banner banner banner
Sonuncu mogikan
Sonuncu mogikan
Оценить:
Рейтинг: 0

Полная версия:

Sonuncu mogikan

скачать книгу бесплатно

‒ Dunkan… Unutmayın ki, biz bu təhlükədən salamat qurtulmaq üçün birinci növbədə siz sağ qalmalısınız. Unutmayın ki, atamız bizi sizə tapşırıb. Nicatımız sizin ehtiyatlı olmağınızdadır.

Dunkan gəlib dar yarğanda uzanmış ovçuya və mogikanlara qoşuldu. Onlar elə yer seçmişdilər ki, şəlaləyə yaxınlaşan olsa, görə bilsinlər. İndi səhər açılmışdı. Qarşı sahil aydın görünürdü. Şahingöz və mayor diqqətlə cəngəlliyə baxırdılar. Dunkan elə güman edirdi ki, yoldaşlarını itirən makuaslar tamam çəkilib getmişlər. Bir də geri qayıtmazlar. Şahingöz buna şübhəsini bildirdi:

‒ Əgər belə güman edirsinizsə, deməli, onları yaxşı tanımırsınız. Makuaslar yaxşı bilirlər ki, biz azıq. Ona görə də əl çəkməyəcəklər. Sss! Çayın axarı ilə yuxarı, suyun daşlara dəyib sıçradığı yerə baxın. Sss! Səsinizi çıxarmayın.

Çayın gətirib daşlara ilişdirdiyi kötüklərin arxasından dörd adam başı göründü. Çayda beşinci baş göründü, üzüb onlara yanaşmağa çalışırdı. İti axan su onu aşağı aparırdı. O, son qüvvəsini toplayıb əlini yoldaşlarına uzatdı. Lakin su onu yoldaşlarından kənara atdı və o, çayın girdabında gözdən itdi.

‒ Bir gülləyə qənaət etdik, ‒ deyə Şahingöz dilləndi.

O, bir barmağını ağzına qoyub qəribə bir fit verdi. Mogikanlar onun səsinə səs verdilər. Kötüklərin arasından dörd baş qalxdı, sonra tezcə aşağı sindilər. Unkas sürünüb yaxınlaşdı və sakitcə yeni mövqe seçdi. Bir azdan gənc mogikan eyni fit səsi ilə siqnal verdi.

‒ Görürəm, görürəm, dostum, ‒ Şahingöz cavab verdi, ‒ onlar basqına hazırlaşırlar. Nə olar, bu bizim üçün yaxşıdır. Onların birincisi mənim gülləmdən salamat qurtarmayacaq.

Heyvordun səbri çatmırdı, qalxıb vəhşilərin üstünə getmək istəyirdi. Lakin yoldaşları onu saxlayırdılar.

Nəhayət, çayın içində mövqe tutan hindular üzüb sahilə çıxmaq istədilər. Şahingöz tüfəngini qaldırdı və atəş açdı. Hücuma keçən makuasların dəstəsindən öndə gedəni vurulmuş maral kimi hoppandı və yıxılıb qayaların arasına düşdü.

‒ Unkas, indi növbə sənindir, ‒ deyə Şahingöz əmr etdi və xəncərini çıxardı.

Heyvord tapançasının birini Şahingözə verib qayadan düşmənlər tərəfə enməyə başladı. Ovçu və mayor hər ikisi eyni vaxtda atəş açdılar, lakin güllələrin ikisi də boşa çıxdı.

Şahingöz balaca tapançanı nifrətlə şəlaləyə atdı. Xəncərini çıxarıb qışqırdı:

‒ İndi hünəriniz varsa, yaxın gəlin, ey qaniçən cəhənnəm köpəkləri!

Bu sözlər bitər-bitməz hündürboylu, üz-gözündən quduzluq yağan bir hindu onun qabağını kəsdi. Şahingözlə düşmən əlbəyaxa oldular. Birdən Şahingöz sərt hərəkətlə özünü ondan aralayıb xəncəri düşməninin sinəsinə sapladı.

Dunkanla başqa bir hindu arasında əlbəyaxa döyüş gedirdi. Hər ikisinin xəncəri əlindən düşmüşdü. Hindu, deyəsən, onu özü ilə uçuruma yuvarlatmaq istəyirdi. Mayorun bədəni vəhşinin hədsiz qüvvəsinə tab gətirmirdi. Bu vaxt onun gözü qarşısında xəncər tiyəsi göründü. Unkas özünü vaxtında yetirmişdi. Uçuruma yuvarlanan hindu az qala Heyvordu da özü ilə aparacaqdı. Unkas Dunkanı uçurumun başından geri çəkdi.

Unkasın zəfər hayqırtısı ətrafa yayıldı.

‒ Daldaya çəkilin! ‒ Şahingözün bağırtısı eşidildi.

Unkasla mayor cəld daşların arasında gizləndilər.

VIII fəsil

Əlbəyaxa döyüş zamanı düşmənlər bir-birinə nə güllə, nə də ox ata bilirdilər, çünki özününkülərə dəyə bilərdi. Lakin vuruşma qurtardıqda quduz bağırtılar başlandı, dalbadal atəşlər açıldı.

Çinqaçkuk ara vermədən atəşlə onlara cavab verirdi. O öz yerində qətiyyətlə dayanmışdı. Oğlu Unkasın zəfər hayqırtısına eyni səslə cavab verdi.

Atışma xeyli uzandı. Şahingöz güllələrin vıyıltısına qulaq verərək:

‒ Qoy onlar barıtlarını işlədib qurtarsınlar, ‒ dedi. ‒ Bunun bizə xeyri var. Unkas, oğlum, sən nahaq yerə patrona barıtı çox doldurursan. Tüfəng geri təpir, güllə də pis gedir.

‒ Siz nahaq yerə Unkası bacarıqsız bilirsiniz, ‒ deyə Dunkan söhbətə qarışdı. ‒ O məni ölümdən qurtardı. Sağ qaldığıma görə ona minnətdar olmalıyam.

Unkas yerindən qalxıb əlini Heyvorda uzatdı.

Şahingöz gülümsünüb dedi:

‒ Çöllükdə dostlar tez-tez bir-birinə bu cür kömək edirlər. Deyəsən, mən də bir dəfə Unkası dardan qurtarmışam. O da yadımdadır ki, Unkas beş dəfə məni ölümdən qurtarıb. Üç dəfə makuaslarla vuruşmada, bir dəfə Qorikandan üzüb keçərkən və …

Bu zaman güllə Dunkanın düz qulağının dibindən vıyıldayıb söykəndiyi qayaya dəydi. Bu, üzbəüz duran düşmənin gülləsi ola bilməzdi, çünki Dunkan iri bir daşın arxasında dayanmışdı.

Unkas tüfəngini qaldırıb yuxarı baxdı. Dikdirdə böyük bir palıd ağacı vardı. Onun budaqları şəlalənin üzərinə əyilmişdi. Quronlardan biri palıdın budaqları arasında gizlənmişdi. Unkas və kəşfiyyatçı eyni zamanda həmin tərəfə atəş açdılar. Ağacda gizlənmiş vəhşi öz düşmənlərinə yalnız kinayəli gülüşlə cavab verdi və yenə atəş açdı. Güllə Şahingözün şlyapasını yerə saldı. Meşənin içərilərindən yenə quduzcasına vəhşi bağırtı səsləri gəldi.

‒ Unkas, atanı çağır, şeytanı yuvasından çıxarmaq lazımdır.

Vəhşinin bədəni palıdın seyrək budaqları arasından göründükdə ata-bala bir-birinin ardınca atəş açdılar. Quron cavab atəşi açmaq üçün gizləndiyi qalın budağın arxasından çıxdı. Elə bu zaman Şahingözün tüfəngi guruldadı. Palıdın yarpaqları titrədi. Quronun tüfəngi yerə düşdü. Ağır yaralanmış quron ağacın budağından asılı qalmışdı.

‒ Rəhminiz gəlsin, ona bir güllə də vurun, ‒ deyə Dunkan gözünü o tərəfdən çəkdi.

‒ Ona bir çimdik də barıt sərf etmərəm, ‒ deyə Şahingöz cavab verdi. – Qoy oradaca gəbərsin.

Hər iki tərəfdə vuruşan adamlar gözlərini yer ilə göy arasında asılı qalmış bu bədbəxtdən çəkə bilmirdilər. Külək onun bədənini yırğalayırdı. Amma onun dilindən inilti və şikayət eşidilmirdi. O artıq bir əli ilə budaqdan yapışmışdı. Nəhayət, Şahingözün atdığı güllə onun əzablarına son qoydu. Vəhşinin meyiti qurğuşun parçası kimi çayın köpüklü sularına düşdü.

‒ Sonuncu barıtımı sərf etdim, ‒ deyə Şahingöz donquldana-donquldana başını buladı. ‒ Unkas, oğlum, get qayıqdan böyük buynuzu gətir. Bütün barıt ehtiyatımız onun içindədir.

Çox keçmədi ki, sahildən Unkasın güclü qıy səsi gəldi. Hətta hinduların səs işarələrindən baş çıxarmayan Dunkan belə bu səsi eşitcək nə isə bir fəlakət baş verdiyini duydu. Unkasın qışqırığı bacıları və yaralı Davidi daldalandıqları yerdən çıxmağa məcbur etdi. Az sonra gənc hindunu qorxuya salan bədbəxtliyin nə olduğunu hamı başa düşdü.

Şahingözün qayığı qayalığın yaxınlığında göründü. Qayıq çayaşağı üzürdü, amma onun kim tərəfindən idarə olunduğu bilinmirdi. Birdən qayığın içindən quronun başı göründü. Şahingöz bunu görüb tüfəngi üzünə qaldırdı, lakin tez də ümidsiz halda aşağı endirdi. Məsələ aydın idi: içində barıt olan qayıq düşmən tərəfindən ələ keçirilmişdi.

Çayın o üzündən bağırtı, gülüşmə, quduz ulaşma səsləri eşidildi.

‒ Bəs indi nə edəcəyik? ‒ deyə Dunkan narahatlıqla soruşdu. ‒ Halımız necə olacaq?

Şahingöz əlini mənalı şəkildə əmgəyinin dövrəsinə çəkdi. Bu o demək idi ki, skalpla vidalaşmaq vaxtı çatıb.

Gənc mayor bu işarəyə etiraz etdi:

‒ Yox, yox, bizim vəziyyətimiz bu qədər ümidsiz ola bilməz! Mən inanmıram ki, bizim heç bir çarəmiz qalmasın. Biz mağaralarımızı möhkəmlətməliyik və düşmənin sahilə çıxmasına mane olmalıyıq.

Lakin Şahingöz artıq ölümə hazır idi. O dedi:

‒ Dunkan, mən başa düşürəm, siz gəncsiniz, varlısınız, bu yaşda ölmək sizə ağır gəlir. Lakin unutmayın ki, biz ağdəriliyik. Gəlin onlara sübut edək ki, biz də lazım gələndə ölümün üzünə dik baxa bilirik.

Bayaqdan qayaya söykənib baş verənləri müşahidə edən Kora irəli gələrək:

‒ Axı ölmək nə üçün? ‒ deyə soruşdu. – Çaya atılın. Çalışın üzə-üzə özünüzü xilas edəsiniz. Onsuz da bizim üstümüzdə haqqınız çoxdur. Gedin, igid adamlar, razı olmarıq ki, bizə görə həlak olasınız.

‒ Elə deyil, xanım. Yaşayıb gündə min dəfə peşmançılıq çəkməkdənsə, mərdliklə ölmək daha yaxşıdır. General Munro soruşsa ki, onun qızlarını harada qoyub qaçmışıq, ona nə cavab verərik?


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)