скачать книгу бесплатно
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları
Multatuli
Eduard Daues Dekker (12 mart 1820 – 19 fevral 1887) daha çox “Multatuli” (latın dilindən tərcümədə “mən çox əziyyət çəkmişəm”) ləqəbi ilə yazan Niderlandlı yazardır. Yazara məşhurluğu daha çox onun 1860-cı ildə satirik üslubda yazdığı “Maks Havelaar” gətirmişdir. “Maks Havelaar”la Niderlandın Şərqi Hindistandakı (bu günün İndoneziyası) müstəmləkə siyasəti, yeri əhaliyə zülmləri, torpaqlarını zəbt edib onları səfil duruma salmaları, usta bir qələmlə təsvir edilib.
Multatuli Niderlandın ən böyük yazarlarından biri hesab edilir. 1838-ci ildə İndoneziyaya yola düşən Multatuli orada bir çox hökümət vəzifələrində çalışmışdır. 1856-cı ildə Lebakın komendant köməkçisi postundan özü könüllü istefa verərək Avropaya qayıtmışdır.
İstefasına səbəb yerli əhalinin zülmə məruz qalması, mal-qarasının talanması, ödənişsiz işlərə cəlb edilməsi ilə bağlı hazırlayıb Niderland hökümətinə təqdim etdiyi raporta istədiyi reaksiyanı görməməsi olmuşdur.
Niderlandın müstəmləkə siyasəti ilə bağlı şahidlik etdiyi qanunsuzluqları və qalmaqallı olayları geniş ictimaiyyətə çatdırmaqda qərarlı olan Multatuli Avropaya döndükdən sonra da gördüyü, vəzifədə olarkən şahidlik etdiyi iyrənc qanunsuzluqlarla bağlı qəzetlərdə və jurnallarda məqalələrlə çıxış etmişdir.
Maks Havelaar İndoneziyanın Yava adasında çalışan niderlandlı dövlət qulluqçusudur. O, Niderlandın müstəmləkəsi olan İndoneziyada baş alıb gedən zülmlərə, qəsblərə, talanlara qarşı mübarizə aparıb haqqı bərqərar etmək üçün alışıb-yanır. Müəllif müstəmləkə siyasətini bütün çılpaqlığı ilə, iyrəncliyi ilə açaraq oxucuya çatdırır.
Əksər ədəbi tənqidçilər əsəri avtobioqrafik hesab edir və kitabdakı hadisələrin XIX əsrin ikinci yarısı Niderlandın müstəmləkəsi olan İndoneziyadakı zülm və ədalətsiz olaylarından götürüldüyünü bildirir.
İkiüzlü məmurlara, onların yerli, satılmış, öz xalqına zülm edən əlaltılarına qarşı bu şəxsin mübarizəsi nə ilə nəticələnəcək? Ədalət zəfər çalacaqmı?
Multatuli
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları
Kitabda hadisələr XIX əsrin ikinci yarısında bu günün İndoneziyasında cərəyan edir. Şəhər, qəsəbə, əyalət adları o zamankı müstəmləkə adları ilə adlanır. İndoneziyanın o zamankı adı isə Holland Şərqi Hindistanı idi. Oxucudan bu məqamları nəzərə alması xahiş edilir. Kitab müstəmləkə siyasətinə qarşı yazılmış ən təsirli əsərlərdəndir.
BIRINCI BÖLÜM
Mən qəhvə dəllalıyam və Amsterdamda, Laurier Kanal 37 saylı evdə yaşayıram. Mən roman yazmağa, ya bu tip şeylərə öyrəncəli deyiləm. Əziz oxucu, bu səbəbdən də hal-hazırda əlinə götürdüyün kitabı yazmaq üçün bir neçə əlavə kağızı hazır edib yazmağa başlamağa qərar vermək uzun zamanımı aldı. Yəqin ki, qəhvə dəllalı olub-olmamağından asılı olmayaraq bu kitabı bitirəcəksən. Məsələ təkcə onda deyil ki, mən heç ömrümdə romana bənzər bir şey yazmamışam, məsələ ondadır ki, belə şeyləri oxumağı da xoşlamıram, mənimki biznes işidir. İllərdir özümə sual verirəm, belə kitabların faydası nədir? Və şairlərin, yazıçıların çoxunun böyük bir həyasızlıqla sənə heç zaman baş verməyən – baş vermə ehtimalı belə olmayan – əhvalatları danışmağa cəsarət etməsinə hər zaman təəccüblənmişəm. Əgər mənim durumumda – bir qəhvə dəllalını və Laurier Kanal 37 ünvanında yaşayan insanı – biri gedib rəhbərinə, yəni qəhvə satan birinə kiçik bir yalan danışsa – buna isə əksər şeirlərdə və romanlarda rast gəlinir – o, dərhal məni işdən çıxarar və əvəzimə mənim kimi qəhvə dəllalı olan Busselink və Votermanı işə götürər. Amma onların ünvanını bilməsən də olar. Bu səbəbdən də nə bir roman yazmaq, nə də yalançı bəyanatlarla çıxış etmək fikrindəyəm. Hər zaman fikir vermişəm ki, belə edən insanların sonları yaxşı olmur. 53 yaşım var, mübadilə məntəqəsini son 20 ildə ziyarət etmişəm və bu səbəbdən də nə zamansa təcrübəli birinə ehtiyac duysan, sinəmi qabağa verə bilərəm. Tamamilə iflas edən o qədər şirkət tanıyıram ki! Və ümumiyyətlə, onların uğursuzluq səbəblərinə nəzər yetirdikdə görürəm ki, başlanğıcdan səhv getdikləri yolun acısını çəkirlər.
Mənim həyat devizim indi də, hər zaman da “həqiqət və sağlam düşüncə” olacaq. Əlbəttə müqəddəs sətirlər burada istisna təşkil edir. Bu səhvin kökü, ola bilər, bizim uşaq şeirləri yazan şairimiz Van Alphenə, onun “balaca əziz körpələr” haqda olan ilk sətirlərinə gedib çıxır. Bir qoca centlmenə mənim kiçik bacım, gözləri zəif görən Qertrudanı, yaxud hər zaman burnu ilə oynayan kiçik qardaşımı pərəstiş etməyə nə təhrik edə bilər? Özü də o deyir ki, həmin şeirləri sevgidən ilham alaraq yazıb. Uşaq olanda tez-tez düşünərdim: mənim əziz dostum, mən səninlə bir dəfə görüşmək istərdim, əgər sən səndən istədiyim mərmərlərə rədd cavabı versən, yaxud adımın baş hərflərini şokolad üzərinə yazmasan – adım Batavusdur – mən sənin yalançı olduğuna inanaram. Amma mən heç zaman Van Alpheni görməmişəm. Məncə, o, mənə atamın mənim ən yaxın dostum olan itimin çox minnətdar (biz heç zaman it saxlamırıq, onlar elə çirklidir ki) olduğunu deyəndə ölmüşdü. Hərçənd yaxınlıqda, Batavier küçəsində yaşayan Paul Vinserin heyranı idim.
Hamısı yalandır! Və təhsil də bu yolla davam edir. – “ Balaca bacı böyük kələmin içində tərəvəz satan qadınla bərabər gəlir. Bütün niderlandlı kişilər cəsur və səxavətlidir.
Romalılar sevinirdi ki, Batavinalar onlara yaşamağa icazə vermişdi. Alva qrafı bədheybət olmuşdur. Dəniz çəkilməsi (məncə 1672-ci ildə) hər zamankından daha çox davam etdi, səbəb isə sadəcə Niderlandı qorumaq idi.”
Hamısı cəfəngiyatdır. Hollandiya ona görə Hollandiya qalmışdır ki, ulu babalarımız nəyi necə etmək lazım olduğunu yaxşı bilirdi. Həm də onların gerçək dinləri vardı. Əsl səbəb budur. Sonra yalanlar gəlir. “Qız mələkdir.” Bunu ilk dəfə aşkar edənin bacısı olmamışdır. Sevgi xoşbəxtlikdir. Sən bu və ya digər sevimli əşyanla dünyanın o başına uçursan. Dünyanın sonu yoxdur və belə sevgi də cəfəngiyatdır. Heç kim deyə bilməz ki, mən arvadımla yaxşı yola getmirəm. O, qəhvə dəllalının qızıdır və heç kim bizim evliliyimizdə bir qüsur tapa bilməz. Mən dəbli Artis klubunun üzvüyəm. Və onun dəyəri 7 qulden olan hind şalı var. Amma bununla belə hələ bizi dünyanın o başına uçmağa məcbur edəcək qədər dəli bir sevgi yaşamamışıq. Evlənəndə Haaqaya ekskursiyaya getmişdik. Orada o, mahud parçadan bir köynək almışdı, hələ də bu köynəyi geyinirəm. Və sevgimiz bizi bundan o tərəfə heç zaman aparmayıb. Deyirəm də, bütün bunlar cəfəngiyat və yalandır. Məgər mənim evlilik həyatım sırf sevgi ucbatından vərəmləyən, yaxud saçlarını yolan insanlardan daha az xoşbəxtmi sayılmalıdır? Yaxud bəlkə düşünürsən, 17 il bundan öncə arvadıma şeirlə evlilik təklifi etmişəmsə, mənim ev-eşiyim olmalı olduğundan daha səliqəsiz görünür. Boş söhbət və cəfəngiyat! Lap ola bilər, mən də başqaları kimi belə bir şey etmişəm. Əlbəttə şeir yazmaq fil dişindən nəsə zərgərlik məmulatı düzəltməkdən asandır. Onların qiymətini iki bilyard şarı ilə müqayisə etsən, yetər. Şeirə heç bir etirazım yoxdur. Sözləri sətirlərə düzmək istəyirsənsə, problem yoxdur. Amma həqiqətən başqa heç nə demə! Yəni:
“Saat dördü vurur.
Və daha yağış yağmır.”
Həqiqətən də saat dörddürsə və həqiqətən də yağış artıq kəsibsə, mənim heç bir etirazım olmaz. Amma əgər üçə15 dəqiqə qalıbsa, mən, sözlərini sətirlərə düzməyən biri deyir:
Saat 14:45-dir və yağış dayanıb. Amma vəznə düşmək üçün şair məcburdur ki, “dayanmaq” sözünü “dörd” sözü ilə qafiyələndirsin. Ya hava, ya da zaman dəyişməlidir və yalan burada nəticədir. Və cavanları yalana təhrik edən yalnız qafiyə deyil. Get teatra, orada da onların sənə danışacağı bütün yalanları dinləyəcəksən. Tamaşanın qəhramanı son anda müflis olma təhlükəsində olan biri tərəfindən xilas edilir. Sonra bizə bildirilir ki, o, sərvətinin yarısını öz xilaskarına verir. Bu iddia həqiqət ola bilməz. İndi sizə göstərəcəyəm. Yaxın zamanlarda külək mənim şlyapamı vurub Prinsen kanalına saldığında, onu götürüb gətirənə iki qəpik verdim və o kifayət qədər məmnun görünürdü. Bilirəm ki, batmaqdan şlyapamı deyil, mənim özümü qurtarsaydı, ona daha çox hörmət etməli idim. Amma əlbəttə bu, mənim sərvətimin yarısı olmazdı. Amma bir şey aşkardır ki, belə bir durumda iki dəfə suya yıxılmaq məni tamamilə məhv edərdi. Bu səhnələrlə bağlı ən pis məqam odur ki, insanlar yalana elə vərdiş edirlər ki, onlar bu yalançılara valeh olmağa və onlara əl çalmağa öyrəşirlər. Bu alqışların hamısını suya tökmək istəyirəm, görəm onlardan neçəsi doğrudan da ürəkdən alqışlayıb. Mən, həqiqət tərəfdarı olan biri kimi istəyirəm biləsiniz, məni sudan çıxarana sərvətimin yarısını verməzdim. Daha az sərvətlə qane olmayacaq biri heç mənə toxunmasın. Bazar günləri bir az çox verə bilərdim. Bunu qızıl bilərziyim və ən yaxşı paltom hesabına edərdim. Bəli, insanların çoxu səhnədə korlanır, nəinki romanları oxumaqdan. Çünki görəndə adam inanır. Buruq-buruq saç və kağızdan kəsilmiş krujevalı paltarlarla hər kəs çox cazibədar görünür. Xüsusən də bu işə alışqan olmayan uşaqlar və kişilər üçün. Və onlar kasıblığı tərənnüm etdikdə belə onların tərənnümü yalan olur. Atası müflis olan qız ailəsini saxlamaq üçün işləyir. Çox gözəl: sən səhnədə ona tamaşa edirsən, işləyir, toxuyur, tikir, naxış qoyur. İndi onun bütün tamaşa boyu qoyduğu yamaqları say. O, danışır, ah çəkir, pəncərəyə doğru qaçır, iş görməkdən başqa hər şey edir. Əminəm ki, belə iş sayəsində yaşayan ailə çox az şeyə ehtiyac duyur. Bu qız əlbəttə, bir qəhrəmandır. O, təqibçilərindən bəzilərini itələyib pilləkənlə aşağı atıb və dayanmadan qışqırır: Ay Ana! Ay Ana! Bununla da fəziləti, əxlaqı tərənnüm edir. Doğrudan da gözəl fəzilətdir: bir corabı toxumağa bir il vaxt gedir. Bütün bunlar sənə fəzilət haqda yalan-palan məlumatlar verməyə xidmət etmirmi? Bir də guya “çörəkpulu qazanmağa” xidmət edir. Hamısı cəfəngiyat və yalan. Sonra isə onun əvvəl sürət köçürmə məmuru indi isə hədsiz sərvət sahibi olan ilk sevgilisi qəfildən geri qayıdır və onlar evlənir. Yenidən yalan. Pulu olan adam heç vaxt müflis olan birinin qızı ilə evlənməz. Düşünürsən ki, belə səhnə tamaşada fövqəladə bir durum yaradır, amma tamaşaçılar istisnanı qayda olaraq qəbul edirlər, bununla da özlərini səhnədəkiləri alqışlamağa vərdiş etdirirlər. Bunu isə hər bir hörmətli dəllal yaxud tacir gülünc, axmaqlıq hesab edir. Mən evlənəndə atamın ofisində 13 nəfər idik – “Last və Ko” şirkətində – və orada doğrudan da çox böyük işlər görülürdü, səni buna əmin edə bilərəm. İndi isə qayıdaq səhnədəki başqa yalanlara. Qəhrəman doğma ölkəsinə xidmət etmək istəyəndə sərt, səhnəyə uyğun yerişlə səhnədən uzaqlaşanda niyə hər zaman arxa qapı özü-özünə açılır?
Və sonra bu fəzilətə mükafat verilir! Oh, oh! Mən bu 17 il ərzində Laurier Kanal 37 ünvanında qəhvə dəllalı kimi çalışmışam və kifayət qədər böyük təcrübəm var bu sahədə. Amma hər zaman əziz, gözəl həqiqəti bu cür təhrif olunmuş görəndə böyük şok yaşayıram. Mükafat kimi verilən fəzilət! Elə bil fəzilət ticarət əmtəəsi idi. Dünyada belə deyil və belə olmamağı yaxşıdır. Çünki fəzilət hər zaman mükafat kimi verilsəydi, onun real dəyəri harada olardı? O zaman niyə belə utancgətirən yalanları uydurmağa gərək qalsın? Misal üçün anbarda fəhlə işləyən biri var, Lukas. O, atamın vaxtından “Last və Ko”da çalışır, o zaman şirkət “Last və Meyr” adlanırdı, amma Meyrlər ailəsi artıq onun idarəçiliyində iştirak etmir. Mənim fikrimcə, həmin Lukas doğrudan da dürüst, vicdanlı bir adam idi. Onun vaxtında bir qəhvə dənəsi belə itmirdi. Vaxtı-vaxtında kilsəyə gedir və dilinə heç zaman spirtli içki vurmurdu. Qaynatam Drierbergendə bağ evində olanda bu adam pula, evə, hər şeyə nəzarət edirdi. Bank ona 17 qulden artıq verəndə belə o, pulları geri qaytarırdı. İndi çox qocadır və iş qabiliyyətini itirib. Ona görə də demək olar ki, acından ölür, çünki bizim geniş biznes əməliyyatlarımız cavan adam tələb edir. Hə, dediyim kimi bu Lukas çox fəzilətli, çox vicdanlı adam idi, amma o, mükafatlandırılmışdımı? Şahzadə ona brilyantlar, yaxşı şam yeməkləri verirdimi? Əlbəttə ki, yox! O kasıbdır və kasıb qalır, bu belə də olmalıdır. Mən ona yardım edə bilmərəm. Biz genişlənən biznesimiz üçün fəal, cavan adama ehtiyac duyuruq. Amma onun üçün nəsə edə bilsəm, onun yaxşılığı bu qoca vaxtında rahat həyatla mükafatlandırılacaq. Həm də əgər bütün anbar hambalları və başqa hər kəs də vicdanlı olsa, bu dünyada öz mükafatını alardı və yaxşı insanlar üçün sonradan verməyə xüsusi bir mükafat qalmazdı. Amma səhnədə onlar hər şeyi təhrif edir, hər şeyi yalana çevirir.
Mən də çox vicdanlı və fəzilətliyəm, amma bunun üçün mükafat istəyirəmmi? İşlərim yaxşı gedəndə – çox zaman bu məhz belə olur – arvadım, uşaqlarım sağlam olanda, həkimlə bir işim olmayanda, yaşlılığım üçün hər il kənara bir qədər pul ata biləndə, Fred özünü yaxşı aparanda, mən yaşlaşıb təqaüdə çıxıb Driebergendə bağ evində oturacağımı düşünəndə məmnun oluram. Amma bütün bunlar sadəcə durumların təbii nəticəsidir. Həm də öz işimlə məşğul olduğum üçün. Vicdanım və fəzilətim müqabilində heç nəyə iddia etmirəm. Və mənim vicdanlı adam olmağım həqiqətə olan sevgimdən bəlli olur. Bu mənim inancımdan sonra ikinci ən böyük meylimdir, əziz oxucu, istəyirəm səni bunun həqiqətən də belə olduğuna əmin edim, çünki bu amil mənim bu kitabı yazmağıma üzrxahlıqdır. Digər eyni dərəcədə olan güclü ehtiras isə mənim öz biznesimə olan sevgimdir. Mən Laurier Kanal 37 ünvanında yaşayıram və qəhvə dəllalıyam. Hə, oxucum, bu kitab öz varlığını mənim həqiqətə olan əyilməz sevgimə və biznesimə olan böyük canfəşanlığıma, şövqümə borcludur. Hər şey necə baş verib, sənə danışacağam. Amma indi səni bir müddətlik tərk etməliyəm, çünki qəhvə mübadilə məntəqəsinə getməliyəm. Və bu arada ikinci bölümü də sənin diqqətinə çatdırıram. Dua et və bunu özünlə götür, gərəyin ola bilər. Bura bax, bu da mənim vizit kartımdır – Meyrlər artıq oyun xaricində qaldıqlarından “Ko” yazılıb, qoca Last isə mənim qaynatamdır.
Last və Ko, Qəhvə dəllalları, Laurier Kanalı 37.
İKINCI BÖLÜM
Qəhvə mübadilə məntəqəsində işlər zəifləyib. Yaz hərracı yenidən onu qaydasına salacaq. Amma bununla belə heç nə etmədiyimizi də düşünmə. Busenlik və Votermanda ticarət hələ də durğundur. Qəribə dünyadır: 20 il bu mübadilə məntəqəsinə tez-tez gəlib-gedəndən sonra təcrübə qazanılır. Düşünə bilərsən, onlar – Busenlik və Votermanı deyirəm – məni Ludviq Sternlə ticarətdən kənarlaşdırmağa çalışıblar. Bilmirəm, qəhvə mübadiləsi ilə tanışsan, ya yox, deyim ki, Stern Hamburq şəhərinin ən tanınmış qəhvə ticarətçilərin-dən biridir. O, hər zaman “Last and Ko”nun xidmətlərindən istifadə edib. Bunu – Busenlik və Votermanın arxamca iş çevirməklərini deyirəm – tam bir təsadüf nəticəsində aşkar etmişdim. Onlar dəllallıq haqqını dörddə bir qədər azaltmağı təklif etdilər. Alçaq adamlardır, başqa heç nə deyə bilmərəm. İndi bax gör mən onları dayandırmaq üçün nə etmişəm. Bəlkə də mənim yerimdə başqa kim olsaydı, Ludviq Sternə yazardı: biz də faiz dərəcəsini aşağı salacağıq və ümid edirik ki, siz “Last və Ko”nun üzünmüddətli xidmətini nəzərə alacaqsınız.
Hesablamışam ki, bizim firmamız son 50 ildə Strernlə işbirliyi nəticəsində dörd yüz min qulden qazanıb. Biz onlarla qitədə iş görməyə başlayandan, müstəmləkə ərazilərdən buraya mal gətirənlərlə işbirliyindəyik. Yox, faiz dərəcəsinin azalmasına razılıq verməyəcəyəm.
Polen qəhvə evinə getdim, kağız-qələm sifariş verib yazdım: “Şimali Almaniyadan aldığımız şərəfli komissiya haqqına görə bizim biznes fəaliyyətimiz genişlənmişdir (Bu sadə həqiqətdir. Dünən axşam bizim kitabxanaçımız saat 11-dən sonra ofisdə qalıb eynəklərini axtarırdı.) və bu bizim sıralarımızın genişlənməsinə səbəb olmuşdur. Hər şeydən vacib, biz alman dilində yazışmalarımızı aparmaq üçün hörmətli, təhsilli bir cavana böyük ehtiyac duyurduq. Hə, əlbəttə Amsetrdamda xeyli sayda cavan alman var, hansı ki, tələb olunun kriteriyalara cavab verir (bu da həqiqətdir). Amma həmin hörmətli şirkət cavanların avaralanmağını, mənəviyyatsızlığını görəndən, hərəkətlərində artan macərapərəstliyi müşahidə edəndən sonra təbii olaraq göstərişlərin həyata keçirilməsində bir çox düzəlişlər edilməsinə zərurət hiss edib. (İstəyirəm biləsən ki, bu da həqiqətdir, yalnız həqiqət.) Yəni belə bir firma – Laurier Kanalı 37 ünvanında yerləşən “Last və Ko” qəhvə dəllalları – yeni simaların işə götürülməsinə kifayət qədər istiqanlı yanaşa bilməz.
Oxucu, bütün bunlar sadə həqiqətlərdir. Bilirsən, hər zaman qəhvə mübadiləsi məntəqəsinin yanında, 17-ci sütuna söykənib dayanan cavan alman Busenlik və Votermanın qızı ilə qaçmışdır. Bizim Merimiz də onun kimi bu sentyabrda 13 yaşını tamamlayacaq.
Cənab Safaleri dinləmək şərəfinə layiq görülmüşəm. (Safaler Stern üçün səfərlər edir.) Şirkətin hörmətli başqanı Ludviq Sternin Ernest Stern adlı oğlu var. O, bir müddət “Holland evi”ndə işləməyi arzulamışdır.
“Və mən bu məsələdən xəbərdaram.”– (Burada mən yenidən işçilərin mənəviyyatsızlığına və həmçinin Busenlik və Votermanın qızlarının tarixçəsinə işarə edirəm.) Və bu məsələdən xəbərdar olduğum üçün də bütün varlığımla cənab Ernest Sternə şirkətimin Alman nümayəndəliyini təklif etmək istəyirdim.
Abırlı davranıb qonorardan, yaxud maaşdan söhbət açmadım, sadəcə bunu bildirdim:
– Əgər cənab Ernest Stern bizimlə Laurier Kanalı 37-də olmaq istəsə, arvadım bir ana kimi onun qayğısına qalar və onun döşəkağlarını elə evdəcə yamayar. (Bu lap doğrudur, çünki Meri həm yaxşı tikir, həm də yaxşı toxuyur.) Və sonda dedim, – biz dindar ailəyik.
Sonuncu cümlə yerinə düşə bilər, çünki Sternlər lüteranlardır. Yazdığım məktubu yolladım. Başa düşdüyün kimi qoca cənab Stern, oğlu bizdə işləsə, işlərini Busenlik və Votermanla görə bilməz.
Cavabı narahatlıqla gözləyirəm. Amma gəlin hələlik kitabıma qayıdaq. Bir müddət öncə bir axşam Kalver küçəsi ilə gəzirdim, baqqal dükanının qarşısında dayanıb onun həvəslə çeşidləməsinə nəzər yetirdim.
Orta ölçülü Java dənələri, gözəl, sarı Çeribon qəhvəsi, az zədələnib.
Mən hər şeylə maraqlanan olduğumdan bu diqqətimi çəkdi. Qəfildən yanımda, kitab dükanının qarşısında dayanan centlmenə gözüm sataşdı. Onu daha əvvəl haradasa gördüyümü zənn etdim, amma boşuna xatırlamağa çalışdım, çünki yadıma heç nə düşmədi. O da deyəsən məni tanımışdı. Çünki eyni anda bir-birimizə baxdıq. Etiraf etməliyəm ki, saxta qəhvəni gördüyümdə bu mənə həddən artıq maraqlı gəldi. Onun paltarları nimdaş idi, buna sonradan fikir verdim. Yoxsa heç diqqətimi çəkməzdi. Amma sonra qəfildən düşündüm, bəlkə o, alman firması üçün ticarət səfərində olan biridir və özünə etibarlı bir dəllal axtarır. Onun sifəti daha çox tipik alman sifətinə bənzəyirdi, xarici görünüşündə səyyaha xas nələrsə vardı. Sarışın, mavi gözlü idi. Eyni zamanda onunla bağlı nəsə vardı ki, xarici olduğunu bağırırdı. Hörmətli qış paltosu əvəzinə əynində şal və çiynində sırıqlıya oxşar bir şey vardı. Sanki yenicə uzun sayəhəti sonlandırıbmış kimi bir görkəmi vardı. Mən bir müştəri gördüyümü zənn edib ona iş kartımı verdim: Last və Ko, Qəhvə dəllalı, 37. O, bunu götürdü, gözünə yaxınlaşdırdı və dedi: – Bağışla, amma mən səhv salmışam. Elə bildim köhnə məktəb yoldaşımla qarşılaşmışam. Amma… Last… Bu həmin soyad deyil.
– Üzr istəyirəm, – mən dedim. Çünki mən hər zaman nəzakətliyəm. – Mən cənab Dristublam – Batavus Dristubl. “Last və Ko” qəhvə dəllalığı ilə məşğul olan şirkətdir və Laurier Kanal 37 ünvanında yerləşir.
– Lap yaxşı, Dristubl, sən məni tanımırsan? Üzümə bax. Onun üzünə baxdıqca daha çox xatırlayırdım. Amma hər nə qədər qəribə səslənsə də, onun üzü məndə elə bir təəssürat yaradırdı ki, sanki xarici parfüm iyləyirəm. Oxucu, bu dediklərimə gülmə. Tədricən bunun necə baş verdiyini özün də görəcəksən. Tam əmin idim ki, üzərində bir damcı da olsun parfüm yox idi, bununla belə çox güclü, mənə nələrisə xatırladan bir iy gəlirdi. Və mən onu tanıdım.
– Məni yunanın əlindən qurtaran sən idin? – mən soruşdum.
– Hə, əmin ola bilərsən ki, mən idim. Sən necəsən?
Ona ofisimizdə 13 nəfər çalışdığımızı, işimizin həddən ziyadə çox olduğunu, sonra isə işlərimizin necə çoxaldığını deyib onun vəziyyətini xəbər aldım. Buna çox peşman oldum. Maddi durumu heç də ürəkaçan deyilmiş, mən isə kasıb adamları xoşlamıram, çünki çox zaman bu onların öz günahı olur. Allah ona etibarlı olan bəndələrini pulsuzluqla sınamaz. Gərək “biz 13 nəfərik” deyəndən sonra “gecən xeyrə” deyib sağollaşardım. Bu zaman ondan da yaxamı qurtarmış olardım. Amma suallar və verilən cavablar ondan yaxamı qurtarmağı hər keçən dəqiqə çətinləşdirirdi. Hərçənd etiraf etməliyəm ki, ondan yaxamı qurtarsaydım, indi sənin oxumağa kitabın da olmazdı. Çünki bu kitab var oluşuna görə məhz həmin görüşə borcludur. Mən hər şeydə bir xeyir axtarıram, belə etməyənlər naşükür insanlardır. Onların varlığına dözə bilmirəm. Bəli, bəli. Bu, məni yunanların cəngindən xilas edən həmin adam idi. Hərçənd məni piratların əsir götürməsini, yaxud Levantda dava salmamı düşünməyinizi də istəmirəm. Artıq sizə evliliyimdən sonra arvadımla bərabər Haaqaya getdiyimizi, orada muzeyə baş çəkib Veene küçəsindən mənə mahud parçadan köynək aldığımızı demişəm. Bu, mənim Amsterdamdakı ağır işimin icazə verdiyi yeganə ekskursiya oldu. Yox, onun yunanın burnunu ovması mənim hər zaman başqalarının işinə qarışmağım ucbatından oldu. Məncə 1834-cü ilin sentyabrında Amsterdamda hər il baş verən yarmarka vaxtında baş vermişdi. Valideynlərim məndən din adamı etmək istədiklərindən mən Latin dilini öyrəndim. Sonradan mənə qaranlıq qaldı, holland dilində “Allah gözəldir” demək üçün Latın dilini öyrənməyə nə gərək var? Hə, Latın dili məktəbinə getdim. (İndi o, gimnaziya adlanır.) Və yarmarka orada keçirilirdi. Yəni, Amsterdamdakı həmin yarmarkada. Vester Marketdə dükanlar vardı. Və əziz oxucum əgər sən Amsterdamdansansa və mənim yaşıdımsansa, o zaman həmin köşklərdən birinin qabağında qara gözlü yunan geyimli gözəl bir qızın dayandığını xatırlayarsan. Onun atası da yunan idi, ən azından yunan xarici görünüşünə sahib idi. Onlar hər cür parfüm satırdı. Mən sadəcə həmin qızın çox gözəl olmasını düşünmək üçün çox yaşlıyam. Onun barəsində danışmağa isə cəsarətim yetmirdi. Belə bir cəhd etsəydim də, nəticəsiz qalacaqdı. Çünki 18 yaşında bir qız 16 yaşında bir oğlanı körpə hesab edir, haqlıdır da. Hərçənd, bizlər, məktəbli oğlanlar hər zaman həmin qızı görmək üçün Vester Marketə gedirdik.
İndi mənim qarşımda dayanan həmin bu adam o zaman bizimlə olanlardan biri idi. Düzdür, o zaman bizlərdən yaşça kiçik idi, həmin yunan qıza baxmaq üçün hələ uşaq idi. Yaşca sinifdə ən kiçik olsa da, etiraf etməliyəm ki, çox ağıllı idi. Eyni zamanda tullanmaq, oynamaq və dalaşmaq həvəskarı idi. Bu səbəbdən də bizimlə idi. Uzaqdan yunan qıza baxdığımızda (məncə sayımız 10 idi) onunla necə tanışlıq qura biləcəyimizi dərindən götür-qoy edirdik. Qərara aldıq ki, hamımız pul qoyub ona bir hədiyə alaq. Sonra kimin onunla danışa biləcək qədər cəsarət sahibi olmasına qərar verməkdə çətinlik çəkdik. Püşk atdıq, mənə düşdü. Yeri gəlib, deyim ki, təhlükəli durumlarda cəsarətli olmağı sevmirəm. Mən bir ərəm, bir atayam. Və təhlükəli durumlarda cəsarətli olmağa qalxan hər kəsi axmaq hesab edirəm. Bu barədə İncildə də oxuya bilərsiniz. Təhlükə və bu kimi başqa şeylər haqqında çox-çox illər öncə düşündüyümü indi də düşünməyim mənə böyük məmnunluq hissi bəxş edir. Həmin axşam əlimdə yığdığımız 12 qəpiyi tutub Yunan köşkünə yaxın durduğum anlarda nə düşünürdümsə, indi də həmin fikirdəyəm. Amma yalançı utanc səbəbindən buna cəsarətim çatmadığını yoldaşlarıma söyləyə bilmədim. Bundan əlavə, öz iradəmə qarşı getməli oldum, çünki yoldaşlarım məni irəli itələdi və tezliklə artıq köşkün qarşısında dayanmışdım.
Həmin qızı görmədim. Heç nə görmədim. Gözlərim önündə hər şey yaşıl və sarı oldu.
– Plait il? – o dedi. (Nəsə edə bilərəm?) Bir qədər özümə gəlib davam etdim. “Misir Nildən bir hədiyyə idi.” Əmin idim ki, həmin anda yoldaşlarımdan biri arxadan məni itələməsəydi onunla uğurla tanış olacaqdım. Zərbənin gücündən köşkə sərələndim. Boynumda bir zərbə hiss etdim, ikinci bir az aşağıdan, durumum haqda düşünməyə macal tapmamış yunanla bərabər çadırın içində idim. Kimsə başadüşülən fransız dilində mənə “əclaf” olduğumu və polis çağıracağını söylədi. Hazırda qıza çox yaxın idim, amma bu mənə heç bir zövq vermirdi. Qışqırırdım, aman diləyirdim, çünki çox qorxurdum. Amma köməyim yox idi. Yunan əlimdən tutub qaldırdı və məni vurdu. Gözüm yoldaşlarımı axtardı. Biz elə həmin səhər əlini oda soxan Sevola haqda oxumuşduq. Və Latın dərsimizdə onun elə müsbət, elə yüksək biri olduğu haqda düşündük ki… Amma hazırda mənim üçün əlini oda salan biri yox idi. Mən belə düşündüm. Amma qəfildən “Şallı adam” (daha onu belə çağıracağam) köşkün arxa çıxışına doğru tələsdi. Onda o, nə hündür, nə də güclü idi, amma cəsarətli və çevik oğlan idi. Hələ də onun gözlərindəki parıltını görə bilirəm. O, yunana bir yumruq atdı və mən xilas oldum. Sonradan yunanın onu əməllicə əzişdirdiyini eşitmişdim, amma başqa insanların işlərinə qarışmama kimi prinsipim olduğundan dərhal və tam sürətlə oradan uzaqlaşmışdım. Və heç nə görməmişdim.
Bu səbəbdən də onun üzü mənə parfümü və Amsterdamda bir yunanla dalaşmağın nə qədər asan olduğunu xatırlatdı.
Sonralar, hər dəfə bu adam Vester Marketdə öz dükanında olanda mən əylənmək üçün oradan yan keçib başqa yerlərə gedərdim.
Fəlsəfi müşahidələri çox sevdiyimdən icazə verin bu dünyada hər şeyin necə qəribə qurulduğunu qeyd edim. Həmin qızın gözləri daha işıqlı olsaydı, saçları daha qısa olsaydı, yaxud oğlanlar məni köşkə doğru itələməsəydilər, sən də bu kitabı bu dəqiqə oxumuş olmayacaqdın. Bu səbəbdən də bütün bu olaylara yaxşısı budur minnətdar olasan. İnan mənə, bu dünyada hər şey necə varsa, elə də gözəldir. Hər zaman şikayət edən narazı insanlar heç də mənim dostlarım deyil. Odur, Busselink və Voterman kimi. Nəysə… Mən davam etməliyəm, çünki bu kitabı nəhəng Yaz Qəhvə Hərracına kimi bitirməliyəm. Düzünü desəm, – çünki mən düz danışmağı xoşlayan adamam – həmin adamla yenidən görüşmək heç xoşuma gəlməmişdi. Qəfildən anladım ki, o, fəxr edə biləcəyiniz tanışlardan deyil. Çox solğun görünürdü və saatı soruşduğumda bilmədiyini dedi. Belə şeyləri 20 ildir ki, Qəhvə mübadilə məntəqəsinə gəlib gedən adam əlbəttə ki, müşahidə edir. Çoxlarının çöküşünə şahidlik etmişəm.
Sağa burulacağını düşündüyümdən mən sola döndüm. Amma çifayda… O da sola döndü və mən onunla söhbətə başladım. Amma onun saatı bilmədiyini yadımda saxlamışdım, eyni zamanda fikir verdim ki, paltosunu çənəsinə kimi düymələyib, bu isə yaxşı əlamət hesab edilmir. Belədə mən çox danışmadım. Mənə Hindistanda olduğunu, evləndiyini və övladları olduğunu bildirdi. Lap yaxşı! Amma bütün bunlar mənə maraqlı deyildi axı. Kapelsteqə çatanda – əvvəl heç zaman buradan keçməmişdim, bu, hörmətli əməl hesab edilmir – sağa dönüb Kapelsteq boyunca getməyi düşündüm. Həmin kiçik küçəni arxamızda buraxacağımız anı gözlədim ki, yolunun düz olduğunu özü anlasın. Sonra çox böyük nəzakətlə dedim – mən hər zaman nəzakətliyəm, bilmək olmaz, bəlkə sonradan elə həmin adamı görmək istədim – səni yenidən görməyimə çox şad oldum. Cənab… amma… və, xudahafiz… Mən belə getməliyəm. Sonra o, mənə gicbəsər baxışı ilə baxıb köks ötürdü. Sonra qəfildən paltomun düymələrinin birindən yapışdı:
– Əziz Dristabl, – o dedi. Mən səndən bir şey xahiş etməliyəm!
Başdan ayağa canımdan əsinti keçdi. Saatın neçə olduğunu bilmirdi, amma məndən nəsə xahiş edirdi. Əlbəttə cavabım belə oldu:
– Vaxtım yoxdu, mübadilə məntəqəsinə getməliyəm. Hərçənd axşam idi. Amma 20 ildən artıqdır ki, mübadilə məntəqəsinə gedib gəlirsənsə, bir adam saatın neçə olduğunu bilmədən səndən nəsə xahiş edirsə… Düyməmi onun əlindən qurtardım, nəzakətlə – çünki mən hər zaman nəzakətliyəm – xudahafiz dedim və Kapelsteq küçəsi – başqa vaxt bunu heç zaman etməzdim, çünki bura ilə getmək dəblə uyuşmurdu, dəblə uyuşmağı ilə mən hər şeydən çox sevirəm – ilə yoluma davam etdim. Ümid edirəm ki, məni heç kim görmədi.
ÜÇÜNCÜ BÖLÜM
Növbəti gün, mübadilə məntəqəsindən qayıtdığımda Fred mənə dedi ki, kimsə zəng vurub mənimlə danışmaq istəyib. Əlamətlərin təsvirinə görə bu Şalman idi. O, məni necə tapa bilmişdi axı? Hə, bildim. Kart!
Bu durum məni məcbur etdi ki, uşaqlarımı məktəbdən götürmək haqqında düşünüm. Çünki 20-30 il sonra palto əvəzinə şala bürünən, saatın neçə olduğunu bilməyən bir sinif yoldaşın tərəfindən narahat edilmək çox bezdiricidir. Mən həmçinin, köşklər qoyulduğu müddətdə Vestern Marketə getməyi qadağan etmişdim.
Növbəti gün böyük bir bağlamada məktub aldım. Dərhal açıb oxumağa başladım.
“Əziz Dristubl, (məncə o, cənab yazmalı idi, mən axı dəllalam!) Dünən bir şey xahiş etmək üçün evinə zəng vurmuşdum. Güman edirəm ki, durumun yaxşıdır. (Bu doğrudur, ofisdə 13 nəfərik.) Və mən sənin durumundan istifadə edərək mənim üçün çox önəmli olan bir xüsusu sənin nəzərinə çatdırmaq istərdim. (Yəqin yaz hərracları üçün mənə əlavə komisyon faizi verəcəyini düşünmürsən.) Başıma gələn bədbəxtliklər fonunda hazırda bir qədər pula ehtiyacım var. (Bir qədər! Əynində köynəyi yoxdur, bir qədər yazıb.) Həyatı yaşanıla bilən etmək üçün zəruri olan hər şeyi arvadıma verə bilmirəm, uşaqlarımın təhsili isə maddi sıxıntılardan dolayı istədiyim kimi getmir. (Həyatı yaşanıla bilən etmək? Uşaqlarımın təhsili? Nə düşünürsən, arvadına operaya mövsümlük bilet istəyir, yoxsa övladlarını Cenevrədəki gimnaziyaya yerləşdirmək düşüncəsindədir?) Payız idi, hava çox soyumuşdu, o isə sobasız çardaqda yaşayırdı. Ondan məktubu alanda bundan xəbərsiz idim, amma sonradan yanına getdim. Və hələ də məktubunu yazdığı axmaq tərzə görə ona acıqlıyam. Bu nə axmaqlıqdır! Hansı kasıb belə şey deyər? Kasıb adamlar olmalıdır da! Bu, cəmiyyət üçün vacibdir. Əgər o, əl açıb ianə ummursa, heç kimi bezdirmirsə,onun yoxsulluğu vecimə deyil. Amma məsələni maskalamaq çox yersizdir. İndi gəlin görək başqa nə yazıb. “ Mən öz ailəmi dolandırmağa məcburam. Mən, məndə olduğunu düşündüyüm istedaddan istifadə etməyə qərar vermişəm. Mən şairəm. (Paah, böyük iş olub, oxucu, özün bilirsən də, mən və başqa düşüncəli insanlar bu barədə nə düşünür.) Həm də yazıçıyam. Uşaqlıqdan mən öz hisslərimi misralarla ifadə etmişəm, sonradan da buna davam etmişəm. Mən qəlbimin hisslərini şeir misralarına tökmüşəm. Düşünürəm ki, bəzi qiymətli işlər ortaya qoymağı bacarmışam və özümə naşir axtarıram. Çətinlik bundadır. Mən geniş oxucu kütləsinə tanış deyiləm, naşirlər isə adamı yazdığının məzmununa görə deyil, reputasiyasına görə qiymətləndirirlər. (Biz də qəhvəni məhz belə qiymətləndiririk: onun ticarət markasına görə.) Mənim işimin məziyyəti yalnız “nəşr” olunandan sonra formalaşa bilər. Kitab satıcıları isə bütün xərcləri qabaqcadan tələb edirlər. (Bu məsələdə onlar tamamilə haqlıdır.) Bu durum isə hazırda mənə heç uyğun deyil. Mən isə öz növbəmdə elə əminəm ki, işim bütün xərcləri qarşılayacaq. Mən söz verirəm, bu barədə istənilən adamı əmin edirəm.Və mən bizim srağagünkü görüşümüzdən ilhamlanmışam. (O, bunu “ilhamlanma” adlandırır. Mən qərara gəlmişəm ki, sən mənim üçün kitabsatanlara zamin dayanarsan. Yalnız ilk nəşr üçün, lap kiçik bir kitab olsa belə. Göndərdiyim bağlamada sən bir neçə əlyazma da görəcəksən, həmin əlyazmalardan sən mənim nə düşündüyümü, nə üzərində işlədiyimi və nələr yaşadığımı böyük ölçüdə öyrənmiş olacaqsan. (Onun necə bir işlə məşğul olması haqqında heç zaman eşitməmişdim.) Və əgər məndə “özünü ifadə etmək” istedadı varsa, istəmirəm ki, mənim özümü ifadə etmə bacarığım, istedadım itib-batsın. Səndən xoş cavab alacağıma ümid edirəm. Sənin keçmiş sinif yoldaşın. (Və yazının sonunda adını yazıb, amma adını sirr kimi saxlamaq istərdim, çünki heç kimi faş etməyi xoşlamıram.)
Əziz oxucu, yəqin misralara gömülən bir dəllal kimi necə axmaq göründüyümü təsəvvür edə bilirsən. Əminəm ki, əgər “Şallı adam” – onu belə adlandırmağa davam edəcəyəm – məni gündüz vaxtı görsəydi, o, məndən belə bir xahiş etməzdi. Çünki ehtişam və ləyaqəti gizlətmək olmaz. Amma axşam vaxtı idi deyə mən etiraz etmədim.
Əlbəttə, bu cəfəngiyata baş qoşmaq mənlik deyildi. Onun harada yaşadığını bilmirdim, onun haqqında heç nə eşitməmişdim. Onun ya xəstə, ya ölmüş olduğunu sanırdım. Keçən həftə Rozemeyrdə – şəkər çuğunduru dəllalları – bir məclis vardı. Fred ilk dəfə bizimlə gəldi. Onun 16 yaşı var və mənim fikrimcə, onun yaşında bir cavan gərək dünyanı görə, bilə. Yoxsa ya Vester Marketə, ya da ona bənzər bir yerə gedəcək. Qızlar piano çalır və oxuyurdu, desert gələn vaxt isə biz eyvanda oynayarkən onlar da bir-birlərini qıcıqlandırmağa başladı. Bu, Fredi narahat edirdi.
– Hə, hə, Luisa, – Betsi Rozemeyr dedi, – sən ağladın. Ata, Fred Luisanı ağlatdı.
Arvadım dedi ki, Fred belə dəcəldirsə, bir də gərək bizimlə çıxmasın. O, Fredin Luisanı çimdiklədiyini, ya buna bənzər nəsə etdiyini düşünmüşdü. Bu isə heç də qəbuledilən davranış deyil. Mən də həmçinin bu barədə nələrsə deməyə özümü hazır etmişdim. Bu anda Luisa dedi:
– Yox, yox. Fred nəzakətli idi. İstəyirəm yenidən etsin bunu.
– Sonra nə? O, qızı çimdikləməyib. O, əzbər şeir deyirdi. Vəssalam. Əlbəttə ev sahibəsi desert vaxtı istəyir hamı desin-gülsün. Bu kompaniyanı canlandırır. Xanım Rozemeyr Luisanı ağladan şeyin bizi əyləndirdiyini düşünmüşdü. Bu səbəbdən də hind quşu saqqalı kimi qıpqırmızı olan Freddən onu təkrarlamağı xahiş etdi. Onun nə etdiyini başa düşə bilmədim. Bu həqiqətdir, həmin yaşda qız çox tez hönkürtü ilə ağlayır.
– Gəl Fred! Zəhmət olmasa bunu et! Və Fred başladı. Mən oxucunun marağını uzatmaq istəmədiyimdən burada qısa bir şey deyim ki, onlar evi tərk etməzdən öncə “Şallı kişi”nin bağlamasını açdılar və Fredlə Meri hərəsi oradan mənə sonradan böyük problem yaradacaq bir parça sentimentallıq çıxartdı. Bu kitab öz varlığına görə həmin bağlamaya borcludur və bunu indidən, zamanında deməliyəm. Çünki istəyirəm hər kəs mənim həqiqəti sevdiyimi bilsin. Və mən həm də yaxşı biznesmenəm. (“Last və Ko” qəhvə dəllalları. Laurier küç 37.) Fred cəfəngiyat dolu bir şeiri əzbərdən dedi. Cavan bir oğlan anasına aşiq olduğunu, sevgilisinin başqası ilə evləndiyini (məncə, bu xüsusda qız düz edib.) deyir. Bununla belə, anasına hər zaman onu sevdiyini bildirir. Bu bəyanat doğrudur, yoxsa yox. Səncə bunu demək üçün nə qədər sözdən istifadə edilib? Hər bir halda, Fred söhbətini sonlandırmazdan öncə bir parça çörəyimi və pendirimi yeyib qurtarmışdım və ikinci armudumu da bitirmək üzrə idim. Amma Luisa yenidən ağladı və xanımlar bunun çox gözəl olduğunu bildirdilər.
Sonra Fred – mən düşünürəm ki, o, şah əsərini elan etdiyini sanırdı – onlara dedi ki, əzbər dediklərini bizim evimizə “şallı kişi”nin göndərdiyi bağlamadan götürüb. Və mən bəylərə bunun necə baş verdiyini izah etdim. Amma Fred də orada olduğu üçün yunan qızdan, yaxud Kapelsteqdən heç nə demədim. Hər kəs mən tərəfdən həmin kişidən qurtulmağın doğru addım olduğunu sanırdı. İndi sən görəcəksən ki, qutuda daha dəyərli başqa şeylər də vardı, onlar irəlidə bu kitabda peyda olacaqlar. Çünki həmin şeylərin şirkətin qəhvə auksionu ilə bağlılığı var.
Sonra naşir məndən Fredin əzbərdən dediyi bir parça şeirə mənim nəsə əlavə edə bilib-bilməyəcəyimi soruşdu. Mən razılıq verdim, amma qabaqcadan istədim deyəm ki, ifadə olunan hisslərə görə məsuliyyət daşımıram. Hər şey cəfəngiyatdır. Hərçənd bu istəyimdən çəkindim. Bircə şeirin – “Padanqda” 1843-cü ildə yazıldığını qeyd etdim. Padanq qəhvəsini nəzərdə tuturam.
Şeir:
Of, əziz anam, evdən çox uzaqlardayam,
Mənə həyat verən ölkədən də.
Ümidsiz, tərk edilmiş vəziyyətdə sərgərdan gəzirəm.
Mən yer üzünün bir qəribiyəm.
Həmin evdə olanda gözlərim yaşardı,
Bir cüt göz yaşı parıldadı gözlərimdə,
Nəvazişli bir əl qorxumu qovdu.
Anamın sevgisi yaxında idi artıq!
Məni etibarlı ürək qoruyurdu,
Həmin köməksiz uşağı
Əvvəl ayaq deyməmiş yerlərlə gedərkən,
Mülayim sözləri və baxışları ilə bələdçim idi.
Amma tale bu bağları qırdı
Bizi, ikimizi birləşdirə həmin tale,
Və indi yad sahillərdə olarkən,
Mən yalnız Allahlayam, başqa kimsəm yoxdur.
Amma əziz anam həmin sevgi hələ də mənimlədir.
Həm kədərdə, həm sevincdə yanımdadır.
Həmin sevgi azalmayan rayihə ilə
Həmin sevilən oğlanın ürəyini doldurur.
Evdə, qorxulu dörd il bundan öncə
Mən bir sahildə dayanmışam.
Və məncə mən gələcək düzləri görürəm,
Bilinməyən, qarşıdakı, gözəllikləri də dururam.
Qəfildən mən bu günə nifrət edirəm.
Xəyallarım qururam, üzərimdə lütf duyuram
Özümü cənnətdə bilirəm.
Digərləri vecimə olmur.
Mən xudahafiləşirəm, indi peşmanam.
Bu qəfil bir səhnə idi,
Çox tez də yox olub itdi,
Off, necə də aldanıldım.
İldırımlarla dolan zaman,
Artıq həmin izlər geridə qaldı.
Bu zaman məlahətli bulağı qurutdu,
Mənim hüzurmu, dincliyimi pozdu!
Mən həm kədəri, həm sevinci yaşamışam.
Mən düşünmüşəm, mən cəhd etmişəm.
Səmimi dualarımla sakitlik axtarmışam.
Amma hələ də içimdə fırtınalar var.
Və mən Ona gözlərimdə yaş təşəkkür etmişəm.
Mənim olanı özününkü etdiyi üçün.
Mən ahlarım keçid alır sevinc..
Mən ona yalnız, təkbaşına dualar edirəm.
Sevgi qəlbimi əvvəl qayğı ilə
Sonra narahatlıqla doldurarkən,
Tapdığım yalnız kədər və ağrı oldu.
Hərçənd məhz orada dinclik axtarırdım.
Onun xətrinə sevinclə əziyyət çəkirdim,
Kədər içində, əzizim üçün qovrulurdum.
Bütün qurbanlara gedərəm, təki bircə,
Taleyim onu burada, yanımda saxlasın.
Onun rəsmi ürəyimdə kök salıb.