скачать книгу бесплатно
– Bəs birdən Fişgetdin bəyin qardaşı oğlu çıxsa, onda necə olar?
***
Xadimə qadının iki gözü çeşmə olmuşdu. Səbəbini soruşduqda məlum oldu ki, Təkin bəy “səninlə evlənəcəyəm” deyə idarədə işləyən dörd qızın başına gətirdiyi işi onun da başına gətiribmiş. Qızlara çox acığım tutdu, onları danladım:
– Görünür, elə siz onun belə rəftarına hazırmışsınız! Gözləyirmişsiniz ki, bu hərif gəlsin və sizi belə aldadıb biabır etsin!
Qızlar da polisə şikayət etmək fikrində olduqlarını dedilər. Ancaq Fişgetdin bəydən qorxduqları üçün bunu edə bilmirdilər. Sonra məlum oldu ki, Təkin bəy dəftərxanadakı dul bir qadına da evlənmək vədi verib on min lirəsini əlindən alıbmış.
İşə gəlməsi heç altı ay olmamışdı. Amma o, idarənin altını-üstünə çevirmişdi. Aldatmadığı, kələk gəlmədiyi adam qalmamışdı. Bir iş üçün idarəyə gələn vətəndaşlardan tutmuş müdirə qədər hərəyə bir badalaq gəlmişdi.
Nəhayət, idarənin bütün əməkdaşları toplanıb bu bəlanı başımızdan necə rədd etmək yollarını müzakirə etdik. Hamı ondan şikayət etdi. “Səni məmur vəzifəsinə təyin etdirəcəyəm” deyə qapıçının iki yüz lirəsini əlindən alıbmış. Müdir müavininin evində hoteldəymiş kimi iki ay yaşamış, sonra onun xalçasını və radiosunu oğurlayıb satıbmış… Fişgetdin bəyin qardaşı oğlu olmasından qorxub heç kəs bu günə qədər çınqırını çıxarmamışdı. Yoldaşlardan biri: “Belə tərbiyəsiz adam heç vaxt Fişgetdin bəy kimi tanınmış bir şəxsin qardaşı oğlu ola bilməz”, – deyə inad etdi.
– Aramızdan bir nümayəndə seçib Fişgetdin bəyin yanına göndərək… Bu yolla Təkinin onun qardaşı oğlu olub-olmadığını öyrənə bilərik.
Son qərarımız belə oldu.
Biz bu qərara gələndə xəbər tutduq ki, Fişgetdin bəy idarəmizə gəlməyə hazırlaşır. Hə, indi hərifin vay halına! Onun bütün saxtakarlıqlarının üstü açılacaq. Fişgetdin bəy onu görən kimi işi bitəcək. Biz hər cür hazırlığı başa çatdırdıq. Onu dərhal tutub polisə verəcəkdik.
Müştaq bəy:
– Yox… bu azdır, – dedi. – Onun üzünə iki dəfə tüpürmədən polisə vermərəm.
Müdir müavini:
– Mən də onu yaxşıca əzişdirəcəyəm, – dedi.
Onun aldatdığı qızlardan biri çantasında şiş dabanlı bir tufli gəzdirirdi. O bu tufli ilə hərifin başına vuracaqdı. Beləliklə, hərə özünə görə bir hazırlıq görmüşdü. Mən bunu hiss edib:
– Nə edəcəksinizsə edin! – dedim. – Ancaq amanın günüdür, onu şikəst etməyək.
Mənim də öz planım vardı. Stolumun üstündə yarımlitrlik bir mürəkkəb şüşəsi hazır dururdu. Onu hərifin başına tökəcəkdim. Fişgetdin bəyin idarəmizə gələcəyini öyrənərsə, hərif buraya ayaq basmaz deyə bu məsələni ondan gizlədirdik. Fişgetdin bəyin gələcəyi günü Təkinin də orada olması üçün müxtəlif tədbirlər gördük.
Nəhayət, Fişgetdin bəy gəlib çıxdı. Təkin də bu vaxt bizim otaqda idi. Müdir bir yol tapıb Fişgetdin bəyi bizim otağa gətirəcəkdi. Hamı həyəcan içində idi. Hər kəs hazırlığını başa çatdırmışdı. Çayçı bir vedrə su qaynatmışdı. O bu qaynar suyu Təkin bəyin başına tökəcəkdi. Biz polis idarəsinə də xəbər vermişdik və oradan üç polis gəlmişdi. Onlar hərifi tutub aparacaqdılar.
Nəhayət, Fişgetdin bəy ətrafında müdir və müavini bizim otağa gəldi. İdarəmizin bütün əməkdaşları da qapının arxasına yığışıb gözləyirdilər. Kiminin əlində zopa, kiminin əlində süpürgə…
Fişgetdin bəy içəri girər-girməz Təkin yerindən sıçrayıb ona tərəf cumdu və əlini öpdü. Fişgetdin bəy:
– Sağ ol, oğlum! – dedi.
Təkin:
– Əmidostum necədir, yaxşıdırmı? – deyə soruşdu.
– Allaha şükür, yaxşıdır, hamı canına duaçıdır.
Təkin:
– Əmidostum mənə nə qədər “Təkin, evə gəl, qonaq ol” deyir. Amma heç cür vaxt tapıb gedə bilmirəm. Əmidostumun yanında üzüqara oldum. Məni buraya qulluğa düzəltdiyiniz gündən inanın ki, boş vaxtım olmur.
Fişgetdin bəy bir Təkinə baxdı, bir müdirə:
– Siz necə, Təkindən razısınızmı? – deyə soruşdu.
Müdir:
– Çox razıyam, əfəndim! – dedi.
– Şöbə müdiri kimdir?
Müdir məni göstərdi.
Fişgetdin bəy:
– Necədir, Təkin işin öhdəsindən yaxşı gəlirmi?
– Ah, əlbəttə!
Çölə çıxdılar. Onlar qapıdan çıxanda Təkin Fişgetdin bəyin əlini bir də öpdü. Biz yerimizdəcə quruyub qaldıq.
İki ay sonra Təkinin vəzifəsi böyüdüldü.
Dünən o, yüz lirə versəm, mənə həkimdən biraylıq işdən azadolma kağızı düzəldəcəyini söylədi. Bilmirəm bu pulu ona verim, ya yox. Bu haqda fikirləşirəm.
Tərcümə edəni: Yusif Şirvan
VƏTƏN BORCU
Həbsxanaya vəlvələ düşmüşdü, təzə xəbər kameradan-kameraya yayılırdı:
– Xəbərin varmı, Vazelin Ehsan tutulub.
– Qardaş, Vazelin Ehsan kimdir axı?
– Siz cavanlar onu tanımazsınız! Onun qılıncının dalı da, qabağı da kəsəndə siz hələ ananızın qucağında idiniz.
Vazelin Ehsan əvvəlcə iki həftə xüsusi təcridxanada saxlanıldı. Sonra onu ikinci şöbədəki kameralardan birinə köçürdülər. Orada məşhur dələduzlar saxlanılırdı. Ehsanın keçmiş dostları, köhnə cinayətkarlar onu tanıyırdılar.
– Xoş gəlmisən, Ehsan ağabəy![4 - Ağabəy (qısa şəkildə – abi) – böyük qardaş, dadaş deməkdir. Türkiyədə özündən yaşlı adamlara müraciətdə də işlədilir.]
– Ehsan ağabəy, nə üstündə tutuldun?
Kameradakılar çay içirdilər. Vazelin Ehsan çay məcməyisinə saymazyana bir yüzlük atdı. Təzədən çay dəmləndi. O da necə yaxalandığını danışmağa başladı:
– Vallah, desəm, sizə çox gülməli gələcək, inanmazsınız. Mən özüm də heç inana bilmirəm. Kimə, kimə, daha mənə yox da… Əlli yaşım var, saçım-saqqalım ağarıb, ancaq heç belə oyuna düşməmişdim. Bu dəfə mən vətəndaşlıq borcumu yerinə yetirmək üstündə yaxalanmışam! Vətənim üçün çalışmışdım!..
Siz bilirsiniz ki, mən çayxana işlədirəm. Bir dəfə polis idarəsindən iki nəfər yanıma gəlib dedi: “Bizimlə polis idarəsinə gedəcəksən”. Köhnə polis işçilərinin hamısını tanıyırdım. Təzələri ilə, əlbəttə, işim olmamışdı. Gedək deyirsiniz, gedək də… Soğan yeməmişdim ki, içim göynəsin. İdarəyə girəndə nə görsəm yaxşıdır?! Şirin Heydər polis idarəsində, yuxarı başda oturub. Mənim vaxtımda o, xəfiyyədə işləyirdi, indi isə baş komissar olmuşdu… Onun bir gözü azca çaş baxırdı və nəzərləri mülayim olduğu üçün hamı onu Şirin çağırırdı. Ancaq əslində, Allah da bilir ki, o, istiotdan acıdır.
Mən Şirin Heydərdən soruşdum:
– Qardaş, mənlə işin vardı? Məni çağırtdırmısan?..
– Əyləş, Ehsan, – dedi və oturmaq üçün stul göstərdi.
Əlbəttə, o dəqiqə barmağımı dişlədim, başa düşdüm ki, burada nə isə bir iş var. Mən Heydərin şakərinə yaxşı bələdəm. Əgər səndən keçəsi bir işi yoxsa, heyvan kimi üstünə şığıyacaq, təpik və şapalağı işə salacaq.
Mən onun göstərdiyi yerdə oturdum.
O mənə “Səndən bir şey istəyirəm” deyəndə qanım qaraldı. Məndən nə istəyə bilərdi?! Axı mən axırıncı işdən sonra bu polislərin hamısı ilə halalcasına hesablaşmışdım. Öz payıma düşən məbləğə də çayxana açmışdım.
– Ağabəy, – dedim, – özün bilirsən ki, axırıncı məsələ zamanı hər kəsin haqqını tamam-kamal vermiş, sənin sayəndə xilas olub keçmişimlə tamamilə üzülüşmüşdüm. Bütün köhnə haqq-hesablar ödənilib. Vaxtı da keçib. İndi məndən nə istəyirsən?
O mənə qulaq asdıqdan sonra dedi:
– Köhnə haqq-hesab çürüdülüb, necə deyərlər, keçənə güzəşt deyiblər. İndi sənə başqa bir işimiz düşüb. Biz səni çağırmışıq ki, vətəndaşlıq borcunu yerinə yetirəsən, vətən üçün çalışasan.
Öz-özümə fikirləşdim ki, görəsən, bu vətəndaşlıq borcu nə deməkdir? Hərbi xidmətdir? Əlbəttə! Demək, məni çağırıblar ki, orduya xidmətə göndərsinlər?
Şirin Heydərə dedim:
– Başına dönüm, qardaş, ayaqlarının altında ölüm, mən öz vətəndaşlıq borcumu vermişəm axı. Altı il donanmada xidmət etmişəm. Lap axırıncı gününədək.
Mən bu sözləri dediyim zaman Heydər əmr etdi ki, çay gətirsinlər, məni siqaretə də qonaq elədi. Başa düşdüm ki, onlar “vətən borcu” sözü altında məndən nə isə qoparmaq istəyirlər.
– Qardaş, – dedim, – əgər ürəyində başqa bir şey tutmusansa, açıq de. Bacardığım işdirsə, məmnuniyyətlə yerinə yetirərəm. Çayxanam da elə bil mənim deyil, lap sənindir…
Şirin Heydər dedi:
–Yox, canım, bu nə hərbi xidmət məsələsidir, nə də çayxana… Vətənin sənə başqa tapşırığı var. Sən indi ölkəmizin və hökumətimizin şərəfini qorumalısan… Hökumətin sənə işi düşüb.
Mən dedim:
– Əzizim, gəl sən məni dolama. Mən nə karəyəm ki, bizim qüdrətli hökumətimizin mənə, köhnə bir cibgirə ehtiyacı olsun, ona işi düşsün!
Şirin Heydər cavab verdi:
– Elə demə, bu, hökumət işidir, bilmək olmaz. Elə vaxt olur ki, o, istədiyi vətəndaşını köməyə çağırır.
– Baş üstə, – dedim, – əgər söhbət vətəndaşlıq borcundan gedirsə, mən hər dəqiqə hazıram, desən ki öl, ölərəm də…
Şirin Heydər məsələnin nə yerdə olduğunu mənə başa saldı:
– Bizim ölkəyə müxtəlif dövlətlərin nümayəndələrindən ibarət böyük bir heyət gəlib. Onların içərisində amerikan, alman, danimarkalı, fransız da var. İçərilərində tacirinə, həkiminə, professoruna da, bir sözlə, hər sənət sahibinə rast gəlmək olar. Bizə kömək etmək üçün ölkəmizi öyrənmək istəyirlər. Ancaq nümayəndə heyəti hər yerdə qayda-qanunsuzluğa rast gəlib və gördüklərinin heç biri xoşlarına gəlməyib. Meşə təsərrüfatı ilə tanış oldular, xoşlarına gəlmədi. Səhiyyə işlərini öyrəndilər, o da həmçinin. Zavodlara baxdılar, yenə xoşlarına gəlmədi… Bir sözlə, çox pərtlik oldu. İndi hökumət qərara alıb ki, nə olursa olsun, elə bir şey düzəltmək lazımdır ki, bu, əcnəbilərin xoşuna gəlsin. İndi, Ehsan bəy, iş sənə qalıb. Vətənin tapşırığını yerinə yetirməlisən.
Mən belə başa düşdüm ki, hökumət əcnəbiləri heç bir şeylə razı sala bilməyib, indi qərara gəlib ki, bizdə oğurluğun yüksək səviyyədə olduğunu onlara göstərsin. Buna görə də bu işi mənə tapşırırlar…
– Mən səni başa düşdüm, Heydər bəy, – deyə cavab verdim. – Yəni göstərmək istəyirik ki, bizdə başqa şeylər zəifdirsə, oğurluq çox yüksək səviyyədədir.
– Sən təxminən düz başa düşmüsən. Əcnəbilərə göstərməliyik ki, bizim güclü polisimiz var və o, çox gözəl işləyir…
– Bu, çətin işdir… – dedim.
– Hə, əlbəttə, – o mənim sözümü təsdiq etdi. – Elə buna görə də səni çağırmışıq… Sən indi özünü köhnə cinayətkar, məşhur cibgir, öz işinin ustası kimi göstərməlisən.
Mən soruşdum:
– Necə yəni? Başa düşmədim?
O məni başa saldı. Dedi ki, nümayəndə heyətinin qaldığı mehmanxananı, orada yaşayanları mənə göstərəcəklər. Mən də, öz növbəmdə, onların cibində Allahın olanından nə varsa, hamısını “təmizləməliyəm”… Əlbəttə, sonra hay-küy qopacaq və hamı polis idarəsinə yüyürəcək. Polis idarəsində isə onlara deyəcəklər: “Heç narahat olmayın, bizdə güclü polis var, yaxşı işləyir, beş dəqiqənin içərisində biz dələduzu taparıq!” Mən çırpışdırdığım şeyləri dərhal polis idarəsinə gətirəsi olduğum üçün zərərçəkənlər öz şeylərini yerli-yerində alacaqlar. Polis nəfəri də əlini papağına aparıb deyəcək: “Buyurun, şeylərinizi alın!”
Əcnəbilər də, əlbəttə, səfeh adamlardır, öz aralarında deyəcəklər: “Əhsən! Bax belə işləyərlər!”
Mən dedim:
– Bacarmaram, Heydər bəy, əlim gəlməz.
– Nə üçün?
– Əvvəla, ona görə ki bu peşəni çoxdandır tərk etmişəm. Əlim vərdişdən qalıb, bacarmaram…
– Bu barədə narahat olma, bacararsan… – O məni arxayınlaşdırdı.
Mən dedim:
– Tövbə etmişəm, Heydər bəy! Cavanlar içərisində çoxlu cəld işləyən cibgirlər var. Onlar vətən qarşısında bu borcu məndən daha yaxşı yerinə yetirərlər.
– Yeniyetmə cibgirlərin südü çürük olur. Onlara bel bağlamaq olmaz. Oğurlamağına oğurlayarlar, ancaq polis idarəsinə heç bir şey gətirməzlər. Sonra get axtar görüm haradan tapacaqsan!.. Sonra əcnəbilərin qarşısında da biabır olarıq, polisin adı bədnam çıxar. Bizə sənin kimi namuslu cibgir lazımdır.
– Əzizim, etimadına görə çox minnətdaram, ayaqlarını öpməyə də hazıram, ancaq bu işi bacarmaram.
– Özün bilərsən, Ehsan, ancaq sonra öz bəxtindən küs. Çayxanana basqın eləsələr, bizdən incimə. Biz bilirik ki, orada qumar oynayırlar. Tiryək də alıb-satırsan. Özün bilən yaxşıdır…
Gördüm ki, yaxamı qurtara bilməyəcəyəm, razı oldum. Dedim:
– Ancaq qardaş, mən vətən qarşısında borcumu müftə yerinə yetirməyəcəyəm… Tutaq ki, qəniməti gətirib qaytardım, bunun əvəzində mənim əlmuzdum nə olacaq?
Şirin Heydər hirsləndi və üstümə çığırdı:
– Sənə vətəndaşlıq borcu barədə deyirlər, sən isə tamah güdürsən!
– Hirslənmə, əzizim. Sən də polisdə işləyib vətəndaşlıq borcunu yerinə yetirirsən, ancaq hər ay sənə bala-bala maaş da gəlir. Məclis deputatı da öz borcunu maaşsız yerinə yetirmir. Dostluq öz yerində, iş də öz yerində…
Heydər dilləndi:
– Yaxşı, birtəhər yola verərik. Çayxananda nə istəsən, eləyə bilərsən, göz yumarıq… Ancaq unutma: nümayəndə heyətindən çırpışdırdığın qəniməti o dəqiqə mənə çatdırarsan.
– Oldu…