banner banner banner
Uşağı necə sevməli
Uşağı necə sevməli
Оценить:
Рейтинг: 0

Полная версия:

Uşağı necə sevməli

скачать книгу бесплатно


Zəif uşaq normal inkişaf edə bilər, möhkəm də bədbəxt hadisənin qurbanı ola bilər. Gözəl uşaq da, beləcə, bədbəxt ola bilər, kifirlik, ifadəsizlik, nəzərə çarpmazlıq zirehi altındakı uşaq isə xoşbəxt həyat yaşaya bilər. Çünki sən həyatın istənilən əlavə üstünlüyü satın almaq, axtalamaq, yaxud oğurlamaq istədiyini yadda saxlamalısan, buna borclusan. Titrəyişlərin mində bir hissələrini nəzərə alan bu həssas tərəzidə tərbiyəçiləri karıxdıran gözlənilməzliklər baş verir: niyə?

– Onun gözəl olub-olmamasının mənim üçün fərqi yoxdur.

Sən yanılırsan və körpənlə münasibətə yalanla başlayırsan.

9. O, AĞILLIDIRMI?

Əgər ana lap əvvəldə həyəcanla bu sualı verirsə, uşağının qarşısına öz tələblərini qoyacağı saat uzaqda deyil. Hətta toxsansa da, yemək səndə ikrah doğurursa da, ye. Yuxusuz daha bir saat usanmalı olsan da, göz yaşları ilə olsa da, yatmağa get.

Çünki bunu etməlisən, çünki sağlam olmanı istəyirəm.

Qumla oynama, bədəninə oturan şalvar geyin, saçlarına toxunma, çünki sənin gözəl olmanı istəyirəm.

– O hələ danışmır… O… daha böyükdür… bununla belə, hələ də… O, pis oxuyur…

Görüb anlamaqdan ötrü müşahidə etmək əvəzinə, ilk ağla gələn “müvəfəqiyyətli uşaq” nümunəsi götürülür və uşaq qarşısında tələb qoyulur: düzlənməli olduğun nümunə budur.

İmkanlı valideynlərin oğlunun incəsənət adamı olması mümkünsüzdür. Daha yaxşısı qoy bədbəxt məktəbli və mənəvi təməli olmayan insan olsun. Burada birinci yerə uşağa sevgi deyil, valideynlərin eqoizmi, şəxsiyyətin xoşbəxtliyi deyil, ailə birliyinin ambisiyaları, öz yolunun axtarışları deyil, şablonun dəmir iradəsi çıxır.

Ağıl fəal və passiv, canlı və ləng, qapalı və şıltaq, hərəki və inadkar, yaradıcı və epiqon, səthi və dərin, konkret və məcazi, praktiki və poetik olur, yaddaş sıradan olmayan və ortabab ola bilər. Biri əldə olunmuş informasiyadan məharətlə faydalanır, digəri həyalı və qərarsızdır. Anadangəlmə despotizm və reflektorluqla tənqidilik. Vaxtından qabaq və ləng inkişaf, dar və müxtəlif yönlü maraqlara rast gəlirik.

Amma bunun kimə nə dəxli var?

Qoy lap dörd sinif bitirsin – taleyə boyun əymiş ata və ana bu cür düşünür.

Cəmiyyətdə fiziki əməyin nəzərəçarpan dirçəlməsini müşahidə edərək, in bütün sinif və təbəqələr arasında onun entuziastlarını görürəm. Bununla yanaşı olaraq isə valideynlərin və məktəbin müstəsna olanla, tipik olmayan hər şeylə, əqli cəhətdən zəif inkişaf etmiş, yaxud heç inkişaf etməmişlərlə mübarizəsi davam edir.

Ağıllı olmaq nədir axı? Kimə görə ağıllı?

Ailəni könüllü olaraq, ağır qurban verməyə səsləmək sadəlövhlükdür. İntellektin öyrənilməsi və psixotexniki sınaqlar təbii, xudbin səyləri ehtiva edir. Əlbəttə, bu, kifayət qədər uzaq gələcəyin mahnısıdır.

10. YAXŞI UŞAQ

“Yaxşı”nı “rahat”la qarışdırmamaq gərəkdir.

Az ağlayır, gecə oyatmır, sadəlövhdür, sözəbaxandır – yaxşıdır.

Şıltaqdır, səbəb olmadan qışqırır, onun ucbatından anası işıq üzü görmür – pisdir.

Özlərini necə hiss etmələrindən asılı olmayaraq, yeni doğulanlar doğuşdan etibarən böyük və kiçik dözümə malik olurlar. On vahid qışqırıqla reaksiya verməsindən ötrü birisinə xoşagəlməz hissiyyatın bircə vahidi kifayətdir, başqası nasazlığın on vahidinə bir vahid ağlayışla reaksiya göstərir.

Biri yuxuludur, hərəkətləri tənbəldir, asta əmir, qışqırığı enerjili, coşqulu deyil.

İkincisi tez həyəcanlanır, hərəkətlidir, ayıq yatır, acgözlüklə əmir, göyərə-göyərə qışqırır.

Özündən çıxır, boğulur, onu özünə gətirmək lazım gəlir, bəzən həyata çətinliklə qayıdır. Bilirəm: bu, xəstəlikdir, onu fosforla, südsüz pəhrizlə müalicə edirik. Amma bu xəstəlik körpənin güclü iradə, sarsıdıcı mətanət və dahiyanə ağıl payı almış yaşlı insana qədər böyüməsinə mane olmur. Napoleonun körpəliyində çığırmaqdan özündən gedən vaxtları olub.

Müasir tərbiyə uşağın rahat olmasını tələb edir. O, uşağın addım-addım neytrallaşdırılmasına, iradə və azadlığını, mətanətini, tələb və səy qüvvəsini boğmağa və məhv etməyə aparır.

Üzüyola, tərbiyəli, xeyirxah, rahat.

İradəsiz və həyata uyğunlaşmamış böyüyəcəyi böyüklərin ağlına belə gəlmir.

11.KÖRPƏ ÇIĞIRTISI – GƏNC ANANIN QARŞILAŞDIĞI XOŞAGƏLMƏZ GÖZLƏNILMƏZLIKDIR

Əlbəttə, o, uşaqların ağladığını bilirdi, amma öz körpəsi barədə fikirləşərkən, bunu hesaba almırdı, ondan yalnız heyranedici təbəssümlər gözləyirdi.

Qadın onun istəklərinə qulaq asacaq, onu ağılla, müasirliklə, təcrübəli həkimin rəhbərliyi altında tərbiyə edəcəkdi.

Onun körpəsi ağlamamalı idi.

Ancaq bir dəfə gecə… Hələ özünə gəlməmişdi, əsrlərlə uzanmış həmin qorxunc saatların əks-sədası hələ canlı idi. Qayğısız həyatın şirinliyini, yerinə yetirilmiş işdən, zərif, saf həyatında ilk ümidsiz səydən sonra istirahət həzzini yenicə dadmışdı. “Başqa məni” artıq özü yaşadığına görə onda hər şeyin keçdiyi illyuziyası indi-indi oyanmışdı. O, lal xatirələrə dalaraq, yalnız, cavab tələb etmədən, təbiətə sirli pıçıltılar dolu suallar verməyə qadirdir.

Birdən…

Nə isə tələb edən, nədənsə şikayət edən körpənin despotik çığırtısı kömək əldə etməyə çalışır – qadın isə başa düşmür.

Diqqətlə qulaq as!

– Bəs bacarmıramsa, istəmirəmsə, bilmirəmsə?

Gecə lampasının işığındakı bu ilk çığırtı iki həyat mübarizəsinin elan olunmasıdır: biri – yetkin, güzəştlərdən, məğlubiyyətlərdən, qurbanlardan yorğundur, müdafiə olunur; digəri – yenidir, gəncdir, öz haqlarını əldə edir.

Bu gün onu hələ günahlandırmırsan: o anlamır, iztirab çəkir. Ancaq bil: zaman siferblatında bu sözləri deyəcəyin saat var – məni də ağrıdır, mən də əzab çəkirəm.

12. ELƏ KÖRPƏLƏR VAR KI AĞLAĞAN DEYIL, BUNDAN DAHA YAXŞI NƏ OLA BILƏR

Amma çığırtıdan alnındakı damarları şişənlər, əmgəyi gərilənlər, sifətini və başını qırmızılıq bürüyənlər, dodaqları göyərənlər, dişsiz çənəsi əsənlər, qarnı şişənlər, yumruqları qıc olub sıxılanlar, ayaqları havanı təpikləyənlər də var. Birdən gücdən düşmüş halda, tam itaət ifadəsilə susur, “məzəmmətlə” anasına baxır, yuxu barədə yalvararaq, gözlərini qapayır və bir neçə dəfə nəfəs alıb, yenə də oxşar, yaxud daha güclü ağlayış hücumuna atılır.

Xırda ağ ciyər, balaca ürək, yenicə formalaşmış beyin buna necə dözür?

Həkimin köməyinə tələsirsiniz!

O, gəlib çıxana kimi yüzillər keçir, etinasız təbəssümlə qadının qorxularını dinləyir, qadının körpəsi belə yad, əlçatmaz peşəkar üçün minlərdən biridir. O, bir dəqiqə sonra başqa iztirablara doğru getməkdən, başqa şikayətləri dinləməkdən ötrü gəlib, indi, günəşli küçə ilə adamlar getdiyinə görə hər şeyin şən göründüyü gündüz vaxtı gəlib, körpənin, çoxsaatlıq yuxusuzluqdan tamamilə əldən düşərək, elə bil acığa düşərək yuxuladığı, sonsuz dəhşətli gecənin izlərinin artıq geridə qaldığı vaxtda gəlib.

Ana həkimi dinləyir, bəzən diqqətsiz qulaq asır. Onun dost, müəllim, ağır səyahətdə bələdçi kimi görmək istədiyi həkim xəyalı məhv olur.

Qadın zəhmət haqqını ona təqdim edir və yenə də həkimin biganə, onu anlamayan kənar adam olduğu barədə acı hissiyyatı ilə təkbətək qalır. Üstəlik, həkim özü də heç nəyə əmin deyil, konkret heç nə deyə bilmir.

13

Əgər gənc ana bu ilk günlərin və həftələrin bu günkü körpənin sağlamlığından daha artıq, hər ikisinin gələcəyi üçün necə əhəmiyyətli olduğunu bilsəydi…

Həm də onları korlamaq necə də asandır!

Qadın: Bunu başa düşərək, başqa heç kəsə deyil, yalnız özünə arxalana bilmmək yerinə, həkim üçün onun körpəsinin yalnız gəlir mənbəyi, yaxud şöhrət hissinin təmin olunması vasitəsi olduğu kimi, dünya üçün də heç nə olduğu, bircə ona əziz olduğu fikrilə barışmaq yerinə;

– axtaran, anlamağa can atan, öyrənən və irəli hərəkət edən, kömək göstərən, amma təminat verməyən elmin müasir səviyyəsilə barışmaq yerinə;

– xoşagəlməz əyləncə deyil, yuxusuz gecələrin səylərini, ağır yaşantıların kapitalını və xeyli sayda düşüncəni ortaya qoymağı gərəkdirən bi iş olan uşağın tərbiyəsini mərdliklə öz üzərinə götürmək yerinə;

– bütün bunları hisslər ocağında əridib, uşaqcasına hıçqırmasız və xudbin incikliklərsiz ayıq anlayışa çevirmək əvəzinə körpəni dayə ilə birlikdə ən uzaq otağa keçirməyə qadirdir (bilirsiz, o “körpənin iztirablarına baxa bilmək, onun xəstəhal çığırtılarını eşitmək qüvvəsində deyil”).

O, məhv olmuş, sarsılmış, kütləşmiş halda təcrübəsini zərrə qədər zənginləşdirmədən, həkimi dəfələrlə çağıracaq.

Ananın körpənin ilk anlaşılmaz nitqini, qısaldılmış və tam tələfüz olunmamış sözləri anladığı sevinci necə də sadəlövhcəsinədir.

Yalnız indimi?

Yalnız bunumu?

Artığı yoxmu?

Bəs ağlama və gülmə dili, baxışlar və mimika dili, hərəkət və əmmə dili?

Bu gecələrdən əsla imtina etmə. Onlar kitabların, heç bir məsləhətin verməyəcəyini verir. Çünki onların dəyəri yalnız bilgilərdə deyil, həm də ola bilən, olmalı olan, yaxşı ola bilən barədəki səmərəsiz düşüncələrə qayıtmağa imkan verməyən, mövcud olan şəraitdə hərəkət etməyi öyrədən dərin mənəvi çevrilişdədir.

Bu gecələr zamanı möcüzəli tərəfdaş, körpənin qoruyucu mələyi – ana qəlbinin intuisiyası oyanır, bəsirət gözü açılır, saf analıq hissindən qaynaqlanan iradə və müşahidə duyğusu doğulur.

14. BIR HADISƏ BAŞ VERIR: ANA MƏNI ÇAĞIRIR

– Balaca, ümumiyyətlə, sağlamdır, heç yeri ağrımır. Sadəcə, onu nəzərdən keçirmənizi istədim.

Nəzərdən keçirirəm, bir neçə məsləhət, suallara cavab verirəm. Körpə sağlam, sevimli, şəndir.

– Yaxşı, salamat qalın.

Elə həmin axşam, yaxud sabahısı:

– Həkim, uşağın hərarəti var.

Mənim – həkimin qısa vizit zamanı səthi baxışdan çıxara bilmədiyim şeyi ana qeydə alıb.

Saatlarla körpənin üzərinə əyilən qadın, müşahidə metodikasına sahib olmayaraq, məhz nəyi qeydə aldığını bilməyərək, özünə inanmayaraq, aydın olmayan şübhələrini etiraf etməyə ürək etmir.

Amma axı qadın körpədə xırıltısı olmayan səsin, necəsə boğuq olduğunu, onun daha az və daha sakit qığıldadığını görmüşdü. Uşaq yuxuda ikən bir dəfə adətən olduğundan daha güclü diksinmişdi. Oyanaraq, qəhqəhə çəkmişdi, amma həmişəki kimi yox. Sanki, nədənsə həyəcanlanaraq, yavaş-yavaş, bəlkə, daha uzun fasilələrlə əmmişdi. Güləndə, deyəsən, büzüşmüşdü, bəlkə də, yalnız belə görünmüşdü? Sevimli oyuncağını hirslə kənara vızıldatmışdı, niyə?

Qadının gözünün, qulağının, məməsinin qeydə aldığı yüzlərlə əlamət var, körpə ona yüzlərlə mikroşikayət edib:

– Özümdə deyiləm. Bu gün nasazam.

Ana öz gözlərinə inanmır, çünki bu simptiomların heç biri haqqında kitablarda oxumayıb.

15

Ana yeni doğulmuş körpəsini klinikadakı pulsuz qəbula gətirir. Körpə bir neçə həftəlikdir.

– Əmmək istəmir. Yalnız məməni alır və dərhal çığırtı ilə buraxır. Qaşıqdan isə yaxşı içir. Bəzən yuxuda, ya da yuxusu gəlməyəndə diksinib çığırır.

Ağzını, boğazını nəzərdən keçirirəm – heç nə yoxdur.

– Döşünüzü ona verin.

Körpə məməni yalayır, ağzından buraxır.

– Bax bu cür yovuşmaz olub.

Nəhayət, körpənin döşü götürdüyünü görürəm, tez, sanki, ümidsizliklə bir dəfə udur, yenidən çığırıb döşü buraxır.

– Baxın, diş ətində nə isə var.

Bir daha baxıram – hansısa, qəribə qızartı var: yalnız bir dişin ətində.

– Bax, burda nə isə qaralır, dişdirmi?

Nə isə, bərk, haşiyəsində qara xətt olan sarı, oval bir şey. Toxunuram – hərəkət edir, qaldırıram – altında qanlı haşiyələri olan balaca qırmızı çökək var.

Nəhayət, bu “nə isə” – tum qabığı əlimdədir.

Fikirlərimin gedişatı belədir: stomatits catarralis, soor, stom aphtosa, gingwitis, angina və s.

Qadın isə: “Ağzında nə isə ağrıyır”.

Mən körpəni iki dəfə gözdən keçirdim. Bəs qadın neçə dəfə baxıb ona?

16

Əgər bəzən ana müşahidələrinin dəqiqliyi və müfəssəlliyi həkimi heyrətə salırsa, o biri tərəfdən elə bundan az olmayan təəccüblə ananın tez-tez ən aşkar simptomu nəinki anlamaq, hətta görmək iqtidarında belə olmadığı məlum olur.

Körpə lap doğuşdan ağlayır: qadının bildiyi başqa heç nə yoxdur. Onun nəzərində uşaq elə hey ağlayır. Ağlama qəfilmi başlayıb, kulminasiyaya çatır, yoxsa şikayətli inləmə ağlayışa tədricən keçir? Mədə işə düşəndən, ya da işədikdən, yaxud qusmadan, öyümədən dərhal sonra, tezmi sakitləşir, ya ləyəndə geyindirilərkən, ələ götürülərkən birdən qışqırır? Kəskin keçidlərsiz, uzun ağlayışı şikayətə oxşayırmı? Ağlayarkən hansı hərəkətləri edir? Başını balınca sürtürmü, dodaqları ilə əmmə hərəkətləri edirmi? Onu gəzdirərkən, çevirərkən, qarnı üstə qoyarkən sakitləşirmi, vəziyyəti tez-tezmi dəyişdirilirmi? Ağladıqdan sonra möhkəm və uzun müddətmi yatır, yoxsa azca səsdən oyanır? Yeməkdən əvvəl ya sonra ağlayır, nə vaxt daha çox ağlayır: səhərdən, axşam, yoxsa gecə? Yedirilmə zamanı sakitləşirmi, uzun müddətəmi? Döşdən imtina edirmi? Necə imtina edir: məməni dodaqlarına alan kimimi buraxır, yoxsa udma öncəsi, birdən, yoxsa hansısa vaxtdan sonra? Qəti şəkildə imtina edir, ya, hər halda, yola gətirmək olar? Necə əmir? Niyə əmmir?

Soyuqlayanda necə əməcək? Tez və qüvvətlə, çünki içmək istəyir, sonra tez və səthi, müntəzəm olmamaqla, fasilələrlə, çünki nəfəsi çatmır? Udma zamanı ağrını da əlavə elə, onda nə olacaq?

Körpə yalnız aclıqdan, yaxud “qarnı ağrıdığına görə” ağlamır, həm də ona görə ki, dodaqları, diş ətləri, dili, boğazı, burnu, barmaqları, qulağı, sümükləri, imalə zamanı cızılmış arxa keçid dəliyi ağrıyır, sidiyə gedərkən ağrıdan, ürəkbulanmadan, susuzluqdan, qızışmadan, hələ üstündə səpki olmayan, amma bir neçə ay sonra olacaq dərinin gicişməsindən ağlayır, sərt şəriddən, bələyin qırışından, udlağına ilişmiş xırda pambıq yığınından, bülbül qəfəsindən düşmüş tum qabığından dolayı ağlayır.

Həkimi on dəqiqəliyinə çağır, özün isə iyirmi saat müşahidə elə!

17

Hazır formullar verən kitab baxışı kütləşdirir, fikrin işləməsini yadırğadır.

Bəziləri özgə təcrübəsi, fikri, ağlı ilə yaşayaraq, özlərinə inamı o qədər itirirlər ki, özləri fikirləşmək istəmirlər. Elə bil, çap vərəqinin məzmunu elə mənim deyil, həmin başqasının, bu gün, indi deyil, nə vaxtınınsa, öz körpəm üzərində deyil, kiminsə üzərindəki müşahidənin nəticəsi yox, kəşfdir.

Məktəb bilgisizliyi faş etmək qorxusu, könülsüzlük tərbiyə edib.

Ana tez-tez həkimə vermək istədiyi sualları vərəqə yazaraq, onları ona oxumağa qərar verə bilmir. Nadir hallarda bu vərəqi ona uzadır – “orda bəzi sayıqlamalarımı qaralamışam”. Tez-tez öz bilgisizliyini maskalamaqla, həkimi də inamsızlığını və tərəddüdlərini gizlətməyə məcbur edir – xeyr, qoy o yubanmadan öz fikrini desin. Qadın ümumiləşdirmə və alternativləri necə də həvəssiz qəbul edir. Həkimin beşik üzərində səsli fikirləşməsini necə də sevmir. Peyğəmbər olmağa məcbur olan həkim necə də tez-tez şarlatana çevrilir.

Həmişə valideynlər bildiklərini bilmək, gördüklərini etiraf etmək istəmirlər.