скачать книгу бесплатно
Quldur qızı Roni
Astrid Lindqren
Dünya ədəbiyyatından seçmələr
Bir quldurbaşının qızı ilə onun qatı düşməninin oğlunun təhlükəli macəralarından bəhs edən bu əsəri oxuduqdan sonra uşaqların böyüyəndə valideynləri kimi quldur olmayacaqlarına and içmələrinin səbəbini biləcəksiniz.
Astrid Lindqren
Quldur qızı Roni
I
Roninin dünyaya gəldiyi gün göy guruldadı. Bəli, tufan dağların üstünü elə aldı ki, quldurlar meşəsində yaşayan cin-şəyatinin hamısı qaçıb dəlmə-deşiyə, mağaraya girdi; yalnız tufanı özləri üçün doğma hesab edən drudlar[1 - Drud – Skandinaviya folklorunda əfsanəvi varlıqlar, şər ruhlar] çığır-bağırla quldur dağında yerləşən quldur qəsrinin üzərində uçuşmağa başladılar.
Lovisa isə uşaq doğmağa hazırlaşırdı, amma drudların səsi ona mane olurdu, buna görə də əri Mattisə dedi:
– Bu qəzəbli drudları qov getsin, onların əlindən nə oxuduğumu eşidə bilmirəm.
Məsələ ondaydı ki, körpə gözləyən Lovisa mahnı oxuyurdu. Fikirləşirdi ki, həm onun üçün asan olar, həm də uşaq mahnı sədaları altında doğulsa, şən xasiyyətli olar.
Qildurbaşı Mattis dərhal yayı götürüb mazğaldan[2 - Mazğal – qala divarında silah işlətmək üçün deşik] bir neçə ox atdı.
– Rədd olun burdan! – deyə qışqırdı. – Biz uşaq gözləyirik! Anladınız, iyrənc məxluqlar!
– Ho-ho-ho! – drudlar cavabında qışqırışdılar. – Onlar uşaq gözləyirlər! Ho-ho-ho! Gör necə kifir olacaq! Ho-ho! Lap zəhərli göbələk kimi!
Mattis vəhşi dəstənin lap ortasına bir də ox atdı, amma drudlar yalnız qəzəblə qəhqəhə çəkdilər və ucadan ulaşa-ulaşa ağacların üstündən ötüb-keçdilər.
Lovisa uşaq doğa-doğa oxumağında, Mattis isə bu iyrənc məxluqları qovmağında olsun, sizə tabeliyindəki quldurlardan danışım. Quldurların on ikisi də qalada, ocağın başında oturub yeyib-içir, dəli kimi səs-küy salmaqda qəzəbli drudlardan heç geri qalmırdı. Bir də ki neyləyəydilər, axı hamısı gözləyirdi ki, Lovisa yuxarıda, qüllədə hamiləlikdən nə vaxt azad olacaq. Çünki bütün quldur həyatları boyu Mattisin qəsrində hələ bircə uşaq da doğulmamışdı. Uşağın dünyaya gəlməsini hamıdan çox Keçəl Per gözləyirdi.
– Bu balaca quldur nə vaxt dünyaya gələcək axı?! – deyə qışqırırdı. – Mən daha qocalıb taqətdən düşmüşəm, quldur həyatım sona yaxınlaşır. Çox istəyirəm ki, ölməmişdən əvvəl bizim yeni quldurbaşının üzünü görüm!
Keçəl Per sözünü bitirməmiş qapılar açıldı və sevincindən ağlını itirmiş Mattis özünü zala saldı. O, dabanlarını daş döşəməyə döyəcləyə-döyəcləyə hoppanır, var səsiylə bağırırdı:
– Uşağım oldu!.. Ey, eşidirsiniz, mənim uşağım oldu!..
– Oğlandı, ya qız? – Keçəl Per öz yerindən xəbər aldı.
– Mənim xoşbəxtliyim!.. Mənim sevincim!.. – Mattis bağırırdı. – Quldur qızı! Budur o!..
Elə bu an Lovisa hündür kandardan adlayıb körpəsi əlində zala daxil oldu. Quldurlar birdən-birə səslərini kəsdilər.
– Nolub sizə, ağzınıza pivə alıb durmusunuz? – Mattis onlara bağırdı.
O, qızı Lovisanın əlindən alıb bir-bir on iki quldurun hamısına göstərdi.
– Budur, istəyirsinizsə, indiyədək quldur qəsrlərində doğulmuş körpələrin ən gözəlinə baxıb heyran olun!.. – Qız atasının iri ovuclarında uzanıb gözlərini qırpmadan ona baxırdı. – Elə ağıllı üzü var ki, elə bil indidən nəsə başa düşür.
– Bəs adını nə qoydunuz? – Keçəl Per yenə soruşdu.
– Roni, – Lovisa cavab verdi, – mən bu adı çoxdan fikirləşmişdim.
– Bəs birdən oğlan olsaydı? – o maraqlandı.
Lovisa Keçəl Peri sakit və ciddi nəzərlərlə süzdü.
– Əgər mən qərara almışam ki, uşağımın adı Roni olacaq, demək, elə də olmalıdır.
Sonra üzünü Mattisə tutdu.
– Onu mənə verirsən?
Amma Mattis hələ qızından ayrılmaq istəmirdi. O dayanıb Roninin parlaq gözlərinə, balaca ağzına, qara saçlarına, köməksiz əllərinə heyranlıqla baxırdı, ona olan sevgisindən az qalırdı ürəyi getsin.
– Mənim balam, – deyirdi. – Bu gündən mənim quldur ürəyim sənin balaca əllərindədir. Səbəbini özüm də bilmirəm, amma belədir.
– Onu versənə, bir az tutum, – Keçəl Per xahiş etdi.
Mattis ehtiyatla Ronini qızıl alma kimi onun əllərinə qoydu.
– Budur o! Sənin uzun müddətdi arzuladığın yeni quldurbaşı. Bircə onu əlindən yerə salma, yoxsa canını alaram ha.
Ancaq Keçəl Per yalnız gülümsündü, ağzında bircə diş belə qalmamışdı.
– Hə, o, tük kimidir, – körpəni əlində yüngülcə atıb-tutaraq dedi.
Mattis hirslənib Ronini onun əlindən aldı.
– Bəs sən nə gözləyirdin, qoca eşşək? Sallaq qarın, şələ saqqal, gonbul quldurbaşımı? He-he, eləmi?
Bütün quldurlar başa düşürdülər ki, əgər quldurbaşıyla münasibəti korlamaq istəmirsənsə, bu uşaq haqqında bircə ehtiyatsız söz belə deməməlisən. Mattislə zarafat etmək çox təhlükəlidir. Buna görə də dərhal körpəni tərifləyib şöhrətini göyə qaldırmağa başladılar. Sağlığına xeyli pivə içdilər ki, bu da Mattisin ürəyincə oldu. O, stolun baş tərəfində oturub öz qəşəng körpəsini onlara göstərməkdən doymurdu.
– İndi paxıllığından partlayacaq bir adam varsa, o da Borka olacaq! – Mattis qışqırdı. – Qoy öz iylənmiş mağarasında oturub acığından dişlərini qıcasın. Hə, lənət şeytana! Oradan elə bir inilti, elə bir qıcırtı qalxsın ki, qəzəbli drudlar da, boz cırtdanlar da qulaqlarını tutsunlar! İnanın mənə!
Keçəl Per razılıqla başını tərpədib istehzayla dedi:
– Paxıllıqdan partlamayıb neyləsin! İndi Mattisin nəsli yaşayacaq, Borkanın nəslisə kəsiləcək!
– Qızıl sözlərdir, – Mattis təsdiq etdi. – Şübhəsiz, kəsiləcək, çünki Borkanın uşağı yoxdur, olmayacaq da…
Bu an göy elə guruldadı ki, quldur dağlarında heç kim ömründə belə gurultu eşitməmişdi. Qorxudan bütün quldurların rəngi qaçdı, Keçəl Per isə üzüüstə düşdü, pivə içdiyi üçün yerində möhkəm dayana bilmirdi.
Roni qəfildən şikayətli səslə çığırdı, Mattisin ürəyi qorxunc ildırım səsindən daha çox bu gözlənilməz çığırtıdan sıxıldı.
– Mənim balam ağlayır! – deyə bağırdı. – Neyləmək lazımdır? Mən indi neyləyim?
Amma Lovisa özünü itirmədi. Sakitcə uşağı onun əlindən alıb döş verdi. Çığırtı o saat kəsildi.
– Göy yaman guruldadı ha! – Keçəl Per özünə gələndə qışqırdı. – Nəyə deyirsən and içim ki, yaxınlıqda harasa ildırım düşdü.
Bəli, ildırım, doğrudan da, düşmüşdü, özü də necə! Səhər açılan kimi buna əmin oldular. Quldur dağının ən hündür zirvəsində yerləşən köhnə, lap köhnə qəsr yuxarıdan aşağıya, qüllədəki dişlərdən tutmuş ta ən dərin zirzəmilərə qədər iki bölünmüşü. Ortada uçurum yaranmışdı.
Lovisa uşaq qucağında qülləyə qalxdı.
– Sənin həyatın nə qəribə başlayır, Roni, – tufanın törətdiyi bütün dağıntılara baxa-baxa dedi.
Ancaq Mattis vəhşi heyvan kimi qəzəblə vurnuxurdu. Əcdadlarının qədim qalasında necə belə bir şey baş verə bilərdi axı? Amma qəzəbi çox çəkmir, həmişə özünə təsəlli verə bilirdi.
– İndi sonu bilinməyən yeraltı keçidlərdən, zirzəmilərdən qismən da olsa canımız qurtardı. Daha qalamızda heç kəs azmayacaq. Yadınızdadır, Keçəl Per orada necə itmiş, yalnız dörd sutkadan sonra bayıra yolu tapa bilmişdi. Hə?
Ancaq Keçəl Per bu hadisənin yada salınmasından xoşlanmazdı. Başına belə bir müsibət gəldiyi üçün məgər o günahkar idi? Sadəcə bilmək istəyirdi ki, qalaları nə qədər böyük və əlçatmazdır. Əvəzində bircə onu öyrəndi ki, zirzəmidə asanlıqla azmaq olar. Zavallı özünü zorla böyük zala çatdıra bilmişdi. Xoşbəxtlikdən quldurlar elə çığırır, qəhqəhə çəkirdilər ki, səsləri uzaqdan eşidilirdi, yoxsa o heç cür gün işığına çıxa bilməzdi.
– Qaladan heç vaxt bütünlüklə istifadə etməmişik, – Mattis dedi. – Əlimizdə qalan zal və yatdığımız otaqlar, bir də qalanın yarısıdır.
Quldur qalasında həyat əvvəlki kimi öz axarı ilə getməyə başladı. Fərq bir ondaydı ki, indi orada uşaq vardı. Lovisa hesab edirdi ki, balaca qızcığaz gündən-günə təkcə Mattisi yox, on iki quldurun hamısını gicbəsərə çevirir. Əlbəttə, onların özlərini əvvəlki kimi kobud aparmamaq üçün dəridən-qabıqdan çıxmalarında pis heç nə yox idi, ancaq hər şeyin bir həddi var. Lakin quldurbaşının və bütün dəstə üzvlərinin balaca uşağın daş döşəmədə iməkləməyinə baxıb gic-gic qəhqəhə çəkmələrindən baş açmaq mümkün deyildi. Düzdür, Roni özünəməxsus tərzdə qeyri-adi zirəkliklə iməkləyir, sol ayağıyla cəld təkan verirdi ki, bu da quldurları xüsusilə heyran edirdi. Lovisa belə hesab edirdi ki, uşaqların əksəriyyəti gec-tez iməkləməyə başlayır. Buna da heç kim yersiz sevinmir, bu iməkləyən uşaqların ataları da işlərini-güclərini buraxıb saatlarla heyran-heyran onlara tamaşa eləmirlər.
Bir dəfə bütün dəstə Mattisin başçılığı ilə qəsrə soxulub Roninin sıyığı ovurdlarına doldurmasına və anasının onu beşiyə qoymasına tamaşa etməyə başladı. Lovisa deyindi:
– Mattis, sən Borkanın meşədə əl-qol açmasına imkan verirsən!
Amma Mattis arvadının deyinməsini qulaqardına vurdu.
– Qızım, mənim əzizim, – Roni sol ayağıyla təkan verib zalla iməkləyə-iməkləyə ona tərəf gələndə qışqırdı.
Sonra öz sevimlisini dizləri üstə oturdub yedizdirdi; on iki quldurun hamısı onları dövrəyə alıb diqqətlə baxırdı.
Sıyıq dolu çuqun qazança sacayağın üzərindən asılmışdı, Mattisin əlləri güclü, yöndəmsiz olduğuna görə sıyığı tez-tez döşəməyə tökürdü, bir yandan da Roni qaşığı geri qaytarırdı, buna görə də Mattisin qaşları da sıyığa bulaşmışdı. Qız birinci dəfə belə edəndə quldurlar elə ucadan qəhqəhə çəkdilər ki, Roni qorxub ağlamağa başladı. Amma tezliklə başa düşdü ki, qaşığı vuran kimi hamı gülüşür, beləcə hamını güldürməyə adət elədi, amma bu, atasından çox quldurlara ləzzət verirdi. Bu nə üçünsə onun xoşuna gəlmirdi, hərçənd Roninin bütün elədiklərini bənzərsiz, onun özünü isə dünyanın ən gözəl məxluqu hesab edirdi.
Saqqalı, qaşları sıyığa bulaşmış Mattis öz sevimlisini yedizdirəndə hətta Lovisa da gülürdü.
– Aman Allah, Mattis, indi sənə baxanın haradan ağlına gələrdi ki, sən dünyanın bütün dağlarının, meşələrinin ən qüdrətli quldurbaşısısan? İndi Borka səni görsəydi, gülməkdən ölərdi.
– Hə, yaman gülərdi! – Mattis qışqırdı.
Borka onun qatı düşməniydi, Borkanın ata-babası da Mattisin ata-babasıyla qatı düşmən olmuşdular. Adamların yadındadır ki, hər iki dəstə ta əzəldən bir-biriylə düşmənçilik edir. Bəli, onlar lap qədim zamanlardan soyğunçuluqla məşğul olur, mallarını arabaya qoyub quldurlar yaşayan sıx meşəylə aparan tacirlərin canına vəlvələ salırdılar.
Adamlar quldur meşəsindən keçən dağ yolunu yada salanda, adətən, belə deyirdilər: “İlahi, yolu sıldırımdan düşənlərə özün kömək ol”. Quldurlar bu yollar boyunca pusqu qurur, qurbanlarını güdürdülər. Yoldan keçən tacirlər onları kimin dəstəsinin qarət etdiyinin fərqinə varmırdılar, amma Mattislə Borka qənimətin kimin əlinə keçəcəyinə qətiyyən biganə qalmırdılar. Hər iki dəstə qənimət uğrunda amansızcasına döyüşürdü, tacirlər sərt sıldırımdan yol salmayanda isə quldurlar bir-birini qarət etməyə başlayırdılar.
Əlbəttə, bunların heç birindən Roninin xəbəri yox idi, çünki hələ çox balacaydı. Heç ağlına da gətirmirdi ki, atası təhlükəli quldurbaşıdır. O, qızı üçün ucadan qəhqəhə çəkən, mahnı oxuyan, gücü gəldikcə şən-şən bağıran, ona sıyıq yedizdirən, sadəcə xeyirxah, saqqallı Mattisiydi və qız onu sevirdi.
Roni günbəgün yox, saatbasaat böyüyür, yavaş-yavaş ətrafındakı aləmə nəzər salmağa başlayırdı. Uzun müddət fikirləşirdi ki, bütün dünya elə daş divarları olan nəhəng zaldan ibarətdir. Bu aləmdə də özünü əla hiss edirdi, xüsusilə böyük stolun altına girib Mattisin onun üçün gətirdiyi qoza və daşlarla oynayanda.
Bu zal, doğrudan da, uşaq oyunları üçün münasib yer idi. Orada həmişə əyləncə tapılırdı, qız orada çox şeylər öyrənmişdi. Roni quldurların axşamlar ocağın yanında əyləşib mahnı oxumalarını xoşlayırdı. O, stolun altında siçan kimi sakitcə oturub qulaq asır, tədricən bütün quldur mahnılarını yadında saxlayırdı. Zınqırov kimi cingiltili səsi ilə oxumağa başlayanda isə Mattis belə yaxşı oxuyan gözəl qızına heyran olmaqdan yorulmurdu.
Roni rəqs eləməyi də özü öyrənmişdi. Quldurlar qənimətlə qayıdanda sevinclə oynayır, zalda vəhşi keçi kimi atılıb-düşürdülər, Roni də tezliklə onları yamsılamağa başladı. Qızın da onlar kimi qızğınlıqla oynaması, lap əsl quldurlartək atılıb-düşməsi atasını hədsiz sevindirirdi. Belə dəlicəsinə rəqs edəndən sonra quldurlar taqətsiz halda böyük stolun ətrafındakı skamyalara sərələnib özlərini pivəyə tutur, Mattis isə qızıyla öyünməyə başlayırdı:
– Bilirsiniz, o, balaca druda kimi qəşəngdir, eləmi? Onun kimi boylu-buxunlu, qonurgözlü və qarasaçlıdır! Sizin heç biriniz heç zaman belə gözəl qız görməyibsiniz, eləmi?
Quldurlar da mehribanlıqla başlarını tərpədib xorla cavab verirdilər:
– Elədir!
Roni sakitcə stolun arxasında oturub daşlarla, qozalarla oynayır, elə ki gözü quldurların xəzi bayıra çıxan keçi dərisindən toxunmuş ayaqqabılarına sataşdı, onları vurağan keçi hesab edib oyuna qatırdı. Keçiləri pəyədə görmüşdü, Lovisa onları sağmağa gedəndə uşağı həmişə özüylə aparırdı.
Roninin bütün qısa həyatı boyu öyrənə bildiklərinin hamısı, bəlkə də, bunlar idi. Onun Mattisin qəsrindən kənarda nələr olduğu haqqında azacıq təsəvvürü belə yox idi. Günlərin bir günü Mattis başa düşdü ki, – bu onun heç də ürəyincə olmadı – quşcuğazı azadlığa buraxmaq vaxtıdır. Onda arvadına dedi:
– Lovisa, bizim qızımız mənim quldurluq elədiyim meşədə gəzib-dolaşmağı öyrənməlidir. Qoy gedib gəzsin.
– Allaha şükür, axır ki, sən də bunu başa düşdün, – Lovisa dedi. – Məndən olsaydı, o, indi çoxdan meşədə gəzirdi.
Beləcə, Roniyə kefi istədiyi yerə getməyə icazə verdilər. Ancaq Mattis əvvəlcə onu gözlənilən təhlükələrdən xəbərdar etdi.
– Deməli, belə: qəzəbli drudlardan, boz cırtdanlardan və Borkanın quldurlarından özünü gözlə.
– Bəs mən necə bilim ki, bu, qəzəbli drud, ya boz cırtdan, ya da Borkanın quldurudur?
– Özün biləcəksən, – Mattis cavab verdi.
– Aydındır, – Roni dedi.
– Bir də bax azmayasan ha, – Mattis davam etdi.
– Bəs azsam, neyləyim?
– Lazım olan cığırı tap.
– Aydındır.
– Ehtiyatlı ol, çaya düşmə.
– Çaya düşsəm, neyləyim?
– Üz çıx.
– Aydındır.
– Uçurumdan da özünü gözlə, – Mattis ildırımın quldur qəsrinə düşdüyü gecə əmələ gəlmiş dərin uçurumu xatırladı.
– Bəs uçuruma düşsəm, neyləyim?
– Onda sən daha heç nə edə bilməzsən, – Mattis bunu deyib birdən elə acı-acı inildədi ki, sanki bütün dünyanın dərdi sinəsinə yığılmışdı.
– Aydındır, – Mattis iniltisini kəsəndə Roni dilləndi. – Bu halda çalışaram uçuruma düşməyim. Başqa təhlükələr varmı?
– Əlbəttə, təhlükə çoxdur, özün görəcəksən. İndisə get!..
II
Roni yola düzəldi. Çox tezliklə başa düşdü ki, daş döşəməli böyük zallarını bütün dünya sanmaqda necə də axmaqlıq edibmiş. Hətta bütün qüllələri və zirzəmiləri ilə birlikdə ələkeçməz quldur qəsri belə dünyanın hamısı deyilmiş. Uca quldur dağı da hələ dünyanın hamısı deyilmiş. Yox, dünya lap böyükdür. Elə böyükdür ki, adam mat-məəttəl qalır.