banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş əsərləri

скачать книгу бесплатно

– Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki… Əlbəttə alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.

Xudayar bəy:

– Baş üstə, – deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.

– Əzizim, mən ərz elədim iki vəsiyyətim var; birini dedim, birini də deyim, ondan sonra azadsan.

– Buyur, qazı ağa.

– İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın.

– Ay qazı ağa, uşaqsan? Məni elə nadan bilmə.

– Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala.

– Necə gərək qala?

– Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssəlam. İndi gedə bilərsən.

– Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə belədi.

Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb, üz qoydu getməkliyə.

III

Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb, üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub, getdi girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı. Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb, tutdu Karapet ağanın qabağına.

– Zəhmət olmasa bir ispiçkə çək, bu qovu yandırım.

Karapet ağa qeyznən cavab verdi:

– Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!

Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb atsın.

Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.

Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb, bu cür Karapet ağanın cavabını verdi:

– Xozeyin, sən nahaq yerə çığırırsan. Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam.

– Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan. Mən duraram sənin əllərindən öpərəm.

Xudayar bəy çubuğun tənbəkisini doldurdu kisəsinə və çubuğunu taxdı belinə və cavab verdi:

– Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyən adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə kəllələrdən.

Karapet ağa bir az yavaşıdı:

– Mənim gözüm üstə. Mən nə deyirəm ki! Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan. Mən onu deyirəm ki, sən yaxşı eləmədin mən yazı yazan vaxtda qovu uzatdın mənim qabağıma. Mən indi yazıda qələt düşdüm. Mənim indi zəhmətim lap çox oldu. Gərək sən gedəndən sonra bu yazdığımı bir də yazam.

– Qərəz, ta indi keçib. Hər nə olub, olubdu. Qəndi indi neçəyə verəcəksən mənə?

Karapet ağa qəfəsənin taxtasını qovzayıb çıxdı kənara və gəldi qalanmış qəndin yanına və əlini kəllələrin birinin üstünə qoyub başladı:

– Bax, qardaşım bəy, bu qənd lap elə yaxşı qənddi. Bu qəndi sənə verəcəyəm yeddi manat iki şahıya. Bu lap yaxşı qənddi.

–A kişi, zarafat eləyirsən? Qəndi indi yeddiyə hər yanda verirlər da. Gözün məni gördü?

– Harda yeddiyə verirlər? Heç belə şey olmaz, məzhəb haqqı. Yeddi iki şahıdan bir qəpik əskiyə verməzlər.

Xudayar bəy bir az dinməyib, genə həmin çubuğu çıxardıb başladı doldurmağı. Karapet ağa cibindən bir spiçka çıxardıb yandırdı. Xudayar bəy çubuğu alışdırdı və dedi:

– Yaxşı-yaxşı! Mən çoxdan bilirdim ki, sən bahacılsan. Heç sənnən bacarmaq olmaz. Yaxşı-yaxşı! Götür bir kəllə çək, görək nə qədər gələr.

Karapet ağa yekə kəllələrin birini qucaqlayıb qoydu tərəziyə.

– Bu on, bu da on – iyirmi. Bu beş, bu üç, bu iki, bu da yarım. Bəli, düz otuz girvənkə yarım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, çıxaq doqquz şahısını, qalar beş manat on bir şahısı.

Karapet ağa qəndi tərəzidən götürüb qoydu yerə.

– Karapet ağa, indi Allaha şükür, məni tanıdın ki?

– Necə yəni tanıdım?

– İndi bildin mən kiməm da?

– Sən kimsən?

– Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.

– Mən də ikinci gild kupets Karapet ağayam.

– Ay atana Allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər Allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə üç il. Amma Allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bu gün iş belə gətirdi, yanımca şəhərə pul götürməmişəm. İndi mən qəndi aparıram, inşallah sübh tezdən sənin beş manat on bir şahını burda hazır elərəm.

Karapet ağa bu sözləri eşitcək cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını görsətdi.

– Di get, çıx get! Tez ol get burdan! Elə bu saat çıx get.

Xudayar bəy dinməz-söyləməz dükandan çıxıb üz qoydu getməyə. Axşam azanına ancaq yarım saat qalırdı ki, Xudayar bəy gəldi çıxdı haman karvansaraya ki, eşşəyi qatmışdı.

Xudayar bəy karvansaranın qapısına yetişcək içəridən bir alçaq qədək arxalıqlı, boz papaq, ağ tuman kişi çıxıb qaşqabaq ilə üz tutdu Xudayar bəyə:

– A kişi, Allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən Allah, gedim ulağı çıxardım, götür apar.

Bu sözləri deyib güdək kişi, – ki karvansaranın odabaşısı olsun, – istədi qayıda karvansaranın həyətinə. Xudayar bəy onu çağırıb saxladı:

– Yavaş görüm, hara gedirsən? Necə bəlanı gətirib qatmışam tövləyə? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?

Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı:

– A kişi, sən Allah zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. Eşşəyini çıxardım, götür apar.

Xudayar bəy qayım səslə cavab verdi:

– Rəhmətliyin oğlu, bir sözünü mənə de görüm ki, axı nə olubdu?

– Nə olacaq, yekə kişi! Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyə? Görək mənnən qəsd-qərəzin var?

– Ə, dəli olmamısan ki! Ya keflisən? Mən niyə xalqın eşşəyini oğurluyuram? Vallah heç artıq-əskik danışma ki, peşman olarsan.

– Yaxşı, rəhmətliyin oğlu, özgə eşşək tapa bilmirdin, getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqala?

– Necə qalmaqala qoymuşam mən səni?

– Necə qalmaqal olacaq? Sən elə eşşəyi tövləyə qatıb oyza[14 - O üzə, o tərəfə] cummuşdun, Məhəmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya ki, eşşəyi aparacağam. Mən də nə tövr verəydim? Dəxi nə deyim, başına dönüm! Bu oğlan özünü çırpır yerdən yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam. Axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə.

– Heyf, heyf, heyf ki, mən burda olmamışam! Vallahi ki, ölüsünü qoyardım oğlanın burda! Onu mən sağ ötürərdim kəndə? Sən pəs niyə məni gəlib çağırmadın?.. Qərəz, keçib. İndi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. Mən özüm də gərək qalam, eşşək də gərək qala. Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi.

– Qonaqsan, gözüm üstə yerin var. Əlbəttə, indi da getmək olmaz. Hava lap qaranlıqlayır. Di burda niyə durubsan? Buyur gedək mənzilə.

Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi. Hücrənin fərşi ibarətdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüleyin və süpürgə. Çirkli divarların nə tağları var idi, nə taxçası. Xudayar bəy palaz üstə oturub dalını dayadı yükə və çubuğunu cibindən çıxardıb başladı doldurmağı. Sonra üzünü Kərbəlayı Cəfər əmiyə tutub dedi:

– Gəl otur görək, Kərbəlayı Cəfər əmi. Gəl mənə bir od da zəhmət çək ver. Gəl, gəl otur söhbət edək bir az.

Kərbəlayı Cəfər əmi də həmçinin başmaqlarını çıxardıb, keçdi oturdu bir tərəfdən və bir spiçka çəkib tutdu Xudayar bəyin çubuğuna. Xudayar bəy çubuğu alışdırdı.

– Kərbəlayı Cəfər əmi, sən gərək bu əhvalatı mənə deməyəydin. Sən mənim ürəyimə bir ox vurdun. Allah görüm Məhəmmədhəsən əminin atasına lənət eləsin! O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım.

Xudayar bəy sözünü deyib və dikəlib çubuğu uzatdı verdi Kərbəlayı Cəfər əmiyə. O da “ya Allah” – deyib çubuğu aldı və bir sümürüb dedi:

– Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmmədhəsən əmi neyləsin? Onun nə günahı var? Sən eşşəyi gətirəndə ona xəbər versəydin, heç belə olmazdı. Onda bilərdilər ki, eşşəyi sən gətirmisən, da oğlunu göndərməzdi.

– A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A kişi, niyə inanmırsan?

– Niyə də inanmıram? Xeyr, inanıram.

– Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulağ da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?

– Xeyr, inanıram da! Niyə inanmıram?

Kərbəlayı Cəfər dikəlib çubuğu verdi Xudayar bəyə. Xudayar bəy bir-iki sümürüb genə başladı:

– İndi sən görərsən, Kərbəlayı Cəfər əmi. Mən qisasımı Məhəmmədhəsən əmidən almasam, mən bu saqqalımı qırxdırram!

Kərbəlayı Cəfər əmi bir az gülümsündü və bir qədər dikəlib sual etdi:

– Yaxşı, sən nə eliyə bilərsən ona?

– Mən onun gözünə ağ sallam! Nə eliyəcəyəm ona? Mən onun böyüyü deyiləm? Gün olmaz ki, onun mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstə, ayaqlaram. Nə eliyəcəyəm?

On-on iki yaşında bir oğlan sol əlində bir çölmək sallaya-sallaya girdi içəri, çölməyi qoydu yerə və üzünü tutdu Kərbəlayı Cəfərə:

– Dadaş, bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Cəfər qeyznən cavab verdi:

– Ay ananın dədəsinin gorunu… Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

Oğlan başını aşağı əyib dedi:

– Yox, dadaş, vallah anamın heç günahı yoxdu. Bu gün getmişdi hamama. Qonçaya da tapşırmışdı hərdən-birdən ətə baxsın. Qonçanın da başı nə bilim nəyə məşğul olubdu, əti yandırıb.

– Niyə, hamam ananın başına uçsun! Elə gərək bu gün anan gedəydi hamama?

Oğlan təəccüblü cavab verdi:

– Pəs havaxt gərək gedəydi?

Xudayar katdaya aclıq çox kar eləmişdi; çünki səhərdən, kənddən çıxandan bir tikə çörək yeməmişdi, savay qazının bir stəkan çayından. Oğlan çölməyi içəri gətirən kimi bozbaşın qoxusu Xudayar bəyə belə xoş gəldi ki, könlündə Kərbəlayı Cəfərin övrətinə iki min yaman dedi. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək, amma onun ürəyi də gedir acından; bu səbəbə ortalığa söz atdı ki, bəlkə söhbət qurtara. Çölməyi dığırladaraq:

– Kərbəlayı Cəfər əmi, vallah hər nə deyirsən de, amma deyirəm ki, oğlanın xəbəri yoxdu. Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir.

Kərbəlayı Cəfər durub bucaqdan bir sarı qaşıq tapıb, gəldi çömbəldi çölməyin başında. Çölməyin qapağını götürüb, bir qaşıq ətin suyundan götürüb içdi və ağzını marçıldadıb, qaş-qabağını turşudub, üzün tutdu Xudayar bəyə:

– Xeyr, bu əti yemək olmaz.

Qərəz, Kərbəlayı Cəfər bir qədər də övrətindən giley elədi, bir qədər də söyüşdən, lənətdən dedi. Axırı laəlac qalıb, gətdi süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə və sağ qolunu çərməyib çölməyi üzüquylu elədi sininin üstə, sonra ətləri bir-bir seçdi qoydu çölməyə. Hər iki əli ilə çörəyi qarışdırıb Xudayar bəyə təklif elədi:

– Bismillah, Xudayar bəy, irəli çəkil görək. Hərçənd ət də yanıbdı, amma baxtından küs, xa-xa-xa…

Xudayar bəy irəli çəkilib əlini uzatdı. Bir neçə tikə götürüb dedi:

– Kərbəlayı Cəfər əmi, and olsun Allaha, sən lap nainsaf adamsan. Kişi, kim deyir ki, bu ət yanıb? Vallah əgər bir tikə da yanıbdı. Ta bundan yaxşı ət bişməz.

Xudayar bəy lap yalan deyirdi. Əvvəla ondan ötrü ki, çox acmışdı. Ac adama yanmış ət də xoş gələr. Və bir də ki, bura şəhərdi, genə necə olsa, şəhər bozbaşı ilə kənd bozbaşı bir olmaz. Genə şəhər bozbaşının yanmışı kənd bozbaşının lap yaxşısından ləzzətdi olar.

Bəli, Kərbəlayı Cəfər və Xudayar bəy hər ikisi məşğul oldular yeməyə. Oğlan bir az durdu, sonra çıxıb getdi. Xudayar bəy sol qıçını qabağına uzadıb, sağ qıçını dikəltmişdi. Belə ki, sağ qıçı süfrənin içində idi. Amma Kərbəlayı Cəfər diz üstə oturub, üzüquylu düşmüşdü çörəyin üstə. Belə ki, az qalırdı burnu dəyə siniyə.

Çörəyi yeyib qurtardılar. Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. Hər ikisi əllərini silib çəkildilər kənara. Xudayar bəy bir kəhildəyib, götürdü çubuğunu və doldurub alışdırdı və bir qədər çəkib, uzatdı Kərbəlayı Cəfərə səmt.

– Kərbəlayı Cəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər necə olmuş olsa, tapıb mənim işimi düzəldəsən.

Kərbəlayı Cəfər əlüstü cavab verdi:

– Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?

– Özündə yoxdu, özgədən tap. Qərəz, onu-bunu bilmirəm, gərək nə yolnan olsa, tapıb verəsən.