banner banner banner
Uzaq sahillərdə
Uzaq sahillərdə
Оценить:
Рейтинг: 0

Полная версия:

Uzaq sahillərdə

скачать книгу бесплатно

Zabitin sifəti daş kimi ifadəsizdi. Əsgərlər xeyli müddət yerlərində donub qaldılar. Səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. “Cırtdan” əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.

Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Ober-leytenant etinasız bir hərəkətlə pərdəni aralayıb, içəri baxdı.

Salona yol tapan günəş şüası masaların üstündəki büllur vazalara düşərək bərq vurdu, divara yağlı boyalarla çəkilmiş zövqsüz tabloları işıqlandırdı. Dürerin “Qız şəkli” adlı məşhur qravürası bu portretlərlə kəskin bir təzad təşkil edirdi. Ober-leytenant nəzərlərini məhz bu əsərin üzərində saxladı, sonra da pərdələri tamamilə aralayaraq salona girdi.

O, masaların arasında gəzir, sanki yüksək rütbəli zabitlərin xörək yeyəcəkləri masaların layiqincə sahmanlı olub-olmadığını yoxlamaq istəyirdi. Əlini uzadıb stəkanların içinə qoyulmuş salfetləri yoxlayıb, üzünü qırışdırdı.

– “Cırtdan”! – deyə o bir qədər əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!

“Cırtdan” zabitin nəyə işarə etdiyini o dəqiqə başa düşüb, çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə kağız çıxartdı.

Onlar tez bir zamanda bütün masalardakı salfetləri dəyişdirib salonu tərk etdilər və qapının pərdələrini saldılar.

– “Cırtdan”, yeməkdən qabaq əllərini yumaq istəmirsən?

Əsgər başı ilə təsdiq etdi. Artıq onun yanağı səyrimirdi.

– Dəhlizin o başındadır, – deyə ober-leytenant cəld dilləndi.

Dəhlizin o başındakı qapılardan birinin üstünə “Yalnız zabitlər üçün” sözləri yazılmışdı.

“Cırtdan”a rast gələn mayor əvvəlcə onu dayandırıb, qapıya vurulmuş lövhəni göstərmək istədi. Nədənsə fikrindən daşındı. Bu iyrənc şəhərdə Otto fon Şultsun işi onsuz da başından aşırdı. Vaxtını intizam haqqında boş söhbətlərə sərf etmək istəmədi. Əslində, bu əsgərin günahı çox da böyük deyildi. Bundan qat-qat pis hallar olurdu. Elə dünən şəhərə ilk dəfə çıxarkən o, iki əsgərin küçənin tinində dayanıb bir neçə nəfər şəhər əhli ilə söhbət etdiyini görmüşdü. Fon Şults maşını saxlatdırıb soruşmuşdu:

– Hansı hissədənsiniz?

– Əlahiddə dağ atıcıları taborundan patruluq.

– Nə barədə danışırsınız?

– Bizim bu Hansın peşəsi damlara kirəmit döşəməkdir. İndi də soruşurduq ki, burada rəngli kirəmiti necə qayırırlar.

– Siz də kirəmit döşəyənsiniz!

– Xeyr, mən royal kökləyənəm.

Kirəmit döşəyəni də, royal kökləyəni də hauptvaxta göndərmək lazım gəlmişdi ki, bundan sonra postda duran vaxt özlərini yaxşı aparsınlar. İndi ordunun özündə də belə əsgərlər az deyildi. Ancaq daha bu kütbeyin tör-töküntünü öyrətmək vaxtı keçib: səhərdən axşamadək şəhərin eninə-uzununa gəzirlər, güllə atırlar, lazım gələndə də ölürlər… Elə bu kifayətdir! Fon Şults özünü daha ciddi işlərdən ötrü qorumalıdır.

Mayor, alçaq tavanlı holla girdi. Bir neçə zabit piştaxtanın qabağına yığılıb, yeməkdən qabaq vermut içirdi.

Balkon qapısının yanında qırmızıpeysər və sinəsi həddindən çox qabarıq olan qoca bir polkovnik durmuşdu. O, əlindəki qayçı ilə siqarın ucunu kəsirdi.

Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.

– Təşəkkür edirəm, – deyə polkovnik burnunun altında mızıldadı.

Polkovnik kimin tərəfindən və nə təhər olursa-olsun özünə göstərilən hörməti qiymətləndirməyə adət etmişdi. Əslində, polkovnik polis qoşunlarını o qədər də sevmirdi. Bu mayor isə yaxasındakı nişana görə gözətçi hissələrinə mənsub idi. Polkovnikin fikrincə, gözətçi hissələri də polis deməkdir. Lakin nəzakət həmişə insana xoş gəlir…

Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.

– Fon Şults?

Şults yüngülcə baş əydi.

– Hm… – Polkovnik gülümsündü. – Mən sizi hələ bığsız bir kadet olduğunuz vaxtdan xatırlayıram. Səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır.

Şults yenə də baş əydi:

– Bəli, bunlar mümkün olan şeydir.

– Triyestə çoxdan gəlmisiniz? – deyə polkovnik soruşdu.

– Xeyr, təzəcə gəlmişəm.

– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?

– Xeyr, mən yalnız okruqda partizan hərəkatını yatırmaq işləri üzrə gestapo rəisinin müaviniyəm.

– Nə etmək olar. Uğur olsun, – deyə polkovnik mətləbə dəxli olmadan əlavə etdi, – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!

O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə döndü və bufetə tərəf yönəldi.

Əlbəttə, polkovnikin yaxın tanışı olan fon Şultsun atasını xatırlamasında heç bir qəbahət yox idi. Amma onun ötəri dediyi bu tərif mayor fon Şultsu çox qəzəbləndirmişdi. O, başa düşürdü ki, polkovnik bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlu, qədim pruss nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənir…

Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi.

O, polkovnik kimi küt və lovğa hərbi qulluqçularla tez-tez toqquşmalı olurdu. Bu adamlar elə zənn edirdilər ki, onlar dünyanın məhvəridirlər. Guya onlar dünyada elmin ən yüksək zirvələrini fəth etmişlər: hücum, məngənə, mühasirə və sairə… Guya elm bundan ibarət imiş.

Onun atası Qustav fon Şults da həmin zümrəyə daxil idi. O, əlli beş yaşlarında belə, qamətini cavan oğlan kimi şax saxlaya bilməsi ilə fəxr edərdi: həmişə kabinetində qoyduğu ensiz səfər çarpayısında yatardı, qışda və yayda soyuq suda çimərdi. Yanında qeyd dəftərçəsi gəzdirməzdi, hər şeyi əzbər yadında saxlayardı.

Onun Şimali Prussiyadakı malikanəsində olan min hektarlarla torpağın bir santimetri də əkilməmiş qalmırdı. Evlərinin soyuq otaqlarındakı parket döşəmələrdə xırdaca bir ləkə də tapılmazdı.

Generalın özünə həyat yoldaşı seçdiyi Elza fon Hauzen hər cəhətdən ərinə yaraşan bir arvad idi: həm əsil-nəcabətinə, həm boy-buxununa, həm də səliqəsinə görə ərindən geri qalmazdı. Elza üç uşaq doğmuşdu – bir oğlan, iki qız (məhz ərinin istədiyi qədər).

Atası Ottonu hər səhər yuyunmağa məcbur edər, belini bükəndəsə əlinin yanı ilə gücü gəldikcə onun kürəyindən vurardı. Hər gün oğlu üçün yeknəsəq və təmkinli bir səslə Klauzevitsin əsərlərini ucadan oxuyar və onun beyninə yeritməyə çalışardı ki, tarixdə Birinci Fridrix, Bismark və Moltgedən böyük simalar yaranmayıb.

– Bütün dünya Almaniyanın olmalıdır! – deyə o, həmişə yerli-yersiz səsini ucaldardı.

Onun diviziyasını Polşa, Sedan və Rusiyada əməlli-başlı əzişdirdilər.

Kayzerin taxt-tacdan imtina etdiyi gündə general alt paltarını dəyişib üzünü qırxmış və kabinetində özünü güllə ilə başından vurub öldürmüşdü.

Otto, özünün general nəslindən olduğunu bəzən məmnuniyyətlə qeyd edərdi. Lakin bu məsələyə az hallarda toxunardı.

Otto öz xeyrini valideynindən daha yaxşı başa düşürdü. O, lovğa deyildi və heç vaxt yersiz təkəbbür göstərməzdi. Dələduz və axmaq yefreytor Almaniyada hakimiyyət başına keçərkən, o, özünü təhqir olunmuş hesab etmirdi. Bunun yeri deyildi – onun məqsəd və mənafeyi yefreytorun tələblərinə uyğun gəlmirdi. Əsil-nəcabətinin isə bir o qədər də əhəmiyyəti yox idi. Çünki artıq zəmanə dəyişmişdi. İndi hər şeydən artıq gücə, zorakılığa hörmət edirdilər.

Buna görə də kiçik fon Şults özünün ata-baba malikanəsini satıb pulunu Krupun konserninə qatdı. Bu, həm mənfəət gətirir, həm də az zəhmət aparırdı.

O, nasional-sosialist partiyasına daxil oldu. İndi rütbə etibarı ilə qat-qat yüksək olsalar da, köhnə hərbi qulluqçulardan çoxu ona birinci baş əyirdi.

Atası çalışırdı ki, Otto böyük adam olsun.

Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir! Otto vəziyyəti başa düşməyi, əvvəlcədən görməyi, hansı tərəfin daha güclü olduğunu təyin etməyi bacarır. Ola bilsin ki, sabah tərəzinin gözü dələduz yefreytorların xeyrinə hərəkət etməsin. Təfavütü yoxdur, məqsədləri onunla həmahəng olan yeni zorlu adamlar tapılar.

Yemək vaxtı yaxınlaşırdı…

Zabitlər yavaş-yavaş holldan salona keçməyə başlayırdılar. Şults da onların ardınca tələsdi.

Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksək rütbəli zabitlər almanlara xas dəqiqliklə masalarda öz yerlərini tutmağa başladılar. Salondakı balaca orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Yavaş-yavaş salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenant və onun əsgəri içəri girdilər.

Ober-leytenant yaxındakı masalardan birinin boş olduğunu görüb “Cırtdan”a dalınca gəlməyi işarə etdi.

Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb masanın altına qoydu və yerini rahatladı.

– Bura zabitlər üçündür, – deyə arıq bir xörəkpaylayan qadın “Cırtdan”a tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.

Ober-leytenant nəzakətlə etiraz edib dedi:

– Qoyun bunu zabitlər özü həll etsin.

Onların arxasından kimsə bağırdı:

– Qalx!

“Cırtdan” diksinib yerindən elə sıçradı ki, altındakı oturacaq aşdı. Salondakı zabitlərdən bir neçəsi səs-küy eşidib, ayağa qalxdı.

Ober-leytenant yerindən tərpənməyib arxayın nəzərlərlə uzun, sarıbəniz, yağlanmış saçları laklı qadın ayaqqabısı kimi parıldayan kapitana baxdı.

– Sənin nə həddin var?! – deyə kapitan qəzəblə qışqırdı.

“Cırtdan”ın rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı, ağzı əyildi.

– Bu nədir? – deyə kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən?!

Lakin elə bu vaxt ober-leytenant sakit və arxayın hərəkətlə ayağa qalxdı.

– Cənab kapitan, – deyə o, “Cırtdan”ın qabağını kəsərək sakit səslə kapitana müraciət etdi, – əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də böyük ziynət deyil, amma bu əsgəri reyxsmarşalın özü təbrik edib. Xahiş edirəm, tanış olasınız, onun adı sadəcə “Cırtdan”dır.

– Başa düşmədim! – deyə kapitan təkəbbürlə ober-leytenantı süzdü.

Ober-leytenant sözünü davam etdi:

– “Cırtdan” məni ölümdən xilas edib, rus mərmisi başımızın üstündə vıyıldayanda, o, bədəni ilə məni qorudu. Özü də zədələndi. O, həqiqi qəhrəmandır.

– Lakin bu ona, burnunu bizim xörək qablarına soxmaq ixtiyarını verməyib! Əgər o, sizin həyatınızı xilas edibsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.

Kapitan oturacağını çəkib onların masasının arxasında əyləşdi. Ober-leytenant “Cırtdan”a baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiynindən vuraraq dedi:

– Nə olar, “Cırtdan”, görünür ki, bu salonu tərk edib, aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər. – O, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana tərəf dönüb yumşaq bir tövrlə sözünü bitirdi. – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.

Kapitan cavab vermədi. Onlar salondan çıxandan sonra kapitan yaxındakı masanın arxasında əyləşən, sinəsi başdan-ayağa xaç və ordenlərlə bəzənmiş qoca bir polkovnikə müraciət etdi:

– Gördünüzmü bu cırtqozu?!

– Onunla ciddi danışmaq pis olmaz, – deyə polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.

– İcazə verin, bunu özüm edim. Onun iştahını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…

Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parlaq və uzun paltarlı bir qadın yüyürə-yüyürə salona girdi. Qadın ilan kimi qıvrılaraq rəqs edir və kişi səsinə bənzər yoğun səslə oxuyurdu. Zabitlər qadını gözlərilə yeyir, ayağa qalxaraq onun hər bir hərəkətini izləyirdilər. Onlar “Cırtdan”ın stəkana qoyduğu salfetlərlə əllərini silərək, bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.

Birdən-birə salonda qarışıqlıq düşdü… Qoca polkovnik salfetin üstündə yazılar gördü. O, əzilmiş salfeti hamarlayıb eynəyini taxdı, yazıları oxuduqdan sonra qəddini düzəltdi. Hamının eşidə bilməsi üçün ucadan əmr verdi:

– Hamı masalardakı salfetlərə baxsın!

Musiqi kəsiləndə salfetlər xışıldamağa başladı. Hərə öz salfetindəki bu qısa sözləri oxudu: “Ölümə ölüm!” Bunların altında da “Xalq intiqamçıları” sözləri yazılmışdı.

– Direktor! – deyə kimsə vəhşicəsinə bağırdı.

Yarımlüt rəqqasə özünü itirərək orkestr meydançasının yanında durmuşdu. Çalğıçıların rəngi qaçmışdı.

– Qapıları bağlayın, heç kəsi buraxmayın! – deyə polkovnik bağırdı.

Qorxudan ölümcül hala düşmüş, top kimi yumru, balacaboy bir italyan, özünü yetirib soruşdu:

– Nə var, nə var?!

Əsgərlər yüyürüşərək içəri doluşdular. Xörəkpaylayan qadınlar bir küncə yığıldılar. “Döyçe soldatenhaym”ın bütün adamları bu salona toplaşmışdı.

“Görəsən, onların arasında paltarını dəyişmiş partizan kimdir?”

Axtarış başlandı, hitlerçilər o qədər çox idilər ki, böyük zala yerləşmirdilər…

Həmin vaxtda Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat vardı.

Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgəri “Cırtdan”ı funikulyorla yuxarı aparırdı.

Tramvay dayananda onlar qapıya tərəf yönəldilər. Sərnişinlər qaşqabaqlarını töküb kənara çəkilərək onlara yol verdilər.

Onlar tramvaydan düşüb, dinməz-söyləməz uzaqlaşdılar, sarı rəngli, hündür və sərt qayalarla örtülmüş dikə qalxmağa başladılar. Bir zaman Adriatik dənizinin dalğaları bu qayalara çırpılırdı.

Bu hündür yerdən baxanda aşağıdakı evlər balaca oyuncaq kimi görünürdü. Düzənliyin qurtaracağında isə dağlar ucalırdı. Bu dağların zirvəsi seyrək şam ağacları ilə örtülmüşdü.

Onların durduğu yer Opçina adlanırdı.

Ober-leytenantla əsgər dik qayanın yanında dayandılar.

– Bura bax, Vasya, – deyə ober-leytenant yavaş səslə “Cırtdan”a müraciət etdi, – o nə idi, şəhərin içində Ancelikanı qucaqlayırdın?

Vasya ötkəmliklə gülümsündü: