скачать книгу бесплатно
‒ Mən mayor Effingemi çox gözəl tanıyıram.
‒ Effingem alaydakı mayorların böyüyüdür. Mən Uilyam-Henri qarnizonundan olan mayoru deyirəm.
‒ Hə, eşitmişəm. Bu vəzifəyə cənub əyalətlərindən bir gənc zabiti – dövlətli centlmeni təyin etmişlər. Deyirlər ki, bu adam öz işini biləndir və çox igid oğlandır.
‒ Onun haqqında nə deyirlər, qoy desinlər. İndi həmin adam sizin qarşınızda durmuşdur.
Şahingöz təəccüblə Heyvorda baxdı və:
‒ Eşitmişəm, bu səhər fortdan kiçik bir dəstə çıxıb gölə doğru yola düşmüşdür.
‒ Sizə doğru demişlər. Amma mən ən yaxın yolu seçdim və hindunun təcrübəsinə bel bağladım.
‒ Mən həmin hinduya baxmaq istərdim! Hərgah o, əsl qurondursa, mən onu hiyləgər baxışından və üzünün boyasından tanıyaram.
Şahingöz dəstənin arxa tərəfinə hərləndi. Bələdçiyə nəzər saldı, sonra xanımların yanında ayaq saxladı, onlara təzim etdi. Bayaqkı yerinə qayıdıb yavaşdan dedi:
‒ Mən qaş qaralandan sonra sizin bələdçi ilə bir mil belə yol getməzdim. Bu cəngəllikdə ingilislərin düşməni olan makuaslar gizlənir. Sizin quron isə onlarla çox gözəl dil tapır.
Heyvord irəli əyilib yavaşdan:
‒ Etiraf edim ki, bir qədər əvvəl məndə də onun sadiqliyinə şübhə yaranmışdı. Lakin özümü o yerə qoymadım.
Heyvord atını saymazyana dəstənin arxasına sürdü. Dostcasına sözə başladı:
‒ Maqua, gecə düşür, amma Uilyam-Henri fortuna hələ çox var. Sən yolu azmısan. Xoşbəxtlikdən biz bax o ovçuya rast gəldik. O bizi səhər açılanadək sağ-salamat ora aparacaqdır.
Hindu parıldayan gözlərini Heyvorda zilləmişdi:
‒ İndi ki belə oldu, Bic Tülkü çıxıb gedir, ‒ deyə o cavab verdi. – Qoy ağbəniz adama öz qəbiləsindən olanlar bələdçilik etsin.
‒ Sən Bic Tülkü kimə deyirsən, Maqua?
‒ Bu adı Maquaya onun qəbiləsi vermişdir, ‒ deyə bələdçi cavab verdi. Üzündən aydın görünürdü ki, özünün bu ləqəbi ilə fəxr edir.
‒ Uilyam-Henri fortunun rəisi öz qızlarını Bic Tülküdən soruşsa, onda Tülkü bu qocaya nə cavab verər?
‒ Meşənin dərinliyində Bic Tülkü onun çığır-bağırını eşitməz.
Heyvord onun ürəyini ələ almağa çalışdı:
‒ Bəsdir, Maqua, bəsdir. Gəl höcətləşməyək. Qızlar dincələndən sonra yolumuza davam edərik.
Hindu bir qədər donquldandıqdan sonra “Yaxşı” dedi və ehtiyatla yerə oturdu. Heybəsini açıb azuqəsini çıxardı.
Mayor:
‒ Bax belə, afərin, ‒ dedi. ‒ Yemək Bic Tülküyə qüvvət verər.
Mayor bir qıçını aşırıb yəhərdən yerə sıçradı. Maquaya yaxınlaşıb qəflətən onun biləyindən yapışdı. Maqua hər şeyi başa düşdü. Mayorun əllərini itələyib zil səslə qışqırdı və cəngəlliyə doğru qaçdı. Onun ardınca kəşfiyyatçının tüfəngi gurladı.
V fəsil
Şahingöz əmin idi ki, onun atdığı güllə hinduya dəymişdir. Lakin bələdçi hindunu tutmaq üçün meşəliyə cumanlar əliboş geri döndülər və yerdə qan izi olduğunu dedilər. Görünür, yüngül yaralanmışdı. Kəşfiyyatçı qaçanın dalınca düşməyi düzgün saymadı:
‒ Olan olub, keçən keçib. Onun dalınca düşsək, bizi quronların, ya da makuasların tomahavkına tuş edəcək. Ancaq burada qalmaq da olmaz.
Dunkan Şahingözü və mogikanları dilə tutmağa çalışdı:
‒ İndi bəs nə etməli? ‒ deyə soruşdu. ‒ Məni qoyub getməyin, dostlar. Mən bu qızları müdafiə etməliyəm. Heç olmasa, bunun xatirinə mənim yanımda qalın. Özü də çəkinməyin, istədiyiniz mükafatı məndən tələb edin.
Kəşfiyyatçı və iki hindu öz aralarında delavar dilində astadan nəsə danışırdılar. Görünür, onlar yolçuların təhlükəsizliyi üçün müəyyən tədbir düşünürdülər.
Sonra Şahingöz öz-özünə danışırmış kimi ingiliscə dedi:
‒ Unkas haqlıdır. İşə qarışmağımız bizi etibarlı sığınacaqdan məhrum edə bilər. Amma bu zərif qızları başlı-başına qoyub getmək bizə yaraşmaz.
Mayor yenə də mükafatdan söz saldı.
‒ Mənə pul təklif etməyin! ‒ deyə Şahingöz ərklə onun sözünü kəsdi. ‒ Ola bilsin, bizlərdən kimsə sağ qalmadı. Lakin qızları xilas etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Lakin əvvəlcə siz mənə iki şeyi vəd etməlisiniz. Yoxsa sizə kömək edə bilmərik.
‒ Deyin görüm, nə tələb edirsiniz?
‒ Birincisi, nə baş versə, siz dinməyəcək, bizim tapşırıqlarımıza əməl edəcəksiniz. İkincisi, ‒ Şahingöz bir qədər susub hindu dostlarına baxdı. ‒ İndi sizi bir sığınacağa aparacağıq, siz onun yerini heç zaman heç kəsə deməyəcəksiniz.
‒ Qoyduğunuz şərtlərə əməl edərəm.
‒ Onda dalımızca gəlin. Vaxt bizim üçün qiymətlidir.
Heyvord öz səfər yoldaşlarının yanına gəldi. Yeni bələdçinin kimliyini onlara izah etdi. Şahingöz səsini çıxarmadan əl işarəsi ilə onları kiçik meşə çayına doğru çağırdı. Onun təklifi ilə hamı atdan düşdü. İzi itirmək üçün atları suya saldılar və çayyuxarı sürdülər. Şahingöz kolluqdan köhnə bir qayıq çıxardı. Qızlar qaranlıqda qayığa oturdular.
Qaranlıqda güclə irəliləyirdilər. Suların uğultusundan ətrafda heç nə eşidilmirdi.
Nəhayət, onlar mənzilbaşına çatdılar. Sahil daşlarına ayaq basdıqda bələdçilərin üçü də qaranlıqda yoxa çıxdı.
VI fəsil
Heyvord və qızlar bələdçilərin yox olmasından təlaşa düşdülər. Bu anda yuxarıdan gur işıq düşdü. Şahingöz sahildən yuxarıda, dar mağaranın ağzında dayanmışdı. Onun əlində alovlanan şam budağı vardı. Kəşfiyyatçı yolçulara mağaraya girməyi təklif etdi.
Dunkan, David və qızlar birinci dəfə idi Unkası yaxından görürdülər. Alisa mogikanın mərd simasına və vüqarlı boy-buxununa diqqətlə tamaşa edirdi. Sanki qarşısında qədim yunanların yaratdığı çox qiymətli bir heykəl dayanmışdı. Qız pıçıldayaraq Dunkana dedi:
‒ Dunkan, mən arxayın yata bilərəm. Əminəm ki, Unkas kimi adamlar qəddar hərəkətə yol verməzlər.
‒ Sizin bu fikrinizə şərikəm, Alisa, ‒ deyə Heyvord cavab verdi. ‒ Ağ adamların da, hinduların da arasında çox yaxşı və ləyaqətli insanlara rast gəlmək olur.
Yolçular mağarada yerbəyer oldular.
‒ Buyurun, yeyin! ‒ Şahingöz yolçulara ocaqda qızardılmış maral ətinin dadına baxmağı təklif etdi.
‒ Bu mağarada qalmaq təhlükəli deyilmi? ‒ deyə Heyvord soruşdu. ‒ Burada qəflətən bizə hücum etməzlərmi?
Şahingöz gülə-gülə dedi:
‒ Narahat olmayın, bizim bu mağara çox etibarlı yerdir. Sağımız da, solumuz da şəlalədir. Bizdən aşağıda çay axır. Bu mağaranı sular ovub düzəltmiş, sonra şəlalə məcrasını dəyişmişdir.
Qızlar və Heyvord ovçunun şəlalə barədə izahlarına maraqla qulaq asırdılar.
Unkas Koraya və Alisaya əlindən gələn qədər qulluq edirdi. Bu, Heyvordun diqqətindən yayınmadı. Lakin gənc hindunun canfəşanlığı mayora xoş gəlirdi. Kənardan baxan hiss edərdi ki, Unkas Alisaya qabda su və ya taxta nimçədə ət tikələri gətirəndə gözlərini bu qızın cazibəli üzündən çəkə bilmirdi.
Zəbur müğənnisi Şahingözün aşpazlığını bəyənirdi. Şahingöz şax-şəvəlin arasından şərabla dolu balaca bir çəllək çıxarıb müğənniyə müraciət etdi:
‒ Dostum, bu üzüm şirəsinin dadına baxın, dərd-kədəriniz yaddan çıxsın. Adınız nədir?
‒ David.
‒ Bu, çox gözəl addır. Ancaq ad qoymaqda xristianlar hindulara çata bilməzlər. Hindu, adətən, özünə yaraşan bir ad seçir; məsələn, mənim dostumun adı Çinqaçkukdur. Çinqaçkuk «böyük ilan» deməkdir. Bu adam danışmağı sevmir, düşmənə gözlənilmədən zərbə vurmağı bacarır. Xristianlarda belə deyil. Mən bir adam tanıyırdım, adı Lion, yəni şir idi. Halbuki o, indiyə kimi rast gəldiyim ən qorxaq adamlardan biri idi.
Yolçuların əhvalı yaxşılaşmışdı. Zəbur müğənnisinin öz kamertonunda çaldığı təntənəli himn ətrafa yayıldı. Alisa oxumağa başladı. Kora onun səsinə səs verdi. Şahingöz əlini çənəsinə dayayıb bir kənarda oturmuşdu. Onun yadına uşaqlığı, anasının bu cür Zəbur nəğmələri oxuduğu vaxtlar düşmüşdü.
Birdən qışqırıq səsi eşidildi. Bu, insan bağırtısına bənzəmirdi. Tükürpədici bir səs idi. Mağaraya dərin bir sükut çökdü. Sanki Qlenn çayının suları da bu dəhşətli səsdən qorxub susdu.
Alisa özünə gələrək:
‒ Bu nədir? ‒ deyə soruşdu.
Şahingöz dedi:
‒ Biz otuz ildir bu meşələrdə dolaşırıq. Amma bu səsi ilk dəfədir eşidirik.
Unkas bayıra çıxıb qayıtdı. Heç bir şey görünmədiyini dedi.
Heyvord yanar şam kösövünü götürüb mağaranın o başında qızlar üçün hazırlanmış yataq yerini göstərdi. Alisa ona:
‒ Yanımızdan getməyin, Dunkan, ‒ deyə xahiş etdi. ‒ Bu qorxulu yerdə gözümüzə yuxu getməz. Bayaqkı səs hələ də qulaqlarımda cingildəyir.
‒ Biz bu səsin haradan gəldiyini aydınlaşdırmalıyıq. Siz rahat yatın, unutmayın ki, etibarlı keşikçiləriniz var.
VII fəsil
Heyvord daşın üstünə qoyduğu tapançasını götürüb bələdçilərlə birlikdə mağaradan çıxdı.
Bayırın sərin havası onların üzünə vurdu. Ay üfüqdən aralanıb xeyli yüksəyə qalxmışdı. Adamlar qarşıdakı sahildə hər hansı bir həyat əlaməti görmək üçün gözlərini ora zilləmişdilər. Onlar yalnız çılpaq qayaları və hərəkətsiz ağacları görə bilirdilər.
Bayaqkı bağırtı bir də eşidildi. Səs çayın yatağından gəlirdi.
Heyvord dedi:
‒ Bu səs mənə tanışdır. Mən döyüş meydanında buna bənzər səsləri çox eşitmişəm. Bu, at bağırtısıdır. At ya dözülməz ağrıdan, ya da gördüyü dəhşətdən bu cür səs çıxara bilər. Yəqin, kiminsə atı yırtıcı heyvanlara qismət oldu.
Mogikanlar razılıq əlaməti olaraq:
‒ Xuq! ‒ dedilər.
Şahingöz dedi:
‒ Yəqin ki, siz haqlısınız. Görünür, sahildə qoyduğumuz atlara canavarlar hücum etmişlər. Odur ki qorxudan bağırırlar. Unkas, ‒ deyə gənc delavara müraciət etdi, ‒ aşağı get, yanan kösövləri canavarlara at.
Gənc mogikan əmri yerinə yetirməyə getdi. Az sonra çayın sahilində tükürpədici ulama səsi eşidildi və bu səs yavaş-yavaş öləziyib itdi. Unkas tezliklə geri qayıtdı.
Mogikanlar və Şahingöz keşik çəkməli oldular. Onlar qayalıqda dayanmışdılar. Buradan çayın hər iki sahili görünürdü, lakin onlar elə dayanmışdılar ki, sahildə duranlar onları görə bilməzdi.
Bayırdakı sayıq keşikçilərin gözünə yuxu getmirdi. Onlar qayaların çıxıntılarına söykənib daş kimi hərəkətsiz uzanmışdılar. Nəhayət, ay batdı. Meşənin üstü çəhrayı rəngə çaldı. Bu o demək idi ki, səhər açılmaq üzrədir.
Şahingöz Dunkanın yanına gəlib yuxuya getmiş zabiti oyatdı:
‒ Yola düşmək vaxtıdır.
‒ Gecə bir şey olmadı? Deyəsən, yuxu mənə dov gəldi, ‒ deyə Heyvord gözünü ovuşdurdu.
‒ Dörd tərəf sakitlikdir. Amma səs salmayın! Qızları oyadın. Mən qayığı rahat bir yerə gətirənəcən siz də hazırlaşıb çayın kənarına enərsiniz.
Şahingöz bu sözləri deyib qayığa tərəf getdi.
Dunkan yuxudan tam ayıldı. Mağaraya girib qızları səslədi:
‒ Kora! Alisa! Oyanın, getmək vaxtıdır!
Kora üstündən şalın götürüldüyünü hiss edərək əlini qaldırdı. Sanki kimi isə özündən kənara itələyirdi. Alisa yuxuda atası ilə danışırdı. Birdən o, zil səslə qışqırdı. Kora bu səsə yerindən sıçrayıb qalxdı. Mayor söz deməyə macal tapmamış elə qorxulu ulaşma başlandı ki, qan Dunkanın beyninə vurdu. Sanki cəhənnəmdəki bütün iblislər, şeytanlar buraya axışıb gəlmişdilər. Bu dəhşətli ulaşma hər tərəfdən eşidilirdi. Bu, hinduların qıy səsləri idi.
David də qalxıb qəddini düzəltdi, mağaradan çıxıb bərkdən qışqırdı:
‒ Bu nə haray-həşirdir? Bəlkə, cəhənnəmin qapılarını açıblar? İnsan bu cür səs çıxara bilməz!
Davidin bu ehtiyatsızlığı çayın qarşı sahilindən atəşlə qarşılandı. Mahnı müəllimi huşunu itirib yerə yıxıldı. Düşmənlər onun yıxıldığını görcək şadlıqla bağırışdılar. Mogikanlar düşmənin bu zəfər bağırtısına cürətli atəş səsləri ilə cavab verdilər. Qızğın atışma başlandı.
Dunkan qayığı gözləyirdi. Lakin qaralan suların üzərində qayıq görünmürdü. Heyvordun ağlına gəldi ki, yəqin, Şahingöz onları tərk etmişdir. Lakin birdən qayanın altından atəş səsi gəldi. Bunun ardınca qarşı sahildən qəzəbli bir bağırtı eşidildi. Ovçunun gülləsi hədəfə dəymişdi. Düşmən tərəf çəkilib getməyə məcbur oldu. Ətrafa yenə sakitlik çökdü.
Şahingöz gəlib əlini Davidin başına çəkdi.
‒ O sağdır, ürəyi döyünür, Unkas, onu götür, mağaraya apar, çırpının üstünə uzat, qoy yatsın.
Şahingöz bunu deyib cəld hərəkətlə tüfəngini doldurmağa başladı.
‒ Deməli, siz onların ikinci dəfə basqın edəcəklərini düşünürsünüz? ‒ deyə Heyvord soruşdu.
‒ Bunlar makuaslardır – mənim və mogikanların qəddar düşməni. Çox güman ki, onları sizin quron bizim izimizə salmışdır. Makuaslar yoldaşlarından birini itirdilər. Birinci basqınları uğursuz alındığından geri çəkiliblər. Amma skalplarımızı[7 - Skalp – hindular, adətən, tam qələbə əlaməti olaraq öldürdükləri adamın başının dərisini – skalpını soyaraq çıxarırdılar.] ələ keçirmək üçün başqa hiylə fikirləşəcəklər. Ancaq bizim sığınacağımız etibarlıdır, odur ki burada qalıb özümüzü müdafiə etməliyik.
Dunkan qızlara baş çəkmək üçün mağaraya girdi. Onlara bir qədər təskinlik verdi, yaralı Davidi gənc xanımlara tapşırıb çıxarkən Koranın səsi onu dayandırdı: