скачать книгу бесплатно
Sonuncu mogikan
Fenimor Kuper
Dünya ədəbiyyatından seçmələr
Dünya ədəbiyyatında hinduların cəsur, mərd insanlar obrazı ilk dəfə indi oxuyacağınız bu romanda yaradılıb. Qəhrəmanların başına gələn macəralar sizi həm həyəcanlandıracaq, həm də düşündürəcək.
Ceyms Fenimor Kuper
SONUNCU MOGİKAN
I fəsil
Şimali Amerikada fransız və ingilis müstəmləkələrini ayıran sərhəd boyunca geniş torpaqlar uzanır. Qorikan gölünün saf suları burada Şamplen gölünə qovuşur. Bu göllərin sahillərində alçaq, meşəli dağlar görünür.
Bu gözəl yerlərə sahib olmaq uğrunda 1755–1763-cü illərdə ingilislər və fransızlar arasında amansız müharibələr getmişdi. Bu iki dövlət onların heç birinə aid olmayan bir əraziyə ağalıq etmək istəyirdi. Burada danışacağımız hekayət həmin müharibənin üçüncü ilinə təsadüf edir.
Fransız qoşunları hindularla birləşərək ingilislərə bir neçə döyüşdə qalib gəlmişdi. İngilislər özlərini itirmişdilər. Onlara elə gəlirdi ki, Şimali Amerikadakı ingilis müstəmləkələrinin çoxu yaxın vaxtlarda fransızların əlinə keçəcəkdir. Uğursuzluqlardan gözü qorxmuş ingilis generalları fransızların qarşısına çıxmağa cürət etmirdilər, düşməni öz istehkamlarında qarşılamağı üstün tuturdular.
Hudzon çayı ilə göllər arasındakı yaylanın cənub hissəsində ingilislərin Eduard fortu[1 - Fort – hərbi qala, istehkam] yüksəlirdi. Qaladakılara xəbər çatmışdı ki, fransız generalı markiz Monkalm böyük bir qoşunla Şamplen gölünə yaxınlaşır. Bu xəbəri qalaya bir hindu gətirmişdi. Bu qasid ingilislərə məxsus Uilyam-Henri fortunun komendantı Munronun xahişini də düşərgə rəisinə yetirmişdi. Munro xahiş edirdi ki, onun köməyinə təcili olaraq qoşun dəstəsi göndərilsin. Onun istehkamında bir nizami polk və könüllülər dəstəsi qalmışdı. Fransızların hücumunu dayandırmağa onların gücü çatmazdı.
Eduard fortunun komendantı general Vebb idi. Onun komandanlığı altında minə qədər adam vardı. Amma general Vebb müxtəlif yerlərə səpələnmiş dəstələrini bir yerə cəmləsəydi, fransızlardan iki dəfə çox əsgərə malik olardı.
Səhər təbillərin səsi dumanlı havanı yarıb ətrafa yayıldı. Düşərgədə həyat qaynamağa başladı. Səfərə hazırlaşan əsgərlər dəstə-dəstə sıraya düzüldülər. Sağ cinahda kral əsgərləri, sol cinahda könüllülər düzülmüşdülər.
Budur, kəşfiyyatçılar yola çıxdılar. Bir qədər sonra köməyə gedən əsas dəstə də onların arxasınca hərəkət etdi. Onlar səfər sursatı yüklənmiş arabaların arxasınca addımlayırdılar. Az sonra dəstələr meşə yolunda görünməz oldu. Təbillərin səsi uzaqlarda eşidilməz oldu.
Düşərgədə, general Vebbin evinin qabağında yaxşı yəhərlənmiş üç at dayanmışdı. Atlardan birinin yəhərindən zabit tapançasının qoburu asılmışdı.
Kənarda dayanıb baxan adamlardan biri öz qəribə görkəmi ilə seçilirdi. Yöndəmsiz adam idi. Ayağa duranda hamıdan hündür olurdu, oturanda isə başı bədəninə qısılır və o birilərdən balaca görünürdü.
Düşərgəyə bəd xəbər gətirmiş hindu da bir kənarda dayanmışdı. Onun sifətindən döyüşkənlik və məğrurluq yağırdı, gözləri buludların arasında parlayan ulduz kimi yanırdı. Hindu tomahavk[2 - Tomahavk – hinduların döyüş baltası] və xəncərlə silahlanmışdı.
Birdən generalın xidmətçiləri əl-ayağa düşdülər. İki qız zabit geyimli bir gəncin müşayiəti ilə atların yanına gəldi. Hiss olunurdu ki, qızlar uzaq səfərə hazırlaşmışdılar. Hər ikisinin üzündə yaşıl rəngli ipək vual[3 - Vual ‒ Avropa qızlarının üzlərini örtmək üçün şlyapanın qabaq hissəsinə bərkitdikləri torlu parça, yaşmaq] vardı, simalarından və hərəkətlərindən zəriflik və nəciblik yağırdı. Bunlar polkovnik Munronun qızları idi, atalarının yanına yollanırdılar.
Gənc zabit qızların ata minməsinə kömək etdikdən sonra qıvraq hərəkətlə öz atının belinə sıçradı.
Onlar eyvana çıxmış general Vebbə təzim etdilər və atların başını şimal darvazasına sarı yönəltdilər. Bayaqdan sakit dayanmış hindu atını sürüb onların yanından ötdü və qarşıya çıxıb yolla irəlilədi.
II fəsil
‒ Bu hindu bizim dəstənin bələdçisidir, ‒ deyə atlı zabit qızlara tərəf döndü. ‒ Özü də qəbiləsinin qəhrəmanıdır. Bizi gizli cığırla aparıb gölün sahilinə – atanızın yanına çıxarmağa söz vermişdir. Uilyam-Henri fortuna yollanan dəstənin hansı yol ilə gedəcəyəni hamı bilir. Bu cığırı isə çox az adam tanıyır. Mənzilbaşına dəstəmizdən tez çatacağıq.
‒ Sizin bu hindu mənim xoşuma gəlmir, ‒ deyə kiçik qız cavab verdi. ‒ Siz onu yaxşı tanıyırsınız, Dunkan?
‒ Tanımasaydım, bələdçiliyə götürməzdim. Onun adı Maquadır. Bu hindu bizim müttəfiqimizdir.
Qız dedi:
‒ Mayor Heyvord, xahiş edirəm onunla söhbətə başlayın. Mən onun səsini eşitmək istəyirəm. Mən hər bir adama səsinə görə qiymət verə bilirəm.
‒ Onunla danışaram, miss Munro, lakin o, qısa nidalarla cavab verəcək… Dayanın, bələdçimiz atını saxladı.
Atlılar hərəkətsiz dayanmış bələdçiyə yaxınlaşdılar. Birdən yaxınlıqdan at ayaqlarının tappıltısı eşidildi. Bacılar – Alisa və Kora atlarının cilovunu dartdılar. Kolların arasından bir atlı çıxdı. Bu, qaladakı döyüşçülər arasında vurnuxan həmin yöndəmsiz, məzəli kişi idi. Onun atın belində oturuşu da, atın yerişi də qəribə idi. O yaxınlaşıb istidən pörtmüş sifətini üçkünc şlyapası ilə yelpiklədi.
Dunkan dedi:
‒ Hərgah siz gölə tərəf gedirsinizsə, onda yolu azmısınız. Oraya gedən yol buradan azı yarım mil arxada qalmışdır.
‒ Elədir ki var. Amma mən belə güman edirəm ki, sizin kimi bir centlmen yolçulara daha yaxşı rəhbərlik edə bilər. Sizə qoşulmağa məni vadar edən bu mülahizədir. Bir də ki sizinlə yol getmək mənim üçün daha xoş olar. Çünki bir-birimizlə söhbət edə bilərik.
Heyvord bu sözlərdən hirsləndi:
‒ Bu nə özbaşınalıqdır! Axı siz kimsiniz?!
‒ Mənim adım Daviddir. İşim yalnız Zəbur[4 - Zəbur – dini əsatirə görə, Allah tərəfindən Davud peyğəmbərə göndərilən kitab] oxumaq və Allaha dua etməkdir.
Atlının görkəminə yaraşmayan bəlağətli danışığı Alisanı şənləndirdi:
‒ Deyəsən, bu, müğənnidir. Əgər belədirsə, mən onu xüsusi himayəm altına almağa hazıram! Bəsdir, Heyvord, qaşqabağınızı tökməyin.
Alisa yad adamı əli ilə yanına çağırdı, ona zarafatla müraciət edərək:
‒ Biz sevdiyimiz mahnıları birlikdə oxuyub səfərimizin xoş keçməsinə kömək edərik, – dedi. – Çox istərdim ki, maestro mənim səsim haqqında öz fikrini desin.
David atını Alisanın atına bir az yaxın sürərək:
‒ Yəqin, sizin çox xoş və zəngin soprano səsiniz var, – dedi. – Ahəng gözəl olsun deyə gərək dörd adam oxusun. Mən bir az özümə güc versəm, ən yüksək tenor notları götürə bilərəm. Bu gənc zabitin səsi, gərək ki, basdır.
Alisa soruşdu:
‒ Siz yalnız dini mahnılar oxuyursunuz?
‒ Elədir ki var. Davudun Zəbur nəğmələrinin melodiyası dünyada eşitdiyim bütün nəğmələrin musiqisindən üstündür.
David bu sözləri deyərək cibindən balaca bir kitab çıxardı, onu çox ehtiyatla açdı. Sağ əlini mahnının ahənginə uyğun qaldırıb-endirərək oxumağa başladı. Meşəyə çökmüş sükut pozuldu.
Zabit Alisaya müraciət etdi:
‒ Alisa, gərək məni bağışlayasınız, sizi Zəbur dinləmək ləzzətindən məhrum edəcəyəm. Bu centlmendən də xahiş edəcəyəm ki, oxumağını daha münasib vaxta saxlasın.
Gənc zabit narahatlıqla meşəyə sarı baxdı. Sonra bələdçiyə tərəf nəzər saldı. Maquanın dinməzcə öz yoluna davam etdiyini gördükdə sakitləşdi.
Amma Heyvord ehtiyatı əldən verməkdə tələsmişdi. Atlılar qalın kolluğun yanından yenicə keçmişdilər ki, birdən budaqlar çox ehtiyatla və səssizcə aralandı. Onların arasından qəribə naxışlarla boyanmış insan üzü göründü. Bu tunc sifətdə kinli bir qəzəb var idi.
III fəsil
Heyvord və onun səfər yoldaşları meşənin içəriləri ilə yollarına davam edirkən Vebbin düşərgəsindən birgünlük məsafədə itiaxan dağ çayının sahilində iki nəfər oturmuşdu. Onlardan biri hindu idi. O birinin dərisi açıq rəngdə olsa da, gündən yanmışdı, hiss olunurdu ki, bu yerlərə mühacirət etmiş ilk avropalıların nəslindəndir.
Hindu mamır basmış kötüyün üstündə oturmuşdu. Təsirli və təmkinli sözlərinə əl hərəkətləri ilə qüvvət verirdi. Onun bədənində qara və ağ boyalarla çəkilmiş cürbəcür naxışlar vardı. Kəmərindən tomahavk və bıçaq asılmışdı. Ülgüclə qırxılmış başında yalnız bir çəngə saç vardı.
Ağ adamın tomahavkı yox idi, kəmərindən xəncər asmışdı. Tüfəngini dizinin üstünə aşırmışdı. Onlar söhbət etsələr də, qulaqları meşədən gələn səslərdə idi. Ağ adam qırmızıdərili hindu ilə Hudzon çayı və Potomak çayı arasında yaşayan yerli sakinlərin bələd olduqları hindu dilində danışırdı. O deyirdi:
‒ Çinqaçkuk, sənin qəbilənin rəvayətləri mənim üçün çox maraqlıdır. Sənin ata-babaların bu yerlərə günbatan tərəfdən gəliblər. Mənim əcdadlarım isə dan yeri sökülən yerdən gəliblər. De görüm, qırmızıdərililərin rəvayətləri sənin ulu babalarınla mənim ulu babalarımın ilk rastlaşması barədə nə deyir?
‒ Bu diyara birinci gələn solğunbəniz adamlar heç də ingiliscə danışmırdılar. Ey Şahingöz, bilirsənmi, o vaxtlar biz xoş güzəran keçirirdik. Duzlu göl bizə balıq, meşələr maral, göylər quş verirdi. Mənim qəbiləm ‒ mogikanlar bütün hindu tayfalarının başçısı idi. Bəli, mənim damarlarımdan qəbilə başçılarının qanı axır.
‒ Bəs sonra nə oldu?
‒ Sonra ağlar mənim ulu babalarıma odlu su[5 - Odlu su – hinduların araq, viski və b. alkoqollu içkilərə verdikləri ad] verdilər. Onlar bu suyu acgözlüklə içir, doymaq bilmirdilər. Elə o vaxtlar mənim ulu babalarımın vətəni əllərindən çıxdı. Onları sevdikləri sahillərdən qovub çıxardılar. Sonda biz bu yerlərə gəlib çıxdıq. Delavarlara qarışdıq, onlarla qardaş olduq, dilimiz bir, qanımız bir oldu. Ancaq hər bir delavar bilir ki, mogikanlar seçilmiş təbəqədir. İndi mən qəbilə başçılarının məzarlığından çox-çox uzaqlardayam. Ancaq Monitto mənim ruhumu öz yanına aparanda bədənim həmin məzarlığa getməlidir.
Çinqaçkukun həmsöhbəti mütəəssir olaraq:
‒ Bu, çox kədərli aqibətdir, ‒ dedi. ‒ De görüm, mogikanlar indi harada yaşayırlar?
‒ Mənim qəbiləm məhv olmuşdur. Oğlum Unkas sonuncu mogikandır!
Bu an bir gəncin səsi eşidildi:
‒ Unkas burdadır.
Ağ ovçu qeyri-ixtiyari əlini tüfənginə atdı. Çinqaçkuk isə təəccübləndiyini hiss etdirmədi. O, üzünü oğluna çevirdi:
‒ Meşədə nə gördün?
‒ Makuaslar öz mokasinlərinin[6 - Mokasin – hinduların geydiyi yüngül ayaqqabı] izlərini bu meşələrdə buraxmağa cürət etmişlər. Mən onların ləpirləri ilə gəlirdim. Onların sayı mənim iki əlimin barmaq sayı qədərdir. Onlar qorxaqdır və kolların dalında gizlənirlər.
Böyük hindu batmaqda olan günəşə baxaraq:
‒ Biz onları meşədən qovub çıxararıq, ‒ dedi.
Şahingöz dedi:
‒ Razıyam, amma indi qarnımızı bərkitmək üçün bir şey tapmalıyıq. Budur! Heyvan öz ayağı ilə gəlib çıxmışdır! Bir bax, mən hələ bu yekəlikdə maral görməmişəm.
Şahingöz nişan aldı, lakin yaşlı hindu atəş açmağa qoymadı.
‒ Dayan, səs salmaq olmaz. Makuasların diqqətini cəlb etmək hələ tezdir!
Ağ ovçu razılaşaraq tüfəngini aşağı saldı:
‒ Onda, Unkas, bu maralı oxla öldürmək sənin boynunda qalır.
Çinqaçkuk ovçunun təklifini bəyəndi və oğluna baxıb əlini mənalı bir tərzdə marala uzatdı. Unkas oxunu çıxarıb kirişə qoydu və başını əyib maralı nişan aldı. Kamanın kirişi vıyıldadı. Yaralanmış maral sıçrayıb kolluqdan çıxdı. Gənc oğlan marala sarı hoppanıb cəld bıçağını onun boğazına soxdu.
Şahingöz səssizcə gülərək:
‒ Bax hinduların bu zirəkliyinə varam! ‒ dedi.
Sonra bir qədər dinşəyib əlavə etdi:
‒ And olsun Tanrıya, deyəsən, buraya bir sürü maral gəlir. Çinqaçkuk, sən də eşidirsən?
Hindu aşağı əyilib qulaqlarını yerə toxundurdu.
‒ Yox, ağların atları yaxınlaşmaqdadır, ‒ deyə Çinqaçkuk qalxıb qəddini düzəltdi. ‒ Şahingöz, onlar sizin adamlardır. Onlarla sən danış.
Ağ ovçu:
‒ Yaxşı, mən onlara ingilis dilində elə bir nitqlə müraciət edərəm ki, ingilis kralının özü də cavab verməyə məcbur olsun… Aha! Sınan budaqların çatırtısını eşidirəm. Düzdür, ayaq səsləri gəlir!
IV fəsil
O, sözünü qurtaran kimi kiçik dəstədən birinci atlı göründü. Şahingöz bir neçə addım irəli gedib onları qarşıladı:
‒ Siz kimsiniz?
Onun əli tüfənginin tətiyində idi, lakin tüfəngini elə tutmuşdu ki, gələnləri qorxutmasın.
‒ Biz qanun və kral dostlarıyıq, ‒ deyə qabaqda gələn atlı cavab verdi. ‒ Bilmirsiniz, Uilyam-Henri fortu buradan çoxmu uzaqdır?
‒ Oho! ‒ deyə ovçu təəccübləndi və qəhqəhə çəkib güldü. ‒ Uilyam-Henri!.. İlahi!.. Əgər, doğrudan da, kralın dostlarısınızsa, onda yaxşısı budur, Eduard fortuna gedin və sizə nə lazımdırsa, Vebbə deyin.
Mayor Heyvord səfər yoldaşlarından aralanıb Şahingözə yaxın gəldi.
‒ Eduard fortundan bu səhər çıxmışıq. Biz bələdçi hinduya bel bağlamışdıq, vəd etmişdi ki, bizi meşədən qısa yolla keçirsin, amma görünür, yolu azmışdır.
Ağ ovçu təəccübləndi:
‒ Hindu meşədə azıb? Qəribədir, çox qəribədir ki, hindu Qorikan gölü ilə çay arasında azmışdır. Sizin bu hindu makuas qəbiləsindən deyil?
‒ Yanılmıramsa, bizim hindu quronlar qəbiləsindəndir.
‒ Quron? ‒ deyə Şahingöz soruşdu. ‒ Quronların hamısı xain, oğru tayfadır.
‒ O, indi bizim ordumuza xidmət edir, bizim dostumuz olmuşdur.
‒ Mən isə sizə deyirəm: bir kəs ki anadan quron doğulub, ölən günədək quronluğunda qalacaq.
Heyvord səbirsizliklə:
‒ Gəlin bu barədə daha danışmayaq! Hərgah siz Uilyam-Henri fortunun hansı tərəfdə olduğunu bizə desəniz, mükafat alarsınız. Əgər bizi ora aparsanız, zəhmətiniz daha yüksək qiymətləndirilər.
‒ Mən ingilis ordusunun kəşfiyyatçısıyam. Ancaq sizi öz istehkamlarımıza apara bilmərəm. Nə bilim, bəlkə, siz düşmənsiniz? Monkalmın casuslarısınız?
‒ Hərgah siz kəşfiyyatçısınızsa, onda, yəqin ki, altmışıncı kral alayını tanıyırsınız?
‒ Altmışıncı? Əlbəttə.
‒ Deməli, siz həmin alayın mayorunun adını bilirsiniz?