banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– General L.-ni gördünmü? Paşanın ordusunu necə təşkil edib? Polkovnik S. mənə qılınc göndərmədi ki?

– Bəs ehramlar? Nil şəlalələri? Memnonun[22 - Memnon – əfsanəvi yunan qəhrəmanı, ilahə Avroranın (şərqdə adı Şəfəq) oğlu. Misirdəki heykəllərdən birinin onun şərəfinə qoyulduğu deyilsə də, əslində heykəl Misir fironu Amenhotepin şərəfinə ucaldılıb.] heykəli? İbrahim paşa[23 - İbrahim paşa – (1792-1848) – Misir paşası Mehmet Ali paşanın oğlu; sərkərdə.]?

Və sair və ilaxır… Hamı birdən danışırdı. Sən-Kler isə yalnız etrüsk vazası haqqında düşünürdü.

Bardaş qurub oturan Teodor – belə oturmağa o, Misirdə adət etmişdi və bunu Fransada tərgidə bilmirdi – hamının sual verib qurtaracağını, daha doğrusu, onların sual verməkdən nə vaxt yorulacaqlarını gözlədi və sürətlə danışmağa başladı ki, onun sözünü kəsə bilməsinlər.

– Ehramlar! Bu, əsl fırıldaqdan başqa bir şey deyil. Onlar camaatın düşündüyü qədər də uca deyil. Strasburq şəhərindəki Münster kilsəsinin[24 - Münster kilsəsi – kilsə qülləsinin hündürlüyü 142 metrdir.] qülləsindən dörd metr hündür ola ya olmaya. Oradakı qədimliklər adamın lap canını sıxır. Ondan daha danışmayın. Heroqlifləri görəndə əhvalım qarışır. Ora yolu düşən hər bir səyyah belə şeylərlə maraqlanır. Mənim isə bu ölkəyə getməkdə əsas məqsədim Qahirə və İskəndəriyyə şəhərlərinin küçələri ilə axın-axın harasa tələsə-tələsə gedən türklərin, köçəri həyat keçirən bədəvilərin, xristian misirlilərin, fəllahların, qoptların necə insan olduqlarını, onların xüsusiyyətlərini, adət-ənənələrini öyrənmək idi. Hərbi xəstəxanada olarkən tələsik bir neçə qeyd götürmüşəm. Bu xəstəxana nə murdar yermiş! Üç yüzə qədər taun xəstəliyinə tutulmuş adamın içərisində o qədər sakitcə demi[25 - Demi – tütün çubuğu (qəlyan).] çəkmişəm ki! Güman edirəm, siz yoluxmaqdan qorxmursunuz! Ah, polkovnik, yeriniz məlum, orada yaxşı süvari qoşun var, əla at minirlər. Oradan gətirdiyim gözəl silahları sizə sonra göstərəcəyəm. Vaxtilə cəsur Murad bəyə[26 - Murad bəy – (1750-1801) – Misir məmlüklüyünün rəhbəri. 1798-ci ildə Napoleon ordusuna məğlub olduqdan sonra fransızların tərəfinə keçib.] məxsus olan bir nizə ələ keçirmişəm. Polkovnik, sizin üçün bir yatağan, Oqüst üçün isə bir xəncər gətirmişəm. Özüm üçün gətirdiyim bürüncəyi, əbanı, günəşdən qorunmaq üçün üz örtüyünü sonra göstərərəm. Bilirsinizmi ki, mən istəsəydim, bir neçə qadın gətirə bilərdim. İbrahim paşa Yunanıstandan o qədər qadın göndərib ki, lap elə biri bir qəpiyə… Paşa ilə dəfələrlə söhbət etdim. Əlbəttə, o, ağıllı, xurafata-filana inanmayan bir adamdır. Bizim işlərdən onun necə baş çıxardığını desəm, inanmazsınız. And olsun ki, bizim hökumətin ən kiçik sirlərindən belə onun xəbəri vardır. Onun söhbətlərindən Fransadakı müxtəlif siyasi partiyalar haqqında çoxlu qiymətli məlumatlar əldə etdim. Hal-hazırda o, statistika ilə çox maraqlanır. Bizim qəzetlərin hamısına abunəçidir. Bilirsinizmi ki, o, qatı bonapartçıdır?! İki sözündən biri Napoleondur. “Ah! Bunabardo elə böyük adam olub ki!” deyə tez-tez mənə eşitdirərdi. Napoleona onlar Bunabardo da deyirlər.

– “Jurdina, yəni Jurden”[27 - Jurden – Molyerin komediyasından sitat: “dvoryanlıq meşşanı”], – Temin yavaşca pıçıldadı.

Teodor söhbətinə davam etdi:

– Əvvəlcə Mehmet Ali məndən ehtiyat edirdi. Bilirsinizmi, türklər heç kimə inanmırlar; onların hamısı belədir, heç kimə ürək qızdırmırlar. O, məni ya casus, ya da ki, kim bilir, yezuit-ruhani cəmiyyətinin üzvü hesab edirdi. Onun yezuitləri görməyə gözü yoxdur. Ancaq bir neçə dəfə görüşdükdən sonra mənim mövhumata inanmadığımı, səyyah olduğumu, sadəcə, şərq siyasəti, adət-ənənəsilə maraqlandığımı bildi və yalnız bundan sonra məndən çəkinmədən açıq danışmağa başladı. Axırıncı dəfə məni qəbul edəndə – bu, üçüncü görüşümüz idi – onunla sərbəst danışmaq qərarına gəldim: “Başa düşə bilmirəm, nə üçün əlahəzrət özünü Böyük Porta dövlətindən[28 - Böyük Porta dövləti – Osmanlı Sultanlığının rəsmi adı.] ayrı, müstəqil elan etmir? – deyə mən soruşduqda o, cavab verdi: – İlahi! Buna mən çox şad olardım, ancaq Misiri müstəqil elan etsəm, sənin ölkəndə nüfuzlu liberal qəzetlər, qorxuram ki, məni müdafiə etməsinlər”. Çox ağıllı qocadır, qəşəng ağ saqqalı var, heç vaxt gülməz. Məni yaxşı mürəbbəyə qonaq elədi. Ancaq mənim ona verdiyim hədiyyələr içərisində onun ən çox xoşuna gələn rəssam Şarlenin[29 - Şarle – Şarle Nikolya-Tusen (1792-1845) – Fransız rəssamı, əsasən döyüş səhnələrini əks etdirib. Napoleon ordusunun əsgər və zabitlərini təsvir edən çoxsaylı litoqrafiyaların müəllifidir.] çəkdiyi imperator qvardiyasının müxtəlif geyim formalarından ibarət rəsmlər kolleksiyası oldu.

Temin soruşdu:

– Paşa romantikdirmi?

– Ədəbiyyatla ümumiyyətlə, az məşğul olur. Ərəb ədəbiyyatı, bildiyiniz kimi romantik ədəbiyyatdır. Onların Malik-Ayatalnəfus-ibn-Əşrəf[30 - Malik-Ayatalnəfus-ibn-Əşrəf – XIX əsrin əvvəllərində ərəb ədəbiyyatında belə bir şair olmamışdır. Müəllifin təxəyyülünün bəhrəsidir.] adlı şairi son vaxtlar “Düşüncələr” adlı əsərini nəşr etdirmişdir. Lamartinin “Düşüncələr”i[31 - Fransız şairi Alfons de Lamartinin (1790-1869) “Poetik düşüncələr” adlı şeirlər toplusu; 1820-ci ildə nəşr edilib.] ilə müqayisədə klassik nəsrin gözəl nümunəsi sayılır. Qahirəyə gələndən sonra bir nəfər ərəb dili müəllimi tutdum və onun köməyilə Quranı oxumağa başladım. Nə qədər az dərs alsam da, peyğəmbərin kəlamının ağlagəlməz dərinliyinə məftun oldum və həmin kəlamların bizim dilə nə qədər pis tərcümə olunduğunu başa düşdüm. Bura baxın, ərəb yazısını görmək, istəyirsinizmi? Bax, burada qızıl hərflərlə “Allah” sözü yazılıb.

O, ətirli ipək pul kisəsindən çox çirkli bir məktub çıxarıb bizə göstərdi.

Temin soruşdu:

– Misirdə nə qədər qaldın?

– Ay yarım.

Və səyyah bütün xırda şeylərə qədər hər nə görmüşdüsə, hamısını sadalamağa başladı.

Sən-Kler bu söhbəti eşitmirdi. Teodor gələn dəqiqə o, məclisdən çıxıb kənddəki evinə tərəf yola düşdü. Atını dördnala çapdığından atın ayaq səsləri onun aydın fikirləşməsinə mane olurdu. O, bu dünyada xoşbəxtliyinin həmişəlik alt-üst olduğunu dumanlı şəkildə hiss edir və bu işdə yalnız bir nəfər mərhumu, bir də bir etrüsk vazasını müqəssir bilirdi. Evə qayıdandan sonra Sən-Kler özünü divanın üstünə saldı: həmin divanın üstünə ki, o, bir gün bundan əvvəl də uzanmış və gələcək xoşbəxtliyi barədə xoş xəyallara dalmışdı. Əvvəllər o düşünürdü ki, sevdiyi qadın başqalarına bənzəmir; bu qadın ömründə yalnız onu sevib və ondan başqa daha heç kimi sevməyəcək. İndi isə bu xoş xəyal acı, hüznlü, ürək yaxan bir həqiqət qarşısında əriyib yox olurdu: “Mənim gözəl qadınım var, vəssalam. O ağıllıdır, ancaq ağlı onun qəbahətinin daha da böyük olduğunu göstərir; belə ağılla Masiniyə də könül verib. Doğrudur, o, indi məni sevir… Masinini də belə sevib!… Qayğıkeşliyimə, qılığına girib yaltaqcasına onu tumarladığıma, cəsarət və inadıma görə, o, özünü mənim ağuşuma atıb. Deməli, mən aldanmışam. Məhəbbətimiz, hüsn-rəğbətimiz qarşılıqlı olmayıb. Masini, ya mən – onun üçün heç bir fərqi yoxdur. Masini qəşəngdir, onu o, qəşəngliyinə görə sevib. Mən isə onu hərdənbir əyləndirirəm. “Hə, neynək! İndi ki o birisi ölüb, Sən-Kleri sevək! Əgər Sən-Kler ölərsə, yaxud məni təngə gətirərsə, yaşayırıq, görərik!” – qrafinya belə fikirləşib.

Əminəm ki, şeytan özü-özünə əzab verən bədbəxt adamların dərd-sərini gizlicə izləyir. Bu mənzərə insan düşməni üçün maraqlı bir əyləncədir. Elə ki adam yarasının sağaldığını hiss edir, şeytan o dəqiqə yaranın üstünə duz tökür.

Sanki kimsə Sən-Klerin qulaqlarına pıçıldayırdı:

“…Eh, nə böyük şərəf imiş başqasının varisi olmaq…”

O, oturduğu yerdən dik qalxdı və ətrafına qəzəblə göz gəzdirdi. Sən-Kler istərdi ki, indi otaqda bir adam olsun, o da həmin adamı parça-parça eləsin.

Divar saatı səkkizi vurdu. Qrafinya onu doqquzun yarısında gözləyirdi. “Görüşə getməsəm, nə olar? Hə də, Masininin məşuqəsini görmək nəyimə lazımdır?” O, yenidən divanda uzandı və gözlərini yumdu, öz-özünə dedi: “Yatmaq istəyirəm!” Düz yarım dəqiqə yerindən tərpənmədi, sonra ayağa qalxdı və tez divar saatına tərəf getdi; vaxtdan nə qədər keçdiyinə baxmaq istəyirdi. Sən-Klerin fikrindən keçdi: “Kaş indi doqquzun yarısı olsaydı! Onda gec olardı. Yoluma da vaxt qalmazdı”. Ürəyindən keçirdi ki, indi qəfil xəstəlik yerinə düşərdi. Otaqda var-gəl etməyə başladı, kitab götürüb oxumaq istədi, amma bir səhifə belə oxuya bilmədi. Pianoya yaxınlaşıb çalmaq istədi, ancaq qapağını açmadan fikrindən daşındı. Fit çala-çala, səmadakı buludlara diqqətlə tamaşa etdi, pəncərələrin qarşısındakı qovaq ağaclarını saymaq istədi. Nəhayət, çevrilib yenidən divar saatına baxdı, bayaqdan bəri hələ üç dəqiqəni də yola sala bilməmişdi. “Onu sevməyə bilmirəm, – Sən-Kler dişlərini bir-birinə sıxıb şaqqıldadaraq ayağını yerə döydü. – O, mənə hökmranlıq edir, mən onun quluyam. Məndən əvvəl Masini onun qulu olduğu kimi… Hə, olsun! İtaət elə, bədbəxt, madam ki, nifrət etdiyin bir zənciri parçalamağa gücün çatmır, onda itaət elə!” O, papağını götürdü və cəld otaqdan çıxdı.

Ehtiras bizə hakim kəsiləndə məğrurluğumuzun zirvəsindən öz zəifliyimizə baxıb təsəlli axtarırıq, öz-özümüzə düşünürük: “Düzdür, zəifəm, ancaq istəsəydim…”

Sən-Kler yavaş addımlarla parkın kiçik qapısına tərəf gedən cığırla yuxarı qalxırdı. Ağacların yaşıl fonunda açıq-aydın görünən ağ geyimli qadının üzünü uzaqdan görürdü. Qadın əlindəki yaylığı sanki ona işarə edirmiş kimi yelləyirdi. Sən-Klerin ürəyi şiddətlə vururdu, dizləri əsirdi; danışmağa heyi çatmırdı. Qorxurdu ki, əhvalının təlx olduğunu qrafinya onun üzündən oxuyar.

Sən-Kler ona tərəf uzanan əli tutdu. Qadın özünü onun ağuşuna atdı. Sən-Kler onun alnından öpdü və onlar səssiz-səmirsiz otağa keçdilər. Oqüst dərindən köks ötürməkdən özünü güclə saxlayırdı.

Qrafinyanın otağını təkcə bir şam işıqlandırırdı. Hər ikisi oturdu. Qrafinyanın fərqli saç düzümü Sən-Klerin diqqətini cəlb etdi: Matilda saçının arasına tək bircə dənə qızılgül qoymuşdu. Bir gün əvvəl Sən-Kler ona bir ingilis qravürü hədiyyə etmişdi. Qravürün üzərində rəssam Lesli[32 - Lesli Çarlz-Robert (1794-1859) – ingilis portret rəssamı.] tərəfindən çəkilmiş hersoginya Portlendin portreti vardı. (Bu gün qrafinyanın saç düzümü qravürdəki qadının saçına bənzəyirdi). Hədiyyəni edərkən Sən-Kler demişdi: “Qadın saçını bəzəyən sadə bir gül mürəkkəb formalı saç düzümündən daha çox xoşuma gəlir”.

O, qaş-daşı sevmirdi və belə şeylər barədə ağzının danışığını bilməyən bir lord kimi düşünürdü: “Bəzənmiş qadınlardan və çullu-yəhərli atlardan heç fələk də baş açmaz”. Sən-Kler keçən axşam qrafinyanın mirvari boyunbağısını əlində oynadanda (danışanda gərək həmişə onun əlində bir şey olaydı) demişdi: “Bər-bəzək yalnız eyibləri ört-basdır etmək üçündür. Siz çox gözəlsiniz, Matilda, belə bər-bəzək sizə gərək deyil”. Həmin o gecə Sən-Klerin təsadüfən dediyi sözlərin mənasına varan qrafinya üzüklərini, bilərziklərini, boyunbağılarını və hətta sırğalarını da çıxarmışdı.

Sən-Klerin fikrincə, qadın bəzəyində hər şeydən əvvəl ayaqqabı mühüm əhəmiyyət kəsb edir və bu haqda onun özünün xüsusi fikri vardı. Bu gün günəş batmamışdan əvvəl güclü yağış yağmışdı, otluq tamam yaş idi. Buna baxmayaraq, qrafinya ayaqlarında qara atlas ayaqqabı və ipək corab, onun qarşısına çıxmışdı… “Allah eləməsin, birdən qrafinya xəstələnər…”

“Qrafinya məni sevir!” – Sən-Kler düşündü və bu səfeh düşüncələri üçün xəcalət çəkib dərindən köks ötürdü və özündən asılı olmadan Matildaya nəzər saldı. Sən-Kler odla su arasında qalmışdı. O, qarşısında dayanmış bu qadına bir tərəfdən şübhə ilə yanaşırdısa, digər tərəfdən, nəyin bahasına olursa-olsun, onun xoşuna gəlməyə çalışan bu qadını görmək arzusu ilə yaşayırdı. Çünki Matilda ən xırda şeylərdə belə onun istəklərinə əməl edib xoşuna gəlmək istəyirdi. Onu da deyək ki, qadını aşiqə sevdirən də elə bu xırdalıqlardır.

Qrafinyaya gəlincə, onun gözəl üzündə həm sirli məhəbbət, həm də məftunedici şıltaqlıq oxunurdu. O, parlaq yapon mücrüsündən nə isə götürdü, onu balaca ovcunda gizlədərək Sən-Klerə tərəf tutdu və dedi:

– Keçən axşam sizin saatınızı sındırmışdım. Budur, baxın, düzəltdirmişəm.

Qrafinya gülməkdən özünü saxlamaq üçün alt dodağını dişləyərək incə və şux nəzərlə sevgilisinə baxdı və saatı ona təqdim etdi. İlahi, onun dişləri necə də gözəl idi! Onlar şəhvətdən od tutub yanan çəhrayı dodaqlar arasında sədəf kimi görünürdü. (Gözəl qadının nəvazişini soyuq qarşılayan kişinin çox səfeh görkəmi olur.)

Sən-Kler təşəkkür etdi, saatı götürüb cibinə qoymaq istədi.

– Yox, dayanın, – qrafinya onun qolundan tutdu. – Hələ bir açın. Baxın görün, yaxşımı təmir ediblər? Siz alim adamsınız, Politexnik İnstitutunun[33 - Politexnik İnstitutu – Parisdə ali təhsil ocağı; institutun çoxsaylı inqilabçı tələbələri olmuşdur. Ali məktəb müxtəlif ixtisaslı hərbi mühəndislər (artilleriyaçı, minaaxtaran və.s) yetişdirmişdir.] məzunusunuz. Bunu bilməlisiniz axı!

Sən-Kler:

– Eh, belə şeylərdən mənim başım çıxmaz, – dedi.

O, saatın qapağını laqeydliklə açdı və təəccübdən donub qaldı! Qapağın içəri tərəfində, düz ortada madam de Kursinin miniatür portreti həkk olunmuşdu. Məgər bundan sonra qaşqabağını sallamaq olardımı? Onun sifəti işıqlandı və Masini haqda fikirlər bir anda yox oldu. İndi Sən-Kler yalnız ona qəlbən vurğun, füsunkar bir qadının yanında olduğu barədə düşünürdü.

***

“Xoş sabahın müjdəçisi, gözəl torağay!”[34 - “Xoş sabahın müjdəçisi, gözəl torağay!” – U. Şekspirin “Romeo və Cülyetta” faciəsindən ifadə.] mahnısı səsləndi. Günəşin solğun, saralmış şüaları üfüqün şərq tərəfindəki qara, topa buludları yarıb keçirdi. Romeo məhz günün bu çağında Cülyettaya əlvida demişdi; bütün sevənlər belə bir klassik vaxtda bir-birindən ayrılmalıdırlar.

Sən-Kler bağın kiçik qapısının açarını əlində tutaraq buxarının qarşısında dayanmışdı. Gözləri həmin etrüsk vazasına zillənmişdi. O, bu vazaya qarşı qəlbinin dərinliyindəki qəzəbi gizli saxlamağa çalışırdı. Bununla belə, Sən-Klerin kefi kök idi. Onun ağlına sadə bir fikir gəldi: “Bəlkə, Temin onu aldadırdı?!”

Qrafinya onu yola salmaq üçün başına şal örtürdü. Elə bu vaxt Sən-Kler əlindəki açarla bu mənfur vazanı əvvəlcə yavaş, sonra isə getdikcə bərkdən döyəcləməyə başladı; elə bil, vazanı çilik-çilik etmək istəyirdi.

Matilda qışqırdı:

– Ah! İlahi! Ehtiyatlı olun! Mənim qəşəng etrüsk vazamı sındırarsınız!

Qrafinya açarı onun əlindən aldı.

Sən-Kler pərt idi, ancaq vəziyyətlə barışdı. O, şübhələrini büruzə verməmək üçün arxasını buxarıya çevirdi, saatı çıxarıb qapağını qaldırdı və qrafinyanın şəklinə diqqətlə tamaşa etməyə başladı.

– Bunun rəssamı kimdir? – deyə soruşdu.

– Müsyö R… Bilirsiniz, məni onunla Masini tanış edib. Romaya ilk səyahətindən sonra Masini incəsənəti zövqlə başa düşdüyünü sanki kəşf etmiş və bütün gənc rəssamların hamisinə çevrilmişdi. Doğrusu, bir az təmtəraqlı çəkilməsinə baxmayaraq, elə bilirəm ki, bu şəkil mənə oxşayır.

Sən-Kler əlindəki saatı divara çırpmaq istədi, ancaq özünü ələ aldı; sonra onu təmir etdirmək çətin olardı. O, saatı cibinə qoydu, havanın artıq işıqlandığını görüb evdən çıxdı və Matildadan xahiş etdi ki, onu yola salmasın. İri addımlarla parkı keçib gözdən itdi. Çox çəkmədi ki, çəmənlikdə tamamilə tək qaldı.

– Masini, Masini! – Sən-Kler hövsələdən çıxmış halda dəlicəsinə qışqırırdı: – Sən həmişə mənim yolumun üstündə duracaqsan, həmişə mənim yolumu kəsəcəksən? Lap yəqin ki, bu şəkli çəkən rəssam buna oxşar başqa birisini də Masini üçün çəkmişdir! Nə səfeh olmuşam! Bir az bundan əvvəl öz məhəbbətimə layiq məhəbbətlə sevildiyimə inanmışdım… Bunu qrafinyanın saçına çiçək taxması, daş-qaşlarını, qiymətli şeylərini açıb bir kənara qoyması ilə ölçürdüm… Bir mücrü daş-qaşı var. Masini qadınlarda yalnız bər-bəzəyə fikir verir, daş-qaşı çox sevirdi… Bəli, qrafinyanın yumşaq xasiyyəti var, bunu etiraf etmək lazımdır. O, aşiqlərinin şövqünə alışmağı bacarır.

Lənət şeytana! Qrafinya sadəcə, kurtizan[35 - Kurtizan qadın – yüksək cəmiyyətdən olan kişilərlə pul müqabilində yaxınlıq edən yüngül əxlaqlı qadın (eskort).] qadın olsaydı və özünü pula satsaydı, yüz dəfə bundan yaxşı idi. Onda mən heç olmazsa fikirləşərdim ki, doğrudan da məni sevir, çünki məşuqəm olduğu üçün ona pul vermirəm.

Tezliklə başqa, özü də daha kədərli bir fikir onu daxilən narahat etməyə başladı. Bir müddətdən sonra qrafinyanın ərinə görə saxladığı matəm qurtaracaqdı. Sən-Kler qrafinyanın dul həyatının bir ili başa çatan kimi dərhal kəbin kəsdirməlidir. O, buna söz vermişdi! Söz vermişdi? Xeyr! Bu haqda Sən-Kler heç kəlmə də kəsməmişdi. Ancaq Sən-Klerin niyyəti belə idi və qrafinya bunu duymuşdu. Onun aləmində bu özü elə bir anda bərabər idi. Bir az əvvəl Sən-Kler hamının qarşısında məhəbbətini etiraf edəcəyi o anın tez yetişməsi üçün hər şeyi qurban verməyə hazır idi. İndi isə taleyini Masininin bu keçmiş məşuqəsi ilə bağlayacağı fikri onu sarsıdırdı.

Sən-Kler öz-özünə deyirdi:

“Bununla belə, bu mənim borcumdur və bu, olmalıdır, olacaqdır da. Yəqin, bu yazıq qadına elə gəlir ki, onun keçmiş əlaqələrindən mənim xəbərim vardır. Deyilənlərə görə, onlar münasibətlərini heç də gizlətməyiblər”. Daha sonra Sən-Kler başqa cür düşünürdü: “Qrafinya məni yaxşı tanımır, o, məni yaxşı başa düşə bilmir… Belə fikirləşir ki, mən onu Masini sevən kimi sevirəm. Neynək, – o, qürurla öz-özünə dedi. – Onun hesabına üç ay ən xoşbəxt adam oldum. Bu xoşbəxtlik üçün bütün ömrümü qurban verməyə dəyər”.

O yatmadı və bütün səhəri at belində, meşədə gəzdi. Veryer meşəsindəki[36 - Veryer meşəsi – Parisin altında, Versal yaxınlığında meşə.] xiyabanların birində uzaqdan bir nəfəri qəşəng ingilis atının üstündə gördü. Həmin adam onu adı ilə səslədi və dərhal ona tərəf yönəldi. Bu, Alfons de Temin idi. Sən-Kler bikef idi, o, tənhalıq axtarırdı. Teminə rast gəlməyi onsuz da pis əhvalını tamam pozdu. O isə bu pərtliyi hiss etmədi, ya bəlkə, Sən-Klerə əzab verməkdən həzz almaq üçün belə dona girmişdi. Temin Sən-Klerin ona cavab verib-vermədiyinə məhəl qoymadan danışır, dil-dil ötür, gülür, zarafat edirdi. Sən-Kler qarşıya ensiz bir xiyaban çıxdığını görən kimi bu dözülməz, sırtıq yol yoldaşından yaxa qurtarmaq niyyətilə atını tez ora sürdü. Ancaq o yanılırdı; həyasız adamlar öz ovlarını asanlıqla əldən vermirlər. Temin cilovu yana çəkdi, Sən-Klerlə söhbəti daha da rahat davam etdirmək və onunla yanaşı getmək üçün atı mahmızlayıb həmin xiyabana çıxartdı və Sən-Klerə çatdı.

Dediyim kimi, xiyaban ensiz idi. Burada iki at yan-yana çox çətinliklə gedə bilərdi. Temin yaxşı at minən olsa da, Sən-Klerin yanından ötərkən onun ayağına yüngülcə toxundu. Əlbəttə, bu təhqiramiz hərəkət sayıla bilməzdi. Lakin Sən-Klerin qəlbində qəzəb elə şiddətlənmişdi ki, artıq özünü saxlaya bilmirdi. O, üzəngidə ayaq üstə qalxaraq əlindəki qırmancla Teminin atının üzündən vurdu.

– Lənət sənə kor şeytan, sizə nə olub, Oqüst? – Temin qışqırdı. – Mənim atımı nə üçün vurursunuz?

– Niyə dalımca düşüb məni qarabaqara izləyirsiniz? – Sən-Kler hədələyici, ötkəm səslə cavab verdi.

– Sizin ağlınız çaşıb, Sən-Kler? Yoxsa kiminlə danışdığınızı unudursunuz?

– Yelbeyinin, azğının birisi ilə danışdığımı lap yaxşı bilirəm.

– Sən-Kler!.. Siz, deyəsən dəli olmusunuz… Bura baxın, eşidin! Sabah mənim qarşımda üzr istəməli olacaqsınız, ya da elədiyiniz bu kobudluğa görə cavab verməli olacaqsınız.

– Elə isə sabaha qədər, müsyö!

Temin atının başını çəkib saxladı, Sən-Kler öz atını qabağa buraxdı və tez də meşədə gözdən itdi.

Bu andan o, özünü çox sakit hiss etdi. Əvvəlcədən ürəyinə daman hadisələrə inanmaq onun zəif cəhəti idi. Sən-Klerə elə gəlirdi ki, sabah onu öldürəcəklər və bu da onun hal-hazırda vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu olacaq. Hələ qabaqda bir gün var; sabah daha heç nəyin qeydinə qalmayacaq. O, evə qayıtdı, xidmətçisi ilə polkovnik Bojeyə məktub göndərdi. Daha bir neçə məktub yazdı, sonra iştahla nahar etdi və saat doqquzun yarısında gəlib bağ-bağatlı həyətin kiçik qapısının qarşısına çatdı.

***

– Sizə bu gün nə olub, Oqüst? – qrafinya soruşdu. – Siz çox şənsiniz və bununla belə, heç bir zarafatınızla məni güldürə bilmirsiniz. Dünən sizin ovqatınız nə qədər təlx idisə, mən bir o qədər şən idim. Bu gün isə elə bil, rollarımızı dəyişmişik. Başım bərk ağrıyır.

– Əziz dost, boynuma alıram, doğrudur, dünən çox bikef idim. Ancaq bu gün axı mən gəzmişəm, çox hərəkət etmişəm, buna görə də özümü çox yaxşı hiss edirəm.

– Mən isə əksinə, çox gec durmuşam, bu gün səhər yatıb yuxuya qalmışam, ağır, qarmaqarışıq yuxular görmüşəm…

– Ah, yuxu? Yuxuya inanırsınız?

– Boş şeydir!

– Mən isə inanıram. İnandırıram ki, gördüyünüz yuxular nəsə faciəli bir hadisənin olacağını xəbər verir.

– İlahi, gördüyüm yuxular heç vaxt yadımda qalmır. Buna baxmayaraq, bugünkü yuxum yadımdadır. Yuxuda Masinini görmüşəm. Elə bundan belə bir nəticəyə gəlmək olar ki, yuxum o qədər də maraqlı olmayıb.

– Masini! Əksinə, mən isə belə düşünürəm ki, siz onu yenidən görsəydiniz, məmnun olardınız, elə deyilmi?

– Yazıq Masini!

– Yazıq Masini?

– Oqüst, xahiş edirəm, mənə deyin görüm, bu gün bir hadisə-filan baş verməyib ki? Sizin təbəssümünüzdə nəsə iblisanə bir şey gizlənmişdir. Elə bil ki, siz özünüzü ələ salırsınız…

– Ah! Siz mənimlə ahıl, qoca arvadlar kimi danışırsınız, rəfiqələriniz kimi!

– Doğru deyirəm, bu gün sizin sifətinizdə elə bir ifadə var ki, bu cür ifadə adətən xoşlamadığınız, zəhləniz gedən adamlarla danışanda olur.

– Elə deməyin. Əlinizi mənə verin.

Sən-Kler qrafinyanın əlini əda ilə öpdü və onlar bir müddət gözlərini bir-birinə zillədilər. Sən-Kler baxışlarını aşağı dikib dedi:

– Bu dünyada qəddar olmamaq necə də çətindir! Qəddar olmadan yaşamaq istəyirsənsə, gərək ovdan, havanın yaxşı olmasından, keçmiş qadın dostlarından, onların büdcələrinin gətirdiyi mənfəətdən başqa ayrı bir şeydən danışmayasan…

Sən-Kler stolun üstündən bir kağız götürdü:

– Bax, sizin paltaryuyanın haqq-hesabıdır, mənim mələyim. Gəlin, indi də bu haqda söhbət edək. Belə olsa, məni qəddar adlandırmazsınız axı!

– Düzü, Oqüst, siz məni təəccübləndirirsiniz…

– Bu yazı, məni bu gün səhər tapdığım bir məktub haqda düşünməyə sövq edir. Sizə bildirməliyəm ki, sənədlərimi sahmana salırdım. Mən hərdənbir onları gözdən keçirirəm. Kağızların içərisində bir dərzi qadının vaxtilə mənə yazdığı məktub əlimə keçdi. Mən on altı yaşında olarkən həmin qadına vurulmuşdum. Onda hər sözü xüsusi əda ilə yazmaq qabiliyyəti vardı. Özü də hər kəlməni çox mürəkkəb şəkildə, ikimənalı yazardı. Onun yazı üslubu da xətti kimi gözəl idi. Mən o vaxtlar bir az yüngülxasiyyət olmuşam. Həmin qadını madam Sevinye[37 - Madam Sevinye – Sevinye Mariya de Rabyuten-Şantal (1626-1696) – fransız yazıçısı.] kimi əhli-qələm olmadığına görə özümə layiq görməmişəm. Tez bir zamanda onu atmışam. Məktubu bu gün yenidən oxuyanda belə qərara gəldim ki, o, məni əsl məhəbbətlə sevirmiş.

– Yaxşı, bəs saxladığınız qadın?..

– Əla idi. Hər ay ona əlli frank verirdim. Mənim qəyyumum çox xəsis idi, varlanmağımı istəmirdi, mənə deyirdi ki, cavan adamın pulu çox olduqca təkcə özünü yox başqalarını da məhvə doğru aparır.

– Bəs bu qadının axırı nə oldu?

– Nə bilim?.. Yəqin ki, xəstəxanada öldü…

– Oqüst… əgər bu dedikləriniz, doğrudan da belədirsə, siz bunu ürək yanğısı ilə deyərdiniz.

– Əgər həqiqəti bilmək istəyirsinizsə, o, “alicənab bir adama” ərə getdi. Məndən əl çəkəndən sonra mən ona bir az da cehiz verdim…

– Siz necə də xeyirxahsınız!.. Bəs nə üçün belə qəddar görünmək istəyirsiniz, hə?

– Bəli, mən çox xeyirxaham!.. Bu haqda nə qədər çox düşünürəmsə, həmin qadının məni sevdiyinə indi daha çox inanıram. Ancaq o vaxtlar mən əsl məhəbbət hissinin nə demək olduğunu ayırd edə bilmirdim.

– Heyif ki, siz o məktubu mənə gətirməmisiniz. Qısqanclıq hissi keçirməzdim… Biz qadınlar siz kişilərdən daha həssasıq. Biz məktubun yazılma tərzindən məktub sahibinin səmimi olduğunu, yaxud elə-belə yalandan hisslərlə oynadığını dərhal ayırd edə bilirik.

– Bununla belə, siz özünüz də dəfələrlə sarsaq və yelbeyin adamların toruna düşmüsünüz!

Bu sözləri deyəndə Sən-Kler gözlərini etrüsk vazasına zilləmişdi. Onun səsində və gözlərində Matildanın qətiyyən hiss etmədiyi qəzəb hissi vardı.

– Daha bəsdir! Siz kişilər hamınız Don Juan olmaq istəyirsiniz. Sizə elə gəlir ki, başqalarını oynadırsınız, halbuki siz özünüzdən də əxlaqsız, pozğun olanların cənginə keçirsiniz.

– Siz xanımlar bu həssaslıqla, yəqin ki, səfeh adamı uzaq məsafədən hiss edirsiniz. Eyni zamanda deyə bilərəm ki, səfeh və yelbeyin dostunuz Masininin qadın dadını bilmədən bakir və əzabkeş kimi öldüyünə şübhə etmirəm…

– Masini? Ancaq o elə də səfeh deyildi. Burası da var ki, qadınlar da səfeh olurlar axı… Yeri gəlmişkən, Masininin başına gəlmiş bir hadisəni danışım. Ancaq bilmirəm, bəlkə də bunu sizə danışmışam?

– Heç vaxt danışmamısınız, – Sən-Kler titrək səslə cavab verdi.

– Masini İtaliyadan qayıdanda mənə aşiq olmuşdu. O, mənim ərimlə tanış idi. Ərim onu mənə ağıllı və zövqlü bir adam kimi təqdim etmişdi. Onlar sanki bu dünyada bir-biri üçün yaranmışdılar. Əvvəllər Masini mənə qarşı çox diqqətli idi; o, mənə sulu boya ilə çəkilmiş bir neçə şəkil verdi və dedi ki, özününküdir. Sən demə, onların hamısını Şrotdan[38 - Şrot – Parisdə rəsm əsərləri satan məşhur tacir.] alırmış… Musiqi və rəssamlıq haqqında mənimlə elə həvəslə danışırdı ki, sanki bu sahənin bilicisidir. Halbuki çox gülünc görünürdü. Günlərin bir günü o, mənə ağlagəlməz məzmunda bir məktub göndərdi. Məktubda kəlməbaşı yazırdı ki, nə bilim, mən Parisin ən nəcib, namuslu qadınıyam… daha nəyəm və məhz buna görə də o, mənim aşiqim olmaq istəyir. Mən məktubu əmiqızım Jüliyə göstərdim. İkimizin də dəlisov vaxtlarımız idi və biz onunla bir zarafat etməyi qərara aldıq. Bir gün bizə çoxlu qonaq gəlmişdi. Masini də onların arasında idi. Əmiqızım hamıya dedi: “İndi mən sizə bu gün səhər aldığım eşqnaməni oxuyacağam!” O, məktubu götürdü və qonaqların qəhqəhəsi altında ucadan oxudu… Yazıq Masini!..