbəti kavaleri ilə istirahət gününü neçə keçirdiyi barədə müzakirə aparmaq istəyirdi.

Hardi stolun üzərindən pulta sarı əyilərək onun şəxsi əlaqə kanalının beşinci xəttinin indikatorunun yanıb-söndüyünü gördü. Bu kanal yalnız üç nəfərə məlum idi: prezidentə, qərərgah rəislərinin birləşmiş komitə sədrinə və onun milli təhlükəsizlik agentliyinin rəhbərliyində olan şəxsi köməkçisinə.

Hardi qəzeti dizinə qoyaraq beşinci xəttin qırmızı düyməsini basdı. Bu sadə hərəkətlə o, danışıqları dinləmələrdən etibarla qoruyan mürəkkəb riyazi alqoritm şifrələməsini buraxıb, yalnız bundan sonra dəstəyi götürdü.

Danışan Hardidir.

– Axşamınız xeyir, cənab direktor.

Təşvişə düşən Hardi oturan yerdə özünü düzəltdi. O, zəng edəni tanımamışdı, ancaq, onun şəxsi telefonunun nömrəsini bilən hər kəsin səsini öz yaxınlarının səsi kimi yaxşı tanıyırdı.

– Kimdir?

– Toni Rektor. Sizi belə gec narahat etdiyim üçün, üzr istəyirəm.

Tomas xəyalən soraq kitabçasında qurdalandı. Vitse-admiral Entoni Rektor. Soyad möhkəm şəkildə beş hərfli abreviatura ilə əlaqəlidir: DARPA. Müdafiə elmi-tədqiqat işlərinin perspektivli planlaşdırılma idarəsi. DARPA-nın devizi belədir: “Birinci ol!” Burada söhbət mütərəqqi silahlanmadan gedir. Amerika Birləşmiş Ştatları ikinci yerdə olmağı özünə rəva görməz. Əsla!

Bəlanı qabaqcadan duyma hissi artırdı.

– Mən sizə necə kömək edə bilərəm, admiral?

– Londonda, Britaniya muzeyində partlayış olub.

Sonra Rektor baş verənləri xırda təfərrüatlarına qədər təsvir etdi. Hardi saatına baxdı. Partlayış baş verən andan heç qırx beş dəqiqə də keçməmişdi. Bu qədər qısa vaxt ərzində Rektorun xidmətinin bu qədər məlumatı necə almağa macal tapması onda maraq oyatdı.

Admiral sözünü qurtaran kimi Tomas daha aydın bir sual verdi.

– Nəyə görə bu partlayış DARPA-nı bu qədər maraqlandırır?

Rektor izah etdi və Tomasa belə gəldi ki, otağın temperaturu on dərəcə aşağı düşdü.

– Siz əminsiniz?

– Mənim adamlarımdan ibarət briqada bu məsələ ilə məşğul olmaq üçün artıq hadisə yerindədirlər. Ancaq, mənə Britaniya əks-kəşfiyyatının da köməyi lazım olacaq. Yaxud, daha yaxşı…

Hətta məxfi əlaqə xəttində belə ucadan ifadə edilməyən alternativ söz yarımçıq qaldı. Bu sirli zəngin mahiyyəti Tomasa aydın oldu. Britaniyanın daxili təhlükəsizlik xidməti onun öz müəssisəsinin ekvivalenti idi. Rektor istəyirdi ki, MTA “tüstü pərdəsi salaraq” baş verənlərə kimsə müdaxilə etməmişdən əvvəl DARPA komandasına, həmçinin Britaniya əks-kəşfiyyatına həmin yerdə xəlvətcə işləyib sonra yox olmasına şərait yaratsın.

– Başa düşürəm, – Hardi bu missiya ilə bacarmağın asan olmadığını düşünərək, nəhayət cavab verdi. – Sizin adamlar hazırdırmı?

Səhərə hazır olacaqlar.

Başqa bir izah olmadığı üçün, Tomas bu işlə kimin məşğul olacağını başa düşdü və fikirli halda qəzetin damasına riyaziyyatda cəm anlayışı verən yunan hərfini daxil etdi.

– Mən onlar üçün yolu təmizlətdirəcəm, – o, dəstəkdə söylədi.

– Əla.

Əlaqə kəsildi. Hardi dəstəyi yerinə qoyub nə edəcəyi haqqında baş sındırmağa başladı. Çox cəld işləmək lazım olacaq. O, “ali məqsəd” anlamını ifadə edən sözü yazmalı olduğu krossvorddakı beş xanaya nəzər saldı. Qəribə təsadüf idi.

Hardi qələmi götürüb səliqə ilə “SİQMA” sözünü baş hərflərlə krossvorda əlavə etdi.

* * *

Qrinviç vaxtı ilə saat 02:22

London, İngiltərə

Safiyə sarı-qara rəngli qadağan lentinin qarşısında dayandı. O, həyəcan və soyuqla mübarizə apararaq əlləri ilə özünü qucaqladı. Hava tüstünü canına hopdurmuşdu. Polis qadağan lentinin qarşısında dayanmış Safiyəyə muzeyə keçmək üçün yol açdı və diqqətlə onun şəkillərinə baxdı. O, anlayırdı ki, polisə uyğunluq tapmaq heç də asan olmayacaq. Gənc polis şəkildə üzü südlü kofe rəngli, göyümtül-qara saçları arxaya daranmış, yaşıl gözləri yüngülvari tünd şüşələri olan eynəyin arxasından baxan otuz yaş civarında bir qadın görürdü. Ancaq indi onun qarşısında başdan ayağa qədər islanmış, açıq pırtlaşıq saçları islanmış bir bükümlə üzünə yapışan qadın dayanmışdı. Onun çaşqın və heyrətli baxışı hasarlamadan uzaqlara yönəlmişdi. Orada fövqəladə xidmətin əməkdaşları işgüzarlıqla ora-bura vurnuxurdular.

Qadağan lenti boyunca foto işartıları bərq vuran jurnalist-xronikaçılar yığılmış, televiziyanın xəbərlər buraxılışının briqadası-nın furqonları dayanmışdılar. Safiyə yanğınsöndürən və polis maşınlarının arasında kuzasında avtomatik tüfənglərlə silahlan-mış əsgərlərin oturduğu iki hərbi yük maşınının olduğunu gör-dü.

Kütlə içində terror aktı variantının istisna olunmaması haqda söhbətlər gedirdi. Safiyə bu barədə qadağan lentini keçmək istəyərkən yanından keçdiyi bir jurnalistdən eşitdi. Onun ərəb qadını olduğunu dərhal müəyyən etdilər və bir çox şübhəli nəzərlər ona zilləndi. Safiyə bu adamların düşündüyündən fərqli olaraq terrorizm haqqında məlumatı ilkin mənbələrdən eşitmişdi. Bununla belə, o da səhv edə bilərdi. Ola bilsin ki, onda həyəcanın hipertrofir hissi adlanan və adətən təlaşlanmadan sonra yaranan təqib olunma maniyası vardı.

Safiyə izdihamın arasından çətinliklə keçdi. Bütün bu vaxt ərzində o, fikrini onu qarşıda gözləyən hadisələrə cəmləyərək dərindən nəfəs almağa çalışırdı. O, çətir götürmədiyi üçün peşman olmuşdu, çünki, kapitan Hoqanın zəngindən sonra dərhal əyninə yalnız xaki rəngində boş şalvar və ağ gül rəngli kofta geyinib çıxmağa macal tapa bilmişdi. O, üstdən çiyninə bir plaş atmışdı, ancaq, çətirini isə tələskənlikdən qapının yanındakı asılqanda saxlamışdı. Safiyə yalnız aşağı düşüb yağışın altına qaçanda çətiri yadına düşdü. Amma, dördüncü mərtəbəyə qayıtmadı.

O, muzeydə nə baş verdiyini bilməlidir. Safiyə son on ilini bu kolleksiyaların yaranmasına həsr etmişdi və dörd ildir ki, muzeyin tədqiqat proqramlarına başçılıq edir. Onun hansı işi məhv olub? Başqa nəyi xilas etmək olar?

Safiyə polis zəncirindəki buraxılış məntəqəsinə çatana qədər narın yağış gücləndi. O, tamamilə islanmışdı. Safiyə soyuqdan büzüşmüş halda polisin onun sənədlərini yoxlayıb bitirməsini gözləyirdi.

– Keçə bilərsiniz, – o, nəhayət dilləndi. – İnspektor Semuelson sizi gözləyir.

Digər polis Safiyəni muzeyin cənub girişinə qədər ötürdü. O, nəzərlərini portik sütunlarına yönəltdi. Bina sanki bank seyfi möhkəmliyini, hansısa bir sarsılmazlığına əks etdirirdi və buna şübhə yeri qoymurdu. Bu günkü gecəyə qədər bu, belə də davam edirdi.

Polis Safiyəni binanın içinə, pilləkənlərlə aşağı ötürdü. Onlar üstündəki lövhədə “Ancaq muzey əməkdaşları üçün” yazılmış qapıdan keçdilər. Safiyə onu aşağı mərtəbədə yerləşən təhlükəsizlik xidməti mərkəzinə apardıqlarını anladı.

Qapıda silahlı mühafizəçi növbə çəkirdi. O, Safiyənin gəlişindən xəbərdar olduğu üçün başını yelləyib qapını taybatay açdı. Safiyəni müşayiət edən polis onu tamamilə ağsaç, mülki geyimli qaradərili bir kişiyə təhvil verdi. O, Safiyədən bir neçə qarış hündür idi. Zəncinin üz dərisi çəkmə böğazını xatırladırdı. Safiyə onun yanaqlarında cod tük qatının olduğunu gördü. Yəqin ki, onu yataqdan qaldırmışdılar, o isə üzünü qırxmağa macal tapmamış cəld bura qaçıb gəlmişdi. Zənci öz əzələli əlini ona uzatdı.

– İnspektor Cefri Semuelson, – o, özünü təqdim etdi. – Xahişimizə operativ cavab verərək bura gəldiyinizə görə, sizə təşəkkür edirəm.

Onun səsi əl sıxması kimi sərt idi. Danışmaq üçün həddən artıq həyəcanlı olan Safiyə başını yellədi.

– Doktor əl-Məaz, xahiş edirəm, mənim arxamca gələsiniz. Partlayışın səbəbini aydınlaşdırmaq üçün bizə sizin köməyiniz lazımdır.

– Mənim? – Safiyə çətinliklə səsini çıxardı.

Onlar mühafizəçilərin ağzınacan adamla dolu olan istirahət otağından keçdilər. Deyəsən muzeyin bütün mühafizə xidməti, təcili evlərindən çağırılmış bütün növbələrdən olan işçilər bura yığılmışdılar. Safiyə onların bəzilərini tanıyırdı, amma indi hamı ona elə baxırdı ki, sanki onu ilk dəfə idi ki, görürdülər. Onların yanından keçəndə boğuq səslər sakitləşdi. Ola bilsin ki, mühafizəçilər onun muzeyə dəvət olunduğunu bilirdilər. Amma çağırışın səbəbini Safiyənin heç də özündən çox bilmirdilər. Və bununla belə onların sükutu açıq-aydın şübhələrlə dolu idi.

Safiyə narahatlıq hissi keçirsə də, bayaqdan bəri ona hakim kəsilmiş əsəb hissini özündən kənar edib çiyinlərini düzəltdi. Axı, bunlar onun kolleqaları, iş yoldaşlarıdır. Ancaq, bununla belə, onun keçmişi hamıya çox yaxşı məlum idi.

İnspektor Semuelson Safiyəni boş dəhlizlə ən sonuncu otağa apararkən onun beli heç vaxt gümrahlaşmayacaq kimi yorğunluqdan əyildi. Video müşahidə sisteminin monitorlarının qabağını tutduğu oval yer adlanan yuvanın orada olduğu ona məlum idi. Safiyə içəri girən kimi ən birinci ortaboylu, enlikürəkli və ortayaşlı mühafizə xidmətinin rəisi Rayan Flemminqi gördü. Daz başından və əyri burnundan onu dərhal tanımaq olurdu. Bu burnu ilə o özünə Keçəl Qartal ləqəbi qazanmışdı. Onun yanında hərbi mundir geyinmiş, koburasında dolu tapança olan, hündürboylu bir kişi var idi. Onlar bütöv bir monitor texnikasının işinə rəhbərlik edən şəxsin arxasında dayanıb, onun çiyinləri üstündən baxırdılar. Safiyə gələndə, hər kəs ona tərəf çevrildi.

– Doktor əl-Məaz, Kensinqton qalereyasının nəzarətçisi, – Flemminq onu təqdim edib əlini yelləyərək Safiyəni yaxınlaşmaq üçün dəvət etdi.

Safiyə muzeyə gələndə Flemminq adi bir mühafizəçi işləyirdi. İndi o, təhlükəsizlik xidmətinə rəhbərlik edirdi. Dörd il bundan əvvəl Flemminq Kensinqton qalereyasından İslamaqədərki dövrə aid olan bir heykəlin oğurlanmasının qarşısını almışdı. Məhz həmin sayıqlığına görə o, indiki vəzifəsinə layiq görülmüşdü. Kensinqton ailəsi onların nəzərində fərqlənənləri mükafatlandırmağı bacarırdı. Və o vaxtdan da, Flemminq həm Safiyəyə, həm də onun qalereyasına xüsusi qayğı ilə nəzarət edirdi.

İnspektor Semuelson Safiyəni monitorun qarşısına gətirdi. Flemminq əlini onun çiyninə vurdu və bu zaman onun gözlərində başsağlığı ifadəsi yarandı.

– Həqiqətən, çox təəssüf edirəm. Sizin qalereya, sizin işləriniz…

– Biz çox şey itirmişik?

Flemminq sanki fiziki ağrı keçirdi. O, dinməzcə monitorlardan birinə işarə etdi. Real vaxtın ağ-qara görüntüsü ekranda əks olundu. Safiyə şimal cinahın əsas dəhlizinin tüstü burumlarına büründüyünü gördü. Yanğınsöndürənlər əleyhqazlarda işgüzarlıqla vurnuxurdular. Bir neçə nəfər Kensinqton qalereyasının girişini bağlayan barmaqlıqların yanında dayanaraq, çubuqların üzərində çarmıxa çəkilib qaxac olunmuş, skeletə oxşar siluetə diqqətlə baxırdılar.

Flemminq başını yellədi.

Ən yaxın vaxtda meyitləri eyniləşdirmək üçün müstəntiq gələcək. Ancaq biz əminik ki, bu, Harri Mastersondur, mənim adamlarımdan biri.

Kömürə dönmüş fiqur tüstüləməyə davam edirdi. Yəni bu, nə vaxtsa insan olub? Safiyə bütün dünyanın başına hərləndiyini görüb, geri səndələdi. Flemminq onun qolundan tutmalı oldu.

– Mən heç nə başa düşmürəm, – Safiyə söylədi. – Orada nə baş verib?

Hərbi geyimli bir kişi ona cavab verdi:

– Biz ümid edirik ki, siz bunun aydınlaşdırılmasına yardım edəcəksiniz, – bunu deyərək, texnikə müraciət etdi. – Geriyə, sıfır yüz qeydinə qədər çevirin.

Əmrinin yerinə yetirildiyinə əmin olan hərbçi Safiyəyə tərəf çevrildi. Onun siması sərt və pis niyyətli idi.