скачать книгу бесплатно
– Anaaa
– Can anaaa
– Necəsən? Neynirsən?
– Əsas sən necəsən ee qızım?
– Mən yaxşıyam anaaa burda yaxşı baxırlar adama. Müalicəyə başlayıblar.
Qızdırmam da yoxdu. Amma anaaaa yeməkləri çox dadsızdı.
– Ana qurban gəlim də mən, istəyirsən sən? Nə vaxt istəsən gəlim həəə?
– Yox anaaa ehtiyac yoxdu. Bir də ki sənin təyyarədə ürəyin sıxılar.
– Sən məni niyə düşünürsən? Niyə sıxılsın ki?
Gözlərim doldu. Balamı elə görmək mənə çox ağır gəlirdi. Bir xeyli danışdıq… Yanına gəlmək istədiyimi dedim. Razı olmadı. Amma yox, daha səbrim tükənmişdi.
Bu qədər ayrılıq yetər məncə. Getmək, getmək ancaq getmək haqda düşünürdüm.
Balamı görmək istəyirdim, onun həsrəti məni öldürürdü. Onun yad yerdə tək olduğunu bilmək məni öldürürdü. Mən yoldaşıma qəti qərara gəldiyimi və gəlmək istədiyimi bildirdim. O da sağ olsun ki, razılaşdı. Mən hazırlaşmağa başladım.
Soyuq ölkə olduğunu bilirdim və ona görə hazırlaşmağa başladım. Özümə bir az isti paltar aldım. Evdə bir az görüləcək işlərim var idi. Onları tamamladım.
Yola düşmək zamanı idi, oğlum bilet almışdı. Ürəyim sanki iki hissəyə bölünmüşdü. Bir hissəsini Bakıda qoyub gedirdim. Bir yanda oğlum, bir yanda da xəstə qızım. Mənə ehtiyacı var idi qızımın. O mənə “Gəlmə ana”desə də bilirdim ki, ürəyindən məni görmək keçir.
Qızımdan fərqli olaraq bir neçə dəfə təyyarə ilə uçmuşdum. Amma bu, çoxdan olmuşdu. Buna baxmayaraq, çox həyacanlı idim… Yox elə düşünməyin ki, qorxurdum, qətiyyən… Balamın yanına gedəcəkdim, ondan həyacanlı idim, onunla görüşə tələsirdim.
Oğlum məni yola salırdı. Qucaqlaşdıq, oğlumu bağrıma basdım…
– Özündən muğayat ol, oğlum…
– Məndən nigaran qalma ana, bacımla bir yerdə qayıt.
– İnşallah, ana qurban.
Təyarəyə minik başlandı. Hamı yerlərini tutdu. Mənim yerim narahat olduğundan stüardessa qızdan yerimin dəyişilməsini xahiş etdim. Yerimi dəyişdim, bir qoca nənənin yanında oturdum. Uçuş boyu o danışdı, mən susdum. Heç nə danışdığını bilmirdim. Fikrim balamın yanında idi. Mən ancaq balamı düşünürdüm. Təyyarə buludların arasından quş kimi uçurdu. Dayanmadan dua edirdim. Yerdən fərqli olaraq düşünürdüm ki, burda, göydə Allahıma daha yaxınam. Elə düşünürdüm ki, Allahım səsimi daha yaxından eşidər. Ona görə də dua edirdim.
Allahım sənə daha yaxınam, eşit məni… Yalvarıram balamı alma əlimdən…
Dualarımın ardı-arası kəsilmirdi. Göz yaşlarım isə sanki səmadan yağan yağış tək süzülürdü.
Yuxuya necə getdiyimi bilmədim. Nənənin səsinə oyandım. Ona qulaq asmadığımı dedi… Deyəsən incidi məndən… Mən heç onun fərqində belə deyildim.
Enmə vaxtı gəldi. Təyyarə Belorusiyanın paytaxtı Minskdə endi. İnsan axınına qarışaraq getməyə başladım. Gözüm ancaq yoldaşımı axtarırdı… İllər boyu yanımda olan yoldaşımı ilk dəfə görəcək kimi həsrətlə onu axtarırdım. Çıxışa yaxınlaşdım.
Məni yoldaşım və onun qardaşı qarşıladı. İkimiz də bir birimizə sarıldıq, ağladıq. Bu ağlamaq hər şeyi ifadə edirdi. Danışan göz yaşlarımız idi, özümüz yox. Üçümüz də maşına oturduq. Hava çox soyuq idi. Vüqar (həyat yoldaşım) yolda balamızın ağır bir xəstəliyə tutulduğunu dedi.
– Nə xəstəlikdi? – deyə soruşdum. Bunu onun öz dilindən eşitmək istəyirdim.
– Leykoz…
– Necə, leykoz? – deyə soruşdum.
Oxumuşdum Leykoz haqqında, necə xəstəlik olduğunu bilirdim. Yenə də onun dilindən eşitmək istəyirdim. Çünkü hal-hazırda inandığım bircə o idi… Ondan başqa heç kimə inanmırdım.
– Qan xərçəngi – deyə o cavab verdi.
Dəhşət… Elə bil dünya başıma fırlandı. Mənim həmişə filmlərdə gördüyüm, həmişə xəyalıma belə gətirmədiyim bir xəstliyə indi balam tutulmuşdu. Nə edəcəyimi bilmədim. Bu anda nə etmək olar? Susurduq… Nə edim? Susmaqdan başqa nəsə demək olardımı? Danışan ancaq ürəklər idi. Mən yoldaşımın nə dediyini, nə düşündüyünü duyurdum, hiss edirdim. Söhbəti mən başladım.
– Bəs həkimlər nə deyir?
– Nə lazımdısa edəcəklər. Balamızı ən təcrübəli həkimlər müalicə edəcək.
– Müalicə edəcəklərinə söz veriblərmi?
Mənim də soruşduğum sözdü bəyəm?! Söz veriblərmi?.. Həkim bəyəm söz verir?! Həkim sadəcə deyir ki, əlimizdən gələni edəcəyik. Vəssalam…
Qaynım Minsk şəhərinin mərkəzində gözəl bir binanın 5-ci mərtəbəsində yaşayırdı. Sağ olsun, bizə qapısını açdı. Burda qalmağı məsləhət gördü. Evdə çoxdan heç kim qalmadığından təmizlik etmək lazım idi. Axşama kimi vaxtı bir təhər yola verdim. Sabahı səbirsizliklə gözləyirdim. Sabah balamı görəcəkdim. Onu bağrıma basmaq həsrəti ilə yuxuya necə getdiyimi bilmədim. Səhər açıldı. Evdəkiləri tələsdirirdim ki, tez çıxaq. Xəstəxanaya çatdıq. Uzaqdan gəldiyimə görə məni qızımla görüşməyə icazə verdilər. Əslində bura reanimasiya şöbəsi olduğundan heç kimi buraxmırlar. Bu qədər uzaq yolu gəldiyimə görə sözümüzü yerə salmadılar.
Yanına getdim. Qızım çarpayıda oturmuşdu. Rəngi heç xoşuma gəlmədi. Bu neçə gündə çox arıqlamışdı. Halı da yox idi. Məni gördüyünə belə sevinmədi.
– Niyə gəlmisən? Demədim sənə gəlmə?!
İlk sualı bu oldu.
– Mən gəlməyə bilməzdim qızım…
– Get, görmək istəmirəm sizi. Sizin üzünüzdən xəstələndim mən… Gəlməyin yanıma, görmək istəmrəm sizi. Gəlməyinnnn, istəmirəm…
Niyə? Sualını vermədim. Bəlkə də haqlı idi. Çünkü övladların xəstəliyində həmişə analar günahkar olur. Sarılmaq istədim. Sanki sinəsində ox sancılmış kimi sistem var idi. Ancaq yenə də dözə bilmədim, qucaqladım balamı. Elə bil neçə vaxtdı görmürdüm, amma cəmi 3 gün idi ayrılmışdıq. Ağlamadım, onun ağlamaqdan heç xoşu gəlməzdi. Həkim mənə ona bir az yemək verməyimi söylədi. Yemək istəmədi.
– Get! Gəlmə dedi.
Gəlmə sözünü elə qəti dedi ki…
Mən onu incitmək istəmədim. Otaqdan çıxmaq istəyəndə…
– Anaaa
Bilirdim ki çaqıracaq məni.
– Can ana
– Niyə gəldin?
– Necə gəlməyəydim qızım, mən rahat otura bilərdim səncə? Mən orda, sən burda. Mən rahat ola bilərdim? Çox darıxdım qızım…
– Anaaa
– Caan, ana qurban
– Mən ölsəm bu mənim üçün bir fürsət olar. Özün bilirsən bunu nəyə əsasən dedim.
– Elə demə mənim balam.
– Bilirsən, məni onsuz da ona verməyəcəklər. Razı olmayacaqlar. Hamı bir tərəfdən ancaq bizim əleyhimizə olacaq.
– Qızım sən bircə sağal. Bax, həkimlər də söz veriblər. Biz bu xəstəliyə qalib gələcəyik. Mən hər şeyi yoluna qoya-cam. Təki sən sağal ana qurban. Həmişə nə deyirdin: “Ana hər şeyi həll edəcək”…
Gözləri doldu balamın. Mən onun gözlərində bir az da olsa, inam gördüm. Bundan qabaqkı kimi baxmırdı. Baxışlarında bir az da olsa, fərq var idi. Sanki ümidlənmişdi. Onu inandırmışdım.
– Sən sağalacaqsan qızım. Ata da, mən də burdayıq – sənin yanındayıq.
– Anaa, hər gün gələcəksən yanıma?
– Əlbəttə, mənim balam, hər gün gələcəm. Bəlkə bir az yemək verim sənə, hə, quzum?
– Azca yeyərəm.
5-6 qaşıq da olsa yedi. Daha istəmədi.
– İndi get, ana, yatmaq istəyirəm.
– Yaxşı mənim balam.
Mən çıxdım. Bir ölüdən heç bir fərqim yox idi. Xəstəxanın koridorunda dayanan yoldaşım isə heç də məndən fərqlənmirdi.
Həkimin çıxmağını gözlədik. Həkim gəldi. Balamızın ağır xəstə olduğunu dedi… Onun sağalmaq ümidi olduğunu və əllərindən gələni edəcəklərini söylədi. Mən həkimin ayaqlarına düşüb, əllərindən öpmək istədim. Yalvardım… Balamı xilas edin dedim. Həkim məni əllərimdən tutub ayağa qaldırdı. Belə eləməyin dedi… Bizə ümid verdi və bizi mehribanlıqla yola saldı.
Xəstəxanadan çıxdıq. Maşına oturduq. Qaynım onu gözləməyimi deyib harasa getdi. Yağış yağırdı. Mən isə göz yaşlarımı saxlaya bilmirdim. Yağış isə dayanmaq bilmirdi. Üzümü göyə tutdum və yalvarmağa başladım…
Allahım, niyəəə, neyçün? Mənim balamın günahı nə idi?!.. Əgər mənim günahım var idi isə, məni cəzalandırar-dın. Nə istədin balamdan?! Var gücümlə bağırırdım, üsyan edirdim…
– Niyə? Niyə? Niyə? Suallarımın ardı-arası kəsilmirdi.
Suallarıma cavab verən olmadı. Mənim verdiyim suallara kim cavab verəcəkdi. Bir ananın fəryadına kim cavab verəcəkdi? Kim??? Mən nə edəcəyimi bilmirdim, qərib ölkə, qərib şəhər… Bir susqunluq var idi. Yoldaşım susurdu. Mən isə üsyan edirdim, gücüm çatdıqca var gücümlə qışqırırdım.
– Sakit ol, bəsdi!
– Necə sakit olum? Balamı elə halda gördüm, necə sakit olum? İndi neynəyəcəyik, necə olacaq?
– Sənə söz verirəm, söz verirəm ki, balamızı nəyin bahasına olursa-olsun sağaldacam.
Mən 25 illik evlilik dövrümdə həmişə hər an inandığım 2 varlıq var idi. Bir Allahım, bir də yoldaşım. Mən idi ona elə inanırdım. Həmişə düşünürdüm o dedisə, eləyəcək dedisə, yerinə yetirəcək.
Evə gəldik. Elə hərəkətsiz idim ki… Sanki daş daşımış kimi yorğun, əzgin.
Balamın sözləri çox toxunmuşdu mənə. Nə edəcəyimi bilmirdim. Gözüm telefonda idi. Nə zəng edirdi, nə də yazırdı. Bizə onun bir kəlməsi su kimi, hava kimi lazım idi. Onun “ Sizin üzünüzdən xəstələndim mən”, “Bu mənim üçün bir fürsətdi”… “Onsuz da məni ona verməzlər”… Deməsi məni öldürürdü.
Haqlı idi. Bu xəstəliyin səbəblərindən biri də stress idi. Mən bilirdim mənim balam stress keçirmişdi.
Məktəb illərində qızım bir oğlanı sevirdi. Bu sevgi qarşılıqlı idi. Bu sevginin saf və təmiz sevgi olduğunu bilirdim. Ancaq mən hər zaman düşünürdüm ki, bu keçib gedər, bir uşaqlıq dövrü hesab edirdim. İllər keçdikcə onların bu sevgisi daha möhkəm oldu. Mən bunu anlamırdım. Daha doğrusu, anlamaq istəmirdim. Hər bir ana kimi biz də istəyirdik ki, qızımız gələcək ailə həyatında ehtiyac duymadan yaşasın, əziyyət görməsin. Mən onun ailə içində zorluq çəkəcəyindən, yoxluq çəkəcəyindən qorxurdum. Əvvəlcə məhəbbət insanın gözünü kor edər, sonra isə hər şeyin nə qədər çətin olacağını düşünürdüm. Bütün analar istəyər ki, qızı ailə həyatında rahatlıq görsün. Bir dəfə qızımla bu haqda söhbət edəndə…
– Ana sən onu tanımırsan, tanısan vallah sən də çox istəyərsən onu dedi.
Onun bu sözləri göz yaşları içərisində dediyini görəndə, onun gözlərində o oğlanı nə qədər sevdiyini gördüm. Bu qədər saf, təmiz sevgi ancaq onun gözlərindən oxunurdu. Nə olursa-olsun mən balamın bu qədər göz yaşı tökməyinə razı ola bilməzdim. Balamın gözündən axan bircə damla göz yaşına mən aləmi belə dağıda bilərdim. Mən balamı dinlədikdən sonra…
– Qızım, mən bilirəm ki sən seçimində yanılmazsan, məni bağışla, bu günə qədər sənə qulaq asmadım, səni anlamadım, öz dediyimi dedim. Bundan sonra mən sənin arxandayam.
Sonralar mən həmin oğlanı tanıdıqdan sonra (onun adı Coşqundur) qızımın dediklərinin doğru olduğunu gördüm.
Bizim ailədə bu haqda biləndən sonra narazılıqlara səbəb oldu (bu narazılıqlara səbəb olanlara nifrət edirəm). Həmin söhbəti də qızım eşitdikdən sonra çox pərişan olmuşdu… Hətta günlərlə zəifləməyə belə başladı.
Sonra mən balamın bu halını gördükdə: “Qızım, narahat olma, qoy sağ-salamat əsgər getsin gəlsin, Allah kərimdi, hər şey yaxşı olacaq. O zaman ata da razı olacaq dedim”…
Qızım sevinmişdi… “Anam hər şeyi həll edəcək dedi”…
İndi isə bütün bunlar yadıma düşdükcə onun nələr çəkdiyi gözümün önündən getmirdi…
İki gün idi nə bizə mesaj yazır, nə də zəng edirdi. Onun əhvalını qaldırmaq lazım idi. Əhval-ruhiyyə bu xəstəliyə çarə idi. Mən bir xeyli düşündükdən sonra özüm ona zəng eləmək qərarına gəldim.
– Necəsən, mənim balam?
– Belə də, ana.
– Sənə bir söz demək istəyirəm.
– De ana.
– Nəmişim mənim, mən atayla danışdım sizin haqqınızda. Sənin sevdiyin oğlan haqqında. Oturduq atayla uzun-uzadı söhbət etdik. Məni dinlədi, səbirlə qulaq asdı.
– Həə, nə dedi ata, hirslənmədi ki?
– Ata peşiman olub, deyir ki, bundan sonra Nəmişim necə istəsə, kiminlə hayatını qurmaq istəsə, mən razıyam. Təki balam sağalsın. Onun bir sözü iki olmayacaq.
Bu danışdığım yalana, dediyim doğru olmayan sözlərə özüm belə inandım… Cavab gözlədim.
– Anaaaa, doğru deyirsən?
– Hə, ana qurban, indi atayla danışdım. Necə deyib elə də sənə çatdırıram.
– Anaaaa, düzünü deyirsən? And iç…
– Mənə inanmırsan? Sənə yalan demirəm qızım.
Telefonda necə sevindiyini, necə xoşbəxt olduğunu gizlədə bilmirdi. Bir uşaq şıltaqlığı kimi, bilmirdi sevindiyindən nə etsin.