скачать книгу бесплатно
– Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?..
– Lənət sənə, kor şeytan. Heç yeridirmi? – dedim və yoluma davam etdim.
Orada bir çayxana var. İçəri girdim. Üst-başımdan su sızırdı. Bir çay istədim. Yanımda da şillə vurduğum bu adam oturub qəzet oxuyurdu. Mən bu vaxt öz-özümə “Yarəbbi, mənim halım necə olacaq? Axırımız haraya gedib çıxacaq?” – deyə düşünürdüm. Mən bu fikirdə ikən həmin adam əlindəki qəzeti qəzəblə kənara atdı:
– Bəli, – deyə bağırdı. – Ölkə uçuruma yuvarlanır!
Onun da mənim kimi dərdli olduğunu zənn etdim. Fikirləşdim ki, söhbət edərik, dərdimizi bir-birimizə açarıq:
– Cənab, nə olub? – deyə soruşdum. – Bağışlayın, işinizə qarışıram, niyə hirsləndiniz?
O, yenə hərarətlə:
– Daha nə olacaq ki! – dedi. – Ölkənin bir sahibi yoxdur, canım! Namusuma and olsun ki, sahibi yoxdur!
Ondan sonra daha nə olduğunu deyə bilmərəm. Vallah, heç özüm də başa düşmürəm, komissar bəy! Mən ömrümdə heç kəsə çırtma belə vurmamışam. Amma necə oldu, bilmirəm. Bədənimdə sanki bir düymə basıldı, oraya elektrik qüvvəsi buraxıldı, bu sağ əlim birdən havaya qalxdı. Hərifin üzünə bir şillə çəkdim. Bunu inkar etmirəm. Vurdum, amma qəsdən yox. İradəmdən xaric bir işdi, baş verdi.
Komissar şillə yemiş adama baxdı və dişlərini qıcıdaraq bir-birinə sıxdı. Sonra sağ ovcunu qaşımağa başladı və cüssəli adama:
– Haydı, uzatmayın, barışın! – dedi.
Cüssəli adam:
– Barışmaram! – deyə inad etdi.
Komissar makina arxasındakı polis nəfərinə:
– Onda yaz! – dedi. – “Şikayətçi: “Ölkə uçuruma yuvarlanır, ölkənin sahibi yoxdur” deyərək…”
Cüssəli adam bu sözlərin komissarın dilində necə səsləndiyini görcək:
– Yaxşı, cənab komissar, siz deyən olsun. Niyə uzadırıq ki, barışaq, – dedi.
Tərcümə edəni: Yusif Şirvan
BİZ EVƏ QƏZET ALMIRIQ
Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq olduğum yerdə də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə gedib. Bir az sonra dostumun arvadı salona gəldi.
– Sabahınız xeyir!
– Sabahınız xeyir.
– Rahat yata bildinizmi?
– Çox rahat yatdım.
– Xidmətçidən qəzet istəmisiniz?
– Bəli.
Qadın pıçıltı ilə dedi:
– Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
– Nə üçün?
O, yenə də pıçıltı ilə dedi:
– Əvvəllər hər səhər üç qəzet alırdıq, amma indi altı aydır ki, evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
– Nə üçün yavaşcadan danışırsınız? – deyə soruşdum.
O, bir az da qulağıma tərəf əyilib dedi:
– Uşaqlar eşitməsin deyə…
Bu zaman dostum o biri otaqdan arvadını çağırdı.
Səhər yeməyində özümü saxlaya bilməyib dostumdan soruşdum:
– Nə üçün sizin evə qəzet gəlmir?
O, gözü ilə uşaqlara tərəf işarə etdi, barmağını dodağının üstünə qoydu:
– S-s-s.
Az sonra uşaqlar bağçaya oynamağa getdilər. O zaman dostum mənə dedi:
– Evə necə qəzet alım? Başımıza nə oyun gəldiyini bilsəniz, bunu soruşmazsınız. Oğlum ikinci sinifdə, qızım birdə oxuyur. Ən kiçiyi isə hələ məktəbə getmir. Amma o da artıq oxumağı öyrənib.
Bir dəfə bazar günü idi. Hamımız evdə idik. Biz bazar günü beş, başqa günlər isə üç qəzet alırdıq. Anam paltar ütüləyirdi. Bu zaman oğlum:
– Nənəcan, striptiz nə deməkdir? – deyə soruşdu.
Anam:
– Sus, o nə sözdür… Bu saat ağzına istiot tökərəm. Belə tərbiyəsiz sözləri haradan öyrənirsən?! – deyib oğluma acıqlandı.
Mən həmişə düşünürdüm ki, uşaqların bütün suallarına cavab vermək lazımdır. Əlbəttə, onların anlaya biləcəkləri bir şəkildə… Həm də uşaqların sual vermək arzu- sunu boğmaq çox böyük səhvdir. Bu onlarda daha böyük maraq oyadır və mütləq başqa adamlardan suallarına cavab axtarırlar. Bunun isə nəticəsi çox vaxt ürəkaçan olmur.
Oğlum anamın sualına:
– Heç kimdən öyrənməmişəm, nənəcan, qəzetdə yazılıb… – deyə cavab verdi. – Bax yazır ki, “Striptiz ulduzu…”
– Sus deyirəm sənə! – deyə anam acıqlanaraq qəzeti oğlumun əlindən aldı. Mən yavaşcadan anama dedim:
– Uşağa belə acıqlanmaqla heç də yaxşı iş görmədin! İndi uşaq daha da maraqlanacaq. Onların hər sualına cavab vermək lazımdır… Uşağı başa sal!
– Görəcək günlərimiz varmış! – anam dedi. – Əl boyda uşağa bu yaşımda striptiz nə olduğunu öyrədim?
Oğlum anamla nə haqda danışdığımı hiss etdi və bu səfər mənə yaxınlaşıb soruşdu:
– Ata, sən bilirsən striptiz nə deməkdir?
– Qəzeti gətir baxım!
Gətirdi. Qəzetdə böyük bir şəkil var idi: bir yarıçılpaq qadın başını geriyə əymişdi. Şəkil çox yaxından və ön tərəfdən çəkilmişdi. Oğluma striptizin nə olduğunu anlatmaq istəyərkən o biri uşaqlar da yanıma gəldilər:
– Bu şəkli görürsünüz də… Qadınlar paltarlarını belə çıxarıb soyunur və rəqs edirlərsə, ona striptiz deyirlər. Bu şəkildəki qadın da striptiz oynayandır.
Bu dəfə qızım soruşdu:
– Oğlanlar da striptiz oynayırlar?
– Hələ ki striptizi yalnız qadınlar oynayırlar.
– Nə üçün oğlanlar oynamırlar?
İndi mən buna nə cavab verməli idim?!
– Kişilərə yaraşmaz, – dedim, – təkcə qadınlar oynayır.
– Nə üçün axı?
Buna da çətinliklə cavab verdim.
– Qadınlarda daha yaxşı alınır.
– Mən də böyüyəndə striptiz oynayacağam?
Nənəsi qızımın bu sualını eşidən kimi:
– Hə, indi cavab ver görək! – deyə üstümə bağırdı.
– Sən oynamayacaqsan, qızım… – dedim.
– Niyə? Axı mən də qızam…
Uşaqların ən balacası hər şeyi bilirmiş kimi ona dedi:
– Axmaq, çünki sən hələ balacasan, böyük qızlar striptiz oynayırlar.
Qızım birdən anamdan soruşdu:
– Nənəcan, sən də cavanlıqda striptiz oynamısanmı?
Anam üzünü mənə tutub:
– Öyrət uşaqları, öyrət, – deyə bağırdı. Başını bulayıb mətbəxə getdi.
Bu dəfə oğlum soruşdu:
– Ata, qadınlar nə üçün soyunurlar?
– Kişilərin xoşuna gəlmək üçün…
– Axı indi hava soyuqdur…
– Onlar örtülü, isti yerdə soyunurlar.
– Hə, başa düşdüm, hamamda…
Lap kiçik uşağım anasından soruşdu:
– Ana, sən striptiz oynayırsanmı?
Arvadım:
– Sizin başqa işiniz yoxdurmu? – deyə acıqlandı. – Haydı, keçin içəri!
Uşaqların hərəsi bir tərəfə çəkildi. Bu məsələ ilə əlaqədar olaraq anam mənim xəbərim olmadan qızıma:
– Tərbiyəli qadınlar striptiz oynamazlar, – deyibmiş, – striptiz oynamaq ayıbdır…
Heç uşağa belə söz deyərlər? Nə isə… Elə həmin axşam bir rejissor, bir mühəndis, bir də baş müdir işləyən üç dostum arvadları ilə birlikdə bizə şam yeməyinə gələcəkdilər. Dostum rejissorun arvadı bir zamanlar rəqqasə olub… Bu qadın haqqında xoşagəlməyən şeylər də danışırdılar. Baş müdir olan dostumun evlənməyi isə lap qəribə olmuşdu. Yanında işləyən ərli bir qadınla sevişərkən iş başında yaxalanır. Qadının əri arvadına o adamla evlənərsə, onu məhkəməyə verməyəcəyini söyləyir. Onlar da beləcə evlənirlər. İşin maraqlı cəhəti budur ki, baş müdirin əvvəlki arvadı da başqa bir evdə belə bir iş üstündə yaxalanmış, hətta adı qəzetlərə belə düşmüşdü. Gənc mühəndisin arvadı isə məşhur bir kino ulduzu idi.
Bilirsən ki, mənim əvvəldən kinoya böyük marağım var. Biz dördümüz bir film şirkəti qurmaq istəyirdik. Mən ssenari yazacaqdım. Baş müdir mühəndislə sərmayə qoyacaqdılar. Mühəndisin arvadı baş rolu oynayacaq, rejissor dostum isə filmi çəkəcəkdi. Beləcə, ilk filmimizi birlikdə ucuz başa gətirəcəkdik. Şam yeməyinə toplaşmaq- da məqsədimiz də iş haqqında söhbət etmək idi.
Qonaqlar gəldilər. Süfrəyə keçməzdən qabaq salonda söhbət edirdik. Qonaqların xanımları bizim uşaqları çox sevirdilər. Qardaşım, bu vaxt başımıza gör nə iş gəldi! Böyük oğlum birdən rejissorun rəqqasə olmuş arvadından:
– Xala, siz striptiz oynayırsınızmı? – deyə soruşdu.
Elə çıxdı ki, guya biz uşağı öyrətmişik. Keçmiş günlərini unutdurmağa çalışan qadın pərt oldu. Mən o saat dişlərimi ağardıb dedim:
– Hi-hi-hi… Bu gün uşaq qəzetdə striptiz haqqında oxuyub.
Bunun dalınca qızım başladı:
– Mən böyüyəndə striptiz oynayacağam…
Kiçik oğlum:
– Oynaya bilməzsən! – deyə onun üstünə bağırdı.