Читать книгу Xatirələrim (Şıxlinski Əliağa) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Xatirələrim
Xatirələrim
Оценить:
Xatirələrim

3

Полная версия:

Xatirələrim

Mən xatiratımda öz bacarıq və nailiyyətlərimi nə şişirtməyə, nə də bunların qiymətini əskiltməyə çalışmamışam: mənim keçdiyim xidmət yolu bir çox cəhətdən qiymətli və maraqlıdır. Lazım gəldikdə, mənim haqqımda səlahiyyətli şəxslərin fikirlərini olduğu kimi ifadə etməyə çalışmışam.

Artıq çox qoçalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də, çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm.

I fəsil

Ailə və məktəb

Mən 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası Qazaxlı kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl Ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan köçüb gəlmişdi. Onun iki oğlu var idi: böyük oğlu Şıxı – çox ağıllı və sakit, kiçiyi Əli Qazax[2] – çox igid, amma dəlisov bir adam idi. Mən Əli Qazaxın nəslindənəm. Böyük oğul olan Şıxlının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında məskən salaraq, burada üç kənd yiyəsi oldular: bunlara Şıxlı deyə, ümumi bir ad verilmişdi. Kiçik oğlu Əli Qazaxın övladları isə indiyədək öz köhnə yerlərində yaşayırlar. Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğlundan olan bizim nəsil isə Əli Qazax oğlu familiyasını qəbul etdi. Azərbaycan könüllü surətdə, Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladıqda, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi.

Anam Şah Yəmən xanım (Qayıbova) Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin nəvəsidir. Atam yalnız qəzada deyil, bütün quberniyada məşhur bir adam idi. Bütün uşaqları (on bir uşağı var idi ki, onun da on birincisi mən idim) ona böyük hörmət bəslərdilər, bununla belə, çox ağıllı və son dərəcə sakit və mülayim bir qadın olan anamız ailənin əsl başçısı idi, bunu hamımız yaxşı bilirdik. Atamız çox tündməcaz bir adam idi, anamız isə onu həmişə sakit edə bilirdi. O dövrdə, yəni ərin yumruğu Azərbaycan qadınının başı üstündən əskik olmadığı bir dövrdə mənim anam əri ilə keçirdiyi qırx beş illik ömürdə ondan bir kəlmə belə ağır söz eşitməmişdi. Atamın yaxın qohumları anama çox böyük hörmət bəslər-dilər.

Şıxlinskilərin nəslindən o zamana görə bir çox alimlər yetişmişdir. Onların arasında şairlər də olmuşdur ki, bunların ən yaxşısı Salik təxəllüslü Kazımağa[3] idi. Savadla arası olmayan bizim nəsil isə öz cəngavərliyi, tündmə-cazlığı ilə tanınırdı. Qəzada bizi "Dəli qazaxlı" adlandırırdılar. Əli Qazax oğlu nəsli içərisində birinci savadlı adam mənim atam idi. Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam isə mən olmuşam.

Atam rus dilini bilməzdi. Məndən 25 yaş böyük olan qardaşım çar konvoyuna[4] göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti[5] adını aldı. Halbuki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki[6]ola bilmişdilər. Məndən 22 yaş böyük olan ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər.

Mənim barəmdə atamın fikri daha geniş idi. Onun niyyəti mənə Avropa üsulunda təhsil, həm də mütləq, hərbi təhsil vermək idi. Bu məqsədlə məni Tiflisə, anamın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun[7] (doktor Bahadur Qayıbovun[8] atasıdır) yanına göndərdi. Ata-anam həmişə kənddə yaşadıqlarına görə, mən tamamilə Mirzə Hüseynin himayəsinə keçdim və sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyət barəsində qısa da olsa, məlumat verməyi lazım bilirəm.

Mirzə Hüseyn Qayıbov 1830-cu ildə Qazax rayonunun Salahlı kəndində Yusif Qayıb oğlu adlı yoxsul bir kişinin ailəsində anadan olmuşdur. Altı yaşında ata-anadan yetim qalan Yusifi əmisi İbrahim Əfəndi Qayıb oğlu öz himayəsinə götürür. 17 yaşına çatdıqda o, balaca uşaqlara dərs verməkdə öz müəlliminin köməkçilərindən biri olur. Zaqafqaziya müftiliyinə yeni təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə (Vidadov)[9], təftiş üçün Qazax qəzasına gəldiyi zaman, Hüseyndən dərs alan uşaqların müvəffəqiyyətləri onun diqqətini cəlb edir. Müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda, o, Hüseyni bu məktəbdə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars və ərəb dillərini eləcə də bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları dərindən öyrənir. Onun rus dili müəllimi Baş qərargahın kapitanı Nikolay Qriqoryeviç Stoletov[10] idi. Stoletov özü isə şagirdindən Azərbay-can dili öyrənirdi. Bu bir-birinə dərs vermə üsulu istəni-lən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, N. Q. Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən Sarskoye Seloda olduğum zaman piyada generalı, Hərbi Şuranın üzvü N. Q. Stoletovla görüşdükdə, o hər dəfə mənimlə saf Azərbaycan dilində danışırdı.

Yetmişinci illərdə Zaqafqaziya müftisi yanında "Zaqafqaziya sünni məzhəbi idarəsi" adlı bir müəssisə təsis edilmişdi. Mirzə Hüseyn Qayıbov bu müəssisənin katibi təyin olundu. Bu vəzifə ruhani vəzifə deyildi. Bu ondan anlaşılır ki, şiə məzhəbi idarəsində olan eyni vəzifəni Kostin familiyalı bir rus daşıyırdı. Hər cür şəriət işləri bu idarədən gəlib keçdiyindən, Mirzə Hüseyn Qayıbov şəriəti incədən-incəyə öyrənmiş və bu qərara gəlmişdi ki, şəriəti bir çox cəhətdən təhrif və ona bir çox şeylər əlavə etmişlər.

1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasında[11] müsəlman (Azərbaycan) şöbəsi təsis edildi və Mirzə Hüseyn burada Şərq dilləri müəllimliyinə dəvət olundu. 1881-ci ildə Zaqafqaziya müftisi vəzifəsinə seçildi. Bu vəzifəni qəbul edərkən o demişdi ki, "Mən heç bir vaxt ruhani olmamışam və heç bir vaxt dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mə-nə təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edi-rəm". O, öz xalqının nicatını Avropa maarifi və mədə-niyyətində görürdü. Xalq kütlələrini mədəniyyətsizlik səviyyəsində saxlayan mürtəcelər elm və mədəniyyət sa-hibi olmaq istəyənlərə mane olurdular. Buna baxmaya-raq, təhsil arzusunda olan yüzlərlə gənc Hüseyn Əfəndi Qayıbovun köməyi ilə öz arzularına nail ola bilmişdi.

Hüseyn Əfəndi, xüsusən müsəlman qadınlarının təhsil alması, onların azad edilməsi və çadralarının atılması uğrunda mübarizə edirdi. O, sübut edirdi ki, şəriət bunların heç birini qadağan etməmişdir. Bu cəhətdən birinci olaraq o, özü nümunə göstərdi: cavan və çox gözəl bir qızla evlənib, onu çadraya bürümədi və kişilərdən gizlətmədi, əksinə olaraq kişilərlə bir yerdə "Müsəlman cəmiyyəti-xeyriyyəsi" ndə iştirak etməsinə icazə verdi. Öz oğlanlarına ali təhsil verdi, hər iki qızını isə Zaqafqaziya Nücabə Qızlar institutuna qoydu. Həmin institutu onlar yüksək mükafatla bitirdilər. Müftinin böyük qızı, mənim arvadım, institutu 1889-cu ildə bitirmişdi: bu elə bir dövr idi ki, müsəlmanların gözüaçıqları belə, çox nadir hallarda öz qızlarını rus məktəblərinə verirdilər.

O, millətçilik zehniyyətlərindən tamamilə uzaq idi. Öz xalqını sevməklə bərabər, başqa xalqlara qarşı əsla kin və ədavət bəsləməzdi. Etiqadlı bir müsəlman olmaqla yanaşı, başqa dinlərə də ehtiram edərdi: rus, gürcü və erməni ruhaniləri arasında dostları az deyildi.

Mirzə Hüseyn Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda Mirzə Fətəliyə kömək edərdi, çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi. Ədəbiyyatı çox sevdiyindən "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" tərtib etmişdir.

Tiflisə çatan günün sabahısı Mirzə Hüseyn məni o zaman çox məşhur olan Ter-Akopovun xüsusi gimnaziyasına apardı və gimnaziyanın direktoru Semyon İliç Monastırsevə təqdim edərək gimnaziyaya qəbul edilməyimi ondan xahiş etdi. Direktorun mənim haqqımda, "Nə bilir?" sualına, "Əlifbanı bilir, birtəhər sayır. Rusca iyirmi-otuz söz bilir, amma onları cümlə şəklinə salmağı bacarmır" – deyə cavab verdi. Direktor mənim üzümə (on iki yaşım olduğuna baxmayaraq, bədəncə çox iri uşaqdım) diqqətlə baxaraq dedi:

– Bəs, onu biz harada oturdaq?

Mirzə Hüseyn cavab verdi:

– Harada istərsiniz oturdunuz, iki aydan sonra o, bütün yoldaşlarını ötüb keçəcəkdir.

Onda direktor mənə Azərbaycan dilində cürbəcür suallar verməyə başladı. Onun bütün suallarına mən çox cəld cavab verdim, sonra o mənə şifahi məsələlər verməyə başladı və bunları getdikcə çətinləşdirərək üçhədli rəqəmlərə çatdırdı. Hesabı hərçənd heç kəs mənə öyrətməmişdi, amma buna baxmayaraq, bu məsələləri mən çox tez və düzgün həll etdim. Direktor bunu gördükdə söylədi:

– Onu üçüncü sinifdə oturdarıq.

Bu gimnaziyanın hazırlıq sinfi dörd şöbədən ibarət idi. Dördüncü şöbədə 6–7 yaşlı uşaqlar oxuyur və orada bir il dərsə davam edir, o biri şöbələrin də hər birində uşaqlar bir il oxuyurdular. 1875-ci il noyabrın 17-də mən üçüncü şöbəyə girdim və yoldaşlarımın sinifdə və sinif-dənkənar danışıqlarına diqqətlə qulaq asmağa, bunun sayəsində də tez bir zamanda ruscanı başa düşməyə başladım. İki həftədən sonra ilk dəfə olaraq məndən dərsimi soruşdular, üç həftə keçəndən sonra, dekabrın 23-də uşaqları qış tətilinə buraxarkən, iclas salonunda təntənəli bir şəraitdə direktor elan etdi ki, əla oxuduğuna görə Şıxlinski ikinci şöbəyə keçirilir.

İyun ayında ümumi imtahanlar vaxtı mən təqdirnamə ilə hazırlıq sinfinin yuxarı şöbəsinə keçirildim. Beləliklə, mən rus dilini bilən şagirdlərin iki il ərzində keçdikləri yolu böyük bir müvəffəqiyyətlə yeddi ayın içində keçdim.

1876-cı ilin avqust ayında Tiflis hərbi gimnaziyasının birinci sinfinə girmək üçün imtahan verib, dərslər başlanana kimi kəndimizə getdim. Burada qıçımı sındırdım, buna görə də dərslərə gecikdim. Sentyabrın 1-nə kimi bütün yoldaşlarım yığışmışdılar, mən isə ancaq oktyabrın 11-də sinfə girdim. Oktyabrın 31-də birinci semestrin qiymətləri elan edildikdə sinifdə birinci yeri tutdum: kursu bitirincəyə qədər həmişə birinci oldum. Lakin mən adi birincilərdən, yəni dinc, sakit, çalışqan, həmişə əlində kitab olan, yoldaşlarının lağa qoyub "əzbərçi" adını verdikləri şagirdlərdən deyildim. Əvvəl bütün siniflərdəki şagirdlərin hamısından güclü idim, ikincisi, bədəncə çox iri olmağıma baxmayaraq, çox qıvraq və çevik olub qaçmaqda və hoppanmaqda da birinci idim: alt dodağım hündürlüyündə çəkilmiş ipin üstündən tramplinsiz atdanırdım. Nə gimnaziyada, nə də sonralar məktəbdə, Vladimir Karqanovdan başqa heç kəs belə hündürlükdən mənim kimi atdana bilməzdi.

Axşam məşğələlərində mən öz dərslərimi bir saata, saat yarıma hazırlayar, qalan vaxtımı isə geridə qalan yoldaşlara kömək etmək üçün sərf edərdim. Onlar üçün çətin olan məsələləri həll edər, qrammatika, xüsusən əcnəbi dillər qrammatikası qaydalarını onlara başa salar, lakin dəftərimin üzünü köçürməyə heç bir vaxt ixtiyar verməzdim.

Mənim üzügülər olmağım və yoldaşlarıma qarşı olan münasibətim onları daha da mənə yaxınlaşdırırdı. Onlar mənə yalnız dostluq hissi deyil, habelə hörmət də bəslər və rəyimlə hesablaşardılar.

Mən yeddinci sinifdə oxuyarkən, ancaq buraxılış imtahanlarını verdim. Bir sinifdən o birinə keçdikdə isə illik imtahanları adətən verməzdim. Hər il mayın əvvəlində mən dərsdən buraxılar və ata-anamla yaylağa gedərdim. Kadet korpusu[12] adını almış gimnaziyanı 1883-cü ildə həm də bütün dərslərdən tam 12 bal almaqla bitirdim (o zaman hərbi məktəblərdə on iki ballıq üsulla qiymət verilirdi).

1883-cü il sentyabrın 1-də Peterburqdakı Mixaylov topçuluq məktəbinə daxil oldum. Buraya bütün kadet korpuslarından ən yaxşı, ən seçilmiş tələbələr toplanmışdı, lakin buna baxmayaraq, burada da ilin birinci yarısında birinci oldum. Sonralar isə başım paytaxt həyatına, teatr, konsert və başqa əyləncələrə qızışdığı üçün dərslərimə o qədər də vaxt ayıra bilmədim. Lakin bununla belə yenə də birincilər sırasında qalmaqda davam edirdim. Gimnaziyada olduğu kimi, burada da öz çevikliyim və diribaşlığımla başqalarından ayrılaraq, özümü yaxşı bir idmançı və at minicisi kimi göstərdim.

Məktəbimizin müəllimləri o zamanın məşhur şəxsləri idilər. Buna görə də, onların haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Akademiya və məktəb siniflərinin müfəttişi professor Lev Lvoviç Kirpiçev idi. O, gözəl bir kitab yazmışdı. Bu kitab elə bir dildə yazılmışdı ki, ən küt adam belə mexanikanı, ballistikanı və topçuluğun ümumi kursunu bu kitabdan özbaşına öyrənə bilərdi. Buna görə də, o, sinifdə mühazirə oxumayıb, laboratoriya-kompleks üsulu ilə dərs deyərdi.

Dərslərin birində Kirpiçev bizə söyləmişdi ki, indiki Rusiya torpağında ilk rəsədxana Pulkovda deyil, Səmərqənddə təsis edilmişdir və bu rəsədxananın banisi Teymurləngin nəvəsi böyük alim Uluğbəy[13] olmuşdur. Professor şagirdləri lövhəyə çağırdıqda, çalışardı ki, verdiyi sualların cavabını şagirdlər özləri tapsınlar; məsələn, Avropada birinci olaraq cib saatının harada çıxdığı sualına bütün şagirdlər, "Cenevrədə" – deyə cavab verirdilər. Müəllimimiz isə başa saldı ki, Avropada ilk dəfə cib saatından Böyük Karl istifadə etmişdir. Ona isə bu saatı Bağdad xəlifəsi Harun-Ər-Rəşid[14] bəxşiş göndərmişdir.

Müəllimlərimiz arasında məşhur texnologiya professoru Qadolin[15], sonralar bütün dünyada şöhrət tapmış ballist general-mayor Mayevski, gözəl kimyaçı general Fyodorov, fizik general Usov və bir çox başqaları da var idi.

Bunların hamısının şəxsən mənə çox böyük təsiri olmuşdur. Onların keçdiyi dərslərin faydasını da görür, bunlardan müəyyən zövq alırdım.

O zaman topçuluq məktəbləri kursuna ehtimal nəzəriyyəsi daxil deyildi, bu elmi ancaq akademiyada keçirdilər, lakin mən üçüncü sinfə keçdiyim zaman orta sinif proqramının ehtimal nəzəriyyəsi və onun top atışına tətbiqi elmini daxil etdilər. Bu elmdən sonralar topçu generalı olan professor Nikolay Aleksandroviç Zabudski[16]dərs deyirdi. Zabudski bu elmə dair qeydlər tərtib etmiş və bunları litoqrafiya üsulu ilə çap etdirmişdi. Mən öz təhsilimdə nöqsan olmasın deyə, bu qeydləri götürüb ehtimal nəzəriyyəsini öz-özümə öyrəndim.

Məktəbdəki məşğələlərdən başqa mən öz biliyimi artırmaq üçün başqa yerlərdə keçirilən bir sıra mühazirələrə də gedirdim. Məsələn, o zaman gənc general olan Kuropatkinin[17] mühəndislər akademiyasının zabitləri üçün oxuduğu "Türkiyə müharibəsində Skobelev[18] dəstəsinin əməliyyatı" mövzulu mühazirəsinə qulaq asdım. Sonra mən Baş qərargah rəisi general Draqomirovun[19], rus ordusunda yenicə tətbiq olunan səhra topları haqqında və məşhur professor Sezar Kyüinin[20] qala qarnizonunun sayı haqqında mühazirələrində və s. oldum. Yeri gəlmişkən deyim ki, Sezar Kyüi, eyni zamanda, məşhur bəstəkar idi. Zabitlər çox vaxt "topçular arasında ən yaxşı musiqiçi və musiqiçilər arasında ən yaxşı topçu" deyə onunla zarafat edərdilər.

Məktəbi mən 1886-cı ildə bitirdim, dərslərdə müvəffəqiyyət qazandığıma görə, pul mükafatı, atçapma yarışında birincilik qazandığıma görə də, qızıl saat aldım. Mən podporuçik rütbəsi alaraq 39-cu topçu briqadasına göndərildim.

II fəsil

Zabitlik xidmətimin birinci on üç ili

Mənim bütün xidmətim əvvəldən axıra kimi əla qiymətlə keçmişdir. Çatışmayan cəhətim ancaq ondan ibarət idi ki, mən akademik təhsil almamışdım. Bunun tamamilə şəxsi mahiyyətli bir səbəbi var. Mən gəhgir at kimi irəli atılaraq, gəncliyə xas olan bir təşəxxüslə: "Mən həyatda öz yerimi akademiyasız da tapa bilərəm" qənaətinə gəlmişdim. Heç xatirimdən çıxmaz, zabit olaraq xidmətə başlayandan on il sonra, 1897-ci ildə 20-ci topçu briqadasının baş hakimi doktor Zelenski mənə belə bir sual verdi:

– Bu cür istedadınız olduğu halda, niyə siz akademiyaya getmədiniz?

Bunun cavabında mən:

– İş belə gətirdi, – deyə cavab verdim.

Bu söhbət əsnasında yanımızda olan general Baumqarten dedi:

– Akademiyanı neyləyir, akademiya onun başıdır.

Doktor onunla razılaşmadı və sözünə davam edərək:

– Buna mənim heç bir şübhəm yoxdur, lakin ola bilər ki, vaxtı gələndə bəzi vəzifələr ancaq akademik təhsili olan zabitlərə verilər; onda başa deyil, kağıza baxarlar və o, kənarda qala bilər, – dedi.

General buna etiraz edərək, cavab verdi:

– O, heç bir vaxt geridə qalmayacaq, həmişə qabaqda gedəcəkdir.

Bu sözlərdən mən xeyli xoşhal oldum və vaxtilə dəliqanlılıqdan söylədiyim sözlərin o qədər də əsassız olmadığını anladım.

Xidmətimin birinci ilində məni təlim komandasına müəllim təyin etdilər və beş ilin ərzində mən hər il feyer-vergerliyə[21] yaxşı hazırlanmış adamlar buraxdım. Bundan sonra daha beş il həmin komandanı idarə etdim.

1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten (topçuluq məktəbinin keçmiş komandiri) mənim komandamı gözdən keçirərkən, briqada komandiri knyaz Ximşiyevə göstərib dedi:

– Bu zabit çox ağıllı adamdır, onu sənə təqdim edirəm.

Knyaz Ximşiyev cavab verərək dedi:

– Siz onu yunkerlikdə[22] görmüşsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk.

Bu təftişin nəticələri haqqında vermiş olduğu əmrnaməsində rəis təlim komandasını tənqid edərək axırda belə yazırdı: "Göstərilən komandaların əksinə olaraq, 39-cu topçu briqadasının təlim komandası sevindirici bir vəziyyətdədir…"

Sonra o, öz əmrində komandamın başqa komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan edirdi.

1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit[23] bizim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən azaddırlar, çünki onun üçün əmisi Əliağa Şıxlinski kimi bir örnək vardır.

Bir dəfə korpus komandiri, general, knyaz Amilaxvari öz keçmiş döyüş yoldaşı olan mühəndis Qerşelmanın qızlarına baş çəkmək üçün Bakıya gəlmişdi. Söhbət əsnasında qızlardan biri ona, həmin briqadada onların yaxın tanışı Şıxlinskinin xidmət etdiyini söylədikdə, korpus komandiri, "Əliağanımı deyirsiniz?" – deyə soruşmuşdu. Poruçikin adını necə olubsa, yadında saxladığına təəccüb edən qıza general: "Şıxlinski kimi bir zabiti böyük rəis heç bir vaxt yaddan çıxarmamalı və onu yaxşı tanımalıdır" – deyə söyləmişdi.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Примечания

1

Port-Artur (Lyuy-şun) – Çinin Lyaodun yarımadasının cənub-qərbində donmayan hərbi dəniz bazasıdır. Kvantun yarımadasında Lyaodun və Baxayvan körfəzlərinə daxil olub. Liman və qala XIX əsrin 80-ci illərində balıqçı kəndi Lyuy-şun-kounun yerində tikilib.

1894-cü ildə Yapon-Çin müharibəsi, 1894-1895-ci illərdə Port-Artur dövründə yapon qoşunları tərəfindən işğal edilir. Nəticədə bir çox qala tikililəri dağıdılır. 1895-ci il Simonensk müqaviləsinə görə, Port-Artur Yaponiyanın tərəfinə keçir. Sonra isə Rusiyanın, Almaniyanın və Fransanın təsiri ilə Port-Artur Çinə qaytarılır.

1898-ci ilin martın 15-də(27) Pekində Rusiya-Çin arasında saziş imzalanır. Bu sazişə əsasən, Kvantun yarımadası Port-Artur qalası ilə birlikdə 25 il müddətinə Rusiyaya istifadəyə verilir.

Kvantun yarımadası və ona yaxın olan adalar sonralar Kvantun vilayətini təşkil edir. 1903-cü ildə Priamur general qubernatorluğu ilə birgə Uzaq Şərq canişinliyinin tərkibinə daxil olur. Canişinliyə Ad-miral Yevgeni İvanoviç Alekseyev başçılıq edir.

Rus-Yapon müharibəsi qurtarandan sonra 1905-ci ildə Port-smut sülh müqaviləsinə əsasən, Port-Arturdan istifadə hüquqları Yaponiyaya təhvil verilir. Yapon istilası Sovet qoşunlarının Yapon Samuray hərbi hissələri darmadağın edildiyi ilə – 1945-ci ilə qədər davam edir. Hazırda Port-Artur Çin Xalq Respublikasının tərkibindədir.

2

Əli-Qazax – Əliağa Şıxlinskinin ulu babası (ata) Əli Qazaxın övladları 1806-1812-ci illərin Rusiya-İran müharibəsində yadellilərə qarşı mərdliklə vuruşmuşlar.

1810-cu il iyunun 10-da Qafqazdakı rus qoşunlarının baş komandanı general A. P. Tormasov hərbi nazirə göndərdiyi raportda yazırdı ki, sərhəd rayonunda yerli əhalidən xüsusi dəstə yaradılmışdır. Onlar doğma torpaqları uğrunda inadla vuruşaraq türklərin və iranlıların hücumlarını dəf edirlər.

Komandan Qazax azərbaycanlılarının qəhrəmanlığını xüsusi qeyd etmişdir. 1810-cu il martın 29-da Erivan Yerevan – Ş.N. sərdarının qardaşı Həsən xan üç minlik qoşunla Dilican dərəsindəki kəndlərə hücum çəkib mal-qaranı aparmış, yerli əhaliyə çox divan tutaraq onları talan etmişdir. Yüz nəfərdən ibarət Azərbaycan atlı dəstəsi Həsən xana qarşı gözlənilmədən zərbə vurmuşdur. Azərbaycan atlıları qırx nəfərə yaxın düşməni məhv etmiş, farsların ələ keçirdikləri mal-qaranın çox hissəsini geri almış və farsların iyirmi atını ələ keçirmişdilər. Bu zaman onların iki qəhrəman döyüşçüsü həlak olmuş, dəstənin rəhbəri Əli-Qazaxoğlu, Əliağa və Nəsrulla bəy də daxil olmaqla bir neçə nəfər də yaralanmışdır. (Bax: S. P. Ağayan. Роль России в исторических судьбах армянского народа, səh.183).

Onu da xatırladaq ki, Şıxlinski nəslinin yetişdirdiyi görkəmli şair və mayor Mustafa ağa Arif də bu müharibədə yaxından iştirak etmişdir. Baş komandan A. P. Tarmosovun verdiyi başqa bir raportda üstü yazılı “İgidliyə görə” qızıl medalla təltif olunanlar arasında igid mayor Mustafa ağa Arifin adı da vardır. Şair Mustafa ağa Arif (1774–1845) XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb. Böyük şairimiz M. P. Vaqif ədəbi məktəbinin davamçılarından biridir.

3

Kazım ağa Salik Şıxlinski (1781–1842) – XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamışdır. Molla Pənah Vaqif ədəbi məktəbini davam etdirən şairlərdəndir. Salik haqqında ilk dəfə mətbuatda çıxış edib şeirlərini çap etdirən ("İrşad" qəzeti, 8 mart 1908-ci il, №29) məşhur maarifpərvər, ədəbiyyatşünas Firidun bəy Köçərli olmuşdur.

4

Çar Konvoyu – hərbi hissədə nəqliyyat əsirləri mühafizə edən dəstə

5

Süvari Korneti – süvari qoşununda birinci zabit rütbəsi

6

Praporşik – çar ordusunda ilk zabit rütbəsi hesab edilirdi. Qədim yunanlarda "prapor” – bayraq demək idi.

7

Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə (1830–1917) – Tiflisdə Zaqafqaziya ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olub. Ərəb, fars, və rus dillərini mükəmməl bilirmiş. Bu dövrdə Mirzə Hüseyn M. F. Axundov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost olur. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir.

Mirzə Hüseyn Qori seminariyasında Şərq dillərindən dərs deyib, 1881-ci ildə Qafqaz canişininin əmrilə müəllimlikdən azad olub Zaqafqaziya müftüsü təyin edilib. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb edib. O, "Dəsturi-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" adlı məqalələrində sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının hökm sürdüyü belə bir ağır vaxtda, o öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti" ndə iştirak etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub. Həmin İnstitutu Nigar xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirib.

8

Bahadır Mirzə Hüseyn oğlu Qayıbov (1878–1949) – general Əliağa Şıxlinskinin böyük qaynı. Şıxlinski ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki 14 nömrəli evin 20-ci mənzilində yaşayıb. Bahadırla yaxın qonşu olublar. Azərbaycan Dövlət tarix muzeyinin arxivində Ə.Şıxlınskinin yazdığı "Vəsiyyətnamə" var. Üstündə yazılıb ki, mən öləndən sonra açmalı. Məktubda Bahadır Qayıbovu və onun həyat yoldaşını böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona göstərdikləri qayğı üçün intəhasız min-nətdarlığını bildirir.

Akademik Heydər Hüseynov 1945-ci il aprelin 20-də Bahadır Qayıbovun tibbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır: "… Lakin mən burada sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz və sizin həyat yoldaşınız Varvara Minayevna məşhur hərbi xadim və alim, köhnə ordunun generalı, Azərbaycan xalqının sadiq oğlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz".

bannerbanner