
Полная версия:
Xeyrin çöküşü
Eçso sevinclə gülümsəyərək “Hə, düzdü,” dedi. “Dayan görüm, mənim siya çiçəyini tapdığımı haradan bilirsiniz?”
Qoca “Bunu bilməyə nə var, onu əlində tutmusan,” deyə qeydsizcə bildirdi.
Bir anlıq çiçəyi əlində saxladığını unudan Eçso, “Hə, doğrudan,” dedi çiçəyi səbətə qoyarkən. “Nə deyirsiz deyin, bu il hava əvvəlki illərdəki kimi olsaydı daha yaxşı olardı.”
Eçso kəndin darvazasına əlli addım qalmış “Budur, gəldik,” dedi. “Kəndin insanları çox qonaqpərvərdirlər. Gecələmək üçün ev sıxıntısı çəkən deyilsiniz. Hə, bir də deyim ki, Mali ailəsinin evində qalmağınız məsləhət deyil. Çox israr edəcəklər, amma qalmayın. Mən keçən il onlarda qalmışdım. Bilirsiniz, çox yaxşı ailədir, amma yeməyə duz atmırlar. Keçən ili xatırlayaraq ağzını büzdü “İnana bilirsiniz, yeməyə bir qram da duz atmırlar. Bu həyatımın ən dəhşətli iki həftəsi olmuşdu.”
“Mən heç kimi narahat etmək istəmirəm,” deyə qoca bildirdi. “Burada mehmanxana yoxdur?”
“Xeyr, yoxdu. Olsa da, mehmanxanada qalsanız, bütün kənd narahat olacaq.” Girişə çatmışdılar, açıq qapıdan kəndin içində qaçışan uşaqlar görünürdü. “Onlar bunu çox vacib hesab edirlər. Yaxşı, gedək, sizi kəndlə tanış edim.”
Eçsonun dediyi kimi kənd əhalisi yad qocanı gördükdə onu evlərində qonaq qalsın deyə bir-biriləri ilə yarışırdılar. Yaxşı ki, qoca ağıllı davranaraq “Hər gün bir evdə qalacam,” deyib az uşaqlı gənc bir ailə ilə qalmağa razılıq verdi.
Topladığı bitkiləri səhərki uzun səfərə hazırlamaq üçün Eçso axşama kimi fasiləsiz işlədi. Bitkilərini səliqə ilə hazırlayıb səfər çantasına yığdı. Keçən il topladıqlarını aparmaq üçün at arabası lazım gəlirdisə, bu il, təkcə səfər çantası buna bəs etdirdi.
Günəşin, dağların arxasında qızılı rəngi ilə qürubu insana doyulması mümkün olmayan həzz verirdi. Çox zaman açıq səmaya sahib olan bu yerlərdə günəşin gözəlliyi, ay və onun səmaya səpələnmiş ulduzları qarşısında solduqca, biri-birindən gözəl nəğmələri ilə ötən quşları, böcək və qurbağa səsləri əvəz etməyə hazırlaşırdı.
Dor kəndində hər kəs evinə toplaşmışdı. Geridə qalan bir neçə kəndli də, tələsərək evinə girib içəridən gələn taqqıltılarla qapını bərk-bərk bağlayırdı. Bu artıq qapı və pəncərələri arxadan bərk bağlayıb gecənin zülmündən gizlənmək vaxtının gəldiyini göstərirdi. Eçso digərlərinin əksinə xəbərdarlıq zəngi çalınana qədər evin həyətində oturub hər keçən an çoxalan ulduzları seyr etməyə üstünlük verirdi.
Hava getdikcə soyuyur, soyuduqca Eçso üşüdüyünü hiss edirdi. Budur, ilk zəng çalındı və kənd darvazalarının gurultuyla örtülmə səsi eşidildi. Eçso zəngin üç dəfə çalındığını bilirdi, bu səbəbdən o, son anadək çöldə qalmağa üstünlük verirdi. İkinci zəng də çalındı. Bu dəfə küçələrdə hərəkət edən heç kəs qalmadı. Son bir-iki ailə də uzaqdan gələn taqqıltı səsləriylə qapılarını kilidlədilər. Və üçüncü zəng, ev sahibi qapının önündə gözlərini səmaya dikəldərək, sanki, məst olmuş Eçsoya səsləndi. Üçüncü zəngdən sonra bayırda qalmaq haqda qadağa olmasaydı Eçso, bəlkə də, yuxusu gələnədək burada qalardı. Kənd, taxta hasar, möhkəm darvaza və qazzalar tərəfindən qorunmağına baxmayaraq son xəbərdarlıq zəngindən sonra bayırda qalmaq qəti qadağan idi. Çünki çox nadir olsa da, bəzən vidralar taxta hasarı dırmaşaraq içəri girə bilirdilər.
Eçso ümidsizcə ayağa qalxıb stolu götürərək asta addımlarla evə girdi. Ancaq o, hələ qapını örtməmişdi ki, zəng dördüncü dəfə aramsız olaraq çalınmağa başladı. Zəngin bu cür çalınmağı kəndin xaricində kiminsə olduğunu bildirirdi. Eçso bu cür halla bir neçə dəfə qarşılaşmışdı. Uzaq yoldan gələn, ya da yorğunluqdan çöldə yatıb qalan kim idisə, yəqin, elə indi qorxu və həyəcanla qaçaraq kəndə gəlirdi.
Eçso həmin axmağın hal-hazırda aldığı sifəti xəyalında canlandırıb gülümsədi. Ev sahibinin yenidən, bu dəfə daha inadla onu səslədiyini eşidib içəri girmək istədi, ancaq tərs gedən bir şey var idi. Əgər zəngin səsi dayanmırsa, deməli, çöldə qalan kimdirsə ya bütün yamacı bürüyən səsi eşitmir, ya da həyatından bezib içəri girmək istəmirdi.
Eçso kimi vəziyyətin fərqində olanlar evlərindən çıxaraq bir-birilərinə baxıb, nə baş verdiyini soruşur, bəziləri isə bu işi ehtiyatla açdıqları pəncərədən görürdülər. Nəzarətçi artıq xəbərdarlıq zəngini yox, qazzaları çağırış zəngini çalmağa başlamışdı. Bu insanları daha da qorxutdu və hətta bir çoxları yenidən evlərinə girib qapını arxadan bərk-bərk bağladılar. Eçso ev sahibi ilə birlikdə, heç nə görməsələr də səsin gəldiyi yerə baxırdı.
“Yaxşı, içəri gəl, qapını bağlayıram,” dedi ev sahibi evə girərək.
Eçso bilmədiyi səbəbdən içəri girməkdə tərəddüd edirdi.
“Siz bağlayın, mən indi gəlirəm,” dedi və gözlənilmədən darvazaya tərəf qaçmağa başladı.
“Nə? bir dəqiqə, hara gedirsən? Dəli olmusan?! Bura gəl, Eçso… Eçso…” deyə ev sahibi Eçsonun arxasınca çağırdı, amma cavab ala bilmədi.
Eçso fasiləsiz çalan və əsəblərə toxunan səsin gəldiyi nəzarətçi qülləsinə qaçaraq tez çatdı. Səs yaxından daha da dözülməz gəlirdi. Eçso əllərini ağzına tutub bir neçə dəfə nəzarətçini çağırdı. Mudi, Eçsonun səsini gec də olsa eşitmişdi. Başını qüllədən aşağı uzadaraq “Sənin burada nə işin var?!” hirsli baxışlarla yüksək səslə qışqırdı.
Eçso “Çöldə qalan kimdi?” deyə yüksək səslə (Mudinin zəngin səsindən zəif eşitdiyini təxmin edərək) soruşdu.
“Qocanın biri, dəli olub nədi, gecə vaxtı oyan-buyana gəzir.”
“Qoca?” Eçsonun ağlına nədənsə yamacdan gələrkən qarşılaşdığı yaşlı adam gəldi. “Qapını aç, mən onu gətirərəm,” dedi.
Mudi “Nə?! Dəli olmusan? Qayıt evə, indi qazzalar gələr,” deyib yenidən zəngi var gücü ilə çalmağa başladı.
Eçso tərəddüdlə qapıya yaxınlaşaraq qadağan olduğunu bildiyi halda qapıya toxundu. Bəlkə, Mudi onun bu səhvinə göz yumardı, lakin qazzalar heç vaxt. Nəzarətçinin əsəblə dodaqlarını tərpədərək (ehtimal ki, söyürdü) zəngi fasiləsiz çalmağı onun artıq əsəblərinə toxunurdu. Bunun heç bir mənası olmadığını və qazzaların hava tamam qaralmamış gəlməyəcəyini bilirdi. Əgər bir insanın həyatı başqa birinin qanunu pozmağından dəyərlidirsə, onda Eçso bu gecə qanunu pozmalı idi və o, yalnız bu haqda düşünürdü.
“Nə olub mənə? Nə edirəm mən?”
Darvaza kilidli olsa da, Eçso açarın kilid dəliyində olduğunu gördü. Düşünmədən açarı çevirib böyük darvazanın bir qapısını aralayaraq bayıra çıxdı. Elə həmin vaxt uzaqda bir qocanın doğrudan da mənasızca ora bura gəzdiyini gördü. İlk baxışda onun kim olduğunu anlamasa da, bir müddət sonra yeriş tərzindən və əlindəki əsadan bu gün qarşılaşdığı həmin qoca tacir olduğuna şübhəsi qalmadı.
Eçso qazza görmək ümidi ilə ətrafına boylandı. Günəşin üfüqdə son şüasını göstərib bir anda yox olduğunu izləyərkən Eçsonun ürəyi onun təsəvvür belə etmədiyi dərəcədə şiddətlə döyünməyə başladı. Artıq bu vaxtdan sonra hər şey ola bilərdi, bu vaxtdan sonra nə gözləməyə, nə də ümid etməyə vaxt qalmışdı, yalnız bir çarə, bu onu qorxutsa da qocanı özü gətirməliydi.
Tərəddüdlə addımını bir irəli, bir geri atırdı. Sonra, iki yüz addım qaçıb qocanı qolundan tutaraq gətirməkdən ibarət olan planı beynində dəfələrlə təkrarlayıb, var gücü ilə qaçmağa başladı. Bir ara Mudinin zəngi necə saxlayıb onun arxasından səsləndiyini eşitsə də dayanmadı, heç nə düşünmədən qaçdı.
Bir müddət qaçdıqdan sonra “Dayan!” deyə ciyərində qalan son havayla səsləndi. “Dayan!” Qocaya onu eşidəcək qədər yaxınlaşmışdı. Yaşlı tacir, axır ki onu eşitmiş, ya da görmüşdü, çünki gözlərini qıyaraq Eçsonun gəldiyi istiqamətə baxırdı.
“Bu sənsən?” deyə qoca mənasız bir təəccüblə əldən düşmüş gəncə baxaraq olduqca sakit səs tonu ilə soruşdu. Gənc oğlanla arasında artıq bir neçə addım məsafə qalmışdı.
Eçso əllərini dizinə dayayaraq “Te… tez… tez olun, kəndə qayıtmaq lazımdı,” deyə tənginəfəs bildirdi. “Gedək, tez olun.”
Ancaq qoca heç nə etmədən ona tamaşa edir, diqqətlə onun üzünə və dolu bədəninə baxaraq özünü əsl dəli kimi aparırdı. “Çox qəribədi,” deyə olduqca sakit səs tonuyla öz-özünə pıçıldadı. “Bunu gözləmirdim.”
Eçso “Nəyi gözləmirdiniz? Bunun vaxtı deyil, tez kəndə qayıtmalıyıq,” deyə təlaşla bildirdi. “Ardımca gəlin,” deyə əlavə etdi.
Ancaq tacir vəziyyətin nə qədər ciddi olduğunu anlamamağa davam edirdi, əsasına söykənib nə isə düşünürdü. Eçso onun bu vəziyyətini görüb yeriməyinə kömək etmək üçün əlini uzatdığı anda insanın içinə qorxu salan vidralara xas o ulama səsi bütün yamacda dəhşət içində əks olundu. Eçso yaxşı bilirdi ki, vidralar adətən qurban gördükləri vaxt digərlərini çağırmaq üçün ulayırlar, bu vidralardan ən az birinin onları gördüyünü göstərirdi. Hava ala-toran olsa da gün tamam batmışdı, bir sözlə, vidraların gizləndikləri qaranlıq meşələrdən və dərin mağaralardan çıxmağına heç nə mane olmurdu. Bu an hər şeyin bitdiyini söyləyən o dəhşətli duyğu Eçsonun bütün bədənini bürümüşdü. Ürəyi, sanki, dörd qat böyüyərək sinəsində hər döyünməsində bədənini silkələyən bir şiddətlə çırpınırdı. İndi kəndlə aralarındakı yol ona dibsiz quyu kimi görünürdü.
Qoca onun bu vəziyyətini görüb “Çox az vaxtımız var,” dedi. “Sənə deyəcəklərimə yaxşı qulaq as. Ola bilsin qulağına qəribə gələcək, amma bura məni sən göndər…”
Susdu. Yaxınlıqdakı ağaclıqdan öncə bir, ardınca daha çox vidra çıxmağa başladı. Susmaq bilməyən zəngin səsi vidraların görünməyi ilə bir neçə saniyəlik dayanıb yenidən çalmağa başlamışdı. Qoca, Eçsonun qolundan tutub arxasında gizlədərək “Aşağı əyil,” dedi. “Mən deməyincə də qalxma.”
Əsanı yerə ataraq əllərini yuxarı qaldırıb pıçıltı ilə nə isə deməyə başladı. Bir anda vidraların zingilti sədaları altında hər tərəf saf işığa büründü, elə bil, günəş yenidən çıxmışdı. Eçso həmin an yanında durduğu qocanın ekro olduğunu anladı.
Yaşlı ekro, əlindən çıxardığı parlaq işıqla uzaqdan üzərlərinə sürətlə gələn vidraları, görünür, qorxutmağa çalışmışdı. Ancaq bu məxluqların bir neçə saniyəlik sürətini kəsməkdən başqa bir işə yaramadı. Ekrolar tərəfindən edilmiş bu cür sehrlərə qarşı olduqca qorxaq olmağı ilə tanınan vidralar, qəribə olsa da, buna heç bir əhəmiyyət vermədən sürətlə irəliləməyə davam edirdilər. Qoca getdikcə yaxınlaşan sürünün öndə gələnlərini sözün sehriylə, əlindən çıxardığı alov toplarıyla öldürür, bəzən də daha böyük alov topu yaradaraq sürünün ortasında partlayışlar yaradırdı.
Eçso, başqa vaxtı bir ekronu iş başındaykən görməyə heç vaxt yox deməzdi, lakin hal-hazırda mövcud vəziyyət ona nəinki odlu döyüşə baxmağa, hətta başını yerdən qaldırmağa belə imkan vermirdi.
Tez zamanda qocanı və gənci mühasirəyə alan məxluqlar artıq yalnız öndən deyil, yandan və hətta arxadan da hücum edirdilər. Fərqli istiqamətlərdən qocanın üzərinə sıçrayır, lakin hər dəfəsində elə göydəcə parlaq işıq toplarına tuş gələrək zingiltiylə yerə düşürdülər. Kənardan keçilməz kimi görünən müdafiə çəpəri hər tərəfdən gələn məxluqların hücumu ilə artıq zəifləməyə başlamışdı. Eçso özünü bir ölümsüzün yanında daha inamlı hiss etsə də, onun da yorulduğunu və artıq üstlərinə sıçrayan məxluqları çətinliklə dəf etdiyini hiss edirdi.
Artıq hər tərəfdən toplanan məxluqların qurduğu dairə getdikcə daha da möhkəmlənir, daha da ümidsiz vəziyyət yaranırdı. Vidralardan bəziləri hətta o qədər yaxına sıçramışdı ki, Eçso uzun illərdir ilk dəfə onları bu qədər yaxından görmüşdü. Tüksüz, selikli boz dəriləri və uzun qabaq ayaqları ilə təsəvvür etdiyindən də iyrənc görünürdülər.
Hər keçən an əldən düşən yaşlı ekro, artıq sadəcə müdafiə olunur, artan sürü qarşısında özünü zəif göstərməməyə çalışırdı. Son həlledici zərbəni vurmaq üçün məxluqlar dayandılar. Bunun nə mənaya gəldiyini bilən yaşlı ekro, çarəsizcə bir ətrafına, bir də tənbeh etdiyi kimi yerdən qalxmayan gəncə baxaraq tərəddüdlə əllərini başı üzərinə qaldırıb sehrli kəlmələri söyləyərək əllərinin arasında getdikcə böyüyən günəşə bənzər qırmızı işıq topu yaratdı. Vidralar qorxaraq geri addımlasalar da, onları gözləyən hücum, yalnız gözqamaşdırıcı işıq deyildi. İşıq topu bir anda qocanın əlləri arasında böyük bir gurultuyla partladı. Bu zaman bütün məxluqlar fırtınada uçan yarpaq kimi ətrafa səpələndilər.
Partlayışın təsiri ilə bir müddətlik huşunu itirən Eçso özünə gələndə qulaqları heç nə eşitmir, gözləri isə dumanlı görürdü. Qocanın yanında hərəkətsiz yatdığını görən Eçso sürünərək onun yanına gedib hələ də yaşadığına əmin olduqdan sonra ətrafına yenidən göz gəzdirdi. Bir az öncə ətraflarına toplanmış bütün məxluqların cəsədləri kənara səpələnsə də, təhlükə keçməmişdi. Partlayışdan sağ çıxmış vidralar yenidən hücuma hazırlaşırdılar. Bu dəfə onları yalnız bir möcüzə xilas edə bilərdi.
Qoca yenidən gəncin üzünə baxıb əlini ovucları arasında bərk sıxaraq, “Eyni onun dediyi kimi,” deyib gözlərini əbədi olaraq yumdu. Bu vaxt Eçso hələ də qocanın ovucları arasında olan əlinin gedərək isindiyini, hətta yandığını hiss etdi, ancaq nə qədər çalışsa da əlini çəkə bilmirdi. İstilik sürətlə qoluna, oradan da bədəninə yeriyir, keçən hər saniyə istilik daha da artır, Eçsonun ağrı içində qıvrılmasına səbəb olurdu. Dəhşətli yanma ilə qışqıran Eçso, qocanın əlini aralamaq istəsə də heç öz barmaqlarını aça bilmirdi. Buna daha dözə bilməyən Eçso, oradaca huşunu itirdi.
3
Qatİl
Yarpaqların arasından vuran günəş şüaları, Eçsonun gözlərini qamaşdıraraq oyanmağına səbəb oldu. Seyrək ağaclı bir meşədə, yerdə uzanmışdı. Bir anlıq təlaşla buraya necə gəldiyini düşünərək, axşam huşunu itirdikdən sonra nə baş verdiyini xatırlamağa çalışdı. Gecə vidraların onun və qoca ekronun üzərinə hücum çəkdiyini, sonra gurultulu parlaq işığı xatırladı.
Yəqin, qazzalar özlərini gec də olsa çatdırmışdılar deyə düşündü. Sağ əlini yerə dayayaraq qalxmağa cəhd göstərdi. Elə bu an ağrının şiddəti ilə uzandığı yerə düşüb ağrı içində qıvrıldı. Sağ ovcunu açaraq əlindəki yanıq izinə baxdı. Az qala qocanın onun əlini necə yandırdığını unutmuşdu. Ovcunun içində, kömür kimi qara iz qalmışdı.
İkinci cəhddə qalxmaq üçün sol əlini işlətmişdi. Ətrafa boylanıb xilaskarlarını axtardı, ancaq heç kəsi görmədi. Buradan kəndin yolunu tapmaq onun üçün çətin deyildi. Bu gənc meşədə əvvəllər də bir neçə dəfə olmuşdu. Odur ki, ağacların arasından görünən yaşıllığa doğru yeriməyə başlayaraq eyni zamanda ovcundakı yanığa hansı məlhəmin daha yaxşı gələcəyini düşündü.
“Dayan cavan oğlan,” deyə arxadan kimsə səsləndi.
Eçso ürkərək cəld çevrildi. Qarşısında qazza formasına bənzər qara geyimli döyüşçü görüb sakitləşdi. Döyüşçü sanki yoxdan var olmuşdu.
“Sən yaxşısan?” soruşdu döyüşçü.
Yaraşıqlı döyüşçünün qısa kəsilmiş şabalıdı saçı, onun xoş sifətinə ciddi və sərt bir görünüş qatırdı. Bundan başqa, onun sifətində izah edə bilmədiyi tanış cizgilər vardı. Buğdayı dərisi və yaraşıqlı siması ona bəzi şeyləri xatırladırdı. Sanki, bu üzü nə vaxtsa, lap əvvəllər…
“Sənlə danışıram,” dedi döyüşçü, bu dəfə daha sərt idi. “Eşidirsən məni?”
“Hə mən, eşidirəm hə,” deyə Eçso tələsik cavab verdi. “Minnətdaram… məni xilas etdiyiniz üçün.”
“Sənə getməzdən əvvəl bir neçə sual vermək istərdim,” dedi döyüşçü daha da yaxınlaşaraq. “Adım Etrakdı, bu isə Aqrendi.”
Eçso döyüşçünün göstərdiyi istiqamətə dönərək ona nisbətən qısa boylu qadın döyüşçünü üç addımlıq məsafədə gördü. Qırmızı saçlı qadın döyüşçünün böyük gözləri və şirin sifəti, ensiz dodaqları ilə mükəmməl bir ahəngdə idi. Gülümsəməyi o qədər səmimi idi ki, Eçso özündən asılı olmadan gülümsədi. Döyüşçülərin bu qədər səssiz və sürətli ortalığa çıxmaqları Eçsoda heç bir şübhə buraxmırdı.
“Siz nakrasınız,” deyə pıçıldadı. Kiçik bir həyəcanla, gülümsəyərək “Mənim də adım Eçsodu,” dedi. “Nə haqda sual vermək istəyirsiniz?”
Etrak ekro dilində bir neçə kəlmə dedi.
“Bağışlayın, heç nə anlamıram.”
“Bizə demək istədiyin bir şey yoxdu?” Aqren, Etrakın dediklərini tərcümə edərək dedi.
Eçso bir az düşünüb “Hə… əlbəttə. Həyatımı xilas etdiyiniz üçün çox minnətdaram. Sizə çox-çox təşəkkür ed…”
Etrak “Bunu demişdin,” dedi səbirsizcə.
Eçso söhbətin nədən getdiyini və ümumiyyətlə, ondan nə istədikləri haqda heç bir təsəvvürü yox idi.
“O qocanı haradan tanıyırdın?” deyə təcrübəli nakra şübhəylə soruşdu.
“Mən onu tanımırdım, daha doğrusu, dünən kəndə gələrkən yolda qarşılaşdıq. Məndən Dor kəndinə necə gedə biləcəyini soruşdu. Mən də ona mən də ora gedirəm, sizi apararam dedim. Sonra biz havadan danışdıq. Sonra kəndə apardım onu, dedim ki…” Döyüşçülərin baxışlarından bu boşboğazlığın onları bezdirdiyini görən Eçso alçalan səs tonuyla susdu.
“Sənə bizim haqda nə isə dedi? Bura niyə gəldiyini, ya da başqa bir şey… xatırlamağa çalış.”
Eçso “Yol boyu biz, yalnız havadan, bir də kələmdən danışdıq, sonra axşama kimi onu görmədim,” deyə çəkinərək bildirdi.
“Kələm? Nə kələmi?” Etrak, sanki, ciddi və məxfi bir məlumat alırmış kimi soruşdu.
Eçso çəkinərək “Dor kələmi,” deyə cavabladı. “Buranın kələmləri çox məşhurdu. Dedi bura kələm almağa gəlib.”
“Heç onun ekro olduğunu da bilmirdin, düzdü?”
Eçso başını yellədi.
Etrak “Sən, yanlış vaxtda və yanlış yerdə olan adi kəndçisən!” deyə öz-özünə pıçıldadı. “Adi insan.”
Aqren, Etraka yaxınlaşaraq alçaq səslə ekro dilində nə isə soruşdu. Amma cavab almadı. Etrak dərin fikrə getmişdi. Bu kiçik söhbət zamanı Eçso gözlərini qara geyimli nakradan və yaxasındakı nişandan çəkməmişdi. Bu baxışlar onun hafizəsində mənşəyini anlamadığı hadisələri canlandırırdı. Kimdir axı bu döyüşçü?
Etrak dərin bir nəfəs alaraq “Yaxşı oğlan, evinə get,” dedi.
Eçso, sanki çoxdandı bu sözü gözləyirmiş kimi, heç nə demədən dönüb oradan uzaqlaşdı. Meşədən çıxıb nakraları geridə qoyduqca axşamkı hadisəni daha çox xatırlamağa çalışdı. Xatırladıqca da tükürpərdici gecənin yaddaşında qoyduğu qorxunc anları gözlərinin önünə gətirdi. Nədənsə çox az müddətdir tanıdığı həmin qocanın ölümü ona təsir etmişdi. Elə hey özünə eyni sualı təkrar-təkrar verirdi: “Tanımadığım bir nəfər üçün niyə belə bir təhlükəyə atıldım?”
Eçsonun kəndə çatmağı çox çəkmədi. Hadisənin baş verdiyi yerin yaxınlığından keçərkən vidra cəsədlərinin olmadığını görüb təəccübləndi. Görünür qazzalar təmizlik işini müdafiədən yaxşı görürdülər. Kəndin darvazasından içəri girib qonaq qaldığı evə yönəldi. Günün doğuşu ilə kənd əhlisinin çoxu yaxınlıqdakı bostanda işləməyə getdiyi üçün, küçələrdə həmişəki kimi uşaq qaynayır, kəndin bəzi əldən düşmüş müdrik qocaları isə həyətlərindəki cavan ağaclara qulluq edirdilər. Onlardan bir neçəsi Eçsonun əhvalını soruşmağı ehmal etməmişdilər. Eçso getdikcə özünü qəribə və təhlükədə hiss edirdi.
Darvazadan içəri girdiyi andan mənşəyini bilmədiyi qəribə bir hiss, sanki ona “Qayıt, qayıt geri…” deyirdi. İsti havaya baxmayaraq bədəni az qala soyuqdan titrəyən Eçso, bütün bunların keçirdiyi ağır və qorxu dolu günün təsiri olduğunu düşünərək özünə hakim olmağa çalışırdı. Birdən o dayandı. Kiminsə onu izlədiyini, hətta nəfəsini boynunda hiss edib cəld geri baxdı. Heç kəs yox idi. Onu getdikcə bürüyən səbəbsiz şübhə hissi artıq qorxuya çevrilirdi.
“Eçso… Eçso!” deyə kimsə onu arxadan səslədi.
Eçso onu tanıyırdı, bu onunla yaxınlıq edən bir neçə gəncdən biri idi. Eçsodan iki yaş kiçik olan Dupra, yaşıdlarının əksinə olduqca iri görünürdü. İriliyi boydan çox eninə verən Dupra yenə yaşıdlarının əksinə günün bu vaxtında tarlada işləməyin yerinə, kəndin içində boş-boş gəzməyi və bir də yatmağı sevirdi.
“Nə olub Dupi?”
“Sən haradaydın? Elə bildim ölmüsən, hamı elə bildi. Deyirlər gecə vaxtı kənddən qaçmısan, heç kimə də heç nə deməmisən. Nə olmuşdu? Hara getmişdin? Deyirlər sənə vidralar hücum edib, yaralı deyilsən?” deyərək qayğıkeş baxışlarla dostunu aşağıdan yuxarı süzdü.
Eçso onu sakitləşdirərək “Narahat olma,” dedi kefsizcə, “mən yaxşıyam.”
“Səni qazzalar xilas etdi?”
Eçso tez vaxtda söhbəti dayandırıb buradan getmək üçün nakra mövzusunu açmadı, çünki onun ən az yarım gün sual verəcəyini bilirdi. Sadəcə, başı ilə təsdiqləyərək dönüb evə doğru irəlilədi.
Dupra “Bəs onda qazzalar səni niyə axtarır?” deyə yüksək səslə soruşdu.
Bu söz Eçsonu nədənsə çox qorxutdu. Ürəyi dəli kimi çırpınmağa başlamışdı. Çevrilib “Məni axtarırlar?” deyə soruşdu. “Niyə?”
“Bilmirəm, yəqin, axşamkı hadisə haqda soruşacaqlar,” deyərək getmək istədi, ancaq yadına nə isə düşüb dayandı. “Hə, bir də… onlar, buradakı mühafizəçilərdən deyil, daha çox müdafiəçilərə bənzəyirdilər. Yekə qılıncları və zirehləri var. Onları birinci dəfə idi ki, görürdüm. Səhv etmirəmsə, yüksək rütbəlilərdi, yəqin, onlar üçün vacib bir iş görmüsən,” deyə əlavə edib getdi.
Eçsonun ağlına gələn ilk şey, qadağan olduğu halda, kəndin xaricinə çıxmaq oldu. Səbəbi nə olursa olsun, həmin qanunun pozulmağı ciddi cinayət sayılırdı. Çünki ona görə vidralar hətta içəri də girə bilərdilər. Qazzaların həmin axşam kənddə olmamağını da üzərinə gəlsək, nə cür bir faciə baş verə biləcəyi dəhşətli idi.
Bunlara baxmayaraq Eçso özünə haqq qazandırmağa çalışaraq “Burada mənim heç bir günahım yoxdu,” deyə düşünürdü. “Mənim niyyətim, sadəcə yaşlı bir insanı xilas etmək idi. Əsas günah məndə yox, işlərinə gec gələn qazzalardadı.” Əgər bu cinayətə görə onu həbs etmək istəsələr şəxsi müdafiəsini bu cür hazırlamışdı. Ancaq nə qədər özünün haqlı olduğuna inansa da, ürək döyüntülərini sabitləyə bilmirdi. Eçso ən yaxşısının hələ dünən planlaşdırdığı kimi şimala qayıtmaq olduğuna qərar verdi.
Tələsik səyahət çantasını hazırlayıb, topladığı otları da ora yığaraq evdən çıxdı.
Eçso qapının ağzında ehtiyatla ətrafa boylandı. Onun getdiyinə fikir verəcək heç kəsi görmədi. Bir gün buradan qanun qaçağı kimi gedəcəyi heç ağlına da gəlməmişdi. Özünü bu cür adlandırmaq, ona utanc verirdi.
Heç nə olmamış kimi ehtiyat və sürət qarışıq addımlarla evdən uzaqlaşaraq çıxışa doğru gedən yolu izlədi. Yeriyərkən başını aşağı salsa da, girdiyi hər döngədə dayanaraq ətrafa nəzər yetirirdi. Qazzaların hər an onu tapa bilmə qorxusu ilə yol ortasından kənar durmamağa çalışırdı.
Eçso ona çox uzun gələn yolun böyük qismini keçmişdi. Kəndin çıxışı ilə arasındakı məsafə qısaldıqca üzündəki gülümsəmə daha da genişlənirdi. “Yəqin, mənim yenidən kəndə qayıtmayacağımı zənn edib gediblər,” deyə düşündü. Ən çətini qapıdan çıxmaq idi. Kəndin xaricində qazzaların onu tapma, tapsa belə tanıma ehtimalı çox az idi.
Qapı ilə arasında iyirmi addımlıq məsafə qaldıqda ayaqları sevincdən bu dəfə qaçmağa başlayırdı ki, arxadan qulaqbatıran “DAYAN!” səsi gəldi. Eçsonun üzünə gələn sevinc cizgiləri, heç bu qədər tez silinməmişdi. Arxaya dönərkən özünü müdafiə etməyə olduqca hazır görünürdü. Ancaq iri cüssəli, keçəl qazzanın qəddar sifətini görəndə bir anlıq nəinki müdafiəni, hətta adını belə unutdu.
“Adın nədi?” dedi keçəl qazza yaxınlaşaraq. “Səninlə deyiləm! Adın nədi?!” kükrəyərək təkrarladı.
Qorxudan kəlmələri boğazına düyünlənən Eçso, adı barədə yalan danışmağı ağlından belə keçirmədi.
Eşidilməsi mümkün olmayan səslə “Eçso,” dedi. Sonra yenidən “Eçso,” deyə təkrarladı yüksək səslə.
Qazza axtardığı gəncin qaçmağa cəhd göstərdiyini görüb bərk hirslənmişdi. Burnuyla elə şiddətlə nəfəs alırdı ki, az qala burnundan alov çıxacaqdı.
“Nədi qaçmaq istəyirdin?” qazza istehza qarışıq səs tonu ilə dedi.
Eçso yalvaran baxışlarla “Mənim heç bir günahım yoxdu,” deyə danışmağa başladı. “Xahiş edirəm… Burada səhv nə var axı? Mənim heç bir günahım yoxdu.”
Qazza bu sözlərdən bərk hirslənərək “Günahın yoxdu, bəs onda niyə qaçırdın?!” deyə qışqırdı. “Əgər qaçırsansa, deməli günahkar olduğuna özün də inanırsan.”
Eçso təlaşla “Yox, burada mənim bir günahım yoxdu,” deyə təkrarladı yenidən. “Mən, o qocanı xilas etmək istəyirdim. Əgər müdafiəçilər vaxtında gəlsəydi, bunların heç biri baş verməyəcəkdi. Burada səhvi mənim üzərimə atmaq düzgün deyil. Bir də ki, nəzarətçi hər şeyi görürdü, mən çıxdıqdan sonra qapını onsuz da bağlayacaqdı.” Eçso bu sözləri deyərkən bütün cəsarətini toplamışdı.
Keçəl qazzanın baxışlarından təəccübləndiyi açıq seçilirdi. Ancaq onun təəccübü gəncin son sözləri deyərkən cəsarətlə səsini yüksəltməyinə görə deyildi.
Qazza “Oğlan, sən nə danışırsan?” dedi. “Sən gecə kəndi tərk etdiyin üçün yox, yaşlı bir insanı bıçaqlayaraq öldürdüyün üçün günahlandırılırsan.”
Eçso çaşqınlıq içində donub qaldı. “Siz nə danışırsınız?” dedi. Eşitdikləri artıq ona zarafat kimi gəlməyə başlamışdı. “Mən… mən heç kəsi öldürməmişəm.”
Kəndin fərqli yerlərindən keçəl qazzanın yanına orta yaşlarda iki qazza da gəldi. Hər yerdə onu axtardılar. Digər qazzaların gəlməyi ilə az müddətlik sükutu keçəl qazzanın “Həbs edin!” kəlməsi pozdu.
Eçso döyüşçülərə dirənmək fikrində deyildi. Lakin bu qədər asan təslim olmağı da düşünmürdü. Adətən tez özlərindən çıxan qazzaları hirsləndirməmək üçün ehtiyatla və sürətlə danışırdı “Onu mən öldürmədim. O ki ekro idi. Mən bir ekronu necə öldürə bilərəm axı? Əksinə, mən onu xilas etməyə çalışırdım. Bizə vidralar hücum etdi. İstəyirsiniz Mudidən soruşun… nəzarətçidən soruşun, onu vidralar öldürdü, mən yox.”