banner banner banner
Mövcudluq mübarizəsi
Mövcudluq mübarizəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Mövcudluq mübarizəsi

скачать книгу бесплатно


Fadimə bacı yenə qızardı, səsi də qayğılı bir hal aldı. Heyf, çarəsizdi.

– Sənin yanına gəlişimin səbəbi budur. İbtidai sinfi bitirib. Oxuması üçün rəhmətlik vəsiyyət edib. Biz kasıb adamlarıq. Deyirlər, İstanbulda İmam-Xətib məktəbi var. Kəndimizin müəllimi ora qeydiyyata düşməyimizi tövsiyyə etdi. Pulsuzdu.

– Uşağın biliyi var? Hər uşağı ora götürmürlər.

– Müəllimi keçəcəyini deyir.

Lütfü əfəndi, “Nə edə bilərəm?”– deyə düşündü. Yusifin yadigarı olan bu uşağa kömək etmək istəyirdi.

Anasına yapışmış Muradın işıldayan gözlərinə baxdı. Ürəyində hərarətli duyğular baş qaldırdı. Dodağındakı yaş, sönmüş siqareti atdı.

– İmam-Xətib məktəbinə ərizə yazım. Məktəbə kömək edən cəmiyyətin idarə heyətində bir əsgər yoldaşım işləyir. Müraciətimizlə maraqlanması üçün ona da bir ayrı məktub yazaram. Əgər qismətdə varsa, alınacaq.

Siyirməsindən çıxartdığı kağızı yazı makinasına yerləşdirdi, nazik boynunu uzadıb yazmağa başladı. İkinci kağızı yerləşdirdi. Sonra zərflərin üstünü yazdı. Kağızları zərfə qoyaraq səliqə ilə bağladı.

– Öz ünvanımı yazdım. Qəbul haqda cavab gəlsə, kəndə göndərərəm. Bir xəbər çıxmasa da, nə edə bilərik, qızım…

Zərfləri Fadimə bacıya verdi.

– Bunları yubanmadan poçtla göndər. Birdən poçtu tanımazsan?

Özü də çölə çıxıb, əliylə işarə etdi:

– Bax, bu sarı bina.

– Sağlıqla qal, əmi.

Fadimə bacı əli irigüllü, damalı yubkasının içində, şübhəli addımlarla yeriyir, Murad sağa-sola baxaraq anasının arxasınca gedirdi. Lütfü əfəndi arxalarınca baxıb başını ümidsizcəsinə yelləyərək, “İnşallah”– dedi.

* * *

Fadimə bacı sirrini Muradın oxumasını istəyən, ona yol göstərən müəllimindən də gizlədirdi. Dul olaraq nəyinə güvənib oğlunu oxutmaq istəyirdi?! Biri eşitsə, kəndə yayılar, insanı lağa qoyub, ləqəb qoşardılar. Bu, onu məzara göndərməkdən daha betər idi. Murada da ilişəcəklərindən qorxurdu. Belə gülünc ləqəblər oğuldan-oğula nəsillər boyu uzanıb getmirdimi?!

Rayondan gələnlərə həyəcanla baxır, ancaq nəyisə gözlədiyini hiss etdirməmək, diqqət çəkməmək üçün özünü o yerə qoymurdu. Günlər keçirdi, nə məktub, nə də bir xəbər gəlirdi. Bədbin fikirlərə dalırdı… Məktubu alan adam, bəlkə, içindəkini oxuyub, sonra cırıb atmışdı?! Kənd yeridi, heç kimin gözü bir-birini götürmürdü. Hələ dul qadının uşağının irəli getməsini kim istəyərdi ki?

Rayona gedib Lütfü əfəndini görməyi düşünürdü. Ancaq heyf ki, işləri çox idi. Qış uzaqda deyildi, artıq qardan əvvəlki səhər qırovları düşməyə başlamışdı. Qar Təpəköyə yağanda dayanmaq bilmirdi. Üst-üstə yağır, aprel ayına qədər hər yer ağappaq olurdu.

İşa namazından sonra əllərini göyə açdı: “Rəbbim, sən utandırma. Bizi ərlərimizə itaət üçün yaratdın. Fağırıq, bu qapını bağlasan, Murad oxumayacaq. Yusifin əhdini yerinə yetirməmiş olacam. Məni günahakar qullarından etmə” – deyib əllərini üzünə çəkəndə bir neçə damla yaş ovuclarını islatdı.

* * *

Meşədə quru odunları arabaya yüklədi. Öküzlərin noxtaları Muradın əlindəydi. Fadimə bacı həm dəyənəyi ilə öküzləri dürtməkləyir, həm də təhlükəli yerlərdə arabanı tuturdu. Yamaclarda arabanın bir və ya iki təkərini bağlayır, toz buludu ilə düşürdülər.

Kəndin girəcəyinə çatanda Murad qapılarının qarşısında bir jandarmın durduğunu gördü. “Nə oldu, görəsən?” qorxusuyla kürəyini boyunduruğa dayayaraq:

– Oha, oha, – dedi və arxada qalan anasına tərəf döndü.

– Niyə dayandın?

– Qapıda jandarm var!

Fadimə bacı vəziyyəti anlamaq üçün gecikmədi.

– Sən arabanı sür, gəl.

Qaçarkən, sanki ürəyi yerindən çıxacaqdı. Yaxınlaşanda yavaşıdı, tez-tez nəfəs alaraq yaylığını düzəltdi.

– Jandarm bəy, xeyir ola?

– Bir iş üçün bu kəndə gəlmişəm. Məhkəmə vəkili Lütfü əfəndi bir məktub göndərib. Yusifin arvadı Fadiməyə çatacaq.

– Mənəm.

Cibindən məktubu çıxarıb verdi.

– Allah amanında.

İçi-içinə sığmayan Fadimə bacı tez məktubu açıb, oxutmaq istəyirdi. Həyəcanına rəğmən bir bəhanə tapdı:

– Qardaş, yorğunsan, bir ayran verim, iç.

Jandarma geri qayıtdı.

– Yaxşı olardı, bacı.

Evə girdi, səhər çalxaladığı ayrandan tasa tökəndə ağlında bu sözlər fırlanırdı: “Görəsən, nə yazılıb?”

Ayranı içən jandarma “Allah amanında” deməyə imkan vermədən məktubu uzatdı.

– Nə yazıldığını oxuya bilərsən?

Jandarm zərfi cırdı, əvvəlcə sakitcə gözlərini gəzdirdi, məktubu Fadimə bacıya verəndə də:

– Oğlunuz İstanbul İmam-Xətib məktəbinə müraciət edib, – dedi, – qəbul olunub, sentyabr ayının iyirmi dördündə İstanbulda olmalıdı. Haydı, salamat qalın.

Sevincindən başını itirdi; nə deyəcəyini, nə edəcəyini bilmədi. Arabanı qapıya gətirən Muradın çiyinlərindən tutub silkələdi:

– Alındı, oğlum, Allah üzümüzə baxdı, səni məktəbə qəbul etdilər, – dedi.

Gözləri gülən Murad necə reaksiya verəcəyini bilmədi, ancaq bir azdan anasının sevincinə qoşuldu. Fadimə bacının həyəcanı azalası deyildi. Öküzləri tövləyə bağlayanda: “Bir dəfə də müəlliminə oxudum, artıq ziyanı olmaz, dəqiq olsun. Jandarm, bəlkə, səhv oxuyub. Yox, canım, niyə səhv oxusun ki? Yenə də oxudum” – deyə öz-özünə danışırdı.

Müəllim məktəbin bağçasındakı söyüdün kölgəsinə oturacaq qoyub əyləşmiş, axşamın ilıq küləyinin dadını çıxarırdı. Fadimə bacını və Muradı görəndə gülümsədi. Başını aşağı salıb namusuyla, öz halal zəhmətilə yaşayan Fadimə bacıya hörmət edirdi. Muradı da sevirdi. Yaşına görə ağırtəbiətli, sinfinin ən fəal şagirdi idi.

– Nədir o, Fadimə bacı?

Qadın əlindəki məktubu uzatdı. Murad utandığından anasının arxasında dayanmışdı. Müəllimi məktuba bir az baxdıqdan sonra sevincindən qəhqəhə çəkdi.

– Fadimə bacı, “Qərib quşun yuvasını Allah qurar” deyiblər. Muradı İmam-Xətib məktəbinə qəbul ediblər. Sentyabr ayının iyirmi dördündə orda olmalıdır. Nəbadə gecikməyin.

Müəllim oturacaqdan qalxdı. Anasının arxasında gizlənən Muradın çiyinlərindən tutdu.

– Bax, işlə haa. Ananın rahatlığını təmin et. Vətənə, xalqa xidmət et, məni də unutma, yaxşı?

Muradın tərli yanaqlarından öpdü.

* * *

Xəbər tezliklə bütün kəndə yayıldı. Kimlərsə Fadimə bacını tərifləyirdi: “Qadın belə olar. Gənc yaşında dul qalsa da, nə namusuna söz gətirdi, nə işini düzdə buraxdı. Oğlunu oxutmağa çalışır. Bacardı da… Muradı getdikdən sonra əli qoynunda qalacaq, bunu da gözə alıb”. Paxıllar da az deyildi: “Bu qadın uşağı nə ilə oxudacaq? Camaatı özünə güldürəcək!” – deyənlər də vardı.

İşlər azaldığından üç gündü ki, “Kənd otağı” açılmışdı. Bu axşam alaqdan, toxumdan, əsgərlikdən danışan olmadı. Yusifdən, Fadimə bacıdan, Muraddan danışdılar.

Qoca Molla İbrahim titrək barmaqları ilə tütün qabından çıxardığı tütünü bükərək:

– Səksən üç yaşımı gilas ayında tamamladım, – dedi, – hərb gördüm, zərbə gördüm, nə yalan söyləyim, Allahın bildiyini bəndədən nə gizlədim? Fadimə bacının bacardığı mənim əlimdən gəlməz.

Qapının arxasında oturan Yaqub Veysəl, Molla İbrahimin nə demək istədiyini anlamışdı. Guya heç nədən xəbəri yoxmuş kimi soruşdu:

– Nə edib ki, Fadimə bacı?

– Nə edəcək?! Qadın oğlunu məktəbə qoydu. Hansımız etmişik? Ağlımızın ucundan belə keçməyib. Bir məmur görən kimi bu boyda saqqalla qarşısında az qala əyilmiş vəziyyət alırıq. Övladlarımız da belədi, nəvələrimiz də belə olacaq.

– Narahat olma, İbrahim əmi, oxuda bilməz! Oxutmaq asandı? Pul lazımdı bununçün, Fadimə bacıda hardandı bu güc? Həvəsdi də, başlayıb, sabah sönüb yarımçıq qalacaq.

Molla İbrahim başını yellədi, ağ hörmə fəsinin altında qəzəblə qaşlarını çatdı.

– Veysəl, Veysəl! Oxuyacağı üçün narahat olmuram, sevinirəm. Eşitdiyimə görə, məktəb pulsuzdur. Yeməyi, içməyi məktəb verəndən sonra nə var ki?

– Təbilin səsi uzaqdan xoş gəlir. Kitab, dəftər, zir-zibil pulu, bunların hamısına yenə də güc lazımdı. Dul qadında o güc hardandı?! Uşaq da axmağın biri, oxumaz.

– Eh, ay Veysəl! Bax, elə bu qonşu arasındakı paxıllıqdı da bizi bu hallara salan. Kimsə xeyirli bir iş edirsə, başqası onu yıxmağı özünə vəzifə bilir. Uşaqlığımda kənd necəydisə, indi də elədi. Nə olar ki, bizlərdən də bir adam çıxsa… Pis olar?

– O vaxta qədər kim ölə, kim qala…

Molla İbrahim siqaretindən bir qullab alıb, qalın tüstünü burun deşiklərindən buraxırdı.

– Oğul, gün dediyin nədir ki, gəlib keçər, xəbərin olmaz. Yaşadığım səksən üç il indi mənə kibrit çöpünün yanması qədər qısa gəlir. Biz görməsək də, oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Bunların heç biri görməsə, Məhəmməd ümmətindən kimsə görər.

Ona kömək etməliyik ki, heş olmasa, edəcəyi savablardan bir azı da bizim məzarımıza çatsın.

– Oxuya bilməz, İbrahim əmi!

Molla İbrahim əsəbiləşdi.

– Niyə oxumur?! Oxuyanın buynuzu olur?

* * *

Hüznlü günorta günəşi yumşaq şüaları ilə Təpəköyün dağını, daşını işıqlandırır, qış yuxusuna hazırlaşan təbiət gündən-günə rəng dəyişirdi. Evinin üçpilləli pilləkənində oturub torba tikən Fadimə bacı da payızın hüznündən təsirlənmişdi. Müxtəlif fikirlər arasında əlindəki kolenkoru dizlərinə qoyub qarışla enini, uzunluğunu ölçür, dolu halını hazırlamağa çalışırdı. Muradın alt paltarlarını onun içinə qoyacaqdı.

– İşin irəli, ay bacı.

Başını qaldıranda qarşısında Yaqubun Veysəlini gördü.

– Sağ ol, Veysəl qardaş.

– Məktəb hazırlığı görürsən, yəqin?

– Belə də, əlimdən gələni.

– İndiki zamanda uşaq oxutmaq çətindi, necə başa çıxacaqsan? Həm də tək qalacaqsan.

– Rəhmətliyin vəsiyyətidir, nə edim? Hər şeyə dözməliyəm. Rəhmətliyin gedişi ilə qadınlığımız bitmədi ki!

– Allah köməyin olsun! Aran tarlanı satacağını eşitdim. Tarlamın kənarındadı, mənə münasib yerdi.

Yaqubun Veysəlinin bu yerdə gözü vardı. Həm geniş və düz, həm də kəndin ən məhsuldar tarlasıydı. Fadimə bacı buğdasının çoxunu ordan götürürdü.

– Yox, Veysəl qardaş, “tarlalarıma, evimə toxunmayın” – deyə rəhmətlik son günlərində tez-tez söyləyərdi. Ora necə əl vura bilərəm?

Yusif də hər Anadolu insanı kimi torpağına bərk-bərk bağlıydı, ən ağır vəziyyətlərdə belə, onu düşünürdü. Cahillik ucbatından gözəl tarlalar satılardısa, sonra uşaqların halı necə olardı?

– Necə istəyirsən, bacı, satsan mənə xəbər etməyi unutma.

– Sağlıqla qal, Veysəl qardaş.

* * *

Sübh tezdən camışların yeməsi üçün axşamdan qabaqlarına ot-əncər qoydu. Molla İbrahimin oğlu Süleymanla tezdən yola çıxacaqdılar, Fadimə bacı rayondan araba ilə geri qayıdacaqdı.

Qış yaxınlaşanda Anadolunun bir çox insanları kimi Süleyman da işləmək üçün qürbətə gedirdi. Molla İbrahim təmiz qəlbli, nurlu bir insan idi, oğlu Süleyman da ona oxşayırdı. Bu qarşılaşmaya Fadimə bacı çox sevinmişdi. Murad hələ balaca idi, yol-yolağa bilmirdi, yəqin, məktəbini tapmazdı. Bu boyda İstanbula onu necə göndərəcəkdi?

Muradın əlindən tutub gedir – hardan getdiyini, hara gəldiyini bilmirdi. Qorxdu, geriyə qayıtmaq istədi, lakin dayana bilmədi. Murad sakit idi, onunla danışsa sakitləşəcəkdi, çox heyf ki, səsi gəlmirdi. Qəbiristanlıqdakı salxım söyüdün yarpaqlarının alışdığını gördü. Yaxınlaşdıqca, alov yüksəlirdi. On dörd gecəlik ayın üzünə oxşayırdı. Qayıtmaq istədi, ancaq ayaqları sözünə baxmadı, alova tərəf getməyə davam etdilər. Yaxınlaşanda Yusifi tanıdı: gülürdü. Ürək oxşayan səsiylə: “Qorxmayın! Mənə tərəf gəlin, Muradımı görüm. Məni unutmasın” – dedi. “Yusif” deyən kimi parlaq üzü qaranlıqda əridi.

“Bismillah”la oyandı, Muradın balaca bədənini yorğanın üstündən sığalladı.

– Qalx, oğlum.

Qaranlıqda Murad gözlərini ovuşdururdu.

Fadimə bacı əlinin köməyi ilə kibriti tapıb şamı yandırdı. Yatağın altında kəsəri axtaranda Murad təzə paltarlarını geyindi. Kəsəri tapdı, qatranları nazik-nazik böldü, uzunasına alışdırdı və Muradın əlini ovcuna aldı.

– Haydı, oğlum, atanın məzarına gedək.

Yüngül meh qatranın alovunu uzadırdı. Fadimə bacı ovcundakı əldən Muradın titrədiyini hiss etdi. Ona da ürpəşmə gəlmişdi.

– Qorxma, oğlum.

– Niyə qorxum? Orda atam yatır.