banner banner banner
Təbriz namusu
Təbriz namusu
Оценить:
Рейтинг: 0

Полная версия:

Təbriz namusu

скачать книгу бесплатно

Təbriz namusu
Fərman Kərimzadə

“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin ""Tarixlər toplusu"" (""Came ət-təvarix"") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir.

Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.

Fərman Kərimzadə

Təbriz namusu (roman)

Kitab Fərman Kərimzadənin əziz ruhuna ithaf olunur

TƏBRİZ NAMUSU

Alaçığın ortasındakı mis manqalın közü çoxdan sönmüşdü. Yalnız canavar gözü qaralmış kömürün üstündəki külün kəpənək qanadının tozu kimi yumşaq olduğunu seçə bilərdi. Adi bir hənirti külü qarışdırar, alt-üst edərdi.

Daha heç nə görünmürdü. Alaçıqda insan hənirtisi hiss olunsa da, bu o qədər zəif və sezilməz idi ki, məxmər külün mürgüsünü pozmağa gücü çatmazdı. Aydın idi ki, hənirti kişiyə məxsus deyildi. Kişi yatmış olsaydı, xorultusu aləmi başına götürərdi.

Alaçığın tavanında tüstü çıxmaq üçün baca vardı, həmin bacadan da ulduzlar görünməliydi. Hava qaranlıq olduğundan baca ilə göy bir-birinə qarışmışdı.

Birdən hardansa, Günəşdən, Aydan xəbərsiz şığıyan bir şüa bacanı aydınlaşdırdı. Şüa mis manqalın üstündə gəzdi, paxır atmış misin şüası dil çıxarıb, alaçığın divarlarında dolaşdı və orada alaçığı saxlayan çubuqları, çubuqların arxasındakı əcaib heyvanlara oxşayan naxışları işıqlandırdı. Şüa gəzir, nəyi isə axtarırdı. Nəhayət, ipək üzlü yorğanın altından bir baş göründü. Qabarıq almacıq sümükləri olan qadının qara qaşları, süd kimi ağ sifəti vardı. Sonra şüa onun böyründə yatmış körpənin yumru, qırmızıya çalan sifətinə sancıldı, diksinmiş uşaq bir an gözlərini açıb, tez yumdu və balaca yumruqlarını gözlərinin üstünə sıxıb ağladı. Ana uşağın səsini yuxuda eşitsə də, ayılmadı. Yuxulu-yuxulu öz üstündəki yorğanı körpənin üstünə atdı və hələ ölüşkəməmiş ağappaq döşləri göründü. Onlar yelin kimi ləngər vurdu. İki barmağını bu kündənin başındakı çiyələyə oxşar düyməyə atan ana onu körpənin dodaqlarına uzatdı. Amma körpə səsini kəsdiyindən ana döşünü geri çəkdi. İşıq döşün aşağısına enib, tən ortada dayandı.

Bu zaman qadın yuxu görürdü. Vaqiəsində alaçığın bacasından qırmızısaqqal, ağsifət, mavi göz bir igid tullanıb içəri düşmüşdü və onun lüt bədəninə tərəf gəlirdi. Qadın yuxuda onunla çarpışır, özündən uzaqlaşdırmaq istəyir, bu isə mümkün olmurdu. İgid sifətcə heç vəchlə seyrəksaqqal Dobun

Bəyana oxşamırdı. Saqqalı qırmızı, gözləri göy idi. Yanaqları qaysaq bağlayıb, tubulğa ağacı kimi soyulmuşdu. Lakin necə də hərarətli, necə də şirin, necə də unudulmaz bir görüş idi. Heyhat! Şirinlik birdən-birə yoxa çıxdı, qadın sustaldı, möhkəmcə tərlədi. Gözlərini geniş açıb, qaranlığa baxdı. Nə qırmızı saqqallı kişidən, nə də alaçıqda gəzən şüadan əsər-əlamət gördü. Ətli qolunu qaldırıb, qaşlarının üstünə qoydu və hiss etdi ki, qolu üşüyür. Demək, alnındakı isti təri soyuq tər əvəz etmişdi. Qadın xəcalət çəkdi. Ərindən sonra yuxuda olarkən başına gəlmiş bu əhvalatdan heç kəs xəbərdar olmasa da, özü utanırdı, ət tökürdü. "Bu nə olan işdi, tanrı?"

Çin ipəyindən üz çəkilmiş yorğana büründü, günahkar gözlərini bacaya zillədi. Mavigözlü, qırmızısaqqal kişi elə bil o hündür tavandakı bacadan görünən göylərdən asılmış bir vəziyyətdə ona baxırdı. Amma bu baxışı qadının gözləri yox, zərif ürəyi, şirin xəyalı, bütün varlığı duyurdu.

Bəlkə alaçıqda doğrudan da yad kişi vardı?!

Səsini çıxarmadı. Amma heç bir hənirti də eşitmədi. Bəlkə istəyinə çatandan sonra sürünüb çıxıb, yaxud səsini içinə atıb? Hər şey ola bilərdi. Həm də ola bilməzdi. Çünki alaçığın ətrafındakı çadırlarda onun qardaşları, qayınları yaşayırlar. Bütün ətraf çöllərdəki tayfaların heç birində misli-bərabəri olmayan bu gözəlliyi göz bəbəkləri kimi qoruyurlar. Bəlkə də onun həsrətindən yanan elə bir igid tapılıb ki, ölümünü gözünə alıb, hələ niyyətinə çatmamış doğranmağa, itlərə yem olmağa razı olub? Bəs onda itlər niyə hürməyib?

Fikrinə gəldi ki, alaçığın keşiyini çəkən nökəri çağırsın. Bu nökər neçə ildir onlara sədaqətlə qulluq edir. Onun atası qonşuluqdakı Bayat elindən olan Bəyəlik adlı bir kişidir. Bir dəfə Tomaq xanın oğlu Tulunsaqqal bir dağ kəli vurub gətirmişdi. Bu heyvan müqəddəs hesab olunurdu və onun ətindən dadmaq müqəddəsliyə qovuşmaq hesab edilirdi. Odur ki, Bəyəlik oğlunu dağ kəlinin əti əvəzinə Tomaq xanın oğlu Tulunsaqqala ötürmüşdü və o da həmin oğlanı qohumu olan bu qadına hədiyyə vermişdi.

Qadın yorğanı qurşağına çəkib dikəldi. Alaçığın qapısına tərəf boylandı, amma nökəri çağırmadı. Bunun özü də şübhə doğura bilərdi. Qorxuya düşdü. Olmaya gecə onun yatağına girən nökər özüymüş?

Bu tayfanın çox sərt qanunları vardı. Əri Dobun-Bəyan tayfa başçısı idi. İgidlikdə, cəngavərlikdə tayı-bərabəri olmayan bir cavandı.

Onlardan quzeydə Çin ölkəsi yerləşirdi və qocaların dediyinə görə onların tayfaları yaşadığı yerdən hər tərəfə o qədər boş düzənlər uzanırdı ki, aylarla at sürsən də, axırına çata bilməzsən. Vaxtilə bu yerlərdə çox qüdrətli dövlətlər olub və arı kimi işlək çinlilər düzənləri üfüqlərindəki dağların zirvələri ilə Günbatandan Gündoğana neçə aylıq at mənzili olan qala divarları tikib, özlərini düşməndən qorumaq istəyiblər. İndi o qüdrətli dövlətlər yoxdu və onların yerində biri-biri ilə düşmənçilik edən ayrı-ayrı tayfalar çadır qurmuşlar.

Amma hər dəfə Dobun-Bəyan öz balacaboy, uzun tüklü atının yəhərinə qalxanda igidlərinin də bir qismini götürüb səfərə çıxar, aylardan sonra dəvə karvanları gətirər, yükləri boşaldardı. Bu səhranın ortasında ticarət gedərdi. Qonşu tayfalara da ipək, xara, zərxara, gümüş qablar, nəfis çini dolçalar satılardı. Heç kəs bu işdə onunla bəhsə girə bilməzdi.

Bir il bundan əvvəl Dobun-Bəyan dünyadan köçdü. Arvadı gözəl Alan-Qoanı da yandıran bu oldu ki, o, döyüşdə aldığı yaradan yox, bir gecənin içində hamilə qadının sancısı kimi dəhşətli olan bir sancıdan öldü. Rəngi də zəhərlənmiş adamın rəngi kimi göyərdi. Od rənginə düşdü.

Ərinin ölümünü zəhərlə əlaqələndirmək istəyənlər olsa da, buna onun qardaşları da inanmadılar. Çünki onunla birlikdə həmin xörəkdən yemişdilər və onların heç birinə ziyan dəyməmişdi.

Dobun-Bəyanı ata-baba adəti ilə dəfn eləmək istəyirdilər. Amma özü canını tapşırmamışdan əvvəl belə vəsiyyət etmişdi: "Bu dünyada nəhayətsiz çölləri, doğma qardaşlarımı, döyüş atımı və bir də xatunumu sevmişəm. Ata-baba qaydası ilə xatunumu da özümlə aparmalıyam. O dünyada darıxmamaq üçün. Ancaq çölləri də, atımı da, qardaşlarımı da, elimi də elə onun kimi sevirəm. Bir cüt oğlum Bulquntayla Buquntayı da o cümlədən. Onda gərək hamısını özümlə aparım. Yox, hamısı qoy qalsın. Bircə atımı mənim yanıma göndərin. Bir də qılıncımla ox-kamanımı. Mənim üçün qaxac ət, atım üçün quru ot qoyun. Siz görməsəniz də, xəyal kimi o atın belində tayfamın içində olacaq, onun igidlərinin zəfərli yürüşlərində iştirak edəcəyəm. Xatunum isə qoy cüt körpəni atalarına layiq böyütsün. Onun özünü qorumağı isə qardaşlarıma, xüsusilə Yekə Niduna tapşırıram. Bu cür dedi və öldü.

O öləndən sonra Alan-Qoa ölümünü gözləyirdi. Əgər bu dünyada biri-birilərini tapıblarsa, əbədiyyətə də birlikdə köçməliydilər. Bütün gecəni yatmamış, Yekə Nidunun hökmünü gözləmişdi. Ərin vəsiyyətinə baxmayaraq, böyüklər bu vəsiyyəti dəyişə də bilərdilər. Əvvəla, qardaşının arvadı ona qardaşından əziz deyildi və ərsiz gənc qadın qaldıqca onların başına bir yox, min oyun, min fəlakət gətirə bilərdi. Həm də adəti pozmaq onlaramı qalmışdı? Qonşu tayfaların arasında bədnam olardılar. Ata-baba adətindən döndüklərinə görə onlardan üz döndərənlərin də sayı artardı. Böyük qardaş səhər öz hökmünü verməli idi.

Həmin gecəni gəlin səhərə qədər yatmadı. O, halal əri ilə o dünyaya getmək üçün hazırdı. Tayfanın dul gəlinləri taleyin hökmünə qarşı çıxmazdılar. Bilirdilər ki, ərləri ilə bir yerdə olacaqlar. Onlar üçün bir anlıq ölüm ağrısı nə idi ki? Ölümdən o da qorxmurdu. Uç yaşına girən körpələrindən ayrılmaqdan qorxurdu. Səhərə qədər lap balaca körpəni döşünə salıb əmizdirirdi. Çağa yuxulayanda da onu oyadır, təzədən əmizdirirdi. Kəsilənə kimi əməcəyi ana südünün hamısını bir gecəyə verərək onu doyuzdurmaq istəyirdi. Alan-Qoadan sonra ona kim süd verəcəkdi ki? Xalasının, bibisinin yazığı gəlsə, bir cam madyan südü içirəcəkdilər. Madyan südü hara, ana südü hara?

Həmin gecə Yekə Nidun da yatmayıb, fikirləşirdi.

"Qardaşımın vəsiyyətlərinə əməl etmək borcumuzdu. Amma Alan-Qoa ölməlidir. O birisi dünyada tayfamızın yüz illər əvvəl ölən başçıları qardaşımı görəndə soruşacaqlar:

–Hörmətli Dobun, sən məgər subaysan? Arvadı olmayan bir adam da tayfanı idarə eləyə bilərmi? Bizim heç vaxt pozulmamış qanunlarımız var. Sən onu niyə pozmusan, pozmusansa, bizim yanımıza nə üzlə gəlmisən? Biz ağsaqqallar sənə bu dünyada o birisi dünyaya görə qarğış eləyirik!

Dobunsa deyəcək: – Yox, mənim arvadım vardı. Amma onu özümlə götürmək istəmədim.

Ona deyəcəklər:

–Burda da müqəddəs qanunları pozmusan. De görək, arvadın gözəl idimi?

–Bəli! – deyəcək, – tayfada indiyə qədər elə gözəl olmayıb.

Baş ağsaqqal isə söyləyəcək:

–Onda onun ayrı tayfalarla qarışığı var.

–Bəli, sizdən sonra bir çox tayfalar biri-birilərinə qız verib, qız alıblar. Qanlarını qarışdırıblar ki, əmin-amanlıq olsun, birlik olsun.

Onda başçıları onunla lap sərt danışacaqlar.

–Demək, tayfamızı kor qoymusan?! Səni kor olasan!

Dobun dözməyib, qılıncına əl atacaq. Qocalar isə gülüb, onu ələ salacaqlar:

–Burda qılınc kəsməz, söz kəsər, ay yazıq! Bizdən sonra onsuz da bizim adətlərimizə qılınc çəkmisən. İndi biz sözlə səni doğrayacağıq. Cavan, gözəl arvadını orda tək qoymusan ki, bizim namus ənənələrimiz pozulsun. Ərindən sonra əsilsiz bir adamla yastığa baş qoysun və tayfa başçısının hansı qandan törədiyi məlum olmasın. Tayfanın namusuna gülsünlər!

–Mənim xatunum elə iş tutmaz. O, büsbütün namusdan yoğrulub!

–Arvadını namusuna görə öymək kişiyə yaraşmaz. Sənin kişilikdən danışmağa haqqın yoxdur!

Qardaşım o dünyada xəcalətli qalıb, ömür boyu cəhənnəmdə olacaq. Amma o da deməyə sözünü tapacaq. Deyəcək:

–Ey ağsaqqallar, siz heç Utkuxu[1 - Utkux-Qədim türk və monqolların Çin səddinə verdiyi addır.] görmüsünüzmü?

Ən qocamanı əlavə edəcək:

–Mənim atam deyərdi ki, oranı uzaqdan görüb!

–Bəs siz? Siz görmürsünüzmü?

Bütün ağsaqqallar bir ağızdan söyləyəcəklər:

–Yox, görməmişik, eşitmişik. Gərək düzünü deyək.

–Amma mən Utkuxu aşıb, Çindən tayfaya ipək, qumaş gətirib geyindirmişəm. Sizin vaxtınızda onların əynindəki qoyun dərilərini mən çıxartmışam. Sizin vaxtınızda da alaçıqlardan arxac, peyin iyi gəlirdi. Mənim vaxtımda xatunlarımız Çin gülabı ilə saçlarını yuyurlar. Körpələrimizdən süd, qızlarımızdan qızılgül ətri gəlir.

Ağsaqqallardan biri soruşacaq:

–Qızılgül necə olur?

–İtburnu çiçəyindən beş dəfə böyük, lalə kimi qırmızı.

–Bəs lalə necə olur?

–Qızılgüldən beş dəfə kiçik, onun kimi qırmızı.

Baş ağsaqqal:

–Onun ətri baharda da gəlirmi? – soruşacaq.

–Əlbəttə, amma onun ətri qışda da gəlir. Onsuz da yazda çobanyastığının, yayda yovşanın iyini tanrı özü yetirib. Qışda isə qızılgülün ətrini mən ona çiləmişəm.

Qocalar uzun müddət dinməyəcəklər. Sonra ən yaşlısı dillənəcək:

–Sənin Utkuxdan o yanda talan edib gətirdiyin qızılgül ətri, ipək, altun bizim adətimizdən, bizim namusumuzdan artıqmı olub? Sən ən böyük və müqəddəs adəti pozmusan, xatununu özünlə o birisi dünyadan bu birisi dünyaya gətirməmisən.

Dobun isə qışqıracaq:

–Onda gərək uşaqlarımı da, tayfamı da gətirəydim ki, dünyada bizim tayfadan heç əsər-əlamət də qalmayaydı! istədiyiniz budurmu?

–Yox, o tayfanın salamatlığı üçün bu lazım idi. Bir xatunla tayfa qara geyinməz, tayfa başçısının uşaqlarını isə ana nəfəsi əvəzinə qışın sərt nəfəsi isitməli, ana südü əvəzinə madyan südü qarnımızı doyuzdurmalı, nənni əvəzinə yəhər yırğalamalıdır. Ata olmayanda ana himayəsində böyüyən uşaq qız-qadın xislətində olar, o cür böyüyən uşaq döyüşdə küt qılınc kimi bir şeydi. Həyatın sərtliyi onun qılıncına ovxar, ürəyinə möhkəmlik, gözlərinə kin verməlidir. Yoxsa o öz tayfasında başçı ola bilməz və tayfaları özgə çöllərin quzğunlarına yem verər.

Yekə Nidunun fikrinin cilovunu elə bil çəkdilər və o, yolunu dəyişib, ayrı bir səmtə çapmağa başladı.

Ağsaqqalların bu sözündə böyük hikmət var. O uşaqlardan tayfaya başçı, atalarına əvəz ola bilməz. Onlar elə gözəl Alan- Qoanın uşaqları olub qalacaqlar. Tayfanı isə idarə edən tapılar. Onların böyük əmiləri sağ deyilmi?

Bir neçə ildən sonra, ağsaqqalların dediyi kimi o uşaqlar həyatın sərt üzünü görüb böyüsələr, onda gör, nələr olacaq!

Alan-Qoa səhərə yaxın fikirləşirdi. Oğlu da bu gecə yaman tez-tez ağlayırdı və indi də onun tezliklə südlə dolan döşünü var gücü ilə əmirdi. Uşağın körpə başı anasının sol qolunun üstündə idi və birdən isti bir axınla balasının dilinin üstünə tökülən südün əks istiqamətində elə bil soyuq, sərt bir titrəyiş yarandı və ona elə gəldi ki, onu balasından ayırıb, anasının yanına göndərən xəncər döşünü dəlib, içəri keçdi və ürəyinin damarını kəsdi.

Bu çox ani bir hiss idi. Ağrını da hiss etməmişdi. Ona yəqin oldu ki, qaynı Yekə Nidun bu gecə xəncərini çopur daşla itiləyir, onun hisini, pasını təmizləyir, ovxalayır. Xəncərin ağzında ovxalanan kiçik polad qəlpələr yerə tökülmür, kiçik qamqalaq kimi tiyədə ilişib qalır. Əri tez-tez xəncəri itiləyərdi, həvəs və səbrlə o, qlafı silib, poladı parıldatmayana qədər əl çəkməzdi. Qaynı isə xəncərini, qılıncını az-az belinə taxardı. ilxı, davar otarardı, tatarını, çomağı qılınc və xəncərdən daha çox işlədərdi. Yekə Nidun mindiyi tüklü atdan iki dəfə hündür, yalan olmasın, alaçıq enliyində idi. Tayfalararası davalara gedəndə kənarda dayanıb, düşmənin ürəyində xof, qorxu, vahimə yaradardı. Bəlkə də bütün tayfalar içərisində boyca onun kimi hündürü və çiyincə enlisi yox idi.

Yəqin ki, indi o xəncəri ona əmcəyinin üstündən yeridib, bir zərbə ilə qətlə yetirmək üçün məşq eləyir. Səhərə yaxın kənizlər alaçığa gəlib, körpələri aparacaqlar. Lap kiçiyinin dodaqlarından ana südü damcılaya-damcılaya gedəcək. Bəlkə də heç yuxudan da oyanmayacaq…

Kənizlərdən sonra Yekə Nidun ikiqat olub, oğru kimi alaçığa girəcək və yaxınlaşıb tez-tələsik xəncərini çapacaqdır. Alan-Qoa ölümü necə qarşılayacağı barədə fikirləşmişdi. O, heç gözlərini də açmaq fikrində deyildi. Sağ böyrü üstə uzanmışdı. Yorğanı bir az aşağı çəkmişdi. Döşünün üstünə bir tül atmışdı. Yəqin ki, səhərin alatoranında bu qırmızı tülün altında onun döşünün çiyələk düyməsi görünməyəcəkdi. Beləcə də uzanıb, ölümünü gözləyirdi.

Səhərə yaxın itlər ulaşdı. Hardasa xoruz banladı. Yaxındakı ilxıda ayğırın kişnərtisi, madyanların dırnaq səsləri eşidildi. Bir az aralıda sürüdəki qoyunlar öskürüşdü. Amma onun ölümündən xəbər verəcək şübhəli və təhlükəli bir şey yox idi. Təzədən körpəsini sol döşünə saldı. Elə bil ki, susdurulacaq ürəyinin çırpıntılarını özündən sonra yaşayacaq, kim bilir, taleyi necə olacaq körpəsinə zorla eşitdirmək istəyirdi. Heç olmasa, böyüyəndə hərdən-bir anasının iyini, ətrini yada salsın və onun ürəyinin döyüntülərini eşitdiyini bir qadir qüvvənin köməyi ilə duysun.

O, gecə ilə durub, körpələri qucağında atasının tayfa yurduna qaça bilərdi. Onun indiyədək mindiyi atlar yel kimi uçurdu. Amma elin qanunları vardı. Ata ocağından ər evinə getdinsə, oradan bircə yolun var – torpaq altına, qəbrə- qoruqana. Getsə, qaçsa, ölümdən betər bədnamlıq gəlirdi onun nəslinə. Cavan vaxtında da dul qalmışdı. Tayfanın yazılmamış qanunlarına görə o hökmən ərinin yanına getməliydi. Hökmən!..

Tez-tez bədəninə soyuq tər gəlir, tül islanıb döşlərinə, qollarına yapışırdı. Amma bunlara əhəmiyyət vermək halında deyildi. Ölüm onu sevimli ərinin yanma apararsa, orda xoşbəxtliyə qovuşacaqdı. Amma bir daha övladı olmayacaqdı. Çünki ölənlərin övladları olmur. Bu dünyada övlad şirinliyi, sevinci var, o dünyada ancaq tənha əbədiyyət.

Dodaqlarından süd daman körpədən ayrılandan sonra neynir o əbədiyyəti? Övladlarını bu dünyada yetim qoyub, o dünyaya gedən hər iki valideyn o əbədiyyətdə xoşbəxt olacaqmı? Bir azdan orada övladları olmayandan sonra məhəbbətləri də soyuyacaq, o dünyanın soyuq, buz nəfəsli adamlarına çevriləcəklər.

Bir ayağı getməyə razı idisə, o birisi bu dünyada qalmaq istəyirdi. Lakin… insan eyni vaxtda iki səmtə yüyürə bilməz.

Səhəri dirigözlü açdı. İlxılar otlaqlara çıxanda, qoyunlar yaylıma qalxanda Yekə Nidun onun dalınca boyatlı nökəri göndərmişdi.

–Xatun, Yekə Nidun səni baş şamanın çadırına çağırır.

Bu sözləri eşitcək elə bil qəlbində bir tel qırıldı, ayaqlarını dizdən tutub saxlayan saplar üzüldü. İşarə etdi ki, nökər çadırdan çıxsın. Bir neçə an özünə ələ almağa çalışdı və qətiyyətlə qalxıb geyinməyə başladı. Qırmızı qumaşdan şalvarını geydi, bu şalvar sol tərəfdən açıq idi. Amma üstündən kürkünü əyninə aldı. Bu kürk naxışlarla işlənmişdi. Söyüd budaqlarından hörülüb, üstünə qumaş çəkilmiş dingəsini – boğtacı başına qoydu. Boğtacın kənarlarından uzanan örtüklər onun saçlarını və boynunu örtür, kürkünün üstündən sallanırdı.

Bütün geyimi başdan-başa qırmızı rəngdə idi. Onun əlləri və sifəti bu qırmızı rəngin içərisində daha işıqlı görünürdü. Qorxu üzünün dərisini bir az da ağartmışdı. Paltarın rəngi qurumuş qan rənginə çalırdı ki, bunu da özü qəsdən seçmişdi. Çünki istəmirdi ki, qanı töküləndə görünsün.

Alan-Qoa çadırından çıxıb, şahanə yerişlə baş şamanın çadırına tərəf yeridi. Alaçıqlardan ona baxanlar da az deyildi. Qadınlardan bəzisi üzünü gizlədir, bəzisi göz yaşlarını gizlətmək üçün baş əyib, təzim edirdilər.

Şamanın çadırının qapısı açıq idi və ortada bütün fəsillərdə olduğu kimi od yanırdı. Şaman uzun saqqalı, əynində qoyun kürkü, qucağında qobuz tutan yaşlı bir adam idi. Divarlarda müxtəlif heyvanların buynuzları asılmışdı. Üstündə oturduğu ayı dərisinin başı üstündə idi və onun da qabaq dişləri ağappaq görünürdü. Tayfanın xeyri də, şəri də şamanla bağlı olduğundan, böyük nüfuz sahibi idi. Yəqin ki, onu öz ocağının başına çağırmaqda məqsədi ərinin yanına getməsini məsləhət görmək idi.

Alan-Qoa çadırın yanına qədər gəldi və dayanıb, dingəsindən sallanan bahalı yellənlərdən birinin yanından bir şırım qoparıb, onun alaçığının qapısına bağladı. Şamanın ağ keçə alaçığının hər tərəfindən belə rəngbərəng parçalar sallanmışdı ki, bunlarla ona ziyarətə, məsləhətə gələnlərin sayını bilmək olardı.

Şaman öz işində idi və qopuzda qədim bir hava çalırdı. Elə qəmli, düzənlər kimi elə sonsuz və nəhayətsiz idi ki, onu eşidən Alan-Qoa qəhərləndi. Qopuzun səsi batıq və sirli idi.

Alan-Qoa içəri girib, bir an duruxdu. Şamanın qarşısında, ocaqla qapı arasında iki keçə salınmışdı. Onlardan biri ağ, biri isə qara idi. Xatun ağ keçəyə yaxın olsa da, bir addım atıb, qara keçənin üstünə keçdi və orada diz üstündə oturdu.

Şaman başını yox, kirpiklərini qaldırmaqla onun bu hərəkətini gördü və dedi:

–Qara keçə üstündə qara fikirli, qara əməllər tutan, qaranlıq bir ölkəyə səfərdə olanlar oturar. Keç ağ keçənin üstünə, qızım, hey!

–Şaman baba, ər igidim gedər-gəlməz oldu. Dünyam, bəxtim qara gətirdi. O mənim də qismətimdir.

–Yox, qızım. Sən ağ keçənin üstünə keç. Ağ günlər gördün, ağ günlər yaşadın, ağ əməllər tutdun. Keç ağ keçəyə.

Alan-Qoa yerini dəyişib, ağ keçə üstündə diz çökdü.

–İndi eşit, qızım xatun! Sənin bircə qara əməlin var. Şaman baba sənə desin!

–Mənmi qara əməl tutdum?

–Sən tutdun, qızım xatun!

–Hansıdı o əməl?

–Ərin öləni çoxmu keçdi, söylə?

–Yox, çox keçmədi ərim öləni.

–Bəs onda nədən qırmızı geyinib gəldin?

Alan-Qoa halını pozmadı.

–Mən ər igidimin yanına toy paltarında getməyə gəldim, şaman baba!

Şaman yanındakı saxsı qabdan nəsə götürüb ocağa atdı və alaçığa xoş bir qoxu yayıldı. Qopuzunu dizinin üstünə endirib, qəribə bir oynaq hava çaldı. Sonra eynən həmin qəribə ahənglə danışmağa başladı, dedi:

–Ya tanrım, ya tanrım, ya tanrım! Hey, hey, hey! Ey tanrım, yanılanda mənə yardım et! Ey qopuzum, qaçaq atın quyruğundan tel yapdığım qopuzum, doğru gör, doğru söylə. Söyləməsən, qulaqlarını buraram, su ilanı kimi çevrilib-açılıb üstünə gələrəm. Doğru danışmaqda mənə yardım et. Ey telli tanrım. Şaman tanrının quludu, qopuz şamanın. – Bundan sonra şaman uzun bir dua oxudu, coşdu, köpükləndi, kükrədi, sonra sakitləşib, qopuzu bir tərəfə qoydu. – Xanım qızım, bu çaldığım qopuz deyil, göy üzüdü. Göylərin sözünü danışandı. İldırım da ondadı, şimşək də. Sənin sözündən qopuz da cuşa gəldi, şaman baba da. İgid ərinin yanına getməyini toy-bayram bilən xanım qızım! Mən göylərlə danışdım. Tanrılar sənin qurban getməyini istəmir! Tanrılar deyirlər ki, hər gedən özü ilə bir nəfər aparsa, dünya boşalar, analar azalar, igid oğul, mərd qız doğan qızlar getsə, onları kim doğacaq? Kim?