banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş əsərləri

скачать книгу бесплатно

Kərbəlayı Cəfər bir az fikirdən sonra dedi:

– Vallah, yaxşı deyirsən. Amma indi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki, adamın əlini tutsun? İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdı, deyəcək gətir yanımda on yeddi manatlıq bir şey zaloq[15 - Girov] qoy.

– Heç zərər yoxdu, nə eybi var. Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum. Genə sözün var?

Kərbəlayı Cəfər genə bir qədər fikir eləyib cavab verdi:

– İndi sənin yanında nəyin var ki, zaloq qoyasan?

– O sənə borc deyil. Sən pulu tap, gör qoyaram, ya yox.

– Axır necə ola bilər ki, mən bilmiyim, sən necə şey girov qoyacaqsan?! Bəlkə pul sahibi sən qoyduğun şeyi qəbula götürmədi.

Xudayar bəy bir qədər duruxdu. Çubuğu götürüb başladı doldurmağa. Üzünü Kərbəlayı Cəfərə tutub alçaqdan dedi:

– Kərbəlayı Cəfər əmi, sən hər kəsdən olmuş olsa, mənə yeddi manat tap, gətirdiyim eşşək olsun zaloq. Nə vaxt mən sənin pulunu gətirib verdim, sən də mənim eşşəyimi qaytarıb verərsən özümə.

– Xa-xa-xa! Xa-xa-xa!.. Xudayar bəy sənin dəstgahın varmış… xa-xa-xa! A kişi, sən zarafat eləyirmişsən… xa-xa-xa…

– Qardaş, daxı niyə gülürsən? Hansı məlun zarafat eləyir?!

– Xa-xa-xa… A kişi, eşşək sənin deyil ki, onu girov qoyasan! Söz yox, qoyarsan. Amma sabah olcaq eşşəyin sahibi gəlib eşşəyi aparacaq da!.. Xa-xa-xa…

– Yavaş, qoy görək, a kişi, bir az yavaş gül, qoy sözümü deyim. And olsun Allaha, mən zarafat eləmirəm. Yaxşı, eşşəyin sahibi nə deyib səndən eşşəyi istəyəcək? Eşşəyin sahibi sənə kimin yanında eşşək tapşırıb? Bəli, gəldi dedi “mənim eşşəyim burdadı, eşşəyimi ver”. Deyərsən “kimin yanında sən mənim karvansarama eşşək qatmısan?” Ya xeyr, sənə dedi “pəs eşşək necə oldu?”, sən də de ki, “eşşəyi hər kəs gətirib bura qatmışdı, haman adam da eşşəyi çıxardıb apardı”. Onnan sonra mən bilirəm, eşşəyin sahibi bilər. Dəxi sənə nə dəxli var?..

Bu sözləri deyəndən sonra Xudayar bəy çubuğu uzatdı Kərbəlayı Cəfərə. O da çubuğu alıb, məşğul oldu çəkməyə. Bunların söhbəti çox uzun çəkdi. O, belə dedi, bu belə dedi. Axırı bu cür şərt bağladılar: Kərbəlayı Cəfər Xudayar bəyə yeddi manat versin və eşşək qalsın onun ixtiyarında. Hər nə eləyir eləsin: ya satsın, ya gizlətsin, ya nə eləyir eləsin. Xudayar bəy də kəndə qayıdıb xəbər versin ki, eşşək karvansaradan oğurlanıb. Hərgah Məhəmmədhəsən əmi çox atılıb düşsə və şıltaq eləsə, Xudayar and-aman içsin ki, mirovoy suda ərizə verib, karvansaraçıdan eşşəyi istəyər. Əgər Məhəmmədhəsən əmi şəhərə gəlib, Kərbəlayı Cəfərdən əhvalatı soruşsa, Kərbəlayı Cəfər and içsin, aman eləsin ki, həqiqətdə eşşək oğurlanıb; yəni Xudayar bəyin bu işdə heç günahı yoxdu.

Bu cür tədbiri tökən kimi Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına. Xudayar pulu götürüb qoydu cibinə, bir qədər dikəldi. Sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:

– Ver əlini mənə.

Kərbəlayı Cəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə.

– Kərbəlayı Cəfər əmi, Allah sənin oğlunu saxlasın və səni səlamət eləsin. Allah öz birliyi xatirinə sənə bu sövdədə xeyir versin.

IV

Xudayar bəy yeyib qarnı tox və yeddi manatı cibinə qoyub, arxayın və rahat uzanıb yatdı. Yəqin ki, çoxdandı onun yuxusu bu gecəki kimi şirin olmamışdı.

Amma dünyada bəzi vaxt, bəlkə də çox vaxt çox təəccüblü işlər ittifaq düşür. Məsəla, indi bu saat burada Xudayar katda ləzzətnən yıxılıb yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Doğrudan çox gülməli əhvalatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gətirən hekayət?!

Bəli, bu saat, elə bu dəqiqə, bu gecə səhərə kimi Danabaş kəndində üç evdə matəm qurulubdur. Biri Məhəmmədhəsən əminin evində, – necə ki, məlumdu, – biri Xudayar bəyin öz evində və biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində. Hələ Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş kəndinə və Zeynəbin matəmindən başlayıb, deyə-deyə gələk çıxaq başa.

Zeynəb qırx-qırx iki yaşında, kök, dolu və qarabuğdayı bir övrətdir. İki il bundan irəli əri Kərbəlayı Heydər ölüb. Qalıbdı bir oğlu Vəliqulu, on yeddi yaşında, iki də qızı: Fizzə yeddi yaşında və Ziba dörd yaşında.

Zeynəb nə Zeynəb!

Hanı irəliki Zeynəb? Onu iki il bundan əqdəm[16 - Qabaq, əvvəl] görən indi heç tanımaz. Zeynəbi görəydiniz əri Kərbəlayı Heydərin sağlığında. Danabaş kəndində Zeynəbin adı tək idi gözəllikdə.

Zeynəb uşaqlıqda bir yetim qız idi. Amma çox gözəlliyi səbəbə bibisi aparıb öz evində saxladı, bu qəsd ilə ki, alsın öz oğluna. Qərəz, bibisinin oğlu öldü və Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi-elçi üstdən tökülüb gələrdi. And içirlər ki, bir ilin içində Zeynəbin on dörd müştərisi var idi. Hamısı da ağıllı-başlı yerlərdən. Axırı qismət belə gətirdi ki, Zeynəbi verdilər Heydərə; yəni çox yaxşı elədilər ki, verdilər Heydərə. Ondan ötrü ki, Heydərin atası Kərbəlayı İsmayıl kəndin mötəbər şəxslərindən biri idi və Zeynəbin qeyri müştərilərindən nə dövlətdə əskik idi, nə də hörmətdə.

Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib, doqquz ulağ, dörd-beş baş qaramal, iyirmi üç qoyun və yeddi keçi və iki xalvar zəmi qoyub getdi. Söz yox, dövlətin yarısı çatdı Heydərə və yarısı da qardaşı Rzaya.

Bir ildən sonra Rza öldü və Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi eləməyə. Amma bununla belə, söz yox, xərci də az deyildi. Əvvəla, atasının və qardaşının ehsan və Kərbəlaya göndərmək xərci və sonra özü də Kərbəlaya gedib qayıdıb, genə dalı düşdü. Necə də dalı düşməsin? Hesab eləyirdi ki, atasının və qardaşının nəşlərini Kərbəlaya göndərməkliyə və öz Kərbəlaya getməkliyinə düz iki yüz manat xərci çıxıb. Amma Allah-taala rəhim Allahdır. Çünki bu pulları Kərbəlayı Heydər mübarək yolda xərcləmişdi, genə axırda Allah-taala öz qüdrət əli ilə Kərbəlayı Heydərin işini düzəltdi. Belə düzəltdi ki, Kərbəlayı Heydər öləndə özünə yetmiş manat xərc çıxdı və bundan əlavə övrəti Zeynəbə iki yüz əlli manat, oğluna yüz qırx və hər qızına yüz manat pul çıxmışdı. Qalan zəmilərini vəsiyyət elədi övrətinə və qızlarına. Amma həyəti də verdi oğlu Vəliquluya.

Kərbəlayı Heydərin ölməyi övrəti Zeynəb üçün yekə müsibət oldu. Artıq qəm və qüssə elədi yazıq övrət ərinin ölməyinə. İndi bu saat hər cümə axşamı ərinin qəbrinin üstə gedib, bir yekə mərəkə qurar. Vaqeən az-az tapılar bu cür istəkli övrət. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir. Qəm və qüssə içində genə həmişə Allaha şükür və səna eləyir ki, Allah-taala ona bir parça çörək verib, özgələrə möhtac eləməyib. Və bir də ki, evlənməli oğlu və iki qızı… Genə Allah bərəkət versin, bunların hamısının şükrünü yerinə yetirmək lazımdır.

Zeynəb oğlundan yerdən-göyə kimi razıdır. Ondan ötrü ki, Vəliqulu o itaəti ki, anasına eləyir, bəlkə atasına eləməzdi. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. Yəqin ki, anası desə öl – öləcək, qal – qalacaq. Atası ölən gündən bu günkü günə kimi bir elə vaxt olmayıb ki, Vəliqulu işini-gücünü boşluyub, müsahiblərinə qoşulub gəzməyə və kefə məşğul olsun.

İnsafən Vəliqulu çox məzlum oğlandı. İndiyədək Zeynəb Vəliquludan bir tük qədəri də inciməmişdi. Amma axır vaxtda iş belə gətdi ki, Vəliquluynan anasının arası bərk dəydi.

İş bu cür oldu.

Gərək əhvalatı başdan başlayaq. Mərhum Kərbəlayı Heydər ilə Xudayar katda bərk rəfiqdilər. Əvvəl cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. Can deyib can eşidərdilər. Gecə və gündüz gəzməkləri bir, yeməkləri bir, oturmaqları bir, durmaqları bir. Bunların dostluğu ta o yerə çatdı ki, xalq bunlardan lap bədgüman oldu. Belə ki, bunların dostluğunu hərə bir tövr başa düşürdü. Biri deyirdi ki, bunlar xəlvətcə o taydan[17 - Arazın o tayı nəzərdə tutulur] kandrabat malı keçirib satırlar. Amma xeyr, belə deyildi. Bu xəyal xam xəyaldı. O səbəbə ki, Xudayar bəyi bilmirəm, amma Heydər əslən ata minməyi bacarmazdı. Xeyr, bu deyildi.

Bəzi də deyirdi ki, bunlar qəlp pul qayırırlar. Vaqeən çox təəccüblü şeydir. Danabaş kəndi, qəlp pul?! Aya, görək Danabaş kəndində heç sağ pulnan qəlp pula təfavüt qoyarlar? Heç tanırlar qəlp pul nədir və saf pul nədir? Xeyr, belə deyil.

Vəssalam ki, hərə bir cür güman edirdi.

Qərəz, xalq nə güman eləyir-eləsin, amma zahirən Kərbəlayı Heydərnən Xudayar bəyin dostluğu möhkəm dostluğa oxşayırdı.

Keçmiş günlərin bir günü, qış fəsli idi. Gecədən üç-dörd saat keçmişdi. Hər iki rəfiq, yəni mərhum Kərbəlayı Heydər və Xudayar bəy və bunlardan savayı Kərbəlayı Heydərin qonşularından bir neçə kəndli Kərbəlayı Heydərgilin tövlə otağında oturub məşğul idilər söhbətə. Məlumdur, qışın uzun gecələrini yatmaqnan qurtarmaq olmaz. Odur ki, Danabaş kəndində atadan-babadan qalma bu bir adətdi, hər məhəllənin adamları, – çünki indi dəxi bir iş-güc yox, – bir tövlə otağına yığışıb, ta gecədən altı saat gedənə kimi, danışmaqnan, deməknən, gülməknən keçirirlər. Çox vaxt belə olur ki, bu oturanların birisi yaxşı əhvalatdan, hekayətdən nağıl edir, xalq da qulaq asır.

Bəli, Xudayar bəy bir tərəfdə və Kərbəlayı Heydər bir tərəfdə oturub, hekayətə qulaq asırdılar.

Danabaş kəndinin mollası Molla Pirqulu “Bəxtiyarnamə” kitabından bir əhvalat oxuyurdu. Oturanların hamısının fikri mollada idi. İttifaq da belə düşdü ki, haman iki rəfiqlərin ikisinin övrətləri hamilə idi. Həmin gecə ikisinin də ağrısı tutmuşdu. Hekayənin şirin yeri idi. Tövlənin qapısı cırıltı ilə açıldı. Tövləyə iki oğlan uşağı, bir qız uşağı soxulub, gəldilər kəndlilərin yanına. Çünki tövlə o qədər işıq deyildi, uşaqlar axtardıqları adamı girən kimi görmədilər. Axırı adamların içindən Kərbəlayı Heydərin başına doluşub, başladılar bundan muştuluq istəməyə.

– Əmi, muştuluğumu ver, bir oğlun oldu. Ver, ver, muştuluğumu ver.

Kərbəlayı Heydər əlini uzatdı cibinə və uşaqların hərəsinin ovcuna bir az iydə qoyub yola saldı. Molla Pirqulu və kəndlilər Kərbəlayı Heydərə göz aydınlığı verdilər və molla genə başladı nağlını. Xudayar bəy həmçinin rəfiqinə mübarəkbadlıq verib, bir qədər cumdu fikrə, sonra üzünü tutub Kərbəlayı Heydərə səmt və əlini ona tərəf uzadıb çağırdı. Molla səsini kəsdi ki, görsün nə deyir Xudayar bəy.

– Qardaş, Kərbəlayı Heydər, əlini ver mənə.

Kərbəlayı Heydər əlin uzatdı Xudayar bəyə. Çünki hər iki rəfiq bir-birindən bir az uzaq oturmuşdular, əl-ələ verəndə hər ikisi bir qədər dikəlmişdi. Əl-ələ verən kimi Xudayar bəy başladı:

– Qardaş, Kərbəlayı Heydər, mənim əzizim və iki gözümün işığı! Sənin oğlun oldu, Allah onu sənə çox görməsin öz birliyi xatirəsinə. Qardaş, indi bu saat elə mənim də övrətim ayaq üstədi. Gərək ki, özün də bilirsən. Qardaş, gəl elə oturanların yanında əhd bağlayaq. Əgər indi xəbər gətirdilər ki, mənim də oğlum olubdu, onda bunların hər ikisinin qardaşlıq siğəsini oxuruq. Onlar da bizim kimi qardaş olsunlar. Ya xeyr, mənim qızım oldu, siğəsini oxudub verək sənin oğluna.

Molla hamıdan qabaq öz razıçılığını izhar edib və Xudayar bəyin bu təklifini artıq bəyənib dedi:

– Zi hər tərəf ki şəvəd küştə sudi-islaməst. Çox gözəl, çox yaxşı. Hər tərəf, yəni hər necə olmuş-olsa, islamın məsləhətidir. Çox gözəl, çox gözəl.

Molla Pirqulu bildi ki, dediyi fərdi heç kəs başa düşməyəcək; əgər düşsələr də yaxşı mənada başa düşəcəklər. Yəni bu sövdənin hər bir tərəfi islamın məsləhətidir.

Molla, islamdan murad özünü nəzərdə tuturdu; çünki o görürdü ki, elə də olsa siğə oxudub ona ağız şirinliyi verəcəklər, belə də olsa verəcəklər. Söz yox, hər necə olmuş-olsa, axunda xeyirdi.

Bəli, əhd bağlandı və xəbər gəldi ki, Xudayar bəyin qızı oldu. Kərbəlayı Heydər oğlunun adını qoydu Vəliqulu, Xudayar bəy qızının adını qoydu Gülsüm. Haman gecə Molla Pirqulu Gülsümün siğəsini oxudu Vəliquluya.

Bu əhvalatdan sonra Kərbəlayı Heydərnən Xudayar bəyin arasında olan mehribançılıq dəxi də artdı. Belə ki, bunlar oldular lap sədaqətli dost və lap yavıq qohum. Bu onun evində, o bunun evində. Yəqin ki, doğma qardaş da bu tövr rəftar eləməzdi, necə ki, bunlar edirdilər. Ta Kərbəlayı Heydər ölən günə kimi bu rəfiqlərin məhəbbəti və rəfaqəti bir tük qədəri də pozulmadı.

Bunların bu cür dostluqlarının müqabilində camaat yəqin eləmişdi ki, Kərbəlayı Heydərin ölməkliyi gərək Xudayar bəyə artıq təsir eləsin. Amma Xudayar bəy gözünə döndüyüm belə rəftar elədi ki, xalq lap heyran qaldı. Belə ki, Kərbəlayı Heydərin canı ağzından çıxan kimi Xudayar bəy Zeynəbin yanına adam göndərdi ki, məbada-məbada özgəsinə dil verə və özgəsinə ərə gedə. Niyə? Ondan ötrü ki, guya Kərbəlayı Heydər ona, yəni Xudayar bəyə vəsiyyət edib ki, Zeynəbi o özü alsın, qoymasın özgə namərdə ərə getsin.

Elə ki, bu səda kənd arasında şöhrət tapdı, xalq hamı başa düşdü ki, mərhum Kərbəlayı Heydərnən Xudayar bəy nə qəlp pul qayırırmışlar, nə də kandrabat malı o taydan-bu taya keçirirmişlər. Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə bir-birinin övrətinə imiş. Kim nə bilsin, bəlkə Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istəyəcəkdi.

Zeynəb Xudayar bəyin elçisinə cavab verdi ki, qoy Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz. Zeynəb Xudayar bəyə ondan ötrü bu cavabı verdi ki, əvvəla, ərinin bədəni qəbrin içində bəlkə heç soyumamışdı. Ona nə lazım olmuşdu yasdan çıxmamış, ər dalınca düşsün? İkinci, ondan ötrü bu cavabı verdi ki, Kərbəlayı Heydər ölən kimi Zeynəbə iki ləyaqətli yerdən müştəri çıxdı. Biri Danabaş kəndinin mötəbəri və sayılanı Hacı Həmzə və biri də Çərçiboğan kəndinin qlavası Xalıqverdibəy. Bunların hər ikisinə Zeynəb cavab verdi ki, onun ərə getmək xahişi yoxdur. Üçüncü də Zeynəb ondan ötrü Xudayar bəyə bu cavabı verdi ki, necə övrət ola, – ya kasıb, ya dövlətli, ya cavan, ya qoca, ya göyçək, ya çirkin, – razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna sürtməsin. Bu sözlər Zeynəbin öz sözləri idi ki, Xudayar katdanın elçisinə demişdi.

Xudayar bəy Zeynəbdən hələ ümidini lap kəsmədi: genə güman eləyirdi ki, bəlkə bir tövrnən yumşala və ipə-sapa gələ. Və bir də artıq ümid Vəliquluya bağlamışdı. O bilirdi ki, Vəliqulu çoxdandır Gülsümün oduna alışıb; hələ axır vaxta toy fikrinə düşübdür. Pəs belə olan surətdə genə ümid var idi, yəni Xudayar bəyin ümidi var idi ki, Vəliqulu anasını bir tövrnən, bir fəndnən yola gətirə. Zeynəbin ərə getməklik fəqərəsi Vəliqulunun əvvəllər heç vecinə gəlməzdi. Ona nə dəxli var? Anası kimə gedəcək getsin; ancaq onun yarı Gülsüm sağ olsun.

Vaqeən Vəliqulu nişanlısına lap aşiq olmuşdu, artıq məhəbbəti var idi. Amma işlər belə gətirdi ki, Zeynəbin Xudayar bəyə yox cavabı gedən kimi Xudayar bəy xəbər verdi ki, əvvəla, dəxi qızını vermək istəmir Vəliquluya və bir də Zeynəbə və Vəliquluya sifariş göndərdi ki, mərhum Kərbəlayı Heydərin ona, yəni Xudayar bəyə iki yüz manat höccətli borcu var, tezliknən düzəldib versinlər ki, dəxi şikayət-mikayət olmasın. Zeynəb Xudayar bəyə cavab göndərdi ki, əgər o qızını Vəliquluya vermək istəmir, heç o da onun qızını almır oğluna. Və bir də ki, əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana, divandan da pulunu alsın.

Vəliqulunun bu əhvalatdan heç xəbəri yox idi; çünki o günü Vəliqulu çöldə idi, zəmiyə toxum səpirdi. Çöldən evə qayıdıb və malları tövləyə qatıb girdi evə və anasını dilxor görüb, təəccüblə səbəbini soruşdu.

Zeynəb bucaqda diz üstə oturub, əlində corab toxuyurdu. Zahirən çox qəmgin görsənirdi. Zeynəbin sol səmtində Fizzə qızı yanını verib yerə, diqqət ilə baxırdı anasının üzünə. Kənarda quru yerdə Ziba qızı öz-özünə bir zad oynayırdı. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə, genə başını saldı aşağı və sağ əli ilə çarğatını gözlərinin üstə aparan kimi Vəliqulu başa düşdü ki, anası ağlayır. Vəliqulu gəlib oturdu bir səmtdən və qıçlarını uzadıb, yorğun adam kimi dayandı divara.

– Ana, nə qayırırsan, ağlayırsan?

Zeynəb başını qaldırdı oğluna səmt. Gözlərinin yaşı sübhün şehi kimi kipriklərini islatmışdı.

– Xeyr, bala, ağlamıram. Niyə ağlıyıram?

Görükən budur ki, Zeynəb ciddi-cəhd eləyirdi ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. Amma səsindən əlüstü duymaq olardı ki, Zeynəb çox ağlayıbdı.

Fizzə dikəlib oturdu və üzünü tutub qardaşına və doluxsunub dedi:

– Dadaş, vallah, anam yalan deyir. Anam bayaqdandı elə ağlıyır. Elə biz hamımız ağlıyırıq. Bayaq…

Qızın görükür ki, genə sözü var idi desin, amma anası qoymadı.

– Yaxşı, yaxşı, bildilər ta. Yalan danışma. Yox, vallah, Vəliqulu, bir zad yoxdu. Elə tək qaldım, bir az ürəyim sıxıldı, ağlamağım tutdu; yoxsa bir şey yoxdu.

– Ana, mən deyirəm sənin yasın qiyamətə kimi qurtarmıyacaq. Rəhmətliyin qızı, bu qədər də ağlamaq olar sən ağlıyırsan? Bir bax gör dadaşım neçə ildi ölübdü.

– Dadaş, bir arvad gəldi, dedi əmin Gülsümü vermir sənə, onunçün ağladı.

Zeynəb bərk acıqlandı Fizzənin üstünə:

– Dur itil cəhənnəmə, fizzə! Dur, dur get!

Fizzə ayaq üstə durub, genə oturdu yerə.

Vəliqulu çox təəccüb ilə üzünü tutdu anasına:

– Ana, vallah sənin sözün var, amma bilmirəm nə səbəbə demirsən. Bu nə sözdu ki, Fizzə deyir? Bura gələn arvad kim idi?

– Bura gələn arvad Səkinə xala idi; Xudayar bəy göndərmişdi. Deyir ki, Xudayar bəy deyir, əvvəla, qızımı vermirəm Vəliquluya və bir də guya Kərbəlayı Heydərin mənə iki yüz manat borcu var, versinlər ki, şikayət-zad olmasın.

On dəqiqə ana və oğul hər ikisi sakit oldular. Fizzə də irəliki yerində yanını yerə verib, təəccüb ilə baxırdı gah anasının və gah qardaşının üzünə. Ziba bucaqda bir zad oynadıb öz-özünə oxuyurdu. Vəliquluya Zibanın oxumağı çox naxoş gəldi; çünki elə onsuz da onun qaşqabağı acıqlı görsənirdi. Ancaq bəhanə axtarırdı hirsini büruzə versin. Vəliqulu Zibanın üstə bu tövr acıqlandı.

– İtin qızı it, sən də vaxt tapdın oxumağa! Bizim kefimizə bax, bunun kefinə bax. Cəhənnəm ol qoy get eşiyə!

Ziba qardaşının səsini eşitcək dik qalxdı ayaq üstə və anasına səmt baxıb, hər iki əlini üzünə aparıb, başladı ağlamağı. Bu ağlamaqlığı ilə güya Ziba anasından kömək istəyirdi. Qız yəqin bilirmiş ki, anası köməyə gələcək.

– Bala, ağlama-ağlama, gəl yanıma, gəl. Bizim çırağımız o vədə keçdi ki, atanız öldü. Gəl, gəl, gəl otur yanımda…

Vəliqulu bir söz danışmayıb, başını salmışdı aşağı və əlində bir çöp oynadırdı. Fizzə bacısı Ziba kimi əllərini gözlərinin üstə qoyub, həmçinin ağlamağa başladı. Vəliqulu üzünü anasına çöndərib sual elədi:

– Ana, bə sən Səkinə xalaya nə cavab verdin?

Anası bir cavab vermədi… Uşaqlar səslərini kəsib, yavıqlaşdılar analarının yanına. Ziba keçib otdu anasının qucağında. Fizzə də sağ tərəfdən anasını qucaqlayıb, təəccüblə baxırdı qardaşının üzünə. Zeynəb bir cavab vermədi; amma Vəliqulu dəxi bərk səs ilə dübarə soruşdu:

– Axı mən səndən söz xəbər alıram. Qulaqların kardı, eşitmirsən?

– Nə deyəcəkdim?! Dedim ki, Kərbəlayı Heydərin əgər ona borcu var, qoy kağızını qoysun divana.

Zeynəb sakit oldu və Vəliqulu dübarə sual elədi:

– Elə bircə bu?

– Bə dəxi nə olacaq ki?

– İndi sən bilmirsən mən səndən nə soruşuram, ana?

– Bala, sən soruşdun, mən də cavab verdim. Ta dəxi məndən nə istəyirsən?

– Bə Gülsümdən yana nə cavab verdin?

– Mən nə cavab verəcəkdim?! Gülsümün mən vəkili deyiləm ki! Ata verməyəndən sonra dəxi mən nə deyəcəyəm? Dedim ki, əgər o qızını mənim oğluma vermək istəmir, mən də heç almıram. Daha nə deyəcəkdim?

Vəliqulu zahirən artıq qeyzləndi və bu cür anasına dedi:

– Yaxşı, bə sən bilirsən ki, Gülsümə vəkillik eliyə bilməzsən, pəs mənə necə vəkillik edirsən?

Zeynəb təəccüb ilə cavab verdi:

– Axı sən mənim oğlumsan. Gülsüm mənim ki, qızım deyil.

– Yaxşı deyirsən, ana. Amma oğul qədri bilən anıya, gəlin qızdan irəlidir. Sən bu sözləri nahaq yerə deyirsən.

Vəliqulu sözü belə gətirdi ki, Zeynəb cavab tapmadı desin. Dübarə Vəliqulu başladı:

– İndi ki, belədir, mən gərək ayrılam. Mən görürəm ki, səninlə yola gedə bilmiyəcəyəm. Allah atana rəhmət eləsin. Məni elə ayır. Qoyun gedim özgə yanda olum.

Zeynəb ağlaya-ağlaya üzünü tutdu Vəliquluya:

– Bala, Vəliqulu, yadındadı ki, atan öləndə sən mənə təskinlik verirdin ki, ana, ağlama, mən bir dəqiqə qoymaram sənin ürəyin sıxılsın? Pəs niyə sözünün üstə durmursan?

– Axı bir sən mənim ürəyimi sıxma ki, mən də sənin ürəyini sıxmayım.

– Bala, qadan alım, mən niyə sənin ürəyini sıxıram? Xudayar bəy Gülsümü vermir, mən belə sənə Gülsümdən yaxşı qız alaram. Dəxi ürəyini niyə sıxırsan?