banner banner banner
Kerri bacı
Kerri bacı
Оценить:
Рейтинг: 0

Полная версия:

Kerri bacı

скачать книгу бесплатно


Kerri heç bir cavab vermədi və maşın üzərinə daha artıq əyildi. Ona elə gəlirdi ki, o belə həyata dözə bilməyəcəkdir. Onun iş haqqındakı təsəvvürü tamamilə başqa idi. O, günün bütün ikinci yarısını emalatxananın divarları arxasında yerləşən şəhər, dəbdəbəli mağaza vitrinləri, insan dəstələri, gözəl evlər haqqında düşündü. Doğma yerlər onun xatirəsində baş qaldırırdı, evdə qoyub gəldiyi bütün yaxşı şeylər gözü önündə canlandı. Saat üçdə ona elə gəldi ki, yəqin saat altıdır, saat dörddə isə düşünməyə başladı ki, müdiriyyət saata baxmır və bütün işçiləri vaxtından artıq işləməyə məcbur edir. Usta tamamilə vəhşiləşmişdi. O, emalatxanada vurnuxur, bu dəhşətli işdən bir dəqiqə ayrılmağa yol vermir, Kerrinin qulaqlarına çatan qırıq-qırıq sözlər onda qızlardan biri ilə dostluq etmək arzusunu öldürürdü. Nəhayət, saat altını vurduqda o cəld yerindən qalxdı və tələsik çıxdı. Onun əlləri ağrıyırdı. Bütün bədəni eyni vəziyyətdə işləməkdən sancırdı.

O, şlyapasını geyib uzun dəhliz ilə gedərkən ondan xoşu gəlmiş bir gənc işçi onu səslədi.

– Dayan, göyçək qız, əgər gözləsən, mən səni ötürərəm!

Aydın idi ki, bu sözlər məhz Kerriyə aiddir, ancaq qız heç dönüb baxmadı.

Ağzına qədər dolmuş liftdə tozlu və çirkli paltar geymiş bir gənc Kerriyə xoş bir təsir bağışlamaq məqsədilə gözlərini ona zillədi.

Küçədə yoldaşını gözləyən bir oğlan Kerrini görərkən dodaqaltı gülümsədi və zarafatyana söz atdı:

– Təsadüfən, yolumuz bir deyil ki?

Kerri yola düşdü. Tini dönərkən böyük aynalı pəncərədən bir neçə vaxt bundan qabaq ilk dəfə iş axtardığı zaman gördüyü stolu tanıdı. Küçədə həmişə olduğu kimi gümrah və qüvvətli, tələsən adamlar səs-küylü izdihamla hərəkət edirdilər. Kerri özünü bir qədər yüngül hiss etdi, lakin bu ancaq emalatxanadan çıxmasının nəticəsi idi. O, yanından keçən yaxşı geyinmiş qızlardan xəcalət çəkirdi. Ona elə gəlirdi ki, o, bunlardan da yaxşı geyinməyə layiqdir.

V FƏSİL

GÖZƏL GECƏ ÇİÇƏYİ. KERRİNİN ADI NECƏ ÇƏKİLDİ

Təyin olunmuş axşam Drue gəlmədi. Kerrinin məktubunu aldıqda, onun haqqında olan bütün fikirlərini müvəqqəti olaraq bir tərəfə qoyub tamamilə əyləncələrə – bu sözü anladığı mənada əyləncələrə – qoşuldu. Bu gün o Klark və Monro-strit küçələrinin tinində, zirzəmidə yerləşən xeyli məşhur “Rektor” restoranında nahar etdi. Nahardan sonra Adams-stritdə şəhər bələdiyyə idarəsinin əzəmətli binası qarşısında olan “Fitscerald və Moy” barına yollandı. Orada zəngin piştaxtanın yanında oturdu, bir qədər xalis viski içdi və iki siqara alıb onlardan birini yandırdı. Druenin təsəvvürünə görə belə hərəkət “yüksək cəmiyyət” həyatının adətlərinə daxil idi və bu həyatın daşıdığı mahiyyətin yəqin ki, bir hissəsini təşkil edirdi.

Drue əyyaş və pullu adam deyildi. O ancaq həyatda olan bütün yaxşı – Druenin təsəvvürünə görə yaxşı – şeylərin həsrətini çəkirdi və belə vaxt keçirmək Drueyə o yaxşı şeyin bir hissəsi kimi görünürdü. Divarları və döşəməsi pardaxlanmış mərmərdən olan, başdan-başa ziyaya qərq olmuş, gümüş və çini qablarla bəzənmiş, ən başlıcası isə artistlərin sevdiyi yığıncaq yeri olan “Rektor” restoranı Drueyə bəxti gətirmiş adamlar üçün daha əlverişli yer kimi görünürdü. Drue yaxşı geyməyi, dadlı şeylər yeməyi sevirdi, ancaq o, yaxşı məclisləri və həyatda müvəffəqiyyət qazanmış adamlarla tanış olmağı daha çox qiymətləndirirdi. Bu restoranda nahar edərkən o, Cozef Ceffersonun burada tez-tez olmasından, o dövrün başqa bir şöhrətli artisti – Henri Diskin ondan bir neçə stol aralıda oturması fikrindən həzz alırdı. Siyasətçilərin, birja dəllallarının, artistlərin, həmçinin bütün şəhərdə məşhur olan varlı avara gənclərin göründüyü boş laqqırtı gurultusu içərisində yeyib-içdikləri “Rektor”da həmişə bu ləzzəti almaq olardı.

– Odur, orada filankəslər oturmuşlar, – bu və ya başqa bir centlmenin, xüsusən yeməyə səxavətlə pul xərcləmək imkanı verən başhərləndirici yüksəkliyə çatmamış, lakin vaxtilə çatmağa ümid edən adamların ağzından tez-tez bu cümləni eşitmək olardı.

– Doğrudanmı? – deyə ona həmişəki kimi sual verilərdi.

– Əlbəttə! Bəs siz bilmirsiniz? O, Böyük operanın direktorudur.

Bu sözlər Druenin qulağına çatdığı zaman o, çiyinlərini düzəldib daha böyük iştahla yeməyə başlayırdı. Əgər onun bunsuz da özünə məxsus bəzi şöhrətpərəstliyi var idisə, belə söhbətlər bu şöhrətpərəstliyi daha da qüvvətləndirirdi, əgər o, məğrur idisə, bu sözlər onun məğrurluğunu daha da alovlandırırdı. Bəli, elə bir gün gələcək ki, o da dəstə-dəstə pullar xərcləyə biləcəkdir. Hələ indi o həmin adamların nahar etdiyi yerdə nahar edə bilir!

Onun Adams-stritdə olan “Fitscerald və Moy” barını üstün tutması da eyni mülahizələrə əsaslanmışdı. Çikaqo üçün bu, zəngin yer idi. “Rektor” restoranı kimi o da yumşaq elektrik işığına qərq olmuşdu, döşəməsinə rəngarəng dördbucaqlı daşlar döşənmişdi. Divarların aşağı hissəsinə vurulmuş tünd rəngli pardaxlanmış ağac gözəl çilçıraqların işığını əks etdirirdi. Divarın yuxarı hissəsinin gözəl naxışları salona fövqəladə zənginlik verirdi. Barın parlaq işığa qərq olmuş uzun piştaxtası da pardaxlanmış ağacla örtülmüşdü. Hər tərəfdə billur qablar, rəngli şüşələr və hər növ qəribə formalı butulkalar parlayırdı. Bura böyük palma ağacları, bahalı şərabları, bol meyvəsi, heç yerdə tapılmayan ən yaxşı konfeti və siqarları olan həqiqətən zəngin bir bar idi.

Drue “Rektor” restoranında m-r Herstvud ilə tanış olmuşdu. O, “Fitscerald və Moy” barının müdiri idi. Onun haqqında şəhərdə yaxşı tanınmış çox bacarıqlı və bəxti gətirən bir adam kimi danışırdılar. Herstvud bu fikri tamamilə doğruldurdu. Onun qırxa yaxın yaşı olardı, o, yaxşı geyinirdi, möhkəm bədəni və nəcib hərəkətləri var idi. Özünü müəyyən mövqe tutmuş və şəxsi ləyaqətini bilən mötəbər bir şəxs kimi aparırdı. Drue dərhal anladı ki, bu adamla dostluq etməyinə dəyər. Buna görə də Herstvud ilə sadə tanışlıqla kifayətlənməyib, hər dəfə bir az vurmaq və siqar çəkmək arzusu olanda Adams-stritə gedirdi.

Herstvud öz-özlüyündə maraqlı bir tip idi. O, zirək və hiyləgər idi, insanlara müsbət təsir bağışlamağı bacarırdı. Təmtəraqlı barın müdiri vəzifəsi çox şərəfli bir vəzifə hesab olunurdu. Herstvud illər boyu canfəşanlıq və inadla qulluq etmək nəticəsində yoxsul bir salonda bufetçilik vəzifəsindən indiki vəzifəyə qalxmışdı. Barda onun pardaxlanmış gilənar ağacı ilə bəzənmiş balaca bir kabineti var idi, o burada stolun gözündə çox da mürəkkəb olmayan mühasibatını yerləşdirmişdi, bunun köməyi ilə o lazım olan, sifariş edilmiş və alınmış malları hesablayırdı. Ümumi rəhbərliyi və maliyyə vəzifələrini bar sahibləri – Fitscerald və Moy və satışdan toplanan pulları idarə edən kassir yerinə yetirirdi.

Herstvud vaxtının çox hissəsini barın ortasında gəzməklə keçirirdi, onun əynində xarici parçadan tikilmiş şıq kostyum, almazdan sancaq, mütləq yeni bir fasonda tikilmiş jilet, ən yaxşı marka hesab olunan ağır qızıl zəncirli, qəribə breloklu saat olardı. O, şəhərdə məşhur olan yüzlərlə aktyorların, tacirlərin və bir çox başqalarının adlarını bilir və onları: “Hə, salam, qoca!” – sözlərilə salamlayırdı. Onun şöhrət və müvəffəqiyyəti qismən də bununla izah olunurdu. Onun həftədə on beş dollar alan kontorçular və xırda xidmətçilər (bara tez-tez gəlmək sayəsində Herstvudun kim olduğunu bilmək şərəfinə çatanlar) üçün “Gündüz xeyir”dən başlamış “Salam, salam! Kefiniz necədir?”ə qədər tədricən yüksələn salam silsiləsi var idi. Son salam onu tanıyan və onunla dostluğa meyil edən şəhərin məşhur adamlarına və yaxud varlılarına məxsus idi. Lakin bir qisim çox zəngin və tanınmış qonaqlar var idi ki, Herstvud onlarla yanaşı durmağa cəhd etməzdi. Belə adamlara o, peşəkar bir nəzakətlə yanaşır, onlara lazımi hörmət göstərirdi. Belə hallarda o, simasına ciddilik və şəxsi ləyaqət ifadəsi verirdi. Beləliklə, Herstvud onların rəğbətini qazanır və bundan onun ləyaqətinə azacıq da olsa zərər toxunmurdu. Nəhayət, buraya kifayət qədər məşhur olan, lakin yüksək şöhrəti olmayan, nə kasıb nə də varlı adamlar da gəlirdi ki, bunlarla Herstvud əsl dostluq əlaqəsi saxlayırdı. Bu təbəqədən olan adamlarla o daha böyük məmnuniyyətlə söhbət edir və onların fikirlərinə ciddi qulaq asırdı. O ara-sıra vaxtını əyləncələrə sərf etməyi də sevirdi, yəni cıdıra, hər hansı bir klubun düzəltdiyi teatra, yaxud idman tamaşalarına gedirdi. Onun gözəl atları və ekipajı var idi; o öz arvadı, iki uşağı ilə Linkoln-parkın yaxınlığında, Şimal tərəfdə olan gözəl evində yaşayırdı.

Bir sözlə, Herstvud bizim Amerikanın, necə deyərlər, “yüksək sinfinin” nümayəndəsi idi. Həyat səviyyəsinə görə isə pullu tuzlardan bir pillə aşağıda dururdu.

Drue Herstvudun çox xoşuna gəlirdi. Onun sadə hərəkətləri də, bəzəkli xarici görünüşü də Herstvudun ürəyindən idi. O, Druenin vur-tut az stajlı bir kommivoyajer olduğunu bilirdi. Lakin “Bartlet Kario və Ko” işləri yaxşı gedən böyük bir firma hesab olunurdu. Drue də orada yaxşı işçi sayılırdı. Herstvud m-r Kario ilə yaxından tanış idi. O, ümumi söhbətin gurultusu altında öz dostları ilə bir stəkan viski içmək üçün dəfələrlə buraya gəlmişdi. Çarlz Drue öz işi üçün çox faydalı olan məzəlilik hissinə malik idi və yeri gəldikdə məharətlə lətifə danışmağı bacarırdı. Herstvudla o, cıdır haqqında danışır, qadınlarla olan macəralarından və həyatında baş vermiş maraqlı hadisələrdən söhbət edir, olduğu şəhərlərdə bazarların vəziyyəti haqqında məlumat verirdi. Bütün bunların sayəsində o, yaxşı bir müsahib olmuşdu. Bu axşam onun halı çox yaxşı idi, çünki onun hesabatı firma tərəfindən təsdiq edilmiş, yeni nümunələr müvəffəqiyyətlə seçilmişdi və o, gələcək altı həftəlik səfəri üçün plan düzəldib qurtarmışdı.

Drue saat səkkizdə bara daxil olarkən:

– A, Çarli, dostum! – deyə Herstvud onu salamladı, – işləriniz necədir?

Bu zaman bar camaatla dolu idi. Drue razılıqla gülümsünərək Herstvudla salamlaşdı və onunla birlikdə piştaxtaya tərəf yollandı.

– Sağ olun, pis deyil, – deyə Drue gedə-gedə cavab verdi.

– Mən sizi ay yarımdır ki, görmürəm. Nə vaxt gəlmisiniz?

– Cümə günü, – deyə Drue cavab verdi. – Səfərim çox müvəffəqiyyətlə keçdi.

– Çox şadam.

Bu sözləri deyən zaman Herstvudun qara gözlərində adi soyuqluğu müvəqqəti olaraq əvəz edən nə isə bir mülayimlik və istilik göründü.

Ağappaq gödəkcə geymiş və eləcə də qalstuk bağlamış bufetçi sifariş qəbul etmək üçün azacıq qabağa əyildiyi zaman Herstvud soruşdu:

– Nə içəcəksiniz?

– Köhnə istiot arağı.

Herstvud:

– Mənə də bir azacıq ondan verin, – deyərək soruşdu: – Siz şəhərdə çoxmu qalacaqsınız?

– Ancaq çərşənbə gününə qədər. Bu dəfə Sen-Pola gedəcəyəm.

– Şənbə günü Corc İvens burada idi. Deyirdi ki, keçən həftə sizi Milokidə görmüşdür.

– Elədir, mən Corcu gördüm, – deyə Drue təsdiq etdi. – Yaxşı oğlandır, deyilmi? Biz onunla yaxşı vaxt keçirtdik.

Bufetçi şüşəni onların qabağına qoydu. Dostlar söhbəti davam etdirərək hərəsi özü üçün araq tökdü. Drue ədəb qaydalarına müvafiq olaraq stəkanının üçdə iki hissəsini doldurdu. Herstvud isə qədəhinə yalnız bir neçə damcı araq töküb selter ilə qarışdırdı.

– Kario harada itib batmışdır? – deyə o soruşdu. – İki həftə olar ki, görünmür.

– Deyirlər, xəstədir. Axı qocanın podaqra xəstəliyi var!

– Vaxtilə az pul qazanmamışdır, eləmi?

– Bəli, onun pulu çoxdur, – deyə Drue razılaşdı. – Lakin o çox yaşamaz. İndi o demək olar ki, heç kontora gəlmir.

– Deyəsən, onun ancaq bir oğlu var? – deyə Herstvud soruşdu.

– Bəli, özü də yaşamaq üçün tələsənlərdəndir, – deyib Drue güldü.

– Güman eləmirəm ki, başqa şəriklər olduğu halda onun işə böyük ziyanı ola bilsin.

– Xeyr, mən də onun zərər verə biləcəyini düşünmürəm.

Herstvud pencəyinin düymələri açılmış halda hər iki əlinin baş barmağını jiletin ciblərinə soxaraq piştaxtaya söykənib durmuşdu. Gur işıq onun bütün simasına xoş bir zəriflik verirdi. O, gözəllik və nəzakət mücəssəməsinə oxşayırdı.

İçməyə və düşünməyə meyil edən üçün gurultulu və səs-küylü camaatla dolu olan bu böyük parıldayan salon anomaliya kimi, təbiətin və həyatın bir növ təhrifi kimi görünə bilərdi. Kəpənəklər parlaq işığın hərarətli şüalarından isinmək üçün ardı-arası kəsilmədən buraya axışırdılar. Burada eşidilən qırıq-qırıq söhbətlərə görə barın müştəriləri haqqında müəyyən fikir yürütmək çətin idi. Hər kəsə aydındır ki, fırıldaqçılar özlərinin iyrənc kələklərinə müzakirə üçün daha xəlvət yer seçər, siyasətçilər isə burada məclis çağırmaz, qulağı iti olan hər kəsin diqqətlə qulaq asacağı bu yerdə mühüm məsələlər haqqında söhbət etməzdilər. Bütün bu adamların buraya toplanmasını onların şəraba olan meyilləri ilə izah etmək çətin idi, çünki bunların çoxu əyyaş deyildilər. Hər halda onları camaatla dolu salonda çənə vurmaq və mühakimə yürütmək üçün toplanmağa nə isə bir şey məcbur edirdi. Şübhəsiz, hansı bir ehtirassa, hansı bir izahedilməz arzu isə bu xüsusi müəssisələrin meydana çıxmasına səbəb olmuşdu – əks-təqdirdə onlar heç olmazdı.

Məsələn, Drueni buraya sövq edən yalnız əyləncə həsrəti, eləcə də varlı adamların arasında olmaq arzusu idi. Onun burada görüşdüyü dostları, ola bilsin özləri belə düşünmədən, burada gördükləri cəmiyyətə, bu xarici parlaqlığa, bu mühitə ehtiyac hiss etdiklərindən buraya gəlirdilər. Nəhayət, bu hadisəyə ictimai adətlərin yaxşılaşması əlaməti kimi də baxmaq olardı, çünki müştəriləri buraya sövq edən ancaq hissi arzular olsa da, bunda heç bir pis şey yox idi. Bara bu cür gəlmək, uzaq başı, həyata kobud materialist nöqteyi-nəzərilə baxan adamda dəbdəbəli yaşamaq, heç nəyə ehtiyac hiss etməmək arzusu doğura bilərdi. Lakin belə olduqda da insan özü və onun şeylərə olan münasibəti müqəssir idi. Etiraza səbəb olan yeganə amili – əyyaşlığı bir tərəfə atın və o zaman şərait gözəlliyi əleyhinə, bara getməkdən doğan xoş duyğuların əleyhinə çıxacaq bir adam da tapılmaz. Bizim ən yaxşı restoranlarımızın şöhrəti bu nöqteyi-nəzərin doğruluğunu təsdiq edir.

Bununla belə bu işıqlı salon, fikirlərin məqsədsiz qarmaqarışıq axınına qapılaraq, xırda və mənasız laqqırtı ilə məşğul olan bərli-bəzəkli, acgöz izdiham, bütün bu zahiri gözəllik və modabazlıq qarşısında əyilən adamlar bu divarlardan kənarda əbədi ulduzların təmiz parıltısı altında olan adama nədənsə heyrətli və qəribə görünərdi. Bəli soyuq külək dolaşan bir gecədə ulduzlar altında durub bu çıraqban edilmiş bara tamaşa etdikdə, o, yəqin sirli, şən əyləncələrdən başhərləndirici lətafət saçan, pərvanələr dəstəsi ilə əhatə olunmuş qırmızı gecə çiçəyi kimi görünür.

– Siz indicə buraya girən adamı görürsünüzmü? – deyə Herstvud silindrli və sürtuklu centlmenə baxıb soruşdu. Bu adamın kök yanaqları yaxşı yeməkdən sonra olduğu kimi qırmızı idi.

– Yox. Hanı? – deyə Drue soruşdu:

Herstvud gözləri ilə silindrli centlmeni göstərib dedi:

– Odur, orada!

Drue göstərilən tərəfə baxdığını bildirmədən:

– Hə, hə, görürəm, – dedi. – O kimdir?

– Məşhur sprit Jül Uollesdir.

Drue maraqlandı və:

– Mən deməzdim ki, o, ruhlarla işi olan adama oxşayır, – dedi.

– Doğrusu, mən onun onlarla əlaqədə olub-olmadığını deyə bilmərəm, lakin onun həmişə pulu var, – deyə Herstvud səsləndi və onun gözlərində tamahkarlıq alovu parladı.

Drue dedi:

– Mən şəxsən belə şeylərə o qədər inanmıram. Siz necə?

– Necə deyim, – deyə Herstvud cavab verdi. – Bəlkə də bütün bunların arxasında bir şey var. Hər halda, mən şəxsən bu məsələ üzərində başımı yormazdım. Yeri gəlmişkən, – deyə o əlavə etdi, – sizin bu gün gedəcək yeriniz varmı?

– Bəli, “Torpaqda deşik” pyesinə baxmağa gedəcəyəm, – deyə Drue o zaman şöhrət tapmış komediyanın adını çəkdi. Herstvud saata baxıb:


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)