banner banner banner
Tap-tapmaca
Tap-tapmaca
Оценить:
Рейтинг: 0

Полная версия:

Tap-tapmaca

скачать книгу бесплатно

Tap-tapmaca
Xalq yaradıcılığı (Folklor)

Folklor
Məktəbyaşlı uşaqlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Altun Kitab”ın bu nəşrində şifahi xalq ədəbiyyat nümunəsi olan tapmacalar oxuculara təqdim edilmişdir.

Tap Tapmaca

KAİNAT VƏ TƏBİƏT HADİSƏLƏRİ

(Səma cisimləri: Ay, Günəş, Yer, ulduzlar; təbiət hadisələri: bulud, yağış, qar, dolu, külək, ildırım, od, su və s. haqqında)

1. Ağ sandığım açıldı,
İçindən nur saçıldı.

2. Ağ tas, qızıl tas,
Birini götür, birini as.

3. Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.

4. Ay gedər ha, il gedər,
Gecə-gündüz yol gedər,
Nə dili var, nə ağzı,
Nərildər aslan, gedər.

5. Ayağı yoxdur, qaçır,
Qanadı yoxdur, uçur.

6. Aləmə işıq salır,
Axşam gül kimi solur.

7. Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.

8. Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.

9. Ata minər, səslənməz,
Yerə düşər, paslanmaz,
Suya düşər, islanmaz.

10. Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.

11. Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.

12. Ahanı ha, ahanı,
Gəzər cümlə cahanı,
Dərələrdə öldürdüm,
Nə əti var, nə qanı.

13. Babamın bir donu var,
İçi dolu abbası,
Gündüz girər kisəyə,
Gecə çıxar eşiyə.

14. Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
Hər düymənin bir üzü ağ, bir üzü qara.

15. Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.

16. Balta vurdum nimçəyə,
Səsi gəldi Gəncəyə.

17. Baş üstə durar,
Baxıb göz vurar.

18. Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.

19. Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzü ağ.

20. Bir atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.

21. Bir atım var səməndi,
Nə ucu var, nə bəndi,
Özü açılar, özü yumular,
Heç kəs bilməz bu fəndi.

22. Bir kilimim var, min bir naxışı,
Yel baba süpürər payızı, qışı.
23. Bir kişinin dörd evi var,
Biri yaşıldır, o biri al.
Biri sarıdır, o biri ağ.

24. Bir sinidə iki toyuq,
Biri isti, o biri soyuq.

25. Bir tabaq almaz,
Sabaha qalmaz.

26. Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Qara qız oğlan doğdu,
Yerin, göyün sultanı.

27. Qəndə bənzər, dadı yox,
Göydə gəzər, qanadı yox.

28. Dağdan, daşdan qan gəlir,
Qıvrılmış ilan gəlir,
Qabağında durmayın,
Qudurmuş aslan gəlir.

29. Dağlarda qar əridi,
Ayaq tutub yeridi,
Dərə görüb, bağırdı,
Dərya görüb, kiridi.

30. Dam üstə daylaq oynar,
Yerə dəyib oyular.

31. Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz.

32. Əlamət ay əlamət,
İşi tamam qiyamət,
Əli yox, şəkil çəkir,
Dişi yoxdur, dişləyir.

33. İşım-işım işıldar,
Yarpaq kimi xışıldar.

34. Yaxşıca gözəldir, hamıya baxar,
Üzünə baxanı yandırar-yaxar.

35. Yer üzünün qarası,
Ağacların anası.

36. Yerdə bir ağ süfrə var,
Pambıq kimi parıldar.

37. Göydə uçar bir maya,
İşıq salar dünyaya.

38. Göy üzü damar-damar,
Göydən yerə nur damar.

39. Göydə durub qızıl daş,
Cümlə-cahan əyir baş.

40. Göydə gəzər qalaq-qalaq,
Gah tutqundur, gah rəngi ağ.

41. Göydən yerə buz yağır,
Görün, necə düz yağır,
Darı boyda, qoz boyda,
Görmədim qarpız boyda.

42. Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər,
O qədər oynamışlar,
Xurdu-xəşil olmuşlar.

43. Göydən gəlir sel kimi,
Yerə dəyir tel kimi.

44. Gün çıxanda yox olur,
Gün batanda çox olur.

45. Gündən güclü,
Yeldən gücsüz,
Yoxdur gözü,
Ağlar özü.

46. Mavi atlas,
İynə batmaz,
Qayçı kəsməz,
Tərəzi çəkməz.

47. Mavi atlas,
Ortasında
Bir qızıl tas.

48. Mən aşiqəm, düz yerdə,
O göydədir, biz yerdə.
O yer olmaz, keçməsin,
Salmaz bircə iz yerdə.

49. O nədir ki, dayanıbdır dayaqsız,
O nədir ki, boyanıbdır boyaqsız?

50. O nədir ki, işığı var, istisi yox?

51. O nədir ki, yaşı çoxdur, qocalmaz,
O nədir ki, gəzər, məkanı olmaz?