скачать книгу бесплатно
Leykoz
Məlahət Həsənova
2014-cü ilin yanvar ayının 9-da bu kitabın yazarı Məlahət Həsənovaya ağır itki üz verdi. Qızı Nərmin 22 yaşında leykoz xəstəliyindən dünyasını dəyişdi. Nərmin BDU-nun kitabxanaçılıq fakultəsində oxuyurdu. Xoşbəxt bir ailənin qayğısız qızı idi. Amansız xəstəlik onun təhsilini və bütün arzularını yarıda kəsdi. Lakin istər Nərmin, istər ata və anası xəstəliyə asanlıqla təslim olmadılar, mübarizə apardılar. Bu kitabda bir ananın övladına olan sevgisinin və onu qorumaq yolunda göztərdiyi iradənin misilsiz nümunəsi ilə tanış olacaqsınız.
Məlahət Həsənova
Leykoz
Əvəzolunmaz qızım Nərminə həsr edirəm…
Sizə çox qəribə gələr ki, mən yazımı belə adlandırmışam. Doğrudur, əslində çox qəribədi, ona görə ki, mən də bu xəstəliyin adını eşidəndən həyatım dəyişdi. Demək olar ki, alt-üst oldu. Ağlımıza gətirə bilməyəcəyimiz bir xəstəliyə qızımız düçar olmuşdu.
Biz biri-birimizə bağlı ailəyik. Bəlkə də deyərdim ki, nümunəvi bir ailəyik.
Düzdür, hər ailədə olduğu kimi bizim də ailəmizdə cüzi söz-söhbətlər olardı. Ancaq çalışardım hər zaman söhbətin çox dərinliyinə girməyim. Bir deyim var: “Biri od olanda, biri su olar”. Özümü öymək fikrim yoxdu, ancaq çalışırdım ki, bacardıqca ailədə əmin-amanlıq yaradım. Bu cür ailədə də biz iki gül kimi, tərbiyəli bala böyütdük. Biri oğlan, biri qız…
Mən sizlərə oğlumdan yox, ən çox qızımdan bəhs edəcəyəm.
Qızım Nərmin Bakı şəhərində anadan olub. Dünyaya göz açanda çox balaca idi. Zəif, zərif, balaca… Əllərini uzatdıqca mənə sanki “ana, mənə kömək elə, məni böyüt, gör necə qız olacam” deyirdi. Qızım olduğunu biləndə sevincimin həddi-hüdudu yox idi. Oğlandan sonra qız… Bundan gözəl pay olar ana üçün?! Körpəliyi şən, şıltaq keçdi. Heç incitmədi bizləri… 1-ci sinifə Şirvan şəhərində getdi. İlk gündən məktəbdə müəllimlərin rəğbətini qazandı. Əlaçı, çalışqan bir şadird, gözəl, mehriban rəfiqə idi. Sinifdə sinif nümayəndəsi idi. Məktəbdə bütün tədbirlərdə aparıcı kimi dəvət alırdı. O şeir deyəndə ağlamamaq mümkün deyildi. Məktəbdə hamı onu sevir, hörmət edərdi. Bu hörməti, sevgini özü qazanmışdı. Böyüdü, yuxarı siniflərdə daha da hörmət sahibi oldu. Hərdən aşağı siniflərdə müəllimlər dərsdə olmayanda uşaqlarla məşğul olurdu. Balacalar onu çox sevir. “Nərmin bacı” deyirdilər. Sevdi, sevildi… Saf, təmiz sevgisini məktəb illərində tapdı. İnandı, inamını qazandı. Araz kurslarında əlavə dərslər aldı. Ən çox sevdiyi Rəvanə müəllimə onu “mələyim” deyə çağırardı. Məktəbi əla qiymətlərlə bitirdi. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsinə daxil oldu. İlk gündən etibarən universitetdə də həm müəllimlərin, həm də tələbə yoldaşlarının hörmətini qazandı. Dərslərində həm çalışqan, həm də bacarıqlı idi.
Həyatının 22-ci ilini yaşayan, heç vaxt öyünməyən, haqqında belə danışanda xoşu gəlməyən, sadəliyi sevən, insanpərvər, vətənpərvər … Onun haqqında o qədər gözəl sözlər demək olar ki…
Bəziləri bəlkə də onu tanımadı, çünki əslində o özü də bunu istəmirdi.
Tanıyanlar isə daha da dərindən tanımadığına görə təəssüf etdilər, peşiman oldular.
Elə mən özüm də…Mən necə də balamı tanımamışam. Yanımda olsa da, nəfəsini duysam da tanımamışam. Hər bir ana kimi onun müvəffəqiyyətinə sevinirdim. Əlbəttə, buna sevinməmək olmurdu axı. Ancaq mənim qızım bunu öyünmək hesab edirdi, istəmirdi. Deyirlər həyatda göz dəymək və ya nəzər yoxdu. Ancaq mən belə düşünmürəm, bəlkə də bu cahillikdi …Qoy bir az da cahil olum, hər şeyi bilə bilmərəm ki. Ancaq mən sonralar inandım hər şeyə… Nəzərə də, qarğışa da, caduya belə inandım. Mənim qızım axır vaxtlar çox gözəlləşmişdi, üzünün dərisi belə elastik olmuş, xüsusi gözəllik gəlmişdi. Rəhmətlik babası demişkən: “Qızlar bulağından su içmişdi”. Həmişə deyərdi: “Baba, mən qızlar bulağından nə vaxt su içəcəm?” Babası deyərdi: “Vaxtı gələndə, mənim balam”. Vaxtı gəlmişdi, balam qızlar bulağından su içmişdi… Bütün bunları yazmaq mənə çətindir. Ancaq bir şeyi unutmamaq üçün sətirlərə köçürmək lazımdır, insan o zaman yaşadıqlarını unutmaz…
– Anaaaa
– H,ə ana qurban
– Bəlkə dərsə getməyim?
Dərsə getməyim…Bu söz mənə çox qəribə gəldi. Çünki ilk dəfə idi qızımdan bu sözü eşidirdim. Onu dərsdən heç bir qüvvə ayıra bilməzdi. Nə toy, nə ad günləri nə qonaqlıq onu dərsdən ayıra biməzdi.
– Niyə qızım? Nəsə olub?
– Ana özümü yaxşı hiss eləmirəm, başım ağrıyır, ürəyim bulanır.
Mən qızıma yaxınlaşanda onun qızdırma içində yandığını gördüm. İlahi, daşa dönüm, bu nədi? Səhərdən bunu niyə hiss eləməmişəm? Həmin gündən balamın halı dəyişdi, zəiflədi, qızdırma, baş ağrı onu əldən salırdı. Bunu sadəcə qrip və soyuqdəymə hesab etdim. Həkim məsləhəti ilə dava-dərman nə lazımdısa, olundu.
Ancaq qızdırma düşmürdü ki, düşmürdü. Axı çox qəribədi, nə ola bilər?! Ayrı-ayrı yerlərdə yoxlanış analizlər bir şey göstərmədi. Qızım xəstə halı ilə belə, dərslərindən geri qalmırdı. Onun üçün dərs demək həyat demək, hava demək, su demək idi. Ancaq bu qızdırma onu elə hala salmışdı ki…
– Anaaaaaa
– Can anaaa
Qızımın belə çağırması mənim həmişə xoşuma gələrdi… O elə incə, elə şirin deyirdi ki, bəlkə də (qoy analar məndən inciməsin) heç bir ana belə şirin çağırılmamışdı.
– Ürəyin nəsə istəyir, mənim balam?
– Hə o qədər şey istəyirəm ki…
Və başladı ürəyindən keçənləri sadalamağa. Həmişə olduğu kimi, başladım onun istəklərini yerinə yetirməyə. Qızım mətbəxə gəlib qarşımda əyləşdi. Mənə elə baxırdı ki, elə mənalı baxırdı ki, mənim qara gözlü balam…
– Sənin zəhmətini necə qiymətləndirim ana?! -deyə boynumu qucaqladı. Bu mənə həmişə xoş gələrdi. Ancaq onun istiliyini duyduqca mənə ağır gəlirdi. İlahi, bu nə sağalmaz qızdırmadı belə?! İmkanım olsaydı bu qızdırmanı içimə çəkərdim. Onun canından çıxarardım. Ancaq bəzən özümüzün də öhdəsindən gələ bilməyəcəyimiz şeylər var. Balamı belə gördükcə içim parçalanırdı. Bilmirdim nə edim. Evdə qızımla ikimiz idik.
– İstəyirsən bir az havaya çıxaq qızım?
– Olar, ana, gedək.
Soyuq dəyməsin deyə qalın geyindirdim. Oktyabr ayı olsa da, hava sərin idi. Biz gəzməyə getdik. Bir az gəzdikdən sonra onun ayaq saxladığını gördüm.
– Nə oldu, ana qurban?
– Ana başım hərlənir eee, halım yaxşı deyil.
– Evə qayıdaq?
– Hə, gedək evə, ana.
Halı dəyişdi. Gərək onu çıxarmayaydım dedim. Hava ona yaxşı təsir edər dedim. Amma gördüm ki, yox. Qoluna girdim, birtəhər yeriməyə başladı. Birdən mənə dirsəklənərək halı pisləşdi.
– Ana ürəyim bulanır eeee
– Gedirik ana qurban gedirik evə…
Birtəhər də olsa evə çatdıq. Tez həkimə zəng elədim. Ona hər şeyi anlatdım. Bir neçə dərman dedi. Qızıma isti çay verdim. Biz analar balalarımız bir az soyuqlayan kimi zoğallı çay veririk. Balam bir az çay içdi, sakitləşdi.
– Ana qurban mən gedim aptekə gəlirəm indi.
– Yaxşı, ana, get qapını özün bağla, mən durub açmayım.
– Oldu, mən 10 dəqiqəyə gəlirəm.
Çıxdım, qapını tez bağladım. Qanadlarım olsa idi tez uçub gedib-gələrdim. Balamı evdə tək qoymaq istəmirdim.
Həkimin yazdıqlarını aldım və indi bir sistem köçürdən tibb bacısı tapmaq lazım idi. Sağ olsun, qonşum mənə dedi, narahat olmayım axşama gələcək. Axşam düşdü, sistem köçürüldü. Qızım bir az sakitləşdi. Dəyişiklik olmadı. Düşündüm ki, bir sistem nə edər ki?… İkincı, üçüncü, dördüncü, yaxşılığa doğru heç bir dəyişiklik yoxdu. Narahat olmağa başladım. Bundan qabaq bir neçə yerdə müayinə olunmuşdu. Hər yerdə bir cavab idi: “Hər şey normaldı”… Bəs bu qızdırma nə idi? Niyə düşmürdü? Balam niyə sağalmırdı? Günü-gündən zəiflyirdi. Belə olmaz. Bir daha yoxlanılmalıdı, bir daha müayinə olunmalıdı. Qarşıdan Qurban bayramı gəlirdi. Əgər səhər həkimə gedilməsə idi, 3-4 gündən sonra getmək lazım gələcəkdi. Vaxt itirmək olmazdı. Səhər açılan kimi mən, yoldaşım və qızımız qanköçürmə institutuna getdik. Balam çox solğun görünürdü, mənim gül üzlü balam…
Həkim qızıma baxan kimi nəsə şübhələndi və bizə koridorda gözləməyi xahiş etdi. Nə danışdıqlarını bilmədim. Söhbət bir az uzandı. Nəhayət yoldaşım çıxdı. Analizin yenidən veriləcəyini dedi. Yuxarı mərtəbələrdən birinə qalxdıq. Tibbdən xəbərsiz olduğum üçün bütün bunların nə olduğunu anlamırdım. Palatada balamın bu analizdən necə əziyyət çəkdiyini gördüm. Bu nədi? Balama nə olub? Niyə mənə heç kim heç nə demir? Biz aşağı endik və yenidən gözləməyə başladıq. Nəhayət yoldaşım aşağı endi. Onu mən tanmadım belə. Sanki 10 il qocalmışdı. Üzündə bir kədər ifadə olunurdu ki, sözlə ifadə etmək mümkün deyil.
– Nə oldu? Həkim nə dedi? Cavabı nə oldu?
– Hələ heç nə demədilər.
– Ata, niyə gec düşdün?
– Qızım yuxarıda qan verirdim..
– Həəə. Ata bəlkə özümüzə qan lazım olacaqdı.
Ata qızının alnından öpdü.
– Mənim balam, sənə veriləcək qədər qan yetər məndə. Lazım gəlsə, son damlasına qədər qanımı verərəm.
Telefonla zəng edərək danışmağa başladı. Qızıma təcili müalicə lazım imiş. Ya Belorusiya, ya İran. Seçim etmək lazımdı. Belorusiyaya getmək qərarı alındı. Orada həkimlər daha təcrübəli idi. Həm də yoldaşımın qardaşı orda olduğundan yaşayış da mümkün idi. Axşam uçuş var. Bütün bunlar təəccüb doğursa da, qızım bunları sakit qəbul edirdi. Düşünürdü, mənim o cür atam var, o hər şeyi həll edər. Atasını hamıdan güclü, hamıdan ağıllı sayırdı. Hətta mənə bir dəfə demişdi: “İstərdim gələcək həyat yoldaşım atam kimi ailəcanlı, etibarlı, güclü olsun”. O güclü ata indi gözü qarşısında əriyən balasına baxaraq aciz qalmışdı.
Onun nə düşündüyü aydın idi: “Yox mən nəyin bahasına olursa-olsun balamı aparmalıyam”.
Biletlər alındı. Uçuşa hazırlaşmaq lazım idi. Evdə hamı pərişan idi. Axı hardan bilək ki, bizi nələr gözləyir. Biz elə bir ailə idik ki, həmişə hər problemin öhdəsindən gələrdik, bütün çətinliklərə sinə gələrdik. Bizim ailə həqiqətən də başqalarının ailəsinə bənzəmirdi. Ailəmizin hər bir üzvü başqasının fikrinə yüksək yanaşardı, onun hüqüqlarına hörmət edərdi. İndi isə bir xəstəliyin qarşısında aciz, boynubükük dayanmışdıq.
Hazırlıq görmək lazım idi. Axşam təyyarə ilə uçacaqdılar. Mən rayona gedib qızımın paltarlarını gətirməliydim. 4-5 saat vaxtımız var idi. Yoldaşımla maşına oturub yola düşdük. Qızımı isə xalasının yanında qoydum. Balam isə xəstə halı ilə evdə hazırlığını gördü. Hətta xalası ilə alış-veriş edərək, özünə lazım olan kurtka aldı. Mən isə rayonda onun qış paltarlarını yığdım. Yoldaşımla çox pərişan idik. Yol boyu gözlərimi göyə dikərək, Allahımdan imdad istədim. Mən həmişə şükür edərdim, Allahımdan razı idim. Allahım mənə qayğıkeş ailə, gözəl, ağıllı balalar vermişdi. Bütün bunlara görə hər gün şükür edirdim. İndi də şükür edirdim və göz yaşlarımla yalvarırdım. Yalvavrırdım ki, bütün bunları mənə çox görmə Allahım. Yol boyu nə yoldaşım dindi, nə də mən. Ancaq mən maşının güzgüsündən yoldaşımın göz yaşlarının yağış kimi yağdığını gördüm. Onun fikri heç yolda deyildi. Maşını necə sürdüyünü belə bilmirdi. Mən onun nə hiss etdiyini, nə düşündüyünü duyurdum. Çünki düşündüklərimiz də, çəkdiyimiz acı da eyni idi. Bu yol heç bitmək bilmirdi. Uzanır hey uzanırdı. Tez evə çatmaq, balamı bağrıma basmaq istəyirdim. Nəhayət, evə çatdıq. Qapıdan içəri keçən kimi balamı bağrıma basdım, elə bil neçə vaxtdı balamı görmürdüm. Ancaq hərarəti duyduqca nələr keçirdiyimi bir bilsəniz… Hamımız boynubükük oturaraq nə edəcəyimizi bilmirdik. Söhbəti mən açdım.
– Bəlkə mən də gəlim?
– Lazım gəlsə, ordan sənə xəbər edərəm gələrsən.
– Ana, məncə ehtiyac yoxdu, gedib müayinə olub qayıdacam, birdə ki fikrim sənin yanında qalacaq təyyarədə ürəyin sıxılar.
Özü xəstə olduğu halda belə, məni düşünürdü balam.
Gec idi, yatmaq lazım idi. Gecə yarısı aeroporta getmək lazım idi. Oğlum, yoldaşım yatdı. Mən yır-yığış etməyə başladım. Qızımın səsi gəldi..
– Anaa
– Can anaa
– Ana gəl yanımda yat da, nə olar…
İşimi atıb balamın yanına gəldim. Qızım divanda yatmışdı. Atası isə ayaq tərəfdən yerdə yatmışdı. Qəribəsi bu idi ki, yoldaşım yatdığı yerdən balasının ayağından tutmuşdu. Sanki balasının harasa gedəcəyindən qorxur, heç yerə buraxmaq istəmirdi. Qızım dedi:
– Ana, ata bayaqdan belə yatıb. Mən də tərpənmirəm ki, əli düşər yerə.
Mən sakitcə onun əlini yanına saldım.. Qızımın yanına uzandım. Ona lay-lay deməyimi istədi. Sakitcə ona lay-lay dedim. Körpə vaxtı ona lay-lay deməyim yadıma düşdü. Balamı bərk-bərk qucaqladım. Mən də onu bağrıma basdıqca sanki onu mənim əlimdən kiminsə alacağından qorxurdum. Sakitcə yanında uzanmışdım. Qızdırmadan yanan balama heçnə edə bilmirdim. Aciz idim. Qızım hərdən gözlərini açır, baxırdı…
– Ana yatmamısan? Niyə yatmırsan?
– Sən yat balam, yatacam mən.
Saatı gedəcək vaxta qurmuşdum. Əslində yatmamışdım, saatın səsinə dik atıldım. Tez durdum. Çay-çörək hazırladım. Heç yeyən də olmadı. Kimin boğazından çörək keçirdiki…Bir az qızımı məcbur elədim yesin, çünkü yol gedəcəkdi. Xətrimə dəyməmək üçün az da olsa yedi. Hər şeyi axşamdan hazır etmişdim. Saat, vaxt tamam oldu. Hamımız aeroporta yola düşdük. Yolda hamımız susurduq. Mən dua edirdim.. Ananın duadan başqa əlindən nə gələr ki?!… Balam başını çiynimə qoyub yuxulamışdı. Hərarəti ürəyimədək işləyirdi. Canım qızım özünü elə iradəli aparırdı ki… Nə fikirləşdiyini bilmirdim. Ürəyi arzularla dolu, sevgi ilə dolu idi. Ümid edirdi sağalacağına, qayıdacağına inanırdı. Bəlkə də bunları mən belə düşünürəm, onun nə düşündüyünü hardan bilərdim?!
Qızım ilk dəfə idi təyyarəyə minirdi. Çox sakit idi, sanki dəfələrlə təyyarəyə minmişdi. Mən balamı bər-bərk bağrıma basdım… Qardaşı da sağollaşdı.
– Bacı səni buradaca qarşılayacam.
– İnşallah, qaqa.
– Tez sağal, qayıt. Söz verirsən?
Bir az fikrə getdi yenə də…
– İnşallah, qaqa, – dedi.
Qızım gülümsəyərək atasının qoluna girdi və yoxlanış söbəsindən keçdilər. Əl sallayaraq gözdən itdilər…
Çox ümüdlü idik… Bir xeyli arxalarınca durub baxdıq. Mən şok vəziyyətdə idim. Başqa bir şey düşünmürdüm, ağlıma da gəlmirdi. Heç qızımın gedişi səbəbini də anlamırdım. Oğlumla geri qayıtdıq, maşına doğru gəlib oturduq.
– Anaa
– Hə oğlum.
– Bacım salamat qayıdacaq hə?
– İnşallah, oğlum.
Nə deyəcəkdim ki?!… Ümüdümüz Allaha idi. Allahımdan razı idim. Məni heç vaxt darda qoymamışdı. İndi də darda qoymayacağına inanırdım.
Evə gəldik, ikimiz də pərişan idik.
– Hələ işə getməyimə vaxt var, ana, mən bir az yatım.
– Yat, ana qurban.
Mən isə gözümə yuxu getməyəcəyini bilib, mətbəxə keçib yığışdırmağa başladım. Vaxtın tez keçməsini istədim. Oğlumu işə yola saldım və yoldaşımdan xəbər gözlədim. Nəhayət yoldaşımdan zəng gəldi. Səsi xırıltılı gəlirdi. Çətin də olsa, dediyini anlamağa çalışırdım. Mən balamın vəziyyətini soruşdum.
– Qorxulu bir şey yoxdu, nə lazımdısa o da olunacaq, ən düzgün üsulla müalicə alacaq, narahat olma, – dedi.
Mən içimdə sanki belə olmadığını hiss etdim. Onun doğru demədiyini anladım.
Sonra internetdə Belorusiyadan olan tanış bir qadından balamın əsl xəstəliyini öyrəndim. Balam kəskin leykoz xəstəliyinə tutulmuşdu… Yəni, qan xərçəngi. Qurudum qaldım… Nə edəcəyimi bilmədim. Ona inanmadım… Çünki mən ancaq yoldaşıma inanırdım. İnternet səhifəsindən bu xəstəlik haqqqında verilən məlumatları oxumağa başladım…
Leykoz – sümük iliyi xəsyəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikuloendoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qan törəməsi də pozulur, ona görə də leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qan azlığının əlamətləri görünür. Ağ qan kürəciklərinin həddən artıq çoxalması, xüsüsən də yetişməmiş ağ qan kürəciklərinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya – ağqanlılıq adlanır. Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır. Mieloleykoz zamanı isə qanda çoxlu miqdarda hormoblastlar və retikulositlər əmələ gəlir ki, bu da sümük iliyində baş verən qıcıqlanmanın göstəricisidir.
Bu günə qədər aparılan araşdırmalara baxmayaraq, leykozun yaranma səbəbləri tam məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində bəzi nəzəriyyələr mövcuddur. Leykoz hər yaşda təsadüf olunur.
Bütün bu leykoz haqqında məlumatı oxuduqdan sonra özümə gələ bilmirdim. Bu cür xəstəliklər əslində zəif qidalanan insanlarda olardı. Axı mənim qızım həmişə yeməyinə, içməyinə fikir verən, onun kimi gigiyenasını saxlayan bəlkə ikinci biri olmazdı. Bu necə oldusa heç özüm də anlamadım. Axı bu xəstəliyə necə və hardan tutula bilərdi? Hələ də anlamırdım, anlamaq belə istəmirdim. Ancaq öz-özümə suallar verirdim ki, necə oldu, hardan bu xəstəlik tapıldı?
Nə edəcəyimi bilmirdim. Bir yerdə qərar tuta bilmirdim. Getmək istəyirdim. Balamı görməliydim. Hər dəfə zəng edəndə yoldaşıma deyirdim ki, mən də gəlim. Ancaq getmək haqqında düşünürdüm ki…
Qızım mənə mesaj yazdı..
– Salam ana. Necəsən? Artıq müalicəyə başlayıblar. Burda adama əla baxırlar. Yeməkləri ancaq heç xoşuma gəlmir. Çox mehriban davranırlar.
Sevindim, bir az ümid yarandı ürəyimdə. Axşam bacımgilə getdim. Qızımdan yenə mesaj aldım.
– Ana skaypa gələ bilərsən?
Tez komputeri qoşdum. Görüntü ilə qızımla danışdım.