banner banner banner
Pinokiyo
Pinokiyo
Оценить:
Рейтинг: 0

Полная версия:

Pinokiyo

скачать книгу бесплатно

Digəri təkrarladı:

– Asmaq lazımdır!

Soyğunçular Oğlancığazı sürüyə-sürüyə meşəyə apardılar, əlini-qolunu bağladılar, boynuna ip keçirib ağacdan asdılar. Sonra yamyaşıl otların üzərində oturub onun canını tapşıracağı anı gözlədilər. Beləcə, üç saat keçdi, soyğunçular gözləməkdən yoruldular. Axırda ayağa qalxıb istehza ilə Pinokkioya dedilər:

– Görüşənədək! Sabah biz bura qayıdanda sən ölmüş olacaqsan.

Onlar gedən kimi tufan qopdu. Külək Pinokkionu oyana-buyana yırğalamağa başladı. İlgək Taxta Oğlancığazın boğazını sıxır, ona əzab verirdi. Az qalırdı nəfəsi dayansın. Gözləri qaralmışdı. Ölümün yaxında olduğunu duysa da, ümidini itirmirdi. Düşünürdü ki, ona kömək əli uzadacaq xeyirxah bir adam mütləq tapılacaq…

Lakin bir müddət sonra Pinokkio bu ümidini itirdi, gözlərini yumdu, ölümün gəlib çatmasını gözlədi, çox keçmədən isə tamam hərəkətsiz vəziyyətdə qaldı…

10

Taxta Oğlancığaz meşədə qalsın, sizə kimdən deyək, mavi saçlı gözəl qızdan. Bu mavi saçlı qız min ildən artıqdır ki, meşənin kənarında yaşayırdı, adı da Xeyirxah Pəri idi.

O, Pinokkionun yalvarışını eşidib qapını açmağa gedəndə soyğunçular artıq Taxta Oğlancığazı meşəyə qaçırmışdılar. Xeyirxah Pəri qapını açıb oğlanı kandarda görməyəndə təəccübləndi. Bir müddət sonra pəncərəyə yaxınlaşanda isə şimal küləyinin ağacdan asılmış bədbəxt Pinokkionu o tərəf-bu tərəfə yellədiyini gördü. Qızın Oğlancığaza yazığı gəldi. Üç dəfə əl çaldı, bu işarədən sonra qanad çırpıntısı eşidildi, iri bir Şahin pəncərəyə qondu.

– Əmrinizdəyəm, Xeyirxah Pəri!

– O Böyük Çinar Ağacından asılan Taxta Oğlancığazı görürsən? Ora uç, öz güclü dimdiyinlə onu ilgəkdən qurtar və astaca otların üzərinə qoy.

Şahin «Baş üstə!» dedi, dərhal qanadlanıb havaya qalxdı və iki dəqiqə sonra geri qayıtdı.

– Necə buyurmuşdunuzsa, elə də elədim, Xeyirxah Pəri!

– O, sağdır?

– Sağdır. Boğazını ilgəkdən xilas edəndə ah çəkdi. Düzdür, səsini güclə eşitdim, ancaq çox keçmədi ki, özünə gəldi. Dedi ki, indi özünü yaxşı hiss edir.

Pəri bu dəfə çəpik çaldı və pudel cinsindən gözəl bir it peyda oldu. O, adam kimi iki ayağı üstə yeriyirdi. Pərinin əmriylə pudel fayton götürüb meşəyə yollandı. Böyük Çinar Ağacına yaxınlaşdı, otların üzərində meyit kimi hərəkətsiz uzanmış Pinokkionu yavaşca qaldırıb faytona mindirdi və Pərinin evinə gətirdi…

Xeyirxah Pəri ətrafdakı ən yaxşı həkimləri çağırdı. Ona öz əliylə dərmanlar içirdi. Pinokkio əvvəl-əvvəl ərköyünlük edir, həbləri içmək istəmirdi. Lakin Xeyirxah Pəri, axır ki, onu yola gətirə bildi.

Pinokkio tezliklə sağaldı. O özünü çox gümrah hiss edirdi. Taxta oğlancığazların belə bir üstünlüyü var: onlar az-az xəstələnir və çox tez sağalırlar.

Xeyirxah Pəri Pinokkionun otaqda keçi kimi atılıb-düşdüyünü görüncə dedi:

– Demək, dərmanlar sənə kömək elədi?

– Əlbəttə, onlar məni həyata qaytardı.

– Bəs niyə onları içmək istəmirdin?

– Biz uşaqlar beləyik, xəstəlikdən çox dərmandan qorxuruq.

– Ayıb olsun! Uşaqlar bilməlidirlər ki, həkimlərin məsləhət gördüyü dərmanları içmək onları nəinki xəstəlikdən xilas edir, lap elə ölümdən qoruyur.

– Düzdür! Gələn dəfə bu qədər tərslik eləməyəcəyəm!

Bundan sonra Xeyirxah Pəri Oğlancığazdan başına gələnləri soruşdu. Pinokkio da hər şeyi bircə-bircə, bizim sizə nəql etdiyimiz kimi danışdı. Onu diqqətlə dinləyən mavi saçlı qız xəbər aldı:

– Bəs indi qızıl sikkələr haradadır?

– Onları itirmişəm.

Lakin Pinokkio yalan deyirdi, qızıl sikkələr cibində idi.

Yalan danışan kimi Taxta Oğlancığazın onsuz da uzun olan burnu bir az da uzanmağa başladı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)