скачать книгу бесплатно
Sultan Yaqub danışmağa davam edirdi:
– Ərin məni öldürəndən sonra meyitimin üstündə dayanıb deyəcəkdi ki, qardaşını cəhənnəmə vasil eləmişəm, indi nə qədər istəyirsən gəl yol saçlarını.
Bu yerdə Aləmşahbəyim ərinin dodaqlarını gördü. Həmin dodaqlar onun saçlarından öpdü. Sonra aşağı sürüşdü, arvadının alnını, gözlərini öpüşlərə qərq elədi. Axırda da pıçıldadı:
– Gözümün nuru, başımın tacı…
Qardaşı nə qədər danışsa da, Aləmşahbəyim ona inanmadı. Qadın ayağa qalxdı, sonra da başını qaldırıb düz qardaşının gözlərinin içinə baxdı.
– O, taxt-tac hərisi deyildi. Onun başının tacı vardı. Ölübsə də, o tac yenə də onundu.
– Tac? Hanı onun tacı?
– Qarşında dayanıb. Yaxşı bil ki, onun tacı həmişə yüksəkdədir. Heç vaxt ayaq altına düşməyəcək.
Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə olmasa da, boy-buxunda atasına çəkmişdi. Bu nəsil kişilərinin hamısı bax belə güclü, qüvvətli, Sara xatundan başqa bütün qızları zərif, incə, ucaboy idilər.
Və indi həmin ucaboy, heybətli, qorxunc Sultan Yaqub zərif, gözəl bacısının düz qarşısında dayandı.
– Mənim düşmənlərimə tac olan bacım. Bacı kimi gözümün işığısan. Amma sənin nə ərin olub, nə də uşaqların. Unut onları…
Aləmşahbəyim qardaşının niyyətini anlayıb onun ayaqlarını qucaqladı.
– Qardaş, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uşaqlarıma toxunma.
– Qurd balası qurd olar.
– Bəs mən?! Axı onlar mənim də övladlarımdır. Məni öldür, o körpələrə qıyma. Bu dünyada hökm versən də, o biri dünyada cavab verməli olacaqsan. Atalarını öldürdün, bəs deyilmi? Körpələr sənə nə eləyib? Axı sən onların dayısısan. Atamız Uzun Həsən nə vaxt belə bir qəddarlıq eləmişdi?
Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləşdi: «Onların atalarının qətlinə mən fərman vermişəm. Onlar böyüyəndə atalarının düşmənini axtaracaqlar, axırda dayılarına qənim kəsiləcəklər… Bəs o dünyada aqibətim necə olacaq? Bacım düz deyir. Cavab vermək lazım gələcək… Bacımın balaları hələ körpədirlər. Qoy bir az da yaşasınlar. Böyüyüb ərsəyə çatdıqca onları bir-bir aradan götürmək çətin deyil».
– Deyirsən, atamız qəddar deyildi. Bəs qardaşımız Uğurlu Məhəmmədi niyə asdırdı? – Sultan Yaqub dilləndi.
– O düşmənimizə sığınıb atamızın üzünə ağ olmuşdu. Odur ki atamızda heç bir günah görmürəm. O ömrü boyu hansı körpəni öldürmüşdü?! Yox, qardaş heç atamıza oxşamaq istəmirsən.
– Uşaqlarına toxunmasam, atama oxşayarammı?
– Oxşayarsan. Yalvarıram, mənim balalarımla işin olmasın.
Sultan Yaqub dayanıb bacısına, bacısı da ona baxdı. Qardaşının bir anda gözlərini yayındırmağa çalışdığını görüncə Aləmşahbəyim düşündü: «Deməli, günahkar olduğunu başa düşür. Gözlərimin içinə düz baxa bilmədi. Ürəyi də yumşalıb…»
– Bacı, ərinə görə də belə yalvarardınmı?
– Yox.
– Niyə? – Sultan Yaqub bacısının cavabından xoşlanıb qımışdı.
– O kişiydi və istəməzdi ki, onun arvadı ərinə görə hətta doğma qardaşına belə yalvarsın.
– Yaxşı, qoy sən deyən olsun. Hökmümü dəyişirəm. Nə qədər ki, mən taxtdayam, balaların həbsdə olacaqlar.
Bir neçə gündən sonra Aləmşahbəyimi də oğulları ilə bərabər indi salındıqları qalaya gətirdilər.
Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamışdılar. Qalanın qapıları bircə onlara ərzaq gətiriləndə açılırdı. Ən geniş yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər. Tağların arasındakı meydan, su dolu hovuz – uşaqların dünyası ancaq bunlardan ibarət idi.
Ana-bala bürcün üstündəki yolla gəzişərkən İsmayıl göydə quş səsi eşitdi. Dayanıb əlini gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar qəribə səslə oxuyurdular.
– Ana, o quşların adı nədi?
– Durnadı, oğlum.
– Onlar uçub hara gedirlər?
– Bağdada.
– Yorulanda hara qonacaqlar?
– Hara xoşlarına gəlsə.
– Qonsunlar da, bura.
– Qaladan Allah da bezardı, bəndə də. Quşların isə qanadları var. Hara xoşlarına gəlirsə, oraya da uçub gedirlər.
Bir anda necə oldusa durnaların səfi pozuldu və onlar gözdən itdilər.
– Ana, onlara nə oldu?
– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar.
– Kim çevirdi daşı?
– Nə bilim, oğul. O qədər daş çevirənlər var ki, təkcə durnaların yolunu yox, hətta fələyin çərxini belə çevirirlər…
İsmayıl canıyananlıqla durna köçünün arxa-sınca baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o çevrilən daşı düzəldər, durnaları yenidən səfə düzərdi…
Hovuz olan meydana düşəndə Səkinə onları səslədi:
– Atam-anam, süfrə hazırdı.
– Səkinə xala, nə bişirmisən?
– Atam-anam, vətəni yadıma saldınız, anamın xoşladığı bir xörək bişirmişəm, qurutlu xəngəl.
Aləmşahbəyimlə İsmayıl gəlib çıxanda Sultanəli də, İbrahim də süfrə başında oturmuşdular. Analarını görüb qalxdılar. Onun əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. İsmayıl da məstlərini[4 - Məst – dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı] çıxartdı, gəlib süfrə başında bardaş qurdu.
Səkinə iri məcməyidə xəngəli gətirib süfrənin ortasına qoydu. Qalaylı mis parçda dağ olmuş yağı bir daha xəngəlin üstündə gəzdirdi. Hücrəni qovrulub qızarmış soğanın xoş ətri basmışdı. Onlar yeməyə başlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz səsi eşidildi. Elə yanıqlı çalınırdı ki… Hamısı əl saxlayıb qulaq verdilər. İsmayıl əllərini silib qalxdı. Bu səs onu əfsunlamışdı. Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmışdı sinəsinə, çalırdı, özü də necə çalırdı. Hətta İsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava, elə bil əsir götürülən qırx qızı bir-birinə bağlayan paslı zəncirin cingiltisi, o qızların ah-naləsi idi. İsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-birə o, havanı dəyişdi. Səkinə arvad indi sanki bu balaca sazla o paslı kilidləri qırır, zəncirdən qurtulan qırx qız onunla birgə yerinə-yurduna qayıdırdı.
Hava çalınıb qurtaranda Aləmşahbəyim də, digər oğulları da İsmayılın yanında dayanmışdılar.
– Səkinə xala, bu havanın adı nədi? – deyə İsmayıl soruşdu.
– Ruhani.
– «Ruhani» nə deməkdir?
– Atam-anam, nə bilim… Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi ki, Allah rəhmət eləsin. Soruşardıq kimə? Deyərdi şairə. O şairə ki, öz qəzəllərinə, sözlərinə görə onun dərisini soyublar. Həmin şair hürufani[5 - Hürufani – «hürufi» nəzərdə tutulur. Hürufi XIV əsrdə Azərbaycanda meydana gəlmiş, Quranın hərflərindən bir sıra məna və hökmlər çıxaran təriqətə, eyni zamanda bu təriqətə mənsub olan şəxsə deyilirdi.] olub. Aşıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoşublar:
– Şairin adı Seyid İmadəddin Nəsimidir! – deyə Sultanəli dilləndi.
– Nəsimi? O kimdi? – deyə İsmayıl təəccüblə Sultanəliyə baxdı.
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu. – Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar.
– Niyə axı? Onun günahı nə olub?
– Sonra bilərsən. O, hürufi şairdi.
– Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı.
– Bir-iki kəlmə ilə başa düşmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan. Əvvəl özümüzü öyrən, sonra.
– Biz kimik?
– Sufi[6 - Sufi – əsas qayəsi kamil insan və ilahi eşq olan dini-fəlsəfi cərəyan, eyni zamanda bu cərəyanın nümayəndəsi].
– Sufi nədir?
İsmayılın bu sualından sonra anası dilləndi:
– Bura haradır?
– Qala.
– Bax, sufilik də budur. Zindandı, qollarda zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.
Söhbətləri burada bitdi. Öz hücrələrinə keçdilər…
***
Gecənin bir yarısı qapı döyüldü. Sultanəli qapını açmaq üçün getmək istədi, lakin anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi ki, bəla birdən-birə onun oğullarına gəlsin, odur ki həmişə özünü qabağa verirdi. İndi də belə oldu. Aləmşahbəyim bilirdi ki, qardaşının əmri ilə oğulları böyüdükcə bir-bir aradan götürüləcək. Bu səbəbdən gecələr yuxusu ərşə çəkilirdi. Hətta ərinin xəncərini başının altında saxlayırdı. Yad səs eşidən kimi Səkinə də oyanırdı…
Qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər dayanmışdı. Aləmşahbəyim geri çəkildi.
– Sən kimsən?
– Bacı, qardaşını tanıya bilmədin?
Aləmşahbəyim diqqətlə baxdı. Gələn digər qardaşı Məsih Mirzə idi. Aləmşahbəyim onu sancdı.
– Günah bacıda deyil. Qardaş bacının dar günündə qeybə çəkilirsə, onu necə tanıyasan?
– Bacımı, onun balalarını bu vəziyyətdə görüncə gözlərim kor olaydı, – Mirzə Məsih belə deyib silahlarını çıxartdı. Sultanəli və yanında dayanan qardaşları dayılarına kinli-kinli baxırdılar. Mirzə Məsih bu baxışların səbəbini anlayırdı, ona görə də dedi:– Sizin yanınıza gəlmək olur bəyəm?! Taxt-tac ehtirası Yaqubun gözlərini tutub, heç nə görmür. Bura girmək üçün nə qədər vaxtdır əlləşirəm. Əbih Sultan olmasaydı, bura yol tapa bilməyəcəkdim.
Aləmşahbəyim qardaşının gəlişindən sevinsə də, eyni zamanda bərk narahat oldu. Aşkardır ki, Mirzə məsih bacısını elə-belə görməyə gəlməyib. «Yəqin ki, uşaqlarla işi yoxdur. Nəsə başqa məqsədi var. Əbih Sultanla birləşibsə, bu hər nədirsə, ayrı məsələdir».
Mirzə Məsih bardaş qurub oturdu. Aləmşahbəyim soruşdu:
– Səndən nə yaxşı, qardaş?
– Gəlmişəm də. Dedim, görüm necəsiniz.
– Necə olacağıq, günümüz xoş, dövranımız çağ…– deyə Aləmşahbəyim kinayə ilə cavab verdi.
Məsih Mirzə uşaqları bir-bir gözdən keçirdikdən sonra yenidən bacısına çevrilib dedi:
– Səninlə ikilikdə söhbətim var.
Aləmşahbəyim oğullarına dedi ki, digər hücrəyə keçsinlər. Bu sözdən sonra uşaqlar könülsüz də olsa, hücrədən çıxdılar.
– Hə, eşidirəm, səni, – Aləmşahbəyim dilləndi.
– Bacı, dərdini təzələsəm də deməliyəm ki, Şeyx Heydərin ölümünə fitva verən adamı tapmışam. Fəzlüllah Hünəci[7 - Fars tarixçisi və səyyahı Fəzlüllah ibn Ruzbеhan Xünci (1457–1521) nəzərdə tutulur.] adlı bir üləma Yaqubu başdan-beyindən çıxarıb. Həm Yaquba, həm də Osmanlı sultanı Bəyazidə məktublar göndərib. Həmin məktublarda da yazıb ki, Şeyx Cüneyd kimi Şeyx Heydər də din yolu ilə getmək əvəzinə, hər yanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən də üsyanlar qaldırır, üstəlik, sufidir, xəyanətkardır. Qardaşımız da bu murdar fitnəkara inanıb və ağılsız davranıb. Tək sənin yox, həm də öz xətrinə iş görməməli, Şeyxə qıymamalı idi. Çünki Şeyx Səfiyyədinin[8 - Şeyx Səfiyyəddin (1252–1334) – sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu. Şeyx Səfiyyəddin eyni zamanda Şah İsmayıl Xətainin ulu babasıdır.] qurduğu binanı uçurmaq fikrinə düşən axmağın yekəsidir. Onun türbəsinin ziyarətinə Hinddən, Çindən, Rumdan, Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər. Heç Səfiyyəddinin oğlu Sədrəddinə də kimsənin gücü çatmadı. İndi qardaşımız da Şeyx Heydər kimi adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırır. Elə buna görə də ölkənin yarıdan çoxu ona lənət oxuyur.
– İndi məndən nə istəyirsən? – Aləmşahbəyim qardaşının ürəyindən keçənləri yaxşı başa düşsə də, ondan fikrini açıq söyləməsini istəyirdi.
– Düzü, səninlə tamam başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.
– Buyur.
– Səni və balalarını bu müsibətdən qurtarmaq üçün bircə yol var, – Məsih Mirzə belə deyib susdu. Bacısı da dinməyib onun təklifini gözlə-məyə başladı. Belə görünürdü ki, qardaşı fikrini aşkar söyləməyə çətinlik çəkirdi.
Nəhayət, Məsih Mirzə özünü toparlayıb yenidən sözə başladı:
– Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadları altına alar.
– Deməli, mənə elçiliyə gəlmisən, qardaş?
– Elçiliyə yox, fikrini öyrənməyə… Bilmək istəyirəm, mənim bu tədbirim barədə sən özün nə düşünürsən?
– Qüdrətli adam da, yəqin ki, Əbih Sultandı, elə deyilmi?
– Haradan bildin? Əbih Sultan, doğrudan da, qüdrətli adamdır. Ölkənin dirəklərindən biridir.
– O dirək elə güclüdürsə qardaşının laxlamış səltənətini saxlasın da! – Aləmşahbəyim elə hirslənmişdi ki, qarşısındakı qardaşı olmasa, ərinin xəncərini çıxarıb onun köksünə sancardı. O, birtəhər özünü ələ aldı. Ürəyində dedi: «İndi də bu taxt həvəsinə düşüb. Ona görə qardaşını boğmağa da, bacısını kimə gəldi ərə verməyə də hazırdır… »
– Laxlayan dişin çəkilməkdən özgə əlacı yoxdur, bacı, – Mirzə Məsih dedi. – Bu saat Sultan Yaqubun hakimiyyətinin həmin dişdən bir fərqi qalmayıb…
– Deməli, sən də qardaşının başını yemək istəyirsən.