banner banner banner
Uzaq sahillərdə
Uzaq sahillərdə
Оценить:
Рейтинг: 0

Полная версия:

Uzaq sahillərdə

скачать книгу бесплатно

Uzaq sahillərdə
İmran Qasımov

Həsən Seyidbəyli

Milli ədəbiyyat #16
Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylonun” mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

İmran Qasımov

Həsən Seyidbəyli

UZAQ SAHİLLƏRDƏ

Roman

Birinci fəsil

Yanvar ayının bazar günlərindən birində Triyest şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda böyük kağız topası olan bir qoca kişi veyllənirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə vardı. Qoca əriyib horraya dönmüş qarı yırtıq ayaqqabıları ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında dayandı. Vedrədən fırçanı çıxarıb, hasarın daşlarını yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini ora yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki, “Mixaylo” ləqəbi ilə məşhur olan partizanın tutulması üçün yüz min marka mükafat təyin edilir.

Bir az sonra camaat elanın qarşısına toplaşmağa başladı. Təəccüblü səslər eşidildi:

– Yüz min, paho!

– Nə az, nə azacıq!..

– Görəsən, bu “Mixaylo” onlara nə eləyib?

– Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına yaman soğan doğrayıb!

– Gör, kisələrinin ağzını necə açıblar!

Elan yapışdıran qoca, adamları laqeyd nəzərlərlə süzüb yoluna davam etdi. Bir azdan bu elanlara hər yerdə rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə, evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə, hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara belə yapışdırılmışdı.

Triyest əhalisi elanların qarşısında toplaşaraq, bu naməlum adamı – “Mixaylo”nu təsəvvürlərində canlandırmağa çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə adamdır?.. “Mixaylo”nun elanda göstərilmiş nişanələri təxmini idi: “Ortaboylu, qarabuğdayı, enlikürək, qaragözlü, göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu…”

Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki, hitlerçilər şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni şəhərlər fəth edirlər. “Mixaylo” haqqındakı elan isə bu xəbərin saxtalığını sübut edirdi.

– Bir halda ki, faşistlər… hm… şərq cəbhəsində belə “müvəffəqiyətlə” hücuma keçiblər, görəsən, nə üçün bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? Elə bu “Mixaylo”nu götürün, – deyə arıq bir qoca kinayə ilə gülümsəyərək, gözlərindən yorğunluq yağan bəstəboy bir kişidən soruşdu (görünür, onlar tanış idilər).

– Düzdür, – deyə qonşusu onunla razılaşdı. – Adam bilmir, nəyə inansın. Onların məlumatlarınamı, yoxsa elana. Öz aramızdır, mən radioda qulağımla eşitmişəm ki, ruslar almanları yaman sıxışdırıblar…

Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı, tanışına tərəf əlavə etdi:

– Keçən həftə “Suzana” qəsəbəsində alman kinoteatrını partladıblar. Deyirlər, səkkiz saat yalnız meyit daşıyıblar… Kişi istəyirəm ki, bu xəbərə inanmasın.

– Bu, “Mixaylo”nun işidir, – deyə arıq kişi qorxuqarışıq sevinclə pıçıldayıb, yenə də nəzərlərini elana zillədi. – Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!

– Yoxsa siz onu tapmaq fikrinə düşmüsünüz? – deyə qoca soruşdu. Onun səsində gizli hədə duyuldu.

Qonşusu gülümsündü və pıçıltı ilə dedi:

– Eh, kaş tapaydım…

Qoca daha da şəkləndi:

– Tapsaydın, neylərdin?

– Heç nə. Onun əlini möhkəmcə sıxardım.

Səliqə ilə geyinmiş bir alman zabiti, həmin elanlardan birinə yanaşdı. O, şinelinin yaxasını açıb, yan cibindən dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini tələsmədən köçürməyə başladı.

– Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab ober-leytenant, – deyə arxa tərəfdən yaxınlaşan, leylək kimi uzun və arıq bir zabit gülümsündü.

Ober-leytenant başını döndərmədən cavab verdi:

– Niyə də qazanmayım, cənab leytenant? – O, dəftəri büküb cibinə qoyduqdan sonra geri çəkildi.

Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini güclə tərpədərək soruşdu:

– Q…qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim leytenant olduğumu nədən bildiniz?

– Belə yerdə arxadan da görməyi bacarmaq lazımdır. – Ober-leytenant, leytenantın çiynindəki poqonların əksini elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə də, üzə vurmayıb, ciddi bir tövrlə əlavə etdi, – Bunu unutmayın.

Leytenant küt bir hərəkətlə qaşlarını dartdı və “Hayl Hitler!” – deyib uzaqlaşdı.

Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi əks etdirirdi.

O, 25 yaşlarında, ortaboylu, enlikürək bir oğlan idi. Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər kimi qara gözləri, düz burnu və çənəsində balaca bir çuxur vardı, bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş əlamətlərə uyğun gəlirdi: əgər o öz sifətinə soyuq və təkəbbürlü bir ifadə verməsəydi, yəqin ki, yoldan keçənlərin çoxu ondan şübhələnərdi.

Ober-leytenant əsnəyib, ətrafına göz gəzdirdi.

Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların lülələri göyə dikəlmişdi.

Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında “Ekzaltsyor” mehmanxanası və qubernatorun evi diqqəti cəlb edirdi.

Yanvar ayları üçün nadir olan xoş və ilıq bir hava vardı. Yeni şəhərin asfaltlı hamar küçələri, köhnə şəhərin isə əyri-üyrü döngələri, uçuq daxmaları, Opçina adlı şəhər kənarını mərkəzlə birləşdirmiş funikulyor, müxtəlif dövrlərin memarlıq üslubunun insanı heyrətə gətirən qotik qüllələrlə yanaşı Roma kapitelyaları, ən müasir modern üslubun kubik formaları ilə yan-yana durmuş Bizans tağları və qədim xristian bazilikasının qarışığından yaranmış yaşayış binaları, saraylar, kilsələr, muzeylər, mehmanxanalar, şəhər kənarındakı maşınqayırma və taxta zavodları, toxuculuq fabriklərinin korpus və sexləri günəşin nuruna qərq olmuşdu.

Ober-leytenant saatına baxdı və görünür, vaxtını keçirməyə bir iş tapmadığı üçün ağır addımlarla meydanın o biri tərəfinə yönəldi. Yanından esesçilərin keşikçi dəstəsi ötdü, iki italyan əsgərinin nəzarəti altında yorğun fəhlələrlə dolu bir yük maşını keçdi. Sonra əynində başdan-başa düymələnmiş qara plaş olan, başına ağ çəpçik qoymuş, arşın kimi düz və arıq bir rahibə göründü. Toz-torpağa bulaşmış bir dəstə kəndli, evlərin nömrələrinə baxa-baxa, haranısa axtarırdı. Böyük bir malikanənin qabağında sahiblərini gözləyən güzgü kimi parlaq “Fiat” maşınları durmuşdu…

Bir az sonra ober-leytenant şəhərin fəhlə məhəllələrinə çatdı.

Küçələrin daş döşəməsi üzərindəki qar əriyib qaralmış, palçıq kimi sürüşkən olmuşdu. Evlər, xırdaca meyxanalar, bütün tikililər daşdan idi. Triyestdə taxta, az qala, qızıl qiymətinə satılırdı.

Bazar günü olmasına baxmayaraq, şəhərin küçələrində adam o qədər də çox deyildi. Meyxanalar isə əksinə, səsli-küylü idi. Bu meyxanaların qapısını əvəz edən qamışdan hörülmüş xüsusi pərdələrin arasından torpaq döşəmələri görünürdü; ətrafına yorğun, qaşqabaqlı fəhlələrin toplaşdığı masaların üstünə heç nə örtülməmişdi.

Nallanmış çəkmələrini döyə-döyə küçədən bir tağım hitlerçi keçdi.

Bazara yaxınlaşdıqca küçələrdəki səs-küy çoxalır, tünlük artırdı.

Onlarca əl ober-leytenanta tərəf uzandı: o, sənətkarlıqla yonulmuş taxta keçilərə və fillərə maraqla baxırdı; əl böyüklükdə tıxacların üzərində yonulmuş qırmızı burun, kök bir kişi pivə parçını ağzına yaxınlaşdırmışdı…

Sahildən başlayaraq, ta şəhərin içərisinə qədər dar səkilərin kənarına cərgə ilə çuqun dirəklər vurulmuşdu. Dirəklər bir-birilə yoğun kəndirlə birləşdirilmişdi. Bu ona görə idi ki, Triyestdə tez-tez əsən güclü şimal küləkləri bəzən adamları süpürləyib dənizə aparırdı. Əhali yalnız bu kəndirlərin vasitəsilə xilas ola bilirdi. Lakin triyestlilər, hətta külək olmayan günlərdə də səki ilə gedərkən kəndirlərdən yapışmağa adət etmişdilər.

Ober-leytenant şəhərin mərkəz hissəsinə çatdı.

Bahar və yay fəsillərində, yəqin ki, şəhər daha gözəl görünürdü. Akasiya və şabalıd ağacları şəhərə xüsusi rövnəq verirdi; meydanlarda, bağçalarda və bulvarda palma ağacları vüqarla ucalırdı.

İndi bu palmalar solub ölgünləşmişdi; şəhərin mənzərəsini cansıxıcı edən yalnız boz divarlı evlər və palmalar deyildi.

Şəhər deyəndə, ilk növbədə, insanlar nəzərdə tutulur. İnsanlar isə süst və ölgün yeriyir, son dərəcə qayğılı və qaşqabaqlı görünürdülər.

Almanlar tərəfindən işğal edilmiş şəhərin siması dəyişmişdi, elə bil, şəhərə qara bir damğa vurulmuşdu. Küçələrin asfaltı çat-çat olmuşdu – bunlar ardı-arası kəsilmədən şəhərdən keçib gedən ağır tankların tırtıllarının izi idi.

Tutqun görkəmli dördmərtəbəli binadan tükürpədici fəryad eşidildi. Bura faşist həbsxanası idi…

Küçədən hitlerçilərin nəzarəti altında zavod və fabrik fəhlələri ötüb keçdilər.

Bulvarın tinində aclıq və yorğunluqdan taqətdən düşmüş ağsaçlı bir arvad, əlində boş zənbil yıxılıb qalmışdı.

Via del Akvedotto küçəsində cərgələnmiş dar ağaclarından üzləri kömür kimi qaralmış adamlar asılmışdı. Asılanların birinin köynəyi qana batmışdı, boynundakı ip isə düyün-düyün idi. Yəqin ki, onu asanda ip bir neçə dəfə qırılmışdı.

Ober-leytenant şəhərdə veyllənməkdən yorulmuşdu.

Revoltello sarayının yanında esesçilər bir neçə zabitin rəhbərliyi altında şəhər incəsənət muzeyindəki şəkilləri ikitonluq maşınlara yükləyirdilər.

Bunu görən ober-leytenantın qarabuğdayı çöhrəsi canlandı:

– San Custo haradadır? – deyə o, italyan sözlərini yanlış tələffüz edərək, küçədəki kor çalğıçıdan soruşdu.

Çalğıçı ağ tükləri pırtlaşmış başını qaldıraraq kəskin səslə dedi:

– Düz gedin.

Ober-leytenant yoluna davam etdi.

O, bir neçə dəqiqədən sonra San Custo kilsəsində qoyulmuş Müqəddəs Madonnanın qarşısında dayanmışdı. Mərmərdən yonulmuş madonna iki mələyin arasındakı taxtda əyləşmişdi. Onun qucağında balaca bir uşaq vardı.

Zabit qədim sənətkarların bu mahir əsərinə baxaraq böyük zövq alırdı. O, gah məftun olurmuş kimi yerində donub qalır, gah bir neçə addım geri çəkilir, gah da heykələ yaxınlaşaraq, onu diqqətlə gözdən keçirirdi. O, yaxınlaşıb heykəlin ətrafını bəzəyən qədim Bizans naxışlarını barmağı ilə yoxladı.

Zabitin sifətindəki soyuq təkəbbür ifadəsi yox olmuşdu. İndi o, aldığı ilhamın təsirindən, elə bil, daha da cavanlaşmışdı. Onun dodaqları səssiz tərpənirdi. Kənardan baxan elə güman edə bilərdi ki, zabit dindar adamdır, dua oxuyur. Lakin zabitin pıçıltı ilə dediyi sözləri eşidən olsaydı çox təəccüblənərdi: “Söz tapa bilmirəm… Əsil sənət əsərini tərifləmək üçün söz tapmaq nə çətin iş imiş!”

Heykəlin qarşısında həddən artıq dayandığını hiss edən zabit, özünü ələ aldı və cəld ətrafına göz gəzdirdi.

Kilsə, demək olar ki, boş idi. Bir neçə avara və laqeyd kiçik zabitdən, əlində çətir tutmuş şişman bir qocadan və əsgərlərin gözünə görünməmək üçün kilsə sütunlarının arxasında gizlənən iki cavan qızdan başqa kimsə yox idi. Xəstəlikdən sapsarı saralmış seyrək saçlı qoca kilsə gözətçısı qəşəng geyinmiş alman zabitinə təəccüblə baxırdı. Bu, yeganə faşist zabiti idi ki, kilsəyə gəlib, oradakı sənət nümunəsinə belə böyük maraq göstərirdi. Bu zabitdən başqa bir keşiş də heykələ tamaşa etməyə gəlmişdi.

Zabit qoca keşişə yaxınlaşıb papağını çıxartdı və xeyir-dua istədi. Keşiş əlini qaldırıb onu xaçladı.

– Müqəddəs ata, deyəsən, siz də mənim kimi, sənət əsərlərinin vurğunusuz… – deyə zabit dilləndi.

– Bəli, amma sizin kimi zabit öz vaxtını Via Qeqqa küçəsindəki soldatenhaymda keçirsə daha yaxşı olar…

– Müqəddəs ata, günün hansı saatlarında ora getmək daha münasibdir?

– Gündüz saat 2-də. Sizin zabitlər orada bu vaxt yemək yeyirlər.

– Təşəkkür edirəm.

Bir neçə dəqiqədən sonra ober-leytenant Via Qeqqanın tinindəki balaca bir dəllək dükanının qabağında durmuşdu: deyəsən, o, kimisə gözləyirdi.

Küçə ilə hitlerçi feldjandarmları keçirdilər. Onlar 20 nəfərə qədər olardılar. Başlarında parlaq və hündür kaska, döşlərindəsə xüsusi jandarm nişanı vardı. Jandarmlar küçədən keçən bütün hərbi qulluqçuları saxlayır və sənədlərini yoxlayırdılar.

Lakin ober-leytenant yaxınlaşan yandarmlara o qədər də əhəmiyyət vermədi. Gözlərini qarşıdakı səki ilə gedən əli çantalı bir alman əsgərinə zilləmişdi. Əsgər sol əli ilə qaragözlü, qara qıvrımsaçlı gözəl bir italyan qızını qucaqlamışdı.

Çil-çil sifətli, göygözlü, ağımtıl qaşlı əsgər çox cavan idi. Lap uşağa oxşayırdı. Ona 19-20 yaş ancaq vermək olardı. Qız isə oğlana nisbətən bir qədər yaşlı görünürdü. Əsgərin kefi kök idi: qəhqəhə çəkib gülür, qızı qucaqlayıb qulağına nəsə pıçıldayırdı. Qız onun sözlərini dinləyərək diksinir və çiynindəki şala daha bərk bürünürdü.

Ober-leytenant kinayə ilə gülümsündü.

Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.

Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit əsgəri elə danlamağa, elə söyməyə başladı ki, hətta jandarmlar belə təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit əsgərə nələr demədi!.. Donuz, əclaf, yalançı! Zabit get-gedə qızışır, özündən çıxır, əsgəri söyür və deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin fahişəxanalarında veyllənir, əxlaqsız qızlarla gəzir, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.

Zabit qıza elə təpindi ki, yazıq qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.

Əsgərin yanağı səyriyirdi. O, kəkələyərək nəsə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüş fəvvarəsi onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.

– Bəsdir, daha yanağını dartdın, axmaq! – deyə zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Marş, dalımca!

Ober-leytenant şinelinin açıq yaxasını düymələdi, lakin yenə də sakit ola bilmədi.

– Mən nə axmaq adamam! Hələ utanmaz-utanmaz döşündəki xaç nişanına görə, yaralandığına görə, atasının əziz xatirəsinə görə onu sadəcə “Cırtdan” adlandırıram. Heç təsəvvür edə bilmirəm ki, SS şturmban-fürerinin belə axmaq bir oğlu ola bilər. Abdal! – deyə o, bir də hiddətlə qışqırdı.

“Cırtdan”ın döşündə, doğrudan da, xaç nişanı vardı. Lakin bu nişan onun görkəmini daha gülməli, daha acınacaqlı edirdi.

“Cırtdan” çantasını çiyninə atıb, onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: “Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, dönüb sənə də ağzından çıxanı deyər, hər zir-zibil leytenant şturmban-fürerin oğluna “abdal” deyə bilməz”. Rəis, əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırdı və onların sənədlərini yoxlamağa başladı.

Ober-leytenant ilə “Cırtdan” beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə Triyestin bu küçəsində yaşayan adamlar həmin bina ilə fəxr edirdilər. Onlar şəhərə təzə gələn adamlara öz ünvanlarını bildirmək istədikdə belə deyərdilər: “Via Qeqqa bu tinin dalındakı küçədir. Siz orada, sol tərəfdə beşmərtəbəli, gözəl bir bina görəcəksiniz, o yerdən üç ev keçdikdən sonra tini burularsınız, bax, biz orada yaşayırıq. Buyurub qonaq gələ bilərsiniz”. İndisə yerli əhali nəinki bu bina ilə fəxr edir, heç o tərəfə baxmaq istəmirdi. İndi bura “Döyçe soldatenhaym” adlanırdı. Küçənin sakinləri bu evi şəhərin ən şərəfsiz, ən çirkin güşəsi hesab edirdilər. “Eh, kaş, bu ev heç yerli-dibli olmayaydı!” – deyə qarılar kökslərini ötürürdülər. Elə bil, bu bina olmasaydı, faşistlər özləri üçün başqa yer tapmayacaqdılar, guya faşistləri Triyestə cəlb edən ancaq bu beşmərtəbəli bina idi.

Ober-leytenant və onun əsgəri “Cırtdan” “Döyçe soldatenhaym”a girərkən qarşı səkidəki sloven bir qarı onlara tərəf baxaraq tüpürdü: “Ah, kaş, bu ev başınıza uçaydı. Siz olmasaydınız mənim Mitrim sağ qalardı… Sizi görüm lənətə gələsiniz, cəlladlar!”

O qədər də böyük olmayan vestibüldən yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar olduqca kövrək və şəffaf görünürdü. Tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.

Yuxarıdan musiqi səsləri eşidilirdi, xörək ətri gəlirdi. Balaca boylu bir zabit tapança qayışını açıb uca paltarasılana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək, o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva kaporlar onlara təntənəli görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər. Balaca boylu zabit boyca ondan xeyli uca olan bir qadını saxlayıb onunla zarafatlaşır, çənəsindən tutaraq qiymət verirmiş kimi, onu süzürdü. Qadın gülümsünür, dözürdü…

Ober-leytenant və “Cırtdan” birinci salonun açıq qapıları qarşısında dayandılar. Bura əsgər və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər oxuyan qadını patefon valının içində görmək istəyirmiş kimi, acgözlüklə vala baxırdı.

– Xanım, nə olar, bir anlığa… ancaq bir anlığa çıx oradan, gəl yanımıza! – deyə əsgərlərdən biri hərlənən vala yalvarırdı. O biri əsgərlər qəhqəhə çəkib güldülər. Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Onların hamısı farağat vəziyyəti aldı.

Ober-leytenantın nəzərləri bütün divarı tutan paltarasılanda səliqə ilə cərgələnmiş tapança və portupeyalar üzərində gəzdi.