banner banner banner
Təbriz namusu
Təbriz namusu
Оценить:
Рейтинг: 0

Полная версия:

Təbriz namusu

скачать книгу бесплатно


Alan-Qoa onun sözünü yarımçıq kəsdi:

–Mən bundan sonra ər evinə gedəsi, oğlan doğası deyiləm, şaman baba. Qoy sonsuz bir qızını, qısır sığınını qəbul etsin.

Bu dəfə də şaman ocağa nəsə atdı və ordan hirsli, ağ bir alov püskürdü.

–Yox, göylər, tanrılar sənin dediklərindən hirslənirlər. Onlara itaət etmək borcundur.

Gəlin qalxdı.

–İtaət borcumdur, – dedi. – Növbəm çatanda ər igidimin yanına getməyi səbirsizliklə gözləyirəm.

–Xanım qızım! Körpələrini ataları kimi igid böyütməyi sənə həvalə etsəm də, onları qara, çovğuna, qovğaya, çətinliyə, aclığa öyrət.

–Özgə fikrim də yoxdur, ey ulular ulusu!

Bu sözləri alaçığın arxasından qulaq asan Yekə Nidun eşidir və içi hirsdən qovrulurdu. O, şamanla əvvəlcə danışmış, amma onu dediyinə razı sala bilməmişdi. Alan-Qoadan sonra o, qardaşı uşaqlarını da aradan götürməyə, o dünyaya ötürməyə qəti söz vermişdi. İndi fikirləşdikləri tamam alt-üst olmuşdu.

Bəli, o vaxt belə olmuşdu. Bəs indi?

Axı, röyada hər şey həyatda olduğu kimi baş vermişdi! Bütün vücudu, varlığı, ehtirası hərəkətə gəlmişdi. Gözünü açanda iş işdən keçmişdi, amma o heç bir kişinin izini-tozunu alaçıqda görməmişdi. Həyat kimi şirin anlar ölüm kimi zəhərə dönmüşdü. Qalxıb qaranlıqda çaxmaq-qovu tapdı. Çaxmağı çaxıb, qığılcımla bir tikə pambığı alışdırdı. Çindən gətirilmiş od qiymətli bu pambıq öləzidi, sonra yaşıl bir alovla yandı. içəriyə zəif işıq düşdü. Amma ondan, balalarından başqa alaçıqda yenə heç kəsi görmədi. Heç kəs yox idi və alaçığın ağzındakı palaz axşamdan necə közənmişdisə, eləcə də dururdu.

"Yuxudu… Belə şey olar?.. Keçib gedər". Onu dəhşət götürmüşdü ki, yuxusuna nə üçün əri yox, başqa kişi girmişdi? O, özünü böyük günah sahibi bilirdi. Qayıdıb uzandı. Çöldə payız olduğuna görə alaçıqda hava soyumuşdu. Yorğanı üstünə çəkdi. Amma uzun zaman yata bilmədi. Bacadan gecələr, axı, daim ulduzlar görünərdi. Hava açıq olanda. Hələ şaman baba deyirdi ki, bu baca ulduzların görünməyi üçün deyil, hamı bu ulduzlara baxa bilər. Amma baxmaq azdır. Əvvəllər ulduzların hikmətini öyrənən adamlar da olub. Bəs il hardan gəldi, ay, həftə hardan gəldi? Bəs qış, yaz, yay, payız necə olur? Onları dərk edənlər, gəlişini hesablayanlar var. O ulduzlarda böyük elm, böyük hikmət gizlənir. Niyə Ay əvvəl dilim kimi görünür, sonra yarısı, sonra bütövləşir? Bunlar hamısı Günəşin, ulduzların sirridi. Ulduzlar da tək-tək, bir-bir deyil, onların yığımları var. Hərəsinin də öz adı. Əqrəb bürcü, Əjdaha bürcü, Balıq bürcü, Ayı bürcü… Yer üzündə də dərk olunmalı hikmətlər çoxdur. İllərimizin adlarına bax! On iki heyvan adı. Yəni Əjdaha ili, İt ili… Nə biləsən, daha nə, nə ili. O vaxtdan Qoa ulduzlara elə beləcə, kolda işıldayan böcəklər kimi yox, canlı, möcüzəli, sirli məxluq kimi baxmağa başlamışdı. Bu dərdli günlərdə onlar da, heç olmasa, görünmürlər ki, birlikdə pıçıldaşsın, dərdini, heç kimə deyə bilməsə də, tək-tək ulduzlara açsın.

Birdən möcüzə baş verdi. Ulduz əvəzinə bacada şüa göründü, bütün dairə işıqlandı və həmin şüa aşağıya, düz onun üstünə şığıdı, gözlərini qamaşdırdı. Qoa vahimə içində gözlərini yumdu. Birdən-birə canında, varlığında xoş bir rahatlıq, qəşəng bir ləzzət duydu.

Gözlərini açdımı, yumdumu, heç özü də bilmədi. Qırmızı saqqallı, mavi gözlü kişi göründü. Həmin şüa yox idi, o dönüb insana bənzər bir varlıq olmuşdu, tanrı…

Qoa huşunu itirdi. Amma huşsuzluqda dünya zövqləri içində üzürdü və heç cür qışqırıb bir söz deyə bilmirdi.

Bu hadisə hər gecə təkrar olunur. Səhərə yaxın onu xəcalət təri basır, ölüm qorxusu bürüyürdü. O, şüaya elə öyrənmişdi ki, vaxt çatanda gözləri bacada qalır, elə bil əsil sevgilisini gözləyirdi. Son günlər hətta onun gecikə biləcəyindən belə qorxurdu. Birdən gəlməsə, birdən onu unutsa, necə olacaq? Tanrı sevimli ərini əlindən aldısa, demək onu sevirmiş, onun əvəzində bu şüanı, bu xəyal oyununu verdimi ona? "Qadınlıq heysiyyətimi öldürmədi, tapdalamadı, lakin yadlara qismət olmağa qoymadı, məni xəcalətli etmədi". Şüa onu ərinin sağlığında, onun böyründə olduğundan da şövqlü, ondan da ehtiraslı etmişdi. Amma bir fərqi vardı ki, şüanı nə qucaqlaya, nə bağrına basa, nə də öpə bilirdi. Onun gül dodaqları quruyub çat-çat olurdu. Alan-Qoa ərinin vaxtında olduğu kimi yatağa girməmişdən əvvəl ətirlənir, arınıb-daranır, özünü bu görüşə hazırlayırdı.

Hərdən çox həyəcanlı fikirlərə düşürdü.

"Bəlkə də bu, düşmənlərimiz olan çinlilərin hiyləsidir? Axı, onlar bizim tayfadan çox-çox əziyyət görüblər. Ərim onlardan xərac da alırdı, əsir də götürürdü. Dediyinə görə, çoxlu qanlar da tökülürdü. Həm də o uzaq yerdə yaşayan çinlilər çox sehrbazdılar. Onların şamanları istədikləri cildə düşə bilirlər. Bəlkə də onlar heyflərini onun ərindən bu yolla çıxmaq istəyir, intiqam alırlar? Bəlkə o qırmızı saqqal, mavigözlü kişiyə çevrilən şüa işıq deyil, məkr adlı bir qəlbi zülmətdir? Bunun nəticəsi pis ola bilər. Axı, şaman baba həmişə deyir ki, bu dünyada hər şeyin əvəzi var. Pislik edərsən, qarşına pislik çıxar, yaxşılıq edərsən, yaxşılıq. Yox, bu ola bilməz. Bu yalnız xəyaldır, yuxudur, ovsuna bənzər bir şeydir".

Belə vaxtlarda Qoaya qəribə gəlirdi ki, bəs niyə o varlıq dəyişib? Şüa onun sevgilisinə dönüb? Hər gecə onun yolunu səbirlə gözləyir. Neçə gecədir ki, görüşürlər. Amma nə o danışa bilir, nə də ki, qırmızı saqqallı, mavigöz kişi – şüa.

"Bu axşam onu danışdıracağam. – Pıçıltı ilə dedi. – Yox, qonşu alaçıqlarda eşidib, şübhəyə düşərlər. Yox, danışdırıb, onun insanmı, cinmi, ruhmu olduğunu bilməliyəm".

Ruh deyəndə qorxuya düşdü. Ona görə qorxuya düşdü ki, onun əri də ruhlar dünyasında yaşayırdı və həmin bu ruhla görüşə bilərdi. Həmin ruh onun yanında qürrələnə bilərdi, deyərdi ki, hər gecə sənin sevdiyin, namusdan danışdığın qadının yanına gedirəm. Onunla səndən də artıq məhəbbətliyik. Bəs onda Dobun-Bəyan o dünyada xəcalətli qalmazmı? Onu barmaqla göstərib "namusuzdur" deməzlərmi?

Buna da özünü inandırmamağa çalışdı. Lap desə də Dobun inanmaz. Bəlkə onun kimi buraya uçdu və kənarda onun alaçığa girdiyini gördü, çadırın bacasında oturub baxdı, onda necə?

"Bəs bu gün nə üçün soruşmadın? Axı, dünən buna söz vermişdin? Bəs niyə onu sorğu-suala tutmaq yadından çıxdı?"

Yadına düşdü ki, şüa-işıq qırmızı saqqal, mavigöz kişiyə çevriləndə onu maraq yox, qorxu dolu bir şəhvət hissi bürüyür. Elə bir qorxu ki, dinsə, bu gözəllik əlindən çıxar. Elə şəhvət ki, dili-dodağı quruyur. Udqunmağa da taqəti, imkanı qalmır. Onda nəinki Dobun, heç yanında yatan körpələri də yadına düşmür.

Bəlkə də onu buraya Dobunun özü göndərir? Məni sınamaq istəyir. Əgər belədirsə onda sınaqdan çıxmamışam. Onun yanına getməyin yeri qalmayıb. Görəsən, o dünyada da qadınlar kişilərlə birgə olacaq, yoxsa ayrı-ayrı? Ah, mən nə fikirləşirəm?! Deyəsən, dəli oluram. Belə şeyi dəlilər görər, dəlilər danışar. Bu fikir onu lap qorxuya saldı. Fikirləşdi ki, görsün doğrudanmı dəlidir? "Yaxşı, dəli olsam, hamı bunu bilər, körpələrimi əlimdən alar, özümü də öküz gönündən hörülmüş kəndirlə dirəyə sarıyarlar. Hələ ki, belə bir şey yoxdur. Tanrı, sənə şükür!"

Amma hiss etmişdi ki, kənizləri ona əvvəlki kimi yox, çox qəribə baxırlar. Birtəhər, heyrətlə, qorxa-qorxa baxırlar. Bunun səbəbini indi başa düşdü.

Səhərisi gün, uyğur ellərindən əsir tutub gətirilmiş kənizini yanına çağırdı:

–De görüm, mənə niyə belə baxırsan?

Kəniz onun qarşısında ikiqat olub, diz üstə çökdü:

–Böyük xatun, mən sizə pis məna ilə baxmıram. Mənim nə haqqım var ki, ayrı cür də baxım?!

O, kənizin saçlarını sığallayıb mehribanlıqla dedi:

–Məndən qorxma, düzünü de.

Kəniz bir az fikirləşib, soruşdu:

–Böyük xatun, bunlar hamısı doğrudur?

Alan-Qoanın rəngi ağardı. Demək, o, sirri bilir! Demək, bütün obaya da yayılıb. Amma o, kənizə ürəyini aça bilməzdi. Əksinə, açıla biləcək hər şeyi hamıdan gizlətməliydi. Ona görə də onun sualına bir müddətdən sonra sualla cavab verdi:

–Nə doğrudur, Çiçək qız?

–Doğrudanmı ərə gedirsən?

–Kimə?

–Yekə Niduna.

Qadının rəngi üzünə qayıtdı. Demək, onun sirrini özündən başqa heç kim bilmir. Arxayınlaşandan sonra dedi:

–Çiçək, səndə xəbər varmış!

–Nə bilim. – Kəniz peşman-peşman dilləndi. O, cəsarəti, hər şeyi bilmək istəyi ilə xeyli dərinlərə gedib çıxmışdı və buna görə də ağır cəza ala bilərdi.

–Bunu sənə kim dedi? Axı, mənim barəmdə nə danışırlarsa, hamısını bilməliyəm, danış.

–Sən şaman babanın yanına gedib qayıtdıqdan sonra obada söz gəzirdi ki, Yekə Nidun şaman babanı razı salıb ki, sizi nikahlasın.

–Yox, belə deyil. – O, əlacsız qalıb, şamanla danışdıqlarını kənizə ətraflı nəql elədi. – Görürsənmi, belə deyil.

–Bəs onda…

–Nə? Açıq danış. De görüm, nə? Daha nə bilirsən?

Kəniz ondan heç nə gizlədə bilməzdi. Onun hər şeyi bilmək marağı buna imkan verməzdi, o, bilməkdə deyil, həm də bildiyini deməkdə, yaymaqda maraqlı idi.

Obada danışırlar ki, əgər böyük xanım bu izdivaca razı deyilsə, bəs onda niyə ərinin vaxtında olduğundan da çox ətirlənir, bəzənib-düzənir?

Bax, bu, həqiqət idi…

–Axı, onlar hardan bilir ki, mən ətirlənirəm, Çiçək qız? Bəlkə sən özündən uydurursan? Y axud bilə-bilə yayırsan?

–Yox, böyük xanım? Doqquz oğuz, on uyğur tayfasının bütün ölənlərinin ruhuna and içirəm ki, mən heç kimə heç nə deməmişəm. Ətiri gizlətməkmi olar? Dörd bir yanın peyin iyi içindədir. Sənin ətrini, bu xoş iy hamının burnuna çatır. iyi alaçıqda necə gizlətmək olar? Həm də danışırlar ki, Yekə Nidun Erkəngün dağındakı tayfanın baxşısını çağırtdırıb, ona qurbanlıq madyan kəsdirib. Gizlində xeyli söhbət ediblər. Baxşını yola salandan sonra o qədər qımız içib ki, iki gün yuxudan ayılmayıb.

–Onu niyə çağırıb?

–Heç kəs bilmir. Şaman baba da bundan çox hirslənib. Neçə gündür yatır, elə ocağını qalayır, alova baxır, qopuzuna da əl vurmur.

Alan-Qoa fikirləşdi ki, bəlkə də elə bu şüa-işıq məsələsi həmin baxşının işidir? Həmin qırmızısaqqal və mavigöz kişi qaynı Nidunun özüdür? Sehirə bir bax, tanrı! Qoanı dəhşət bürüdü. Yəni o, həmişə o dırnaqlarının arasına peyin dolan, günlərlə arxacda yatıb qalan, qoyun iyi verən Yekə Nidunla beləcə qeyri-adi zifaf gecələri keçirir? Yox, bu ola bilməz. O qırmızısaqqallı, mavigözlü məxluqdan peyin iyi gəlmir. Ondan, deyəsən, heç bir iy gəlmir. Yox, gəlir? Yadına salmağa başladı. O gedəndən sonra alaçıqda kəklikotu iyinə bənzər, tanrılara məxsus xoş və məstedici bir ətir qalırdı. Heç cür ola bilməz ki, Yekə Nidun qoyun iyindən bu dünyada yaxa qurtara bilsin. Bəs onu işıq şüasına döndərən, sifətini dəyişən ətirlə çimizdirə bilməzmi?

Qəlbində nəyisə ölçüb-biçəndən sonra soruşdu:

–Deyirsən, baxşını nə vaxt çağırmışdı?

–Böyük xanım şamanın çadırına gedəndən bir həftə sonra.

–Alan-Qoanın ürəyi arxayınlaşdı. Demək, o, dəli deyilmiş və kənizlərin ona qəribə baxmalarının qorxusu yox imiş.

–Çiçək, get, obadakı xatunlara anlat ki, belə məsələ yoxdur, olmayıb, ola da bilməz. Mən bütün ömrüm boyu, ölənə qədər yalnız ər igidimin xəyalı ilə yaşayacam və o dünyada bir- birimizə qovuşmaq arzusundan başqa heç bir özgə istəyim yoxdur.

Çiçək sevincindən çiçək kimi açılsa da, onun özünə də hələ qaranlıq olan bir məsələni də aydınlaşdırmamış getməyib, dayandı.

–Böyük xanım, bəs soruşsalar ki, bu ətir, ənlik, kirşan, qırmızı libas nədir, onda nə deyim?

–Onda de ki, Böyük xanım şamanın yanına gedəndə ona görə qırmızı geyinmişdi ki, şaman onun o dünyaya, ər igidinin yanına getməyinə razı olsun, bilsin ki, ərindən ayrı bu dünyada yaşaya bilmir. Həm də qırmızı ölüm kəcavəsinə minib, ərinin yanına toy paltarında getmək istəyirmiş. Bunu şaman babamız da təsdiq edər. Ətirlənməyə gəlincə, deyərsən ki, şaman onun getməyinə razılıq verməsə də, hələ də ümidini üzmür və ər igidinə görə ətirlənir, hər an onun yanına getməyə hazır vəziyyətdə olur.

Çiçək sevinə-sevinə, kürkünün ətəklərini yelləyə-yelləyə alaçıqdan çıxdı. O gedəndən sonra Alan-Qoa əlləri ilə üzünü tutub, hönkürmək dərəcəsinə qədər kövrəldi.

"İnsan necə də yalançı, necə də ikiüzlü olur. Öz adını qorumaq üçün hamını aldatmalıdır. Yalandır, mən ərimə çoxdan xəyanət eləmişəm. Bacadan şüa-işıq düşən gecədən. Həm də mən ərimə görə yox, o qırmızısaqqal, mavigöz kişiyə görə bəzənib-düzənirəm. Demək, şaman baba da mənə görə qəzəblənib. Ayrı eldən baxşı çağırıblarsa, onda bu şamana deməkdir ki, sən bizə lazım deyilsən".

Alan-Qoa özünü ələ alandan sonra, hava kimi mavi paltarını geyinib, dingəsini qoyandan sonra çadırdan çıxdı. Onun gözləri qamaşdı. Neçə vaxt idi ki, gündüzlər alaçıqdan bayıra çıxmırdı. Ona görə də payızın günəşli günü onun gözlərini bir az da qıydı.

Şamanın çadırının pərdəsi açıq idi. Ortada ocaq yanırdı. Özü də çox dərdli bir vəziyyətdə oturmuşdu. Xatun hiss eləmişdi ki, onun getməyinə şamanın ehtiyacı var. Çox vaxt hamıya kömək olan, yol göstərənin özü getdiyi yolun istiqamətini itirir, hara gedəcəyini bilmir. Belə vaxtda ona kömək olmaq, qolundan tutub, azdığı yeraltı mağaranın keşməkeşindən çıxarmaq lazımdır ki, özünün gələcək işini yenə də səhvsiz görə bilsin.

Alan-Qoa mavi paltarda ocağın başında dayandı.

Günaydın, şaman baba!

Günaydın, xatun qızım.

O başa düşdü ki, yer günahkarları şamanın da qanadlarını qırıb, göylərdən salaraq, özlərinə döndəriblər. Axı, şamanın gücü göylərdə, tanrıların yanında dayanmağındadır. Axı, şaman bunlara at kəsməyi, qoyun otarmağı öyrədə bilməz. Onu özləri yaxşı bilirlər. Şaman onların ruhunu qanadlandırmalıdır. Adilikdən hərdənbir onları uzaqlaşdırırsa, demək, onların həyatlarını möhkəmləndirir. Adi insan isə bunsuz heç nədir. Səhradakı sürünənlərdən, dördayaqlılardan biridir.

Alan-Qoa bunu bilirdi, gəlməkdə də məqsədi elə şamanı mənəvi cəhətdən qanadlandırmaq idi. Onun özü də bu gün göylərdən yerə endirilmişdi və qanadları sınıb yanına düşmüşdü. Bunun nə demək olduğunu anlamışdı. Onun özünün də köməyə ehtiyacı var idi. Onlar birləşməli, bir-birilərini ruhlandırıb, qanadlandırmalıydılar.

Xeyli sükut içində dayanıb baxışdılar. Haradan söhbətə başlayacaqlarını bilmirdilər. Birinci Qoa dilləndi:

–Şaman baba, bildiyimə görə bizim elin neçə illərlə ağrılarını çiyinlərində daşıyan sənə xəyanət ediblər. Gəldim deyim ki, şaman babamızın qopuzu danışmasa, onun ocağı yanmasa, onda hamımız o sönəcək ocağın yerində qalacaq külə dönəcəyik.

–Bunu başqaları da bilirmi? – Şaman sorğulaşdı.

–Bilməsə də olar, şaman baba. Hamı bir fikirdə olsa, hamı irəlini görsə, onda şaman heç kimə lazım olmazdı.

–Xanım qızım, sənə baxşı tilsimi təsir etməyibmi?

– Yox, Baxşı tilsiminin şaman babamıza təsir göstərməsi məni məyus edir. Söhbət məndən gedə bilməz.

Şaman ocağa yenə nəsə atdı və alovun dilləri yallı gedirmiş kimi şənləndi.

–Şaman babamıza baxşının tilsiminin təsiri ola bilməz. Axı, onun elədikləri yalan üstə qurulub. Mən isə el obamıza düz yol göstərir, əyri yollardan çəkindirirəm. Əyri düzü kəsə bilərmi?

–Yox!

–Xanım! Qızım, mən neçə illərdi ki, tayfa başçısının özü ilə bərabər zövcəsinin dəfn olunması adətinə qarşı çıxmışam. Ər igidimizin də vəsiyyətini mən öyrətmişdim. Bu, vəhşilikdir. Mən istəyirəm ki, elimiz vəhşilikdən insanlığa doğru getsin. Yekə Nidun isə buna görə mənə düşmən kəsilib.

Alan-Qoaya indi çox şey aydın oldu. Demək, hər qanadlı quşun yerə düşdüyü zaman qonduğu öz nöqtəsi var. Hər tanrı da bir yerə bağlıdır. Yer yoxdursa, insanlar yoxdursa, demək tanrı da yoxdur. Şaman baba bunların hamısını bilir və dayaq nöqtələrinin sirrini özündə saxlayır.

–Alan-Qoanı görüb, onu dinləyəndən sonra dayaq nöqtəsi tapıb qalxsa da şaman baba hələ də yerdən, burdakı qayğılardan Yekə Nidunun məkrindən qopa bilmirdi. Onun üzündəki işıq itmiş, həmişə alova baxan gözləri, ona kömək əli uzadan gözəl Alan-Qoaya dikilib qalmışdı.

Xatun indiyə qədər elə bilmişdi ki, şaman baba yerin-göyün sirlərini bilir və nə istəsə, onu edə bilər. İndi başa düşdü ki, gör, necə də aciz, necə də zəifdir. El-oba onu belə görsə, bir daha ona inanmaz və o, bir tikə yemək ucbatından çöllərə düşüb, qurd-quşa yem olar.

–Şaman baba, fikrən yenə də tanrıların yanına qayıt. Bizi məhv olmaqdan qurtar.

–Onda gərək mən Yekə Nidunun dediyinə əməl edəm.

–Bu mümkün deyil. -Alan-Qoa bir az da yaxınlaşdı ki, şamanla onun danışığını kənardan heç kəs eşidə bilməsin. – Sən tanrılardan soruş, onlardan tələb et ki, qardaşın qardaş xatununa evlənməyini qadağan buyursunlar.

–Yekə Nidun tanrıları eşidəcəkmi? Onların sözünə əməl edəcəkmi? Ah, o nə qədər məkrlidir!

–Eşitməlidir. Eşitməsə, ildırımlarını göndərsinlər, onu vursunlar.

–Tanrılar səbirli olurlar. Bunu etməzlər.

Alan-Qoa sirri açmaq üçün vaxtın yetişdiyini anladı. Artıq bu sirr şamana açılmalıydı. Bu sirrin açılması onların hər ikisini xilas edəcəkdi.

–Şaman baba, mən sizə bir sirri açmağa gəlmişəm. Bu yalnız tanrılara aid olduğuna görə, onu sizə açmalıyam.

O, hər gecə bacadan düşən şüaya, onun qırmızı saqqallı, mavigözlü kişiyə çevrilməyinə aid nə varsa, olduğu kimi danışdı. O danışdıqca şamanın gözlərinin necə işıqlandığını görürdü. Şaman titrək səslə soruşdu:

–Bu baxşıdan əvvəl olub, ya sonra?

–Xeyli əvvəl, xeyirxah şaman!

Şaman fikrə getdi və qopuzunu götürdü. Xeyli qədim bir hava çaldı. Çaldıqca da dodaqları arasında nəsə mızıldadı, anlaşılmaz sözlər dedi. Tez-tez də ocağına nəsə atdı, alov gur yandı. Obada şamanın bu havanı çaldığını heç kəs eşitməmişdi. Ona görə eşidən-eşidən onun alaçığının ətrafına yığılırdı.

Bu vaxt sanki möcüzə baş verdi.

At belində hardansa gələn Yekə Nidun (bu at onun altında lap eşşək boyda görünürdü) acıqlı-acıqlı şamanın çadırına tərəf baxdı. O, ayaqlarını üzəngiyə qoymamış, tuluq kimi sallamışdı, yerdəki otlara sürtünə-sürtünə gedirdi.

Yekə Nidun qopuz səsini eşitdi, əlbəttə, adamları görüb, təəccübləndi. Tam qərara gəldi ki, şamanı burdan didərgin salıb, onun yerinə həmin baxşını gətirsin. Axı, niyə günü günə satırdı? Bəlkə baxşının tilsiminin təsirini gözləyirdi? Yox, yox, yaxşılığa doğru heç nə görmədiyinə görə günü günə satır, qəti qərar verə bilmirdi. Başqa səbəb yox idi.