banner banner banner
Uşağı necə sevməli
Uşağı necə sevməli
Оценить:
Рейтинг: 0

Полная версия:

Uşağı necə sevməli

скачать книгу бесплатно


Varlanmanı fetişləşdirən cəmiyyətdə doğum o qədər nadir və fövqəladə hadisədir ki, ana bütün qətiyyətliliyi ilə təbiətdən səxavətli mükafat tələb edir. Əgər o, məsrəflərə, xoşagəlməzliklərə, hamiləliyin usandırmalarına gedibsə, doğuş əzablarına qərar veribsə, körpə yalnız onun arzu etdiyi kimi olmalıdır.

Yaxud, daha pisi: pula hər şeyi almağın mümkün olduğuna öyrəşərək, kasıbın ala bildiyi və varlının yalvar-yaxarla əldə edə bilmədiyi bir şeyin mövcud olması fikrilə barışmaq istəmir.

Valideynlər tez-tez bazarda “sağlamlıq” etiketi altında gedən nəsnənin axtarışında ikən ya kömək etməyən, ya da ziyan vuran əvəzediciləri alırlar.

18

Körpənin evlilik ittifaqına tanrıın xeyir-dua verməsilə, yaxud qızın ismətini itirməsilə doğulmasından; ananın: “Qızılım mənim!” –pıçıldamasından, yoxsa: ”Mən bədbəxt indi başıma haranın daşını salım?” – deyə ah çəkməsindən; yoxsa kənd qızının ardınca: “Gəzəyən!” –deyə söz atmalarından asılı olmayaraq, yeni doğulan uşağa ana döşü lazımdır.

Əgər fahişəlikdə qadın kişiyə xidmət göstərən alətdirsə, analıq institutunda o özünə sosial kamillik qazanır.

Hətta varlı adamların rifahı naminə olmasa belə, mülkiyyətsiz valideynlərin körpəsi üzərində həyata keçirilən qanuniləşdirilmiş qanlı cinayəti tam dərk etmənin zamanı gəlmişdir. Axı dayə iki nəfəri – özünkünü və özgəsini sərbəst bəsləyə bilər. Süd vəzisi ondan tələb olunan qədər süd verir. Süd məhz körpə az əməndə quruyur. Fəaliyyətdə olan qanunauyğunluqdur: böyük döş, balaca körpə, südün itməsi.

Qəribə işdir, daha az ciddi olan hallarda bir çox həkimin məsləhətlərinə qulaq asmağa hazırıq, ancaq ana yedirə bilərmi kimi vacib məsələni həll edərkən yaxınlarımızdan kiminsə bəzən təmiz qəlblə verilməmiş yeganə məsləhətilə kifayətlənirik.

Hər bir ana yedirə bilər. Hər birinin kifayət qədər südü var. Yalnız yedirmə texnikasını bilməmə ananı təbii qabiliyyətindən məhrum edir.

Döşlərdəki ağrılar, məmələrin iltihabı məlum maneə təşkil edir, amma o maneə ananın çəkmiş olduğu əsas əziyyətin, hamiləliyin dərk edilməsilə dəf edilir. Axı əmizdirmə hamiləliyin təbii davamıdır, “təkcə bir fərqi var, körpə ana bətnindən xaricə çıxıb, cifti deşib, döşdən yapışıb və indi qırmızı əvəzinə ağ qan içir”.

Qan içir? Bəli, ananın qanını, təbiətin qanunu belədir.

Bu, ana döşünə olan hüququ uğrunda körpənin nə vaxtsa canlı olmuş mübarizəsinin əks-sədasıdır. Bizim zamanımızda isə mənzil məsələsi birinci növbəli məsələ olub. Sabah nə olacaq? Beləcə, müəllif maraqlarının fokuslanması içində olduğumuz zamandan asılıdır.

19. NƏ OLAR, MƏNIM DƏ ANALAR ÜÇÜN GIGIYENIK MISIR YUXUYOZMA KITABI YAZMAĞIM MÜMKÜN OLA BILƏRDI

“Doğuşda üç kilo yarım çəki – sağlamlıq, rifah deməkdir”.

“Yaşıl, selikli qarın işləməsi – qayğılardan, xoşagəlməz şeylərdən xəbər verir”.

Bəlkə mən də məsləhət və göstərişlərdən ibarət “məktub nümunələri məcmuəsi”ni tərtib edərdim.

Ancaq istənilən situasiyada qeyri-tənqidi əməl edilməklə, absurda qədər çatdırıla bilməyən məsləhətin olmadığına dəfələrlə əmin olmuşam.

Köhnə sistem: sutkada otuz dəfə gənəgərçək yağı ilə növbəli döş. Körpə əldən ələ keçir, ailənin bütün üzvləri onu atıb-tutur və yatızdırır, bütün zökəmli bibi-xalalar öpür. Onu pəncərənin, güzgünün yanına gətirir, zınqırovları şaqqıldadıb-taqqıldadır, oxuyurlar – bunlar oyunbazlıqdır, başqa adı ola bilməz.

Yeni sistem: hər üç saatdan bir döş. Körpənin yemləməyə hazırlıq görərək, səbrini tükətməsi, acıqlanması, qışqırması boş şeydir – ana saatın əqrəblərini izləyir: daha dörd dəqiqə var. Yemləmə vaxtı yaxınlaşdı, körpə isə yatır – ana qərarlılıqla onu oyadır, qoyulmuş dəqiqələr bitdi – ac körpəni döşdən ayırır. Uşaq çarpayıdadır – toxunmaq olmaz. Əllərə öyrəşdirmək olmaz.

O çimdirilmiş, quru, tox halda yatmalıdır, amma yatmır. Sakit olmalı, barmaqlar ucunda gəzməli, pəncərələr pərdəylə örtülü olmalıdır. Sanki xəstəxana palatasıdır.

Qaydalar varsa, daha fikirləşmək nəyə lazım?

20. “HANSI TEZLIKLƏ YEDIRMƏLI” DEYIL, “SUTKADA NEÇƏ DƏFƏ YEDIRMƏLI”

Belə formulə edilmiş sual anaya azadlıq verir: qoy ona da, körpəyə də rahat olan bölgünü özü tərtib etsin.

Beləliklə, körpə sutkada neçə dəfə döş almalıdır?

Dörddən on beşə qədər.

Bəs döşdə nə qıdər müddət saxlamaq lazımdır?

Dörddən 45 dəqiqəyə kimi və daha çox.

Döş asan və çətin, böyük və kiçik miqdar südlü, rahat və yastı giləli, dözümlü və ağrılı olur. Uşaqlar həvəslə, şıltaqlıqla, tənbəlliklə əmə bilərlər. Deməli, hamı üçün bir resept ola bilməz.

Nümunələr.

Gilə pis inkişaf eləyib, amma dözümlüdür, yeni doğulan həvəslə əmir. Qoy döşü “işə hazırlamaqdan” ötrü tez-tez və uzun müddət əmsin.

Süd çox, körpə zəifdir. Yemləmə qabağı südün bir hissəsini sızdırıb axıtmağa və körpəni çalışmağa məcbur etməyə cəhd edək. Öhdəsindən gələ bilmir? Onda əvvəlcə döşü verməli, südün qalanını isə sızdırmalı.

Çətin döş, ləng körpə, yalnız on dəqiqədən sonra əmməyə başlayır.

Bir udma hərəkəti bir, iki, beş əmmə hərəkətinə uyğun gələ bilər. Udlaqdakı südün miqdarı müxtəlif ola bilər.

Körpə döşü yalayır, əmir, amma udmur, gec-gec udur, tez-tez udur.

“Hamısı çənəsi boyu axır”. Bu, südün çox olmasından da baş verə bilər, az olmasından da, acmış körpə qüvvə ilə əmir və dərhal bir neçə ilk udumdan boğulur.

Ana və körpəni görmədən necə reseptlər vermək olar?

“Sutkada on dəqiqəlik beş dəfə yemləmə” – bu, ölü sxemdir.

21

Tərəzisiz döş yemləməsi texnikası yoxdur. Körpəni çəkmədən verəcəyimiz bütün təlimatlar gizlənpaç oyunu olacaq.

Körpəni çəkmədən onun üç, yoxsa on xörək qaşığı süd əmdiyini heç vaxt öyrənə bilmərik. Onun nə qədər sürəkli, uzun müddət, bir, ya iki döşdən əmməli olduğu bundan asılıdır.

Tərəzi həqiqətdə olanı bizə deyirsə, müdrik məsləhətçi ola bilər, ancaq körpənin “normal” artımının mütləq sxemini almaq istəsək, tərəzi ziyanlı da ola bilər.

Necə çəkməli?

Axı burası maraqlıdır: qamma və etüdlərə yüzlərlə saat sərf etmiş, tərəzi ilə tanışlıq zəhmətini isə hədsiz yorucu sayan analar var. Yemləmədən əvvəl və sonra çəkmək? Necə əziyyətlidir! İlahiləşdirilmiş ev “həkim”i olan tərəzini diqqətlə və işgüzarcasına yanaşan analar da var.

22

Bir uşaq nəslinin süd, yumurta, ət şüarı ilə böyüməsini, digərinin isə sıyıq,meyvə, tərəvəz almasını nə ilə izah etməli?

Bunu kimyanın inkişafı, maddənin dəyişməsi sahəsində dəyişikliklər ilə əlaqələndirmək olar. Amma bu meyllərin mahiyyəti daha dərindir.

Yeni pəhriz elmin canlı orqanizmə hörmətinin, onun azad seçiminə etibarının ifadəsidir.

Sələflərimiz körpəyə zülal və yağ verərək, orqanizmin inkişafını xüsusi seçilmiş pəhrizlə stimullaşdırmağa çalışmışlar, bu gün körpəyə hər şey veririk – qoy canlı orqanizm ona nə lazım olduğunu, nəyin faydalı olduğunu özü seçsin, qoy imkanları, sağlamlıq ehtiyatları, potensial inkişaf enerjisi dərəcəsində müstəqil qərar versin.

Körpə verdiklərimizin yalnız bir hissəsini mənimsəyir. Buna görə də hər cür zorakılıq ziyandır, istənilən kənaraçıxma özündə təhlükə gizləyir.

Hətta, ümumiyyətlə, düzgün hərəkət edərək, əhəmiyyətsiz səhv buraxa bilərik, amma bir neçə ay ərzində onu daim təkrar edərək, körpə orqanizminin inkişafını korlayar, yaxud onu tormozlayarıq.

Nə vaxt, necə və nə ilə yemləməli?

Artıq körpəyə bir litr döş südü kifayət etməyəndə, orqanizmin reaksiyasını müşahidə edərək, onu tədricən – zövq və meyllərindən asılı olaraq – hər şey ilə yemləməyə başlamaq lazımdır.

23. BƏS UN?

Sağlamlıq haqqındakı elmi sağlamlıqla alverdən fərqləndirmək lazımdır.

Saçların artımı üçün maye, diş eliksiri, dərini cavanlaşdıran pudra, dişlərin meydana çıxmasını yüngülləşdirən un – bütün bunlar böyük hesabla elm üçün rəzalətdir, belə şeylər heç vaxt onun qürur mənbəyi, məqsədi, yaxud vəzifələri ola bilməz.

Fabrikant onun ununun normal mədə işləməsi təminatı verdiyini və çəkinin artmasını vəd edir, yəni ananı ovunduranı və körpənin xoşuna gələni verir. Amma un toxumalarda mənimsəmə vərdişi yaratmır və toxumaları yağla bürüyərək, onları ərköyünləşdirə bilər, müqaviməti aşağı salır, infeksiyaya qarşı immunitet, həyat qüvvəsi vermir. Ehtiyatla, altdan-altdan da olsa, şübhə oyadaraq, sakitcə lağım ataraq, obıvatelin zəifliklərini şirnikdirərək və razı salaraq, həmişə döşü diskreditasiya edir.

Kimsə etiraz edər: unu dünya miqyaslı alimlər qəbul ediblər. Bəli, amma axı alimlər də insandır, onlar arasında az-çox bəsirətli, ehtiyatlı və yüngül xasiyyətli, ləyaqətli adamlar və yalançılar var. Onlardan neçəsi elm generallığına istedadla deyil, diribaşlığın, yaxud var-dövlətin, yüksək mövqenin köməyilə soxulub. Elm bahalı emalatxanalar tələb edir və onları yalnız əsl kəşflərə görə deyil, yarınmaq, ikiüzlülük, maxinasiyalar, intriqalar hesabına da əldə etmək olar. Bir dəfə mən vicdansız bir kütün iyirmi illik vicdanlı tədqiqatların nəticələrini dəfn etdiyi iclasda iştirak etməli olmuşdum. Səs-küylü beynəlxalq qurultayda məhv edilən qiymətli kəşfə və onlarla “ulduz”un təbliğ etdiyi, fərşivə olduğu aşkara çıxan müalicə preparatına bələdəm. Məhkəmə tədqiqatı başlandı, qalmaqalı tez xətm etdilər.

Unu kimin tərif etdiyi vacib deyil, fabrikantların və onların agentlərinin bütün kələklərinə, səylərinə və şirnikdirmələrinə baxmayaraq, kimin tərif eləmədiyi vacibdir. Onlar isə inandırıcı şəkildə xahiş etməyi bacarır, lazım olanda bacarıqla tərifləyir, istədiklərinə nail olurlar. Milyonluq müəssisələr az nüfuza malik deyillər, bu heç də hər kəsin qarşı dura bilmədiyi qüvvədir.

Bu bölmələrdəki çox şey mənim tibblə boşanma prosesimin əks-sədasıdır. Mən qəyyumluğun qeyri-ardıcıllığını, xalturalı köməyi gördüm. Preparatların xaricdəki istehsalı kasıblıq və bərbadlıq üzərində vicdansızcasına varlanmağa başladı. Bu gün bizdə artıq qəyyumluq məntəqələri, fabrik körpələr evləri, düşərgələr, kurortlar, məktəb tibb nəzarəti, xəstəxana kassaları var. Artıq bizim günlərdə qidalı preparatlara və dərmanlara arxalanmaq olar: onların vəzifəsi gigiyenanı və körpə üzərində ictimai qəyyumluğu əvəzləmək deyil, onlara kömək etməkdir.

24

Körpənin temperaturu var.

Zökəm.

Bu, çox təhlükəlidirmi? Bəs nə vaxt sağalacaq?

Bizim cavabımız biliklərə və müşahidəyə əsaslanan düşüncələrin yekunudur.

Beləliklə, güclü körpə xəstəliklə bir-iki günə bacarar. Əgər xəstəlik ciddi, körpə isə zəifdirsə, nasazlıq bir həftəyədək uzana bilər.

Yaxud, deyəlim, bekara xəstəlikdir, ancaq körpə olduqca balacadır. Südəmər uşaqlarda zökəm selikli burundan tez-tez boğaza, traxeyaya, bronxlara keçir. Özünüz buna əmin ola bilərsiniz.

Nəhayət, analoji halların yüzündən doxsanı tez sağalma ilə bitir, yeddisində nasazlıq uzanır, üçündə ciddi xəstəlik inkişaf edir və hətta ölüm də mümkündür.

Doğrudanmı, yüngül zökəmin arxasında başqa xəstəliyin gizlənməsi mümkündür?

Amma ana ehtimal deyil, dəqiq cavab tələb edir.

Diaqnozu burun ifrazatı, sidik, qan, onurğa beyni mayesinin tədqiqatilə tamamlamaq, rentgen şəkli çıxarmaq, mütəxəssislər çağırmaq olar. Onda diaqnozda və anemnezdə, hətta müalicədə etibarlılıq faizi artar. Amma bu plyus dəfələrlə aparılan baxışların ziyanı ilə, hər biri saçında, paltarının qırışlarında, tənəfüsündə daha dəhşətli infeksiya gətirə bilən çoxsaylı həkimlərin iştirakı ilə sıfra aparmayacaqmı?

O harda soyuqlaya bilərdi?

Bundan can qurtarmaq olardı.

Ancaq bu, yüngül xəstəlikdir, bir həftə, bir ay sonra qarşılaşacağı daha ciddisinə qarşı durmaqdan ötrü körpəyə qüvvə verməzmi, beynin, vəzilərin, qanın tərkib hissələrinin termiki mərkəzinin müdafiə mexanizmini yaxşılaşdırmazmı? Məgər körpəni nəfəs aldığı və bir kub santimetrində minlərlə bakteriya olan havadan izolə edə bilərikmi? Bu, istədiyimizlə güzəştə getməyə məcbur olduğumuz arasında yeni toqquşma, ananı biliklə deyil, yaxşı körpə böyütmək üçün zəruri olan ağılla silahlandırmaq üçün daha bir cəhd olmayacaqmı?

25

Ölüm zahı qadınları biçən zamanlarda yeni doğulan körpə barədə fikirləşməyə vaxt yox idi.

Ona diqqəti doğuş zamanı aseptika və kömək ananın həyatına təminat verəndə göstərdilər. Ölüm yeni doğulanları biçən vaxtlarda elmin bütün diqqəti xırda butılka və bələklərə konsentrasiya olundu. Bəlkə körpənin bir yaşına kimi yalnız vegetativ deyil, psixi inkişafından, şəxsiyyətindən, həyatından da danışmağa başlayacağımız saat uzaqda deyil. İndiyə kimi görülmüş iş əhəmiyyətsizdir, bu, hətta, işin başlanğıcı da deyil.

Psixoloji məsələlərin və yeni doğulanın somatikası ilə psixikası arasındakı sərhəddə yerləşən məsələlərin sonsuz sırası. Napoleon ürəkkeçmədən əzab çəkmişdir. Bismark raxitli olmuşdur. Hər bir peyğəmbər və cinayətkarın, qəhrəman və xainin yetişmiş insan olana qədər körpə olduğu mübahisəsizdir. İnkişaf, diferensasiya və müəyyənləşməyə qədər fikir, hiss və səylərin mənbələrini tədqiq etməyə, onların nədən ibarət olduğunu öyrənməyə hazırlaşaraq, ona, yeni doğulana müraciət etməliyik.

Yalnız eşidilməmiş nadanlıq və yuxarıdan aşağı baxma halında yeni doğulan körpədə anadangəlmə temperament, intellekt qüvvəsi, əhval-ruhiyyə və həyat təəssüratlarından cəmlənmiş, kəskin şəkildə cizgilənmiş fərdiliyin əks olunduğunu görməmək mümkündür.

26. YÜZ YENI DOĞULMUŞ KÖRPƏ

Hər birisinin çarpayısı üzərinə əyilirəm. Onlar müxtəlifdir: biriləri bir həftə, digərləri aylarla yaşayıb, müxtəlif çəkilidirlər və “əyrilərinin” müxtəlif keçmişləri var, xəstə olanlar və sağalanlar, sağlamlar və canlılar arasında güclə duruş gətirənlər də var.

Müxtəlif baxışlarla – sönük, pərdə çəkilmiş, ifadədən məhrum, inadlı və xəstə halda mərkəzləşmiş, canlı, dostcasına və meydan oxuyan baxışlarla qarşılaşıram. Təbəssümlər də – mehriban, gözlənilməz, dostcasına, yaxud diqqətli öyrənmədən sonrakı təbəssümlərdir, ya da təbəssümümə və xoş sözümə cavab təbəssümüdür.

Başlanğıcda mənə təsadüfi görünən şey gündən-günə təkrar olunur. Qeydə alıram, inanan və inanmayanları, təmkinli və şıltaqları, şən və tutqunları, qərarsız, qorxudulmuş və qeyri-səmimiləri ayırıram.

Həmişə şən körpə: yemləmədən əvvəl və sonra gülümsəyir, oyadılmış və yuxulu halda göz qapaqlarını qaldırır, gülümsəyir və yuxulayır. Həmişə tutqun: narahat halda, az qala, ağlayaraq, salamlaşır, üç həftə ərzində cəmi bir dəfə ötəri gülümsəyib…

Uşaqların boğazını nəzərdən keçirirəm. Canlı, coşqun, qaynar etiraz. Yaxud istəksiz halda ağız-burnunu əyir, dözümsüzlüklə başını bulayır və artıq sevinclə gülümsəyir. Ya da anlayana kimi… yad əlin hər bir hərəkətinə şübhəli həssaslıq, hiddət partlayışı var.

Kütləvi, saatda əlli ədəd çiçək peyvəndi. Bu, artıq, eksperimentdir. Yenə birilərində ani və qərarlı, digərlərində tədrici və inamsız, üçüncülərdə biganə reaksiya var. Biri təəccüblə məhdudlaşır, digəri narahat olur, üçüncü həyəcan təbili çalır; biri özünə tez gəlir, digəri uzun müddət xatırlayır, bağışlamır.

Kimsə deyəcək: bəs südəmər yaşda? Doğrudur, amma yalnız müəyyən dərəcədə. Bəs oriyentasiyanın tezliyi, yaşananın xatirəsi? Biz cərrahla tanışlığı ağrılı yaşamış uşaqlar tanıyırıq, onlara kamfora ilə ağ emulsiya verildiyinə görə süd içmək istəməyən uşaqların olduğunu bilirik.

Məgər yetişkin insanın psixi simasına nə isə başqa bir şey təsir edirmi?

27

Birinci yeni doğulmuş körpə

Doğulan kimi dərhal soyuq hava ilə, sərt bələklə, xoşagəlməz səslərlə, əmmə işilə yola getdi. İşgüzarlıqla, haqq-hesabla, cəsarətlə əmir. Artıq gülümsəyir, artıq qığıldayır, artıq əllərinə hakimdir. Böyüyür, tədqiq edir, kamilləşir, sürünür, gəzir, qığıldayır, danışır. Bu necə və nə vaxt baş verib?

Sakit, heç nə ilə pozulmamış inkişaf.

İkinci yeni doğulmuş körpə

Əmməyi öyrənənə kimi bir həftə keçdi. Bir neçə narahat gecə. Rahatlıq həftəsi, bir günlük fırtına. İnkişaf ləngdir, dişlər çətin çıxır. Ümumiyyətlə isə, müxtəlif cür olub, indi artıq qaydasındadır, sakit, xoş, sevinclidir.

Ola bilsin, anadangəlmə fleqmatikdir, kifayətsiz qədər diqqətli xidmət, kifayətsiz dərəcədə inkişaf etmiş döş, xoşbəxt inkişaf.

Üçüncü yeni doğulmuş körpə

Tam gözlənilməzliklər. Şəndir, xoş olmayan, xarici, yaxud daxili təəssüratdan təsirlənərək, asanlıqla həyəcanlanır, ümidsizliklə, enerjisinə acımadan mübarizə aparır.

Canlı hərəkətlər, kəskin dəyişikliklər, bu gün dünənə bənzəmir. Öyrənir və dərhal unudur.

İnkişaf sınıq əyri boyu, yüksəliş və enişlərlə gedir. Ən xoşlardan tutmuş, zahirən dəhşətlilərə kimi, gözlənilməzliklər var. Buna görə də: nəhayət deyə bilməzsən.

Davakar, qıcıq, şıltaqdır, görkəmli insan olaraq, böyüyə bilər.

Dördüncü yeni doğulmuş körpə